
QAPIMIZDA BİTƏN TUTLAR
Tale özü qarğıyıbmı bu kəndə? –
Tənha evlər gözümüzü dağlayır.
Üstümüzə dərd buludu çökəndə
Gözlərimiz bulaq olub çağlayır.
Bir nisgil var bu tutların boyunda,
Küskün-küskün dayanıblar gör necə?!
Gözlərimin göz göynədən suyunda
Ötən günlər güzgülənir gizlicə…
Qapımızda bitən tutlar, xoş gördük,
Buğum-buğum boy atmısız, qalxmısız
Bu ev sizə səngər olub, əsgər tək
Neçə-neçə döyüşlərdən çıxmısız.
Dönüb tapdaq meydanına bizim bağ,
Baramaçı gəlib sizi doğraya.
Hücüm çəkib qoyun-keçi, at-ulaq,
Dözmüsünüz hər əzaba, ağrıya.
Ürəyimi təkcə sizə açıram,
Başdan-başa duyğusunuz, hissiniz.
Qapımızdan getməmisiz heç hara,
Hamımızdan etibarlı sizsiniz…
Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru