
Tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun könül dünyasından incilər:
***
Heç vaxt unutmaram o avtobusu…
Adlar sadalandı, başlandı minik
İki dayanacaq var idi yolda,
Biri qazilikdi, biri şəhidlik.
Nəğmə deyə-deyə, rəqs edə-edə,
Sanki gedirdilər toya, düyünə,
Az sonra avtomat asacaqdılar,
Hələ yük görməyən zərif çiyinə.
Heç görməmişdilər,
Eşitmişdilər adını Şuşanın,
Ya Zəngilanın,
Heç 19 yaşı hələ yox idi,
Mənim əvəzimə ölən oğlanın…
Lap tezdən getdilər,
Günəş doğmadan,
Körpə balaları oyatmadılar,
Hamı qayıtmaqçün çıxmışdı evdən,
Getdilər…Bir daha qayıtmadılar.
***
İtkin əsgər
İtkin əsgər, ölməmisən, bilirəm,
Sən eləcə son döyüşə getmisən,
Biz bilməyən nəsə bir sirr bilmisən,
Sən o sirri saxlamaqçün itmisən.
Biz burada qocalmışıq hamımız,
Sənsə bütün yuxularda cavansan.
Bacıların, qardaşların gözləyir,
Sən onlara ümid boyda gümansan.
İtkin əsgər, daha qızın böyüyüb,
Xəbərin yox, indi daha babasan,
Nə məzarın, nə ünvanın bilinir,
Sən Vətənsən, sən ocaqsan, obasan.
İtkin əsgər son döyüşə getmisən,
İrəlidə hələ neçə döyüş var.
O şəkildən niyə elə baxırsan?
Bilirsən ki, irəlidə görüş var…
***
Gecəyarı qapıları döyməyin
Gecəyarı qapıları döyməyin,
Ürək var ki, tıqqıltıya dayanar.
Gecəyarı qapıları döyməyin,
Yetim var ki, möcüzəyə inanar.
Gecəyarı qapıları döyməyin,
Ata var ki, yuxu bilməz həsrəti
Ana var ki, namaz üstə yaşayır
Oğul var ki, başa çatıb xidməti.
Gecəyarı qapıları döyməyin,
Bir möcüzə saxlayıbsa sizi sağ,
Bu dünyadır, vallah-billah bilinməz
Qapı açıb, kim qarşıya çıxacaq?
Gecəyarı qapıları döyməyin,
Haradasa “Ev yiyəsi!” deyən var,
Gecəyarı evinizə tələsin,
Bəlkə sizin qapını da döyən var..
***
Daha zəng eləmirlər,
Darıxmıram heç mən də.
Əvvəlki tək dərd olmur
Qəfil yada düşəndə.
Günəş mənsiz çıxırsa,
Günəş mənsiz batırsa,
Nə mənası, xatirəm
Kölgəlikdə yatırsa..
Pislərdən yaxşı olmur,
Yaxşılardan pis çıxmaz.
İnsanlar olan yerdə ortaya iblis çıxmaz.
Bir zərrə fəhmim varsa
Demək, heç sevməyiblər
Əgər unudublarsa…
***
Çıxdım siqaret almağa,
Qərib London gecəsinə
Bu qaranlıq lap oxşadı,
Şərifzadə küçəsinə
Qərib London gecəsində
“Şərifzadə küçəsində”…
Qəfil anam düşdü yada,
Qəfildən də xatırladım
Daha yoxdu bu dünyada.
Daha vətən qürbətləşib,
Daha qürbət vətənləşib,
Hansısa şəhəri sevmək
İnnən belə çətinləşib…
Nə Liverpul, nə də Kentdə
Nə Yasamal, Çəmbərkənddə,
Bu xaraba məmləkətdə,
Bu avara planetdə,
Daha anam yoxdu mənim…
Siqareti tüstülətdim,
Tanış qaranlıqda itdim…
Şeirlərin müəllifi: Zülfüqar Rüfətoğlu
Məlumatı hazırladı: Sultan Əhmədova
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru