Vasif Ayan Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub.

Xan Şuşinskiyə – Xan əmiyə hər konsertdən çıxanda deyərmişlər ki:
-“Maşallah, əla oxuduğunuz, Xan əmi”
Xanəndənin cavabı belə olarmış:
-“İndi görən Allahyara (Xan əminin qardaşı, tarzən) bir ad verərlər? Qardaşının ad almağını elə çox arzularmış Xan əmi.


Mənə də hər dəfə deyəndə ki, “Yazıçılar Birliyinə üzv ol” birinci deyirdim ki, görən Vasif nə vaxt üzv olacaq?
Bu gün ağabəyin (atamın təbiri ilə onu belə çağırıram, hərçənd həmşərilər böyük qardaşa “dadaş” deyərlər) Yazıçılar Birliyinə üzv olması məni sevindirdi. Onun şöhrətə can atmasını, iddialı olmasını, bir qədər də dünyagir olmasını tam təbii sayıram.Canındakı şöhrət damarını torpaq ünsürünü daşıması, ayağını Yerə bərk dayaması, Qız bürcündən olması ilə izah edərdim.Elə təxəllüsü də bircəcik qızı – Ayanın şərəfinədir. Olsun! Böyük fransız yazarı
Lui – Ferdinand Detuş da sevimli nənəsinin adı – Selin təxəllüsü ilə tanınırdı. “Gecənin sonuna səyahət”, “Cəsədlər məktəbi” , “Ölüm və borc” əsərləri ilə fransız nəsrinə böyük qatqılarda bulunan (baxmayaraq ki, nasizim dəstəkçisi idi) Selin xalqının çatışmazlığını gözəl tənqid edirdi, nəinki tənqid, hətta cəmiyyətə həqarətlər yağdırar, yeri gələndə isə söyərdi.Amma orijinal söyərdi, gözəl söyərdi, sevdiyindən, dərdinə yandığından elə söyərdi ki, fransızların dəymişi qala-qala, kalı tökülərdi. Vasifin də qələminin Selin kimi püxtələşməyini arzu edirəm, çünki Vasif Ayan da cəmiyyət naqisliyini, nöqsanlarını geninə-boluna tənqid etməkdə pərgardır. Mənfi hallarla üzləşəndə əsəbiləşir, özündən tez çıxır, hətta üsyan edir.
Bu, həm də onun sərbəstliyini, daxili azadlığını, bəzən komplekssiz olmasını şərtləndirir.Onun sakit görünüşünün arxasında həmşəri tərsliyini, inadkarlığını sezmək çətin deyil.
Haqsızlığa əsla biganə qalmır, bu da onun yurddaş kimi mövqeyindən irəli gəlir.Ortabab yazarları, bəzən “3” qiymətində olan sənət adamlarını “əfsanə”, “dahi” adlandırması millətini böyük görmək istəyinin göstəricisidir.Tində dondurma, ya tum satacaq səviyyədə olan kino, televiziya işçilərini, sənət adamlarını “fenomen” çağırmasını insanlığa aşırı mərhəməti, dolu sevgisi ilə izah edirəm.
Bəlkə dadaş Rəsul Rzanın “insanda insanı oyadın!” misrasını məndən daha tez əzbərləyibmiş, deyə bilmərəm.


Bir şeyi deyə bilərəm ki, Göyçay ədəbi məktəbi – Həbibi, Rəsul Rza, Ənvər Məmmədxanlı, Əli Kərim, İsgəndər Coşqun, Əli Səmədli, İbrahim Göyçaylı, Əkbər Əlioğlu bulağı indi də çağlamaqda davam edir.Bu vəsiqəyə atılan Anar imzasının bir Göyçaylının başqa bir Göyçay mühitində yetişən yazara deyil, bütün yurddaş, vətəndaş yazarların gələcək uğurlarına atılan imzası olacaq!
08.07.2024.

SEVGİLƏRLƏ: TURAN UĞUR

“FƏDAİLƏRİMİZİ TANIYAQ!” RUBRİKASI

“ÖNCƏ SÖZ VARDI…” RUBRİKASI

FÜZULİ 530 – MƏHƏMMƏD FÜZULİ

TURAN UĞURUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir