ANDRO VƏ SANDRO

AKİF ABBASOVUN TƏRCÜMƏSİNDƏ

GEORGİ XUQAYEV

ANDRO VƏ SANDRO

(iki hissəli komediya)

İştirak edirlər:

Andro

Sandro

Marqo

Koşer

Bibo

Dudar

Əhvalat bizim günlərdə Osetiyada baş verir.

I HİSSƏ

Birinci şəkil

Bir həyətdə iki ev. Marqo zümzümə edərək yastıqları qonşunun evindən çıxarır, tələsik çırpır, günəşin altına sərir. Yaxınlaşan maşının səsi. Dudar görünür.

DUDAR. Sabahınız xeyir! Bəs Andro haradadır?

MARQO. Hələ uzanıb, yataqdan qalxmağa həvəsi yoxdur.

DUDAR. Əgər o qalxmasa, Sandronun dalınca bəs kim gedəcək?

MARQO. Doğru deyirsən. Bu saat qaldıraram.

DUDAR. Əlli tərpən. Yoxsa biz gedib çatana kimi onu xəstəxanadan buraxarlar.

MARQO (qışqırır). Ey, qoca, vaxtdır! (Dudara) Dünən doyunca gəzib, indi də tirlənib! (çağırır) Andro!

ANDRO (evdən çıxır, ləzzətlə gərnəşir, əsnəyə-əsnəyə). Qoymadın axıradək yuxu görüm! Bilirsən necə yuxu idi?! Elə bil rəngli televizora baxırdım!

MARQO. Günün bu vaxtında nə yuxu?!

ANDRO. Ah, bilirsən necə yuxu idi… Guya ki, sən ölmüsən, mən də… ehsanındayam.

MARQO  (sözünü kəsir).  Oh, bədbəxt! Mənsiz nə edərsən?

ANDRO. Bir qulaq as: ehsan yeri qadınla dolu idi, özü də bir-birindən gözəl! Mən də fikirləşirəm: kimə göz vurum?

MARQO. İki gözün çıxsın! Dudar gözləyir, xəstənin ardınca getmək lazımdır. Sənsə boşboğazlıq edirsən!

DUDAR. Sabahınız xeyir olsun!

ANDRO. Salam, oğul. Sən belə yuxular görmürsən ki? Hərçənd… sən hələ evli deyilsən! Belə ertə xeyir ola?

DUDAR. Ertə gəlməyi özünüz xahiş etmisiniz.

ANDRO. Mən xahiş etmişdim?

DUDAR. Hə. Sandronun dalınca xəstəxanaya gedib onu götürmək üçün.

ANDRO. Bəlkə də xahiş etmişəm. Bəs hansı maşınlasan?

DUDAR. “Jiquli” ilə.

ANDRO. Eşşəklə daha yaxşı olardı. Sağ-salamat minir, sağ-salamat da düşürsən. Amma bir işi pisdir ki, yavaş gedir!

MARQO. Sən tərpənincə qonşu evə piyada qayıdar.

ANDRO (Dudara). Ey, oğul, ürəyimə damıb, mənim kürəkənim olacaqsan. Sənə yazığım gəlir.

MARQO.Yazığın niyə gəlir? Mənim qızım kimi qız ələ düşməz! Onunla evlənən xoşbəxt olacaq!

ANDRO  (Dudara). Bəs qayınanası! Amma qəm yemə, əvəzində qayınatan birinci növ olacaq. Yeni iləcən də maaşın artacaq.

DUDAR. Artacaq? Nəyə görə?

ANDRO. Qayınanana görə! Onun zərərliyinə görə əlavə pul alacaqsan!

MARQO. Dudar, yola düş! Onu işə saldın, saxlamaq çətindir! Xəstə isə orada gözləyir.

ANDRO. Onun xəstələnməsində kim günahkardır? Canı var evlənsin! (Dudara).  Bilirsən onunçün necə adaxlı tapmışam. Qadın deyil, şəftəlidir! (Dudarla gedir).

MARQO (onların ardınca). Dudar, cərrahdan xahiş et, mənim qocamın dilini gödəltsin!

Yola düşən maşının  səsi eşidilir.

Axır ki, getdilər! Tezliklə qayıdarlar, mənimsə görüləsi o qədər işim var. Artıq dörd ildir təkbaşına iki evə baxıram! Həm biş-düş elə, həm yır-yığış, hələ üstəlik qocalar küsəndə onları barışdır (zümzümə edərək yır-yığışı davam etdirir).

Koşer daxil olur.

KOŞER. Sabahın xeyir!

MARQO   (təəccüblə). Sabahın xeyir, Koşer! Sən hara, bura hara!

KOŞER. Yaxından keçirdim… Qonşunu hələ gətirməyiblər?

MARQO. Yox.

KOŞER. Ərin necə, evdədir? Xahiş eləmişdi ona dəyim. Dedi, sən də şad olacaqsan. Yəqin ki, bizim işlər barədə… sənə danışıb!

MARQO  (diqqətini toplayır, ehtiyatlı olur). Bir hələ içəri keç, keç görüm. Özün ətraflı danışarsan… O səni buraya, evə dəvət edib?

KOŞER. Bu gün evə dəvət edib. Bostana onun yanına isə, demək olar, hər gün gedirəm! Ah, bilirsən necə yerdir! Yaylaqdır, yaylaq! Taxta ev! Armud ağaclarının kölgəsi! Yaxınlıqda çay… Sənə nə danışım: özün bilirsən.

MARQO. Bilirəm. Necə də bilməyim?!

KOŞER. Axşamlar yanaşı oturur, qəlbimizi bir-birimizə açırıq. Bədirlənmiş Ay elə gözəl görünür ki! Külək gah çiyələyin, gah da gül-çiçəyin ətrini gətirir…

MARQO. Bəs pis hadisənin ətri gəlmir ki?

KOŞER. Məgər belə də ətir var?

MARQO. Var.

KOŞER. Orada bilirsən necə yunan qabağı yetişir!

MARQO. Məncə, orda təkcə yunan qabağı yetişmir!

KOŞER. Doğrudan? Oy, yenə baş çəkməli olacağam! Fikirləşmə ki, onun yanına boş əllə gedirəm. Həmişə özümlə üç ulduz konyak götürürəm! O isə məni dördüncü ulduz adlandırır! Həm də deyir ki, üç ulduzdan sonra dördüncüsü daha gözqamaşdırıcıdır! Marqo, nə axtarırsan?

MARQO. Süpürgəni.

KOŞER    (göstərir). Odey.

MARQO. Bu, pilləkəndir, mənə isə qarğı süpürgə lazımdır.

KOŞER. Niyə, həyətin təmizdir ki!

MARQO. Süpürməyə tapılar (acığını boğaraq oxuyur).

Tələsin, ay qızlar,

Bir az tələsin.

KOŞER   (ona qoşulur). Vətən bizlər üçün qoy nəğmə desin!

Marqo susur, Koşerə baxır.

Niyə belə diqqətlə baxırsan?

MARQO  (nəvazişlə). Dişlərinin hamısı salamatdır?

KOŞER. Yuxarı dişlərim  hamısı, aşağılar isə… Bu səni niyə maraqlandırır?

MARQO  (şəfqətlə). Qorxuram tezliklə yuxarı dişlərini də itirəsən!

KOŞER. Doğrudan? Bilirsən necə dişlərim vardı?! Mirvari kimi! Hamı qibtə edirdi.

MARQO  (maraqla). Üç ulduzdan sonra o, sənə daha nə deyir?

KOŞER. Hər cür xoş söz… Deyir, sən ərlik qız kimi günü-gündən qəşəngləşirsən. Sənin təklikdə yaşamağın günahdır.

MARQO. Öz söhbətlərinizdə çoxmu uzağa gedirsiniz?

KOŞER. Bəs nə?! (utanaraq). Əgər, deyir, razı olsan, mənim arvadımla bir həyətdə qohum təki yaşayarsınız!

MARQO. Oh, ölürəm!

KOŞER. Bəlkə həkim dalınca qaçım?

MARQO. Lazım deyil!

KOŞER. Bəlkə su?

MARQO. Köməyi dəyməz!        Süpürgəni ver! Daha möhkə­mini! (süpürgəni tapıb, Koşerə qulalayır).

KOŞER   (quruyub qalır). Niyə görə?

MARQO. Hələ bir soruşursan da? (Koşeri vurur). Bir həyətdə deyirsən? Qohum tapılıb. Yaxşı, kişi, bu süpürgənin dadını sən də görərsən!

Koşer qışqıraraq qaçır. Bibo gəlir.

BİBO   (ciddiyyətlə). Gün aydın, sahibə!

Marqo susur.

Deyirəm: gün aydın! Andro evdədir?

MARQO. Bəlkə sənə Sandro lazımdır?

BİBO. Sandro da lazımdır, amma əvvəlcə Andronu görməliyəm. Bağışlayın, siz kimin arvadısınız?

MARQO. Bəs sən kimsən?

BİBO. Mən? Rayon ictimai təminat şöbəsindənəm. Adım da Bibo.

MARQO. Yəqin təzə işçisən? Keçən il təqaüd alırdım, orada Dayran otururdu.

BİBO. İndi o, şəhərdədir. Nazirliyə dəyişdilər.

MARQO. Bizdə bu, nə qaydadır? Elə ki, rayona yaxşı adam gəlir, əlüstü şəhərə çəkirlər. Özlərinin heç nəyə yaramazlarını göndərirlər üstümüzə. Sən bizə haradan gəlmisən?

BİBO. Şəhərdən.

MARQO. Gördün? Mən deyəndir. Dayrana baxan təki bilirdin ki, mərifətli adamdır! Sənə baxanda isə… Elə bil on beş sutka yatıb bu saat çıxmısan!

BİBO. Nahaq belə fikirləşirsiniz, sahibə! Mən dörd il konservatoriyada oxumuşam!

MARQO. Öyrəndin?

BİBO. Nəyi?

MARQO. Konserv düzəltməyi.

BİBO  (gülərək). Yox, əşi! Oxumağı!

MARQO. Hələ bir oxuyursan da?! Yəni buna nəfəsin çatır?

BİBO. Nəyə?

MARQO. Zada… Axı oxumaq üçün hava yığmaq lazımdır! (göstərir və oxuyur):

“O-o, mənə azadlıq verin-n…”

Aydındır?

BİBO  (gülümsəyərək). Sizdə alınır! Yəqin yaxşı səsiniz olub? Bazar günü gəlirəm, birlikdə oxuyarıq.

MARQO. Gəl. Amma özünlə konyak gətir.

BİBO. Konyak?

MARQO. Hə, üç ulduz. Dördüncü isə özüm olacağam. Çay qırağına çıxar, armud ağacının altında oxuyarıq (ağlayır).

BİBO. Sizə nə olub? (onun əlindən süpürgəni  almaq istəyir).

MARQO  (vermir). Süpürgəni ərimçin hazırlamışam!

BİBO. Sandro üçün.

MARQO. Yox, Andro üçün.

BİBO. Niyə? O, elə xeyirxah, elə dərrakəlidir ki. Yaxınlarda mənə ərizə gətirmişdi.

MARQO. Boşanma barəsində? Görürsən qoca əclafı! Dizinlə bir dənə ilişdirəsən, çığırtısı qonşu küçədən eşidilə!

BİBO. Hansı boşanma barəsində danışırsınız? O, təqaüd üçün əlləşir! Qonşu üçün! Sandro üçün!

MARQO. Qoy, yaxşısı budur, öz təqaüdü barədə fikirləşsin. On yaş məndən böyükdür. Mən təqaüd alıram, o isə yox!

BİBO. Stajı çatmır?

MARQO. Onun stajı iki təqaüd üçün çatar. Fəhlə stajı da! Kolxoz stajı da! Müharibədə də olub. Dörd ordeni, dörd medalı var.

BİBO. Demək vuruşub?

MARQO. Vuruşub. Xaricdə də olub. Qayıtmasaydı, ondan yaxşı idi.

BİBO. Onu niyə belə qarğıyırsınız?

MARQO. Xaricdən adamlar dolu çamadanlar gətirdilər: paltar da, parça da, qab-qacaq da, hətta saç qırxmaq üçün maşın da! Bu sarsaqqulu isə atıla-atıla boş çamadanla gəldi. Çamadanın üstünə qadın şəkilləri yapışdırmışdı, şorgöz!

BİBO   (gülür). Həmin çamadan indi haradadır?

MARQO. Sabuna dəyişdi.

Yaxınlaşan maşının səsi eşidilir.

Sandronu gətirdilər? Onunla nə edim?

BİBO. Sandro ilə?

MARQO. Yox, ərimlə! Mənə kömək elə! Sandronu ləngit. Təqaüd barəsində, oradan-buradan danış. Mənsə özümünkü ilə (süpürgəni göstərir) ayırd edim!

Bibo gülür, Dudar qaçaraq gəlir.

DUDAR. Hanı o? (Biboya). Salam. Biz gəldik. Onu artıq buraxmışdılar!

MARQO. Fürsəti əldən vermisiniz! Eh, nə deyim sizə!

DUDAR. Evdədir?

MARQO. Gəlib ki, evdə ola?! Mənim kişim haradadır?

DUDAR. Maşında.

MARQO. Bura göndər! Özü də cəld!

DUDAR. Qaçdım! (qaçır)

BİBO. Doğrudan, qocanı süpürgəyə qonaq edəcəksiniz?

MARQO. Qoca olan şəxs gecələr özgə qadınlarla ulduz saymır!

BİBO. Oho! Qısqanclıq ciddi məsələdir! Mən burada artığam (öz-özünə). Gedib xəbərdarlıq edim! (qaçır).

MARQO (həyətdə süpürgə ilə gəzinir). Vurum, vurmayım? Bəlkə onu yoldan Koşer çıxarır?.. Bəs necə? Yoxsa mənim ehsanım niyə onun yuxusuna girirdi? Əlbəttə, döymək lazımdır! Qoy atılıb-düşsün!

BİBO   (tələsik gəlir). Marqo.

MARQO (süpürgə ilə onun başından vurur). Oy! Bibo!

Bibo yıxılır.

Dəyişik saldım! Kömək edin! Bu saat su gətirərəm! (evə qaçır)

BİBO  (qalxır). Oy, başım! (gedir).

Andro daxil olur, süpürgəni qaldırır.

MARQO  (əlində parç qaçaraq gəlir, ərini görür). Burada bir kişi uzanmışdı! Nə oldu?

Yola düşən maşının səsi eşidilir.

Süpürgəni yerinə qoy! Ciddi söhbətimiz olacaq!

ANDRO. Gəl danışaq! Vəhşi pişik kimi yad adamın üstünə niyə atılırsan?

MARQO. Səhvən! Hədəfə səni almışdım!

ANDRO. Koşeri də səhvən vurmusan?

MARQO. Salamat getdiyinə hələ bir sevinsin.

ANDRO  (özündən çıxır). Yolunun üstünə hayanda çıxıb, balam?

MARQO  (dil boğaza qoymur). Ah, sən bilmirsən? O, konyakla niyə sənin yanına gəlir? Bəlkə yunan qabağının necə yetişdiyinə tamaşa etmək üçün?

ANDRO. Axı, qadına baş nə üçün verilir?! İki həftə cəhd göstərmişəm! Gah sağ köndünə keçmişəm, gah da sol! Axır birtəhər yola gətirmişəm. Demişəm ki, onun ardınca gələndə daha özünü naza qoymasın, qonşum Sandroya ərə getməyə razılıq versin. Bilirsən nə qadındır: mehriban, ağappaq maya kimi, özü də yup-yumru! Deyirəm mənim arvadımla bir həyətdə qohum kimi yaşayacaqsınız. Səni lüzumsuz qayğıdan qurtarmaq istəyirəm! Di mənə yaxın gəl (süpürgəni hazırlayır).

MARQO (cəsarətlə qışqırır). Di, vur məni! Əgər əlin qalxırsa, o ağappağa, yupyumruya görə vur.

Andro süpürgəni qulaylayır, Sandro cəld daxil olur və özünün əl ağacı ilə zərbəni dəf edir.

SANDRO. Dayan! Necə cəsarət edirsən? Ay-ay-ay!

MARQO. Sandro, əzizim! (ona sarı atılır, qucaqlayır). Axır ki, qayıtdın!

SANDRO (Marqoya). Sağ ol, qonşu! Sən isə, Andro, öz silahını at və mənimlə görüş! Yoxsa gəlişimə sevinmirsən?

ANDRO (Marqoya). Ona təşəkkür et! (Sandroya). Sən də yaxşısan! Xəstəsən, uzan yerində. Xəstəxanadan buraxılan kimi düşmüsən yolun ağzına. Dudarla biz də maşınla dalınca gəlmişik! Maşın da maşın deyil, faytondur!

MARQO. Sən ona nəsihət oxuma, qucaqla! Kişi evinə qayıdıb!

ANDRO (cəld arvadına sarı çevrilir). Yaxşı, yaxşı! İndi ağzımızı açmağa macal verməyəcəksən!

(Marqo kənara çəkilir).

ANDRO (süpürgəni atır). Qonşu, əzizim! Sən qayıtdın?! Gəl səni bağrıma basım!

SANDRO. Axır ki, çatdı!

ANDRO.  Kimi görürəm?

SANDRO. Bəs mən kimi görürəm?

SANDRO. Bəs mən kimi görürəm!

Qucaqlaşırlar.

MARQO.  Süfrə açmaq vaxtıdır! (evə girir).

ANDRO.  Di, otur, əzizim, danış görüm, orada həkimlər nə deyirdilər, nə danışırdılar?

SANDRO. Deyirdilər ki, böyrəklərimdə – daş, qara ciyərimdə –qum var. Bax, deyirəm, sevindirdilər! Bir yerimdə əhəng tapsaydılar, təzə ev tikməyə başlayardım!

ANDRO.   Bəs şifer tapmağı vəd etmədilər?

SANDRO. Yox. Hə, bir də dedilər ki: ət yemə, çaxır içmə!

ANDRO. Həkim kişi idi, yoxsa qadın?

SANDRO. Qadın.

ANDRO.   Aydındır. Kişi belə şeyi məsləhət eləməz.

SANDRO. Yağlı şey olmaz, yumurta olmaz.

ANDRO. Doğrudur. Yayda yonca, qışda silos ye. Bəs su olar?

SANDRO. Qaynanmış halda.

ANDRO. Bəs hava? Əşi, həkimləri də mənə söydürmə! Qabaqlar xəstə yeməyə başlayanda papaqlarını göyə atırdılar, demək üzü bəridir! İndi isə bildikləri üç sözdür: «Günəş, hava, su!»

SANDRO. Mənə günəşi də məsləhət görmürlər!

ANDRO. Deməli, mahnı köhnədir, sözləri isə yeni: “Kölgə, ay, bir də qaynanmış su?” Bilirsən nə var, əzizim, gedək evə, stol arxasında oturaq!

SANDRO. Ancaq ət yeməyəcəyəm!

ANDRO.   Eybi yoxdur, mən yeyərəm.

SAKNDRO. Qədəhi əlimə götürmərəm!

ANDRO. Mənim əlimdən içərsən!

SANDRO. Bəlkə burada – kölgədə oturaq!

ANDRO. Məgər mənim evimin üstü açıqdır?

SANDRO. İstəyirəm səninlə xəlvəti söhbət edim.

ANDRO. Bax, bu, başqa məsələ.

SANDRO. Amma səninlə dərdləşə bilmirəm.

ANDRO. Dayan! Artıq başa düşdüm! Evlənmək istəyirsən? Bəyənirəm! Adaxlı da nəzərdə tutulub.

SANDRO. Ağlını başına yığ! Nə adaxlı? Adaxlının mətləbə nə dəxli var? Keçi can hayında, qəssab piy axtarır!

Marqo daxil olur.

Söylə, məgər mənim yerimdə olsaydın, evlənərdin?

ANDRO.  Əlbəttə, heç söz ola bilməz! Arvadla həm istidir, həm işıqlı!

SANDRO. Bir buna bax! Məgər öz Morqonu həmişə «qaranquş» çağıran sən deyilsən?

ANDRO. Çağırıram! Nə  olsun? Təzə arvadımı da belə çağıra­ram.

MARQO  (onun arxasından). Kimi çağıracaqsan? Təzə arvadını?

ANDRO (özünü itirir). Sən buradasan, mənim qaranquşum? Çoxdan buradasan?

MARQO. Hansı arvadından danışırdın?

ANDRO. Əlbəttə, səndən! Deyirəm neçə il yaşamışıq, amma maşallah qaranquş kimi görünür?

MARQO. Təəssüf ki, ay kişi, bu söhbət şahid yanında oldu. Gedək, Sandro. Piroqlar artıq stolun üstündədir.

SANDRO. Bu saat, əzizim, ona deyiləsi iki kəlmə sözüm var!

Marqo evə girir.

Oh, dildən pərgarsan! Bax ha, bir vaxt səni pis vəziyyətdə qoyacaq!

ANDRO. Hamısı sənin ucbatındandır! Yaxşı, iki kəlmə sözünü de, görək.

SANDRO. Gör sənə nə demək istəyirəm… Biz səninlə südəmər deyilik.

ANDRO. Hə, biz çoxdan kişiyik.

SANDRO. Biz kişi də deyilik.

ANDRO (təəccüblə). Necə yəni kişi deyilik? Bəs kimik? Yox, dostum, deyəsən, sənə həkimlərin təsiri keçib axı? Şəhərliləri yamsılayırsan? Özlərini əqli işçilər adlandıranları? Qırx yaşına çatanda ayaqları sözlərinə baxmır! Sifətləri də ördək yumurtası kimi solğun-yaşıl olur! İşdə səkkiz saat – kresloda, müşavirədə, dörd saat –stulda, televizorun qabağında, dörd saat – divanda otururlar! Artıq kişilikdən əsər-əlamət qalmır! Hələ bir qadınlardan inciyirlər ki, onlar şalvar geyirlər! Yan-yörədə belə kişilər görən qadınlar bəs nə etsinlər?! Biz isə hələ ayaq üstəyik. Külək də bizi yıxmır. Gün yandırır, yağış da təravətli edir. Məgər biz kişi deyilik?!

SANDRO. Özünü tərifləmək səni təngə gətirməyib?! Altmışı haqladın, mavi işığını söndür.

ANDRO. Heç mənim atam yadına gəlir?! Mən anadan olanda onun altmış yaşı vardı, yüz yaşında hələ də ot çalırdı! Yüz iyirmi altı yaşında öldü. Dişlərinin hamısı cağbacağ idi. Ondan soruşanda ki: «Niyə belə çox yaşamısan?» Cavab verərdi: «Heç vaxt heç kimə qibtə etməmişəm!»

SANDRO. Hə, o sənin atan idi… Mənim heç yetmiş yaşım da yoxdur, ancaq dişlərimi belə saya bilmirəm… Bu gün xəstəxanadan sonra qarğıdalı sahəmin yanından keçdim, ürəyim ağrıdı! Onlara qulluq edə bilməyəcəyəm!

ANDRO. Edəcəksən!

SANDRO. Yox, Andro! O gücüm qalmayıb.

ANDRO. Elə qulluq edəcəksən ki!

SANDRO. Mənsə deyirəm: “Yox”. Cavab qaytarma!

ANDRO. Qaytaracağam!

SANDRO. Haqqın yoxdur! Mən səndən böyüyəm.

ANDRO. Sən? Yox, indi ki, belə oldu, mən səndən böyüyəm.

SANDRO. Sən yox, mən böyüyəm, düz doqquz gün!

ANDRO. Hər halda mən böyüyəm! Ona görə ki, sən yeddiaylıq, mənsə doqquzaylıq doğulmuşam!

SANDRO. Hə, nəyin məndən artıqdır, ey doqquzaylıq? Məgər, heç olmasa, bir dəfə ot biçimində məni ötmüsən? Hə? Bəs cərgəarası alaq etməkdə necə? Yadına sala bilmirsən?

Andro əyilir və ovcuna nə isə yığır.

Orda nə edirsən?

ANDRO. Həkimin haqlı imiş! Budur qum! Tökülür! Bəsdir həyəcanlandığın, yoxsa bu saat daşlar da düşəcək!

SANDRO (Andronu kənar edir). Sənə acığım necə tutmasın?! Sənə baş qoşan, elə sənin kimi gicbəsər olar! (əlini yelləyib evinə getmək istəyir).

ANDRO. Axı, mən zarafat edirdim, sən də uşaq kimi inciyirsən! Pişik itə mırıldayan kimi mənim üstümə nə düşmüsən?! Getmə, Sandro!

SANDRO. Xahiş eləmə, qalmaram!

ANDRO. Deməli belə! Özünün boş evində gəz-dolan! Qapını bağlayıb təkəbbürlü bayquş kimi otur orada!

SANDRO. Hələ bir özünə bax! Dəymiş taxılın arasındakı kök dişi bildirçin! Nə çovdarsan, nə darı!

ANDRO. Ah, sən beləysənmiş! Allaha şükür sənin kimi nə boşluğumda, nə də qara ciyərimdə daş var!

SANDRO. Mənim daşlarıma toxunma, onların ağırlığını sən hiss etməzsən! Məgər gözlərinin nədən çəp olduğunu unutmusan?

ANDRO. Ondan çəp olub ki, sən həmişə mənim gözlərimin qarşısındasan!

SANDRO. Yox, simiclikdən çəp olub! Öz toyunda yaxşı bişməmiş içalatı rezin təki dişlərinlə o yerə qədər dartışdırdın ki, çıxıb gözünə dəydi!

ANDRO. Mənimçin hazırcavab olub! Belə hazırcavabsansa, indiyə kimi niyə özünçün təqaüd düzəldə bilmirsən?

SANDRO. Bəs özün niyə almırsan?

ANDRO. Mənim qumum hələ tökülmür!

SANDRO. Bu qumu başıma nə qaxınc edirsən? Mənim həyətimdən çıx get!

ANDRO. Sənin həyətin niyə olur? Mən öz hissəmdəyəm, özün çəkil! Görürsən, sərhəd haradan gedir?

SANDRO. Sən mənim hissəmdə dayanmısan!

ANDRO. «Şiş» sənə, sən dayanmısan!

SANDRO. Yox, «şiş» özünə, çəp şoğərib!

MARQO (artırmadan). Yenə bir-birinizə olan məhəbbəti izhar edirsiniz?

ANDRO. Sadəcə, çoxdandır görüşmürük, doğrudur dost?

SANDRO. Doğrudur! Əyri ağacın kölgəsi kimi. Marqo, əzizim əgər bizi bir qazanda da qaynatsalar, bilyon başqa olacaqdır! (uzun, yoğun kəndiri götürür).

MARQO. Sandro, kəndiri qoy qalsın! Bütün kənd bilir: əgər bu lənətəgəlmiş kəndir çəkilibsə, deməli, Andro ilə Sandro dalaşıblar!

SANDRO. Xahiş eləmə, əzizim, xahiş eləmə (kəndirin bir ucunu çəpərə bağlayır).

ANDRO. Bu tərsə yalvarıb-eləmə! Qoy bağlasın!

MARQO (kəndiri Sandronun əlindən alır). Boşla, xahiş edirəm, bizim dostluğumuzun xatirinə!

SANDRO (deyinir). Yenə ortaya girirsən? Dostluq xatirinə, dostluq xatirinə! Nədən yapışmağı bilirsən!

MARQO (Androya). Xəstə ilə necə rəftar edirsən? Üzr istə, insafsız! Yoxsa, mən də səninlə danışmayacağam!

ANDRO (Sandroya yaxınlaşır, təqsirkarcasına başını əyir, sonra onu qucaqlayır). Bağışla!

SANDRO. Yaxşı görək!

MARQO. İndi gedək süfrə başına.

ANDRO. Get, biz də gəlirik.

Marqo gedir.

Niyə görə səni belə sevirəm?!

SANDRO. Sən məni? İt dəyənəyi sevən kimi…

ANDRO. İnanmırsan? İstəyirsən sabah sənin həkiminin yanına gedim. Səndə nə qədər qum olduğunu öyrənim. Əgər bir girvənkədirsə, Terekin öz qumundan iki girvənkə yeyim!

SANDRO. Sağ ol, Andro, lazım deyil. Göylə yer arasında səndən yaxın adamım yoxdur. Ona görə də son vəsiyyətimi sənə eləmək istəyirəm.

ANDRO. Anlamadım. Vəsiyyət?

SANDRO. Hə, hə, vəsiyyət.

ANDRO. Ah, gör bir ağlına nə gəlib (istehza ilə). Əgər belədirsə, elə…

SANDRO. İnsanı son mənzilə yola salanda ona necə hörmət və ehtiram göstərilirsə, sonradan da onun barəsində həmin fikirdə olurlar.

ANDRO. Nə son mənzil? Hansı ehtiram? Söhbət kimdən gedir?

SANDRO. Söhbət məndən gedir. Sən məni öz qayda-qanunumuzla, ləyaqətlə, qafqazlısayağı yola salmalısan.

ANDRO. Mərhaba! Daha sonra?

SANDRO. Üstümdə elə vida nitqi deyərsən ki, camaat ağlayar!

ANDRO. Nitq olacaq. Bəs sonra?

SANDRO. Orkestr da olsun…

ANDRO. İkisi birdən olacaq. Lakin hər ikisi səhv çalır, itlər! Bəlkə qarmoşka gətirdim?

SANDRO. Qarmoşkanı özünçün saxla.

ANDRO. Yaxşı, saxladım. Daha nə kimi tapşırığın olacaq?

SANDRO. Sən ağlamalısan… Ağlamalı, ucadan və qəşəngcə oxşamalısan…

ANDRO. Özümü sınayaram.

SANDRO. Sına. Ağla, oxşa. İstəyirəm görüm necə alınar.

ANDRO. Əzizim, axı sən hələ mərhum deyilsən!

SANDRO. Mehribanım, mən mərhum olanda artıq heç bir şey eşitməyəcəyəm! Gec olacaq!

ANDRO. Bu gün isə tezdir.

SANDRO. Ən yaxşı dostum kimi mənim üçün bir balaca məşq etməlisən.

ANDRO. Edərəm, əyləş (kənara çəkilir). Orkestr çal! Sən də gözlərini yum! Bax, belə. Tərpənmə, nəfəs alma. Başlayıram (cibindən qəzet çıxarır, eynək taxır və oxuyur).

SANDRO (pauzadan sonra). Sən nə ilə məşğulsan?

ANDRO. Təzə qəzet oxuyuram.

SANDRO. Heç qəzetin yeridir?

ANDRO. Nekroloq axtarıram. Səninkini. Birdən səhv olar.

SANDRO. Nə oldu? Tapdın?

ANDRO. Bu qəzetdə yoxdur, yəqin divar qəzetində var. Nekroloqsuz başlayaq. Bir dayan, mərhumun oturduğunu harada görmüsən? Bu saat uzan!

Sandro həvəssiz oturacaqda əyləşir.

Bax belə yaxşıdır. Deməli mənim vida nitqim… Mehriban insanlar, mərhum haqqında, adətən, yaxşı sözlər deyirlər. Belə sözləri mən də deyə bilərdim, amma yalan söyləmək istəmirəm: o, qanmaz idi, qanmaz olaraq qaldı!

SANDRO (yerindən sıçrayır). Kifayətdir. Sən xainsən! Hanı mənim kəndirim?

ANDRO. Budur sənin kəndirin.  Şakər edib, axmaq: vida, vəsiyyət, orkestr! Sənə evlənmək lazımdır, o dünyaya hazırlaşmaq yox. Sabah işə çıxırsan! Gələn şənbə günü isə elçiliyə gedəcəyik. Gicliyin keçər!

SANDRO. Kəndir! Hanı mənim kəndirim?

ANDRO. Götür. Mən kəndirsiz də sol tərəfə bir addım atmaram! Möhkəm çək! Baxarıq görək bizlərdən kim peşman olacaq!

SANDRO. Çəp şoğərib!

ANDRO. Sən də qanmazsan!

MARQO  (çıxır). Yenə də məhəbbətinizi izhar edirsiniz?

Hər üçü eyni zamanda danışır.

SANDRO. Sənin ərin xaindir!

ANDRO. Bu axmağı ha istəyirsən həyata, işıqlı dünyaya çəkəsən, olmur ki, olmur!

MARQO. Bəsdir çərənlədiniz! Piroqlar soyudu!

Mübahisə davam edir, ehtiraslar coşur.

İkinci şəkil

Yenə də orada, həyət tarım çəkilmiş kəndirlə iki yerə bölünüb..

ANDRO (işdən qayıdaraq). Arvad! (iş paltarını çıxarıb onu kəndirin üstünə tullayır. O biri tərəfdə Sandronun evidir). Görüm səni bu kəndirdən asaydılar!

MARQO  (küçədən gəlir, ərini görüb ağ xalatı arxasında gizlədir). Nə əcəb belə ertə?

ANDRO. Ertə? Harada idin?

MARQO. Harada ola bilərəm? Mağazaya qaçmışdım.

ANDRO. Axı səndən xahiş etmişdim ki, getməyəsən. Rayon ictimai təminat şöbəsindən Bibo gəlməli idi.

MARQO. Gözlədim, gözlədim… qaçdım.

ANDRO. Mağazaya? Ağ xalatda? Neçə dəfə demişəm ki, fermaya getmə. Təqaüd aldın? Nəyin çatmır? Pulun?

MARQO. Fuzanın uşağı xəstələnmişdi. Darya isə özü kefsizləyib, kömək etmək lazımdır. Sənsə pul barədə…

ANDRO. Adamların hərəsi bir cür fikirləşir. Deyərlər, simiclik edirik. Sandroya görə də yaxşı deyil. Elə fikirləşər ki, qəsdən ondan yan gəzirik. Yeri gəlmişkən, o haradadır? Çoxdandır gözümə dəymir!

MARQO. Hava açılar-açılmaz tarlaya getdi. Onun qarğıdalıları necədir, bilmirsən ki?

ANDRO. Heç nəylə öyünmək olmaz.

MARQO.  Yazıq Sandro!

ANDRO. Onun dilindən kim yapışıb çəkdi ki, keçən ildəkindən çox məhsul verəcəyini vəd etdi? İndi budur: gecə-gündüz alaq otları ilə əlləşir.

MARQO. Haradan biləydi ki, xəstəxanaya düşəcək! Andro, əzizim, qorxuram camaat görə. Kim rast düşsə, hökmən soruşacaq: kəndir yenə də çəkilib? Dostlar dalaşıblar?

ANDRO. Qoy soruşsunlar. Sən də cavab ver ki: “Kəndir paltar üçündür!” köhnə paltarları buraya gətir, artıq söz danışmasınlar deyə sərək qurusun.

Marqo şeyləri çıxarır və Andro onları asır.

MARQO. Qonşu gəlir!

ANDRO. Belə tez qayıtmağa onu nə vadar edib? Bibo ilə onun rastlaşmasını istəmirəm!

Marqo gedir.

Bəlkə danışdırım? Yox. Günahkardır, qoy özü danışsın.

SANDRO (daxil olur, öz-özünə). Bəlkə danışdırım? Yox! Dözüm! Qoy iztirab çəksin (kəndirdən asılmış şeyləri səliqə ilə yığır, qatlayır və ehtiyatla «demarkasiya xəttinin» o biri tərəfinə qoyur).

ANDRO (onları götürüb səliqə ilə əvvəlki yerindən asır). Məni qızışdırmaq istəyir? Heç nə çıxmaz!

SANDRO      (Andronun nə etdiyini görərək Marqonu səsləyir). Marqo! Marqo!

MARQO (astadan). Mənimləsən, Sandro?

SANDRO. Ərinlə danışmıram: ona çatdır ki, özünün cır-cındırlarını mənim kəndirimdən asmasın. Camaat elə bilər onlar mənimdir və deyərlər: “Qoca Sandro kanatı alt paltarı kəndirindən ayıra bilmir”.

ANDRO (asmaqda davam edərək). Arvad öz ağıllı qonşuna çatdır: “Əgər o mənimlə danışmaq istəyirsə, qoy iki şahid çağırsın, qoyun kəssin, bir tuluq çaxır hazırlasın, onda bəlkə də mən onunla danışdım. Xüsusi olaraq nəzərinə çatdırıram: bəlkə danışdım!”

SANDRO (şeyləri yığmaqda davam edərək). Marqo, əzizim, öz ağıllı ərinə çatdır. Xüsusi olaraq nəzərinə çatdırıram: ağıllı ərinə! Belə bir iş üçün qoyun nədir, heç cücə də kəsmərəm. Əgər mənimlə danışmaq üçün özünün ürəyi gedirsə, qoy şahidlər çağırsın, qoyun kəssin… Hədsiz xəsis olduğundan onsuz da qoyun kəsməyəcək… Heç olmasa hinduşkanın lap çölə atılası hissəsini qovursun! Yalnız onda, Marqo, sənə olan sonsuz hörmətə görə bəlkə onunla danışdım.

ANDRO  (gülür). Arvad, qaranquşum! Ona çatdır ki, o mənimlə danışmasın deyə heç öküzə də heyfim gəlməz! O mənə gərək deyil!

SANDRO. O mənə gərək deyil!

ANDRO. Lap əla!

SANDRO. Allaha şükür!

ANDRO. Qurtarın. Sizə deyirlər!

ANDRO  (arvadının üstünə düşür). Sən də sus! Aranı qızışdırma! Yemək ver! İşə tələsirəm! Bəziləri kimi avara deyiləm! Mənim sahəm bəzilərinki kimi alaq otu yetirmir!

SANDRO. Sahə! Yaman da sahən var! Yunan qabaqları ağ turpdan seçilmir!

MARQO (Sandroya). Sən də yaxşı görək! Təzədən başlama! Gedək nahar edək!

SANDRO. Gəlirəm, gəlirəm (onun ardınca gedir).

ANDRO (Marqoya). Sən bu adamı mənimlə bir süfrə başında oturtmaq isətyirsən?

SANDRO (öz evinə sarı dönür). Marqo, ona çatdıra bilərsən: mən onunla nəinki bir süfrə başında oturmayacağam, hətta bir sobada bişən çörəyi də yeməyəcəyəm!

Andro və Marqo mübahisə edə-edə öz evlərinə girirlər.

Mən də dalınca gedəcəyəm, gözlə! Deyir, sahə alaq otu yetirir! Görürsən bir! «Andro!» Hələ bunun adına bax! Məgər bu da addır? Hərflər çatışmır! “Sandro!” isə başqa məsələ. Hərflər hamısı yerli-yerində! Yox, kişi-kişi olmalıdır.

MARQO (önlüyünün altında yemək olan qazanı gətirərək çıxır). Sandro, nə qədər ki, soyumayıb get, ye!

SANDRO. Sağ ol, Marqo! Heç bilmirəm xəcalətindən necə çıxacağam!.. (qapağını açır). Pəh-pəh, bir iyinə bax! (Andronu xatırlayaraq). Sağ ol, Marqo, mən toxam!

MARQO. Ye görək, sonra ayırd edərik! Androdan inciməyə dəyməz!

SANDRO (iştaha ilə yeyir). Rayona getməliyəm… İstəyirəm ki, qarğıdalıma təyyarə  ilə herbisid səpsinlər…

MARQO. Bəlkə əbəs yerə həyəcanlanırsan? Ərim deyir sənin sahən yaxşıdır.

SANDRO (yeməkdə davam edərək). Keçən ilkindən  çox yığmağa söz vermişəm, sözün üstündə isə durmaq lazımdır.

ANDRO  (evindən çıxır və onları müşahidə edir). Bəlkə Sandronu öz pasportuma yazdırdım? Arvadım onun qayğısına az qalsaydı, məcbur olub evlənərdi!

Sandro evinə girir.

MARQO. Evlənmək? Bu yaşda?

ANDRO. Bəs nə? Lap vaxtıdır? Özü də necə bir qadınla! Əldən çıxarmağa adamın heyfi gəlir!

MARQO. Yenə də öz inadını yeridirsən?! Mən fermaya getdim.

ANDRO. Get, saxlamıram! Amma Çermenə de ki, sən oraya puldan ötrü yox, hami kimi gedirsən.

MARQO. Deyərəm, deyərəm. Narahat olma.

ANDRO. Gecə qalma. Mənim evdə olmayacağım kifayətdir.

MARQO. Özünlə yemək götür (gedir).

ANDRO.  Yemək də götürərəm… hələ üstəlik başqa şey də… (evə girir).

SANDRO (çıxır). Dadlı bişirir. Əlləri qızıldır. Ürəyi də… Yenə fermaya qaçdı.

Bibo oğrun-oğrun həyətə daxil olur.

BİBO   (pıçıltı ilə). Gün aydın!

SANDRO  (göz gəzdirərək pıçıltı ilə). Salam! Gəl!

BİBO    (yenə də). Əgər səhv etmirəmsə, siz Sandrosunuz?

SANDRO. Hə, Sandroyam!

BİBO. Mən Biboyam, rayon ictimai təminat şöbəsindənəm.

SANDRO. Boğazına nə olub?

BİBO    (pıçıltı ilə). Qonşu arvad evdədir?

SANDRO. İndicə fermaya getdi.

BİBO (ucadan). Uf! Dalaşqan xaladır! Mən artıq burada olmuşam… Amma Andronu tapmadım.

SANDRO. Təqaüdə görə?

BİBO. Hə.

SANDRO. Hə, nə xəbər? Alacaq?

BİBO. Andro? O heç istəmir də.

SANDRO. Gör necə adamdır! İnadkardır! Yox, bir sən dayan, mən onu ifşa edəcəyəm!

ANDRO  (təsərrüfat çantası ilə çıxır, Bibonu görərək). Bibo doğrudan ağzından qaçırıb! Mən ki, xahiş etmişdim! (Biboya). Xoş gəlmisən, Bibo! Sən hara, bura hara?

BİBO. İş var, iş. Gəlirəm, sizsə evdə olmursunuz!

ANDRO. Nə edəsən?! İşin başdan aşan vaxtıdır (onunla görüşür). Buyur mənim evimə.

SANDRO. Bibo, mən qananı, sən mənim yanıma gəlmişdin?

BİBO. Hə. Amma Andro da mənə lazımdır.

SANDRO. Onda, xahiş edirəm, əvvəlcə bizim evə buyur, yalnız bundan sonra!

ANDRO. Bibo, canım, sənin borcun əvvəlcə mənim evimə buyurmaqdır.

BİBO. Başa düşmürəm. Borcum niyə?

ANDRO. Necə niyə? Məgər məlumun deyil ki, mənim atamla sənin atan dost idilər. Hətta qardaş olublar?

BİBO. İlk dəfədir eşidirəm.

ANDRO. Onda bil: onların dostluğu döyüş meydanında başlayıb. Hələ rus-yapon müharibəsində!

BİBO. Üzr istəyirəm, Andro, burada nə isə anlaşılmazlıq var. Mənim atam rus-yapon müharibəsində olmayıb.

SANDRO (gülür). Əlbəttə, olmayıb. Bu hamıya məlumdur! Bibo mənim qapımı açmasa, böyük günah olar!

BİBO. Günah niyə?

SANDRO. Ona görə ki, atalarımız imperialist müharibəsində bir yerdə qan töküblər!

BİBO. Üzr istəyirəm, Sandro, amma burada da səhv var. Atam imperialist müharibəsində də olmayıb.

ANDRO  (gülür). Əlbəttə, olmayıb. Yadıma düşdü: o, atamla yox, mənimlə xidmət etmişdir! Böyük Vətən müharibəsində, əvvəlcə Budyonnının, sonra Rokossovskinin yanında. Bəs nə! Bir dəfə  Rokossovski onu çağırıb deyir: «Dostum!»

Bibo gülür.

Niyə gülürsən?

BİBO. Axı, mənim atam bu müharibədə də olmayıb.

ANDRO. Vətən müharibəsində olmayıb? Bəs hansında olub?

BİBO. Heç birində.

SANDRO. Sən qarışıq salırsan, oğlan. Bu ola bilməz.

ANDRO. Məgər o, dağlı deyil? Kim inanar hamı Vətəni müdafiə edib, dağlı isə evdə sobanın qırağını kəsdirib durub.

BİBO. Mənim atam müharibədən qabaq, yeni təyyarəni sınaqdan çıxaranda həlak olub. Anadan olmağıma bir ay qalmış…

Cansıxıcı sükut.

Bu kəndir buradan niyə asılıb?

SANDRO. Belə də… Həyətdə hər cürə əclaf veyillənməsin…

ANDRO. Mənim qonşum əməyə və müdafiəyə hazıram normasını ödəməyə hazırlaşır… Ona hündürlüyə tullanmağı məsləhət görüblər.

SANDRO. Ona qulaq asmaq faydasızdır, özü gecənin qaranlığında iynə saplayır, toyuğu isə qaz yumurtası yumurtlamağa məcbur edir. Sən mənim qonağımsan, buyur evimə…

ANDRO. Fərz edək ki, o mənim qonağımdır və mən onu heç yana buraxmayacağam (Bibonun qolundan yapışır).

SANDRO. Belə qonağı tale özü mənə göndərib, onu heç kimə vermərəm (o biri qolundan yapışıb dartıb).

BİBO. Bir dayanın görək, qəsdiniz məni parçalamaqdır, nədir?!

Onlar getdikcə qızışır, hərə Bibonu öz tərəfinə çəkir, nəticədə

onun paltarının qolu qopur.

Məni niyə bu kökə saldınız?.. İndi belə görkəmdə rayona necə qayıdım?

SANDRO. Bu istidə paltarın qolu nəyinə gərəkdir? Öz aramızdır belə daha yaxşıdır!

ANDRO. Qopubsa, demək artıqmış! (getməyə hazırlaşır)

BİBO. Andro, zəhmət olmasa, paltarımın qolunu verin!

ANDRO. Bu saat əzizim, həyəcanlanma (üç ayaqlı balaca stolu götürür, onu sərhəddə qoyur, çantasından çaxır olan bardaq və qəlyanaltı çıxarır).  Əziz Bibo, sənə vurduğum həmin maddi ziyana görə (paltarın qoparılmış qolunu göstərir) dərindən üzr istəyirəm. Amma bu sənə olan hörmətimin nəticəsidir (çaxır süzür). Buyurun stola.

BİBO (Sandronu göstərir). Özümdən yaşlıdan qabaq otura bilmərəm.

Sandro stola tərəf gedir.

ANDRO.  Ona içmək olmaz. Qara ciyərində kül tapıblar.

BİBO. Kül?

ANDRO. Böyrəyində də şifer  qırıntıları.

BİBO. Heç olmasa, qoy bizimlə əyləşsin.

ANDRO. Gecəyə kimi yalvarsan, oturmaz.

Sandro balaca oturacaq gətirir və öz tərəfindən stolun arxasında əyləşir. Andro üzərində yemək olan stolu qaldırıb evinə aparır. Xoşagəlməz pauza. Baxışırlar. Sandro astaca süfrə başında ifa olunan mahnını züm-zümə edir. Bibo da ona qoşulur.

SANDRO. Yaxşı ki, getdi. Səninlə onun barəsində danışmaq istəyirdim (astaca). O, fəraridir!

BİBO. Necə yəni fərari? Müharibə dövründə olub?

SANDRO. Müharibəni o, ordenlə başa vurub. İndi isə fəraridir!

BİBO. Anlamıram!

SANDRO. Belə olsaydı, dərd yarı idi!

BİBO. İndi ikilikdə onu yola gətirərik!

SANDRO. Yox, biz dalaşmışıq, kəndiri görürsən? Çəkilibsə, demək aramız dəyib!

BİBO. Sübut göz qabağındadır (kəndirə toxunur), özü də  son dərəcə inandırıcıdır! İstəyirsiniz sizi barışdırım.

SANDRO. O tülkü ilə? Allah eləməsin! Sən onu mənsiz sıxışdır. Qoy canını qoymağa yer tapmasın! (paltarın qoparılmış qolunu Biboya verir və evinə gedir).

ANDRO (çıxır, Sandronun arxasınca baxaraq). Dəvətsiz stol arxasında oturmaq ləyaqətsiz kişinin işidir. Səninlə o nə barədə danışırdı?

BİBO. Fərarilər barəsində.

ANDRO. Aydın olmadı. Bəs sən onunla nə barədə danışırdın?

BİBO. Mən də onlar barəsində.

ANDRO. Heç nə anlamıram, ona gəldikdə isə, eşşək kimi kəcdir.

BİBO. Onun barəsində belə deməyin, adlı-sanlı qarğıdalı ustasıdır.

ANDRO. Nə olsun? Onun yerinə başqası olsaydı, yaxasında qızıl ulduz parlardı! Onunku isə gətirmir!

BİBO. Nə üçün?

ANDRO. O irəlidə gedirdi. Kolxoz isə yerində sayırdı. Bu il də yatağa düşdü. Həkimlər də müalicə etməkdənsə, onu daha da qorxuya salıblar… Heç eybi yoxdur, mən onu ayaq üstə qaldıraram. Heç olmasa, təqaüd düzəlsəydi! Təqaüd!

BİBO. Deyirsiniz müharibəyə qədər Sadon şaxtalarında işləyib? Bəs sənədləri hanı?

ANDRO. Sənəd var. Budur (o, cib dəsmalına bükülmüş köhnə, saralmış, sürtülüb deşilmiş, qat bağlamış qəzeti ehtiyatla açır). Doğrudur, son günlərini yaşayır, amma sənəddir. Arvadım sandıqdan tapdı. Ehtiyatlı ol, müharibəyə qədərki qəzetdir! Budur Sandro! Şaxtaçı kaskasında! Rekord müəyyən etdiyini yazırlar!

BİBO  (göz gəzdirir). Hə, bu – odur. Ancaq təəssüf ki, təqaüd işində qəzet sənəd deyil.

ANDRO. Necə sənəd deyil? Qəzeti ki, mənim qudam buraxmayıb. Dövlət öz qəzetinə inanmır? İndi o nə etsin? Şaxtaçı sənədləri qalmayıb deyə o, təqsirli deyil ki! Kolxoz stajı da çatmır. Sizə isə ya gərək şaxtaçı stajını tam verəsən, ya da kolxoz!

BİBO. Deyin görək, o, cəbhəyə şaxtadan gedib?

ANDRO. Əlbəttə!

BİBO. Demək belə bir sənəd tapmaq lazımdır.

ANDRO. Bəziləri  sənəd barəsində fikirləşməyib, bütün ömrü boyu zəhmət çəkir, bir başqaları isə iş barədə fikirləşməyib ömrü boyu sənəd toplayır.

BİBO. Ona niyə belə can yandırırsan? Sizin ki, aranız dəyib!

ANDRO. Aramız dəyib? Kim dedi? Haradan beyninə gəldi?

BİBO. Görünür axa. Kanat çəkilmişdir.

ANDRO (özündən çıxaraq). Cavan oğlan! Təhsilli olsan da, savadsızsan! Uşaq da  bilir ki, kəndir alt paltarı sərmək üçündur. Əslində isə burada kəndirlik iş yoxdur. Əgər bu kəndir Sandronun təqaüd almasına mane olursa, bu saat onu tikə-tikə edər və yeyərəm. Dalaşmışıq! Burada təəccüblü nə var ki? Ər də arvadla dalaşır, məgər axşam bir yastığa baş qoymurlar?

BİBO. Bunlar başqa-başqa şeylərdir… Andro, bəs siz niyə təqaüd almırsınız?

ANDRO (diqqətlə Biboya baxır). Bunu Sandro sənə dedi?

BİBO. Yox, partiya təşkilatı katibi.

ANDRO (məhrəmanə). Qonşumun ayna kimi təmiz ürəyi var. Yeganə bir oğlu vardı, sərhəddə qəhrəmancasına həlak oldu… Dörd il əvvəl arvadını itirdi… Tənhadır. Siqaretin var?

BİBO. Buyurun.

ANDRO (çəkir). Bibo, bu yaşda tənhalığın nə demək oldu­ğunu anlayırsan? Tutaq ki, mən təqaüd alıram. Hər ay bizim poçtalyon Murad buraya gəlir və çağırır: “Ey, Andro, qol çək!” Mə­nim qonşumsa, bütün bunları görür… Heç kim bunu çağırıb: «Qol çək!» demir. Halbuki o buna layiqdir! Belə-belə işlər, dostum…

BİBO. Qəzeti verin (alır). Hə, Andro, yaxşı siyasətiniz var.

SANDRO (görünür). Ey, ictimai təminatçı, gücün çatmadı?! Həqiqəti düz onun gözlərinin içinə deyə bilmirsən? Əgər vicdanlı olsaydı, özü sənin yanına gələrdi!

ANDRO. Sərhəddi keçmə, Sandro!

BİBO. Bir dayanın! Sakit olun!

ANDRO. Sən qarışma!

SANDRO. Bizi sakitləşdirmə!

Marqo gəlir.

MARQO. Yenə kim onları işə salıb?

BİBO. O da gəldi. Mənim yazıq başım.

Başını portfellə örtür. Mübahisə  davam edir. Onlar daha da qızışırlar.

PƏRDƏ

II HİSSƏ

Üçüncü şəkil

MARQO.      Bax, görürsən, nə ins var, nə cins. Artıq bir həftədir ki, bizim kişi evdə gecələmir. Qonşu da sahədə itir.

DUDAR.       Nə qədər ki, hava üzümüzə gülür, çatdırmalıyıq. İndi adamlar köçlü-külfətli tarlalardadır.

MARQO.      Lap yaxşı. Mən də yorğanımı götürüb fermaya gedəcəyəm.

Dudar gülür

Sənə də acığım tutur.

DUDAR. Niyə görə?

MARQO. Fikirləşirdim ki, qızımı sevirsən, onu saxlar, belə uzağa buraxmazsan. Sənsə onu özün aeroporta apardın.

DUDAR  (gülür). Narahat olmayın. Orada qış olmur.

MARQO. Oh, siz gənclər. Qoyasan elə qocaları ələ salalar. Qış olmur.

DUDAR. Andro nədənsə məni axtarıb. Bilmirəm gözləyim, yoxsa gedim.

ANDRO (gəlir). Gözlə! Axşamınız xeyir. Arvad, hamamı hazırla, özün də cəld ol.

Marqo getməyə hazırlaşır.

Dayan, qonşu yoxdur.

MARQO. Görünmür.

ANDRO. Yaxşı, get, söhbətim var.

Marqo gedir

Əyləş.

ANDRO  (gülümsəyir). Adəti bilirsən! Gələcək kürəkənə qa­yı­nata qarşısında dayanmaq lazımdır, eləmi? Amma bununla mənim başımı piyləyə bilməzsən. Mənə başlıq lazımdır. Anlayırsan, başlıq!

DUDAR   (çaşıb qalır). Güman edirəm ki, bu, zarafatdır?

ANDRO. Zarafatlıq halım yoxdur. Sabahkı gündən gec olmayaraq başlıq! Yoxsa qulağının dibini görəndə mənim qızımı görərsən! Niyə dinmirsən?

DUDAR. Heç bilmirəm nə deyim…

ANDRO. Sənə kömək edərəm. Deyirlər, alaq otuna qarşı sizdə yeni kimyəvi preparatlar var.

DUDAR (çaşqın). Hə, herbisidlər…

ANDRO. Onları tarlaya səpirlər?

DUDAR. Hə.

ANDRO. Lap yaxşı, sabah herbisidinlə uçub gələr, Sandronun sahəsini qaydaya salarsan. Ondan sonra mən, günün və gecənin hansı saatında istəsən, elçilərini qəbul etməyə hazıram… Çatmadı? Mənə başlıq lazımdır, herbisid başlıq!

DUDAR  (rahat). Çatdı, Amma kolxozdan sifariş yoxdur.

ANDRO. Kolxozun buraya nə qarışacağı? Başlıq mənə lazımdır.

DUDAR. Ah, deməli belə! İndi çatdı. Bəs necə edim?

ANDRO. Çox sadə. Səhvə yol ver. Onun qarğıdalısına səp, sonra təqsiri metereoloji şəraitin üzərinə yıx. Bir səhvi hətta Allahın özünə də bağışlamaq olar.

DUDAR. Bu, inandırıcı deyil!

ANDRO. Əşi, bu camaat nə pis olub! Dövlətin xeyrinə heç kim səhv etmək istəmir. Bu, qəbahətdir. Soltan «səhvən» üç ton kartofu öz həyətinə boşaltmışdı. Bunun eybi yoxdur? Yanılırsan, dost! Belə səhv üçün isə cavab vermək də günah deyil. Vaxt itiririk! Sonra kolxoz sizin kontorla haqq-hesab çəkər!

DUDAR. Oldu. Günü sabah səhvə yol verərəm. Bəs onun sahəsi hayandadır?

ANDRO. Amma gündüz yox, gecə! Qoy kimsə görməsin.

DUDAR. Qoy baxsınlar. Amma tarlada heç kim olmamalıdır! Kimyəvi preparatlar zəhərlidir!

ANDRO. Bəs mən nə deyirəm! Gecə yaxşıdır. Sonra, bilirsən, heç Sandronun da bundan xəbər tutmasını istəmirəm. Biz onunla, necə deyərlər, küsülüyük.

DUDAR. Axı, ertəsi gün o, özü də biləcək!

ANDRO. Bəlkə gecə yağış yağıb. Herbisid yağışı!

DUDAR. Bəs gecə vaxtı onun qarğıdalısını necə müəyyən edim?

ANDRO. Hər şeyi ölçüb-biçmişəm. Sahənin kənarlarına fənər qoyaram.

DUDAR. Yaxşı. Sabah saat doqquzda.

ANDRO. Bura bax. Yalan-palan olmasın ha!

DUDAR. Kişi kimi söz verirəm!

ANDRO. Qızımı deyə bilmərəm, amma mənim yaman xoşuma gəlirsən.

DUDAR. Gecəniz xeyrə qalsın.

ANDRO. Xeyrə qarşı!

Dudar gedir.

Marqo, qaranquşum, işin nə yerdədir? Vanna hazırdır?

MARQO. Nə qışqırırsan? Hər şey hazırdır! Bəs Dudar hanı?

ANDRO. Getdi.

MARQO. Ona niyə təklif etmədin?

ANDRO. Nəyi? Kürəyimi sürtməyi?

MARQO. Şam yeməyini.

ANDRO. Tələsirdi, televizorda futbol var. Dəsmal asmısan?

MARQO. Sabun da hazırlamışam. Ancaq mürgü vurma, yoxsa yenə də vannada yatarsan (gedir).

ANDRO. Öz vannamdır – istərəm mürgü vuraram, istərəm yox (evə girir).

Hava qaranlıqlaşır. Yorulmuş Sandro həyətdə görünür.

SANDRO (oxuyur).

Hara tələsirsən, qocalıq?

Nə olar, yollarda bir ləngisənə!

Hələ doymamışam mən ki həyatdan

Zövqümü, nəşəmi verimmi sənə?

Bir az ayaq saxla, yuban yollarda.

Gəlmisən, həyatdan mən nakam köçüm?

Ağ köpük kimisən, yelə qoşul, get

Vətən nəğməsini könlümcə içim.

Vaxtsız qonaq kimi döymə qapımı

Hər şeyin öz vaxtı, öz vədəsi var!

Bir az ləngi yolda, mürgülə yolda

Səndən uzaq olsaq, ömür uzanar!

MARQO  (çıxır). Gəldin, Sandro?

SANDRO. Gəldim.

MARQO. Qara ciyərin əziyyət vermir?

SANDRO. Sağ ol, dərmanın kömək edir…

MARQO. İndi hamı otlarla müalicə olunur. Səninçün solmaz çiçəklə bir tərkib hazırlaram!

SANDRO. Sağ ol. Sənin qocan harada gizlənib? Onu heç görmürəm.

MARQO. Burdadır, çimir. Bir-birinizi didişdirməkdən əl çəkin. Hələ təngə gəlməmisiniz?

SANDRO. O, tərsdir. Həmişə istəyir ki, axırıncı sözü o desin.

MARQO. Sən də heç nədə ona güzəştə getmirsən!

SANDRO. Ona güzəştə getsəm, başımda oturar!

MARQO. Sən haqlısan, o, tərsdir. Belə adam gecə qabağına çıxsa,  qaçarsan.

SANDRO. Elədir (birdən yadına salaraq). Niyə gecə qabağına çıxsa qaçarsan?! Onun nəyi pisdir?

MARQO. Elə sən özün də onunla dalaşmısan!

SANDRO. Onunla dalaşdığımızı ört-basdır etməkdənsə, məni onun üstünə qaldırırsan!

MARQO. Mən?

SANDRO. Səndən inciyirəm (pauzadan sonra).  Androya  nə olub? Onu sehrləyiblər nədir? Yaxınlarda onunla qarşılaşıram, fikirləşirəm «bir onu danışdırım», o isə məhəl qoymur.

MARQO. Söz verib: bir daha səninlə savaşmayacaq.

SANDRO. Oh, qadınlar! Yazığın gəlir? İçkiyə meyl göstər­mirik, siqaret çəkmirik, domino oynamırıq. Yeganə əyləncəmiz var, onu da bizə çox görürsünüz!

MARQO. Camaat gülür. Hər yoldun ötən bu kəndirə baxır.

SANDRO. Qoy baxsın! Burada gülməli nə var ki? Kəndir­dir də. Bəlkə dağıstanlılar kimi biz də məşhur kəndirbaz olmaq istəyirik? (pauzadan sonra) Yaxşı, Marqo, əgər o, söz veribsə, mən də and içirəm – bir də savaşmarıq (gedir).

MARQO İlahi, bunlarla nə edim? Bəlkə doğrudan da onu evləndirim? Axı gəlini özüm qovdum.

ANDRO  (evdən). Marqo!

MARQO. Gəlirəm (qaçır).

Haradansa qədimi xalq mahnısı oxuyurlar. Sandro əlində bardaq görünür və həyətdə gəzinir. Andronun evində işıq sönür.

SANDRO. Deməli, yatağa uzandılar. Ey! O özü üçün şirin yuxular görəcək. Sənsə tənhalıqdan puç ol! Heç bir şey çıxmaz! (gedir və Andronun qapısnı döyür)

Andro alt paltarında çıxır. Sandronu görüb qapını örtür.

Nə? Belə niyə? (bir də döyür)

MARQO (qapını açır). Nə lazımdır, Sandro?

SANDRO. Sən məni bağışla, Marqo, ərinə de ki: qoy yanıma gəlsin, sözüm var.

MARQO. Yaxşı, deyərəm (qapını örtür).

Sandro yenə də həyətdə gəzişir. Andro əlində odçəkən görünür.

SANDRO. Çıx, çıx!

Andro əlində odçəkən “döyüş hazırlığı” vəziyyətində ona sarı gedir.

Odçəkəni niyə götürmüsən?

ANDRO. Xəncəri qınından çıxara bilmədim, ona görə odçəkən götürdüm.

SANDRO. Neçə illərdir odun işlətmirsən, odçəkən nəyinə gərəkdir?

ANDRO. Hər ehtimala qarşı götürmüşəm. İndi bilərsən. Əlindəki nədir? Arxanda tutduğunu deyirəm!

SANDRO (göstərir). Bardaq! İçək?

ANDRO. Qədəh hanı?

SANDRO. Bardaqdan içərik. Şəhərlilərsayağı.

ANDRO. Nə ilə qəlyanaltı edək?

SANDRO. Paltarımızın qolu ilə. Odçəkəni tulla. Yanımda əyləş.

ANDRO. Sən də bardağı tulla!

SANDRO. Bardaq – məhəbbətə bənzər: sındırsan-yapışdıra bilməzsən! İçərisində çaxır var axı. Bax! (içir).

ANDRO. Sənə  nə olub? Qaraciyərin ağrıyır axı!

SANDRO. Bax, bura ağrıyanda (sinəsinə vurur), istər-istəməz içirsən!

ANDRO. Sənin xətrinə kim dəyib? Kim, de!

SANDRO. Sən lənətə gəlmiş, sən!

ANDRO. Mən? Haçan?

SANDRO. Unutmusan? O gün səni danışdırdım, sənsə bir kəlmə ilə cavab da vermədin. Sonra isə Çermenlə ağızlaşdın. Buna nə ad vermək olar? Daha mənimlə ağızlaşmağı şəninə sığışdıra bilmirsən, başqa partnyor tapmısan?

ANDRO. Onunla nə təhər ağızlaşmayım? İki gün idi ki, xiyarları daşıyıb aparmırdılar. Günün altında xarab olurdu axı! Kolxoz malı zay olub gedir, mən də durum baxım? Görürəm, sən keflisən!

SANDRO. Kefli? Yaxşı! İndi sən də keflənərsən! Onda, nəhayət, ümumi dil taparıq (əli ilə Andronun boynundan tutur, o biri əli ilə bardağı ona sarı uzadır).

ANDRO (müqavimət göstərərək). Lazım deyil, istəmirəm!

SANDRO. İstəyərsən (içməyə məcbur edir). Hə necədir? İndi biz eyni vəziyyətdəyik.

ANDRO. Məncə, hə.

SANDRO. Onda odçəkəni tulla, ikitərəfli danışıqlara başlayaq.

ANDRO. Başlayaq (oturur).

SANDRO (əyləşir). Nə üçün sənə elə gəlir ki, məndən ağıllısan?

ANDRO. Ona görə ki, sən daha axmaqsan

SANDRO. Gəl, yoxlayaq! Sənə bir neçə sual verəcəyəm. Əgər onlara cavab tapsan, onda sən də mənim kimi ağıllısan. Yox əgər cavab verə bilməsən, deməli,  mənim kimi sən də axmaqsan.

ANDRO. Başlayaq?

SANDRO. Başlayaq. De görüm «tangens» nə deməkdir?

ANDRO. Nə, nə? (fikirləşərək). Bu, ermənicədir, yoxsa türkcə?

SANDRO. Bilmirsən! Bəs «kotangens»? Bunu da bilmirsən!

ANDRO. Bəs özün bilirsən?

SANDRO. Mən? Əlbəttə! Tangens və kotangens – iki məşhur qədim sərkərdə, iki qardaşdır. Özü də biri digərinin böyrünə ya yaba soxub, ya da başını üzüb. Amma yadıma gəlmir. Tangens kotangensin, yoxsa kotangens tangensin?

ANDRO. Bunu haradan bilirsən?

SANDRO. Bunu hər bir məktəbli bilir. Özün kitab oxumursan, heç olmasa, qonşu uşaqları kitab oxuyanda onlara qulaq as. Hə, kim daha ağıllıdır? De də, dostum (ürəkdən gülür).

ANDRO. Kimə gülürsən, qonşu?

SANDRO. Sənə!

ANDRO  (Sandro gülüb qurtarana kimi gözləyir). Qurtardın?

SANDRO.    Qurtardım.

Andro gülməyə başlayır.

Sən kimə gülürsən?

ANDRO. Sənə. Axı, niyə məni yataqdan qaldırmısan? Elə buna görə? Deməyə ki, qədim zamanlarda kim kimin başını üzüb? Biz küsülü olduğumuz halda sən hansı əsasla mənimlə danışdın?

SANDRO (göz gəzdirərək, pıçıltı ilə). Sss, sakit, səs salma. Eşidən olar… İdeyam var!

ANDRO. Necə?

SANDRO. Onda qulaq as! Biz səninlə dalaşmışıq. Bunu hamı bilir. Qoy kəndir da asılı qalsın. Gündüzlər nə mən səninlə danışıram, nə də sən mənimlə. Axşamlar isə… Gəl, axşamlar dostluq edək, Andro. Hamı yatanda, heç kim bizi görməz. İstərik – gülərik, istərik – oxuyaraq, istərik – rəqs edərik. Hə, necə ideyadır?

ANDRO. Deməli, gecə-sülh, gündüz-müharibə?

SANDRO. Əlbəttə! Gündüz – müharibə, gecə – sülh! Hə, necədir? Razısan?

ANDRO. Ancaq bir şərtlə: evlən. Bilirsən nə qadındır! Səmimi, ağappaq maya kimi, öz dərisinə güclə sığışır!

SANDRO. Bu yaşımda – arvad?! Nə üçün?

ANDRO. Niyə başa düşmürsən. Gündüz acsan, yedizdirəcək, gecə üstünü açsan, örtəcək! Axı xəstəsən, qara ciyərin ağrıyır! Bəd ayaqda sənə istiqac olar. Sənə layiq olanın adı isə birdir – Koşer!

SANDRO (dərindən köks ötürərək). Səncə, onun necə yaşı olar?

ANDRO. Bu nədir, bütün gecəni məni tapmaca tapmağa məcbur edirsən?

SANDRO (pauzadan sonra, ciddi). Axır ki, boynuma qoydun!

ANDRO (sevinir). Bax, dost belə olar! Bax, əsl kişisən! Sənin sakit toyunda bilirsən necə tozanaq qaldıracağam? (toy mahnısı oxuyur).

SANDRO (səsini onun səsinə qataraq). Sakit, arvad eşidər!

MARQO (artırmadan). Mənsə çoxdan sizə qulaq asıram!

(Üçlükdə oxuyurlar):

Çıxaq dağ çayının sahilinə biz,

Gül-çiçək havası udaq doyunca.

Osetin mahnısı oxuyaq bir az

Nəğmələr uzansın dərə boyunca.

Rəqs edək, əl çalsın, qoy el qızları.

Ürəklər boşalsın, dərdi-qəmi at.

Dostlar, yığışağın süfrə başına,

Osetin mahnısı oxuyaq hər vaxt!

Dördüncü şəkil

Həmin həyət. Axşam.

MARQO (zümzümə edərək, öz evindən Sandroya ütülənmiş arxalıq, qalife aparır). Bəyin paltarı necə lazımdırsa, ütülənib (Sandronun evinə girir, şeyləri qoyur və cəld çıxır). Bəyin kefi yoxdur (küçəyə baxır). Bəs mənimki hayanda itib-batdı? Gəlinin dalınca getdi, gəlib-çıxmaq bilmir. Oh, Andro, bütün adət-ənənəni pozuruq. Adətən, bəy özü gəlinin dalınca gedir, indi isə mənim Androm onu bəyə tərəf çəkir. Bəs mən onunla necə görüşəcəyəm? Elə bərk ilişdirdim ki, yəqin hələ də bədənində qançır gəzir.

ANDRO (cəld daxil olur, işgüzar). İşlərin necə gedir, Marqo?

MARQO. Qaydasındadır. Bəs gəlin hanı?

ANDRO. Darvazanın ağzında. Bəs bəy?

MARQO. Evində.

ANDRO. Özünü səliqəyə salıb?

MARQO. Bəs necə!

ANDRO. Geyinib-keçinib?

MARQO. Yox, kefi yoxdur!

ANDRO. Gəlin astanadadır. O isə çürükçülük edir.

Sandro görünür.

Bu nədir? Di cəld təzə arxalığını, xrom çəkmələrini gey, buxara papağını qoy, babanın gümüş xəncərini bağla!

SANDRO. Geyməyəcəyəm! Onları son mənzilim üçün hazırlamışam!

ANDRO. Sən o mənzilə hazırlaşınca onları güvə yeyəcək. Sənə deyirlər, inad eləmə,

SANDRO. Marqo, əzizim, o yenə yaxamdan yapışıb…

ANDRO  (Sandroya). Hələ  buradasan? (onu evə itələyir) Cəld geyin! Mənim başımı yerə soxarsan! (Marqoya) Get, ona kömək et. Arxalığını düymələ, çəkmələrini təmizlə!

Marqo tələsik Sandronun ardınca gedir.

(Doqqaza sarı addımlayır). Koşer, əzizim, səni gözləməyə məcbur etdiyimə görə məni bağışla (doqqazı açır, Koşerin əlindən tutur və toy mahnısı oxuyaraq onu həyətə gətirir). Koşer, əzizim, sən bu astananı adladın! Qoy bu bizim hamımıza xoşbəxtlik gətirsin!

KOŞER (pərt). Oy, Andro, doğrusu, utanıram. Camaat deyəcək: o mənə elçi düşmür, özümü mən ona sırıyıram!

ANDRO. Əvvəla, sən mənim evimə qonaq gəlmisən. İkincisi, sənə bədən həqarəti yetirmiş arvadımla səni barışdırmaq istəyirəm. Üçüncüsü… üçüncü barədə hələlik danışmayacağıq (qışqırır), Marqo, haradasan? Qonaqlar gəldilər!

Marqo çıxır, təqsirli kimi Koşerin qarşısında dayanır.

Hə, niyə dayandın? Üzr istə. Bir-birinizə əl verin! Bax, belə! Di, yaxşı! Özünəbəy evindədir?

MARQO. Hə.

ANDRO. Çox gözəl. Siz burada söhbət edin, mən bir ona baş çəkim (Sandronun yanına gedir).

MARQO. Əyləş.

Əyləşirlər, susurlar.

Qançırlar getməyib?! (təqsirli) Süpürgə köhnə və bərk idi… İmkan eləyib təzəsini heç cür ala bilmirəm…

KOŞER. Andro tez gələr?.. Mən getməliyəm…

MARQO. Otur, hara tələsirsən? Uşaqlar ağlaşmır ki… Yanan bir şeyin də yox…

KOŞER. Bu kəndirə gecə it bağlayırsınız?

MARQO. Bizim itimiz yoxdur. Kim əlimizə düşürsə, onu bağlayırıq… Andro, tez gələcəksən?

ANDRO  (cəld çıxır). Nə olub?

MARQO. Söhbətimiz qurtardı.

ANDRO. Səmimilik və dostluq şəraitində keçdiyini güman edirəm. Amma yaman qısa oldu, heç qadın söhbətinə oxşamadı. (Marqoya xəlvəti). Yenə söhbət edin. Nişanlı etiraz edir. Onu razı salmaq lazımdır. Bircə çəkmələrini geymək qalır. (ucadan) Koşer, əzizim, sən ki, yaxşı söhbət etməyi bacarırsan. Marqo lap səhərə qədər həvəslə qulaq asar. Mən bu saat (Sandronun yanına gedir).

MARQO. Di, danış, nə yenilik var? Külək ha yandan əsib ki, bizə gəlmisən?

KOŞER. Külək? Məgər Andro heç nə deməyib?

MARQO. Deyirdi ki, ərə getməkdən ötrü əldən-ayaqdan gedirsən…

KOŞER. Ərə? Mən?

MARQO. Məgər belə deyil? “Ulduzlar”la ərimin yanına bihudə yerə getmirdin ki! Boynundan niyə atırsan? Axı, istəyirsən!

KOŞER. Mənim başımı sənin ərin piyləyirdi! “Ona ərə get, deyirdi. Gecələr yatmır. Yuxuda da səni deyib sayaqlayır!”

MARQO. Ərimin belə boşboğaz olduğunu bilmirdim. Sandronu gecə-gündüz evləndirmək üçün dilə tuturduq, o isə öz inadını yeridir.

KOŞER. Bu, doğrudur?

MARQO. Sən isə, yəqin, belə fikirləşirdin: öz qiymətini qaldırma, elə ki, ərə getməyi təklif etdilər, o saat razılaş.

KOŞER. Bir ona bax, onun yerinə başqası olsaydı, sevinərdi ki, Andronun məni razı sala bilib.

MARQO. Sənin kimi həlim qadının saqqızını oğurlamaq çox da çətin deyil!

KOŞER. Hələ buna baxarıq! Elə bilmə ki, məndən ötrü təkcə Sandro əldən-ayaqdan gedirdi. Amma hamısından imtina etdim. Ona salamımı yetirərsiniz!

MARQO. Hara? Koşer! Belə olmaz axı! (qışqırır). Andro, haradasan! Onu saxla.

ANDRO (inadkarlıq edən Sandronu dartıb çıxarır). Biz burdayıq! Onu saxla.

MARQO.  «Saxla»  demək asandır!

ANDRO. Koşer, əzizim, hansı milçək səni sancdı? (Sandronu Koşerə sarı çəkir, onların əllərindən yapışır). Koşer, utanma! Sandro, sən də! Sakit olun! Özünüzü ələ alın! Rahat nəfəs alın! Ah, məhəbbət, məhəbbət! Bəzən onu saxlamaq elə çətin olur ki! Marqo, düz deyirəm? Cavan oğlan, qızla əl-ələ görüş! Di, cürətlə!

SANDRO (utanaraq). Axşamınız xeyir… qonaqlar…

ANDRO. Öz aramızdır, onun adı Koşerdir! (qadını əyləşdirir). Əyləş, Koşer!

Sandro oturmaq istəyir.

Sənsə qadının qarşısında dayan!

Sandro ayaq üstə dayanır.

Marqo, məncə, süfrə açmağın vaxtıdır!

KOŞER. Əgər mənim üçündürsə, onda lazım deyil.

ANDRO. Səni bilmirəm, amma Sandro ilə mən  acmışıq.

Marqo gedir.

Ah, Koşer, kaş biləydin, burada səni görmək nə qədər  xoşdur! Doğrudur, Sandro?

SANDRO (səksənir). Sən… mənimləsən?

ANDRO (Koşerə). Cavan oğlan həyəcanlanır. Buna sən günahkarsan! Sən onun ağlını yerindən oynatmısan! Şəklini gündüz ürəyinin başında gəzdirir, gecə yastığının altına qoyur.

KOŞER. Elə beləcə də inanmışdım! Siz onu güclə dilə tutmusunuz! Mənim barəmdə eşitmək belə istəmirmiş.

ANDRO. Ağlını başına yığ! Bunu kim deyib?

KOŞER. Marqo!

MARQO (artırmadan ucadan). Süfrəyə buyurun!

ANDRO. Səni görüm dilin qurusun!

MARQO. Niyə görə?

ANDRO. Cəfəng danışdığına görə! Bizi tələsdirmə. Sözümüzü qurtarmamışıq. («gənclərə») Uşaqlar, mən Marqoya kömək edim. Siz isə oturun, həyatdan … aydan … danışın. Bu saat gəlirəm (Marqo ilə kənara çəkilir).

SANDRO (qaşqabaqlı). Nə yenilik var, Koşer?

KOŞER. Yenilik… deyirlər, Amerikada prezidenti işdən çıxarıblar…

SANDRO. Prezidenti? Va! Bilirsən, Murtuzu da çıxarıblar.

KOŞER. Murtuzu? O kimdir?

SANDRO. Murtuz?  Gecə direktoru, bizim gözətçi.

KOŞER. Bəs onu niyə?

SANDRO. Nə isə oğurlayıb, vələdüzna… Daha nə yenilik?

KOŞER. Sən məni yeniliklərə görə dəvət etmisən?

SANDRO. Mən dəvət etmişəm? (birdən ayılır). Hə! Əlbəttə. Həyatda hamı yeniliklərdən başlayır.

KOŞER. Səndə nə yenilik var?

SANDRO. Necə deyim. Hamısını birdən yada salmaq olmur.

Marqo və Andro artırmadan onlara tamaşa edirlər.

KOŞER. Sənə isti deyil? Axşamın bürküsündə papaq niyə qoymusan? Çıxar.

SANDRO (rahatca onu çıxarır). Çoxdandır səni görmürdüm. Dəyişmisən… Yaxşılaşmısan.

ANDRO (Marqoya). Şükür Allaha, dili açıldı (Marqo ilə gedir).

KOŞER. Sandro, mənə düzünü de, buraya sənin arzunla gəlmişəm, yoxsa Andronun?

SANDRO. Sənə necə deyim… Necə oldusa təsadüfən Androya dedim ki… heyf ondan… elə qadın… nə vaxtdandır dul qalıb… O, bunu yadında saxladı… Mənə isə bu yaşda ayıbdır… Xüsusən, xəstəlikdən sonra… Əlbəttə, yaxşı olardı ki… Amma necə.

KOŞER. Buna görə məni öz manqana götürmədin?

SANDRO. Buna görə… Axı, mən səndən çox böyüyəm… Bəlkə, rastına daha cavanı çıxacaq…

KOŞER. Məgər yaş illərin sayı ilə ölçülür?.. İnsan qəlbən qoca olanda… Sən isə, mənə elə gəlir ki, onlardan deyilsən…

ANDRO (evdən çıxır, əllərində bir neçə köhnə kerosin fənər tutub). Uşaqlar, üzr istəyirəm, mənə fənər lazımdır, Sandro. Bax beləsi. Səninki haradadır?

SANDRO (acığını boğaraq). Cibimdə! Hə, qaynara verilmiş kimi nə sıçrayıb çıxdın? Heç fənərin yeridir?!

ANDRO. Bağışla, Koşer, təcili lazımdır. Sandro, sənin fənərin var axı.

SANDRO. Vaxt tapdı… Mən özüm fənər təki…yanıram… Di gözümdən çəkil, eşidirsən? Həyasızsan, həyasız! Belə namünasib bir vaxtda yuyulmamış qaşıq kimi özünü dürtür. Belə bir söhbəti kəsdi… Sarayda axtar!

ANDRO. Üzr istəyirəm (saraya gedir).

SANDRO. Bağışla, Koşer. Hə, nə deyirsən? Nəzakət gözləmə! …Qızıl kimi sözlər dedin. Davam et. Qulağım səndədir.

KOŞER. İndi söz sənindir.

SANDRO. Mən belə sözlər deməyi bacarmıram… Hər gün iztirab hissi keçirirəm… Xüsusən gecə yatağa uzananda… Gah qara ciyərim incidir, gah böyrəklərim sancır… İstiqac qoymalı oluram…

ANDRO  (qəfil görünür). Fənər yoxdur! Onu hara qoymusan?

SANDRO. Heç fənərin yeridir?

ANDRO. Nə uzadırsan?! Sən istiqacla qızışana kimi, Koşeri  soyuq götürəcək. Ona öz ürəyini açmaq əvəzinə xəstə qara ciyərin barədə danışırsan. Oy, gecikirəm! fənər hanı?

SANDRO (sakit və nəzakətlə). Ah, fənər? Gecə işığın nə vaxt söndüyündən xəbərin var?.. Mənə elə gəlir ki, ora apardım… (göstərir) Sarayın yanındadır … Tələsmə, yanğın deyil!

Andro gedir.

Qəribə adamdır, həmişə, harasa tələsir…

KOŞER. Bu qədər fənər onun nəyinə gərəkdir?

SANDRO. Doğrudan da, bu qədər fənəri neyləyir?

ANDRO (görünür, fənəri göstərir). Tapdım! Tələsirəm! Siz isə oturun, söhbət edin. Əgər ləngisəm, Koşeri buraxma, gecədir.

KOŞER. Demək, bizi tərk edirsən?!

ANDRO. Nə etməli, mənim ulduzum, işim var. Fikrimcə, mənsiz də keçinərsiniz.

SANDRO. Mən isə fikirləşirdim ki, süfrə başında bir oturacağıq.

ANDRO. Oturarıq! Marqo hər şeyi hazırlayıb.

MARQO (görünür). Gecə vaxtı hara gedirsən?

ANDRO. Qonaqlara qulluq elə. Bir göz qırpımında gəlirəm.

MARQO.  Gəlməyə də bilərsən. Sənsiz də keçinərik (evə girir).

SANDRO. Bu fənərlərlə o, hara tələsir?

KOŞER.  Yəqin ki, işə.

Haradsa oxuyurlar

Bəlkə mən də gedim.

SANDRO. Bir dayan… Sənə nə isə vacib söz demək istəyirdim, unutdum… (gülümsəyir). Bəzən, Allah haqqı, öz adını, öz adını belə unudursan. Sənin yaddaşın yaxşıdır?

KOŞER. Mən heç nəyi unutmuram. Yadında varmı? Keçən il tarlada dolu bizi yaxaladı… Mən nazik paltarda idim, elə üşüyürdüm ki, dişim dişimə dəyirdi. Sən gödəkçəni çıxarıb çiynimə saldın… Hətta uzunboğaz çəkmələrini də çıxartdın. Mənim üçün… Mən heç nəyi unutmuram, Sandro…

SANDRO. Yaxşı yaddaşın var… Olub… Mən də xatırlayıram.

Təyyarə uğultusu eşidilir.

(yuxarı baxır). Gör bir nə alçaqdan uçur! Gecə vaxtı hara gedir?

KOŞER. Bilmirəm… Mən gedirəm…

SANDRO. Gözlə… (astadan oxuyur).

İllər qocalığa doğru əyildi,

Hələ bilməmişəm dinclik nə imiş.

                                Koşer də səsini onun səsinə qatır:

Ürək sevinc gəzib, şadlıq axtarıb

Mənimçin də bunlar əfsanə imiş!

İstədim özümü cavan saxlayım

İllər yağış kimi yağdı başıma!

Qəmli günlərimdə təsəlli üçün

Bircə yol çıxmadın axı qarşıma!

Bilirəm tənhasan, elə mənim tək,

Şadlanaq, sevinən gözlərin olsun.

Unut tənhalığı, şübhələri boğ

«Sevirəm» kəlməsi əzbərin olsun!

MARQO (çıxır). Piroqun vaxtı deyil?

SANDRO. Vaxtıdır, Marqocan, vaxtıdır. Buyur, Koşer.

Beşinci şəkil

Həmin həyət. Marqo və Sandro. Hərə öz tərəfində oturub. Son dərəcə   dilxordurlar. Maşın gurultusu. Hər ikisi yerindən sıçrayır, küçəyə qaçırlar. Lakin boş qayıdır, öz yerlərində əyləşirlər. Pauza, yenə maşın səsi, yenə hər ikisi yerindən sıçrayır.

SANDRO. Otur, Marqo, mən özüm (küçəyə çıxır).

Sandro Dudarla qayıdır. Dudarın əlində bir dəstə fənər var.

MARQO (məzəmmət edərək). Mənə təsəlli verdiniz! Fənərlərini gətirdiniz! Heç olmasa, bunun üçün sağ olun!

SANDRO. Yenə gərək olar. Dudar, onları əlində nə saxlamısan? Bura qoy!

MARQO. Öz hissənə qoy! Onlara baxa bilmirəm!

DUDAR. Bəlkə doğrudan da gərək oldu?

MARQO. Mən hər şeyi dedim. Əgər ərim bu evə sağ-salamat qayıtsa, fənərlər daha gərək olmayacaq!

SANDRO. Hər şeydə günahkar mənəm. Amma qabaqcadan bunu heç kim duya bilməzdi!

MARQO. Gecə fənərlərlə onu sən göndərdin! Özünün isə başın məhəbbətə qarışmışdı! Öz Koşerinlə. Ah, mənim ağılsız başım. Bu yaşı ötmüş göyərçinlər üçün hələ piroq da bişirdim. Demə, həmin saatda gələcək kürəkənim o cür mehriban, o cür sakit ərimlə zəhər çiləyirmiş!

DUDAR. O özü məndən xahiş etdi! Məcbur elədi! Sandrodan gizlin.

MARQO. Bir buna bax! Mənim ərim xahiş etdi? Xahiş etdi ki, əziz qonşumuz Sandronun qarğıdalı sahəsində gözü görə-görə onu zəhərləyəsən?

DUDAR. Mən heç onu görmədim. Gecə idi!

MARQO. Hə, hə! “Gecə də qaranlıq idi!”

SANDRO. Aram ol, Marqo. Allaha şükür, sağ qalıb. Sağ olsunlar həkimləri, xilas ediblər.

MARQO. Əgər xilas ediblərsə, bəs niyə evində-eşiyində deyil?

SANDRO. Bu saat onu gətirərik. Gedək onun dalınca.

MARQO. Bəs onda müqəvva təki qarşımda nə dayanmısınız? Oh, Sandro! Oh, Dudar! Əgər mənim o cür mehriban, o cür sakit, o cür xeyirxah ərimi sağ-salamat gətirməsəniz, bu fənərlərlə sizə elə fənərlər qoyacağam ki!..

SANDRO. Razıyıq, əzizim. Dudar, getdik!

MARQO. Cəld! Dördayaq! Start!

Dudar və Sandro qaçırlar

(onların ardınca). Heç yerdə ləngiməyin!

ANDRO  (səhnənin arxasından). Ku-ku!

Marqo göz gəzdirir, heç kəsi görmür və evə tərəf gedir.

Marqo, qaranquşum, ku-ku!

MARQO. Bu nədir? … Məni qara basır, nədir?

ANDRO  (görünür). Qara-zad basmır!

MARQO (onun üstünə atılır, ağlayır). Bu sənsən? Bilirsən məni necə qorxutdun? (onu əli ilə yoxlayır). Sağsan? Salamatsan? (göz yaşları içərisində) Mən isə fikirləşirdim ki, bir daha səni sağ görmərəm.

ANDRO. Sağ-salamat qayıtdığıma ağlayırsan. Bütün bunlara bais sənsən.

MARQO.  Mən?

ANDRO. Hə-hə! Yadına düşürmü, mən gedəndə sən hələ qarğış da elədin: «qayıtmaya da bilərsən»!

MARQO. Mən belə dedim?! Dilim qurusun! Dayan! Dayan! Sandro ilə Dudar maşınla sənin dalınca getdilər. Rast gəlmədilər ki?

ANDRO (gülür). Onlar gedəndə mən burada idim. Doqqazın arxasında gizlənmişdim ki, qoy getsinlər! Axır ki, onlarla haqq-hesabı çəkdim. Yadında varmı? Onun ardınca xəstəxanaya mən də getmişdim, onun isə orada izi də itmişdi. Bardovozda getmişdi.

MARQO. Bəs sən nəylə gəldin?

ANDRO. Mən də bardovozda. Yolda gələrkən bizim Sandronun sahəsinə baxdım. Qarğıdalı buna deyərəm! Əziz arvadım, gördüyün kimi, mən sağ və salamatam və qarşında dayanmışam! Səninlə bir yerdə az ömür sürməmişik, amma adama elə gəlir ki, elə dünən evlənmişik.

MARQO. Gedək, arxalığını gey.

Ər-arvad gedirlər. Boşqabda piroq və toyuq, ənənəyə görə ağ parçaya bükülü halda Koşer həyətə daxil olur.

KOŞER (boş həyətə göz gəzdirərək). Taleyin mənə nə hazırladığını bilmirəm, amma ayaqlarım özü məni bu həyətə gətirir… Təkliyin adama belə əziyyət verdiyini heç vaxt bilməzdim. Buradakılar xeyirxah insanlardır… Əlac nədir, gərək taleyin hökmünə boyun əyəsən. Qismətdən artıq yemək olmaz. Nə isə, sakitlikdir… Marqo! Yəqin hələ Andronu gətirməyiblər (süpürgəni götürür). Hələlik süpürüm.

BİBO    (görünür. Koşeri görür, təəccüblə). Sabahın xeyir!

KOŞER. Salam!

BİBO. Kiminkisiniz? Buradansınız? (Sandronun evi tərəfi göstərir). Yoxsa onlardan? (Andronun evinə tərəf işarə edir).

KOŞER. Sizə necə deyim?

MARQO (evdən çıxır). Koşer, sən artıq işə girişmisən? Özüm süpürərəm (Bibonu görür). Sən də burdasan?

BİBO. Hə, salam. Ancaq süpürgəni götürməyin! Qoyun o, süpürsün. O, bu işi elə yaxşı görür ki!.. Qollarını geniş açır. İşgüzar bir qadın kimi!.. Baletdə olduğu kimi!..

KOŞER  (əl saxlayır). Eh… süpürə bilmirəm!  Mənə baxırsınız… Özümü itirirəm… Baxışlarınız altında… Süpürgə əlimdə durmur (süpürgəni əlindən salır).

ANDRO  (təzə arxalıqda görünür). Bibo, sən burdasan?

BİBO. Əlbəttə, həmişə ayaq üstə!

ANDRO. Koşer də buradadır.

KOŞER.  Bizi yaman qorxutdunuz! (gətirdiyini  Marqoya verir).

MARQO. Bu nə zəhmətdir? Evdə hər şey var. Hər şey hazırlanıb…  (evə aparır).

ANDRO. Belə qəbul olunub. Düzgün edirsən, Koşer. İndi Sandro da gələr, sənin piroqlarının dadına baxarıq. Düz deyirəm, Bibo?  (onun qolundan tutur).

BİBO. Paltarımın qoluna toxunma! (əlindən çıxır). Özüm! Yaxşısı budur Sandronu gözləyək.

SANDRO. Gözləyək, gözləyək… Nə xəbər var?

BİBO. Bəzi xəbərlər var.

Marqo qayıdır.

(portfelindən butulka çıxarır). Marqo istəmişdi! Üç ulduz konyak gətir, deyir, içərik, oxuyarıq (süfrə başında ifa edilən mahnını oxuyur).

ANDRO   (arvadına). Bunu sən istəmişdin?

MARQO. Mən?.. Bu nə vaxt olub?

BİBO. O vaxt… (başını göstərir). Siz məni… qonaq edəndə.

MARQO  (gülür). A-a! olub! Koşer sənin yanına konyakla gedən vaxtlarda. Hə, fikirləşirəm, madam ki, ərim ulduzları sayır, bəs mən niyə başlamayım? Ona görə də xahiş etdim! Sağ ol, Bibo! (butulkanı alır). İndi oxuyarıq!

Gələn maşının səsi, Andro gizlənir. Sandro və Dudar daxil olurlar.

SANDRO. Hanı o bic tülkü? Hamınızın sabahınız xeyir! Hara yox oldu?

MARQO. Kimi axtarırsan?

SANDRO. Sənin ərini!

MARQO. Onun dalınca siz getmişdiniz ki!

SANDRO. Getmişdik, amma o bizdən qabaq əkilib…

MARQO. Biz şərt kəsmişdik, əgər kişimi gətirməsəniz… Fənərlər hazır vəziyyətdədir!

SANDRO. Onlara dəymə! Bu saat onu yerin deşiyindən çıxararam. Dudar, ardımca! (getmək istəyir)

ANDRO (onun yolunu kəsir). Dostum, kimi hədələyirsən?

SANDRO. Səni Andro! Kimi ələ salırsan? Xəstəxanaya yaxınlaşmağa macal tapmamış bütün xəstələr gülüşməyə başladılar. Dedilər: Andro salam yetirməyi tapşırdı.

ANDRO. Bəs o dəfə dalınca gedib səni tapmayanda yaxşı idi? Oldu əvəz-əvəz.

SANDRO. Məgər ağıllı adam da herbisid yağışının altına soxular?

ANDRO. Bəs nə edəydim? Sakitcə dayanıb sənin iniltinə qulaq asaydım?  «Alaq otları! Alaq otları!» Ona görə də sakit durmadım və qışqırdım “Dudar, zəhər”. (Dudara) Sağ ol, Dudar. Bolluca çiləmisən. Başlığı lap qaydasınca ödəmisən (gülür). Yoldaşlar, ancaq mən, öz aramızdır, zəhərləndiyimi dərhal başa düşmədim. Fikirləşirəm, nədən belə asqırıram? Sonra isə artıq fikirləşə bilmədim. Az qala əldən getmişdim! Birdən yadıma düşdü: əgər ayağa dura bilməsən, bəs Sandronu kim dəfn edəcək?

SANDRO (Koşerə baxır). Mən ölməyə hazırlaşmıram da (Marqoya). Ərinə de ki, dilini dinc saxlasın, yoxsa…

ANDRO. Di öz hissənə keç, oradan komanda ver!

SANDRO. Keçərəm! Amma bundan heç də ağlın artmayacaq (kəndiri keçirir). Marqo, əzizim… Marqo hara getdi?

MARQO (piroqları, qədəhləri və çaxırı gətirir). Bura­da­yam. (Sandroya) Əziz qonşu, bizim tamadamız sənsən! Hamıdan böyüksən! Qədəhi qəbul et!

SANDRO (nəzakətlə). Hörmətin artıq olsun! (sağlıq deyir). Əzizlərim, bu kiçik badə ilə böyük sağlıqlar demək istəyirəm, gəlin, bu badələri hamımızın hörmət bəslədiyimiz, sədaqətli ər, gözəl ata, səmimi qonşu və mənim ən yaxşı dostumun sağlığına içək!.. Gəlin, arzu edək ki, Andro bu buynuzdakı çaxırda nə qədər damcı varsa, bir o qədər yaşasın. Sənin sağlığına Andro.

ANDRO. Nə? Nə dedin?

SANDRO (onun sözünü yarımçıq qoyur). Böyük danışanda, sözünü kəsmə (asta). Nədən danışırdım?

KOŞER (yadına salır). Sağlıq deyirdin…

SANDRO. Hə-hə, yadıma düşdü. Bibo, bu lənətə gəlmiş kəndiri aç. Yoxsa siz orada çoxsunuz, mən isə tək.

ANDRO. Dayan, Bibo! Əgər o, sülh istəyirsə, bir qoyun kəssin!

SANDRO. Qoyun niyə? Sarayda cöngəm var! (qədəhi Biboya verir).

BİBO. Bu təntənəli dəqiqənin şahidi olduğuma görə şadam. Ura!

Uğursuz kəndir açılır!

(Androya) Qədəhi saxla.

Kəndiri açır, qadınlar «tuş»u əvəz edən bir şey oxuyurlar. Andro qədəhi Biboya qaytarır və əlini Sandroya uzadır.

Təsirli andır! Ancaq mənim sağlığım bu barədə deyil! Biz iki həftə inadkar kəşfiyyatçılar kimi şaxtaçıların sənədlərini qurdaladıq və Sandronun izinə düşdük! Onu ifşa etdik. Budur onun təqaüd kağızı (sənədi Androya təqdim edir). Təbrik edirəm, Andro.

ANDRO. Sən Sandro demək istədin?!

BİBO.  Yox, məhz Andro. Məncə, Sandro başa düşür ki, nə üçün!

SANDRO. Əlbəttə, başa düşürəm! Bu, həmin bu tərsin, fərarinin işidir!

BİBO. Fərarinin də qayğısına qalmışıq, gələn həftə o da özününkünü alacaq! Sizin sağlığınıza (içir).

ANDRO. Dillərinin əzbəri olub: təqaüd, fərari, kəşfiyyatçılar. Süzün (öz buynuzunu uzadır). Bu gün bizim həyətimizə bir quş uçub gəlib. Öz qanadlarında o, bizə sevinc və hərarət gətirib. Arzu edək ki, o, bizim həyətdən getməsin! Sənin sağlığına, Koşer! (rəqs edir)

SANDRO (Marqoya). O, sadəlövh olduğundan elə bilir ki, məndən yaxşı rəqs edir. Di, Marqo, bir çıx görüm. Əsl kişinin necə rəqs etdiyini ona göstərmək istəyirəm!

(Marqonu təntənə ilə dəvət edir və onunla yüngül osetin rəqsi ifa edir. Andro süpürgəni götürür və süpürməyə başlayır).

(dayanır) Nə edirsən?

ANDRO. Qum tökülür, onu süpürürəm.

SANDRO (qeyzlə). Qum deyib nə yapışmısan yaxamdan? Koşer kəndiri gətir! Koşer, biz belə bir ağılsızla bir həyətdə yaşaya bilmərik!

Koşer kəndiri gətirir, Koşer Bibo ilə köməkləşib Sandronu saxlayırlar. Marqo ilə Dudar həmin vaxt Andronu sakitləşdirirlər. Ehtiraslar coşur.

PƏRDƏ

                                               

Tərcümə  edən:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


“YAZARLAR”  JURNALI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir