Mayor Daş Başov mənzilin eyvanında əyləşmişdi. Qızının gətirdiyi pürrəngi çayı içə-içə həyət-bacaya baxır, gəlib-gedənə göz qoyurdu. Bazar günü olduğundan işə getməmişdi.
Bakıda elə çoxmərtəbəli binalar var ki, bir əlcə həyəti, gəzib dolaşmağa, oturmağa yeri yox. Binaları bir-birinə az qala bitişik tikiblər. Binadan çıxan kimi sakinlər, uşaqlar özlərini küçədə görürlər. Odur ki, valideynlər uşaqlarına tapşırırlar ki, ehtiyatlı olsunlar, özlərini maşından qorusunlar.
Mayor Daş Başovun və bina sakinlərinin bəxti onda gətirmişdi ki, bu doqquzmərtəbəli bina ötən əsrin doxsanıncı illərində inşa olunmuşdu, genə-bol həyəti vardı. Sakinlər həyətdə çoxlu ağac əkmişdilər. İndi kölgəsində dincəlirdilər. Binanın qarşısında park salmışdılar, parkda oturacaqlar, besedkalar, yellənçəklər vardı. Qonşu binalardan da yaşıllığa qərq olmuş parka dincəlməyə gəlirdilər. Xüsusən axşamlar bəzi bina sakinləri yığılıb dəmlədikləri çaydan içir, nərd oynayırdılar. Mayor Daş Başov da bəzən onlara qoşulurdu.
Budur, Füzuli, Vəli, Ramiz keçib əyləşdilər. Qəhvədanı həyətin küncündə qoyduaları köhnə, lakin təmiz və səliqəli seyfdən götürüb su doldurdular, qaynamağa qoydular. Həyətdə bir neçə yerdə su krantı vardı. Ağacları vaxtlı-vaxtında sulayırdılar. Hətta meyvə ağacları vardı. Heyva, nar, üzüm, əncir, tut yetişəndə Uşaqlar, böyüklər bu nemətlərdən yeyirdilər.
Mayor Daş Başov öz-özünə: “İndi başlayacaqlar nərd oynamağa”.
Kim uduzurdusa bir qırağa çəkilir, başqası onun yerini tuturdu.
Həyətdə bir maşın dayandı. Mebel maşını idi. Maşının böyründə iri hərflərlə yazılmışdı: “Nə daşınacaqsa, vur-tut 6 manata”.
Binadan köhnə divan, kreslo çıxarıldı, maşından təzə, özü də abırlı, yəni bahalı divan, kreslo düşürüb pilləkənlərlə yuxarı mərtəbəyə aparıldı.
Mayor Daş Başov diqqət kəsildi. Altdakı mənzildən səslər, ucadan danışıqlar gəlirdi. “Hə, aydındır, mebel qonşu Nərmə Nazikovgilə gətirilib. Ay canım, fikir verdim. Köhnə mebel qaydasında idi. Bu Nərmə kişi niyə onu çölə atır? Belə pullanıb? Fəhlə babadır. Acından yuxudan günorta durur. Lap məəttəl qalmalı işdir”
Mayor Daş Başov əlini yelləyib: “Əşi, biz paxıl deyilik. Öz işidir. Sağ-salamat işlətsinlər. Qonuşunu iki inəkli istə ki…”
Mayor Daş Başov belə fikirləşsə də, atalar məsəlinin dalını gətirə bilmədi. Eyni zamanda düşündü: “Kasıb ona görə kasıbdır ki, gəlirini-çıxarını bilmir”.
Günlər keçdi. Qonşu arada mənzilə nə isə daşıtdırıdı. Əyin-başları da təzələnmişdi. Günlərin bir günündə həyətdə yağın içində bir Mersedes dayandı. Məlum oldu ki, Nərmə Nazikovundur. Mayor Daş Başov fikrə getdi: “Bu Nərmə yoluğun biri idi. Dünənə kimi zavodda fəhlə işləyirdi. Yəqin onu direktor, ya da baş mühəndis qoyublar. Bu da daraşıb dəmir-dümürə, satıb yeyir”.
Maraqlandı, məlum oldu ki, Nərmə Nazikov yenə də fəhlə işləyir. Mayor Daş Başov sakitləşmək bilmirdi: “Bu kişi xəzinə tapıb nədir?! Bu qədər pul onda haradan?”
Mayor Daş Başov əlini alnına apardı: “Hə, tapdım. Yəqin nə isə yaramaz işlərə qoşulub. Narkotiklə məşğuldur, dələduzluq edir nədir, gərək öyrənim”.
Nərmə Nazikov sakit, mərifətli adam idi. Qonşular xətrini istəyirdilər. Heç kimlə işi, problemi yox idi. Ailə üzvləri də eləcə. Mayor Daş Başov nə qədər çalışıb əlləşsə də bir şey tapa bilmədi. Nərmə Nazikov səhərlər işə gedir, axşamlar qayıdır, qonşularla hörmətli davranır, ayağını da əyri atmırdı. Hamı ondan razı idi.
Mayor Daş Başov qalmışdı mat-məəttəl. O, polis idarəsində cinayət-axtarış şöbəsinin müdiri idi. İndiyə qədər onun fəaliyyətində belə bir şey olmamışdı ki, hansısa işi aça bilməsin. Nərmə Nazikov pullanmışdı. Mayor Daş Başov bu pullaşmanın mənbəyini tapa bilmirdi. Dişi bağırsaqlarını kəsirdi. Axırda prokurorun yanına getdi və onun yuxusunu ərşə çəkən əhvalatı danışdı.
Hüquq mühafizə orqanı işçiləri bir müddət Nərmə Nazikovu güddülər. Şübhəli bir şey aşkara çıxara bilmədilər. Prokuror Mayor Daş Başova:
-Görünür nəslindən, ata-anasından, yaxud qayınatasından qalma varidatı varmış, – dedi.
Mayor Daş Başov razılaşmadı:
-Yox, ay canım, bəs neçə illər o varidatdan niyə faydalanmayıb? Ac-yalavac yaşayıblar. Neçə dəfələrlə borc alıb.
Mayor Daş Başovun təkidi ilə Nərmə Nazikovu prokurorluğa çağırdılar. Nərmə səliqəli geyinmişdi. Prokurorluğa dəvət olunduğundan özünü narahat hiss edirdi.
Mayor Daş Başov xahiş etmişdi ki, bu işdə onun əlinin olduğunu bilməsinlər. Prokuror Nərmə Nazikova dedi:
-Hə, danış.
Nərmə Nazikov:
-Nəyi danışım? – deyə xəbər aldı.
Prokuror əlindəki fincanı nəlbəkiyə qoyaraq onun gözlərinin içinə baxdı:
-Xəzinəni haradan tapdığını… – dedi.
Nərmə Nazikov özünü itirdi. Kəkələdi:
-Hansı xəzinəni? Mən xəzinə görməmişəm. Xəzinə nədir?
Prokuror onun kəkələməsindən və özünü itirməsindən bir daha əmin oldu ki, hər halda Nərmənin bir sirri var. Onu öyrənmək lazımdır.
-Sən bir fəhlə babasan, elədir?
-Elədir, cənab prokuror.
Prokuror davam etdi:
-Həyat yoldaşın işləmir. Üç övladın var. Hər üçü məktəblidir. Sənin nə qədər maaş almağından da xəbərimiz var. O maaş zorla sizi görür. Altı ay, bir il əvvəl ehtiyac içərisində yaşayırdınız. İndi o binanın zəngin ailələrindən birisiniz. Düzünü de. Hansı həlləm-qəlləm işə qurşanmısan? Gec-tez onsuz da açılacaq. Hey axtardıq, ip ucu tapmadıq. Narkotiki sənə kim gətirir? Bu, sualın biri. Sən onu kimə ötürürsən? Bu da ikinci sual. Hələlik. Davam edəcəyəm hələ.
Nərmə Nazikovu tər basdı:
-Cənab prokuror, nə narkotika? Mən heç onun rənginin necə olduğunu bilmirəm.
-Bəs o pullar sənə haradan? Mebelini dəyişmisən? Maşın almısan? İndi də evini təmir etmək istəyirsən. Yəqin təzə mənzil də almısan?
Özünün narkotik alış-satışında suçlanması Nərmə Nazikovu düşünməyə məcbur etdi. Bunlara nə var ki, boynuma qoyacaqlar. Yaxud oğurluqda günahlandıracaqlar.
Nərmə Nazikov hələ özünə gələ bilmirdi ki, cavab versin:
Prokuror ayağa qalxıb gəzindi:
-Nərmə, sən kimə gəlirsən? Mən bu yolda saçımı-saqqalımı ağartmışam. Nə bizi, nə də özünü yorma. Həqiqəti aç, de.
Nərmə Nazikov dilə gəldi:
-Bəli, varlanmağım səbəbsiz deyil. Amma mən əyri yola düşməmişəm. Təqsirkar qonşudur. Niyə? Bu dəqiqə deyim. Qonaq otağımızdakı çil-çıraq gözümə birtəhər göründü. Birtəhər deyəndə bir az yana əyilmişdi. Dedim çıxıb düzəldim. Pis görünür. Ayağımın altına stul qoyub qalxdım. Çil-çırağı əvvəlki yerinə çəkəndə yuxarıdan tappıltı ilə döşəməyə nə isə düşdü. Qızıl onluq idi. Qaldırmaq istəyəndə biri də düşdü. Götürdüm. Sonra stulun üstünə çıxıb baxdım. Qonşunun döşəməsindən nə isə bir balaca yarıq açılmışdı. Qızıl onluqlar oradan sürüşüb düşürdü. Yenə də qızıllar vardı. Amma mən onları götürməyə tələsmirdim. Qonşu duyuq düşərdi. Hərdən birini, ikisini götürüb xərcləyirdim. Mayor Daş Başovun mənzili idi. Sən demə, döşəmənin taxtasını, ya da parketi qaldırmaqla qızılları orada gizlədirmiş. Bizim çilçırağın bənd edildiyi tavanda mənim, yoxsa onun günahından oyuq açılmışdı… İndi başa düşdünüz. Oğrudan oğruya halaldır…. Qonşunun hələ də yoxa çıxan qızıllardan xəbəri yoxdur.
Prokuroru gülmək tutdu:
-Yaxşı, sən get. Lazım olanda çağıraram
Nərmə Nazikov çıxdı. O gedəndən sonra prokuror Daş Başovu nəzarətə götürtdürdü. Məlum oldu ki, o, cinayətkarlarla əlbir olub, müxtəlif yollarla pul qazanır. Aldığı pulları qızıla çevirir.
Daş Başov rüşvətxorluqda, vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilərək həbsə alındı. Belə yerdə deyirlər: “Başqasına quyu qazan özü həmin quyuya düşür”.
Otuz il qabağın söhbətidi. Payız günlərinin birində orta məktəb yoldaşım yanıma gəlmişdi. Ucaboy, güləriz, sifətindəki işıqdan başqa elə də cəlbediciliyi olmayan, hesabat verirmiş kimi əl-qoluyla danışmağı xoşlayan dostumun üz-gözündən həyat eşqi yağırdı. Onda mən, indi adından başqa heç nəyi qalmayan “İşıq” nəşriyyatının not-musiqi redaksiyasında otururdum. Redaksiyanın qadın işçiləri bir göz qırpımında vuruldu ona. Xüsusən də Afər xanımın marağı dostumu ilhama gətirmişdi. Şirvanlı ehtirasıyla basıb-bağlayırdı. Saat yarımdan sonra xudafizləşib gedəndə az qala rerdaksiya işçiləri nəşriyyatın qapısınacan onu yola salmağa çıxmışdı. Sonra da məni tutdular sorğu-suala. Mən də xəsislklə söz kəsənlik elədim: –Yerlimdi, bir məktəbdə oxumuşuq… Beş aydan sonra təzəcə işə gəlmişdim ki, tanımadığım bir oğlan uşağı redaksiyamıza gəldi: –Müəllim, çayxanada sizi bir kişi gözləyir. Tələsik aşağı düşdüm. Gördüm dostum çayxananın bir qırağında qarşısında bir çaynik çay, iki stəkan, beli bükülmüş vəziyyətdə oturub, gözünü zilləyib bir nöqtəyə. –Niyə yuxarı qalxmamısan?! –Qalxa bilmədim… –Niyə? Qəribə cavab verdi: –Bilərsən. –Gözümə kefsiz dəyirsən?! –Sınıq çıxmışam! –Nə mənada?! –Malımı-pulumu batırmışam. – Üzünə maraqla baxdığımı görüb, gülümsədi. –Yeməyə çörəyim vardı, sürməyə maşınım vardı, xərcləməyə pulum vardı. Amma bunlar mənə azlıq eləyirdi. İstəyirdim adamların gözündə bir mərtəbə də ucalım. Başladım təzə qazanc yeri axtarmağa. Böyük adamların birinin bacısı uşaqlarıyla qarşılaşanda çiçəyim çırtladı: “Mənim də atımın nalınamı, alnınamı gün doğarmış!”. Onların söhbətindən belə başa düşdüm ki, Rusiyada tomat pastasının ayağı yerə dəymir. 10 min banka apar, bir ətək pulla qayıt. Beh verib, 10 min bankanı sayıb götürdüm. Vaxt qoydular. Ticarətdə də vaxt qumarda uduzmaq kimi bir şeydi. –Narahat olmayın, inşallah, 10-15 gün qabaqcadan pulunuzu qaytaracağam. –Unutma ki, bir gün geciksən, 1 faiz artıq ödəməli olacaqsan. Sağ əlimi qoydum sol gözümün üstünə. –Niyə sol?! –Sağımdan solum yaxşı görür. Gülüşdülər… Malı yük maşınıyla vurdum Rusiyaya, özüm də dalıyca uçub getdim. Saratovda yükü qarşılayıb yer-yurd elədim. Nümunə üçün bir qədərini çıxartdım bazara. Alıcı quş kimi aldı üstümü. Gördüm, bankanı əlinə götürüb o-üz bu üzünə baxan-baxan yerə qoyub, çıxıb gedir. “Köpək uşağı, – ürəyimdə dedim, – heç olmasa dadına baxın.”. Hətta birini də açıb nümunə kimi qoymuşdum ortalığa. Heç barmaqlarını batırıb dillərinə də vurmadılar. Çaşıb qaldığımı görən bir Allah bəndəsi qulağıma pıçıldadı, – bunun istehsal tarixi, yararlılıq müddəti, nettosu… bruttosu… hanı?! Barmağımı dişlədim. Böyük adamın bacısı uşaqları tomat pastasını eləcə bankələrə doldurub, üstünə də pomidor şəkli yapışdırıb, vermişdilər qoltuğuma. Mən də hər yeri Azərbaycan bildiyimdən, ağlıma da gəlməmişdi ki, baxım görüm zəhrmara qalmış pomidor pastasının istehsal tarixi haçandı. Rusa da, bankanın içindəkindən çox çölü lazımdı – 500 qram əvəzinə 100 qram da olsa, təki etiketi olsun, elə dolu banka kimi qəbul eləyəcəklər. Malı bazardan çıxardıb, aparıb tökdüm kirayədə qaldığım həyətə. Elə axşam ikən axtarıb bir mət¬bəə tapdım. Sifariş verib, malın çəkisi, istehsal tarixi, yararlılıq müddəti… nettosu… bruttosu… möhür düzəltdirdim. Səhər sübh namazından… Sözünü ağzında qoydum: –Namaz qılırsan bəyəm?! –Bir o qalmışdı! –İndi hamı millət namaz qılır. –Millət çaşıb, elə bilir müsəlman olmaq namaz qılmaqdan ibarətdi! Lənət şeytana. Onu deyirdim axı. Qolumu çırmayıb, girişdim işə. Özüm tək, banka da on min… Şappa-şap başladım bankələrin kürəyinə möhür salmağa. Necə qızışırdımsa, yemək-içmək yadımdan çıxırdı. Bir də onda ayılırdım ki, bir əlimdə möhür, bir əlimdə bankə, başımı qoymuşam taxta qutunun üstünə, ağzımın suyu da daşdan su daman kimi axıb tökülüb şalvarıma. 15 günə bankaları möhürləyib qurtardım. Çıxartdım bazara – baxan-baxan göydə qapırdı. Bir gün də gördüm, nəsə mal ağır gedir. O yan-bu yana boylananda, boğazım qurudu. Yalançılar sözü bazarda tomat əlindən iynə atsaydın yerə düşməzdi. Yerlilərim parta-part tomat pastası satırdı. Artıq malın pulunu vermək vədəm də tamam olmuşdu, hələ də 3-4 min satılmayan bankə qalmışdı. Bakıdan da xəbər xəbər dalınca gəlirdi – bizimlə zarafat eləmək fikrinə düşməyəsən, ha! Malı dəyər-dəyməzinə yerlilərimə satıb, geri qayıtdım. Haqq-hesab zamanı məlum oldu ki, əlim ətəyimdən uzun gəlir – mayanı da yemişəm, qazancı da. Qayıtdım Kürdəmirə. Gördüm, yoldaşım, uşaqları da götürüb ehtiyac üzündən çıxıb gedib atası evinə. Evdə tək qalan bacım da acından ölüb. 2 gündən sonra ailəm geri qayıtdı. Bərk sevinirdilər. Elə bilirdilər, yel əsib, qoz tökülüb… Başladı ağır günlərim. Bir adamdan da borc almağa üzüm gəlmirdi. Qorxurdum, məni araya qoyalar. Bir az dəmir-dümürüm vardı, satıb, puluyla gün keçirtməyə başladıq. Bir səhər evdən çıxanda yoldaşım dedi: –Çörək alarsan. 3 çörək alıb gətirib verdim. Günorta evə qayıdanda, yoldaşım zəndlə üzümə baxdı. –Nədi, nə olub?! –Çö¬rək almamısan? –Nə çörək, – dedim, – bayaq aldığım çörək deyildi?! –Ay bəxtəvərin balası, iki oğlun var, hərəsi bir dana boyda, onlara 3 çörək bəs eləyər, elə yavan-yavan yedilər?! İnan, dünya gözümdə zülmət qaranlığa döndü. Cibimdə bir qara qəpik də yox idi. Qapının ağzındakı kətilə yanımı qoyub, əllərimlə başımı tutdum… Bir xeyli vaxt nə o dilləndi, nə məndən səs çıxdı. –Bilirsən, niyə gəlmişəm? Sual dolu nəzərlərimi dikdim üzünə. –Mənə pul lazımdı – borca! –Nə qədər? –On min. Zəka sahiblərinin məsləhəti yadıma düşdü – “İstənilən borcun yarısını verəsən gərək.”. –Min manata gücüm çatar. Ağlımdan keçdi ki, müdriklər onu da deyib ki, borc vermə, verdinsə, geri qayıdacağından ümidini üz. –Onu da bağışlayıram sənə! –Allah razı olsun! Düzünü bilsən, yaram çox dərindi, yüz min də sağaltmaz. Amma indi min də məndən ötrü böyük puldu. –Allahın verdiyinə qane olaydın gərək! Əlini əlinə vurub şaqqıldayıb güldü. Çaşıb qaldım: “Bu dərd hara, bu gülüş hara?!” –Nədi, gülüşüm səni çaşdırdı, deyəsən?! Başımı yellədim. Bayaq stolu döşüylə qabağa itələyib, yan tərəfə çevrildi. Gördüm sağ ayağı dizdən aşağı yoxdu. –Bu nədi?! –Nəfs…
Yazarlar”jurnalının baş redaktoru Zaur USTAC “Heydər Əliyev ili” çərçivəsində səmərəli fəaliyyətinə görə “Heydər Əliyev 100” Fəxri media mükafatı ilə təltif olunub. “Yazarlar” kollektivi adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq!!!
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz!
NADANLIQ
Urmu axan göz yaşımdı,
Yanağımda duz olubdu…
Urmu, Urmu söyləməkdən
Bağrım başı köz olubdu…
* * * Şümürə lənət deyənlər Susuz qoyubdu dindaşın… İnsan insana qənimdi, Günahı nə dağın, daşın? * * * Savalanı dərd qocaltdı, Murov soyuqdan üşüyür… Araz sükütun pozmayır, Kür əlçatana döşüyür… * * * Dəmir Qapım pas atıbdı, Neçə körpüdən keçmirik… Kərkük, Mosul unudulub, Bağdada iraq demirik… * * * Nəsimi nəşi Hələbdə, Füzuli hərəmdə qalıb… Babəkin ruhu sərgərdan, Bəzz qalasın duman alıb… * * * Suyumu daşla boğurlar, Daşımı suyla yuyurlar… Xudafərin, Urmu incik, Bizləri bizsiz qoyurlar… * * * Şah babam yol ortasında, Koroğlu göylərdə gəzir… Bizi, bizdən ayrı salan Nadanlıq ruhumu əzir…
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!!
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!
TUNCAYA
(Tuncayın timsalında !!!)
Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi * * * Xəzəri ortaya düz qoyub nişan, Boynuna dolanan Hilal sənindi! Ən uca zirvələr, ən dərin göllər Ormanlar, dəryalar, düzlər sənindi! * * * Tanrının payıdı, lütf edib sənə, Tanrıya sarsılmaz inam sənindi! Ataya, Anaya, qocaya hörmət Sirdaşa sədaqət, güvən sənindi! * * * Zamanla hökm etdin tüm yer üzünə Hakimiyyət sənin, höküm sənindi! Aman istəyəni kəsmədin heç vaxt, Ən böyük ədalət, güzəşt sənindi! * * * Unutma ki, lap binədən belədi, Mərhəmətli, yuxa ürək sənindi! Xilas etdi, bağışladı ənamlar, Yamana yaxşılıq, ancaq sənindi! * * * Döyüşdə, düşməni alnından vuran, Süngüsü əlində ərlər sənindi! Savaşda, uçağı kəməndlə tutan, Qüvvəsi qolunda nərlər sənindi! * * * Dəli-dolu Türk oğullar cahana Bəxş etdiyi şərəfli ad sənindi! Adı gəlsə, yeri-göyü titrədən Qorxu bilməz, şanlı əsgər sənindi! * * * Çöldə simgə etdin Qurdu sancağa, Kəhər Atın ən yaxşısı sənindi! Ay-yıldızı nişan tikdin Bayrağa, Zəkalar, dühalar tümü sənindi! * * * Tutduğun yol tək Tanrının yoludu, Aydın zəka, tər düşüncə sənindi! Çoxu deyir, tay dünyanın sonudu, Fəqət bilməz, yeni dünya sənindi!!!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Metroda basa-bas idi. Hamı eyni vaxtda – saat 18-də işdən çıxdığından metroya üz tutur, basırıq yaranırdı. Bu qədər insanı avtobuslar aparıb mənzil başına çatdıra bilməzdi. Tutumuna görə, tıxaclar səbəbindən və s. Həm də saatlarla dayanıb avtobus gözləməli olardın.
Bu yeraltı nəqliyyatı – metronu icad edənlərin Allah atalarına rəhmət eləsin. Bakıda yaşayanların sayı xeyli artmışdı. Odur ki, çox vaxt metro da xəcalətli qalırdı. Dili yox idi ki, üzr istəsin.
Xüsusən səhərlər, bir də axşamüstülər metroya da yaxın gəlməli deyildi. İşdən çıxıb metroya gəlincə on beş dəqiqə çəkdi.
Rəsul əvvəlcə metronun, sonra eskalatorun qarşısında növbədə tutdu. Axır ki, 28 May stansiyasına enib, qatarı gözləməyə başladı. Burada lap çox adam vardı. 4-5 cərgədə düzülmüşdülər. Özünü vaqona salmaq böyük qəhrəmanlıq idi ki, Rəsul bunun öhdəsindən gəldi. Təzə vaqonların kondisioneri işləsə də, köhnə vaqonların kondisionerini işə salmırdılar. Rəsulun baxtına köhnə vaqon düşmüşdü. Tər onu yuyub aparırdı. Nə etməli? Dözmək lazım idi.
İçəridəki adamlar az qala bir-birlərinə yapışmışdılar. Tərpənmək, dönmək olmurdu. Qarşı tərəfdə bir kişi vardı. Rəsulla qarın qarına dayanmışdı. Rəsulun ayağı ağrıyırdı. Bu, səbəbsiz deyildi. Növbəti stansiya “Nizami” idi. Rəsul üzünü həmin kişiyə tutaraq:
-Nə vaxt düşəcəksən? – deyə soruşdu.
Kişi:
-20 yanvar stansiyasında düşəcəyəm, – dedi.
Rəsulun ona acığı tutdu:
-20 yanvar stansiyasına qədər mən dözməliyəm?
Onun sözləri kişiyə çatmadı. Rəsulun nə dediyini başa düşmədiyindən ondan soruşdu:
-Vaqonun isti, adamların çox olmağı mənim günahımdır?
Rəsul başa saldı:
-Söhbət vaqonun isti, adamların çox olmağından getmir. Sən mənim ayağımın üstünə çıxmısan. Soruşuram ki, nə zaman düşəcəksən? Sən də mənə nağıl oxuyursan. Deyirsən 20 yanvar stansiyasında düşəcəyəm. Həmin stansiyaya hələ 3 dayanacaq qalır. O vaxta qədər mən dözməliyəm? Bu lap ağ olar axı…
Yazırlar – 24 oğuz boyundan biridir. Fəzlullah Rəşid əd-Din (1247–1318) “Came ət-Təvarix” adlı əsərində yazırdı: “Yazır tayfası öz mənşəyini Oğuz xanın 24 nəvəsindən biri olmuş Yazırdan götürmüşdür. Bu adın mənası belədir: O, çoxlu ölkəyə hakim olacaq”.
Özbək tarixçisi Əbu əl-Qazi Bahadur xan (1603–1664) isə “Şəcəreyi tərakimə” adlı əsərində yazır adının mənasını “elin böyüyü” kimi izah etmişdir.
Sovet arxeoloqu və tarixçisi Sergey Pavloviç Tolstov (1907–1976) 1947-ci ildə “Советская этнография” jurnalında dərc olunmuş “Города Гузов (историко-этнографические этюды)” adlı məqaləsində türkmənlərin yazır tayfasını saka xalqının as–alan tayfası ilə eyniləşdirmişdir:
“Yazır adı ilə yas–alan adı arasında, şübhəsiz ki, onomastik oxşarlıq mövcuddur. Ancaq, bu, əlbəttə ki, hansısa etibarlı bir nəticəyə gəlmək üçün yetərli deyildir. Bununla belə, bir məsələni xatırladım: Tarixi mənbələrdən açıq-aydın şəkildə görünür ki, yazır boyu oğuz xalqının ən cənub-qərb tayfası olmuşdur. Durun bölgəsinə köçməzdən əvvəl yazırlar Cənubi Üstyurt və Manqışlak bölgəsində, yəni burada yaşamışlar. XI əsrin əvvəllərində əl-Biruni qarışıq xarəzm–peçeneq dilində danışmış alanları və asları da məhz burada lokallaşdırmışdır. Bu fakt onomastik əlaqəni artıq mühüm tarixi-etnoqrafik sənədə çevirir”.
Türkmən arxeoloqu və tarixçisi Ovez Gündoqdıyev (1966–2013) “Прошлое туркмен” adlı əsərində yazırdı: “Yazır tayfasının latın S hərfi şəkilli damğası Altın-Depedə (e.ə. II minillik, Cənubi Türkmənistan) və Qədim Mərvdəki kiçik heykəllərdə (e.ə. II minillik) aşkarlanmışdır”.
Yenə də Sergey Tolstov “По следам древнехорезмийской цивилизации” adlı əsərinin 153–160-cı səhifələrində yazırdı: “Kuşan dövrü Xarəzmindən bir sıra abidələr qalmışdır. Onlardan ən xarakterik olanı Ayaz–Qala kəndinin xarabalıqlarıdır. Oradakı bir evin mədəni təbəqəsindəki quyudan və ətrafdakı təndir yerlərindən Şah Kanişka və kuşan xalqına (I əsrin sonu, II əsrin əvvəlləri) aid çoxlu sikkə tapılmışdır. Sikkələrin hamısının hər iki tərəfinə latın S hərfi həkk olunmuşdur”.
Qeyd. Hər iki tərəfinə latın S hərfi həkk olunmuş sikkələrin tapıldığı qədim kəndin adına diqqət yetirək: Ayaz–Qala. Böyük ehtimalla, bu toponim özündə as (yas, yazır) etnonimini əks etdirir. Oğuz elinin yazır boyunun damğası isə məhz latın S hərfi şəklində idi.
Türkmənistanın Axal və Balkan vilayətlərində Tak-Yazır və Yazır-qala adlı şəhərlərin xarabalıqları qalmışdır. Türkiyənin Qaziantep ilində isə Yazır adlı şəhər vardır.
Orta əsrlərdə yazır tayfasının bir hissəsi qaradaşlı adlanmışdır. Gürcüctan Respublikasının Bolnisi rayonunda əzəldən azərbaycanlıların yaşadığı kəndlərdən birinin adı Qaradaşlı olmuş, 1991-ci ildə Gürcüstan hökuməti həmin kəndin adını dəyişərək, onu İtsria adlandırmışdır.
Bugün Azərbaycan Respublikasında, Ermənistan Respublikasında (Qərbi Azərbaycanda), eləcə İran İslam Respublikasının azərbaycanlılar yaşayan ostanlarında Qaradaş adlı məntəqələr mövcuddur. Amma həmin toponimlərin qaradaşlı (yazır) etnonimi ilə əlaqəli olduğunu birmənalı şəkildə iddia edə bilmərik.
Qaradaş – Azərbaycanın Tovuz rayonunda kənd. Qaradaş – Azərbaycanın Sədərək rayonunda dağ. Qaradaş – Ermənistanın İcevan rayonunda kənd. Qaradaş – İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanında kənd. Qaradaş – İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanında kənd. Qaradaş – İranın Zəncan ostanının Mahnişan şəhristanında kənd. Qaradaş – İranın Qəzvin ostanının Takistan şəhristanında kənd. Qaradaş – İranın Qəzvin ostanının Avəc şəhristanında kənd. Qaradaş – İranın Mərkəzi ostanının Şazənd şəhristanında kənd. Qaradaş – İranın Rəzəvi-Xorasan ostanının Nişapur şəhristanında kənd.