
BİR QOCAMAN DAĞAM MƏN
Hərdən qəlbimdən keçir
Şimşək olub çaxam mən!
Sevgisiz könülləri
Yandıram mən, yaxam mən!
Ürəyim min həvəsdə,
Sevəydim son nəfəsdə.
Solan güllərin üstə
Yağış kimi yağam mən!
Biçənəkdə qaya var,
Yanında bir taya var.
Harda hiylə, riya var,
Bil ki, orda yoxam mən…
Aylar, illər yorğunu,
Tanrı sanır doğrunu!
Zülmətlərin bağrını
Dəlib keçən oxam mən!
Eşqdir başımın tacı,
Dərdlərimin əlacı,
Olsam da sevgi acı
Könlü-gözü toxam mən!
Nifrət tunc, sevgi zərdi,
Gülümü sevgi dərdi,
Azmandı sevgi dərdi,
Gücüm çatmır yıxam mən!
Bir ürəyi saf gələ,
Qəlbində insaf gələ,
Sevinib gülə-gülə
Pişvazına çıxam mən!
Bülbül kimi ötürəm,
Vaxtım var köks ötürəm?
Təzə güllər bitirən,
Bir qocaman dağam mən!
09.11.2015
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru