
ŞƏRQ KİŞİSİ
(esse)
Qocalığın ödənişsiz mükafatları var: «qocalıq, ucalıqdır», «Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma». Nəsillər arasında bölgü də diqqəti çəkir: «Su kiçiyin, yol böyüyündür». Bəli, bu hikmətlər, bu öyüdlər ödənişsiz ödüllər kimidir.
Dildə deyiləni işdə, əməldə yoxlamaq gərək.
Kişi də, əliuşaqlı qadın da binanı tərk etmək üçün ikitaylı, enli, hündür qapıya yaxınlaşdılar. Bayıra çıxmaq lazım idi. İlkin olaraq qapıdan kim keçməli idi? Qoca kişi, yoxsa əliuşaqlı gənc qadın.
İkisi də eyni vaxtda duyğusal yol seçməyə girişdi. İlk olaraq, gənc, əliuşaqlı qadın qapının dəstəyinə əl uzadaraq qocaya xidmətdə bulundu:
– Keçin.
Qoca təklifdən ustalıqla imtina etdi və dəstəyi qadının əlindən aldı:
– Mən qapını saxlamışam. Siz keçin, sonra mənə növbə çatar.
Qadın davranışa edilən düzəlişi qəbul etmədi:
– Siz böyüksünüz. Yol da böyüyə məxsus olmalıdır.
Qoca razılıqla başını tərpətsə də, qadının lütfkarlıqla etdiyi təkliflə barışmadı və bu imtinanın səbəbini açdı:
– Mən böyük deyiləm, mən yaşlıyam. Böyük sizsiniz, – qadının əlindən tutduğu uşağa işarə edərək fikrini davam etdirdi. – Tanrı dünyaya övlad gətirməyi sizə etibar etmişdir. Bundan uca böyüklük olarmı? Böyüklük sizə məxsusdur. Yol sizindir. İlkin keçid eləmək sizin haqqınızdır. Xahiş edirəm…
Gənc qadının çöhrəsinə təbəssüm yayıldı. Sanki Yer kürəsi adlanan dünyanın işıqlı üzünü ona verdilər. Təklifi qəbul etdi. Bax, Şərq kişisinin qanacaq missiyası budur.
12.03.2025
Müəllif: Qərib MEHDİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru