
ATANIN KİÇİK OĞLUNA CAVABI
Ona parça demə, bayraqdır o, bil,
Ona şəhid qanı axdı, ey oğul.
Keçsə uzun illər, dəyişsə nəsil,
Ondan da ötəsi yoxdu, ey oğul.
O, hədiyyə deyil, pay deyil, ogul.
Adi ulduz deyil, ay deyil, ogul
Bayraq adilərə tay deyil, oğul
Ondan da ötəsi yoxdu, ey oğul
Min bayraq içindən seçməyə dəyər,
Müqəddəsdir ona and içməyə dəyər.
Onunçün canından keçməyə dəyər,
Ondan da ötəsi yoxdu, ey oğul.
Bayrağımız bizim vüqarımızdır,
Vətənlə bağlanmış ilqarımızdır,
Andımız, əhdimiz, qərarımızdır,
Ondan da ötəsi yoxdu, ey oğul.
Sən də bayrağını daim uca tut,
Onu, etiramla hər yerdə tanıt.
Bayrağı unutma, özünü unut,
Ondan da ötəsi yoxdu, ey oğul!
Müəllif: QABİL NƏBİ