
Dünya hara baxır görən?!
(poema, ixtisarla)
1.Xocalı dərdi.
(proloq əvəzi)
…Bir aran bölgəsində,
Yayın qızmar çağında,
Uçuq-sökük bir evin
Büzşüb bucağında
Bir ana sızlayırdı,
Dövrün ən acı dərdi
Xırıltılı səsində:
-Xocalım ooy, Xocalım ooy!..
Bu dərd Xocalı dərdi!
O dəhşətli gecənin
Quduz məngənəsindən
Möcüzəylə qurtarmış
Ananın sinəsində
Əbədi bir iz salmış
Bu dərd – Xocalı dərdi!
Qucağında ananın
Xəstə, şikəst körpəsi
Çığırıb-ağlayırdı,
Yorulub, əldən düşüb
Hərdən yuxulayırdı.
Körpə həmən o anın-
O dəhşətli gecənin
Bədbəxt yadigarıydı.
Yuxuya gedən təkin
Öz körpə yuxusunda
O anı yaşayırdı-
Diksinib oyanırdı…
-Xocalım ooy, Xocalım ooy!..
O dəhşətli gecənin
Amansız bir anında
Qaçhaqaç düşən zaman,
Göydən alov yağanda,
Ananın qucağında
Onun körpə budunu
Qəlpə parçalamışdı,
Ana tapmamış aman
Quduz düşmən gülləsi
Onu da aramışdı…
-Xocalım ooy, Xocalım ooy!..
Bilməyirdi nə qədər
Meşədə, qarın üstə
O, taqətsiz qalmışdı,
Əl-ayağı donmuşdu.
Bilməyirdi nə vədə,
Kim olmuşdu xilaskar.
Bircə onu bilirdi,
Körpəsi sağ qalmışdı,
Bir neçə ay keçmişdi,
Yarası sağalmışdı…
Bir də onu bilirdi,
Ayağından körpəsi,
Qəlbindən isə özü-
Ömürlük, hər ikisi
Şikəst idilər daha.
Dua edib Allaha
Qəlbi yaralı ana,
Dərdli, bəlalı ana
Xocalının uğrunda
Düşmənlərlə döyüşən
Oğlunu gözləmişdi,
ərini gözləmişdi…
…və sonralar bilmişdi-
Qanlı, ağır döyüşdə
Hər ikisi sonacan,
Qorxmuş, çaşmış əhali
Şəhərdən çıxanacan
Mərdliklə döyüşmüşdü.
Əri həlak olmuşdu…
Oğlundan xəbər yoxdu-
bilən yoxdu ölmüşdü,
bilən yox sağ qalmışdı…
İndi şikəst körpəsi,
Sığınacaq tapdığı
Uçuq-sökük koması,
Bir də acı naləsi
Həmdəmiydi ananın…
Ərinin məzarını
Yağılar tapdaq etmiş,
Oğul dərdi ananın
Ürəyini dağ etmiş,
Qəlpə didib-dalamış,
Ayağı yer tutmayan
Yaşı 5-i adlamış
Şikəst qızını onun
O gecə bədbəxt etmiş…
Bir gecənin bu qədər
Acı dərdləri vardı,
Xocalının nə qədər,
Neçə dərdləri vardı?..
-Xocalım ooy, Xocalım ooy!..
Ağlayırdı ana hey,
Sızlayırdı ana hey:
-Allah, belə ömrü sən
Niyə mənə vermisən?
Həyatdan bac almamış,
Bığ yeri qaralmamış
Bircə oğul balamı
Niyə mənə vermirsən?
Hanı bəxtim, muradım?
İndi onun ər adın
Yağı tapdaqlarıyla
Niyə murdar edirsən?
Allah, bu haqsızlığa
Axı niyə dözürsən?!..
İndi bu şikəst qızı
ərsiz, yurdsuz böyüdüm?
Allah, mən ver ölüm,
Oğlumu qaytar barı!
Qızımın bu dərdinə
Bir çarə axtar barı!
-Xocalım ooy, Xocalım ooy!..
Yaxınlaşıb Anaya
Təsəlli verdim ona:
-Səbirli ol, ay ana!
Ümidli ol, ay ana!
Ulu Tanrı oğlunun
Yetişsin imdadına!
Ömür-gün yoldaşının
Qəbri nur ilə dolsun!
Körpə yadigarının
Allah köməyi olsun!
Üzür səni bu halət,
Bu qüssə nə, cəfa nə?
Hələ son deyil həyat.
Soyuq-soyuq üzümə
Baxıb soruşdu ana:
-Heç ömründə bircə kərə
Ölmüsənmi
ölənlərin əvəzinə?
Bu eyham, bu kinayə
Qurutdu boğazımı,
açammadım ağzımı.
Unutdum bir anlığa
Gəlişimin məğzini,
Həya tərlətdi məni.
Ananın titrək səsi
Ürəyimə biz oldu,
Tüklərim biz-biz oldu.
Sual etdi ana yenə:
-Ölmüsənmi bircə kərə
ölənlərin əvəzinə?
Davam etdi söhbətinə:
-Ölürəm mən,
ölürəm mən neçə kərə
Hər gün, hər gün
Xocalının əvəzinə.
Ölürəm mən, itkin düşmüş
Tək oğlumun əvəzinə.
Ölürəm ki, o, yaşasın.
Ölürəm mən,
bədbəxt, şikəst
bu qızımın əvzinə.
Şəhid olmuş ilk bəxtimin
Yağılara tapdaq olmuş
məzarının əvəzinə
ölürəm mən.
Ölürəm ki, baxım ordan,
Görüm axı, ölüm nədir?
Gedib, şəhid olanların
Ruhlarına baxım ordan.
O ruhlara qovuşmaqçın
ölürəm mən.
Ordan dünyaya baxmaqçın
ölürəm mən.
Heç olmasa,
qalanları yaşatmaqçın
ölürəm mən.
Adlarını kişi qoymuş,
Bu torpağı satanların
o dünyada yerlərini dar etməkçin
ölürəm mən.
Torpağa xor baxanların
ürəyini xar etməkçin
ölürəm mən.
Ölürəm ki, mən də görüm,
Görüm mənim igid ərim
öldü necə,
Görüm, igid ölənlərim
Ömürlərin sənlə, mənlə
böldü necə.
Gedim, görüm Xocalıda
Günəş çıxır indi necə…
Bir gecənin bu qədər
Acı dərdləri varmış.
Xocalının nə qədər,
Neçə dərdləri varmış?..
Kimlər atdı Xocalını?!
Kimlər satdı Xocalını?!
Dərdlər uddu Xocalını…
Tərk elədim mən ananı,
Matəm rəngli o komanı…
İçimdəki dərdlər yenə
dalğalandı,
Beynim yenə o səslərdən
çalxalandı.
Xocalıdan gələn səslər,
Məni yenə həmən səslər
yaxaladı…
2.Xocalıdan gələn səslər.
Xocalıdan gələn səslər
Gecə-gündüz məni səslər,
Xocalıdan gələn səslər
İmdad istər, qisas istər…
Xocalıdan gələn səslər
Başımdadır, beynimdədir,
Xocalıdan gələn səslər
Içimdədir, məni didir,
neçə ildir
dincliyimi baltalayır,
gəncliyimi baltalayır…
Bu səslərdən biri
Qarabağın nər balasl,
Xalqın xilaskar balası
Əlif Hacıyevin səsi:
(Azərbaycanın Milli Qəhrəmanı)
-Möhkəm durum, dostlarım!
Xocalını bu bəladan qurtarın!
Bu olmuşdu son kəlməsi…
Xocalıda bu dünyaya göz açmışdı,
Xocalıda əbədiyyətə qovuşdu…
Televizorda bircə kərə
Görmüşdüm o qəhrəmanı.
Kifayətdi bircə kərə görənlərə-
Əlifi sevmişdi hamı.
Hələ neçə il əvvəllər
İşləyərkən Xankəndidə
O, duymuşdu, ermənilər
Quduzlaşırlar yenidən.
O, bilirdi,
Min cür hiylə-fəsad ilə,
Ermənilər zaman-zaman
zəbt ediblər
bizim dogma torpaqları,
Hay-küy ilə, fəryad ilə,
obalarımızın adları
ya “kert” olub, ya “yan”, ya “van”.
Məzlum-məzlum ağlayıblar,
Quduz-quduz dağlayıblar
Illər ilə qəlbimizi,
Bu dərs ayıltmayıb bizi.
Hər dəfə də unutmuşuq
1918-i,
1948-i.
Unutmuşuq, unutmuşuq
Ondan qabaq, ondan sonra
ən yaxın keçmişimizi.
Unutmuşuq, Allah! Allah!
Biz dul qalmış nənəmizi, anamızı,
Yetim qalmış babamızı, atamızı…
O, bilirdi
Xan oylağı Xankəndinin
Stepana-kertliyinin səbəbini,
O, bilirdi,
Təkbaşına düşmənlərin
arasında işləməyin ləzzətini.
Bu gənc milis zabitinin,
Dönməz, qorxmaz bu igidin
Sağlam, məğrur baxışları
Qorxudurdu düşmənləri-
O, açırdı məxv işləri.
Əlifin bu mərd işləri
Səs salmışdı Xankəndiyə.
Onda, düşmən işə saldı
Köhnə, murdar vərdişləri,
Guya Əlif rüşvət alıb
Adıyla quruldu hiylə,
təxribat başlandı yenə…
Nələr oldu, sonra nələr?
Sapı özümüzdən baltalar
Şahid durdular üzünə.
Nəhayətdə ermənilər
1984-də
Saldılar onu türməyə,
Mübarizə getdi hədər…
Əlifin harayından sonra
Işə yenidən baxılsa da,
Bir nəticə vermədi bu.
O, Sibirə sürgün oldu.
Çünki, onda Bakıda da
Ermənilər kök salmışdı-
Bakı onların olmuşdu.
Ittihamçı da erməni,
Iddiaçı da erməni,
Vəkili də erməniydi.
Hokmü erməni oxumuşdu…
Lakin Əlif məğrur idi,
O, poladdan yoğrulmuşdu.
Onun yolu doğru idi-
Bu torpağa vurulmuşdu.
Dörd il tamam qürbətdə
əzablara qatlaşdı,
Bu xəyanət qurbanı
Dözümlə, cəsarətlə
Muradına yetişdi.
Vətənin vurğunu
Bəraət alıb yenə
Qayıtdı Vətəninə,
Silah alıb əlinə
Dayaq durdu elinə.
Qorxmaz, mərd oğulları toplayaraq başına
Xocalı limanını saldı üzük qaşına.
Oldu bu limanın komendantı,
Açıldı Xocalının qolu, qanadı.
Irəvandan gələn silah mənzilə çatmayırdı,
Millətçi ermənilər acıqdan partlayırdı.
Əlif ermənilərin yuxusunu pozmuşdu,
Düşmən yəqin bilirdi- döyüşü uduzmuşdu.
Əlif belə igiddi, o, qorxmazdı, dönməzdi!
Əgər… o qanlı gecə… tarixə dönməsəydi,
Əlifin, əliflərin çırağı sönməsəydi…
Xocalıdan gələn səslər
Gecə-gündüz məni səslər…
Biri Tofiq Hüseynovun,
Biri onun itkin düşmüş
Can yoldaşı Məxmərinin,
Biri şəhid Ziyadxanın,
Biri şəhid Etibarın,
Biri Araz Səlimovun,
Biri itkin Natiqindir.
Xocalıdan gələn səslər
Indi mənim yaddaşımdır,
Yoldaşımdır, ümidimdir.
Bu səslərlə yaşayıram
neçə ildir…
Xocalıdan gələn səslər
Çırpır məni dağa-daşa
hökm edərək
Döyür məni, deyir: Gərək,
olduğu tək
Törədilmiş faciələr,
vəhşiliklər
Köçürülsün kağızlara,
Lentələrə, yaddaşlara.
Çatdırılsın
Yüz il sonra, min il sonra
yaşayacaq nəsillərə.
Deyir: Gərək,
Deməsinlər bizdən sonra
Sizlər belə, sizlər elə…
Əfsus, ancaq,
deyəcəklər, soracaqlar:
-Hanı sizin qeyrətiniz,
Qürurunuz, qüdrətiniz?
Nə üçünmüş qaçhaqaçla
Xocalıda şəhər salmaq,
Fərqanədən, irəvandan gələnləri
Basa-basla ora yığmaq?
Burnu altda erməninin
xalq toplamaq,
xal toplamaq.
Sonra atıb yetim təkin
gendən baxmaq.
Nə üçünmüş?
Kim üçünmüş?
Əfsus, əfsus!
Soracaqlar bunu bizdən!
Necə indi biz soruruq
1828-dən,
1905-dən,
1915-dən,
1918-dən,
1948-dən,
88-dən, 90-dan,
Babamızdan,
Atamızdan, özümüzdən…
Soruruqmu biz görəsən?!
Onlar isə soracaqlar!
Soracaqlar!
Hökmən! Hökmən!
Xocalıdan gələn səslər
Yandıracaq məni hələ,
Aylar ilə, illər ilə…
…İş elə gətirib ki,
Zaman elə gəlib ki.
Saxlayıram yarıda
Görüləsi işləri,
Yazılası sözləri.
Düşürəm arxasınca
Məni didən səslərin.
Axıb qara axınla
Neçə il tamam, öncə,
Qara, Qanlı Yanvarın
Qurbanı şəhidlərin
Müqəddəs ruhlarını
Yad edən millətimlə
Xiyabana gəlirəm.
İlhamla Fərizənin
Qoşa uyuduqları
Məzarları önündən
Həyacanla keçirəm.
Bir yandan alışıram,
Bir yandan öyünürəm.
Gözlərim yaşla dolu,
Qəlbim odlu, alovlu
Baxıram, düşünürəm:
“Gələcək nəsillərin
Budur əfsanə dolu
Ən müqəddəs and yeri.
Burda and içmişdilər
Bu gün tarixə dönmüş
Xocalı şəhidləri.
Burda and içmişdilər
sonra bura
şəhid kimi dönənlərim,
Bu torpağa
həyat verib ölənlərim,
Bu Vətənin
hər kəndində, obasında,
Tunc heykələ dönənlərim,
Hələ bu gün
yağı düşmən yuvasında
əsirlikdə olanlarım,
orda əzab çəkənlərim.
Neçə-neçə
naməhrumum, namə’məlumum,
Yolu burdan başlamışdı
Xocalının…”
İlhamla Fərizənin
Abidəsi önündən
Keçəndə daş əriyir,
Adama qeyrət gəlir.
Qəhərdən boğulursan,
Baxırsan, düşünürsən:
“Hansı xalqın Leyli-Məcnun əfsanəsi
Həyat boyu yaşayır, təkrarlanır?
Hansı xalqın Nizamisi, Fizulisi
Əbədiyyət çırağı tək ürəklərdə nurlanır?
Hansı xalqın müqəddəslik, paklıq səsi
İlham ilə Fərizədən başlanır?… “
… Bu minvalla, bu xəyalla
Vidalaşıb Xiyabanla
Yolum üstə qan ağlayan
Boynu bükük qərənfillər,
Tələsirəm tək qalmağa
Dərdli-sərli dəftərimlə.
Tələsirəm-
Qanlı Yanvar gecəsindən
Qanlı Fevral gecəsinə,
Acı Bakı naləsindən
Xocalının naləsinə…
3.Xocalıya gedən yollar.
Xocalıya gedən yollar
Bağlanmışdı, nə zamandı.
Xocalının qara bəxti
Dağlanmışdı, nə zamandı.
Nə haraya gələn vardı,
Nə dərdini bilən vardı,
Bu ölkənin başçıları
Karlanmışdı, nə zamandı.
Xocalıya gedən yollar
Ləkə-ləkə, damar-damar,
Parlayırdı qan üstündə.
Ağlayırdı, sızlayırdı
Yazıq şəhər can üstündə.
Zarıyırdı, yaıcandı,
Xocalının damarları
Darlanmışdı, nə zamandı.
Bakı burdan öyünürdü,
Şuşu ordan öyünürdü,
Ağdam çaş-baş salınmışdı,
Nə eləsin, bilməyirdi.
Köməyəsə gələn yoxdu,
Bu ölkənin başçıları
Korlanmışdı, nə zamandı.
Xocalının çörəyi yox,
Köməyi yox,
Sursatı da tükənmişdi.
Təkcə onun iradəsi möhkəm idi,
Əsgərləri səngərlərdə dayanmışdı,
Alınmaz istehkam idi.
Zirehi bol, sursatı bol düşmən isə
Dayanmışdı çılpaq şəhərlə üz-üzə.
Artıq şəhər hiss edirdi-
Indi, o, son günlərini yaşayırdı.
Yazıq şəhər, ağlayırdı, sızlayırdı,
Yağı düşmən həmləsinə az qalırdı…
Xocalıya gedən yollar
Bağlanmışdı, nə zamandı.
Xocalının qara bəxti
Dağlanmışdı, nə zamandı…
4.Beş ay mühasirədə.
Ermənilər bilirdilər nə edirlər,
Olacaqlar qabaqcadan bəlli idi.
Gördükləri bütün işlər
Məqsədli, planlı idi.
…5 sentyabr 1991-ci il.
Prezidentin fərmanı:
Azərbaycan Müdafiə Nazirliyi yaransın!
…Nazirlik yaranmışdı, ancaq
O zamanlar bu ölkədə nazir yeri
Olmuşdu nazir yeri yox, oyuncaq.
Gah o, gah bu nazir olur,
Hər nazirə neçə oba nəzir olur-
Ölkə başdan laxlayırdı,
Bu ölkəni qara günlər haqlayırdı.
Irəvansa, öz işində
Işğal üçün qərar verir.
Xankəndi mat gedişiylə
Obaları işğal edir,
Fürsət bada verməyirdi.
Bakıda oyun gedirdi,
Bakı heç nə görməyirdi.
Mərkəzdən qərar gəlmişdi:
“İşğal etmək Xocalını!”
Əsgəran çoxdan kəsmişdi
Ağdamdan gələn yolunu.
Keçmiş Sovet Ordusunun
366-cı.
motoatıcı alayı
köçürülmüş Xankəndiyə.
Onun sursatı, silahı,
öz peşəkar heyəyilə
erməni zabitlərinə verilmişdi.
Zəbt etməkçün Xocalını
hər tədbirlər görülmüşdü.
Hücum edib gecə onu
susdurmaq qət edilmişdi…
Son ayların ərzində,
Xocalı bölgəsində
Amansız ermənilər
Bir-birinin ardınca
Kəndləri zəbt eləmiş-
Meşəli əldən getmiş,
Həsənabad, Nəbilər,
Sonra da Kərkicahan
Olmuşdu qana qəltan.
Qaybalı, Malıbəyli,
Quşçular, Qaradağlı
əldən getmişdi bir-bir,
Bakı görməmiş tədbir…
Indi təkcə Xocalı
Azad nəfəs alırdı,
daha şübhə yox idi-
işğala az qalırdı…
Şəhər isə dözürdü,
Diz çökmürdü düşmənə.
Cavab verib mərdliklə
Hər düşmən həmləsinə
Gözləyirdi ümidlə,
Gözləyirdi o, hələ…
5.Qanlı gecə.
O gecə- qanlı gecə,
Qarlı, dumanlı gecə,
Xocalıda qoymadı
Qala bir canlı gecə.
O gecə- murdar gecə,
Dərd gecə, qübar gecə,
Xocalı adlı eli
Bir gecə udar necə?!..
O gecə- odlu gecə,
Ahlı, fəryadlı gecə,
Heç gəlib çıxmayaydı
Qalaydı yadla gecə.
O gecə- zülmət gecə,
Qəm gecə, zillət gecə.
Qana batdı tarixim,
Qırıldı millət gecə…
…92-ci ilin 25 fevralıydı…
Həmin o gün Xocalının
Son günü, son dövranıydı.
Başlanacaq soyqırımın
ən dəhşətli bir anıydı.
Dünya qara donunu
Geyib yuxuya getmiş,
Ulduzlar yoxa çıxmış,
Ay gecəni tərk etmiş,
Xocalı tək qalmışdı
Düşmənlərlə üzbəüz.
Igidlər dayanmışdı
Yorğun-arğın, yuxusuz,
Hərə öz mövqeyində
Şəhərin keşiyində…
Elə bu vaxt…
Göy gurladı.
Yer parladı,
Hər tərəfdən alov yağdı!
Amansız bir qüvvə ilə
Başlandı şəhərə həmlə.
Evlər od tutub yanırdı,
Şəhər qana boyanırdı.
Nə qocaya, nə körpəyə aman vardı,
Nə bu oddan qurtarmağa güman vardı.
Millət çaşqın, başlar açıq, ayaq yalın,
Qalmışdılar dövrəsində od-alovun.
Ailələr bir-birindən pərən-pərən,
Bu dəhşəti duya bilər ancaq görən!..
Təyyarə limanında
vəziyyət çox gərgin idi,
Düşmənin böyük qüvvəsi
bu istiqamətdə cəm idi.
Xankəndidən cəm olunmuş
bura böyük bir ordu,
kəsilmirdi hücumların
nə arası, nə də ardı.
Bozdağdan raketlərlə
vururdular şəhəri,
Türklər məhəlləsini
xarabazar edirdi
Horaguh qüvvələri.
Böyük canfəşanlıqla,
Xüsusi yaraşıqla
Tikilmiş təzə evlər
Uçulur, dağılırdı.
Yaralılar, xəstələr,
Yaxında kim var, nə var
Uçuq altda qalırdı.
Millətin gur yerində
Birdən mərmi partlayır,
Qanlı gecə şərində
Məhv edir neçə ömrü,
Qəlpə didir, dağıdır
Qoca, uşaq bilmədən.
Güllə kimi haqlayır
Qalxa bilmirdi yerdən.
Mərmi uğultuları,
Güllə vıyıltıları,
Körpə çığırtıları,
Anaların naləsi
Qarışmış bir-birinə,
Küçələr qan gölməsi,
Gözü qan dığaların
Qana olan həvəsi
Yaratmışdı vahimə,
Qarışmışdı yer göyə.
Ayaq altda qalan kim,
Parça-parça olan kim,
Nə şəfqət var, nə həkim,
Nə hara getmək məlum,
Nə də görünməyirdi
Sonu bu soyqırımın…
Əlif hələ axşamdan
ratsiyayla Ağdamdan
ümidlə kömək ummuş,
demişdi tədbirini:
-Yeganə yol, qurtuluş
Məhv edib Əsgəranı,
Şellidən yol açmaqdır.
Bu tədbir Xocalını
Düşmənin pəncəsindən
Elliklə qurtarmaqdır.
-Ağdam gəlmədi, nədən?
Dispedçer məntəqəsini
Partladaraq mən həmən,
Yarıb mühasirəni,
Üzü Şelliyə doğru
Hərəkət etməliyəm.
Yoxdur bir özgə yolu
Xalqı xilas etməyin,
Qalmamış başqa çarəm…
Əlif göz qırpımında
Partladıb məntəqəni,
əldə avtomat, öndə,
igidləri yanında
girdi ağır döyüşə.
Keçib Qarqar çayından,
O, döyüşə-döyüşə,
Ölüm ilə üzbəüz
Meşələrə tutdu üz…
…Artıq açılır səhər,
Hər tərəfdən zirehlər
Şəhərə daxil olur.
Tarixi görünməmiş
Vəhşiliklər başlanır-
Kim qurtula bilməmiş
Tırtıllar altda qalır.
Meyitlər tapdalanır,
Cəsədlər şaqqalanır,
Südəmər körpələrsə
Taxılır süngülərə,
Məhv edilir nə varsa,
Od vurulur şəhərə.
Atılan güllələrdən
Şəhid olur Gülüş də,
Qaçır üzü meşəyə
Dəli kimi Dürdanə…
Çıxararaq od-alovdan
əhalinin bir qismini,
nə qədər ki, vardı imkan
Əlif yenə döndü geri.
Üz tutdu yanan şəhərə
ətrafında igidləri.
Verməyərək vaxtı bada
Atıldılar onlar oda.
Xilas oldu neçə həyat.
Lakin bu an… Heyhat! Heyhat!
Əsgəran tərəfindən
Hücuma keçdi düşmən.
Tankların köməyilə
Başlandı güclü həmlə.
Bir yandan İlham, Kamal,
Bir yandan Cabir, Aslan,
Sağda Füzuli, Zəmin,
Solda Əliflə Elçin
Girişdilər döyüşə,
Odlanıb yandı meşə.
Qana hərisli düşmən
Qoca, uşaq bilmədən,
Iri çaplı pulemyotla,
Snayperlə, avtomatla
Vururdu, görürdü kimi.
Birdən partlayırdı mərmi
Camaatın gur yerində.
-Kimi gördün, vur yerində,
Çığırırdı bir dığa hey…
-Dayan dığa, dur dığa, hey!
Qarşındakı Əlifdir, bil!
Cəhənnəmə edib vasil
Əlif neçə qaniçəni,
Qan yaddaşlı o gecənin
Oldu özü də qurbanı,
Yaratdı qeyrət dastanı…
6.Soyqırımın davamı.
…Fevralın 26-sı, səhər
Artıq zəbt olundu şəhər.
Gecə ikən şəhəri tərk etməyənlər,
Faciəni hələ tam dərk etməyənlər,
Gizləmişdi, hərə imkan olan yerdə.
Taqətsizlər, yaralılar orda, burda
Inildəyir, sürünürdü ümid ilə,
Bəziləri vidalaşır həyat ilə,
Bəziləri zarıyırdi imdad ilə…
Hərçənd, təslim olmamışdı
Xocalının əsgərləri,
Kimi mövqedə qalmışdı,
Kimi də dönmüşdü geri,
Şəhərin qalan əhlini
Bəladan qurtarmaq üçün.
Kimi də dönmüşdü geri,
Bu günahsız qurbanların
Qisasını almaq üçün.
Pozulsa da nizamları,
Qırılmamış inamları-
Imkan tapıb qırırdılar
Bu qaniçən zalımları…
Düşmənlərsə vururdular
Atəş gələn nöqtələri
Pulemyotla, minamyotla,
Dağıdıcı mərmiləri
Tuşlayırdılar o səmtə,
Susdurulurdu hər nöqtə…
…Şəhərdə başlanmış talan,
Qarət mallar karvan-karvan
Xankədiyə göndərilir,
Yağı düşmən bayram edir,
Sevinirdi qələbədən.
Və abır-həya bilmədən
Meyitlər təhqir edilir,
Ayrılırdı başdan bədən.
Hər kim var, təqib edilir,
Keçirilirdi süngüdən.
Yandırılırdı körpələr,
Ərşə qalxırdı nalələr…
…Şəhərdə qalan əsgərlər
Son ana, son nəfəsədək
Düşmən ilə döyüşdülər.
Neçə igid oldu həlak,
Neçəsinin taleyindən
Xəbər yoxdur bu günədək…
Tapmayıb qurtuluş, çarə
Çəkilmişdi meşələrə
Şəhər əhli bölük-bölük,
Inləyirdi uşaq, böyük.
Hava soyuq, dizəcən qar,
Can verirdi yaralılar.
Düşmən isə pusqulardan,
Hücum edib ordan, burdan
Qırırdı çarəsizləri.
Qar üstündə qan izləri
Gölmə-gölmə, laxta-laxta.
Həyat yalan, ölüm saxta,
Vəhşilksə bir heçnədir
Bu işlərin miqyasında.
Bu, yırtıcılıqdır, nədir?!
Bu haqsızlıq dünyasında
Bu əməlin adı nədir?!
Bu təqibin, soyqırımın
Düşmən üçün dadı nədir?!!!
Qapılıb bədbin hisslərə
Hadisənin bu yerində
Mətləbdən yayındım deyən,
Donaraq əlimdə qələm.
Qarşımdasa şahidlərin
Faktlar dolu yazıları.
O dəhşəti görənlərin
Göz yaşıyla yazdıqları…
Çözələnir xatirələr,
Cövlan eləyir beynimdə
O dəhşətli hadisələr.
Qayıdıram mən yenidən
Qan-qadalı o anlara.
O anları görənləri
duymaq üçün
qoşuluram mən onlara.
Bir ad verə bilmədiyim
əməllərə
öz adını qoymaq üçün
qayıdıram o anlara.
Tarixin rast gəlmədiyi
Bənzərsiz törətmələri
Birrə-birrə saymaq üçün
Qayıdıram o anlara.
Kor dünyanın görmədiyi
Sağalmayan o dərdləri
Dünyaya çatdırmaq üçün
Qayıdıram o anlara.
Təməli zorla qurulmuş,
Xəmiri qanla yoğrulmuş,
Bu biganə, kor dünyanı
Xocalının alovunda
Odlayıb yandırmaq üçün
Qayıdıram o anlara…
7.Tofiqin son döyüşü.
(Tofiq Hüseynov- Azərbaycanın Milli Qəhrəmanı)
(soyqırımın səhərisi gün)
-Komandir, indi nə edək?
-Tam qaranlıq düşənədək
Burada gözləyək gərək.
Gecə hərəkət edərək
Üzü meşələrə sarı
Apararıq adamları.
Uşaqlardan nə xəbər var?
O, Vahiddən aldı xəbər.
-Gecə ikən əmrinizlə
Camaatı od-alovdan çıxardılar.
Bir neçəsi qalıb bizlə.
Zirzəmidə yaralılar,
Qocalardır, qadınlardır.
Toplamışıq meyitləri nə imkan var,
Amma, xeyli küçələrdə qalan vardır.
Itkilərin sayı yoxdur,
Bu qırğının tayı yoxdur.
-O binadan atan kimdir?
O, könüllü türklərdəndir.
-Aman Allah, zavallını
Susdurdular pulemyotla!..
Mən belə qoymaram bunu!
-Di dur, Vahid, dayan, atma!
Bada verərsən özünü.
-Tofiq qardaş, bir bax belə,
Məgər ruslar deyil onlar?!
-Hə, onlardır, qoşulublar dığalara.
-Gör bir necə şadlanırlar,
Meyitləri təhqir edib dadlanırlar.
-Hələ ora, o səmtə bax, o üzə bax,
Tank üstündə şərab içən zənciyə bax,
Əlindəki qan ləkəli süngüyə bax.
Görə-görə belə-belə vəhşiliklər
Gözlədilər qaranlıq düşənə qədər.
Yox, onların zəhməti getmədi hədər-
Camaatı zirzəmidən gecə ikən
Çıxararaq meşələrə tutdular üz.
Çayı keçib meşəliyə keçər ikən
Dəstə düşmən həmləsinə qaldı məruz.
Lakin Tofiq belə anlar çox görmüşdü,
Bu qudurmuş dığalardan çox qırmışdı.
Bozdağında pusqu qurmuş,
Dığalara qan uddurmuş,
20-yədək dığanı
və 5 zirehli maşını
məhv etmişdi bir həmləyə.
12 nəfərlik dəstəylə
Gedib Meşəli kəndinə
Yetmişdi kəndin dadına.
Zərbə vurmuşdu düşmənə
Belə-belə dəfələrlə.
El içində tanınmışdı
O, “Mixaylo” ləqəbiylə.
Indi budur, o, qalmışdı
Düşmənlərin dövrəsində.
Və öz kiçik dəstəsiylə
Vətən odu çöhrəsində,
Intiqam hissi başında,
Ölüm-dirim savaşında
Qırırdı yağı düşməni…
Sərmiş yerə neçəsini,
Dizlərindən yaralanmış
Vahidin barmaqlarını
Düşmən gülləsi aparmış,
Daralmışdı mühasirə,
Etibar da, Ziyadxan da
Həlak olmuşdu mərdliklə.
Gülləsi qurtaran anda
O, əmr elədi Vahidə:
-Tələs Vahid, di get burdan,
Bir az da patron ver mənə,
Camaatı qurtar dardan!
-Müntəzirəm hər əmrinə,
Ancaq tək qoymaram burda,
Səni vermərəm düşmənə.
-Əməl et son əmrimə sən.
Mən onsuz da gedə bilməm,
Dizlərim dəlik-dəlikdir.
O, zavallı adamlara
Sənin köməyin gərəkdir.
Çatdır özünü onlara,
Get qardaşım, qalma burda.
-Əlvida qardaş, əlvida!
Vahid uzaqlaşsın deyə
Tofiq gözlədi bir an.
Süründü düşmən tərəfə,
Sıxaraq ovcunda həmən,
Qumbaranı möhkəm-möhkəm,
Süründü son gücü ilə,
Süründü o, son dəfə.
Çathaçatda dığalara
Partlatdı qumbarasını,
Dörd dığanı sərdi yerə
Və… şəhid etdi özünü…
Tofiq dedi son sözünü-
Son anacan qorxu nədir bilmədi o,
Nağıl oldu, dastan oldu, ölmədi o.
“Mixaylonun əfsanəsi” təkrar olundu
yenidən,
Öz ölmüylə neçə ömrü xilas etdi
o, ölümdən…
8.Yaddaşlar ağlayır.
Məmmədov Oqtay Şükür oğlu, Xocalı batalyonunu döyüşçüsü. Təvəllüdü: 19 iyun 1957-ci il. Oqtayın qardaşı Vaqif ailəsi ilə- həyat yoldaşı Afilə, oğlanları Azər, Ceyhun və Niyaməddinlə birlikdə o gecənin qurbanı olmuşlar.
-Oqtay bir hərbçi idi
Xankəndi şəhərində.
Gözəl təlimçi idi,
Pərgardı işlərində.
Xoşbəxt bir ailəydik,
Uzaq qəmdən, kədərdən.
Axı, hardan biləydik,
Dövran dönəcək birdən?!
Orda baş verir nələr?-
Xəbərsizdik xəbərdən…
Xəyanətlər, fitnələr
Başlananda Oqtayı
Çıxartdılar işindən.
“Bu sənətdən savayı
Sevmirəm bir peşə mən”-
Oqtay belə deyirdi.
O, heç düşünməyirdi,
Öyrətdiyi əsgərlər
Ona düşmən kəsilər,
Zamanın bir anında
Onun öz silahından
Atəş açarlar ona,
Susayarlar qanına…
…Xocalı batalyonu yaradıldı nəhayət-
Oqtay üçün açıldı yeni, özəl bir həyat.
İndi o, Xocalının durmuşdu keşiyində,
Heç nədən çəkinmirdi, möhkəm idi işində.
Düşmən həmlələrini məhv edirdi dəstəsi,
Yorulmurdu, qorxmurdu, tükənmirdi qüvvəsi…
…Həmin o qanlı gecə
Öz kiçik dəstəsiylə
Çəkildi meşələrə.
O, bütün qüvvəsiylə
Güc gəlib həmlələrə,
Üç gün meşədə qaldı.
Çiynindən yara aldı,
Güllə, sursat qurtardı,
Mühasirə daraldı.
Əsir alıb onları
Erməni dığaları
Pircamalda saldılar
Bir donuz pəyəsinə.
Ələ salıb güldülər,
Çörək, su əvəzinə
Işgəncələr verdilər,
Söz deyib dillənənə
Şallaq, təpik vurdular.
Oqtayı tanıdılar:
Yanıqlıydılar ondan,
Odlanıb yanırdılar
Zəhmli baxışından.
Coşur, xoşlanırdılar
Ona əzab verərkən.
Səhəri gün, lap erkən,
Oqtayın qollarını
Bağlayıb möhkəm-möhkəm
Həyətə çıxartdılar,
Qar üstə uzatdılar.
Sallaqdodaq bir dığa
Yeriyrək qabağa,
Hırıldayıb ürəkdən,
Soruşdu ötkəm-ötkəm:
-De, kimindi Qarabağ?
-Torpaq bizimdir, ancaq,
Ötən əsrin önündə,
Dünya sizdən dönəndə
Qonaq saxladıq sizi.
Yeyib çörəyimizi,
Zəbt edib evimizi,
Dönük çıxdınız bizə,
Susadız qanımıza.
Sizlər vətənsizlərsiz,
Kişiliyə düşmənsiz!..
-Kəsin bunun dilini!
Qırın bunun belini!-
Çığırdı həmən dığa,
Tutdu onu şallağa.
Qıvrılıb qalxdı Oqtay,
Dığaya baxdı Oqtay:
-İndi ixtiyarsınız,
Ancaq nə qayırsanız,
Mənim iradəmi siz
Heç vaxt qıra bilməzsiz!
Bizimkidir Qarabağ,
Bizim olub qalacaq!..
…Üçüncü gün ermənilər əsirləri həyətə çıxaranda,
Oqtay fürsət əldə edib, göz qırpımı bir anda
Yaxaladı bir dığanı, silahını aldı ondan.
Çəkilib dalda yerə
Od yağdırdı düşmənlərə-
Üç dığanı sərdi yerə.
Döyüşdü son nəfəsədək,
Şəhid oldu bir əsgərtək…
…İndi ömür Oqtaysız
Bir əzabdır-mənasız.
Böyüklər başa düşür,
Ancaq 5 yaşlı Şükür…
Görməyib ata üzünü,
Bəs necə deyim düzünü?!..
Söhbətin bu yerində Oqtayın can yoldaşı
Ağladı hönkür-hönkür, yaddaşı qan yoldaşı.
Onu sakit etməyə çatmadı cəsarətim,
Axırdı gözlərindən yanağına həsrəti.
Nə qədər çətin idi yaşamaq bu anları,
Zaman unudacaqmı haqsız axan qanları?..
Məmmədov Arif İbad oğlu, Xocalı batalyonun döyüşçüsü. Təvəllüdü: 26 fevral 1956-cı il. Arifin anası Səltənət və 5 nəfər ailə üzvləri: Şövkət, Lətifə, Samir, Səbuhi və Səlim itkin düşmüşlər.
…Şelliyə az qalırdı,
Geri dönmək olardı.
Vidalaşıb Məlahətlə
Öpdü bərk-bərk Fidanını, Fuadını.
O, yanıqlı bir həsrətlə
Süzdü ömür yoldaşını,
Sanki içdi son andını:
-Qayıdıram, təmin edim
Camaatın xilasını,
Qayıdıram, almaq üçün
Xocalının qisasını.
Uşaqlardan muğayat ol,
Gedin, Allah amanında!
Arif getdi əks tərəfə,
Itdi meşə dumanında.
O, bir daha görünmədi-
Qaldı ömrün o anında…
Həkk olundu yaddaşına
Fuadın da, Fidanın da.
Gözləyirlər, duman səkə,
Ataları dönüb gələ…
Məlahətin göz yaşları
Yanağından gilə-gilə
Axır hər gün, yaddaşından
O dumanı silmək üçün,
Ağlayır o, için-için,
Balaları gülmək üçün:
-Qayıdacaqdır atanız,
Düşmənlərlə döyüşdədir,
Siz ona layiq böyüyün,
O, ən şərəfli işdədir…
Arif tərk etdi dünyanı
Bu dünyaya gələn günü,
Həmin günü doğulmuşdu-
Yaddaşlara
Xəyal olub dönən günü…
Xocalı sakini, 1931-ci il təvəllüdlü Zeynalov Aslan Bəhrəm oğlunun qan ağlayan yaddaşından:
-Böyük bir ailə idik,
Nə dərd vardı, nə nisgillik.
Övladlarım, ev-eşiyim, qayğı bilməz balalarım,
Xocalıya birdən gəldi yüz illərin bəlaları…
Həmin o qanlı gecədə əsir düşdü Tofiq oğlum,
Yeddi yaşlı Aynur nəvəm, mənim şəkərim, noğulum
Öldü yağı gülləsindən anasının kürəyində,
Anası, Tovuz gəlinim, yaralandı biləyindən.
Eldar balam döyüşərək şəhid oldu Xocalıda,
Səkkiz yaşlı qızı Leyla güllələndi gecə yolda.
Nadir oğlum subay idi, yetməmişdi kama hələ,
Meşədə son nəfəsədək döyüşdü o, düşmən ilə,
Nadir xilas etdi bizi, meyiti meşədə qaldı…
Aslan kişi qəhərləndi, udqundu, xəyala daldı.
Maddım-maddım baxdım ona, heyrətləndim dözümünə,
Aslan kişi bir ah çəkdi, döndü yenə üzü mənə:
-Kürəkənim Ramiz isə, şəhid olub Goranboyda,
Həyat yoldaşı Validə, o, başı bəlalı qızım,
Naxçıvannik meşəsində qaçha-qaçda, qalma-qıyda,
Yaralandı, qucağında körpə nəvəm, dan ulduzum.
Validəni oğlum Elxanla axtarıb tapa bildik,
Qan içində, huşsuz halda Şelli kəndinə gətirdik.
Ancaq, itirdik nəvəmi, qundaq körpə qaldı orda.
Onu mərhum Çingiz* tapıb, xilas edib bizi dardan-
qurtarıbdır intizardan.
(*-mərhum tele-jurnalist, AR Milli Qəhrəmanı Çingiz Mustafayev.)
Ailəmizin aynası,
Uşaqlarımın anası
Cabbar qızı Sayalıdır,
Düz, o vaxtdan yaralıdır.
Ombasını dələn güllə
Şikəst edibdir yazığı…
Bu ağrıyla, bu nisgillə,
Qəlbdə neçə övlad dağı,
Qalxdı, getdi Aslan kişi.
Qan ağlayan yaddaşında
Qanlı-qadalı keçmişi,
Qalxdı, getdi Aslan kişi.
Ölüm-dirim savaşında
Onları xilas eləmiş,
Şəhid olmuş gənc yaşında
Əlifi də yad elədi,
Şellidən imdada gəlmiş
Xosrovu da yad elədi.
Qalxdı, getdi Aslan kişi,
Şəhidlərin ruhlarını duasıyla şad elədi.
Ağı dedi ölənlərə, yağılardan dad elədi,
Qarğıyaraq dönükləri, dövrandan fəryad elədi.
Qalxdı, getdi Aslan kişi,
Xatirələr qaldı mənlə,
Bir də yazıq dəftərimlə,
qələmimlə…
9…
…Yaşayıb bu mövzu ilə
Mən ayları verdim yelə.
Araşdırdım yaddaşımı-
Şahidlərin göz yaşını
Ürəyimə yığa-yığa,
Başlıq tapmadım yazmağa.
Qovluğumda qan qoxulu rəvayətlər,
O günlərdən yadda qalan hekayətlər,
Şahidlərin gördükləri iztirablar, işgəncələr-
Nə ad qoyum mən onlara?.. zaman bilər.
Cavabını zaman verər.
Inanıram, gün gələcək,
Zaman qoyacaq adını
Bu dəhşətli əməllərin.
Xocalının fəryadını
Zaman qandıracaq! Yəqin!
Xar dünyaya qandıracaq,
Dünya olacaq müttəhim-
Zaman onu yandıracaq.
Erməni adlı bəlanın
Öz oduyla odlanacaq
Onda astarı dünyanın.
Qulaqları açılacaq,
Gedəcək koru dünyanın.
Heyhat! Ancaq gec olacaq!
Solacaq barı dünyanın…
Fəqət, hələ əlindədir
Öz ixtiyarı dünyanın,
Hələ ki, imkan dəmidir,
Tam yoluxmayıb hələ ki,
Dünya vəhşi xəstəliyə-
Ad qoysun bu əmələ ki,
Dərs olsun hər millətçiyə.
Erməni millətçiləri
Vaxtında çəkilsin dara!
Görərsə bu tədbirləri,
Dünya canını qurtarar
Birdəfəlik məhv olmaqdan-
Hələ ki var buna məqam…
…Bu arzuyla, bu amalla
Boş saxlayıb sərlövhəni,
Başlayıram bu minvalla,
Olduğu tək hər lövhəni
Həkk etməyə dəftərimə,
Qayıdıram dərdlərimə…
Ağdam rayonunun Şelli kənd sakini Xosrov Bilal oğlu Məmmədov xocalıları mühasirədən qurtaraq qəhrəmancasın şəhid olmuşdur.
Qanlı gecə səhərisi,
Qaçqınların bir dəstəsi
Yol gedərək bütün gecə,
Təhlükələr keçə-keçə,
Yaxınlaşarkən Şelliyə
Məruz qaldılar həmləyə.
Şellinin mərd oğulları
Darda qoymadı onları.
Ağır itki verib düşmən
Bu yoldan çəikldi həmən.
Yenə neçə ölən oldu,
Neçə yaralanan oldu.
Şellidən gələn cavanı,
Xosrov adlı pəhləvanı
Belə xatırlayır hamı:
“O, mərdliklə qurban verib canını,
El yolunda axıtdı öz qanını…”
Xocalı sakini Səttar Ağayevin başına gətirilən müsibətlər.
…9 yaşlı Vüsalı kürəyində,
O gecənin çovğunu, küləyində
Səttar kişi qaçdı meşəyə sarı,
Acdı Kətik meşəsində səhəri.
Birdən yağı gülləsi yuş oldu Vüsalına,
Qoca necə dözəydi övladın bu halına?..
Qoyub qar üstə onu, ağladı hönkür-hönkür:
-Qurban olum, ay Allah! Bu dərdə bir şərik dur!
Ataya bundan böyük dərd olarmı dünyada?
Balam günahsız ölür, boğulur qan-dəryada,
Mənimsə gücüm yoxdur, yetə bilmirəm dada!..
-Qoca köpək, qalx ayağa!
Qəflətən yekəpər dığa
Peyda olaraq hardansa
Qocanı necə vurdusa
Avtomatın qundağıyla,
Qoca dözməyib ağrıya
Qarın üstünə sərildi,
Dünya gözündə qaraldı…
…Başına gələndə huşu,
Qərargahda Səttar kişi
Açan zaman gözlərini,
Qan aparmış dizlərini,
Cırıq-cırıqdı şalvarı,
Qandalda idi qolları.
Başı sanki bir daş idi,
Paltarı qanlı, yaş idi.
Uzundıraz bir dığa
Qocanı boğa-boğa,
Tutub çırpdı divara:
-Söylə, qoca avara,
Zahid Ağayev kimdir?
-Tanımıram mən onu.
-Al, onun pasportunu,
Bu sənin oğlun deyil?
-Hə, mənim oğlumdur, bil.
O, qorxmaz bir əsgərdir.
Sənin kimi gədanın
Mininə bərabərdir.
-Dilinə bax sən bunun!
Göstərərəm mən indi
Əsgər oğlunu sənə.
Bax, sənin Zahidindi?
Hə, nə oldu, dinsənə.
Zahidin meyitini görəndə dondu qoca,
Ürəyi sancdı birdən, güclə udqundu qoca.
-Zahid balam, vay balam, vay…
Şəhid balam, vay balam, vay…
Uzundıraz erməni təpikləyib meyiti,
Bu biçarə qocanı pis söyüş ilə söydü.
Səttar kişi atıldı erməninin üstünə:
-Görüm səni yanasan, anan gəlsin tüstünə!
Qocanı sürüyərək eşiyə çıxartdılar,
Döyüb haldan saldılar, bir maşına atdılar.
Indi də səfərləri Dəhraz kəndinə idi,
Hərbi düşərgə idi, bu kənd indi nə idi?..
Səttar kişinin vardı burda çoxlu tanışı,
Əsirlikdə gördü o, Əşrəfi və Qaraşı.
Milli Ordu əsgəri Nadir də burda idi,
Lakin o, cırıq-cındır mülki paltarda idi.
Dəyişmiş libasını, almışdı özgə görkəm,
Tutmuşdu qucağında haldan düşmüş bir körpə.
Qoxumuş tövlələrdi dustaqxana əvəzi,
Aclıqdan, səfalətdən məhv olmuşdu neçəsi…
…Kötük parçası kimi sürüyərək qocanı
Tulladılar tövləyə: “Qoy burda çıxsın canı”.
-Qocaya imdad edin, su verin bu yazığa.
Donuzsifət, siçangöz, küftəburun, daz dığa
Boylanıb göz gəzdirdi, səs gələn səmtə baxdı:
-Ara, sanin bu sozun lap üragimi yaxdı.
Hırıldadı:- ha, ha, ha…
-Bu xoş gəlməz Allaha!
-Ara, ay turk, san daxa
Istamirsan yaşamax?
-Kəs səsini, daz dığa,
Şərəfli ölüm daha
Qiymətlidir bu anda.
-Yaxşı, danışdıx, onda
San duşdun spisoka (siyahıya).
Karen, gal bunu apar.
O, danışan əsiri,
Növbə ilə hər biri
Təhqir edib söydülər,
Incitdilər, döydülər.
Kəsib barmaqlarını,
Sonra qulaqlarını
Sarıdılar ağaca.
Baxa bilmirdi qoca
Bu dəhşətli səhnəyə.
Bu qədər vəhşiliyə
Qadir olarmı insan?
Buna nə ad qoyasan?..
O, dəhşətli səhnələrdən yayınanda,
gözlərin yumanda,
Şəhid olmuş oğulları
dururdu göz önündə.
Kiprikləri məzar daşı olurdu,
Gözlərində
Zahidiylə Vüsalı uyuyurdu…
…Səttar kişi handan-hana
Göz gəzdirdi ətrafına.
Yenə əzab verib ona
Atmışdılar bir buzxana,
yarıqaranlıq otağa.
Başı üstə həmən dığa
Var-gəl edib, deyinirdi:
-Bax, bu dişlar sanindi,
Bu dişlarsa Aşrafindi…
Qanlı dişlər səpələndi otağa,
Dığa əda ilə başladı lağa:
-Bu, çiy katrofdu, bir vedra,
Bu da buğdadi, bir vedra.
Kandçilarinla bir yerda
Yeyib gorarsan dadini.
Axiradak xamisini
Yemalisiz saxaracan.
Bax xaa… sabax galacam.
…Qoca ölüm diləyirdi Tanrıdan,
Bu əzabdan, işgəncədən, ağrıdan
Ölüm daha şirin idi bu anda,
Ölüm gəlmir bəndə onu umanda…
…Səhəri gün dustaqları
Xocalıya apardılar.
Incitdilər yazıqları-
kəlbətinlə dişlərini çıxartdılar,
kimisinin dırnağını qopartdılar,
kimisinin qulağını kəsdilər,
kimisinin qol-qıçını qırdılar,
neçəsini güllə ilə vurdular…
Dustaqları oradan da apardılar Xankəndiyə,
Işgəncələr, iztirablar təkrarlandı dönə-dönə,
Nələr etdilər İlahi: “sən düşmənsən, türksən”- deyə,
Bu nə insanlığa sığışmır, nə inanca, nə dinə…
…O günləri xatırlayır qoca ürək ağrısıyla:
-Axır məni dəyişdilər bir erməni dığasıyla.
Don atmış, yara səpmişdi, çürüyürdü ayaqlarım,
Pal-paltarım cırıq-cırıq, sızlayırdı oynaqlarım…
…Hər gün Zahid, Vüsal deyib sızıldayır Səttar dayı,
Belə dərdlər beşmi, onmu, neçəsini sadalayım?
Ailə var, on nəfərdən biri sağdır,
Ailə var, sağ qalanı bir uşaqdır.
Ailə var, öldürüblər, məhv ediblər hamısını,
Övladın gözü önündə yandırıblar anasını.
Neçə nakam qız-gəlinin toxunublar namusuna,
Oğlunun qanlı ətini yedirdiblər anasına…
Daha dözə bilməyirəm!
Daha yaza bilməyirəm!
Insan oğlu bu dərdləri
Necə yoza? Bilməyirəm!
Zaman bu qanlı izləri
Necə poza? Bilməyirəm!
Daha dözə bilməyirəm!
Bu goru kəfən dünyaya
Mən uduza bilməyirəm!
Bəsdir daha, yüz illəri verdim yelə!
Bəsdir daha, dağ çəkdilər millətimin taleyinə!
Daha özüm yazacağam tariximi,
Qoy yar olsun Tanrı mənə!
Millətimə xor baxanın hər birini,
Verəcəyəm zamanın öz pəncəsinə.
Indi, dünyanı çəkərək
Mən müttəhim kürsüsünə,
Qoyub vicdanıyla təkbətək
Fırladıram
onun çarxını tərsinə.
Qoy baxsın özü özünə,
Baxıb cavab versin mənə!
Sualların hər birinə birəm-birəm:
-Dünya hara baxır görən?…
10.Dünya hara baxır görən?!
Dünya hara baxır görən?
Görməyirsə, Xocalı tək faciəni?!
Günəş necə çıxır görən?
Sönmüş ikən
Günəşi bu şəhərin?!
Dünya hansı əməlləri
Yaddaşına həkk eləyir?
Dünya hansı əməllərə
Dünya kimi şəkk eləyir?
Göz görəti bütöv şəhər
Yeddi minlik millətiylə
Yer üzündən silinərkən,
Bu dəhşəti törədənlər
Vəhşiliyi, zillətiylə
Sevinərkən, öyünərkən,
Faciənin ssenarisi
Dünya üçün bəlli ikən,
Dilverəni, icraçısı
Gurlayarkən ötkəm-ötkəm,
Dünya hara baxır görən?!
Min illərin əzabıyla
Yaradılmış yurd yerləri
Görünməmiş vəhşiliklə
dağılarkən,
Quduzluqla, ləzzət ilə
Qoca, qadın cəsədləri
Qarət olub küçələrə atılarkən,
Südəmər, qundaq körpələr
Süngülərdə qıvrılarkən,
Qəddarlıqla qız-gəlinlər
Od-alovda qovrularkən,
Tapılarmı cavab verən:
“Dünya hara baxır görən?!”
Eheyy! Durun!
Qulaq verin, ey ərənlər!
Bu dəhşətləri görənlər!
Faktlar dolu
əlimə bir bayraq verin!
Bağırım mən bağır-bağır:
-Paxır dünya!
Fağır dünya!
Axı dünya hara baxır?!
Karmı dünya?!
Kormu dünya?!
Özü boyda faciəni görmür dünya?!
Axır dünya açacaqmı gözlərini?
Görəcəkmi?
Millətçinin, qaniçənin
Dünya yetim sinəsində
Izlərini görəcəkmi?
Eşidəcəkmi
Binəva şəhidlərin səslərini?
O səslər ki, sorur məndən,
sorur səndən:
-Niyə susur şahidlərin?
Bağır, dünya!
Çığır, dünya!
Ey binəva naxır dünya!
Bu gün ruhlar sorur səndən:
“Dünya hara baxır görən?!”
Ey dünyaya sülh diləyən
Qüvvətli, nəhəng ölkələr!
Başına min işlər gələn
Torpaqları qan ölkələr!
Tələb edin, tapın əlac!
Boğaz gücü nə vaxtadək
Ədalətə güc gələcək?
Nadan qan-qan bağırarkən,
Haqqın səsi boğularkən,
Başına daş yağdırılan
Dünya hara baxır görən?!
Xocalıda
Indi Günəş çıxır görən?
Çaylarında
Indi sumu axır görən?
Bağlarında
Indi quşlar oxur görən?
Ormanında
Otlayırmı naxır görən?
Nər igidlər
At belində çapır görən?
Qız-gəlinlər
Seyrangaha çıxır görən?
Güllü nənə
Kəklikotu yığır görən?
“Qarabağın şikəstəsi”
Ürəkləri yaxır görən?
Bayramlarda cəngi səsi
Obalara axır görən?
Itməyibmi
Yamaclarda cığır görən?
Bulaqlardan su içirmi
Ceyran, cüyür, sığır görən?
Ayı qoparırmı nərə?
Yenə salırmı vəlvələ?
Qar üstündə iz salırmı
Kəklik hələ, turac hələ?
Meşələrdə “fit” çalırmı
Bulbul hələ?
Görən hələ yaşayırmı
Tülkü lələ, hop-hop dələ?
Dağ keçisi dırmanırmı
Sıldırımlı zirvələrə?
Xocalının meşələri
Indidəmi yaşıl görən?
Yenədəmi körpələri
Yatır mışıl-mışıl görən?
Orda Günəş çıxır görən?
batır görən?..
Dəli oldum, islandım mən
leysan dolu suallardan,
Hehat! Yoxdur cavab verən:
Dünya hara baxır görən?!
Dilim gəlmir bu dünyaya “ana” deyəm,
Yönüm gəlmir nifrətimi ona deyəm.
Anım gəlmir, sözüm yetmir,
Gücüm çatmır, dilim yatmır:
-Bu dünyanı qalsın virana!”-deyəm.
Dünya hara baxır görən?!
Dünya boyda bir ağrıya
bu gün durub göz bağlamaq,
korluq deyil.
Ərşə qalxan nalələrə,
ağrılara buz bağlamaq,
karlıq deyil.
Xəbis mətləblər naminə
Bu gün durub iz bağlamaq-
Bu, təkcə namərdlik deyil.
Yetim qalmış körpələrin,
Sinəsi dağ anaların
əzabını hiss etməmək-
Bu, təkcə daş qəlblik deyil.
Bu, tək mənlik, sənlik deyil.
Bu, bir milli faciədir-
Xocalıdan daha ağır!..
Belə olsa, inan, qardaş,
Ellər bizi qınayacaq.
Yer, göy, bu torpaq, bu daş
Od olacaq, qan olacaq,
Hamılıqla soruşmasaq-
Tapılmasa cavab verən:
Dünya hara baxır görən?!
O dəhşətli faciəni
Görənlərtək yaşamamaq-
Mənlik deyil.
Qalaq-qalaq suallara
Bu gün cavab aramamaq-
Mənlik deyil.
Üzdəniraq arxalara
Kölgə olub daldalanmaq-
Mənlik deyil.
Arayacam, axtaracam!
Aradığım suallara
Axır cavab da tapacam!
Haqq yerinə dönənəcən,
Ta ulduzum sönənəcən
Soracam hər gördüyümdən:
Dünya hara baxır görən?!
Dünya hara baxır görən?!..
1997.
Müəllif: Xəlil Mirzə,
Şair-publisist, AYB-nin üzvü
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında