www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Fəxri hüquq doktoru Arif Nəcəfbəylinin xatirəsinə

Sözün, ədalətin və elmin işığında yaşayan ömür

Fəxri hüquq doktoru Arif Nəcəfbəylinin xatirəsinə

Bəzi insanlar həyatdan köçəndən sonra da getmirlər. Onlar yazdıqları ilə, gördükləri işlərlə, öyrətdikləri ilə, ən başlıcası isə insanların yaddaşında yaratdıqları izlə yaşamaqda davam edirlər. Belə insanların ömrünü yalnız doğum və vəfat tarixləri arasında qalan illərlə ölçmək mümkün deyil. Onların həqiqi ömrü xatirələrdə, əsərlərdə, yetişdirdikləri insanlarda davam edir.
Arif Nəcəfbəylinin ömür yoluna nəzər salanda belə bir mənzərə yaranır. O, hüquqşünas və vəkil kimi öz peşəsinə sədaqətlə xidmət etmiş, hüquqi düşüncəsini yazıları ilə ifadə etmiş, ədəbiyyata və elmə xüsusi münasibət bəsləmiş, insanlarla ünsiyyətdə isə səmimiyyəti,və sadəliyi ilə seçilmişdir.
Onun şəxsiyyətində hüquqşünasın prinsipiallığı ilə ziyalının həssaslığı, söz adamının duyğusu ilə həyatsevər insanın nikbinliyi bir araya gəlirdi.

Vəkil olmaqdan daha böyük bir məsuliyyət

Vəkillik sadəcə bir peşə deyil. Bu sənət insan taleləri ilə işləməyi, haqqı müdafiə etməyi, bəzən ümidsizliyin içində qalan insana dayaq olmağı tələb edir. Bunun üçün yalnız hüquqi bilik kifayət etmir. Vicdan, prinsipiallıq, səbir və insanı anlamaq bacarığı da lazımdır.
Arif Nəcəfbəyli bu peşənin məsuliyyətini dərindən dərk edən hüquqşünaslardan idi. Hüququn aliliyinə, ədalət prinsipinə və insan hüquqlarına münasibəti onun peşə fəaliyyətinin əsas istiqamətlərindən olmuşdur.
O, hüquqi məsələlərə yalnız qanun maddələrinin çərçivəsində baxmırdı. Qanunun arxasında insan taleyinin dayandığını anlayırdı. Bəlkə də , məhz buna görə onun vəkillik fəaliyyəti ilə yanaşı, hüquqi mövzulara dair yazıları da xüsusi əhəmiyyət daşıyır.

“Vəkilin qeydləri” – peşə yolunun yazıya çevrilmiş yaddaşı

Məhkəmədə icraçı, Sumqayıt şəhər Komitəsində inzibati orqanlar üzrə təlimatçı, Naxçıvan Muxtar Respublikasında Culfa rayon Məhkəməsinin sədri, vəkillik fəaliyyəti kimi vəzifələrdə çalışıb.
1996-1998-ci illərdə İstanbulda olarkən Vəkillik sahəsində biliyinə görə ona Vəkilin Məhkəmədə geyim forması və döş nişanı təqdim olunub.
O, Azərbaycan Respublikası Rəyasət Heyətinin 16 may 1996-cı il tarixli qərarı ilə “Fəxri hüquq doktoru”, bir qədər sonra “Əmək veteranı” adlarına layiq görülüb.
A.Nəcəfbəylinin “Xatirələr işığında” kitabından müxtəlif qəzetlərdə dərc edilən yazılar maraqla oxunur.
Arif Nəcəfbəylinin yaradıcılıq irsindən danışarkən “Vəkilin qeydləri” kitabını xüsusi qeyd etmək lazımdır.
Kitabın adı özü çox şey deyir. “Qeyd” bəzən, sadəcə , bir fikrin kağıza köçürülməsi kimi görünür. Amma vəkilin qeydləri adi qeydlər deyil. Onların arxasında illərin təcrübəsi, müşahidələri, insan taleləri, hüquqi düşüncələr və həyatın müxtəlif üzləri dayanır.
“Vəkilin qeydləri”ni bu mənada bir hüquqşünasın peşə yaddaşı kimi dəyərləndirmək olar. Burada hüquq yalnız nəzəri anlayış deyil, həyatın içində yaşayan, insan talelərinə toxunan bir gerçəklikdir.
Arif Nəcəfbəylinin hüquqşünas kimi əsas üstünlüklərindən biri də hüquqi düşüncə ilə həyat təcrübəsini birləşdirməsi idi. O, hüquqa yalnız maddələr və normalar toplusu kimi baxmır, onun insan və cəmiyyət üçün mənasını önə çəkirdi.
Bu baxımdan “Vəkilin qeydləri” yalnız hüquqşünaslar üçün deyil, hüququn insan həyatındakı yerini anlamaq istəyən oxucu üçün də maraqlı bir irsdir.

Qələmi də hüquqa xidmət edirdi

Arif Nəcəfbəyli yalnız məhkəmə zallarında danışan vəkil deyildi. O, qələmi ilə də hüquqi düşüncəyə xidmət edirdi.
Hüquqi və elmi-publisistik mövzulara müraciət etməsi onun daim düşünən, araşdıran və öyrənən bir ziyalı olduğunu göstərirdi. Yazılarında hüququn müxtəlif məsələlərinə, qanunvericiliyin tətbiqinə, vəkil peşəsinin məsuliyyətinə və hüquqi mədəniyyətin əhəmiyyətinə toxunurdu.
Onun üçün bilik heç vaxt tamamlanmış bir mərhələ deyildi. Öyrənmək, araşdırmaq, düşünmək və bildiklərini bölüşmək həyatının mühüm prinsiplərindən idi.
Bəlkə də , elə buna görə elmə və elm adamlarına xüsusi hörmətlə yanaşırdı. Elm öyrənən insanlara münasibətində bunu aydın görmək mümkün idi. O, biliyi insanın öz üzərində qurduğu ən böyük mənəvi sərvətlərdən biri hesab edirdi.

Mənim Arif dayım…

Arif Nəcəfbəyli haqqında yazarkən onu yalnız hüquqşünas kimi təqdim etmək mənim üçün kifayət deyil. Çünki mənim yaddaşımda o, hər şeydən əvvəl Arif dayımdır.
Xatırlayıram ki, mən 7–8-ci sinifdə oxuyarkən bizə gələndə müxtəlif mövzularda inşa yazmağı tapşırardı. O gedənədək mən də verilən mövzu haqqında düşünərək yazı hazırlayardım. Sonda yazdıqlarımı yoxlayar, münasibətini bildirərdi.
O zaman bunun mənasını indiki kimi dərindən düşünmürdüm. İndi isə anlayıram ki, onun bu davranışı ,sadəcə ,mənə inşa yazdırmaq deyildi. O, mənə düşünməyi, fikrimi yazılı ifadə etməyi, sözə diqqətlə yanaşmağı öyrədirdi.
Bəlkə də , onun içindəki ziyalı müəllim kimi də özünü göstərirdi.Onun universitet auditoriyasında həyata hazırladığı nə qədər tələbəsi var idi.
Bir uşağın yazdığı inşanı oxumaq, onun fikrinə münasibət bildirmək, səhvini göstərmək, yaxşı cəhətini qiymətləndirmək – bunların hamısında insana və onun inkişafına verilən dəyər vardı.
İllər keçəndən sonra həmin kiçik epizodların əslində böyük bir tərbiyə məktəbi olduğunu daha yaxşı anlayırsan.İnanıram ki , filologiya üzrə fəlsəfə doktoru adını qazanmağımda, 20 il Azərbaycan dili dərsliklərinin müəllifi kimi tanınmağımda o böyük insanın rolu danılmazdır.
Heç təsadüfi deyil ki , çap olunan monoqrafiyamın əvvəlində əsəri təhsilim üçün əziyyəti olan anama və dayıma həsr etdiyimi qeyd etmişəm.

Ədəbiyyat onun başqa dünyası idi

Arif dayım ədəbiyyatı çox gözəl bilirdi. Sözə, şeirə, klassik irsə xüsusi marağı vardı. Qəzəllər yazırdı.
Hüquqşünasın qələmindən qəzəl çıxması ilk baxışda iki ayrı dünyanın – hüququn və poeziyanın bir araya gəlməsi kimi görünə bilər. Əslində isə , bu iki dünyanın ortaq nöqtəsi var: söz.
Hüquqşünas üçün söz məsuliyyətdir , şair üçün isə söz duyğudur. Arif Nəcəfbəylinin şəxsiyyətində bu iki münasibət bir-birini tamamlayırdı.
O, hüququn dəqiq dilini bildiyi kimi, ədəbiyyatın incə dilini də sevirdi. Bəlkə də , buna görə söhbətlərində yalnız hüquqdan deyil, ədəbiyyatdan, həyatdan, insanlardan danışmaq mümkün idi.
Hüquqşünas obrazı çox vaxt insanların gözündə ciddi, rəsmi, hətta bir qədər məsafəli görünür. Amma onun xarakterində bu ciddiyyət həyatsevərliklə tamamlanırdı.
O, zarafatı sevirdi, insanlarla rahat ünsiyyət qururdu, səmimi münasibət yaradırdı. Onunla bağlı xatirələrdə yalnız vəkil, hüquqşünas və müəllif obrazının deyil, gülərüz, ünsiyyətcil və xoş söhbətli insanın da qalması təsadüfi deyil.
Bəlkə də , insanı yaddaşlarda yaşadan ən böyük xüsusiyyətlərdən biri məhz budur – onun yanında özünü necə hiss etdiyin.
Arif Nəcəfbəylinin ədəbiyyata sevgisi hələ məktəb illərindən özünü göstərirdi. Universitetin hüquq fakültəsinə qəbul imtahanında ona “Leyli və Məcnun” poeması ilə bağlı sual düşür. Müəllim poemadan bir parça söyləməsini istəyir. Arif Nəcəfbəyli isə soruşur: “Hansı hissəsindən?” Müəllim hissələrin adını dedikcə, o, həmin parçaları əzbər söyləyir. Abituriyentin, demək olar ki, bütün poemanı əzbər bilməsi müəllimi heyrətə salır. Bu qeyri-adi bilik universitet rəhbərliyinin də diqqətini çəkir və sonradan Arif Nəcəfbəylinin oxuduğu məktəbə və valideynlərinə təşəkkür məktubu göndərilir. Bu hadisə onun ədəbiyyata sonsuz sevgisinin və zəngin mütaliəsinin yaddaqalan nümunələrindən biri idi.

Elm sevgisi ailə ənənəsinə çevriləndə

Arif Nəcəfbəylinin elmə münasibəti onun xarakterinin mühüm cəhətlərindən biri idi. Elm öyrənən insanlara böyük hörmətlə yanaşırdı. Bilik axtarışını, öyrənməyi və özünü inkişaf etdirməyi yüksək qiymətləndirirdi.
Bu mənəvi dəyərin ailədə də öz davamını tapması xüsusilə diqqətçəkəndir. Onun qızı Leylanın da elm yolunu seçməsi , ali məktəbdə müəllim kimi fəaliyyəti təsadüfi görünmür. İnsan övladına yalnız sözlə deyil, öz həyat nümunəsi ilə də təsir edir. Elmə hörmət edən, kitaba və biliyə dəyər verən bir atanın övladının da elm yolunu seçməsi həmin mənəvi mirasın davamıdır. Bəzən valideynin övladına verdiyi ən böyük sərvət nə ev, nə də maddi imkan olur. Ən böyük miras düşüncə tərzidir – kitaba sevgi, elmə hörmət, zəhmətə inam və daim öyrənmək arzusu.
Arif Nəcəfbəylinin ailəsinə qoyduğu mənəvi mirasın mühüm hissəsi də məhz budur.

İnsan gedir, izi qalır

İllər keçir. İnsanlar dəyişir. Zaman öz axarı ilə davam edir. Amma bəzi adlar yaddaşdan silinmir.Arif Nəcəfbəyli də belə insanlardandır.
Onu hüquqşünas kimi tanıyanlar onun peşəkarlığını, kitabını oxuyanlar düşüncələrini, məqalələri ilə tanış olanlar hüquqi baxışlarını, ailəsi və yaxınları isə səmimiyyətini, nikbinliyini və insanlara münasibətini xatırlayırlar.
Mən isə onu həm bütün bunlarla, həm də uşaqlıq illərimin yaddaşında qalan o sadə səhnə ilə xatırlayıram: mənə inşa mövzusu verən, sonra yazımı oxuyub fikrini bildirən Arif dayımı…
O vaxt ,bəlkə də , bilmirdim ki, bir gün həmin xatirə mənim üçün bu qədər qiymətli olacaq.
İndi düşünürəm ki, insanın böyüklüyü bəzən ən adi görünən davranışlarında üzə çıxır. Bir uşağın yazısını oxumaqda, onun fikrinə qiymət verməkdə, elm öyrənən insana hörmət etməkdə, ədəbiyyatı sevməkdə, sözə dəyər verməkdə…
Arif Nəcəfbəylinin ömrü hüquqla başladı, sözlə zənginləşdi, ədəbiyyat və elmlə genişləndi, insanlara münasibəti ilə mənəvi məna qazandı.Bu gün onun haqqında yazarkən bir daha anlayıram: insan ömrünün ən böyük davamı özündən sonra qoyduğu yaxşı addır.
Arif Nəcəfbəylinin adı da belə bir izlə yaşayır – hüquqa sədaqətin, sözə hörmətin, elmə ehtiramın və insana bağlılığın izi ilə.
Bəlkə də , ən gözəl xatirə budur: insanın arxasınca yalnız “yaxşı vəkil idi” deyil, “yaxşı insan idi” deyilməsi.
Arif dayım haqqında mənim yaddaşımda qalan ən böyük həqiqət də elə budur.

Filologiya üzrə fəlsəfə doktoru
Xanım Qasımova

TOMRİS ÖDÜLLÜ XANIMLAR

TOMRİS ÖDÜLLÜ XANIMLAR
(Nəşr olunmuş yeni kitabimın təqdimatı)

Bu günlərdə nəşr olunmuş yeni kitabım əslində milli kimliklə ədəbiyyatın qovuşduğu bir mövzu ilə sıx bağlı olan, eyni halda həcm baxımından kiçik, məna baxımından isə böyük və möhtəşəm olan bir təqdimat kitabından ibarətdir…

Ümumi məlumatlar:
Kitabın adı: “Tomris ödüllü xanımlar” (Cəlilabad ədəbi mühitinin “Tomris” ödülünə layiq görülmüş altı tanınmış xanım nümayəndəsinin təqdimatı)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 56 səhifə.

Kitab barədə:
Son 15 il ərzində ədəbiyyat və türk milli kimliyi sahəsində layiqli fəaliyyət göstərən Turan Yazarlar Birliyinin başqanı, Turan sevdalısı, Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi, “Turan Ödülü”, “Həməşəra” Fəxri Diplomu, “Məhəmməd Füzuli” Fəxri Ödülü, “Ustad Niftalı Göyçəli” Ödülü, “Ziyadar” Mükafatı və “Əsrin yazarı” medalı laureatı, ədəbiyyatşünas, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli (Niftalı Dədə) tərəfindən təsis edilmiş və xanımlara aid olan “Tomris” fəxri ödülü bu il Cəlilabad ədəbi mühitində yazıb-yaradan 6 tanınmış və istedadlı xanıma təqdim edilmişdir. Onlar aşağıdakılardan ibarətdir:

  1. Ustad Şəhla Rəvan;
  2. Hicran Fuad Əhmədli;
  3. Sevinc Şirvanlı;
  4. Pərvanə İsgəndərqızı;
  5. Atlaz Rzayi;
  6. Aydan Nizamiqızı.
    Bu təqdimat kitabında üç əsas hədəf izlənmişdir:
    I. Türk dünyasının ilk xanım hökmdarı, eyni halda qədim Türk-Sak tayfalarından olan massagetlərin məşhur qadın kraliçası, çariçası və sərkərdəsi olan Tomris xatun barədə bir-başa qədim Yunan tarixçisi Herodotun (e. ə. 484 – e. ə. 425.) “Tarix” adlı əsəri əsasında oxucuya lazım olan məlumatların verilməsi;
    II. Cəlilabad ədəbi mühitindən “Tomris” ödülünə layiq görülmüş xanım yazarların son bilgilər əsasında bioqrafik məlumatlarının təqdimatı və beləliklə də onların oxuculara daha yaxından tanıtdırılması;
    III. Turan Yazarlar Birliyinin nəzdində xanımlar üçün təsis edilmiş möhtəşəm “Tomris” fəxri ödülünün tanıtımı və adının əbədiləşdirlməsi…
    Məlumat üçün qeyd etmək lazımdır ki, ədəbi mühitimizin yuxarıda adları keçən xanım nümayəndələrinin dəstəyi ilə nəşr edilmiş bu kitab indiyədək işıq üzü görmüş sayca 55-ci kitabımdır.

Diləklər:
Bu təqdimat kitabının Türk dünyasının ilk xanım hökmdarı olmuş Tomris xatunun, eyni halda ədəbi mühitimizdə öz istedadı və xüsusi bacarığı ilə yanaşı, həyatda öz qətiyyəti, haqsevərliyi, yüksək mədəniyyəti və səmimiyyəti ilə tanınan və xüsusi hörmətə layiq görülən dəyərlilərimiz: Ustad Şəhla xanım Rəvan, Hicran xanım Fuad Əhmədli, Sevinc xanım Şirvanlı, Pərvanə xanım İsgəndərqızı, Atlaz xanım Rzayi və Aydan xanım Nizamiqızının oxuculara və xüsusilə də ədəbiyyatsevərlər və gənc nəsilə daha yaxından tanıtdırılması, eyni halda adları ilə birgə həm də TYB tərəfindən layiq görüldükləri “Tomris” ödülünün əbədiləşdirilməsinə layiqli xidmət göstərəcəyini arzulayıram!

Təşəkkür və minnətdarlıq!
Kitabın nəşrində dəstəyi olmuş dəyərli insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərmiş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və Çap Mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

02.09.2026

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

65-İN QƏTLİ

65-İN QƏTLİ

Tortun üstündəki 65 rəqəmi məni çaşdırdı.
Bir müddət ona baxdım. Elə bil rəqəm deyildi. İki nəfər yan-yana dayanmışdı — altı və beş. Məni tanıyırdılar, mən isə onları yox.
Eynən yuxu kimi… İstədim soruşum:
— Kimin ad günüdür?
Qızımın səsinə ayıldım:
— Ata, tortu kəs.
Əlimi bıçağa uzatdım.
O anda otaqdakı səslər qəribə şəkildə kəsildi. Gülüşlər uzaqlaşdı. Qaşıqlar susdu. Şamların alovu belə tərpənmədən mənə baxmağa başladı.
Bir anlıq özümü ad günü süfrəsinin arxasında yox, hadisə yerində hiss etdim.
Qurban qarşımda idi.
65.
Heç müqavimət göstərmirdi.
Əvvəl bıçağı 6-nın ortasından keçirdim.
Krem iki yana yayıldı.
Sonra 5-i yortdum.
Bir dəfə.
Bir də, bir də…
Sonra daha xırda hissələrə böldüm.
65-i doğram-doğram elədim.
Bıçağın üstü kremə bulaşmışdı. Qırmızı mürəbbə kənara axırdı. Süfrənin ağ örtüyünün üstünə bir damcı düşəndə mənə qan kimi göründü.
Qızım dedi:
— Ata, bu tikəni mənə ver.
Mən isə donub qalmışdım.
Ortada artıq 65 yox idi.
Boşqabların içində onun parçaları vardı.
Birinə altı düşmüşdü.
Birinə beşin yarısı.
Birinin üstündə rəqəmdən yalnız balaca ağ krem izi qalmışdı.
Düşündüm:
İndi sübutları da yeyəcəklər.
Hamı sakitcə cinayət yerini tərk edirdi.
Kimsə çay içirdi.
Kimsə tortun çox dadlı olduğunu deyirdi.
Kimsə ikinci tikəni istəyirdi.
Mən isə əlimdə bıçaq dayanmışdım.
Elə həmin anda qapı açıldı.
Heç kim içəri girmədi.
Amma mən özümü məhkəmə zalında hiss edirdim.
Müttəhimlər kürsüsündə oturmuşdum.
Hakim yox idi.
Onun yerində böyük bir saat asılmışdı.
Saniyə əqrəbi hər dəfə tərpənəndə zalda çəkic səsi eşidilirdi.
Tak.
Tak.
Tak.
Prokuror qarşıma yeridi.
Üzü yox idi.
Onun sifətinin yerində köhnə şəkillərim vardı.
Soruşdu:
— 65-i niyə öldürdünüz?
Dedim:
— Mən öldürmədim. Tort idi.
— Onda niyə parçaladınız?
Cavab vermədim.
Prokuror masanın üstünə bir-bir sübutlar düzməyə başladı.
Uşaqlığım.
İlk məktəb çantam.
Atamın səsi.
Anamın əlləri.
Bir zamanlar sevdiyim qadının gözləri.
Getmək istəyib getmədiyim yerlər.
Deyə bilmədiyim sözlər.
Gecikdirdiyim görüşlər.
“Sabah edərəm” dediyim bütün sabahlar.
Sonra məndən soruşdu:
— Bunları da siz doğramısınız?
— Yox.
— Bəs kim?
Başımı qaldırıb divardakı saata baxdım.
Saat günahsız adam kimi susurdu.
Onda başa düşdüm:
Mən 65-i öldürməmişdim.
Əslində məni hadisə yerinə 65 özü çağırmışdı.
Mən artıq bezdim bu və ayağa qalxdım:
— Cəzanı deyin, — dedim. — Görəsən neçə il verəcəksiniz?
Zal susdu.
Saatın saniyə əqrəbi bir dəfə də tərpəndi.
Tak.
Sonra haradansa bir səs gəldi:
— Heç kim bilmir.
— Beş il?
Sükut.
— On?
Sükut.
— İyirmi?
Yenə sükut.
— Bəlkə bir gün?
Bu dəfə saat da susdu.
Və mən ilk dəfə anladım ki, insanın aldığı ən qəribə hökm elə budur:
Cəzanın müddəti əvvəlcədən deyilmir.
Səni həyata buraxırlar.
Neçə il qalacağını demədən.
Qapı açıldı.
Mən yenidən evdə idim.
Hamı tort yeyirdi.
Bıçaq stolun üstündəydi.
Boşqabımda isə balaca bir tikə qalmışdı.
Üstündə kremdən yarımçıq bir rəqəm görünürdü.
Bilə bilmədim altı idi, yoxsa beş.
Çəngəli götürmədim.
Bir müddət ona baxdım.
Sonra düşündüm:
Bəlkə mən bu gün 65-i doğramadım.
Bəlkə ömrümü iki yerə böldüm:
yaşadığım ömür
və
hələ mənə verilməmiş ömür.
Birincisinin ifadəsi artıq alınıb.
İkincisi isə hələ istintaqdadır.
Mən müttəhiməm.
Mən şahidəm.
Mən zərərçəkənəm.
Bəlkə də hakim də özüməm.
Bir şeyi dəqiq bilirəm:
Bu gündən sonra hər səhər mənə verilən əlavə günə adi gün kimi baxmaq istəmirəm.
Çünki 65-in qətlindən sonra əsas sual artıq
“Mənə neçə il verəcəklər?”

Müəllif: Sehran Allahverdi

Sehran Allahverdinin yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac – Babəklər yurdunun hürr övladıyam!

ÖVLADIYAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

Nisə Kərimovanın yazıları

I>>>> Rənglərin Şahzadəsi

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qəşəm İsabəylinin hekayəsi

BİRDƏFƏLİK ÖLÜM
(hekayə)
Uşaqlıqda ölməkdən qorxardım. Əslində ölməkdən çox dəfn olunmaq qorxusu vardı canımda. Ona görə də arzu eləyirdim – ölsəm birdəfəlik ölüm.
Ölüb-dirilən adamlar haqqında nağıllarda çox oxumuşdum…
Düzdü, öləndən sonra dirilmək yaxşı şey olsa da, adamlar ölüb-dirilənlərə, lap elə paxıllıqdan “xortdan” deyirdilər. Xortdan olmaq qorxusundan mən də birdəfəlik ölüm arzulayırdım özümə.
Amma dəfn… məndən ötrü əsl əzab idi.
Uzaq qohumlarımdan biri sətəlcəmdən ölmüşdü. İslam adətiylə həmin günü də aparıb qoy-muşdular qəbir evinə. Gecə böyük qardaşı yuxu görür. Ölü ağlaya-ağlaya deyir:
–Niyə mənə işıqlı dünyadan elədin, qardaş?!
Səhər yuxudan oyanan kimi beş-altı nəfərlə gedib qəbri açırlar. Kəfənin baş tərəfini qan içində görüb, böyük qardaş içini çəkə-çəkə ağlayır:
–Yazıq ölməyibmiş, demə! Burnundan qan açı-
lıb… dirilibmiş.
Eşitdiyimə görə, xristianlar dəfn məsələsində biz müsəlmanlardan daha uzaqgörəndi. Hətta ölüyə bir neçə gün dirilərlə ünsiyyət sükutu da verirlər. Sonra da aparıb tabutda dəfn eləyirlər. Bu da Əzrayılın əlindən canını qurtara bilənə işıqlı dünyaya çıxmaq imkanı deməkdir.
Müsəlman isə…
Qəbri qazırlar, ləhəd deyilən dar yer açırlar dibində. Mərhumu da sağ çiyni üstə qoyurlar ləhədə. Üstünə çəkil ağacından kəsdikləri qısa ağacları düzürlər, qamış döşəyirlər, yarım ton da torpaq… get… yaşa!
Bundan sonra ayıl, görüm, kimdən ötrü ayılırsan!
Bax, uşaqlıqda məni qorxuya salan da həmin bu ləhəd idi. Gecələr ölüb torpağın altına qoyulacağımı gözümün qabağına gətirəndə az qalırdı ürəyim partlasın. Tez yorğanı çəkirdim başıma.
Amma indi dəfn olunmaqdan, ləhəddən-məhəddən zərrə qədər də qorxmuram.
İndi mən… ölməkdən qorxuram!
Yolu yumrulansın Əzrayılın!

09-11.08.2026

Müəllif: Qəşəm İsabəyli,

Qəşəm İsabəylinin yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yazarların dili – öz dilimiz

ÖZ DİLİNDƏ
Məncə Fizuli öz dilində yazib.
Hüseyn Cavid də.
Hadi də.
Səməd də o cümlədən.
O xətti sonra Bayatli Odər, Çingiz Əlioğlu davam etdirdi.
Vaqif Səmədoğlu ” Bir axsam taksidən düsdüm payiza” şedevrini də öz dilində yazıb, nəinki adi dilimizdə.
Müşfiq hissiyatla yazib.
Azərbaycanca yox.
Fridrex Nitşe, Artur Rembo da öz milli dillərində yazmayıblar.
Vladimir Mayakovski də rusca yazmayib bir misra da olsun belə.
Nitşenin ” Zərdüşt belə deyirdi” şedevri təpədəndirnaga söz yaradıcılıgıdir ilk növbədə.
Volfhanq Hote ölməz ” Faust” unu Faustun dilində kagız üzərinə köcürub.
Əsər, almanca deyil. O vaxtdan alman ədəbiyyati, almanlar keciblər Hötenin dilinə.
Zəif şairlər həmışə milli dildə yazarlar.
Güclülər, həqiqətən şairlər isə məhz öz dillərində.
Öz uçan boşqabinızı tapin, mən kimi, sonra başlayın yaradıcılıq səyahətlərinə.
Milli dildə yazmaq, plaqiatdir.
Poeziya deyildir iynənin ucu qədər.
P.S.Müasirlərimizdən misal üçün Şəhriya Del Qerani, məncə öz dilində yazanlardandı. Səlim də. Rasim Qaraca da. Əliaga Vahid və davamçılari isə əruzca şeir deyiblər. Nizami, Xaqani də heç farsca yox, daha çox öz dillərində, əlyazmalari dilində şeir qoşublar.

Müəllif: Həmid Herisçi

Həmid Herisçinin digəri yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Vasif Qurbanzadə – Külək

Külək
içini çəkişidir dünyanın,
ürpənişidir…
Arada üsyanı
arada imkanı,
yuxulu havanın səksənişidir.

Külək dağların sevgilisi,
dərələrin qorxusudur.
Kolların mizrabı,
ağacların ağısıdır.
Bir də,
mələklərin səksəkəsidir külək.
İsrafilin surunun səsidir,
Tanrının ən gözəl bəstəsidir,
külək.

Müəllif: Vasif Qurbanzadə

Vasif Qurbanzadənin digər yazıları

DAHA ÇOX MƏLUMAT BURADA

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Atakişiyeva Həcəin yazıları

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyinə həsr olunmuş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli açıqlamasında bildirib.

Onun sözlərinə görə, yubiley çərçivəsində “Çingiz Aytmatov və Azərbaycan məktublarda” adlı birgə nəşrin tərtibatı nəzərdə tutulur. Layihənin əsas məqsədi görkəmli yazıçının Azərbaycanla ədəbi, elmi və mənəvi əlaqələrini arxiv sənədləri, məktublaşmalar və digər yazılı mənbələr əsasında üzə çıxarmaq, bu zəngin irsi elmi və ictimai dövriyyəyə daxil etməkdir. Nəşrdə Çingiz Aytmatovun Azərbaycan ədəbiyyat və elm xadimləri ilə münasibətlərini, qarşılıqlı yaradıcılıq və fikir mübadiləsini əks etdirən məktubların, arxiv materiallarının və sənədlərin toplanaraq sistemləşdirilməsi nəzərdə tutulur. Mehman Həsənli qeyd edib ki, belə bir nəşrin hazırlanması dünyaşöhrətli yazıçının Azərbaycanla çoxşaxəli əlaqələrinin daha geniş şəkildə tədqiqinə, iki qardaş xalqın ədəbi-mədəni münasibətlərinin yeni arxiv materialları əsasında öyrənilməsinə mühüm töhfə verə bilər.

Layihənin həyata keçirilməsi nəticəsində Çingiz Aytmatovun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin yeni fakt və sənədlər əsasında təqdim olunması, həmçinin yazıçının yaradıcılıq irsinin müasir elmi araşdırmalarda daha geniş təbliği gözlənilir.

Mənbə və müəllif: Mehman Həsənli

https://www.instagram.com/p/Dct9FFjs_oy/?igsi=cGhsNXY3eGtpa2Nr

“Yazarlar” olaraq böyük Türk yazarı Çingiz Aytmatovu rəhmətlə anır, Mehman Həsənlini və Ədəbiyyat institutunun digər əməkdaşlarını bu münasibətlə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Səmimi sətirlər çələngi” layihəsi barədə düşüncələrim

“Səmimi sətirlər çələngi” layihəsi barədə düşüncələrim
Son zamanlar Odlar Yurdu Azərbaycanın poeziya paytaxtı olan doğma Cəlilabadın ədəbi mühitinin öz sayğısı və səmimiyyəti ilə tanınan və hörmətə layiq görülən xanım nümayəndəsi, Turan Yazarlar Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı, TYB-nin xüsusi Ödülü, “Tomris” və “Turan Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayi diqqət, səmimiyyət və sayğını tərənnüm edən bir layihə ilə önə çıxdı.
“Səmimi sətirlər çələngi” adlanan bu layihə ilk mərhələdə layihəyə qatılmış əzizlərimizin bir neçəsinin baxışları əsasında “Cəlilabad ədəbi mühitinin öz ziyalısına təşəkkürü” başlığı altında və 25.07.2026 tarixində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədalət və Həqiqət” qəzetinin təsisçisi və baş redaktoru, yazıçı-publisist Cəmil müəllim Dadaşovun təsisçisi və baş redaktoru olduğu “Turaztv.az” portalında, ardınca isə 26.07.2026 tarixində çağdaş Azərbaycan ədəbiyyatının fədakar nümayəndəsi, AVMVİB, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “Həməşəra” Fəxri Diplomu, “Hüseyn Cavid” və “Turan Ödülü” laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, naşir, şair-publisist, Zaur Ustac müəllim tərəfindən təsisçisi və baş redaktoru olduğu “Yazarlar.az” portalında yayımlandı…
Bundan sonra ölkənin müxtəlif rayon və şəhərlərindən bu ədəbi-ictimai layihəyə qoşulanların sayı çoxaldı və beləliklə də 15.08.2026 tarixindən 30.08.2026 tarixinədək günlər ərzində yazılan fikirlərin “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yayımlanmasına qərar verildi.
Atlaz xanım tərəfindən 22.07.2026-30.08.2026 tarixində həyata keçən bu ədəbi-ictimai layihənin əsas məqsədi ilk öncə Cəlilabad, daha sonra isə ətraf rayonlar və paytaxt Bakı şəhərində yaşayan qələm əhli, ədiblər, şairlər, yazıçılar və ziyalıların şəxsimlə bağlı baxışlarını toplayıb yayımlamaqla indiyədək gördüyüm balaca xidmətləri dəyərləndirməkdən ibarət olsa da əslində bu layihə çərçivəsində cəmiyyətdə, xüsusilə də ədəbi mühitimizdə bir sıra gözəlliklərə imza atılmış oldu. Burada onları ixtisarla sadalamaq istərdim:

  1. Cəmiyyət arasında “dəyərləndirmə mədəniyyəti”nin təbliğ edilməsi;
  2. Ədəbi mühitin nümayəndələri arasında səfa-səmimiyyət tellərinin möhkəmlənməsi;
  3. Görülən yaxşı işlərə qarşı biganəlik yanaşmasının dolayısı ilə rədd edilməsi…
    Bütün bunlar sonda mənə və şəxsimə deyil, əslində cəmiyyət və xüsusilə də ədəbi mühitimizin xeyrinə tamamlanmış oldu. Bu layihənin “Həməşəra” mətbu orqanı tərəfindən işıqlandırılmasında əsas hədəf də Atlaz xanımın zəhmətini dəyərləndirməklə yanaşı, əsasən yuxarıda sadalanmış faydaların önəmindən ibarət idi.
    Unutmamalıyıq ki, dəyərləndirmə heç də məddahlıq, yaltaqlıq və mübaliğə (şişirmə) deyil. Kiminsə barəsində ədalət və səmimiyyət çərçivəsində səmimi söz deyən və ya yazan insan hökmən bunun üçün kimdənsə sifariş və ya göstəriş almayıb. Dəyərləndirmə bir mədəniyyətdir. Dəyərləndirmə həyatda yaxşılar və yaxşılıqların təbliği və yaşadılması deməkdir. Həm də həyatda başqalarını dəyərləndirməyi bacaranlar ilk öncə özləri həyatda dəyərli olan insanlardır.
    Bu layihə ilə bağlı 25.07.2026 tarixli yazıb paylaşdığım statusda qeyd etdiyim kimi, səmimi olaraq etiraf edirəm ki, mənim ədəbi mühitimizin əziz və dəyərli nümayəndələrinin barəmdə belə bir addım atacaqlarından əsla xəbərim olmayıb. Sadəcə sonra öyrəndim ki, bu iş ədəbi mühitimizin öz səmimiyyəti və dəyərləri ilə tanınan dəyərlimiz Atlaz xanım Rzayinin təşəbbüsü və digər əzizlərimizin lütfkarlığı ilə həyata keçib.
    Digər tərəfdən, ümumiyyətlə, mən özümün deyil, əsasən səmimi, sayğılı və dəyərli olan əzizlərimizin təqdimatı və təbliğini üstün tutmuş və tuturam. Çünki belə insanlara səmimi və təmənnasız bir xidmətçi olmağı ən böyük şərəf və fəxarət sayıram!
    Bu müddət ərzində bir neçə dəfə paylaşımları saxlamaq qərarına gəldim. Lakin layihə çərçivəsində fikir bildirmiş digər əzizlərimizin xətrinə dəyməsin deyə onu davam etdirmək məcburiyyətində qaldım…
    Haqqımda yazılan bütün sözləri bir-bir diqqətlə oxuyub düşündüm və deyilənlərdən nəticə çıxarmağa çalışdım. Bəzən də bu yazılara sanki vəfatımdan sonra deyilən və yazılan fikirlər kimi yanaşıb gah sevindim, gah da kövrəldim…
    Bu qədər əziz insanın qəlbində olduğuma, onlara təmənnasız və səmimiyyətlə xidmət göstərdiyimə görə bu səviyyədə sayğı və sevgiyə layiq görülməyimə görə fəxarət hissi keçirib qürurlandım, lakin bütün gözəlliklərin və bütün uğurların əslində Ulu Tanrıdan olduğunu da unutmadım…
    Hər bir halda bu layihəni bir səmimiyyət güzgüsü kimi dəyərləndirməyi özümə borc bilib, bu işdə əməyi olan hər kəsə və barəmdə özləri kimi səmimi və gözəl sözlər yazmış əzizlərimə: dəyərli qələm əhlinə, ədəbi mühitimizin ləyaqətli ağsaqqallarına, ədəbiyyat sahəsinin dəyərli xanımları və bəylərinə, həmçinin, cəmiyyətdə müəllim, ziyalı, idmançı, siyasətçi, dövlət məmuru, rəssam, incəsənət xadimi, jurnalist, kitabxanaçı, tərbiyəçi, din xadimi və hətta, təqaüdçü və evdar, həmçinin, “Həməşəra” mətbu orqanının sadə izləyicisi kimi tanınan bütün dəyərli insanlara, bu layihəni ilk dəfə işıqlandırmış Cəmil müəllimə və Zaur Ustac müəllimə, xüsusilə də layihənin müəllifi və icraçısı, dəyərlimiz və səmimimiz bədii qiraətçi və yazıçı-şair Atlaz xanım Rzayiyə öz səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

31.08.2026

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ

“TƏXƏYYÜLÜN SƏNƏT DÜNYASI” – RƏNG, MUSİQİ VƏ YARADICILIĞIN VƏHDƏTİ
30.08.2026-cı il tarixində Türk Dünyası Rəsm Qalereyasında “Təxəyyül Art Group”un təşkilatçılığı və Azərbaycan Xalçaçıları İctimai Birliyinin dəstəyi ilə sənətin müxtəlif istiqamətlərini bir araya gətirən möhtəşəm genişmiqyaslı yaradıcılıq tədbiri keçirilib.
Sənətsevərləri, rəssamları, mədəniyyət və incəsənət xadimlərini bir araya gətirən tədbir özündə rəngkarlıq, musiqi, rəqs və milli geyim sənətini birləşdirərək fərqli sənət istiqamətləri arasında yaradıcı dialoq yaradıb.
Tədbir “Təxəyyül Art Group”un yaradıcılıq fəaliyyətinin, həyata keçirdiyi layihələrin və sənətə verdiyi töhfələrin təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyıb.
Sənət dünyasına açılan
tədbirin açılışında Türk Dünyası Rəsm Qalereyasının direktoru Məzahir Rüstəmov, “Təxəyyül Art Group”un rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə, “Təxəyyül Art Group”un rəhbər müavini, rəssam-qrafik dizayner Vüsalə Yunusova çıxış edib, sənətin cəmiyyətdə birləşdirici rolu, yaradıcı insanların qarşılıqlı əməkdaşlığının əhəmiyyəti və Azərbaycan incəsənətinin təbliği istiqamətində həyata keçirilən layihələrin vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində “Təxəyyül Art Group”un keçdiyi yaradıcılıq yolu, təşkil etdiyi sərgilər və həyata keçirdiyi layihələri əks etdirən xüsusi videoçarx nümayiş olunub.
Tədbirin fəxri qonaqları sırasında Azərbaycan incəsənətinin tanınmış nümayəndələri yer alıb.
Xalq rəssamı, professor Arif Əziz, Alaş mükafatı laureatı Əkbər Qoşalı, Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri professor Tarek M. Aboul Fotouh, AZMİU-nun dosenti Gülağa Ələsgərov, miniatür rəssamı Pəri Miniatür, İncəsənət Gimnaziyasının müəllimləri, rəssamlar İlqar Əkbərov, Qənirə Əsgərova, Günay Əsgərova tədbirdə çıxış edərək sənətin inkişafı, yaradıcılıq təşəbbüsləri və mədəni əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
“Təxəyyülün izi” – hər fırçada bir imza kollektiv rəsmin ərsəyə gələrək
tədbirin ən yaddaqalan məqamlarından biri olub.
Böyük kətan üzərində keçirilən performansda fəxri qonaqlar, rəssamlar və tədbir iştirakçıları birlikdə rəsm çəkərək öz yaradıcılıq izlərini qoyublar.
Performansın başlanğıcını Xalq rəssamı, professor Arif Əziz verib. Onun kətan üzərinə vurduğu ilk fırça toxunuşu sonradan digər iştirakçıların yaradıcılıq izləri ilə tamamlanaraq kollektiv sənət əsərinə çevrilib.
“Təxəyyülün izi” performansı fərqli sənət düşüncələrinin bir kətan üzərində birləşməsini və sənətin insanları vahid yaradıcılıq ideyası ətrafında bir araya gətirmək gücünü nümayiş etdirib.
Musiqi, rəqs və rənglərin harmoniyası tədbirin bədii proqramının rəngarəngliyi ilə də seçilib.
Beynəlxalq mükafat laureatı, Xalq artisti Fidan Hacıyevanın tələbəsi, vokal ifaçısı Aynur Yunusova və Vüsalə Yunusovanın piano ifasında Azərbaycan bəstəkarı Niyazinin “Arzu” romansı səsləndirilib.
Zəhra Alıyeva “Şuşanın dağları” rəqs nömrəsini təqdim edib.
İncəsənət Gimnaziyasının müəllimi, rəssam Günay Əsgərova isə “Məhəbbət çırağı” musiqi nömrəsi ilə çıxış edib.
Tədbirdə müasir təqdimatda milli geyim sənətinə də xüsusi yer ayrılıb.
Modelyer rəssam Vüsalə Əsədovanın “Azərbaycan bayrağı” adlı geyimi milli və müasir üslubun sintezini, Azərbaycan bayrağının rənglərinin estetik ifadəsini və sənətlə modanın vəhdətini Cəmilə Əsgərova model olaraq nümayiş etdirib. Eləcə də modelyer İlahə Sadıqovanın “Bakı” və “Şuşa” adlı milli geyim nümunələri də təqdim olunub.
Daha sonra qrup müavini rəssam-dizayner Vüsalə Yunusova özünün “Meksika rəqsi” adlı əsərini Məzahir Rüstəmova hədiyyə edib.
Tədbirin sonunda qonaqlar sərgidə nümayiş olunan sənət əsərləri ilə tanış olub, rəssamlarla ünsiyyət qurub, əsərlər haqqında fikir mübadiləsi aparıblar.
Sənətsevərlər üçün bu hissə rəssamlarla birbaşa ünsiyyət qurmaq, onların yaradıcılıq dünyası ilə yaxından tanış olmaq baxımından xüsusi maraq doğurub.
Tədbir fotoqraf Nofəl Ümid və videooperator Sərvər Kamranlının xatirə olaraq yaddaqalan çəkilişkəri ilə yekunlaşıb.
“Təxəyyül Art Group” yaradıcılığın yeni ünvanı “Təxəyyülün Sənət Dünyası” yalnız sərgi deyil, sərhədləri aşa bilən müxtəlif sənət sahələrinin bir platformada görüşdüyü yaradıcı bir mədəniyyət layihəsi kimi yadda qalıb.
Tədbir bir daha göstərib ki, sənət yalnız kətan üzərində deyil, musiqidə, rəqsdə, geyimdə, söz və insan münasibətlərində də öz ifadəsini tapır.
“Təxəyyül Art Group”un əsas məqsədi də məhz bu yaradıcılıq müxtəlifliyini bir araya gətirmək, rəssamların və digər sənət sahələrinin nümayəndələrinin əməkdaşlığı üçün yeni imkanlar yaratmaq və Azərbaycan incəsənətini daha geniş auditoriyaya təqdim etməkdir.

“Təxəyyül Art Group” — sənət, dostluq və gözəl xatirələrin bir ünvanı!

Məqaləni hazırladı: Vüsalə Yunusov

Foto: Nofəl Ümid

Video: Sərvər Kamranlı

Saytlarda yerləşdirdi: Cəmilə Əsgərov,  Zaur Ustac

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]