Kənan Hacının 50 illik yubiley törəni keçirilib

Kənan Hacının 50 illik yubiley törəni keçirilib

Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunun konfrans zalında tanınmış yazıçı-publisist Kənan Hacının 50 illik yubiley törəni keçirilib. Tədbiri giriş sözü ilə açan DGTYB-nin başqanı, şair İntiqam Yaşar yubilyarın həyat və yaradıcılığı haqqında məlumat verib. Yazıçıya Dünya Gənc Türk Yazarlar Birliyinin Xüsusi Diplomunu təqdim edib. Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş Komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı Komitə sədri, Millət vəkili Fazil Mustafanın təbrik məktubunu Kənan Hacıya təqdim edib və onun yaradıcılığı ilə bağlı fikirlərini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu Kənan Hacının müstəqillik dövrü Azərbaycan ədəbiyyatında müstəsna xidmətlərindən danışıb və onun yaradıcılığını yüksək qiymətləndirib.
Xalq artistləri Mərahim Fərzəlibəyov, Əli Nur, Əməkdar İncəsənət Xadimi, yazıçı-dramaturq Firuz Mustafa, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru Arif Əsədullayev, tanınmış şair Qəşəm Nəcəfzadə, əməkdar jurnalist Zemfira Məhərrəmli, yazıçı Nurəddin Ədiloğlu, Xatirə Kitab Evinin direktoru Nəzakət Məmmədli, yazıçı Azad Qaradərəli, şair İlham Qazaxlı, şair Zaur Ustac, gənc şair Yusif Nazim, yazıçı Südabə Sərvi, filologiya üzrə fəlsəfə doktoru Leyla Abbasova, ədəbiyyatşünas Aygün Cəfərova, yazıçı Nazilə Gültac və başqaları yazıçı haqqında ürək sözlərini dilə gətiriblər .
Bakı Bələdiyyə Teatrının aktyorları Günel Həmidova və Elməddin Zakirli yubilyarın şeirlərini səsləndiriblər.
Tədbirin sonunda Kənan Hacı tədbirin təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib

Türkiyədə keçirilən “61-ci Kitabxana Həftəsi” çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib

4 aprel tarixində Azərbaycan Milli Kitabxanasının, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin, Türkiyənin Cumhurbaşkanlığı Millət Kitabxanasının, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin birgə təşkilatçılığı ilə “61-ci Kitabxana Həftəsi” tədbirləri çərçivəsində “Azərbaycanın və Türkiyənin aparıcı kitabxanaları: Azərbaycan Milli Kitabxanası və Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası” mövzusunda onlayn konfrans keçirilib.

Konfransda Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Bartın Universiteti Bilgi ve Belge Yönetimi Bölüm Başkanı Doç. Dr. Ahmet Altay, Bartın, Çankırı Karatekin, Kastamonu və İstanbul 29 Mayıs Universitetlərinin Bilgi və bəlgə yönətimi bölümlərinin, Bakı Dövlət Universitetininm İnformasiya və sənəd menecmenti fakültəsinin professor müəllim heyəti və tələbələri də iştirak edib.

Çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov iştirakçıları salamlayaraq “61-ci Kitabxana Həftəsi” münasibətilə hər kəsi təbrik edib. Azərbaycanın ən böyük və zəngin kitabxanası olan Milli Kitabxana haqqında iştirakçılara ətraflı məlumat verib. Milli Kitabxananın Azərbaycanda kitabxana işinin təşkilində mühüm rol oynadığını, Azərbaycanda kitabxana sahəsində dövlət siyasətini həyata keçirən təşkilat kimi faəliyyət göstərdiyini qeyd edib. Milli Kitabxananın Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya miqyasında tanıdılmasında xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirdiyini, dünyanın 94 ölkəsinin Milli Kitabxanası ilə kitab mübadiləsi apardığını, 54 ölkənin Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzaladığını, yaxın gələcəkdə isə Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanası ilə əməkdaşlıq memorandumu imzalanacağını bildirib. Türkiyə və Azərbaycanın bir xalq, iki dövlət olduğunu belə tədbirlərin keçirilməsi hər iki ölkənin kitabxana işçiləri və tələbələrinə ölkənin ən böyük və aparıcı kitabxanaları ilə tanış olmaq, onların zəngin kitab fondlarından və onlayn xidmətlərindən istifadə imkanı yaradacağına, qarşılıqlı əlaqələrin qurulmasında mühüm rol oynayacağını vurğulayıb.

Türkiyə Cumhurbaşkanlığı Millət Kitabxanasının direktoru cənab Ayhan Tuğlu çıxışı zamanı Cumhurbaşkanlığı Millət Kitabxanasının fəaliyyəti haqqında ətraflı bəhs edərək Kitabxananın 2015-ci ildə Prezident cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradıldığını və Türkiyənin ən böyük kitabxanası olduğunu, öz fondlarına və xidmətlərinə görə dünyanın qabaqcıl kitabxanaları sırasında yer aldığını söyləyib. Azərbaycan Milli Kitabxanası ilə qarşılıqlı əlaqələrin qurulmasından və birgə fəaliyyətdən məmnun olacağını bildirib.

İnteraktiv müzakirələr fonunda davam edən konfransda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Mənbə və Ətraflı:

https://www.millikitabxana.az/news/61-ci-kitabxana-heftes

Bəxtiyar Vahabzadə

ÇOX İMİŞ

Xudunun əziz xatirəsinə

Usanıb şəhərin küy-kələyindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.

Gəzdim qəbristanı, gəzdim səbirlə
Rastlaşdım nə qədər tanış qəbirlə.
İnana bilmədim gördüklərimə
Şəhərə dönməkmiş, şəhərdən qaçış!

Burda yatanların çoxu, heç demə
Mənim öz dostlarım, tanışlarımmış.
Orda dən, burda un, arada daş var
Zamandır hərlədən bu dəyirmanı.

Bir-bir üyüdülür dostlar, tanışlar
Birdən ayılırıq: filankəs hanı?
Bəzən üzü durur üzsüz astarın
Neçə pilləsi var tək bircə ömrün.
Mən hardan biləydim, ölü dostlarım
Diri dostlarımdan çox imiş bu gün.

Usanıb şəhərin hay-həşirindən
Gəldim ziyarətə dost məzarını.
Gördüm, sıralanmış qəbirlərdə mən
Ölümün möhtəşəm addımlarını.

May 1998

Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb

Kəşfiyyatçı polkovnik-leytenant Raquf Orucovun xatirəsi məzarı başında anılıb

04 aprel 2025-ci il tarixdə Sumqayıt şəhər şəhidlər xiyabanında 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş “Murov qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şəhidlik zirvəsinə ucalmasının 9-cu ildönümü məzarı başında qeyd edilib.
Anım mərasimində şəhidin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, millət vəkili Elman Məmmədov, müharibə iştirakçıları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim iştirakçıları şəhid polkovnik-leytenant Raquf Orucovun keçdiyi döyüş yolundan, aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlardan söhbət açmış, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında qazandığı şanlı Zəfərdən bəhs etmişlər.

Zaur Ustacla müsahibə

Göndərdiyim yazılar adətən dərc olunurdu

Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi,  jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.

Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?
Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi.
Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm.
Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib?
Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə  hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin.


Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz?
Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım.
Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar?
Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam!
Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız?
Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır.
Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb?
Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik.
Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir?
Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram.


Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi?
Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.

Söhbətləşdi: Südabə MƏMMƏDOVA

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İmadəddin Nəsimi – Gəl

GƏL

Firqətin dərdindən, ey can, yürəgim qan oldu, gəl!
Gözlərim yaşı cahanı dutdu, tufan oldu, gəl!

Canımın vəslinlə həqdən ittisalı var ikən,
Dövləti-vəslindən ayru düşdü, hicran oldu, gəl!

Çəkdi mişkin zülfünü, aldı əlimdən ruzigar,
Şol səbəbdən könlümün halı pərişan oldu, gəl!

Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

Firqətin şol dərd imiş canımda kim, hər kimsə kim,
Fikrinə düşdü bu dərdin, əqli heyran oldu, gəl!

Səndən ayrı düşdügüm ağulər içirdi mana,
Vüslətin tiryakı qanı, vəqti-ehsan oldu, gəl!

Xızr əgər zülmətdə istər çeşmeyi-heyvanını,
Susamış müştaqə lə’lin abi-heyvan oldu, gəl!

Gərçi xəndandır fərəhdən ağzı açılmış gülün,
Əndəlibin gözlərin gör kim, nə giryan oldu, gəl!

Yar cövr etmiş Nəsimiyə, rəvadır gər ana,
Öz nigarından cüda zəncirü zindan oldu, gəl!

MÜƏLLİF: İMADƏDDİN NƏSİMİ

İMADƏDDİN NƏSİMİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Bu axşam

ZAUR USTACIN YAZILARI

BU AXŞAM…
Bu axşam yenə də gəlmədin, gülüm…
Gözləyə-gözləyə qaldıq masada;
Bir ağ kağız idi, bir sarı qələm,
Pəncərə önündə üşüyən çayın,
Bir də öləziyən şamdı kasada….
Sarı yarpaqlar da elədi xiffət,
Hər səni görəndə gülən, sevinən…
Pəncərə şüşəsi ağladı xəlvət…
Çiyninə saldığın şalın üşüdü,
Halsız uzanıbdı, tir-tap masamda….
* * *
Bu axşam yenə də gəlmədin, gülüm…
Ocaqda üşüyən odun ağladı,
Yataqda büzüşən yorğan ağladı,
Tək mənim vecimə omadı heç nə…
Dildə tez-tez dedim; gəlmir, gəlməsin…
İçin-için yandım bir mehə təşnə…
Yerin dəyişdiyin külqabı qəmgin,
Bir qəfil toxunuş gəlir işinə,
Mütəkkə qolunu gəzir bu axşam,
Rəqqas bir qapaza həsrət masamda….
29.09.2022. Bakı.

Müəllif: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

İmadəddin Nəsimi – Gəl

GƏL

Gəl, ey dilbər ki, müştaqam, səni görmək dilər könlüm,
Qəmindən düşdü zar, istər vüsalından şəkər könlüm.

Qara qaşın hilalını gözümdən ta bəid etdin,
Dutuşdum narə eşqindən, yanar, zari qılar könlüm.

Səqahüm rəbbühüm gəldi dodağından xəbər cana,
Susamışdır, yenə istər ləbindən çeşmələr könlüm.

Cahanda can ilə könlüm vüsalın ixtiyar etmiş,
Zəhi görmüş həqi canım, zəhi sahibnəzər könlüm!

Nə gövhərsən, əya can kim, cahanın bəhrü kanında
Mükərrəm qədrü qiymətlü səni bildi gühər könlüm.

Qəmin narından, ey dilbər, könül qaynar, içim yanar,
Bu rəncü möhnəti gör kim, qəm ucundan çəkər könlüm.

Səbir qılmaq dəvadır der mühübbün dərdinə naseh,
Vəli naseh dəvasından olur hərdəm betər könlüm.

Gəl, ey lütfü nəhayətsiz, məni vəslindən ayırma
Ki, şol ömrüm ki, vəslinlə keçər, ömrə sayər könlüm.

Vüsalından məni ayru, kərəm qıl, qıyma, lütf eylə
Ki, vəslinlə müdam olmaq dilər şamü səhər könlüm.

Gəl ara könlümün için, gör, ey can kim, fəraqından,
Nə acı qüssələr yudar, nə ağular içər könlüm.

Iki aləm mana sənsiz gərəkməz, olmasın hərgiz,
Cahanın hasili sənsən, anı sənsiz nedər könlüm?

Saçın zəncirini məndən fələk çün çəkdi, ayırdı,
Tənim şəhrində sevdadan dəli olmuş, gəzər könlüm.

Xəyalı sevdigim yarın gözümdən gərçi ayrılmaz,
Camalın pərdəsiz görmək dilər açıqbəsər könlüm.

Əzəldə surəti-rəhman üzün şə’nində gördüm çün,
Ilahi surətin daim bu mə’nidən sevər könlüm.

Nəsimi yarını verməz cahanın varına, andan
Keç, ey də’vaçı nadan kim, degildir ol qədər könlüm.

MÜƏLLİF: İMADƏDDİN NƏSİMİ

İMADƏDDİN NƏSİMİNİN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru