www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i

    
    YÜZ DOQQUZUNCU YAZI
    MÜHARİBƏ MÖVZUSUNA FƏRQLİ BAXIŞ
    (Əli bəy Azərinin “İki  zəngəzurlu zabit”i)
     Salam olsun çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu  Azərbaycan ordusunun  döyüş yolu keçmiş (əvvəllər keçmiş sovet ordusunda xidmət etmiş) zabiti, tanınmış yazıçı Əli bəy Azərinin  digər azərbaycanlı zabit, şair,  hərbi jurnalist Mahir Cavadlının redaktorluğu ilə “Şərq-Qərb” poliqrafiya müəssisəsi tərəfindn nəfis şəkildə çap olunmuş 272 səhifədən ibarət kitabı haqqında olacaq. Roman hərb mövzulu əsərlər seriyasına daxildir. Sovet ordusunda xidmət zamanı aralarında yaranmış münasibət dostluğa çevrilən erməni və azərbaycanlı zabitin sonralar Zəngəzur cəbhəsində qarşılaşması əsərin əsas süjet xəttini təşkil edir.
    Kitabı şəhərimizin kitab mağazalarından və ya müəllifin özündən (070-575-03-99) almaq olar.
     Əli bəy Azərinin 2025-ci ildə işıq üzü görmüş və hal-hazırda şəhərimizin kitab evlərində satışda olan “İki zəngəzurlu zabit” romanı müasir Azərbaycan nəsrində hərbi-vətənpərvərlik mövzusunu tarixi yaddaş, insan taleləri və milli kimlik məsələləri ilə birləşdirən maraqlı bədii əsərlərdən biridir. Əsərin ön sözündə qeyd olunduğu kimi, roman XX əsrin sonlarında bölgədə baş verən hadisələrin yazıçı təxəyyülü ilə sintezindən yaranmışdır və sovet ordusunda birgə xidmət etmiş iki dostun – iki zəngəzurlu zabitin sonradan qarşı-qarşıya gələn talelərindən bəhs edir. 
      Əli bəy Azəri uzun illərdir ki, hərbi-vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlərlə tanınır. “İki zəngəzurlu zabit” romanında da müəllif oxucunu yalnız müharibə səhnələri ilə deyil, bütöv bir dövrün ictimai-siyasi mənzərəsi ilə qarşılaşdırır. Əsərin hadisələri qədim Zəngəzur torpağının müxtəlif məkanlarında – Mincivan, Qafan, Sisyan, Meğri və digər yaşayış məntəqələrinin fonunda cərəyan edir. Bu məkanlar sadəcə coğrafi adlar deyil, həm də bir xalqın yaddaşı, kökü və taleyidir. 
      Romanın ilk səhifələrindən müəllif oxucunu Zəngəzurun təbiəti, kənd həyatı və insanları ilə tanış edir. Bu təsvirlər əsərə yalnız bədii gözəllik qazandırmır, həm də sonrakı dramatik hadisələrin emosional təsirini gücləndirir. Zəngəzur burada vətən anlayışının simvoluna çevrilir.
      Romanın əsas xətti iki zabitin – azərbaycanlı Azər və erməni İosifin taleyi üzərində qurulub. Hər ikisi Zəngəzur bölgəsinin yetirmələridir, hərbi məktəblərdə oxuyur, dostluq edir, bir-birinə arxa-dayaq olurlar. Onları yaxınlaşdıran yalnız hərbçi peşəsi deyil, həm də ortaq coğrafiya və uşaqlıq xatirələridir. 
      Lakin tarix bəzən  münasibətlərindən daha sərt olur. SSRİ-nin dağılması, milli münaqişələrin alovlanması və Qarabağ hadisələri iki dostun həyatını fərqli istiqamətlərə yönəldir. Dünən eyni süfrə arxasında oturan insanlar bu gün fərqli cəbhələrdə dayanmalı olurlar. Yazıçı məhz bu məqamı böyük ustalıqla təqdim edir: düşmənçilik xalqlar arasında yaradılsa da, onun ən ağır yükünü konkret insanlar daşıyırlar.
      Əsərdə Meğridə girov götürülən azərbaycanlılar, Mincivanda dayandırılan qatar, xalqın hiddəti və eyni zamanda təmkinə çağırış səhnələri geniş yer tutur. Qulu kişinin obrazı vasitəsilə müəllif ağsaqqallıq institutunun, xalq müdrikliyinin və vətəndaş məsuliyyətinin əhəmiyyətini göstərir. 
        Qatar hadisələri romanın ən gərgin epizodlarından biridir. Burada həm xalqın haqlı narazılığı, həm də qan tökülməsinin qarşısını almaq istəyən insanların səyləri təsvir olunur. Bu səhnələr yalnız bir hadisənin təsviri deyil, bütöv bir dövrün psixologiyasını əks etdirir. 
       Əsərin ən diqqətçəkən xüsusiyyətlərindən biri müəllifin hadisələrə birtərəfli yanaşmamasıdır. Yazıçı milliyyətindən asılı olmayaraq insan taleyini ön plana çəkir. İosif Arutyunov obrazı bunun ən parlaq nümunəsidir. O, erməni olsa da, dostluğa, insanlığa və vicdana sadiq qalmağa çalışan bir zabit kimi təqdim edilir. 
       Bu yanaşma romanı sırf müharibə əsərindən daha yüksək səviyyəyə qaldırır. Oxucu burada yalnız qarşıdurma deyil, həm də insanlıq uğrunda mübarizə görür. Müəllif göstərir ki, siyasi proseslər insanları fərqli cəbhələrdə müxtəlif səngərlərə ataraq ayırsa da, vicdan və mənəvi dəyərlər hər zaman öz sözünü deyir.
      Əli bəy Azərinin dili sadə, axıcı və canlıdır. O, xalq danışıq üslubundan, yerli ifadələrdən və məişət detallarından məharətlə istifadə edir. Bu xüsusiyyət əsəri daha təbii və inandırıcı edir. Hadisələr sürətli inkişaf edir, dialoqlar canlıdır və oxucu özünü hadisələrin içində hiss edir.
Müəllif xüsusilə kənd həyatının təsvirində, insan xarakterlərinin açılmasında və gərgin situasiyaların yaradılmasında peşəkarlıq nümayiş etdirir. Romanın dinamik süjeti oxucunu sonadək maraq içində saxlayır.
       “İki zəngəzurlu zabit” əsərinin əsas ideyalarından biri vətən sevgisidir. Müəllif oxucuya xatırladır ki, torpaq yalnız coğrafi məkan deyil, həm də milli yaddaş, ata-baba irsi və mənəvi dəyərdir. Zəngəzur obrazı roman boyunca bu düşüncənin daşıyıcısı kimi çıxış edir.
Əsərdə vətənpərvərlik pafoslu şüarlarla deyil, insanların davranışları, seçimləri və fədakarlıqları vasitəsilə təqdim olunur. Bu da romanın təsir gücünü artırır.
     “İki zəngəzurlu zabit” Azərbaycan ədəbiyyatında yaxın tariximizin mürəkkəb və ağrılı səhifələrinə işıq salan dəyərli romanlardan biridir. Əsər dostluq və düşmənçilik, vətən və taleyüklü seçimlər, insanlıq və vicdan kimi əbədi mövzuları özündə birləşdirir. Əli bəy Azəri bu romanla təkcə iki zabitin həyat hekayəsini deyil, bütöv bir nəslin yaşadığı faciələri, ümidləri və mübarizəsini bədii şəkildə əks etdirməyə nail olmuşdur.
       Roman həm tarixi hadisələrə maraq göstərən oxucular, həm də vətənpərvərlik ruhunda yazılmış bədii əsərləri sevənlər üçün qiymətli bir ədəbi nümunədir. O, Zəngəzurun yaddaşını yaşadan, insan taleləri üzərindən tarixə nəzər salan və oxucunu düşünməyə vadar edən təsirli bir əsər kimi diqqəti cəlb edir. 
   Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik!
   21-23.06.2026
  (Xankəndi, Şuşa, Laçın, Bakı)

Müəllif: Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

MƏHƏMMƏD ƏLİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

HİYLƏGƏR İNSAN TANINACAQ

HİYLƏGƏR İNSAN TANINACAQ
(Satirik qələmlə)
Elə deyirəm düşünməyim, öz-özümlə danışmayım. Alınmır. Gündəlik baş verən hadisələri sosial şəbəkələrdə izləyirəm. Məmur özbaşınalığı getdikcə çoxalır. Narazılıqlar və problemlər artır. Kimisi həkimdən, kimisi adi ustadan, kimisi bərbərdən, kimisi ticarətdən, kimisi savadsız kadrdan, kimisi hansısa məmurun fırıldaq əməlindən, kimisi işlədiyi müəssisənin rəhbərindən narazılıq edir. Bəzi məmurların isə öz vəzifə borclarına layiqincə əməl etmədiklərinə, işlədikləri vəzifədə saxtakarlıq etdiklərinə və digər əməllərinə görə sadə insanlar əziyyət çəkirlər.
Dünyanın hər bir ölkəsində əməlisaleh, humanist, yaşadığı ölkənin qanunlarını başının üstündə görən və qanunlara əməl edən insanlar var. Eləcə də, hiyləgər insanlar da çoxluq təşkil edir. Heç bir mövqe tutmayan, sadə peşə adamlarının içərisində hiyləgər insanlara rast gəlmək mümkündür. Təəssüflə qeyd etmək istəyirəm ki, kiçik və böyük çinli məmurların arasında da hiyləgər insanlar var. Bəs hiyləgər insan necə olur? Cavab: Hiyləgər insan yalan danışır. Hiyləgər insan öz məkrli düşüncələrini həyata keçirməyə çalışır. Hiyləgər insan kimisə şantaj edir. Hiyləgər insan yaltaq olur. Hiyləgər insan ara vurur. Hiyləgər insan üzə durur. Hiyləgər insan işlədiyi sahədə saxtakarlıq edir. Hiyləgər insan dediyi sözü danır. Hiyləgər qadın özünü istədiyi adamlara (ələlxüsus kişilərə) “sevdirməyi” bacarır. Hiyləgər insan qarşısındakı şəxsi aldatmağı yaxşı bacarır və nəticədə aldanan şəxs ya müvəqqəti, ya da ömürlük əzab çəkir. Hiyləgər insan abırsız, həyasız olur. Hiyləgər insan vəzifə pilləsində qalxmaq üçün, böyük vəzifədə çalışan məmur ilə “dost olmağı”, özünü ona sevdirməyi lazım bilir. Hiyləgər insan zəhmətsiz gəlirlə dolanmağın yolunu tapa bilir.
Ürəyi təmiz olan səmimi insanlar hiyləgərlərin əhatəsində əziyyət çəkirlər. Əvvəllər rastlaşmadığım, görmədiyim, eşitmədiyim elə faktlara rast gəlirəm ki, həm təəccüblənirəm, həm də təəssüflənirəm. Şəxsən mən jurnalistikada və pedaqoji sahədə işləyən zaman neçə-neçə hiyləgər qadın və kişi məmura rast gəlmişəm. Onların yarıtmaz işi və saxtakarlıqları barədə yazdığım tənqidi məqalələr müxtəlif qəzetlərdə dərc edilmişdir. Əgər onların törətdikləri əməlləri və bildiklərimi qələmə alsam, inanın, 500 səhifəlik kitaba sığmaz. Son illərdə gördüklərim və hətta başıma gələnlər də buna sübutdur…
…Son illərdə tənqidi məqalə yazanların sayı kəskin azalıb. Səbəbini deyim. Bu barədə bir neçə dəfə yazmışam. Yenə də təkrar yazıram. Belə ki, kadrların yerlərə düzgün təyin olunması o sahədə olan problemlərin həll olunmasında önəmli rol oynayır. Kadrlar vəzifəyə təyin olunanda onların ancaq ali təhsilli olmaları nəzərə alınmamalıdır. Məsul vəzifədə çalışan kadr ali təhsilli olması ilə bərabər, həm mədəni, həm tərbiyəli, həm öz işini, vəzifəsini yaxşı bilən, həm də rəhbərlik etdiyi kollektivdə hörməti olan bir şəxs olmalıdır. Bəzən isə kadrlar vəzifəyə təyin edilərkən bu amillər nəzərə alınmır. Nəticə isə işin ziyanına olur. Hətta bəzən elə hallara rast gəlinir ki, bu sahədə təcrübəsi olmayan bir şəxsi rəhbər vəzifəyə təyin edirlər. Məsul vəzifədə çalışan şəxs öz yerində olmadıqda, o sahədə saxtakarlıq da, rüşvətxorluq da, ədalətsizlik də yaranır. Kadr vəzifəyə təyin olunduqda tayfabazlıq, dostbazlıq, yerlibazlıq, və digər neqativ amillər nəzərə alınmamalıdır.
Uzun illər çalışdığım və təcrübə topladığım jurnalistika sahəsi ilə bir fikrimi bildirmək istərdim. Belə ki, 1983-cü ildən başlayaraq indiyədək fasiləsiz olaraq informasiya və məqalələr yazıram. Xeyli tərifəlayiq yazılarımla bərabər, yüzlərlə tənqidi məqalələrim də dərc edilib. Keçmiş ittifaqın dövründə əgər qəzetdə tənqidi məqalə dərc olunardısa, əlaqədar təşkilatlar tərəfindən tənqidi məqalədəki faktlara əməli tədbir görülərdi, yəni, hansısa məmur qanun pozuntusuna görə cəzalandırılardı. Respublikanın müstəqillik qazandıqdan sonrakı illərində isə tənqidi məqalələrə əlaqədar təşkilatlar tərəfindən reaksiya verilməsi xeyli zəifləmişdir. Nədənsə bəzən əlaqədar təşkilatlar nəyinsə xətrinə tənqidi məqalədəki fakta(lara) tədbir görmək istəmir. Bu isə tədbir görməli olan məmurun məsul bir kadr kimi öz yerində olmamasından xəbər verir…
Artıq məmurlar yaxşı bilirlər ki, tənqidi məqalələrdəki faktlar ya yoxlanılmır, əgər yoxlanılırsa da, obyektiv tədbir görülmür. Bundan istifadə edən bəzi hiyləgər qadın və kişi məmurları vəzifələrindən sui-istifadə edir, iş prosesində istədikləri qanunsuzluqlara, nöqsanlara yol verir və tabeçiliklərində olan işçiləri incidirlər. Düşünürəm ki, bu, müvəqqətidir və nə vaxtsa hər bir şəxs qanunlara əməl edəcək, işində saxtakarlığa yol verməyəcək. Bəlkə də nə vaxtsa bəzi məmurlar 10-15 il bundan əvvəlki işlərində yol verdikləri təkzibolunmaz faktlara görə məsuliyyətə cəlb olunacaqlar.
Mətləbdən uzaq düşməyək. “Hiyləgər insan tanınacaq” mövzusu ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Düzgün əqidəli, qanunları başının üstündə görən, səmimi, ürəyi təmiz, humanist insanlar çox vaxt hiyləgərlərin “toruna” düşürlər. Bu onları qəlbən incidir. Və belə hiyləgərlərə cəza tədbiri yoxdur. Düşünürəm ki, neçə illərdən sonra, hansısa bir ölkədə hiyləgər insanı tanıdacaq aparat ixtira olunacaq və tədricən bu aparat bütün ölkələrə yayılacaq. Müxtəlif müəssisələrdə işləyən insanlar ildə bir dəfə tibbi müayinədən keçirlər. Eləcə də bütün insanlar hiyləgərliyi təyin edən aparatlar vasitəsilə də yoxlanılacaqlar. Və beləliklə, hiyləgər insan tanınacaq. Müəssisə rəhbərləri də hökmən bu aparat vasitəsilə yoxlanılacaqlar. Əgər belə olsa, hiyləgər insan qorxusundan təfəkküründə dəyişiklik edəcək. Əgər bunu bacarsa.
Əziz oxucu! Mənə inanın. Bu olacaq. Amma hələ gec. Özünüz düşünün: Hələ 100-150 il bundan əvvəl maşın, tozsoran, paltaryuyan maşın, elektrik dreli, qatar, təyyarə, müxtəlif mexanizm və aparatlar olmayıb. Tədricən yaradılıb, eləmi? 40 il bundan əvvəl düşünməzdik ki, neçə illərdən sonra mobil telefon, votsap, videokameradan istifadə edəcəyik. Eləmi? 20 il bundan əvvəl süni intellekt haqqında heç təsəvvürümüz də yox idi. Amma indi, süni intellekt haqqında məlumatımız var. Bu haqda çox söz deyə bilərəm, düşünürəm ki, kifayətdir. Sonda onu demək istəyirəm ki, neçə illərdən sonra, hiyləgər insanı tanıdacaq aparat da yaradılacaq. Bilirəm ki, ürəyi təmiz insanlar bu aparatın yaranmasına sevinəcəklər, hiyləgərlər üçün isə çox çətin olacaq…

Fərhad Əsgərov (Ramizoğlu),
yazıçı-jurnalist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

“Beş yazar” (Ziyadarlar): xüsusi buraxılış

“Beş yazar” (Ziyadarlar): xüsusi buraxılış
Ötən ilin dekabr ayında “Yazarlar” ədəbi-bədii, elmi jurnalın “Beş yazar” (Ziyadarlar) adlı xüsusi buraxılışı işıq üzü görmüşdür.
Azərbaycanlı filoloq, ədəbi tənqidçi və yazar Günnur xanım Ağayevanın qələmi və ön sözü, Hacıxanım Aidanın redaktorluğu və Tuncay Şəhirlinin naşirliyi ilə 52 səhifədə hazırlanaraq çap olunmuş “Beş yazar” xüsusi buraxılışda son beş ilin beş yazar xanımı, eyni halda “Ziyadar” Mükafatına layiq görülmüş aşağıdakı yazarların həyat yolu və ədəbi yaradıcılığı barədə məlumat verilir:

  1. Şəhla Rəvan (Sehla Revan);
  2. Həqiqət Şamilli;
  3. Emfira Ərkli;
  4. Sevinc Şirvanlı;
  5. Nəzakət Eminqızı.
    Həmin xüsusi buraxılışın özəlliyi burada doğma Cəlilabad ədəbi mühitindən olan iki əzizimizin (Turan Yazarlar Birliyinin üzvü, Turan Xalq şairi Şəhla xanım Rəvanın və TYB-nin üzvü, şair Sevinc xanım Şirvanlının) bioqrafik məlumatları və indiyədək işıq üzü görmüş poetik əsərləri barədə məlumat verilməsindən ibarətdir. Məlumat üçün qeyd etmək lazımdır ki, kitab “Yazarlar”ın kompüter mərkəzində yığılmış və “Jet Print Çap Mərkəzi”ndə məhdud sayda kitabxanalar üçün çap olunmuşdur.
    Fürsətdən istifadə edib belə bir dəyərli kitabı hazırlayıb ərsəyə gətirmiş bütün əzizlərə, xüsusilə də kitabın hazırlanmasında xüsusi səmimiyyət və əmanətdarlıq göstərmiş filoloq, ədəbi tənqidçi və yazar Günnur xanım Ağayevaya, həmçinin, dəyərlimiz Tuncay bəy Şəhirliyə, ümumilikdə isə çağdaş Azərbaycan ədəbi mühitinin tanınmış və fədakar nümayəndəsi, “Yazarlar.az” portalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı və “Həməşəra” Fəxri Diplomu laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist, dəyərlimiz Zaur Ustac müəllimə səmimi minnətdarlığımı bildirirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
21.06.2026

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“Ziyadar” Mükafatı laureatları

“Ziyadar” Mükafatı laureatları
Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sistemi və “Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının birgə təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin xanım nümayəndəsi, şair Sevinc Şirvanlının “Həsrətimi çəkəcəksən” adlı yeni nəşr edilmiş şeirlər kitabının təqdimat mərasimində “Yazarlar” jurnalının təsisçisi və baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac tərəfindən Cəlilabad ədəbi mühitinin bir neçə xanım nümayəndəsinə təqdim edilmiş “Ziyadar” Mükafatı (Fəxri Fərman və döş nişanı) ədəbi mühitimizin aşağıda adları çəkilən xanım yazarlarına təhvil verilmişdir:

  1. Sevinc Şirvanlı (“Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, şair);
  2. Pərvanə İsgəndərqızı (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair);
  3. Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, AYB və AJB-nin üzvü, şair-publisist);
  4. Atlaz Rzayi (“Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair).
    Mükafat Zaur Ustac tərəfindən dəyərli xanım-yazarlara təqdim edilərkən onlara sağlamlıq, məsud həyat və yeni-yeni yaradıcılıq uğurları arzulandı, onlar da eyni halda belə bir diqqət və dəyərləndirməyə görə hörmətli Zaur Ustaca, həmçinin, yazıçı-publisist İlqar İsmayılzadəyə səmimi minnətdarlıqlarını bildirdilər…
    Məlumat üçün qeyd etmək lazımdır ki, “Ziyadar” Mükafatı bundan öncə 20.10.2020-ci il tarixində Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbinin direktoru, Cəlilabad ədəbi mühitinin tanınmış və görkəmli nümayəndəsi, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, ədəbiyyatçı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair Şəhla xanım Rəvanın (Sehla Revan) yubileyi və kitablarının təqdimat mərasimində ona təqdim edilmişdir.

Həm öz adımdan, həm də “Həməşəra ” mətbu orqanı tərəfindən ilk öncə bu iltifat və təltifin sahibi “Yazarlar” Jurnalının baş redaktoru, AVMVİB-nin, AJB və AYB-nin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, tanınmış nasir, şair və publisist Zaur Ustac müəllimə minnətdarlığımı bildirir, eyni halda Cəlilabad ədəbi mühitinin bu il ərzində “Ziyadar” Mükafatına layiq görülmüş əziz və dəyərli xanım nümayəndələrini səmimi qəlbdən təbrik edərək, onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yaradıcılıq sahəsində davamlı uğurlar diləyirəm!

İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist)
20.12.2025

© Müəllif hüquqları qorunur! Foto və mətndən istifadə etdikdə istinad mütləqdir!

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Zilolabonu Qənijon qızı – SALAM, EŞQ…

SALAM, EŞQ…

Salam, ruhum kimi apaydın səma,
Salam, yorğun Günəş,nuru müqəddəs.
Qəlbimi nurunla işıqlat yenə
Başını dağlara qoymağa tələs.

Salam, ey yellənən hündür qovaqlar,
Salam, səhərlərə elçi düşən meh.
Dinclik arzulayır ürəklər bu gün,
Dünyaya eşq ilə olmuşam valeh.

Salam, yarpaq üstə incilənən şeh,
Salam, ətir saçan cənnət gülləri.
Qəlbimi coşdurur incə duyğular,
Səpilir yoluma duyğu tülləri.

Yaşayaq ürəklər döyündükcə biz,
Sevilmək istəyir könül həmişə.
Eşqin nəğməsiylə məst olub
da, qoy
Qaranquş yol alsın aya, günəşə.

Salam,ey həyatım, varlığım mənim,
Salam,ey ümidə uzanan arzu.
Bilmirsən necə çox sevirəm səni?
Səndə də varmıdır belə bir duyğu?

Eşqinə, sözünə möhtacam bu gün,
Həsrətin sədası dəlir dağ-daşı.
Sən məni rədd etsən başım əyilər,
Düşər yanağıma gözümün yaşı.

Ey Allah, bizlərə mərhəmət bəxş et,
Heç vaxt qəlbimizə kədər dolmasın.
Qəlbimdə yenə də çiçəklər açsın.
Sevgi nəğmələri vaxtsız olmasın.

Müəllif: Zilolabonu Qənijon qızı

Tarjimon: AYAZ ARABAÇI

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

OLTIN BALIQ, SENGA ARZIM BOR

OLTIN BALIQ, SENGA ARZIM BOR

Oltin baliq, senga arz qilsam,
Arzim sendan, neni tilayin?
Senga oʻgʻir, mening, dard yukim
Ota-onam uchun, jannat tilayin!?

Oltin baliq, dard yukim, ogʻir,
Sen chidarmisan, qalb isyoniga?
Sanchiqlardan, yuragim ogʻrir
Davo ayla, nafis guling joniga?

Oltin baliq, nurli sehrgar,
Chol boboni, sehrlab olding!
Tushkunlikka tushma, hoy baliq
Kampir nafsi deya, qaygʻuda qolding!

Baliq sendan, hechnarsa soʻramagayman,
Tanho Ollohimga, tilaganim bor!
Ota-onam uchun, jannat soʻrogʻim
Ollohga yukindim, aytib istigʻvor!

Barcha istaklarim, Robbimga ayon,
Oʻzi qoʻllaguvchi, oʻzi bilguvchi!
Sendan soʻramayman, boʻlmagil homush
Halollik bor joyda, Ollohim qoʻllab turguvchi!

Müəllif: Nasiba Xaydarova

Turan Yazarlar Birliyinin üzvü, TYB-nin “Tomris Ödülü” laureatı, bədii qiraətçi, yazıçı-şair

Nasiba Xaydarovanın yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

“ZAMANIN İZİ İLƏ TƏXƏYYÜLDƏ” SƏRGİSİ PHI GALLERY-DƏ KEÇİRİLDİ

21 iyun 2026-cı il tarixində Şəhərsalma və Memarlıq İli çərçivəsində Phi Gallery-də “Zamanın izi ilə təxəyyüldə” adlı sərgi keçirilmişdir. Tədbir “Təxəyyül Art Group”un təşəbbüsü və təşkilatçılığı, qrup rəhbərləri Natiq Nəcəfzadə və Vüsalə Yunusovanın rəhbərliyi, Azərbaycan Xalçaçıları İctimai Birliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə həyata keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Açılış nitqi ilə çıxış edən qrup rəhbəri, xalçaçı-rəssam Natiq Nəcəfzadə sərginin ideyası, məqsədi və əhəmiyyəti barədə məlumat vermiş, layihənin həyata keçirilməsində əməyi olan qurumlara, iştirakçılara və qonaqlara minnətdarlığını ifadə etmişdir.
Proqram çərçivəsində Cəmilə Əsgərovanın hazırladığı, Memarlıq və Şəhərsalma İlinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilmişdir. Filmin mətni qrupun nəğməkar şairi Elşən Sabiroğlu tərəfindən səsləndirilmişdir.
Qrupun müavini, rəssam və qrafik dizayner Vüsalə Yunusova iştirakçıları salamlayaraq qonaqları çıxışa dəvət etmişdir. Tədbirdə çıxış edən Gülağa Ələsgərov, Mirfatma Mirbabaqızı, Hacı Əhmədov, Qənirə Əsgərova, Günay Əsgərova, Fərrux Qasımov, Rəsmiyyə Səmədova və Səma Əmirova sərginin mədəni əhəmiyyətindən bəhs etmiş, təşkilatçıları və iştirakçıları təbrik etmişlər.
Bədii hissədə Aidə Telmanqızı və Mirfatma Mirbabaqızının səsləndirdikləri şeirlər proqramın ədəbi hissəsini zənginləşdirmişdir.
Tədbirin diqqətçəkən məqamlarından biri modelyer-dizayner Vüsalə Əsədovanın “Şəhərin tarixi” adlı milli geyim kolleksiyasının təqdimatı olmuşdur. Tarixi motivlərlə müasir bədii yanaşmanın vəhdətini əks etdirən kolleksiya tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Defilədə Rübab Hüseynli, Həsən Hüseynli, Cəmilə Əsgərova, Ləman Əsədli, Nigar Əsgərzadə, Sevda Bayramlı və Məryəm Əsgərova iştirak etmişlər.
Sərgi ekspozisiyasında nümayiş etdirilən əsərlər mövzu müxtəlifliyi, zəngin rəng həlli və fərdi yaradıcılıq üslubları ilə seçilmişdir. Sərgi iştirakçıları – Ayaz Dadaşov, Aygün Ahnəzərova,
Cahandar Səmədov, Fərrux Qasımov,Hökümə Qasımova, İskəndər Quliyev, Nuray Abdullayeva,
Şəhla Abbasova, Tamara Kontsedaylo, Yelena Həsənova, Zeynəb Babayeva, Surə Dadaşzadə, İnci Məsti, Hacı Əhmədov, Qənirə Əsgərova, Məryəm Abdullazadə, Məryəm Əsgərova, Natiq Nəcəfzadə, Vüsalə Yunusovanın təqdim etdiyi əsərlər tamaşaçılarda böyük maraq doğurmuş, incəsənətsevərlər müəlliflərlə yaxından ünsiyyət qurmaq imkanı əldə etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının əməkdar artisti, aktyor, şoumen və naşir Bəhram Bağırzadə, eləcə də mədəniyyət və incəsənət nümayəndələri iştirak etmiş, sərgi ilə yaxından tanış olmuşlar.
Musiqi proqramı çərçivəsində Vüsalə Yunusova fortepianoda çıxış etmiş, Aynur Yunusova görkəmli bəstəkar Niyazinin “Arzu” romansını ifa etmişdir. Qrup üzvlərinin musiqi nömrələri və qrupun xoreoqrafı Rasimə Əhmədovanın “Sarı gəlin” xalq mahnısının müşayiəti ilə təqdim etdiyi rəqs kompozisiyası tədbirə xüsusi bədii ovqat bəxş etmişdir.
Tədbirin sonunda sərgi iştirakçılarına və Phi Gallery-nin əməkdaşları Hüseyn Həsənova və Zeynəb Əlibəyliyə sertifikatlar təqdim olunmuş, fotoqraf Nofəl Ümid tərəfindən xatirə fotoları çəkilmişdir:

Video:


“Zamanın izi ilə təxəyyüldə” sərgisi müxtəlif yaradıcılıq istiqamətlərini bir araya gətirərək milli-mədəni irsin, memarlıq ənənələrinin və müasir incəsənət düşüncəsinin vəhdətini nümayiş etdirmiş, iştirakçılar və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Məqaləni hazırladı: Vüsalə Yunusova
Foto: Nofəl Ümid
Video: Olqa Müftiyeva
Məqaləni saytlarda yerləşdirdilər: Zaur Ustac, Cəmilə Əsgərova

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

ZƏHRA SƏFƏRALIQIZI – KÜSƏYƏN NƏNƏM

KÜSƏYƏN NƏNƏM
(hekayə)
Ürüş nənəmə ithaf edirəm

Böyük qardaşım əsgərliyə gedən günü qoyunumuzun yaraşıqlı erkək bir quzusu oldu. — Balama qurban deyirəm bu quzunu – nənəm həm sevinclə , həm həsrətlə kövrələ – kövrələ söylədi . — Balam hıı eliyib gəlincə quzu da yeməli bir erkəyə dönəcək- səsi titrəyə – titrəyə dedi və gözlərinin nəmini gizlətmək üçün tövləyə tərəf yön aldı. Yeni doğan qoyunun altına xeyli saman səpdi, yerə yatanda isti olsun, üşüməsin deyə. Sonra vedrədə ilıq su gətirib qabağına qoydu. May ayı olmasına baxmayaraq havalar yağışlı və sərin keçirdi. Elə buna görə yeni doğan qoyunun qayğısına xüsusi qalırdı. Bəlkə də hamıdan çox sevdiyi nəvəsinə qurbanlıq quzu vermişdi deyə daha işini diqqətli görürdu.
Nənəm hamımızı çox istəyirdi. Amma böyük qardaşıma qarşı istəyi bir ayrı cür idi. Bəlkə də oğlu olmadığına mehrin qardaşıma salmışdı. Onu həm oğul, həm də nəvə gözündə görürdü.
Anam işləyirdi. Səhər gedib , axşam gəlirdi.Ona görə yeməyimizi əksər hallarda nənəm bişirərdi. Biz dörd bacı – qardaş stola oturanda o, yeməyin şiftəsini böyük qardaşıma çəkərdi, sonra bizə.
Qardaşım evimizə yaxın olan səkkizillik məktəbdə oxuyurdu. Biz uç bacı – qardaş rayonun mərkəzindəki gözəl, ikimərtəbəli ,geniş otaqları, laboratoriyası, bütün idman ləvazimatlarla təchiz olunmuş zalı olan orta məktəbdə oxuyurdıq. Təkcə qardaşım bu məktəbdə oxuyurdu.
— Uşağı uzağa salma, elə bu məktəbdə oxusun. Nə fərqi var, məktəb məktəbdir də – deyib anamı təkidlə razı salmışdı. Ozü isə qardaşıma goz- qulaq olsun deyə.
Məktəb bir mərtəbəli, dörd- beş otaqdan ibarət idi. Çox hörmətli, dəyərli müəllimlər işləyirdi bu məktəbdə.” Bədən tərbiyəsi “dərsini də həyətdə idman müəlliminin öz əli ilə səliqəyə salıb , düzəltdiyi futbol, valibol meydançasında keçirdilər.
Məktəb yolun qırağında olduğundan gəlib – gedənləri, keçən maşınları da görmək olurdu. Hər gün böyük tənəffüsə beş dəqiqə qalmış nənəm məktəbin yanındakı daşın üstündə oturub zəngin çalınmasını gözləyirdi.
Onun nə saatdan başı çıxırdı, nə də bir hərf, rəqəm tanıyırdı. Amma vaxdı o qədər dəqiq bilirdi ki. Bilmirəm göy üzünə baxıb günun durmasından müəyyənləşdirirdi, yoxsa hissiyyatı ilə. Tam zəngin çalınmasına beş dəqiqə qalmış həmişəki yerində olardı.
— Uşaq şəhər – şəhər əməlli- başlı bir şey yeməyib, yəqin acdı – deyər , lavaş çorəyinin arasına qaynatdığı yumurtanı əzib qoyar, ya da nehrə yağı ilə şor sürtüb , şüsə butulkaya şirin çay toküb soyumaması üçün yay – qış belinə bağladığı şalının sinə tərəfdən arasına qoyub qardaşımı həmişəki yerində gözləyərdi.
Qardaşım nənəmin bu hərəkətində utanardı. Çünki pəncərədən görən kimi hansı müəllim olurdusa üzunü ona tutub – dur get, nənən yeməyini gətirib – deyərdi. Bütun sinif uşaqları da gülüşərdilər. Qardaşım uşaqların gülməsindən utansa da gedib yeməyini yeyib gələrdi. Axı, ac olurdu. Doğrudan da səhər yemək yeməyə iştahı olmadığından çorək yeməzdi. ( Böyüyəndə , lap indi də özləri baba – nənə olandan sonra da həmin sinfin uşaqları bir yerə yığışanda bu hadisəni xoş bir xatirə kimi xatirlayır, gülür və nənəmə rəhmət oxuyurlar.)
Nənəm quzunu göz – bəbəyi kimi qoruyurdu. Onu xüsusi bəsləyirdi. Bostanımızda tərəvəz ləklərinin , lobya, pamidor civələrinin arasındakı tər otları belinə bağladığı önlüyunün ətəyinə yığar , aparıb quzunu yedizdirərdi. Bağımızda agacların dibinə tökülən , çox vaxt da budaqlarından dərdiyi meyvələri bir qaba doğrayıb əlində quzuya yedizdirərdi. Quzu demək olar ki, anasından çox nənəmə mehrini salmışdı.
Günlər keçdikcə quzu əməlli – başlı bir qoç olurdu. İri , burma buynuzları ona xüsusi yaraşiq verirdi.
İki ilin bitməsinə bir – iki ay qalırdı. O zamanlar, sovetlər dönəmində əsgərlik iki il olurdu. Üc il olan əsgəri xidmət də var idi. Bu illərdə valideynlər, doğmalar övladlarını həsrətlə, intizarla gözləyirdilər.Üzlərini bu illərdə görmədikləri balaları necə dəyişıb, o qərib , yad ellərdə arıqlayıbmı, babatlaşıb, boy atıblarmı – düşünürdülər, həsrətlə və intizarla yollarını gözləyirdilər.
Nənəm hər gün qurbanlıq qoçu əlləri ilə bəsləyir, gecə – gündüz sakitcə, dilinin altında qardaşımın sag- salamat gəlməsi üçün dua edirdi…
Sərt keçən qış getmiş, yerinə nəfəsi ilıq yaz gəlmişdi. Qarlar ərimiş, yalların döşlərini yamyaşıl otlar, balaca – balaca rəngbərəng çiçəklər bürümüşdü. Kolların dibində bənövşələr qonçələmis, çoxları da açmış bihuşedici ətrini ətrafa yayırdı. Bunlara baxmayaraq uzaqdan uca dağların zirvəsində ağappaq qar var idi və bu da göz oxsayırdı…
Yaz səhərlərindən biri idi. Biz yeni yuxudan oyanmış , dərsə getmək üçün hazırlaşırdıq. Birdən nənəmin çığırtı səsini eşitdik. Hamımız səs gələn tərəfə qaçdıq. Nənəmin sağ biləyi qoçu yemləyən zaman necə olmuşdusa yarasıqlı buynuzlarının arasına taxılmış, ağrıdan çığıran nənəmin səsinə quzu ürkmuş , qaçanda biləyini sındırmışdı.Nənəm biləyini tutub sızıldayirdı. Atam tələsik paltarını geyinib maşınını isə saldı. Anam qonşuların köməyi ilə ağrıdan qıvrılan nənəmi bir təhər maşına oturdub xəstəxanaya apardılar. Biz uşaqlar nənəmizin bu halına ağlayırdıq. Qurbanlıq qoç isə həyətin bir kuncünə qısılıb , devikmış halda bizə baxır və hərdən də ğovsəyirdi.Yəqin nənəmin əlində verdiyi meyvələri yeyirdi…
Nənəmin qolunu həkim gibsə qoydu.
Ağrıkəsici iynələrlə bir təhər sakitləşdı.
Günlər keçdi. Anamla atam nənəmin qolunun gibsinin açılması üçün xəstəxanaya getdilər.Qayıdanda hamısının üzü asıq idi.Dilxor və qəmli görünürdülər. Həkimin günahı ucubatından nənəmin qolu şikəst qalmışdı. Əlini, biləyini tərpədə bilmirdi, ağac kimi qurumuşdu. O, bu halı ilə heç cürə barışa bilmirdi.Elə buna görə nənəm əmməli – başlı qoçdan küsmüşdu. Qoç hər dəfə nənəmə yaxınlasanda o, üzünü yana çevirir:

  • Mən sənə nə pislik etmişdim ki, məni şikəst elədin? İndi mən evi nə təhər çəkib – çevirəcəm? Heç mən balamın məclisində də bir iş yiyəsi ola bilməyəcəm – incik- incik qoça baxır, gileylənirdi. Qoç da ona baxıb sakit- sakit mələyir, sanki üzr istəyirdi…
    Nənəm qoçu heç cürə bağışlamırdı. Qoçaq, yaşına baxmayaraq cavan gəlin kimi zirək, yoruldum – deməyən nənəm əlinin şikəst qalmasına dözə bilmirdi. Hirsini də qoçdan çıxarırdı. Onun üzünə baxmırdı, başına sığal çəkmirdi, tək əllə olsa da onu yedirtmirdi.Qoç onu görən kimi yaxınlaşır, özünü nənəmin ayaqlarına sürtür, sakitcə mələyirdi. Sanki, bağışla- deyirdi…
    Nəhayət qardaşım sağ- salamat hərbi xidmətini Rusiyanın uzaq, soyuq bir şəhərində başa vurub rayonumuza qayıtdı. Hamımız sevinirdik. Nənəm isə sevindiyindən yerə- göyə sığmırdı.
    Atam qoçu qardaşımın başına dolandırıb , duasını oxuyandan sonra kəsdi. Hamımız atamın başına yığışmışdıq. O, qoyunun qanından bizim alnımza, iki qaşımızın arasına sürtdu. Anam yeddi evin ət payını böləndən sonra kabab bişirmək üçün ocaq qaladı. Nənəm isə həyətimizdəki tut ağacının altındakı stolda oturub başını aşagı salmışdı. Qoçun kəsilən tərəfə baxmırdı. Hərdən basına örtdüyü gullü şalın ucu ilə gözlərini silirdi. Nənəmə baxıb mən də kövrəlirdim.Amma bilə bilmirdim nənəm əhd etdiyi qurbanının qəbul olmasına, qardaşımın sag- salamat gəlməsinə, həsrətin bitməsinə görə sevindiyindən ağlayırdı, yoxsa əlində bəsləyib böyütdüyü, sonra da “küsülü” olduğu qoçun kəsildiyi üçün ağlayırdı…

MÜƏLLİF: ZƏHRA SƏFƏRALIQIZI

“Yurd” jurnalının redaktoru

ZƏHRA SƏFƏRALIQIZININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<

Laçının Turşsu bulağında unudulmaz görüş 

Laçının Turşsu bulağında unudulmaz görüş
 

Azərbaycanın füsunkar təbiətə malik bölgələri sırasında Laçın rayonu özünəməxsus yer tutur. İllərlə işğal altında qaldıqdan sonra yenidən dirçələn bu qədim yurd bu gün öz gözəlliyi, saf təbiəti və tarixi məkanları ilə ziyarətçiləri valeh edir. Laçının ən məşhur təbiət abidələrindən biri olan Turşsu bulağı isə bölgənin əsl incilərindən hesab olunur.

Bu günlərdə Laçına səfər etmək və Turşsu bulağını ziyarət etmək mənə də qismət oldu. Dağların qoynunda yerləşən bu möcüzəvi məkan ilk baxışdan insanı özünə heyran edir. Ətrafı sıx meşələrlə, yaşıl örtüklə əhatə olunan bulağın səsi sanki təbiətin öz musiqisini xatırladır. Yerin dərinliklərindən qaynayan mineral tərkibli su əsrlər boyu insanların sağlamlığına fayda vermiş, Turşsunu ölkənin ən məşhur bulaqlarından birinə çevirmişdir.

Turşsu bulağının ən maraqlı xüsusiyyətlərindən biri onun qeyri-adi fəaliyyət mexanizmidir. Yerli sakinlərin və ziyarətçilərin müşahidələrinə görə, bulaq təxminən hər bir saatdan bir fəallaşır. Əvvəlcə yerin dərinliklərindən gələn gurultuya bənzər səs eşidilir, sonra bulaq coşaraq qaynamağa başlayır və təxminən 7 dəqiqə ərzində bol su verir. Bu mənzərəni izləmək olduqca maraqlıdır. Suyun qəfil fəallaşması və qısa müddətdən sonra yenidən sakitləşməsi Turşsu bulağını digər bulaqlardan fərqləndirən təbii hadisələrdən biridir.

Səfər zamanı “Yazarlar.az” saytının rəhbəri Zaur Ustac ilə tanış olmaq da mənim üçün xoş təsadüf oldu. Səmimi söhbət zamanı Laçının təbiəti, Qarabağın dirçəlişi və ədəbiyyatın cəmiyyətdəki rolu haqqında maraqlı fikir mübadiləsi apardıq. Bu görüş səfərimin yadda qalan məqamlarından biri oldu.

Turşsu bulağının ətrafında gəzdikcə insan özünü təbiətlə vəhdətdə hiss edir. Dağ havasının təmizliyi, bulaq suyunun şəffaflığı və ətraf mənzərənin gözəlliyi burada olan hər kəsdə dərin təəssürat yaradır. Bu yerlər yalnız istirahət üçün deyil, həm də insanın mənəvi rahatlıq tapması üçün əvəzsiz məkandır:

https://youtube.com/shorts/v3IIoiC2gGw?si=hf6ykqiUv7u0cmE9

Laçın səfəri mənim yaddaşımda həm Turşsu bulağının möhtəşəm gözəlliyi, onun saatbasaat coşaraq 7 dəqiqə ərzində bol su verməsi kimi maraqlı təbii xüsusiyyəti, həm də Zaur Ustac kimi ziyalı bir insanla tanışlıq baxımından xüsusi yer tutacaq. Əminəm ki, Turşsu bulağı gələcəkdə Azərbaycanın ən çox ziyarət olunan təbiət məkanlarından birinə çevriləcəkdir.


Müəllif: Fəzail RZAQULİYEV,
Müstəqil psixoloq

FƏZAİL RZAQULİYEVİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib

Azərbaycan ədəbiyyatına itki üz verib. Tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri İsmayıl İmanzadə (Mərcanlı) 20 iyun 2026-cı ildə, ömrünün 81-ci ilində vəfat edib.

İsmayıl Səlim oğlu İmanzadə 10 dekabr 1945-ci ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1965-ci ildə indiki Gəncə Dövlət Universitetini bitirib. Uzun illər orta məktəblərdə müəllim, bir müddət isə dövlət qulluğu sahəsində çalışıb.

1993-cü ildə Cəbrayıl rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Mingəçevir şəhərində məskunlaşıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin orqanı olan “Səda” qəzetində şöbə redaktoru, sonradan “Mingəçevir” qəzetində müxbiri vəzifələrində çalışıb. 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin rəhbəri, “İnam” qəzetinin, “Bənövşə” və “Mingəçevir leysanı” ədəbi-bədii dərgilərinin təsisçisi və baş redaktoru olub.  

İlk şeiri 1964-cü ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc edilib. “Səni soraqlaram” adlı ilk kitabı 1980-cı ildə “Gənclik” nəşriyyatında işıq üzü görüb. Sonralar onlarla kitabı nəşr olunub. Şeirlərinin əsas mövzusu vətənpərvərlik duyğusu, yurd sevgisidir. Uşaqlar üçün yazdığı şeirlərinin bir qismi orta məktəb dərsliklərində və məktəbəqədər tərbiyə müəssisələri üçün vəsaitlərdə yer alıb. Altmışa yaxın şeirinə bəstəkarlar tərəfindən musiqi bəstələnib.

İsmayıl İmanzadə təkcə istedadlı ədib deyil, həm də fədakar ziyalı, qayğıkeş rəhbər idi. Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri kimi gənc istedadların üzə çıxarılmasına, ədəbiyyatımızın inkişafına və ictimaiyyət arasında layiqincə təmsil olunmasına əmək sərf etmiş, həmişə qələm əhlinin yanında olub.

Ədəbi-publisistik yaradıcılığı ilə otuz ildən artıq yaşadığı Mingəçevir şəhərinin ictimaiyyətində, eləcə respublika ədəbi mühitində rəğbət qazanıb.

Tanınmış söz ustadı, ziyalı İsmayıl İmanzadənin əziz xatirəsi onu tanıyanlar xatirəsində, ədəbiyyat tarixində yaşayacaq.

***

İsmayıl İmanzadə Mingəçevir şəhərində dəfn edilib. Vida mərasimdə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir və Cəbrayıl ziyalıları, yazarlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Yazarlar” olaraq mərhum İsmayıl İmanzadəni rəhmətlə anır, AYB MİNGƏÇEVİR BÖLMƏSİnin kollektivinə, mərhumun yaxınlarına və bütün bu itkiyə üzülən hər kəsə başınız sağ olsun deyirik.

Allah rəhmət eləsin!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]