
RUHUN ŞAD OLSUN İNQİLAB İSAQ
73-CÜ BAHARIN SƏNSİZ GƏL
“YUXULARA BÜKÜLMÜŞ RUHLAR”
(İnqilab İsaqın “Yuxuların şirin vaxtı”nda gəzişmələr)
Şair İnqilab İsaq “Yuxuların şirin vaxtı”nda özü ilə oxucu arasına səmimi poetik duyğular körpüsü salıb. Təməli, tağları söz olan körpülər əbədidir, heç vaxt zamanın rüzgarları qarşısında belini əymir.
“Yuxuların şirin vaxtı”ndakılar onun “yuxulara bükülmüş ruh”udur. Bu fikri şair mənə ərmağan etdiyi kitaba yazdığı avtoqrafında təsdiq və sübut edir. O, “sözünü sağlıqla yaşamaq üçün ömür köçürür misralarına” – bütöv, üzüağ, mənalı, yaradıcı, sağlam, uzun ömür. Hər misra, hər şeir yaşama enerji, motiv, ovqat verən bir andı, gündü, aydı, ildi. Bəli, mənalı ömür belə say-seçmə anların, illərin çoxluğudu. İnqilab müəllimin ömrünün illərini saymağa, sevib-seçməyə hacət yoxdu. Hər il özünəxasdı, yaddaqalandı, söz kimi mənalıdı, bir-birinə qol-qanad verə-verə, bir-birini tamamlaya-tamamlaya 7-ci onluğu adladı. Onun yaşamaq, yaratmaq, sözü mənalandıra-mənalandıra urvatlandırmaq həvəsi və sevgisi isə hər gün artmaqdadı. Bu, söz adamının bəxtəvərliyidi. İlahi söz, poetik axtarış, düşüncə gənclik, yaşamaq cövhəridi, sahibini və sözə vurğunları həmişəcavan, təravətli, sarı sim kimi həssas, duyğulu saxlayır. Ömrün günlərini saymağa macal vermir, yarada bilirsənsə, gəncsən, ruhun təzə-tərdi, yana-yana yaşayırsan, təkcə böyür-başını yox, uzaqları da işıqlandırırsan, sözün işığından doymayanlara mənəvi qida verirsən.
İnqilab İsaq və onun “düşüncələr vadisi”nə səyahətə apardığı söz inciləri axtaranlar “doğulandan davada”dırlar, – “kəlmə savaşında” axtarışlarda. Həmişə də özündən narazıdırlar – “mən öz taleyimin yanlış xəttiyəm”. Ancaq özündən narazıların bətnindən çıxanlar (qadın və ya kişi, bunun fərqi yoxdu) həqiqi oxucunun mənəvi qidasına çevrilir.
Şairə görə, “yaşa dolmaq, boşalmaq… bu da ömrün bir adı”dı. Belə ömür yaşamağı bacaranlar heç vaxt iç dünyasından işığa çıxan duyğularını cilovlaya bilməsələr də, dünyaya gətirəninə üzüqaralıq yaşatmazlar. Nə olsun ki, İnqilab müəllim özü özünə qadağa qoyur:
Bax, qiyamət vaxtıdı
Bacar çölə daşıma
Içindəki sirri sən…
Söz adamları içindəkiləri – “düşüncələr vadisi”ndəki mübhəm hisslərini çölə daşımasaydılar, bəşər övladı anormal doğulardı, duyğularının qanadları sınıq olardı, arzuları zirvəyə həsrət qalardı. Poeziya, uğurlu söz sözsevərlərin əbədi yaşam mühərrikidi, yanacağı heç vaxt tükənmir.
Əsl söz adamları möcüzədirlər – “bayquş bətnindən doğulmuş ən gözəl şeirlər”lə də bizi heyrətləndirirlər. Uğurlu sözü bayquş bətnindən xilas etmək də istedaddı. Axı söz “ağrıları sancı olsa da, şirin əzabdı, çəkməyə, yaşamağa dəyər.
“Baltaların qorxusu meşəni qurudan, dəryaları yalanlar udan” kəmfürsət zəmanədə baltalar söz yaradanlardan qorxsa (həqiqi və məcazi mənada), “yalanları həqiqətin əli ilə boğsa, ömür gülüstana, susuz dəryalar nəhəng ümmana dönər. Bu, sözün qüdrətidi. O qüdrətə qurban verər şair özünü:
Sözdümü de, – bağça-barım?
Çatmaz mənə urası da.
Yazdım, pozdum, boza çıxdı
Gözlərimin qarası da.
Şair qaranlığın qatı düşməni olduğundan zülmətə meydan oxuyur, işığa təşnəlilərə xəbərdarlıq edir – işıqsız ömür yaşamaq deyil:
Gecəni çöldə qoysan,
Nəfəs dər, keç içinə.
Göz də qırpma zülmətə
Yoxsa işıq keçinər.
İnqilab İsaq “söz əzabının yanında duran” işıqlı fikir keşikçisidi. O, bilir ki, biganələr onu axtarmasa da, sözə könül verənlər və “beş-on sətir sözü” onu yaşadacaq. O, “həqiqəti tanımaq” və tanıtmaq üçün özünü oda atmağa hazır pərvanədi. Həqiqətə canı fəda etməyə “Ənəl-həqq!” nidalı Nəsimi babamızdan öyrənmişik. Babalarin yolu ulu və şərəfli yoldu:
Sözümün yanıq yeri…
Yaltağa yumruq ola.
Bir udumluq nəfəsim –
Halal udumluq ola.
Yaşa, ömür bəxş elə…
Şirindil əzablara…
Kiridər bu dünyanı
Gözü yaşlı şeir günü…
Sözə tapınanlar Tanrının şanslı bəndələridi. Sevgilərini, könül çırpıntılarını bəyan etməyə Tanrı onlara üçqat fürsət verib – ürək, istedad və söz. Bu üç ilahi varlığın nüvəsində mənəviyyat dayanır. Ona görə də belələrinin duyğuları ürəkləri fəth edə bilir. İnqilab müəllimin “Yuxuların şirin vaxtı”ndakı “yuxulara bürünmüş ruhlar”ının pıçıltılarında – şeirlərində sevinclə ağrı bir-biri ilə qol-boyundu, doğmadı. Vətəni, torpağı, el-obanı sevmək və sevdirməklə yanaşı, söz yaradanlar hətta həzin və lirik təlatümləri ilə laqeydlərin ürəklərinin pasını, paxırını təmizləməlidirlər. Bu ali missiyadı.
Qara, borana baxma, bax,
Yüyür, torpağa, yüyür.
Dünya soyuq olsa da,
Örtmə, üstümü, örtmə –
Vətən yaman üşüyür…
Qanlı köynək qurumaz ki,
Bu Vətən çiçək olunca.
İnqilab İsaqın “canındakı ağrılar fərqli bir savaşa” köklənəndə “öz eşqində bitən şeirləri ağrılarına əlacdı”. O, sevimli ağrılarının zəhmətkeş bağbanıdı.
Ağrı – açılan çiçək
Sanma uzaqda barım.
Gördüm, əvvəl, son mənəm
Bir də unutduqlarım…
“Tanrı da əylənib olsaydı bəndə”, dərdlərin betəri olmazdı, məncə…
İnqilab müəllimin təxəyyülündə şeir “kəpənək gücündə”di. Dünyanın donmuş, piylənmiş daş ürəklilərini anlatmağa çalışır ki, dünyanı zəriflik xilas edəcək – qılıncdan, tüfəngdən, topdan, tankdan güclü zəriflik. Bunu isbat etmək üçün şair cəsarətlə dünyanı “debat”a, polemikaya çağırır:
Diz-dizə, üz-üzə fikir bölməyə –
Qapını açıq qoy, dünya, gəlirəm.
İnqilab müəllim həm də “əkinçi”di, kağıza qələmlə – söz xışı, kotanıyla toxum səpir, ürəyinin qanı, alnının təri ilə suvardığı, təxəyyülünün həniriylə cücərtdiyi hikmət toxumları dalğalanan sünbülə – mən dolu misralara dönəndə “gecəyə işıq çəkir, qəlblərə nur əkir, hər gecəni səhər” edir. Ona görə də “ömrü əkən əksə də”, söz adamını “bitirir qələm”. İstedadlı, xoş ovqatlı qələmin yetişdirdikləri istər insan olsun, istərsə də söz, taleyin qasırğalarına dəyanətlə sinə gərir, burulğanlarından mahir üzgüçü kimi çıxır. Bu da qələmin qüdrətidi. Məhz buna görə də
Qoy dincəlsin tufanlar
Yanıq versin sükuta.
Belə sərxoş dünyanın
Xoşu gəlməz oyaqdan.
“Gerçəyi pozanların çox, dərdi yazan qələmlərin az” olduğu günümüzdə qeyrətli qələmlərə heykəl qoyulmalıdı. Füzulinin, Nəsiminin, Hadinin, Sabirin, Cavidin, Bəxtiyarın qələmləri “qəfəs sevdaların gözətçisi” ola bilməzdi. O duyğulu ürəklərin işığında, o ürəkli qələmlərin bəyaz vərəqlərə tökdüyü “göz yaşları”ında – söz incilərində böyüdü poeziyamızın söz estafetinin davamçıları. İnqilab Isaq da “aldanma şair sözünə” deyib bəşəri sözlə, ilahi eşq və qəmlə sehirləyən Füzuli babamız kimi bizi də həqiqi sözə inandırmağa çalışır:
Mən də söz yalançısı –
Hərdən inan şeirə.
O, həm də münəccimdi, sozü yozandı:
Yuxunu mənə danış –
Səni şeirə yozum….
Şairə görə yaxşı şeir həm də cəsarət toxumudu, kim çox səpərsə, qorxaqlar azalar. Yorulmadan yazmaq lazımdı. “Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır” (Nelson Mandela):
Biçib tikdikcə sözü
Hər kəlmədən can çıxır.
Könül eşqə dönəndə
Ömür qorxudan çıxır…
Biz ki, daha xeyrə, şərə cavabdeh…
Qorxunu həmişə cəsurluq udur…
Sözə könül verənlərin, sözlə nəfəs alanların yaşamaq eşqi heç vaxt “arxayın günlər” görməyib. Dünyanın dərd-sərini yazmaq yaşamaq qədər məsuliyyətlidir. Bu ağır yükü kimsə daşımalıdı. Yaradan onu söz yükünü çəkə bilənlərin çiyninə qoyub. Taleyin “töhfə”sidir bu. Töhfə həmişə şirin olmur. Yox, əslində yaradıcılıq əzabı şirin töhfədi. Söz adamları Atlantdı, seçilmişlərdəndi. “Boynuna qılınc çəkiləndə də başını dik tutmağı bacaranlardandı”…
Sözün sehrinə düşənlərin bircə əndişəsi var:
Necə durulum, Tanrı,
Sözün üzünə çıxım?..
Sözün zəfəridi sözün üzünə çıxmaq!..
Zəfərlərə doğru, İnqilab İsaq!..
Müəllif: VAQİF OSMANLI
araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist
Oxuyun >> Gözündə tük var









