“Dağlara qar yağanda alma ağacım çiçək açmışdı…” Tamaşada sual doğuran məqamlar var… Cavabı tapmaq isə bizim-tamaşaçıların öhdəsinə buraxılıb sanki… Daxili təlatüm, insan laqeydliyi, mənəvi saflaşma, ilahi əmanət, nemətlərə qarşı nəfsin mübarizəsi… Təranə Vahidin müəllifi olduğu mətnin sirli-sehrli səhnə həlli tamaşaçı diqqətini çəkir, bəzi məqamlar sual doğurur… Bəs bu sualların cavabını tapa bilirikmi?… Bilmirəm… Amma buna cəhd edirik… Düşünürük… Bəzən səhnənin sehrinə düşüb düşünməyi belə unuduruq… Sadəcə ruhi təmizlənmə yaşayırıq… Bu halı katarsis adlandırmaq olarmı?… Deməzdim… Çünki klassik tamaşa həllində tamaşaçı ağlayır, konkret bir hiss yaşayır niyə ağladığını, nəyə ağladığını bilir… Amma bu tamaşada hansı hala düşdüyünü özün də dərk etmirsən… Sadəcə orada, daxilində nələrinsə baş verdiyini hiss edirsən… Bu nələrsə daxili xaus, təlatüm, bəlkə də sakitlikdir… Qəribədir, çox qəribədir… Qəribəliyin özü də qəribədir… “Sənin qəlbində bir səs var, Allahın sirri…” Həmin sirri öyrənmək üçün istəklərini, arzularını söndürməyə çalışmalısan, bu əlbəttə ki, öz nəfsinlə mübarizə idi… Çünki insan nəfsi, daim hansısa arzuların ardınca qaçır, nələrsə istəməklə məşğuldur… Amma bütün bunlardan qurtulmağı bacarsa, özünü dinləməyə başlayacaq, MƏNini dinləməyə, içində var olan həmin o MƏNi… Yunus Əmrə demişkən “Bir mən vardır məndə məndən içəri…”
ƏBƏDİ RUHUN PAYI (Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlağay” kitabı haqqında düşüncələrim)
Arzu Əyyarqızı milli dəyərlərimizi sözlərlə yaşadan nadir səslərdəndir. O, ən adi əşyada belə müqəddəslik və ruh görməyi bacarır. Arzu xanımın qələmi həm incə, həm də dərin mənalıdır. O, milli ruhumuza sözlərlə qida verən, milli ruhda yaşadan nadir müəllifdir. Şairə xanım, hər cümlədə hiss və tarix toxuyan bir sənətkar olmaqla bərabər, həm də qələmi ilə sükutu danışdırır, ruhu oyadır. Bəzi dəyərlər var ki, onları sözlə izah etmək çətindir. Onlar nə əşya, nə də sadəcə ənənədir. Onlar yaddaşdır, ruhdur, kökdür. KƏLAYAĞ da məhz belə bir dəyərdir. O, qadının başını örtən parça deyil, o qadının taleyini, ana dualarını, xalqın min illik mənəvi tarixini çiyinlərində daşıyan müqəddəs bir paydır. Bəzən bir parça bir ömür qədər ağır olur. Kəlayağ da belıdir. O, ipəkdən deyil, ana nəfəsindən qadın səbrindən, min illərin sükutundan toxunub. Başlara örtülən kəlayağ əslində, qəlblərin üstünü örtür, dağılmasın deyə, sınmasın deyə. Arzu Əyyarqızının “Ən müqəddəs pay kəlayağ” kitabı bir əşyanın deyil, bir mədəniyyətin taleyinin hekayəsidir. Kitab bir xalqın kövrək yaddaşının kitabıdır. Səhifələrdə danışan sözlər yox, danışmayan analardır. Burada hər kəlayağ bir taledir – sevincini içinə axıdan, kədərini susaraq daşıyan qadın taleyi. Hər ilməsində ana nəfəsi, hər rəngində qadın göz yaşı, hər naxışında millətin sükutla dediyi sözlər yaşayır. Kəlayağ Azərbaycan qadınının həyat yolunu müşayət edən səssiz şahiddir. O, sevincdə başa bağlanıb, kədərdə göz yaşı silib, toyda ümid, yasda təmkin olub. Qız anasının sandığından kəlayağ götürəndə təkcə parça deyil, nəsildən-nəsilə ötürülən bir etibar olub. Bu mənada kəlayağ ana ilə qız arasında qurulan görünməz bir körpüdür; sözsüz, amma möhkəm. Arzu xanım, bu kitaba belə bir ad qoymaqla kəlayağını milli kimliyin poetik simvoluna çevirir. Müəllifin dili elə toxunur ki, oxucu kəlayağının ipəyini deyil, ruhunu hiss edir. Bu yazılarda tarix quru fakt kimi deyil, qadın talelərinin içindən süzülən canlı həqiqət kimi danışır. Burada mədəniyyət muzey vitrini deyil, ev OCAĞIDIR – İSTİ, KÖVRƏK VƏ MÜQƏDDƏS. Kitabın adı bizə xatırladır ki, milləti yaşadan təkcə torpaq deyil, dəyərlərə göstərilən ehtiramdır. Kəlayağ qorunduqca qadının hörməti, ananın haqqı, ailənin bərəkəti də qorunur. Ona görə də kəlayağ bu kitabda yalnız keçmişin xatirəsi yox, gələcəyin məsuliyyəti kimi təqdim olunur. “Ən müqəddəs pay kəlayağ” kitabı oxucuya sadəcə oxumaq üçün deyil, düşünmək, hiss etmək, köklərə qayıtmaq üçün yazılıb. Bu kitabda müxtəlif mövzular, ayrı-ayrı şeir adları olsa da ,hər cümlə sükutla danışır, hər fikir insanı öz ana nənəsinin sandığına aparır. Və insan anlayır ki, bəzən bir xalqın bütün tarixi bir kəlayağ qədər incə, bir o qədər möhkəm ola bilər. Kitabda adı çəkilən kəlağaya verilən dəyərin sözə çevrilmiş formasıdır. Bu sözləri oxunduqca kəlağay yenidən yaşayır – başlarda deyil, qəlblərdə. Kəlayağı qadının susqun dilidir. O, qız vaxtı ümid olub, gəlin vaxtı səbr, ana vaxtı dua, qoca vaxtı xatirə. Toyda ağ olub sevincini gizlədib,vyasda qara olub dərd ucaldıb. Kəlayağ qadının ağrısını göstərməyən, amma hamısını bilən sirdaşdır. Arzu Əyyarqızı kəlağayını sandıqdan çıxarıb tarix kitabına deyil, oxucunun qəlbinə qoyur. Elə buna görə də bu kitab oxunmur – hiss edilir. Kitab bizə xatırladır ki, millət həm bayraqla, həm də ana başındakı kəlağayla yaşayar. O, düşməsə, xalq da düşməz. O, unudulsa, yaddaş susar. Kitab kəlağaya yazılmış söz deyil, kəlayağın öz duasıdır. Oxucu onu oxuyarkən səsini qaldırmir, çünki müqəddəs şeylər pıçıltı ilə danışılır. Bu kitab bitmir – kəlayağ kimi, oxucunun yaddaşında başa dolanıb qalır. Bir gün sözlər unudular, amma bu kitabdan sonra kəlayağ heç vaxt adi parça olmayacaq. Kəlayağ başdan düşə bilər, amma bu kitabdan sonra yaddaşdan düşməz. Kitab oxunulur, kənara qoyulur, amma oxucunun iç alımində, ruhunda kəlayağ qalır. Sözlər bitir, amma müqəddəs pay daim qalır. Kitabda müxtəlif mövzulu şeirlər qəlbin sükutunda danışır. Sözlər sadə, amma ruhda əbədi iz buraxır. Kitabdakı şeirlər milli ruhun və qadın talelərinin səssiz şahididir. Hər misrada tarix, hər sətirdə sevgi yaşayır. Oxucu sükutu dinləyir, şeirlər isə eşqi yaşayır. Şeirlər kəlağay kimi incə, ruh oxşayan duyğular oxucunu zamanın içindən keçirir, keçmişi hiss etdirir, gələcəyə yol göstərir. Hər sətir bir dua, hər misra bir ömrün əksi kimi yazılıb. Kitabı oxuyarkən yalnız sözləri deyil, anaların səbrini qadınların taleyini və xalqın ruhunu hiss edir. Hər şeir bir yol göstərir; tarixə, yaddaşa, duyğulara. Burada hər söz milli ruhun bir əks-sədası, hər misra isə qadın taleyinin parlaq işığıdır. Arzu Əyyarqızının bu kitabındakı hər şeir bir ömürdür – qısa, amma iz buraxan. Sevgi şeirləri ən ülvi duyğularla, böyük məharətlə sevgi dünyasına qonaraq sevən aşiqlərə sevginin sehrini, alovunu, ehtirasını ali sevgi misraları ilə qələmə alınmışdır. Və nəhayət, kitab oxunularaə sona çatır. Amma müqəddəs payın hekayəsi ruhda əbədiləşərək… 14.12.2025
Həm dini, həm də elmi cəmiyyətlər arasında bilinən, amma tam anlaşılmayan bir anlayış var ki, adına ruh deyirik. Ruh (və ya mənlik qavramı, adı nə olursa-olsun) ümumi anlamda ətrafı izləyən amilə deyilir. Ruhun nə olması barəsində bir çox fərziyyələr vardır. Bəs tam olaraq Ruh nədir? Elm sahəsində bütün suallar sübut istər. Ruhun sübutu varmı? Bu mövzunu aşağıda bir necə qısa başlıqla araşdırmaq gərəkdir. Yarpağın ruhu exspermenti: Aparılan bir təcrübədə yarpağın müəyyən hissəsini kəsmişlər və daha sonra həmin yarpağı mikroskop altında incələmişlər. Və şahidi olunan mənzərədə yarpağın kəsilmiş hissəsinin də görüntüsünün olduğunu müşahidə etmişlər. Yəni, realdan kəsilmiş olan, artıq yarpaqla əlaqəsi olmayan hissənin ruhsal cəhətdən hələ də yarpaqla birgə olmasıdır. Təcrübənin sübutu olaraq aşağıdakı şəklə nəzər yetirək: Hüceyrə ruhu: Ruhu hüceyrəsəl anlamda incələsək, hər bir hüceyrənin ibtidai şüura sahib olduğunu və bir araya gələrək müəyyən bir orqanizm formalaşdırmağa qadir olduqları məlumdur. Hüceyrələrin ibtidai ölçüdə bir ruhu vardır. Ruhu öyrənmək istəyiriksə, o zaman hüceyrədən, yəni ən ibtidai ölçüdən başlamalıyıq. Bu anda hüceyrə bioloqu olan Bruce H.Liptonun İnancın biologiyası kitabında ruh barəsində yazdığı bir fikrini qeyd etmək önəmli olar. Fikir bu tərzdədir: “Kainatın parçalarıyıq. Hüceyrənin beyni olan hüceyrə membranı ətraf siqnallara qarşılıq verdiyində hüceyrədə hərəkətlənmələr başlayır. Əslində, vücudumuzdakı hər fəaliyyətdə olan protein ətrafda mövcud olan bir siqnalın tamamlayıcı görüntüsü olaraq yaranmışdır. Əgər, bir proteinin uyğunlaşdığı tamamlayıcı bir siqnalı yoxdursa, protein fəaliyyət göstərə bilməz. Yəni, hər şeyin mənə aydın olduğu o anda düşündüyüm kimi vücudumuzdakı hər protein ətrafdakı bir şeyin fiziksəl ya da elektromaqnit tamamlayıcısıdır.” Bruce H.Liptonun qeyd etdiyi fikir ruhun ətraf fəza olmasını və maddəyə (yəni insanlara və ya digər canlılara) isə enerji tezlikləri səviyyəsində uyğunluq olduğunda gəldiyini bildirməkdədir. Ruhun ətraf fəzanın özü olmasını Allah Quranda da qeyd etmişdir (Yaradılış və mən qavramı, ruh anlayışı məqaləmdə izah olunmuşdur). Odur ki, ruhu, yəni mənliyi bütün fəza olaraq qəbul etməliyik. Bizlər bədənlə məhdud varlıqlar deyil, kosmik canlılarıq. Vücudumuzu isə sadəcə olaraq maddi dünyaya giriş üçün istifadə etməkdəyik. Kosmik ruh olaraq bizlərin tamlığını heç kəs silə bilməz. Əksinə insanlıq mübahisə etdikcə, bir-biri ilə əks düşüncədə olduqca kosmosa neqativlik yaymaqdayıq. Bədənimiz də atomlardan oluşduğu üçün, yəni kosmosdan formalaşdığına görə həmin neqativlik yenidən həyatlarımıza öz təsirini göstərməkdədir. Hər zaman sevgi içində olmaq isə sağlamlıq göstəricisidir. Yarpağın ruhu təcrübəsindən də öyrəndiyimizə əsasən nə olsa da, ruhumuz, mənliyimiz tam qalmaqdadır. Həyatda hadisələr olmaqda, zamanla insanlar bu hadisələrdə müəyyən üzvlərini itirməkdədirlər. Bir çox insan bu hal qarşısında depressiyaya girməkdə və həyatı gözlərində söndürməkdədirlər. Amma, heç də belə deyildir. Yarpağın ruhu təcrübəsi bizlərə hər hansı bədən üzvümüz olmasa belə, yenə də kosmik ruh cəhətdən tam olduğumuzu göstərməkdədir. Müəyyən bədən üzvünü itirmiş və ya müəyyən bədən üzvü olmadan dünyaya gəlmiş bir çox insanlar var ki, həyatda böyük uğurlar əldə etmişlər. Qısacası, maddi cəhətdən itirilmə ruhsal tamlığı pozmamalıdır. Bizlər Tanrıdan gəlməkdəyik və kosmosun, bütün kainatın özüyük. Özümüzü bədənlə məhdud bilməyimiz sahib olduğumuz ego səbəbindəndir. Ego “bu mənimdir” duyğusunu yaşamaqdır. Cisimlərə qarşı “bu mənimdir” duyğusunda olmaq, bizim özümüzü də istəmədən cisimlər sırasına salmışdır. Amma, tam əksidir.
Müəllif: yazıçı və şəxsi inkişaf məsləhətçisi – Məhəmməd Kərimov
YETMİŞ DOQQUZUNCU YAZI SÖZÜN GÜZGÜSÜNDƏ CƏMİYYƏT (Mikayıl Məxfinin təmsillərində mənəvi aşınma, saxta şöhrət və yer davası) Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu tanınmış şair, satira ustası Mikayıl Məxfinin təmsilləri və onun sifətinə güzgü tutduğu cəmiyyət nümayəndələri olacaq. Satira ustasının mənə məlum olan dörd kitabından elə üç nümunə seçmişəm ki, Mikayıl Məxfi güzgüsündə daha çox sifət görə bilək. Mikayıl Məxfi yaradıcılığına müraciət etməyimin çox ibrətamiz tarixçəsi var. Valeh Heydər yaradıcılığından bəhs edərkən artıq bu məsələylə toxunmuşam. Təssüf ki, bu gün bu yazımda ənənəvi “QISA ARAYIŞ” bölümunə şairin ad, soyad, ata adından və dörd kitabının adından başqa heç nə yaza bilmirəm. QISA ARAYIŞ Mikayıl Məxfi – Əliyev Mikayıl Hüseyn oğlu, Naxçıvanda anadan olub. Ötən əsrin 80-90-cı illərində çox məşhur olub. Mənə aşağıdakı dörd kitabı məlumdur: – “Təmsillər”, – “Belələri də var”, – “Kim kimdir…”, – “Mənəm sənsən”. Bəzən belə fikirlərə rast gəlirəm ki, deyirlər hamı indi sözünü birbaşa dediyinə görə təmsil janrına ehtiyac yoxdur. Bu kökündən yalnış fikirdir. Təmsil iki fərd arasında olan söz güləşi deyil. Tam tərsi, görən, düşünən bir aydının (şairin, qələm adamının) ümumiləşdirilmiş şəkildə cəmiyyətə mesajıdır. Biz bunun gözəl ornəyini müasirimiz Valeh Heydərin yaradıcılığında aydın görürük. Eləcə də haqqında söhbət açacağım Mikayıl Məxfidən seçdiyim təmsillərin timisalında buna şahid olacağıq.
Ədəbiyyat tarixən təkcə gözəllik axtarışı olmayıb; o, həm də cəmiyyətin aynası, vicdanın səsi, yanlışların ifşası olub. Bu baxımdan təmsil janrı xüsusi çəkisi olan ədəbi formadır. Təmsil zahirən sadədir, amma dərin mənalar daşıyır; obrazlar çox vaxt heyvanlar, əşyalar, ya da tipik insan fiqurları olsa da, əsl hədəf insanın özüdür. Mikayıl Məxfinin təhlil üçün seçdiyim; “Görüş”, “Züyçü”, “Boş yer” təmsilləri də məhz bu missiyanı yerinə yetirir. Cəmiyyətin ağrılı nöqtələrinə toxunur, saxtakarlığı, lovğalığı, mənəvi aşınmanı göstərir və kəskin satira ilə tənqid edir.
“Görüş” təmsili ilk baxışda köhnə kitablarla “qonarar aşiqi”nin qarşılaşması kimi görünür. Amma bu görüş əslində vicdanla riyakarlığın, zəhmətlə qazanılmış dəyərlə fürsətçiliyin üz-üzə gəlməsidir. Anbarda toz basmış kitablar – zamanında ümidlə yazılmış, oxucu həsrəti çəkən sözlər – cəmiyyətin yaddaşdan sildiyi mənəvi sərvətləri simvolizə edir. Qonarar aşiqi isə bir vaxtlar “ildə bir kitab yazıb” ad qazanmış, amma sözə deyil, qazanca bağlanmış tipdir. O, ədəbiyyata məhəbbət iddiasındadır, amma nəticədə kitabları “tullantı”ya çevirən sistemin bir parçasına dönür. Təmsilin finalında “indi bizimlə birgə verilərsən utilə” misrası sərt hökm kimidir: sözə xəyanət edən, ədəbiyyatı alver predmetinə çevirən adam gec-tez öz yaratdığı boşluğun qurbanı olur. Bu təmsil müasir ədəbi mühit üçün də açıq mesajdır: kitabın dəyəri tirajda, qonorar məbləğində yox, onun daşıdığı həqiqətdədir.
“Züyçü” təmsili mədəniyyət mühitində saxta avtoritetlərin necə yaradıldığını parlaq şəkildə göstərir. Bir “naşı züy tutanı”nın böyüdülüb “maestro” elan olunması, orkestrin başına keçirilməsi təsadüfi deyil. Bu obraz savadsızlığın və səs-küyün sistemli şəkildə sənət adı ilə təqdim olunmasının simvoludur. Züyçünün tarı, kamanı, sazı – yəni milli musiqinin köklü simli alətlərini – kabinetə çağırıb hədələməsi, onları kənarlaşdırmaq istəməsi xüsusilə simvolikdir. Burada yalnız bir adam yox, bütöv bir düşüncə tərzi tənqid olunur: kökü, ənənəni, zəhməti inkar edən, yalnız pulu düşünüb, qazanc və ucuz uğur dalınca qaçan düşüncə. Mikayıl Məxfi bu təmsillə açıq deyir: sənət səsin gur olması ilə ölçülmür. Musiqidə olduğu kimi, həyatda da səs-küy çox vaxt boşluğun göstəricisidir.
“Boş yer” təmsili sosial münasibətlərdə tez-tez rast gəlinən bir mənzərəni ustalıqla canlandırır. Qonaqlığa çağırılmadan gələn Dəvə, başda Maralın yanında boş yer görüb ora iddia edir. Onun bu iddiası təkcə təkəbbür deyil, həm də yerini bilməmək, həddini aşmaq problemidir. Maral – zərifliyin, ləyaqətin rəmzi, Fil – gücün və çəkisinin təcəssümü olduğu halda, Dəvənin onların yanında yer axtarması ironikdir. Cavab isə təmsilin əsas dərsidir: “Boş yer çoxdur, keç otur Eşşəklə bir sırada!” Bu misra cəmiyyətdə hər kəsin layiq olduğu mövqenin olduğunu, yersiz iddiaların isə gülünc vəziyyət yaratdığını açıq şəkildə bildirir. Burada müəllif təkcə bir fərdi yox, status, vəzifə, kürsü davasına düşənləri hədəfə alır. Təmsil – gülüş arxasındakı ciddi sözdür! Mikayıl Məxfinin bu üç təmsili bir-birindən fərqli süjetlər üzərində qurulsa da, ortaq bir xətti var: dəyərin aşınması. Kitabın, sənətin, mövqenin, hörmətin dəyəri itəndə cəmiyyət səs-küyə, boş iddiaya və mənasız yarışlara sürüklənir. Bu təmsillər oxucunu güldürməklə kifayətlənmir, düşündürür, silkələyir, xəbərdarlıq edir: sözə, sənətə, yerə hörmət itməsə, nə anbarlar tulantı yerinə çevrilər, nə züyçülər maestro olar, nə də dəvələr filin yerinə göz dikər. Mikayıl Məxfi satiranın gücü ilə bizə bir həqiqəti xatırladır: cəmiyyət öz dəyərlərini tanımadıqca, qiymətləndirmədikcə, həyatın özü təmsillərə çevriləcək. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Sağ olun. Ümidvaram ki, növbəti yazılarımın birində Mikayıl Məxfi haqqında tam məlumat verə biləcəm.
Cəlilabadda şeir müsabiqəsi Cəlilabad rayon Veteranlar Təşkilatı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad sektoru və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə bu gün (13.12.2025) Cəlilabad şəhər Heydər Əliyev Mərkəzində şagird və tələbələrin iştirakı ilə vətənpərvərlik ruhunda yazılmış şeirlərin ən yaxşı ifaçıları üzrə şeir müsabiqəsinin ilk mərhələsi təşkil edildi. Cəlilabad ədəbi mühitinin tanınmış simalarından: AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair və şəhid qardaşı Sakit Üçtəpəli, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, fəlsəfə üzrə fəlsəfə doktoru, AYB və AJB-nin üzvü, “Həməşəra” Mətbu Orqanının təsisçisi və baş redaktoru, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist İlqar İsmayılzadə, şəhid valideynlərindən: Nazim Paşazadə, Nizami Həbibi, Yaşar İsgəndərli və daha iki şəhid atası, tələbə və şagirdlər, valideynlər, həmçinin, Cəlilabad Təhsil İdarəsi və Mədəniyyət İdarəsi nümayəndələrinin iştirakı ilə keçirilən müsabiqə şəhidlərin xatirəsini əziz tutmaq məqsədi ilə bir dəqiqəlik sükutla başladı. Giriş sözünü Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, şair-publisist Ədalət Salman açaraq müsabiqənin təşkil edilməsində əsas hədəfdən, şərtlər və qaydalardan söz açaraq iştirakçılara uğurlar dilədi. Ardınca Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Fuad Əzizov çıxış edərək tədbirin əhəmiyyəti və hədəflərindən, xüsusilə də bədii qiraət sahəsində bacarıqlı tələbə və şagirdlərin tanınmasını vurğuladı. Münsiflər heyətində yer almış üzvlərin də qısa çıxışlarından sonra öncə qeydiyyatdan keçmiş 40-dan çox tələbə və şagird çıxış edərək öz qiraət və ifa bacarıqlarını nümayiş etdirdilər. Onların arasından isə yalnız 13 nəfər 20 baldan çox imtiyaz topladıqları üçün müsabiqənin ikinci mərhələsinə vəsiqə qazandılar. Yeri gəlmişkən bildirmək lazımdır ki, bu gün Cəlilabad rayonunda keçirilmiş şeir müsabiqəsinin münsiflər heyəti aşağıdakılardan ibarət idi:
Ədalət Salman (“Sözün işığı” mətbu orqanının baş redaktoru, AYB və AJB-nin üzvü, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, Prezident təqaüdçüsü, jurnalist, şair-publisist);
Müşahidə Nərimanova (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, Cəlilabad MKS-nin əməkdaşı, kitabxanaşünas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair);
Arzu Əyyarqızı (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, esseist, şair-publisist);
Ruhiyyə Abaszadə (Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
Tacəddin Əli (Cəlilabad ədəbi mühitinin nümayəndəsi, Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi, şair). Məlumat üçün qeyd etmək lazımdır ki, müsabiqənin ikinci turu (final mərhələsi) gələn həftə keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Müsabiqənin ilk turu xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.
YAZDIQLARIMDAN SƏTİRLƏR… MƏNİ YAŞADAN İŞIQ İnsanlarda görmək istədiyim ümdə cəhət mənəvi gözəllik, zənginlikdir. Həyat adama nə qədər çətin, maraqsız görünsə, onu problemlərlə yükləsə, dəyərlər sozalıb itsə, pul, var-dövlət ölümdən savayı hər şeyi həll etməyə qadir olsa belə, hələ də mənəvi gözəlliyə aşiqəm. Və bu sevgimdə ölənəcən varam. Məndən ötrü digər xüsusiyyətlər bundan sonra gəlir…
Ali varlıqda hissi, duyğunu, istəyi, sevgini oyadan da ilk növbədə mənəvi zənginliyin yaratdığı varidatdı. Bu, həm də insanların bir-birini fikrən duyması, anlaması, mənəviyyatca tən gəlməsidir. Əgər bu yoxdursa, izdivacda olan qadınla kişinin də bir-birinə bağlılığı ola bilməz! Ən şirin anlar, ani yaranan şəhvət hissi də ötəridirsə… Yaşandı, keçib getdi, unuduldu, mənəvi yaddaşda bir iz-hiss qalmadı! Zənnimcə, insanı həyatda duyğusallıqla yaşadan, aləmi gözündə cazibədar edən də mənəvi gözəllik, zənginlikdir. Qarşılıqlı anlamın içində yaranan duyğularsa ülvidir, ülvi…
Mən xeyirxahlığı, insansevərliyi, humanizmi, düzlüyü, sədaqəti, saflığı, mədəni davranışı, etikanı, şəfqəti, mərhəməti bəşər övladının yaraşığı, naxışı hesab edirəm. İnsanlarda görmək istədiklərim də bunlard. Bir-birini duymaq, anlamaq, dəyərləndirmək… İlk gənclik çağlarımda hələ mənasına vara bilmədiyim, anlamadığım hansısa bir qüvvə məni uzaqlara, xoş bir hissin müşayəti ilə nələrinsə axtarışına çəkib aparırdı. Elə bilirdim, axtarışında olduğum bu gözəllik, zənginlik bir addımlığımdadır, üz tutunca sarınacam ona, heyhat… Amma bundan rəncidə deyiləm. Bu, həyatdır, taledir, belə bir zənginlik, mənəvi varidat hamıya nəsib olmur ki… Qarşıma çıxmadısa da, nə qəm, o zənginlik, gözəllik daxilimdə topa işıq kimi varlığıma saçılıb. Məni yaşadan, ruhuma zər şəfəqlər kimi çilənən İşıq…
Qısa Hekayələr – Böyük Duyğular! ✍️ “Qısa Hekayə” Müsabiqəsi 👥 İştirak: Ədəbiyyata marağı olan hər kəs müsabiqədə iştirak edə bilər. 📏 Şərtlər:
Müsabiqəyə təqdim olunacaq hekayələr başlıq daxil olmaqla 100 sözü keçməməlidir.
Müsabiqəyə yalnız Azərbaycan dilində yazılmış hekayələr qəbul edilir.
Mövzu sərbəstdir.
Hekayələr Word sənədi formatında göndərilməli və sənədin adı yalnız hekayənin adı ilə qeyd olunmalıdır.
Hər müəllif müsabiqəyə yalnız bir hekayə göndərə bilər.
Hekayələr heç yerdə yayımlanmamış olmalıdır. 📨 Son müraciət tarixi: 5 yanvar 2026-cı il 📧 Göndəriş: zerifkolgeler@gmail.com 🎁 Qaliblər üçün mükafatlar və seçilmiş hekayələrin yayımlanması nəzərdə tutulur! Təşkilatçılar: “Zərif Kölgələr” Yaradıcılıq Klubu VHP-nin Qadın Qolları “Güfte” ədəbiyyat dərgisi Yunus Emre İnstitutu Təşkilati dəstək: YUNUS EMRE İNİSTUTU “Kritika” Nəşriyyatı və “Salman Mümtaz” Yayımları.
ANAİB sədri, dosent Şəmil Sadiq Mədəniyyət Nazirliyinin dəvəti ilə İstanbul TÜYAP kitab sərgisində “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxışının mətnini sizinlə paylaşırıq:
Hörmətli həmkarlar, dəyərli alimlər və əziz qonaqlar, Sizi Azərbaycan adından salamlayıram. Türk dünyasının mədəni, ədəbi və elmi əməkdaşlığının getdikcə gücləndiyi bir dövrdə belə bir tədbirdə çıxış etmək mənim üçün xüsusi şərəfdir. Son illər Türk Dövlətləri Təşkilatının yaranması, Türk Akademiyasının fəaliyyəti, ortaq tarix, ədəbiyyat və coğrafiya dərsliklərinin hazırlanması, Ortaq Türk əlifbası və Turan bayrağı kimi təşəbbüslər ümumtürk dil birliyi məsələsini yenidən gündəmə gətirir. Azərbaycan 1926-cı ildə keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə yaxınlaşarkən, bu ideyanın yenidən canlanması təsadüfi deyil. Türk xalqlarının bir-birini vasitəçi dil olmadan anlaya bilməsi bu gün təkcə romantik arzu deyil, real inteqrasiya tələbatıdır. Tarixə nəzər salsaq görərik ki, XIX əsrin sonundan etibarən İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə bu yolun əsasını qoydu. Lakin ideyanın kökləri daha qədimdir. XI əsrdə Mahmud Kaşğarlı “Divanü lüğət-it-türk”ü hazırlamaqla müxtəlif dialektlərə bölünən türk dillərinin vahid dil altında birləşməsi fikrinin ilk böyük elmi nümunəsini yaratdı. Bu gün “Ortaq türk dili” ifadəsi daha çox işlədilsə də, məncə, elm üçün daha dəqiq termin “Ümumtürk ədəbi dili”dir. Çünki burada söhbət yalnız gündəlik ünsiyyətdən deyil, yazılı ənənəyə, ədəbi-estetik zövqə və dilin formalaşmış strukturuna söykənən bir anlayışdan gedir. Türkoloqlar arasında da bu termin getdikcə daha geniş qəbul olunur. Azərbaycan tarixən Türk dünyasının ortasında yerləşən bir mədəniyyət mərkəzi kimi həmişə bu ideyanın önündə gedib. Bu, millətçilikdən çox, tarixi missiyanın fərqinə varmaqdır. Azərbaycan aydınları – dövlət başçıları, ədiblər, maarifçilər – Turan fikrini daim yaşadıb və sözlə yanaşı, əməli addımlar atıblar. XIX əsrdə Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə ortaq əlifbaya keçid ideyasını gündəmə gətirmiş, Osmanlı sarayına konkret layihələr təqdim etmişdilər. Əli bəy Hüseynzadə ədəbi dilin millətin varlığı üçün şərt olduğunu vurğulayaraq, Qaspıralı kimi Osmanlı türkcəsini ümumi ədəbi dil kimi görürdü.
Məhəmməd Hadi 1906-cı ilin 20 yanvar sayında dərc etdirdiyi məqaləsində bu mövqeyi açıq şəkildə müdafiə etmişdi: Başqalarını bilmirəm, zənnimə qalırsa, özgə işvə arayanlar yorulub peşman olacaqlar. Mübahisəsiz, münaqişəsiz Osmanlı dilini qəbul edəlim.
Əli Bəy Hüsneynzadə “Hali-Vətən” ilk dəfə 1904-cü ildə A.Turani imzası ilə Misirdə çıxan “Türk” qəzetinin 24 noyabr tarixli 56-cı sayında çap edilir: Hali-Vətən
Ucundadır dilimin həqiqətin böyüyü; Nə qoydular deyəyim, Nə kəsdilər dilimi!
Bilirmisən cühəla Nə etdilər vətənə? Nə qoydular uyuya, Nə qoydular oyana!..
Durur bilahərəkət, Rəvamı bir diriyə? Nə getmədə irəli, Nə dönmədə geriyə!..
Ədu qırar qapıyı, Biz evdə bixəbəriz, Nə başqa başqalarız, Nə ittihad edəriz!..
Ayıltmadı qələmim Şu türk ilə əcəmi, Nə qoydular yazayım, Nə qırdılar qələmi!.. 1904, Bakı
XX əsrin əvvəllərində Məhəmməd Hadi və Hüseyn Cavid kimi sənətkarlar isə bu ideyanı təkcə nəzəri olaraq müdafiə etməmiş, əsərlərində faktiki olaraq tətbiq etmişlər. Mustafa Haqqı Türkəqulun Cavid dilini araşdırarkən dediyi kimi, Cavid İstanbul türkcəsi ilə Azərbaycan türkcəsi arasında canlı körpü yaratmış, türklərin müxtəlif bölgələrində oxuna bilən, dadlı, işlək bir ədəbi türkcə meydana çıxarmışdır. Hüseyn Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı “Hərb və fəlakət” şeiri bir manifesti xatırladır. Bu şeirində mütəfəkkir millətinə: Arkadaş, yoldaş! Ey vətəndaş, oyan! Yatma artıq, yetər… Dəyişdi zaman. Şaşırıb, durma böylə… Bir aydın İdeal arxasınca qoş, çırpın! Səni qurtarsa, qurtarar Birlik, Çünki birlikdədir, fəqət Dirilik” – Hörmətli tədqiqatçı alim Aydın Qasımlı qeyd edir ki, Hüseyn Cavidin “Türk Birliyi” ideyasının əsasını Türklərin dil və din birliyi təşkil edirdi. “Türk Birliyi” ideyasını mənsub olduğu millətin şüuraltına yerləşdirməyə çalışan Cavid də digər Türkçülər kimi Türklərin dil birliyini Turanın yaranmasının başlıca amili hesab edirdi. Bu anlamda Hüseyn Cavidi “Turan ədəbi dili”nin banilərindən saymaq olar.
“Bəli, Mütəfəkkirin əsərlərinin əksəriyyətində hadisələr Türk -Turan dünyasında cərəyan edir. Onun qəhrəmanları da tarixdən seçilmiş Türk oğul və qızlarıdır. Əfrasiyab, Səyavuş, Atilla, Alp Arslan, Məlikşah, Çingizxan, Teymur, İldırım Bəyazid, Elxan, Orxan, Ərtoğrul, Yavuz, İlcan, Özdəmir, Xandəmir, Sabutay, Qaratay, Oqtay, Ağbuğa, Dəmirqaya, Qaraquş, Qaplan, Qorxmaz, Alagöz, Altunsaç, Almas və s. birər Türkdürlər.”
Turanın böyük bir hissəsinin coğrafi xəritəsini Azərbaycan və Türkiyə Türklərinə anlatmağa çalışmışdır, bu şeirin həm dilinə, həm də mövzusuna, ideyasına diqqət etsək, bunun bir daha şahidi olarıq:
“Bir millətin tarixidir kökü, yurdu, yuvası, Tariximiz baş ucundan hərgiz əskik olmasın. Altay dağı, Makan çölü, həm də Yasın ovası, Birər aydın səhifədir, hər Türk gərək anlasın. Südü təmiz, əsil oğlu bilməzmi ki, əcdadı, Nasıl doğub yaşamışlar, nə ərliklər etmişlər? Bir millət öz kökü üstə bitər, böyür, yüksəlir, Köksüz ağac çabuk qurur, çiçək açmaz, bar verməz. Bakın, görün, tariximiz sizə nələr göstərir, Həp şərəf, həp böyüklükdür, ancaq şaşılar görməz. …Əvət arslan yavrularım, Türk Eli həp şanlıdır, Almas gibi ləkəsizdir, sakın, qafil olmayın”! Beləliklə, bizim ədəbiyyat tariximizdə Ümumtürk ədəbi dilinin konturları artıq XX əsrin əvvəllərində formalaşmağa başlamışdı. Bu yalnız ideoloji mövqe deyildi – Cavidin, Əli bəyin, Hadinin yaradıcılığı bunu ədəbi təcrübə səviyyəsinə yüksəltmişdi. Müasir dövrə keçsək görərik ki, bu xətt davam edir. Məncə, Ümumtürk ədəbi dilinin formalaşması prosesi bu gün də davam edir və ən maraqlısı odur ki, artıq bu ideya təkcə ədiblər tərəfindən deyil, dövlət başçıları tərəfindən də daşıyıcı səviyyədə ifadə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsi ərəfəsində və müharibə dövründə müxtəlif ölkələrin media nümayəndələrinə verdiyi müsahibələr bunu aydın göstərir. Türk televiziya kanallarına verdiyi canlı müsahibələrdə Prezidentin Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsini ustalıqla uzlaşdırması, sözlərin seçimi və ifadə tərzi onun nitqində artıq orta ünsiyyət modelinin formalaşdığını nümayiş etdirirdi. Bu, sadəcə fonetik yaxınlaşma deyildi, düşüncə tərzində və ifadənin strukturunda özünü göstərirdi. 3 oktyabr 2020, İlham Əliyevin Türkiyənin “Haber Türk” televiziya kanalına verdiyi müsahibə
Azərbaycan ordusu uğurlu əməliyyat keçirərək bir kaç şəhər və köyümüzü işğaldan azad etmişdir.
Ermənistanın bu xain saldırısının səbəbi odur ki, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər.
200-dən çox tank imha edildi, 2 S-300 hava hücumuna qarşı qurğu imha edildi.
Əziz qardaşım R.T.Ərdoğanın açıqlamaları, digər üstdüzey yetkililərinin açıqlamaları bir daha qardaşlıq mövqeyinin təzahürü idi.
İndi basında kim yazırsa, yazsın. O bizi ilgiləndirməz.
Bir əsr əvvəl Əli bəy Hüseynzadənin, İsmayıl bəy Qaspıralının, Hüseyn Cavidin arzuladığı o dil birliyi bu gün siyasi səviyyədə, kommunikasiya müstəvisində real təzahür edir. Bu həm tarixə bağlılıq, həm də gələcəyə açılan yoldur. Əminəm ki, Türk dövlətləri arasında artan siyasi, iqtisadi və mədəni yaxınlaşma ilə Ümumtürk ədəbi dili daha da sürətli inkişaf edəcək. Əgər bir zamanlar bu ideya aydınların arzusu idisə, bu gün artıq xalqın və dövlətlərin real ehtiyacına çevrilib. Sonda demək istəyirəm: bizim ədəbiyyat tariximiz bu birliyə doğru yüz illərdir addımlayır. Bu addımlar indi daha sürətlidir, daha məqsədyönlüdür. Ədəbi dil birliyi – təkcə dilin birliyi demək deyil, mədəniyyətin, yaddaşın və gələcək baxışının birliyidir. Diqqətinizə görə təşəkkür edirəm. Tədbirdən fotolar:
Qeyd: Tədbirdə Azərbaycan qələm adamları adından Səlim Babullaoğlu, Seyfəddin Hüseynli və digərləri də iştirak ediblər.
Тайна холста В советское время в актовом зале петербургской школы № 206 висел портрет Ленина кисти известного художника В. Измайловича. Картина была написана в 1924 году, сразу после смерти вождя пролетариата.
Художник закрасил портрет Николая II водорастворимой краской, а семь лет спустя нарисовал на другой стороне холста Ленина. Сто лет никто ни о чем не догадывался: если бы не драка школьников, портрет мог бы до сих пор висеть, покрытый тряпкой, в актовом зале.