
Ruhumla gələrəm…
Allahım, hardaydı hökmün, kəsərin,
Yağı bu yurdları viran qoyanda,
Bəs hara baxırdı sənin gözlərin,
Xainlər baş kəsib, gözlər oyanda.
Görmədin bu yurda dərdlər əkildi,
Bu yurd da sənindir axı, Allahım.
Mizan-tərəzində necə çəkildi,
Sənin dərgahında tövbəm, günahım?
Allahım, səninlə haqq-hesabım var,
Çağır öz yanına imtahan verim,
Şahidim, sübutum xarabalıqlar,
İttiham yeridir bu edam yerim.
Allahım, çağırdım Xudafərində,
Sənin min bir adın kara gəlmədi,
Axtardım dayazda, gəzdim dərində,
Ümidlər, inamlar üzə gülmədi.
İllər sıralandı, ötdü qərinə,
Zülmətlər içində keçdi sabahım,
Allahım, girmirəm sənin vərinə,
Axı səni tutar amanım, ahım.
Allahım, baxıram xaraba yurda,
Qəzəbim köksümdən kükrəyir, daşır,
Dönmüşəm yurdumda ulayan qurda,
Səsim buludlarda, göydə dolaşır.
Bu ağrı-acılar didməzdi məni,
Həsrət əvəzinə vüsal əksəydin,
Allahım, bilərdin sən də bəndəni,
Mənim çəkdiyimi özün çəksəydin.
Allahım, sən eşit bu münacatı,
De hansı dərdləri dilə gətirim?
Allahım, nizamla sən bu həyatı,
Mən də bu ümidlə sözü bitirim.
Mənbə:Elirza Xelefli
MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru