Mən tanıdığım daha bir neçə nəfəri əlavə etmək istəyirəm: Fikrət Hacıyev (Ləmbərani) uzun müddət Lenin yolu qəzetinin məsul katibi olub, sonra Ağdaş rayon qəzetinə Baş redaktor göndərilib. Sabir və Tanrıverdi Tanrıverdiyev qardaşlar. Çəmənlidəndirlər əslən, şöbə müdiri olublar. Lenin yolu qəzetində bizim Qara müəllim də əməkdaşlıq edib. Şahmar Əkbərzadənin ilk şeiri “Qara kağızlar” bu qəzetdə dərc olunub. Dostum Şahin Günəşli bu qəzetdə saysız-hesabsız məqalələr dərc etdirib. Məncə, əgər bu qəzetdən söhbət gedirdisə, başqa adları başqa ad altında təbrik etmək daha doğru olardı. Yenə də… Təbrik edirəm! Qələndər Xaçınçaylı ilə də qiyabi tanış idim. Çoxlu telefon söhbətlərimiz olub! Dünyasını dəyişən ellilərimə Allahdan rəhmət diləyirəm.
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.
Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.
1908-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı” aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.
Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.
Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.
“Molla Nəsrəddin” jurnalında “Lağlağı”, “Ceyranəli”, “Xortdan”, “Həkiminun-səğir”, “Mozalan”, “Süpürgəsaqqal” imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə “Marallarım” silsilə hekayələrini, “Xortdanın cəhənnəm məktubları” povestini bəxş edib.
“Şeyx Şəban”, “Mirzə Səfər”, “Bomba”, “Pir”, “Çeşmək”, “Qiraət” əsərləri nəsrimizin incilərindən sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Emil Zolyanın “Qazmaçılar”, Mari Fransua Volterin “Sultan Osman”, Hans Xristian Andersenin “Bülbül”, Maksim Qorkinin “İzergil qarı” hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.
Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.
Dramaturqun ilk qələm təcrübəsi olan “Hacı Daşdəmir” məzhəkəsi əldə yoxdur. Müəllifin etiraf etdiyi kimi, bu pyes “Hacı Qara” komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. Peterburqda “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) məzhəkəsini, “Dağılan tifaq” (1896) faciəsini qələmə alıb. Şuşada “Bəxtsiz cavan” (1900) faciəsini və Bakıda “Pəri cadu” (1901) dramını tamamlayıb.
1927-ci ildə yazılmış “Köhnə dudman” və “Baba yurdunda” dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.
Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli “Qırmızı qarı” (1921), “Padşahın məhəbbəti” (1921), “Ağac kölgəsində” (1921), “Qoca tarzən” (1922), “Vaveyla” (1922), “Ədalət qapıları” (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi “Səhnə qurbanı” (1926), “Məşədi Qulam qiraət öyrənir” (1927), “Qadınlar bayramı” (1928), “Kamran” (1931), “Sağsağan” (1931), “Yoldaş koroğlu” (1932), “Çox gözəl” (1932), “Daşçı” (1933) pyeslərini yazıb.
Hadisə dağınıqlığı dramaturqun “Bəxtsiz cavan”, “Köhnə dudman”, “Dağılan tifaq” dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib.
Əbdürrəhim bəy Haqverdiyev “Müsibəti-Fəxrəddin”dən sonra milli dramaturgiyamızda ikinci faciə olan “Dağılan tifaq”ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf bəy və Süleyman bəy obrazlarıdır.
Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr “Bəxtsiz cavan”da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə Fərhadla əks qütbdə dayanan əmisi Hacı Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli, əmisi oğlu Çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar.
Əbdürrəhim bəy “Pəri cadu” faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri, İblis, Əcinnə, Şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. Bu qənaət aydın, ifadəli və həyatidir. Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir.
Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, “Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb.
Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, “Ədalət qapıları”) insan amili ilkindir.
Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Köhnə dudman”, “Baba yurdunda” dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb.
Onun “Ac həriflər”, “Millət dostları” səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında Əbdürrəhim bəy Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və Təbliğ Teatrında onun məzhəkəintermediyaları uğurla oynanılıb.
Realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.
Müəllifin “Qırmızı qarı”, “Ədalət qapıları”, “Ağac kölgəsində”, “Vavеyla”, “Köhnə dudman”, “Baba yurdunda”, “Qadınlar bayramı”, “Kamran”, “Sağsağan”, “Yоldaş Kоrоğlu”, “Çоx gözəl” və s. həmçinin “Marallarım” silsiləsindən hekayələri ədəbi ictimaiyyətin diqqətini cəlb edib. Yazıçının hеkayələrinin bir qismi “Marallarım” (1927) və “Hеkayələr” (1940) kitabında toplanıb.
1928-ci ildə ədəbiyyat və incəsənət sahəsindəki xidmətləri nəzərə alınaraq Ə.Haqverdiyevə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. Böyük ədib 1933-cü il dekabrın 11-də Bakıda vəfat edən zaman Fəxri xiyabanda dəfn olunub. Dahi yazarla izdihamlı vida mərasimi onun xalq tərəfindən necə sevildiyinin bariz nümunəsi kimi yadda qalıb.
Prezident İlham Əliyevin 31 yanvar 2020-ci il tarixli Sərəncamı ilə ədibin anadan olmasının 150 illiyi ölkəmizdə qeyd edilib. Ə.Haqverdiyevin 150 illiyi eyni zamanda UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib.
Bu gün Azad Vətən Partiyasının və “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin təşkilatçılığı ilə döyüşçü Əkbər Rüstəmovun “Qayıt gəl” və şair-publisist Məmməd Mərzilinin “845” adlı kitablarının təqdimatı oldu.
Tədbiri açan Novruz Novruzov yeni kitabların oxucuya aşıladığı qayədən, müəlliflərin toxunduqları mövzuların aktuallığından danışdı. Tədbirdə iştirak edən keçmiş döyüşçülər, kitablarda təsvir edilən səhnələrin, deyilən fikirlərin iştirakçıları və daşıyıcıları söz alaraq xatirələrini danışdılar.
Azad Vətən Partiyasının sədri Akif Nağı, “Qarabağ Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firidun Məmmədov, Haşım İsgəndərli, Nazim Vəlişoğlu, Vahid Çəmənli, jurnalist Rauf İlyasoğlu, Zaur Ustac, keçmiş döyüşçülər Babək Quliyev, Fəxrəddin Rəcəbov, Sərxan Məzlumov, Seymur İsmayılov, Azad Ramazanov, AzVP üzvlərindən Tacəddin Əyyubov, Firuzə Əsədullayeva, Hacı Fərman Azançı və başqaları öz çıxışlarında müəllifləri təbrik etdilər, bu mövzuda kitabların daha çox yazılmasını arzuladılar,
Qarabağ döyüşlərininilk günlərindən həyatını səngərə bağlayan, ailəlikcə torpaq uğrunda vuruşan Hacı Əkbər Rüstəmovun keçdiyi döyüş yolu xalqımızın mübarizə əzminin qürurverici salnaməsidir. Bu yolda 3 oğlundan birinin Şəhidlik Qürurunu yaşayan bu məğrur atanın cəbhə qeydləri “Qayıt gəl” adlı yeni kitabda toplanıb.
Məmməd Mərzilinin “845” adlı kitabında isə eyni nömrəli batalyonun Qarabağda keçdiyi odlu-alovlu döyüşlərdə cəsurluqla vuruşan, adını Şəhidlik zirvəsinə həkk edən və hazırda yaşayan əsgərlərinin həyatından, qəhrəmanlıqlarından səhnələr və qiymətli məlumatlar yer alıb.
Tədbirin gedişi zamanı “Yazarlar” jurnalının baş redaktoru, şair-publisistZaur Ustac yeni kitabların işıq üzü görməsi münasibəti ilə müəlliflərə “Ziyadar” mükafatı təqdim edib. Tədbirdən fotolar:
“YAZARLAR” olaraq müəllifləri təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq. Uğurlarınız bol olsun, dəyərli qələmdaşlar!!!
Vətən uğrunda apardığı savaşda qalib gəlsə də, yaşamaq uğrunda savaşda məğlub olan Baş Leytenant….
Ağdam Şəhidi Baş Leytenant Səfərov Hikmət İldırım oğlu 11.07.1972-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində anadan olub. Hikmət 1979-cu ildə Ağdam rayonunun Yusifcanlı kəndi orta məktəbinin birinci sinfində orta təhsilinə başlayıb və 1989-cu ildə elə həmin məktəbi bitirərək 1990-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub və 1995-ci ildə “İnformasiya ölçmə texnikası” ixtisasını bitirdikdən sonra “Leytenant” rütbəsi almışdır. Hikmət Səfərov 2001-ci ildən etibarən Yazıçılar birliyinin “Ulduz” jurnalında işləməyə başlayıb və elə həmin il ailə həyatı qurub. Daha sonra 2002-ci ilin oktyabrında həqiqi hərbi xidmətdə “Leytenant” olaraq xidmətə başlayıb və 2004-cü ilin yayında Baş Leytenant olaraq ehtiyyata buraxıldı. 12.11.2004-cü il tarixində “Qaya” mətbuat yayımında işə başlayan Hikmət Səfərov 30.08.2016-cı il tarixində həmin işdən ayrılıb və 04.01.2018-ci il tarixində “Dokta MMC” şirkətində Xəzinadar kimi fəaliyyət göstərməyə başlayıb. 20.09.2020-ci il tarixində ehtiyyatda olan Baş Leytenant olaraq hərbi təlimlərə çağırılan Hikmət Səfərov Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq ordu sıralarına qoşulur və Baş Leytenant 04.10.2020-ci il tarixində Suqovuşan ərazisinin azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Dəfələrlə əməliyyat olunmasına baxmayaraq 17.10.2020-ci il tarixində “koma”-ya düşdü və 52 günlük komadan sonra 08.12.2020-ci il tarixində (48 yaşında) Şəhid oldu.. Və Baş Leytenant Səfərov Hikmət 09.12.2020-ci il tarixində yüksək rütbəli ordu məmurlarının, müvafiq icra hakimiyyəti nümayəndələrinin, ailə üzvlərinin və xeyli sayda insanların iştirakı ilə 2-ci Fəxri xiyabanda dəfn olunub. Ailəli idi. Ondan yadigar 2 oğul övladı – Azər və Anar qaldı.. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən Baş Leytenant Səfərov Hikmət İldırım oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub. Ruhun qarşısında baş əyirik, cənab Baş Leytenant! Ruhun şad olsun!
Mən təxminən 2004-2005-ci illərdə şair – publisist Nadir Qədimlini tanıyıdım. Şəxsən özünü yox! Hələ özü ilə tanış deyildim. Heç bilmirdim kimdi… Amma şeirlərini oxuyurdum, onun ruhunda, qəlbində hansı fırtınaların qopduğundan xəbərdar idim, vətəni üçün ürək sızıltılarını duyurdum. Agah idim, agah idim ki, bu şeirləri yazandan sonra, çarpayısına uzanıb, gözlərini tavana zilləyir, xəyalları uşağlığı, gəncliyi keçən yerlərə uçur, “əlçatmaz”lar gözü qarşısına canlanır.. tavana dirəkli qalmış gözlərindən qeyri-ixtiyari yaşlar süzülür….
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,təbiət gəlhagəl deyir.
Bəzənib min dona min naz eyləyir,
Gələnə-gedənə danış,gül deyir.
Dedim ki,açılar bu qərib könlüm,
Bir az da mən özüm sevinim,gülüm,
Doyunca baxmadım xəcalətimdən,
Dedim bu sevincdən yaxşıdır ölüm!
Hər çiçək gözümdə bir dərd topası,
Oydu bu içimi dərd oyum-oyum.
İstədim boylanam dağlara sarı,
Dağların boyuna, çatmadı boyum.
Hər bahar qəlbimdə ümid göyərir,
Hər bahar qəlbimdə bir ümid solur.
Deyirəm gələn yaz yurda gedərik,
Nə yazım yaz olur,nə yurd, yurd olur.
Dedilər yaz gəlir çıxdım eyvana,
Gördüm ki,çəmən-çöl,gül ləçəkliyir.
Bəxtəvər başına dedim,ay Nadir!
Sənin də qəlbində dərd çiçəkləyir.
Bu şeiri oxuyub ümidlərinin suya düşdüyünü anlayan oxucunun ürəyi parçalanırsa, gör bu şeiri yazan nələr çəkir?Vətən nisgili ilə qovrulanlar bilər bu şeirin ağırlığını, kədərini… Nadir Qədimlinin hansı şeirini oxudum, öz dərdimi gördüm, öz yurd həsrətimi, yuva nisgilimi gördüm. Hərdən yurdumuz üçün burnumuzun ucu göynəyəndə, ürək qübar edəndə şairin misraları hisslərimizə tərcüman olurdu:
Dərd əhliyəm,dərdlər yatır sinəmdə,
Yadlar qurub alaçığın binəmdə,
Mən hansı dərdimə dərman tapmışam?
Bir danışam, bir sevinəm, güləm də,
Kəndimiz yamanca yadıma düşür.
Hə, indi gəl, bu şeiri sonacan oxu, amma başını qarşındakı masaya qoyub asta-asta ağlama…
Şairin mənzum dramları yaxud poeziya tamaşası…
Günlərin bir günü şairin özü ilə tanış oldum. 2007-ci il idi. Eləcə düşündüyüm kimi:Sadə, mehriban, təvözəkar, bir də kökünə qədər dərd dolusu gözlərini tanıdım. Vətən yanıqlısı olmağımız bizim əsas ortaq nöqtəmiz idi. Fürsətdən istifadə edib yaradıcılığı ilə bağlı suallarıma da cavablar aldım. Nadir müəllim ixtisasca iqtisadçı olmasına baxmayaraq, hələ 1998-ci ildə onun “Qarabağım qan ocağım” mənzum dramı rejisor Ədalət Ziyadxanov tərəfindən Əbdürrəhimbəy Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulur. Tərbiyəvi əhəmiyyət kəsb edən məzmununa, poetik rəngarəngliyinə, aktyorların oyununa, rejissor quruluşuna, dekorasiya tərtibatına görə tamaşa böyük uğur qazanır. Əsərin belə uğurlu alınması Azərbaycan Dövlət Televiziyasının diqqətindən yayınmır. Tamaşa AZTV tərəfindən kadra alınır və hazırda orada qorunub saxlanılır.
Bundan başqa şairin Ağdam Dövlət Dram Teatrında “Özəlim, Gözəlim”, “Təftiş əməliyyatı”, “Günahsızlar” pyesləri tamaşaya qoyulub. Hətta “Özəlim, Gözəlim” komediyası əsasında televiziya tamaşası hazırlanmışdı. Yeri gəlmişkən, Ağdam Dövlət Dram Teatrı ötən ilki mövsümü şair Nadir Qədimlinin “Günahsızlar” əsəri əsasında hazırlanan tamaşa ilə açıb və ilk tamaşa hərbçilər üçün təqdim edilib. 44 günlük müharibədən sonra səhnəyə qoyulan “Günahsızlar” tamaşası festivala təqdim olundu. Üstəlik Mədəniyyət Nazirliyi və Teatr Xadimlər İttifaqının “Fəxri Diplom”una layiq görüldü.
Beşinci nübar: “Ürəyimə yağan yağış”…
İyulun 1-də Atatürk Mərkəzində Nadir Qədimlinin növbəti “Ürəyimə yağan yağış” adlı yeni kitabının təqdimat mərasimi oldu. Xatırladım ki, “Sənsiz dünyam”, “Ürəklərdə göyərən dərd”, “Daş məhəbbət”, “Danışır Azərbaycan “ kitablarından sonra sayca beşinci olan “Ürəyimə yağan yağış” ” Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. 328 səhifədən ibarət kitabın redaktorluğu və ön sözü şair Namiq Hacıheydərliyə məxsusdur.
Mərasimə Nadir Qədimlinin poeziyasını ürəkdən sevən dostları, həmkarları, jurnalistlər, elm adamları və digər ictimaiyyət tərəfindən tanınan şəxslər qatıldılar. Tədbiri tanınmış yazar , şairin həmkəndlisi Vasif Qurbanzadə aparır. O şairi elə mənim qədər tanıyanlara bir də öz baxış bucaqı ilə tanıdır. Vasif müəllim qürurla bildirir ki, Nadir kəndimizi təmsil etdiyi üçün , bu qədər insanın qəlbində həm özünə, həm ədəbiyyata, həm də el- obasına hörmət qazandırdığı üçün çox sevinir, çox şaddır: “ Hər dəfə Nadiri görəndə, onun vətən həsrətli şeirlərini oxuyanda ilk yadıma düşən kəndimizdəki Qaraman dağı olur, kəndin hər çığırı, hər köşəsi gözlərim qarşısında canlanır. Nadirin poeziyasında elə bir sehr var ki, onu oxuyan hər kəs onun gözləri ilə Qaramanı da görür, Qalayçılar kəndini də. Bu səbəbdən Nadir hamımıza əzizdir” .
Qiraət ustası, əməkdar artist Ağalar Bayram bax elə o andaca şairlə Ağdamda, bir tədbirdəki tanışlığından, onun şeirləri ilə təmasından danışıb dərhal “Sındırar” adlı şeiri səsləndirdi:
Bu dünyanın gözü qalıb gözümdə
Bir baxışla mənə hər şey andırar
Çəkdiklərim qənim olub özümə
Çölüm özgə, içim məni yandırar…
Bəli, bulaq kimi, şəlalə kimi misraları bir də valehedici səs sahibi Ağalar müəllimin ifasında dinlə.. Əsl poeziya ziyafəti…
Filalogiya üzrə fəlsəfə doktoru dosent Səkinə Bayramova, fəlsəfə doktoru dosent Yeganə Qəhramanova, , şair İlham Qəhrəman, şair Tahir Ələkbərli, əməkdar jurnalist Qafar Əsgərzadə, Fəlsəfə üzrə fəlsəfə doktoru Vəsilə Möhsümova, şair şəhid atası Kamil Vəfadar, şair Zakir Ağdamlı, tərcüməçi Qumru Qasımova, şair Rafael Tağızadə, şair Aygün Hüseyn , poeziya vurğunu, nevroloq –həkim, Mirzə Qaraşov , siyasi fəal Taleh Alıiyev, şair Zaur Ustac .və başqaları tədbirin elə ilk anındaca məclisdəki səmimiyyəti, sadəliyi, hiss etdilər və tədbir sonuna qədər elə bu aurada getdi. Hər kəs öz növbəsində Nadir Qədimli yaradıcılığından oxuduğu, əzbərlədiyi şeirlərdən söylədi , hisslərini, duyğularını ifadə etdi.
Mənim tanıdığım Ağdam QAC sədri
Növbə mənə çatdı. Oxucularımız bilir, 44 günlük savaş müddətində müharibə zonasında olan yeganə qadın jurnalist idim və bir çox tanıdığım insanların tanınmayan bəzi xüsusiyyətlərini məhz o dövrdə gördüm, kəşf elədim. Bir məqamı xatırladım. Ermənistan Silahlı Qüvvələrinin hədəf aldığı təmas xəttindəki insanlar müharibəyə hazırlıqsız yaxalanmışdı. Ərazini tərk edib atəş tutmayan məktəblərdə, idarə və müəsissələrdə sığınacaqlara yerləşmişdilər. Evdən hövlanak çıxanda nə isti geyim, nə də ərzaq götürə bilmişdilər. Həmin vaxt erməni artilleriyasını susdurmaq üçün Quzanlı kəndinin alt hissəsindəki qobuda və sağ tərəfindəki Xaçın çayının su gəlməyən yatağında bizin ağır artilleriya qurğularımız qurulmuşdu. Təsəvvür edin, ağır artilleriyanın atdığı mərmilər Quzanlı kəndinin başı üstündən uçuşurdu. Ermənilər mərmi çıxan yerləri yəni Quzanlını mütəmadi atəş altda saxlayırdı. Həmin vaxtlar nə qədər dinc əhali yaralandı, həlak oldu, yüzlərlə ev göyə sovruldu, darmadağın oldu. Bax belə bir ərazidə, belə bir ölüm saçan mərmilərin altında , ağır şərtlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam rayon bölməsinin sədri Nadir Qədimlinin vətənə xidmətini gördüm. Bəli, bir var vəzifə borcunu yerinə yetirmək, bir də var, vəzifə borcundan ötə olan vətənə xidmət missiyasını həyata keçirmək.
Onların işini izləmək, çəkdikləri əziyyəti görmək üçün bir neçə dəfə QAC-ın üzvlərinə qoşuldum, onlara yoldaş oldum. Sığınacaqlara, imkansız və köməksiz insanlara ərzaq, geyim, yorğan (odyal) paylamağa mən də getdim. Payız yağışının altında, başdan ayağa islanmış vəziyyətdə, digər yandan göydən mərmi töküləndə, hərə qaçıb bir təhlükəsiz yerə girəndə Nadir müəllim və onun komandası fəaliyyətlərini dayandırmadı. Həmin vaxt onlara kömək edəndə mən də islanmışdım, üşüyürdüm, saçlarımdan su süzülürdü. Üzümə baxdı, yəqin ki, ürəyi yandı, ruh yüksəkliyi ilə dedi ki, qoy müharibə qurtarsın, qələbə günü sənə qonaqlıq verəcəyəm. (İnşallah dediyi qonaqlığı verər)) Nə deyim vallah, bu komandanın hansısa üzvünün necə deyərlər ”anası namaz üstündə idi” ki, onlar mərmiyə tuş gəlmədilər, onlar ölümə görə fəaliyyətlərini bir anda ləngitmədilər. Bildilər ki, kimsə payızın soyuğunda üşüyür, kimsə açdır, kiminsə kiçik bir təsəlliyə ehtiyacı var… Başda Nadir müəllim olmaqla o uşaqlar, o 44 gündə əsl fədakarlıq nümayiş etdirdilər. Nadir Qədimli istedadlı, eyni zamanda sevilən şairdi. Vətənpərvər və fədakar vətən oğludur. İşinin, adının, dediyi sözün, kəndinin, rayonunun, dövlətinin məsuliyyətini bilən vətəndaşdır. Bununla bərabər həm də iki övlad sahibidir, nümunəvi atadır. Elə nümunəvi balalar da yetişdirib. Hələ nəvəsinin də sevimli babasıdır.
Son olaraq, arzu edirik, Nadir Qədimlinin növbəti kitabı Azərbaycan Ordusunun işğaldan azad etdiyi torpaqlarımızdakı tikinti və yenidənqurma işlərindən, bu prosesdə sevgi və sevinclə iştirak edən soydaşlarımızın maraqlı talelərindən, bir də yurduna köç edən qarabağlıların sevincindən bəhs edən şeirlər toplusu, poemalar və pyeslərlə zəngin olsun!Uğurlar Nadir Qədimli!