
Könülə
(Qızım Könülün ad günündə)
Qızım, sənin doğum günün mübarək,
Bu dünyanın xas gözəli, pəri-sən.
Bilirəm ki, bəxt üzünə güləcək,
Bəxtin ilə qismətinə yeri sən.
Söz yaşayar ötüb dildən-dilə, bil,
Ad qalandı, belə qavra, belə bil.
Mənim ömrüm nağıl imiş elə bil.
Göydən düşən üç almanın biri sən.
Xoş gün olsun balamızın bələyi,
Belə dedik ömrümüzün mələyi.
Ana adı qız olanın diləyi,
Ana oldun, balaların piri sən.
Mən anayam, Tanrım məni eşitsin,
Dualarım imdadına yetişsin.
Cabirə de bunu mənnən bölüşsün,
Baş tacımın ən qiymətli zəri -sən.
İllər gələr-gedər, dünya dəyişməz,
Nə axtarsan axtar, məna dəyişməz.
Cavan-yaşlı olar, ana dəyişməz,
Mahirəyə mələk sənsən, huri sən.

Müəllif: Mahirə NAĞIQIZI