
ÇƏKİRLƏR
Biz elə zamana gəlib çıxmışıq,
Heç nədən adamı dara çəkirlər.
Haqq sözü deyənin yoxdur dəyəri,
Keçirdib qarmağa, tora, çəkirlər.
Ot basıb yolumuz, görünmür cığır,
Hər yanda üzlərdən qəm-qüssə yağır.
Dolanmaq çətindir, yaşamaq ağır,
Gözün baxa-baxa gora çəkirlər.
Qəlb açan bir şey yox həyatımızda,
Sınıbdır qolumuz, qanadımız da.
Dəyərdən düşübdür manatımız da,
Bir verib, yüz artıq para çəkirlər.
Sadə bir işi də həll edən zaman,
Çoxdur rüşvət alan, ”şirinlik”uman.
Şikayət etməyə gedərkən o an,
“Kar”a dinlədirlər, “kor”a çəkirlər.
İnad göstərərək “döyüş”ə girsən,
Sonda bir həsirlə Məmmədnəsirsən.
Durduğun yerdəcə ləkələnirsən,
Bütün həyatına qara çəkirlər.
Müəllif: AQİL KƏNGƏRLİ
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru