
ADIN SİRRİ, TALEYİN SƏSİ…
(on birinci yazı)
Salam olsun, çox dəyərli oxucum! Həyatda hər şeyin, hər kəsin bir adı var. Ad insanı insandan, bir əşyanı digərindən fərqləndirən sadəcə söz deyil, həm də onun tanınma nişanı, yaddaşda yaşama vasitəsidir. İnsan adla dünyaya gəlir, adı ilə tanınır, adı ilə xatırlanır. Canlı və cansız nəsnələrin, müəssisələrin, məhsulların, müxtəlif məkanların belə öz adı var. Bəzən bir ad böyük bir tarixə, taleyə, xatirəyə çevrilir. Yaxşı ad insana hörmət qazandırdığı kimi, uğursuz ad da müəyyən hallarda onun haqqında yanlış təsəvvürlərin yaranmasına səbəb ola bilir. Elə buna görə də adın insan həyatındakı mənəvi və ictimai əhəmiyyəti danılmazdır. Yaxşı seçilmiş adın uğur gətirəcəyinə inam kimi bir düşüncə də mövcuddur.
Tanınmış yazıçı Sədulla Şirinovun “ADSIZ” romanı da oxucunu məhz bu məqamlar ətrafında düşündürür. Əsərin adı ilk baxışdan sadə görünsə də, onun arxasında dərin mənəvi və fəlsəfi məna dayanır. Burada “adsızlıq” yalnız bir insanın adının olmaması kimi deyil, onun cəmiyyətdə layiq olduğu qiyməti almaması, taleyinin kölgədə qalması, gözəlliyinin və insani keyfiyyətlərinin görünməməsi kimi də anlaşılır.
Romanın əsas obrazı Lalədir. Adının özü gözəllik və zəriflik ifadə edən bu gənc qadın zahiri görünüşü, davranışı, tərbiyəsi və mənəvi keyfiyyətləri ilə seçilir. O, həyatın çətinlikləri qarşısında sınmamağa çalışan, saf duyğularını qoruyan, insanlara sevgi və hörmətlə yanaşan bir obrazdır. Lakin onun qarşısına çıxan maneələrin çoxu özündən qaynaqlanmır. Ailədəki gərgin münasibətlər, valideynlərinin bir-biri ilə anlaşa bilməməsi, atasının içkiyə qurşanması, anasının sərt və aqressiv davranışları Lalənin həyatına ağır kölgə salır.
Ən ağrılı məqam isə budur ki, cəmiyyət bəzən insanı öz əməllərinə, xarakterinə və mənəvi keyfiyyətlərinə görə deyil, mənsub olduğu ailənin davranışlarına əsasən qiymətləndirir. Lalə də məhz belə ədalətsiz münasibətin qurbanına çevrilir. Onun günahı olmadığı halda, valideynlərinin səhvlərinin nəticələrini özü daşımalı olur. Gözəlliyi, bacarığı, təmiz niyyəti və ailə qurmaq arzusu belə bu münasibətin qarşısında aciz qalır. Beləcə, adı Lalə olan bir insan mənəvi anlamda adsızlığa, görünməzliyə məhkum edilir.
Sədulla Şirinov bu obrazın timsalında oxucunu mühüm bir həqiqətlə üz-üzə qoyur: insanın taleyini yalnız adı müəyyən etmir. Ad onun kimliyini ifadə etsə də, həyat yolunu formalaşdıran ailə mühiti, tərbiyə, seçimlər, ətrafdakı insanların münasibəti və cəmiyyətin ədalət anlayışıdır. Xalq arasında adın uğur və bəxtlə əlaqələndirilməsi barədə müxtəlif inanclar mövcuddur. Lakin romanın məzmunundan doğan əsas fikir budur ki, Lalənin bəxtsizliyinin səbəbini onun adında deyil, yaşadığı mühitdə və qarşılaşdığı haqsız münasibətlərdə axtarmaq lazımdır.
Əsərdə Tofiq obrazı da xüsusi diqqət çəkir. O, ailədəki problemlərin yaranmasında öz məsuliyyətini dərk etməyə başlayır. Lalə ilə gecə söhbəti, atasının öz səhvləri üzərində düşünməsi və dəyişmək qərarı insanın gec də olsa doğru yolu seçə biləcəyini göstərir. Bu epizod əsərə yalnız ailə dramı deyil, həm də mənəvi oyanış və özünüdərk çaları verir.
Lalənin Mehparə ilə münasibətləri, yeni insanlarla ünsiyyəti, ona göstərilən diqqət və qayğı isə həyatın bütün çətinliklərə baxmayaraq dəyişə biləcəyinə inam yaradır. İnsan bəzən doğulduğu ailədə tapa bilmədiyi anlayışı, sevgini və mənəvi dəstəyi başqa insanların yanında tapır. Bu münasibətlər Lalənin taleyində yeni ümidlərin yaranmasına şərait yaradır.
Sədulla Şirinovun “ADSIZ” romanı ailə münasibətlərini, valideyn məsuliyyətini, qadının cəmiyyətdəki mövqeyini, mənəvi dəyərləri və insan taleyinə təsir edən sosial amilləri əks etdirən düşündürücü bir əsərdir. Müəllif hadisələri və obrazları vasitəsilə oxucunu təkcə Lalənin taleyi haqqında düşünməyə deyil, həm də öz münasibətlərinə, davranışlarına və başqalarının həyatında tutduğu yerə nəzər salmağa çağırır.
Romanın adı olan “ADSIZ” əsərin ideya yükünü ümumiləşdirən rəmzi ifadə kimi diqqəti cəlb edir. Çünki bəzən insanın adı olsa da, onu tanıyanlar onun həqiqi kimliyini görmür, dəyərini bilmir, haqq etdiyi yeri vermirlər. Belə insanlar adları ilə mövcud olsalar da, cəmiyyətin yaddaşında, münasibətlərində sanki adsız qalırlar.
Əsərin əsas mesajlarından biri də budur: heç kəs valideynlərinin səhvlərinə görə övladını mühakimə etməməli, insanın taleyinə hökm verərkən onun öz xarakterini, əməllərini və mənəvi keyfiyyətlərini əsas götürməlidir. Hər bir insanın adı kimi, özünəməxsus taleyi və yaşamaq haqqı da var. Bu haqqı qorumaq isə yalnız ailənin deyil, bütövlükdə cəmiyyətin mənəvi borcudur.
Sədulla Şirinov “ADSIZ” romanı ilə oxucunu adın, kimliyin, insan ləyaqətinin və taleyin qarşılıqlı əlaqəsi barədə düşünməyə sövq edir. Əsər bir daha xatırladır ki, insanı yaşadan yalnız onun adı deyil, həmin ada qazandırdığı mənəvi məna, gördüyü yaxşı işlər və başqalarının qəlbində qoyduğu izdir. Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm! Səsiniz, sədanız daim ucalardan edilsin! Adınız yaşasın! Hələlik!
31.10.2026. Bakı.
Müəllif: Zaur USTAC
AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir
SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI
Sədulla Şirinovun yaradıcılığı
Oxuyun >> Gözündə tük var