ÖVLADIYAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
ÖPÜŞMƏK TƏHLÜKƏLİDİ Bu beşmərtəbənin yan divarını “Gillette” üzqırxanının çılğın reklamı bəzəsə də. bəzilərini bezdirsə də cin atına mindirsə də… Sakinləri üzütüklüdür ucdantutma… Zirzəmisində bir mahnı özünü təkrarlayır daim “Məni unutma. Unutma!”
Mən də, O üzütüklülərdənəm burda. Mənlə öpüşmək təhlükəlidi. Bir də görərsən əl güzgündə Sifətin azca ala-bula ləkəlidi.
Mənlə öpüşmək təhlükəlidi. Yanağımdakı çapığım da çox dərindi Fincanımı bəzəyən dodaq boyan deyəsən əbədidi… artıq məşhər gününəcən mənimkidi.
Mənlə öpüşmək təhlükəlidi.
Sənlə öpüşənlərin hamısı, Öz əl telefonunu unutdu yatağında. Mən isə, yalnız özümü…
İKAR Sən bədənsiz də varsan. Qələmsiz də yazarsan. Qanadsız da uçarsan. Sən… Sən demateriallaşıbsan çoxdan.
Bilirsənmi nə vaxtdan?
Haçan ki sovet vaxtları bezib ictimai nəqliyyatdakı sıxlıqdan, Sallanırdın “LAZ”, İKARUS” avtobuslarının yarıaçıq qapılarından. İlk dəfə o vaxt sürücü səni itələyəndə qapıdan yapışdın havadan və gördün necə yıxılmayırsan…
Yunan əfsanələrindəki qanadlı İkarsan!
Yerin cazibə qüvvəsini aldadırsan!
Ayaq pəncəni qorxa-qorxa geri çəkdikcə bütün dərgahların qapısından.
Anamdan əmdiyim süd geri qayıtdı, vallah, burnumun ucundan! Sonra kinoteatr kassalarından “Daş və çiçək” hind filmınə bilet alarkən, Bir də gördün içəridə ön sıradasan. Biletini alıbsan. Əjdahanın ağzından. Biletsiz birisi isə əl çəkmirdi yaxandan.
O bileti alammazdın Demateriallaşmasan.
Uşaqlıqda gördüyün bir kimyəvi parçalanmadan Beş qiymətini almasan.
Deyirlər, barəmdədir son yazdığın “Gözmuncuğu” adlı roman.
Bədənsiz də varsan. Kəfənsiz də basdırarsan öz fobiyalarını. 60-cıların yarıutopiyalarını. Tüpür ağzından bütün diş plomblarını, Burax getsin damarlarından bütün tromblarını… Boğazının poetik şarfını. Sən “İkarus” avtobusundan sallanan vaxtdan İkarsan.
Dabanı havadasan.
Təbrizəcən axacaq Damarlarımda qatılaşmayan, Laxtalanmayan Bir an. Bu qan.
Hərdən nə vaxtsa oxuduğun bir kitabı yenidən vərəqləmək üçün götürəndə, orada altından xətt çəkilmiş cümlələrdən başqa səhifənin qırağında indi kimə aid olduğunu bilmədiyin bir telefon nömrəsi də görürsən. Bir səhifədə səni göyə qaldıranla yerə endirənin tarixçəsi! Dünya ədəbiyyatında bununla bağlı məşhur bir ifadə var.
Əhvalat belədir: görkəmli ingilis şairi Kolridc böyük ilhamla məşhur şeiri “Kubilay xan”ı yazmağa başlayır, təxminən 50-60 misradan sonra qapısı döyülür və Porlok qəsəbəsindən gələn bir nəfər düz bir saat mənasız-məzmunsuz söhbətlərlə onun vaxtını alır. Porloklu adam gedəndən sonra Kolridc nə illah eləyir əvvəlki ilhamla yaza bilmir. Dünya ədəbiyyatında “Porloklu adam” ifadəsi fikri yayındıran, ilhamı söndürən, düşüncə adamını qanadından tutub aşağı çəkənlərlə bağlı işlənir.
Fəxri ilə söhbətdən doymaq olmur və o qədər olub ki, söz sözü çəkdikcə, düşüncə düşüncəni alışdırdıqca, fikrimiz qanadlanmağa başlayarkən kimsə yaddan çıxan açara, vaxtı keçən nahara görə dartıb bizi yer qaytarıb. Belə anlarda Fəxri həmişə gülə-gülə deyir ki, endir, dartıb yerə endir, qoyma bir metr göyə qalxaq! “Porlokdan gələn”lərlə dolu dünyada Fəxri azsaylı adamlardandır ki, onunla soraqlaşmaq, zəngləşmək adamı göydən aralamır, əksinə həvəsləndirir. İnanıram ki, Qıratın qapısını Fəxri açsaydı onun qanadlarına heç nə olmazdı.
Əziz Fəxri, nə yaxşı varsan! Təbriklər, böyük sənətkar!
5 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada bəstəkar-musiqişünas, filosof, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abutalıb qızı Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş “Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə bəstəkarın ön söz müəllifı, redaktoru olduğu, rəyçi, layihə rəhbəri, məsləhətçisi, monoqrafiyaları, nota alınmış əsərləri, elmi fəaliyyəti, Azərbaycan və rus diində çap olunan ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.
Gülnaz Abutalıb qızı Abdullazadə 1946-cı il sentyabr ayının 7-də Bakı şəhərində anadan olub. 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) bəstəkarlıq sinfini bitirib. 1976-1979-cu illərdə M.Lomonosov adına Moskva Dövlət Universitetinin aspiranturasında (fəlsəfə fakültəsinin Estetika kafedrası) təhsil alıb. Gülnaz xanım 1 saylı musiqi məktəbində, A.Zeynallı adına Musiqi Texnikumunda, Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda (indiki ADDU) kafedra müdiri vəzifəsində çalışıb. 1991-ci ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. Azərbaycan və dünya musiqisinin fəlsəfi problemlərinə və Azərbaycan bəstəkarlarının yaradıcılığına dair bir sıra əsərlərin müəllifidir. “Azərbaycan muğamlarının fəlsəfi mahiyyəti” (1983), “Musiqi sənətinin fəlsəfi mahiyyəti” (1985), “Musiqi, insan, cəmiyyət” (1991), “Azərbaycan fəlsəfəsi” (həmmüəllif, 1993), “Qədim və orta əsrlərin musiqi mədəniyyəti” (1996), “Hegelin musiqi estetikası” (1999) və s. monoqrafiyalarını yazarkən bütövlükdə muğamların və folklor musiqisinin fəlsəfi mahiyyətinə əsaslanıb. Aspiranturanı bitirdikdən sonra “Hegelin estetikasında musiqi incəsənətinin problemləri” mövzusunda namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə edib. “Qədim və orta əsrlər musiqi mədəniyyətinin tarixi-fəlsəfi təhlili” (Şərq-Qərb kontekstində) mövzusunda elmi işi yüksək qiymətləndirilib və 1992-ci ildə professor elmi rütbəsini alıb. Gülnaz Abutalıb qızı Abdullazadə 1999-cu ildə akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olub. 2007-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. 2012-ci ildə ona Azərbaycan Bayrağı Mükafatı laureatı, “Xalqın nüfuzlu ziyalısı” fəxri diplomu və “Qızıl Qələm” media mükafatı laureatı diplomu təqdim edilib. 2017-ci il iyulun 4-də bəstəkar-musiqişünas Gülnaz Abdullazadəyə həsr edilmiş kitabın təqdimatı keçirilib.
Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində, Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə, Mürgü döyürdü göy üzündə səssizcə. Pərdələr pəncərələri yelpikləmirdi, Nəfəsi tıncıxırdı şəhərin, Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü. Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.
***
Bəzi sevgilər nöqtəylə başlayır, Əlindən tutub gedirsən cümlənin sonunacan. Bəzi sevgilərəsə nöqtə qoymaq olmur , Möhkəm -möhkəm yapışırsan bir əyri vergülün yaxasından Ömrünün son ucunacan!
***
Anamın saçlarına dən,əllərinə qırış düşməmişdi hələ. Evimiz də əvvəlkiydi, Üstünü,başını dəyişməmişdik hələ– Yeddi daş kürsülü,iki göz otaq,bir açıq eyvan, Eyvandan asılan qaranquş yuvaları, Yuvaların içində ətcə qaranquş balaları.. Hirslənəndə zəncir gəmirən ala itimiz də ölməmişdi hələ. Səhərdən axşamacan hürürdü- Uçan quşa,qaçan dovşana, Pişiyə,siçana.. Hər gün evdən qəpik-quruş oğurlayıb qaçardıq Gülağa dayının dükanına. Rəhmətliyin qəribə gülümsəməyi vardı, Satdığı şirinquşların üstündə bir şirin təbəssüm də hədiyyə edirdi adama, Biz də bu təbəssümə təbəssümlə cavab verırdik utana-utana. Naxırçı Əhəd dayını həmişə atın üstündə görmüşdüm deyə,elə bilirdim ki,o gecələr də at belində yatır. Qonşumuz Xanım xala.. haçan baxırdın,görürdün ki,siqaret damağında oturub evinin qabağında tum satır, Hərəmiz bir ovuc götürüb qaçırdıq, Arxamızca söylənə-söylənə qalırdı yazıq. Televizorlar da pult tanımırdı hələ, Hələ ağ-qara paltarındaydı içindəki quşlar,uşaqlar,adamlar,ağaclar, Buludlar,yağışlar,dağlar,yamaclar. Hələ öz gücümü sınamamışdım, Hələ atam çəkirdi yükümü… Sonra payız düşdü, Sonra yağışlar başladı , Sonra yarpaq tökümü.. Eh, bilirsiz bir də nə vaxt böyüdüm mən? Anamın saçlarına dən, mənim ürəyimə qorxu düşəndən..
***
Balaca arzularımız vardı, Əlçatan,ünyetən. Könlümüzün bir sığal təbəssümlə ovunan vaxrlarıydı, Göz yaşlarımız da yaz yağışı kimiydi, Bir anda şimşək çaxardı, Selə,suya qərq edərdi dünyanı, sonra gün çıxardı və biz də unudardıq hər şeyi, Və bizim həyat hekayəmiz təzədən başlayardı yanağımızın yağış yerindən. Yastı-yapalaq evlərdə,lampa işığında rəngli-rəngli xəyallar qurardıq, Bir dəst paltarımız olardı, Onunla yatıb durardıq. Qızlar gəlincik sevdasıyla, Oğlanlar velosiped həvəsiylə gecəni səhər edərdi. Səhər olunca qızlar suya, oğlanlar naxıra gedərdi. Azad idi o vaxtlar çöllər,çəmənlər,quşlar, yuvalar,ağaclar,dağlar,yamaclar, adamlar,yollar,çiçəklər,daşlar. İllər keçdi, Əvvəlcə dünya böyüdü,sonra biz,sonra qayğılar, Sonra ümid yordu adamı,sonra arzular, Sonra savaşlar,sonra qorxular, sonra məhrumiyyətlər,sonra uzaq şəhərlər,qaranlıq küçələr, heykəllər,afişalar,dəyişik ünvanlar, yad baxışlar, Bir də yanağının yağış yerindən asılan qırışlar. Sonra yasaq sevdalar, Sonra təyyarə biletləri,sonra ayrılıqlar, Divarlarından hörümçək toru asılan darısqal otel otaqları, başında həsrət havası, burnunda acı qəhvə qoxusu və qulaqlarında Şopenin”Yağış valsı”.
***
Hələ təzə hörülmüsən, Suvağın,daşın təzədi, Ayağın,başın təzədi. Hələ ki,tuş gəlməmisən Yerin,Göyün töhmətinə. Hələ ki,şükr eləyirsən Durub hasar qismətinə. Hələ ki,yormayıb səni Küləklər,yağışlar,hasar, Adamlar,baxışlar,hasar. Hər gələn bir sığal çəkir, Tumarlanırsan hələ ki. Qamətin dik,başın dikdi, Hasarlanırsan hələ ki. Hələ ki,qıran olmayıb Sənin bu daş inadını. Hasar-hasar çıxarırsan Hələ dünyanın dadını. Hələ ki,xumarlanırsan, Hələ ki,sığallanırsan, Sabahdan xəbərsiz, hasar. Hələ bunun irəlidə Hasar-hasar tökülməyi, Hasar-hasar əyilməyi, Hasar-hasar yıxılmağı, Hasar-hasar uçmağı var.
***
Qoyduğun qanunlar pozulub gedir, Hamı kölgəsinə qısılıb gedir, Əlimiz hər şeydən üzülüb gedir, İlahi!
Qınına çəkilib söz adamları, Əyib sındırırlar düz adamları, Qoymur yaşamağa hirs adamları, İlahi!
Yalına yalmanan itlərə yazıq, Namərdə əl açan mərdlərə yazıq, Bu bərli-bəzəkli bütlərə yazıq, İlahi!
Gedənlər qayıtmır yurd-yuvasına, Qalanlar çıxırlar taxt davasına, Biz də oynayırıq bəy havasına, İlahi!
***
Bürkülü avqust gecəsi, Yorğun şəhər, Yuxulu küçələr, Göyə dırmaşan binalar, Sabaha açılan pəncələr, Pəncərələrin arxasındakı tənhalıq, Tənhalığın başı üstündə dayanan nigaran qadın kölgəsi.. Dörd tərəfdən qaranlıq baxır ac canavar kimi, Ölüm qoxusu gəlir gecənin yaş köynəyindən, Tanış mənzərədi,deyilmi?
***
Qoşuldu yaz küləyinə, Dərə-təpə əsib getdi. Gözümüzün qabağında Bir bahar da küsüb getdi.
Çiçək-çiçək,naxış-naxış, Sevda-sevda,baxış-baxış, Bulud-bulud,yağış-yağış Bir bahar da küsüb getdi.
Payız tutdu yaxasından, Quşlar düşdü avazından, Bir qarışqa yuvasından Bir bahar da küsüb getdi.
***
Çarmıxa çəkilmiş “Adam” şəkliyəm, Ruhum göylərin əsarətində, Cismim “Mən”də zəncirlənib. Ətrafımda “mələk”lər dolaşır– Qanadlı,qanadsız. Üstümdə min ilin günahı Çırpınıram həyatla ölüm arasındakı dar çərçivədə. Boğuluram, Əl atıb tutmaq istəyirəm özümdən, Əllərim qana batır.. Məni bağışla,İlahi!
Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmlinin vaxtilə şöbəmizin aparıcı əməkdaşlarından biri olmuş istedadlı şair və alim Nazim Rizvanın yaradıcılığına həsr olunmuş “Əbədi Vətənin “Əbədi çinar” şairi” adlı məqaləsi “Ədəbiyyat qəzeti”nin 4 sentyabr, 2026-cı il tarixli sayında işıq üzü görmüşdür.
ƏBƏDİ VƏTƏNİN “ƏBƏDİ ÇİNAR” ŞAİRİ
Nazim Rizvan adlı könül adamının sənət dünyası ilə tanışlığımın müddəti elə də uzun deyil. Bu zaman kəsiyi illərlə ölçülə bilməyəcək çərçivədədir. Lakin şairin Azərbaycan Yazıçılar Birliyində təşkil olunan anım tədbirində bacısı Xuraman xanım tərəfindən mənə hədiyyə edilən “Əbədi çinar” kitabı müəllifin özü – hazırda çalışdığım Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin keçmiş əməkdaşı – fədakar tədqiqatçı-alim, istedadlı şair, eyni zamanda əsl vətənpərvər və mübariz şəxsiyyət haqqında yetərincə məlumat əldə etməyim üçün dəyərli bir mənbə oldu. Əvvəla qeyd edim ki, AYB Natəvan klubuna toplaşan elm və ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, təhsil işçiləri, vaxtilə Nazim Rizvanla birlikdə çalışmış, onun həyat və yaradıcılıq yolunun canlı şahidləri olmuş iş yoldaşları, yaxın və doğmaları tədbir boyunca elə təsirli, səmimi məqamları yada salıb xatırladılar ki, alim-şairin keşməkeşli ömür yoluna sanki canlı şəkildə ekskurs etmiş olduq. Onun necə bir ziyalı, necə bir elm adamı, necə bir qələm sahibi, necə bir alicənab insan və ailə sahibi olduğu bu çıxışların məğzində öz əksini tapırdı. Nazim Rizvan dünyasının ən incə məqamlarına işıq salınan o günün xatirələri indinin özündə də bizim, şairin şeirlərdə yaşayan mənəviyyat dünyasını özünə həmdəm sayan könül adamlarının qəlbini öz şəfəqləriylə nurlandırmaqdadır. Beləcə… Nazim Rizvanın mənəvi dünyasının əks olunduğu “Əbədi çinar”ı vərəqləyirəm. Burada nələr yoxdur, ilahi?! Elə ilk bölmənin adını ünvan götürürəm bu səmimiyyət xəzinəsinə: “Varlığı Vətəndir – Azərbaycandır!” Bəs kimdir varlığı – Vətən, Azərbaycan olan könül adamı?! Yaralı könlünü “Əsir Azərbaycanım”ın alovlu misralarıyla sarıyan Almas İldırımın “Azərbaycan – mənim tacım, taxtım, oy!.. Oyanmazmı kor olası baxtım, oy!..” nidalarıyla səsləşən “Gözün aydın, Vətən!” şeirində şair nələrdən bəhs edir bizlərə, nələrdən?! Yetmiş ildə xalqımızın, milləıtimizin başına gətirilən müsibətlərdənmi söhbət açır, yaralanmış, paralanmış ürəklərdənmi, bədənlərdənmi, yolu üzərində dərin quyular qazan fələklərdənmi, talan olan var-yoxundanmı, meydanlarda göyə qalxan haraylardanmı?… Bütün bu ağrı-acıların sonunda qazanılan istiqlalın şirinliyinin hansı çətinliklər, hansı məhrumiyyətlər hesabına əldə olunduğunun fərqindədir şair. Heç nə elə-belə əldə edilmir, heç bir şey qızıl nimçədə peşkəş olunmur millətə. Azadlığın bərqərar olması üçün minlərin, milyonların bir amal, bir məslək uğrunda birləşərək, eyni bir nöqtəyə vurması, gərəkdirsə, canını, qanını fəda etməsi lazım!
İstiqlalı elan etdi ərənlər, Tikanlardan qızılgülü dərənlər. Gözün aydın, ay bu günü görənlər, Bu gün üçün ömrü saydın, Vətən hey! Gözün aydın, gözün aydın, Vətən hey!
“Yağılara qamçı olan”, sürgünlərdə, zindanlarda minbir zillət, zülm görsələr belə, ana dilimizin müqəddəsliyini qara kölgələrdən, kabuslardan qoruyub saxlayan millət fədailərinin rəşadətini “Mənim dilim”in odlu sətirlərinə bu sayaq yanşadıb şair:
Yüz illərlə nizələşdi, Nazikləşdi, incələşdi. Çəkinmədi, darılmadı. Bir sap kimi nazildisə, Tarix kimi qırılmadı!
…Öz yurdumda, öz elimdə, Danışmasam öz dilimdə, Danışmasan, danışmasaq, Haqqımızı kim anacaq? Elimizçin, dilimizçin Kim yanacaq, kim yanacaq?!
Varlığı – Vətən, Azərbaycan olan şairin ruhu əsarəti yenə biləcək gücdədir, çünki bilir və əmindir ki, birlik olan yerdə dirilik var. Azadlıq uğrunda şəhadət məqamına qol qoyan oğullar olan yerdə bütöv, müstəqil Azərbaycanımızın bərqərar olacağı şəksizdir:
…Birləş, Vətən oğlu, canındı birlik, Sənə yaraşmayır qulluq, əsirlik. Şahiddir ruhunda şahanə şirlik: Varlığı Vətəndir – Azərbaycandır!
“Xətai nəslinin ölümsüz bitən/ Varlığı Vətəndir – Azərbaycandır!” – qənaəti Nazim Rizvanın Azərbaycanımızın şərəfli dövlətçilik tarixi ilə necə qürurlandığının bariz göstəricisidir. “Vətəndir, Vətən” şeirində Azər adlı şəhid Vətən övladının şücaətini minlərlə, on minlərlə qəhrəman oğulların alın yazısının nümunəsi kimi duyğuların diliylə şərəfləndirir:
O bizdən Vətənə daha yaxındır, Vətənə necə də qovuşub bədən. O öz adıyla da, hünəriylə də Əbədi yaşayan Vətəndir, Vətən!
“Əbədi yaşayan Vətən” olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil. Vətəni əbədi Vətən edən şəhid oğullarımızın şəhadət məqamına ucalmalarını Vətənin xilas yolu kimi dəyərləndirir şair. Hələ 1999-cu ildə qələmə aldığı bir nümunədə şairin köksündə həmin hisslərin nə cür tüğyan etdiyinə diqqət yetirək:
Vətən oğlu, vur sinəni, vur bu odlara, Alovlardan yaranıbdır bizim nəslimiz. Yarasalar Vətən adlı işığa gəlməz, Torpaqlardan qüvvət alan oddur nəslimiz.
Səttarxanlar yetiribdir bu şanlı torpaq, Comərdlərin torpağından namərd yetişməz. Əgər varsa namərdimiz, o bizdən deyil, Səttarxandan öz xalqına bir dərd yetişməz.
Eyni zamanda, Şah Xətainin, Məmmədəmin Rəsulzadənin gələcək nəsillərə miras qoyduqları dövlətçilik tariximizi qorumağın şərəfli yolunun davamçılarının hər gün, hər saat doğulub yetişdiyinin fərqindədir. Odur ki, qürurunu aşağıdakı sətirlərdə əks etdirməyə çalışır şair:
Bu torpağın Mixaylosu tükənməyibdir, İntiqamçın bəziləri doğulur hələ. Qılıncını itiləyir Cavad xan, Kərəm, Şeyx Məhəmməd, Həziləri doğulur hələ.
Qalx ayağa, Vətən oğlu, nərən gurlasın, Titrəməsin vuran əlin, əsməsin dizin. Azərbaycan azad çarpan ürəyə dönsün, İnanaq ki, Azərbaycan bizimdir, bizim!
Şair Vətən torpaqlarının düşməndən alınacağını, Azərbaycanımızın azad, müstəqil bir gələcəyə qovuşacağını o illərdə də çox aydın şəkildə görür və inanırdı ki, gün gələcək “Sular durulacaq”!:
Dünya belə getməyəcək, güləcək xeyir, Tufanlarda bulanan su durulacaqdır. Namərd oğlu, bu yol sənin qulaqların yox, Qıldan nazik oğru boynun vurulacaqdır.
Və… nə yaxşı ki, vətənpərvər şair, fədakar alim, tərcüməçi Nazim Rizvanın nakam ruhunun dinclik tapacağı o məqama yetişmək xalqımıza nəsib oldu. Xalqımızın birliyi, müzəffər ordumuzun şücaət və qəhrəmanlığı sayəsində o müqəddəs qələbənin qazanılmasına nail olundu. Biz də mərhum şairimizin narahat ruhuna dualar oxuyur, ruhunun dinclik tapmasını arzulayırıq.
Tənhalıq, işdi. Qədim əlkimya elmində o MAQNUM OPUS adlanırdı. O həm də Məqam-dı. Dostlarsız, dostsuz yaşayıram. Mənlə dostluq təhlükəlidi. Qafar Kəndli…İyrəc İskəndəri, Davud Münşüzadə. Viktor Haynovski, Qerxard Şoyman.Bözorg Ələvi. İrena Tatarjinska, Natalya Steqniy…Mariya Kuzemko…Svetlana Cabrayilova, Ənvər Cabrayılov…Agası Axundov. Asya Axundova. Namiq Abbasov. Midhət Abasov. Aydın Əfəndiyev, Adil Bunyatov, Vəli Səyyadi, Rafiq Tağı… Heydər Camal, Orxan Camal…Anar Məmmədxanov. Valeriya Poroxova. Öldülər? Öldürüldülər? Fərqi var? Məncə yox. Mərhumlar, ən sədaqətlilərdir. Daim sənlədilər. Real təcrübəmdi. Özü də çox agrılı.
Sözün və qələmin gücünə inanan insanlar hər zaman cəmiyyətin mənəvi aynası olublar. Bu günlərdə qələm dostum, ruhunun saflığına və insanlığına heyran olduğum dəyərli yazıçı Pünhan Şükür mənə yenicə işıq üzü görmüş, müəllif imzası ilə bəzədilmiş kitabını hədiyyə etdi. İllərin əməyini, göz nurunu özündə birləşdirən bu kitab “Qanun” nəşriyyatında olduqca yüksək zövqlə, nəfis və zərif bir tərtibatla çap olunub. Oxucunu ilk baxışdan özünə cəlb edən bu dəyərli töhfənin redaktoru və ön sözünün müəllifi isə tariximizin qaranlıq səhifələrinə işıq tutan tanınmış tarixçi-tədqiqatçı, elmi işçi, şair-publisist Nazim Tapdıqoğludur. Onun kitaba yazdığı müqəddimə əsərin elmi və bədii çəkisini daha da artırıb.Bu kitab sadəcə bir bədii təxəyyülün məhsulu deyil; o, canlı tarixin özüdür. Səhifələri vərəklədikcə tarixi sənədlərin, tozlu arxiv materiallarının dilə gəldiyinin şahidi oluruq. Müəllif Qafqazın ən qədim, aborigen xalqlarının keçdiyi çətin və keşməkeşli yolları xronoloji dəqiqliklə izləyib. Əsərdə bu coğrafiyanın ən məzlum və qədim etnoslarından biri olan Udilərin zaman-zaman hansı haqsızlıqlara, şər-böhtan kampaniyalarına məruz qaldığını ağrılı bir dillə oxuyuruq. Tarixin yaddaşı silinmir, silinə də bilməz. Bu günə qədər Udilərlə bağlı çoxlu sayda elmi və bədii əsərlər yazılsa da, bu mövzu hələ də açılmamış qıfılları, gizlinləri özündə saxlamaqdadır. Udilərin keçmişini və bu gününü təqdim etmək üçün təkcə istedad deyil, həm də cəsarətli və köklü bir araşdırma tələb olunurdu. Çünki bu xalqın tarixini vərəqləyən hər bir tədqiqatçı istər-istəməz kütləvi ölümlərin, günahsız qırğınların, göylərə ucalan fəryad səslərinin, acı deportasiyaların və qanlı soyqırımların şahidinə çevrilir. Biz Azərbaycan türkləri kimi, Udi xalqının da başına zaman-zaman nələr gətirilməyib, hansı müsibətlər yaşadılmayıb? Bu gün dünyada ümumi sayları cəmi 13 min nəfər civarında olan bu kiçik, lakin mənəviyyatı böyük xalq bəşəriyyətin ən qiymətli etnik incilərindəndir. Hazırda bu millətin 4 mindən çox nümayəndəsi Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələ rayonunun Nic kəndində dinc və əmin-amanlıq şəraitində yaşamaqdadır. Bu, Azərbaycanın multikultural dəyərlərinin və tolerantlığının ən bariz nümunəsidir. Pünhan Şükür öz dərin araşdırmaları və bədii istedadı ilə oxucunu ilk sətirlərdən ovsunlamağı, onu hadisələrin axarına salmağı bacarır. Onun qələmə aldığı, mənəvi dəyərlərimizin rəmzinə çevrilən “Xudavəng əfsanəsi” povesti son illər ədəbiyyatımızın bu mövzuya həsr edilmiş ən nadir və parlaq incilərindəndir. Müəllif ən mürəkkəb tarixi faktları, qanlı faciələri və udi xalqının mədəni irsini olduqca sadə, axıcı və oxunaqlı bir üslubda təqdim edib. Kitabı əlimdən yerə qoya bilmirəm, çünki hər bir cümlə məni tarixin dərinliklərinə aparır və bu qədim xalqın taleyinə şərik edir. Qafqaz Albaniyasının qədim tarixi sakinləri, bu torpağın əzəli və əbədi sahibləri olan Udilər Azərbaycanın etnik xəritəsinin ən qədim və köklü tayfalarındandır. Əsrin dərinliklərinə boylandıqca görürük ki, Udilərin mənəvi keçmişində təkcə xristianlıq deyil, həm də bu torpaqların qədim inancı olan Atəşpərəstliyin (Zərdüştlüyün) silinməz izləri mövcuddur. Tarix boyu bu kiçik, lakin məğrur xalq bir neçə böyük imperiyanın qanlı işğallarına, assimilyasiya siyasətinə məruz qalsa da, öz milli kimliyini, ana dilini, adət-ənənələrini və daxili inancını göz bəbəyi kimi qoruyub saxlamağı bacarmışdır. Alban kilsəsinin ayrılmaz və ən mühüm tərkib hissəsi olan Udi kilsələri, bu gün bəşər sivilizasiyasında xristian dünyasının ən qədim ibadətgahlarından biri kimi qəbul olunur. Bu abidələr keçmişdən gələcəyə uzanan daşlaşmış bir yaddaş bəyannaməsidir.
Pünhan Şükür bu tarixi fonun içərisində oxucuya sadəcə faktlar təqdim etmir, o, insan talelərinin dili ilə danışır. Müəllif əsərdə yaratdığı Komrat (Comərd) obrazı vasitəsilə təkcə mənsub olduğu Udi xalqının xarakterik cizgilərini deyil, ümumən saf yaşam tərzi, mərdliyi və daxili bütövlüyü ilə seçilən bir insanın mükəmməl portretini çəkir. Comərdin qəlbi ləzgi qızı Əsmərin sevgisi ilə döyünür. Lakin bu ülvi məhəbbətin qarşısında dövrün və cəmiyyətin amansız dini divarları ucalır. Kilsə rahiblərinin katolik və ya ciddi dini fərqliliklər zəminində qarşıya qoyduğu sərt şərtlər, bu iki gəncin rəsmi şəkildə ailə qurmasına mane olur. İnamla sevgi arasında qalan insan dramı əsərin bədii təsir gücünü daha da artırır. Maraqlıdır ki, müəllif bu maneələrə rəğmən, xalqların daxili qohumluq və humanizm tellərini də ustalıqla qabardır; oxucu öyrənir ki, artıq Komratın bacısı Asya ilə Əsmərin qardaşı Süleyman evlidir. Bu detal, süni şəkildə yaradılan dini və etnik sədlərin saf insan münasibətləri qarşısında necə aciz qaldığını göstərən incə bir mesajdır. Əsərin ən təsirli və kulminasiya nöqtələrindən biri “İlk ziyarət” bölümüdür. Bu hissədə Azərbaycan Alban-Udi xristian dini icması rəhbərinin olduqca cəsarətli və məntiqli nitqi oxucunun diqqətini cəlb edir. Bu nitq, əslində, saxta və qondarma tarix uydurmaqla məşğul olan, XIII əsrə aid abidəmiz — Alban-Udi mədəniyyətinin incisi olan Xudavəng Monastır kompleksini özününküləşdirməyə çalışan bədnam erməni tarixçilərinə və siyasətçilərinə qarşı ucaldılmış haqq səsidir. Kitab sübut edir ki, zaman dəyişsə də, tarixi həqiqət dəyişmir. Qəbələnin Nic kəndindəki müqəddəs Məryəm Ana kilsəsində, Oğuz rayonundakı Yelisey, Şəkinin Kiş və Zaqatalanın Armatay kəndlərində olduğu kimi, Xudavəng məbəd kompleksində də Udilərə məxsus qədim dini bayramların və ayinlərin keçirilməsi bu gün də eyni coşqu ilə davam edir. Bu varislik, abidələrin həqiqi sahibinin kim olduğunu dünyaya hayqıran ən böyük sübutdur. Bu dəyərli araşdırma və bədii əsər münasibətilə qələm dostum Pünhan Şükürü ürəkdən təbrik edirəm. Qafqazın və doğma Azərbaycanımızın qədim yaddaşını yaşadan, tarixin qaranlıq qalmış səhifələrinə işıq tutan “Xudavəng əfsanəsi” povesti oxucusuna sadəcə keçmişi tanıtmır, həm də milli varlığımıza və multikultural dəyərlərimizə olan bağlılığımızı gücləndirir. Müəllifə bu çətin və şərəfli yaradıcılıq yolunda yeni-yeni uğurlar, tükənməz ilham və uca sənət zirvələri arzulayıram. İnanıram ki, oxucusunu ovsunlayan bu kitab geniş kütlələrin stolüstü əsərinə çevriləcək və tariximizin haqq səsini gələcək nəsillərə uğurla çatdıracaqdır. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun.