Yarpaqları tərəfindən tərk edilmiş soyuqdan üşüyən bağdakı tənha nar ağacısan, Əlçatmaz budaqda bir barı olan od kimi qırmızı nara həsrət qalanam ta sağalana kimi…
Sevginin atəşini sala bilməyən həbibin- ağxalatlı həkimin qara üzündən oxudum analizin cavablarını, Sağalmaz sən adlı, məni yeyən xərçəngtək xəstəliyim var. Vücüduma aşiq ta ölənə kimi…
– Ölümdən sonra nə var?
– niyə tez- tez soruşursan?… Sarıldığın əsirin dilindəki son misraları dinlə:- ruhuma hopmusan əgər sonu varsa, TA SONUNA KİMİ…
***
Ömür zamana əsir, zaman hara tələsir? Məchul- məlum kəsişir, sükut səsimi kəsir. Suallarım cavabsız, suallarım baş- ayaq, Yollarım da dolaşıq, fələk, bir yerdə sayaq.
Günəş kül etsin məni, çıxsın cismin tütüsü, Büründüyüm buz kürkü soyundursun istisi. Ruhuma gəl geyindir görmədiyim bir donu Torpaqlansın köhnə don istəmərəm heç onu.
Keçmiş donla dəfn edim saxta” pis sifətləri”, Hədəfinə çatmasın o qara niyyətləri. Parlaq donum yaraşır, Günəşə yaxınlaşır, Yaradan sığal çəkir KAİNAT yaşıllaşır!
***
İkimiz də xəyalıq Mənsizlik toxumunu əkdinmi qəlbinə? Göz yaşlarınla cücərtdinmi heç? Hər nəfəs alanda ağır gəldimi sənə? Məzarımı niyə qəlbinə saldın ki, xəyal adam?! Əlin çatmır qəlbinin dərinliyinə, Çıxart məni o məzardan qurtul darlıqdan. Özündən izn almadan uzaq oldunmu özünə? Günəş bahar sevən kimi sevdinmi öz gülünü bağban kimi? Onun nəfəsindən ciyərin daddımı?! Nəfəsi ilə nəfəsini kəsdimi, nəfəsimi kəsdiyin kimi?! Xəyal adam, yoxluq və varlıq sərhədindən bezmədinmi? Söylə görüm sol sinənə yumruğunu çırpdınmı? Qəlbindəki məzarımı dağıtmağa cəhd etdinmi?! Mənsizlik toxumu tez cücərib göz yaşlarından Tikanlı məftil kimi sarılıb vücuduna.. Bu tikanlı məftili qırmağa çalışdınmı? Görmək üçün göz lazım deyil, bəyan etdinmi? Xəyal adam, qəlbin gözlərinə məni neçə dəfə təsvir etdi, söyləsənə. Xəyal adam, sən hüdudsuz təxəyyülümsən, Mən adlı kitabın üz qabığısan, Qəlbimdə gizlənib sözümdə varsan. Sənin varlığında varlığım yatır, Gizli hərflərlə yazılmış bir sirsən. Sirli hərfləri anlayan tapar. Ruha divar olmaz qazılmış məzar, Mən də xəyalam, sən də xəyalsan. Xəyallar içində yoxa çıxmışıq!
Qaçıram
Qaçıram, qaçıram, Özümdən qaçıram fələyin qurduğu tələni duyanlar kimi. Qaçıram, qaçıram, kədərin hökmdar olduğu sarayın cəlladından qaçan sevinc kimi. Qaçıram, qaçıram, saat əqrəblərinin zamandan qaçdığı dairədə zamansızlığa qaçdığı kimi. Qələmin bir nöqtədən başlatdığı insan adlı sənət əsəriyəm.. Mən insanlığa qaçıram. Qaçıram, qaçıram qanadları, ayaqları olmayan külək kimi qaçıram. Özümü tapmağa, qaranlıqlar arxasındakı “sirli nur qapı”-sına qaçıram. Qaçıram, qaçıram, mən daxilimdəki mənə qaçıram!
***
Çirkin simalar güzgünü günahkar bilər, Çıxış yolunu onu qırmaqda görərlər. Güzgülərin yaddaşını sındırmaq olmur, bunu hər beyin dərk etməz. Şaxta isə dondurduğu vücudların soyuqluğundan şikayət edər. Gecəni sevən yarasalar ” Günəş oğrusuna” aşiq olarlar. Günahkarlar çalışsalar da, günahlarını özlərindən qopara bilməzlər, Günahlar oduna dönüb qalaq- qalaq yığılanda günahkarlar da o odunların sevgisinə çırtaçırtla yanarlar…
Kəpənəklər sevginin rəngarəng qanadlarıdır.
Aşiqlər sevgi acısını bala çevirən arılardır Bu arıların iynələri yalnız öz qəlblərinə sancılmaq üçündür. Kəpənəklər sevginin rəngarəng qanadlarıdır. Bu kəpənəklərin Vətəni qızılgül bağlarıdır. Ömrün ən gözəl zamanı məhəbbətə ayrılan çağlarıdır. Sevginin bitmə təhlükəsi sadiqliyin intiharıdır.
***
Mavi dalğalarda qara qismət var, Sən demə dəryadır, bəlkə, yeri dar? O dalğalarıyla söyləyər yar-yar. Qəlbini dağlayar, o hey dağlayar
Əlçatmaz səmada buludlar qara, Yerə həsrətdəndir, köksündə yara. O heç bilməzdi ki, düşəcək dara, Ağlayar, ağlayar, o hey ağlayar.
Təbiət telləri şəlalə olar, Küləklər hirsindən telləri yolar. Şəlalə küləkdən inciyib dolar, Çağlayar, çağlayar, o hey çağlayar.
Pak hisslər ürəkdə edibsə, mənzil, Çıxara biləcək, nə ay, nə də il. Xəyanət adında qapını ürək, Bağlayar, bağlayar, o hey bağlayar!
Əlvidan olsun!
Dedilər dərdimə zamandır dərman, Nə dərman köməkdir,nə də ki, zaman. Vermədi taleyim arzuma aman, Yarımçıq diləyim əlvidan olsun.
Dinlə romanımın, “cəsur” obrazı, Bitirdin romanı qalma narazı. Tənha qarşılarsan, sən gələn yazı Tək qalan çiçəyim əlvidan olsun.
Arzular qatili, yerin dardımı? Sıxır günahların, kədər sardımı? Sənlə sirdaş olan hər kəs xardımı? Xar olan ürəyim əlvidan olsun!
Ayırdın ruhumu canımdan alqış! Ömrümdə bir fəsil -şaxtalı bir qış Gözümdə bitməz ki, mövsümi yağış, Ağlayan mələyim əlvidan olsun.
Əlvida demirəm, çox olar sənə, Qəlbim bir quş olub qonub sinənə. Artıq kar etməz ki, yalvarma mənə, Yalvarma deməyim, əlvidan olsun!
Qara qış yuxusuna, ağ boya taxta çıxdı
Oxuyuram gözündən, Qəlbinin ağrıların. Gözlərimdə canlanır, Oxuduğum mənzərə.. Nə çoxdur qara boya, Çoxmu sevirsən onu?! Boyanıb qara rəngdə, Qəlbinin divarları. Qara libas geyinib, Titrəyən damarları. Qəlbinin lap küncündə, Paslı sandıq gizlənib. Üstündə qara kilid. Özünün öz qəlbindən, Gizlətdiyin sirmi var?! Axı qəlbindir, dostum, Gizlətsən də anlayar. Bir izn ver, sən Allah, Açım mən o sandığı. Niyə xəsis olmusan?! Paylaşsana mənimlə. Dilin başqa söz deyir, Qəlbin boynuna almır. Söylə, görüm bir zaman, Ağ boyanı sevdinmi?! Nələri gizləyirsən? Gözləri kədər İnsan. Qüssə sənə sarılı, Onumu izləyirsən?! Gəl izn ver gözlərinə, Məni alsın qəlbinə. Qara boya tələsik Ağ boyaya bürünsün. Ala -qaranlıqda heç, Düşündünmü nə olur? Gecəylə səhər gizli Vallah, qol-boyun olur. Gözün səndən xəbərsiz Qapını mənə açdı. Budur keçdim qəlbinə, Sandıq özü açıldı. Kilid yaman qorxaqdı, İndi bildim sandıqda Sevgi özü dustaqdı. Məni görən bu dustaq Ətrafa nur saçırdı. Qara əşyalarını, Yığışdırıb qaçırdı. Budur qəlbin divarı, Qırmızıya boyandı. Qara qış yuxusuna Ağ boya “taxta çıxdı.”
Xəyal adlı dünyada var olmaqdır yaşamaq
Unutmaq üçün çabalamaq, unutduğunu düşünüb unutmamaqdır unutmaq. Gözünə həkk olmuş simanı silməyə cəhd, gözünə cəza vermək- acı suda acımadan boğmaqdır xatırlamaq. Xoşbəxt obraza dönüb həqiqət misrasında matəm çadrasına bürünməkdir, yas tutmaq. Dilində qəzəblə ” Kimdir o? ” söyləyib qəlbində əzizləməkdir, dəlicəsinə bağlanmaq. Zamanını, ömrünü acizcəsinə fəda etməkdir, Ağlını azdırıb onun varlığına sarılmaqdır, fədakar olmaq. Bəxtinin ayaqlarına düşüb, Onu qaytarmaq üçün əsl fəryaddır, məzlumtək yalvarmaq. Nədir? Nədir axı quru nəfəs almaq? Ruhunu ondan ayrı vücud adlı məngənədə sıxmaqdır yaşamaq. Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!
Xəbər verdiyimiz kimi bu il ölkəmizdə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 125 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. 28 aprel 2024-cü il tarixində Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədovun və TAİB-in sədri, akademik Sudeif İmamverdiyevin imzaladıqları tədbirlər planına əsasən növbəti tədbir Xızıda ədibin dünyaya gəldiyi ev-muzeyində düzənlənib. TAİB-in sədr müavini Eyvaz Hümbətovun başçılıq etdiyi nümayəndə heyəti ən əvvəl Xızı rayonunun mərkəzində ucalan ümummili lider Heydər Əliyevin abidəsini,sonra şəhidlər xiyabanını daha sonra isə Cəfər Cabbarlının abidə- komplekslərini ziyarət edib,tər güllər düzüblər.
Tədbir Cəfər Cabbarlının ev-muzeyində davam edib. Muzeyin direktoru Həcər Rəsulova TAİB gənclərinə və eləcə də digər qonaqlara ədibin həyat və yaradıcılığından bəhs edib,muzeyin yaranma tarixindən geniş söhbət açıb. Qonaqları maraqlandıran suallara muzey rəhbəri cavablandırdıqdan sonra TAİB gənclər təşkilatının fəalları Cəfər Cabbarlı qısa və mənalı ömrü ilə bağlı qorunub saxlanılan materiallarla tanış olub,bəşəriyyətə böyük bir düha bəxş edən kiçik bir evin otaqlarını ziyarət ediblər. Tədbir başa çatdıqdan sonra TAİB-in nümayəndələri Azərbaycan poeziyasının işıqlı simalarından biri,azman şair Mikayıl Müşfiqin də ev-muzeyini ziyarət ediblər.
Dilçilik İnstitutunun dilimizin başına açdığı dürlü-dürlü oyunlardan nə yazıq ki, doğma türk dilimiz itirir.Ancaq dostlarımızın bəxti yenə gətirmədi.Çünki “xoca” sözünün ərəbcə olmasına dair bir qənaət, bir versiya belə yoxdur.Farsca olması haqqında isə yetərincə mənbələr var, hərçənd 2 müəllif- Rəşidəddin və Fuad Köprülü “xoca” sözünün “koca”, yəni “qoca” sözündən, xalis türkcədən yarandığı variantını deyirlər.Amma böyük ehtimalla keçən dəfə yazdığım kimi “xoca” sözü Samanilər dövründə sıx-sıx işlənməyə başlayıb, əfəndi, böyük, bilgili mənasında.Səfəvilər dönəmində isə daha çox “tüccar” anlamında işlənib.Həmin vaxt “xoca” və “xacə” sözləri eyni kökdən ayrılıb müxtəlif məna çalarları ilə fərqləniblər.Əslində, hökmdar hərəmxanalarında da xacələr hörmətli və nüfuzlu sayıldığından bu sözün leksik mənasını bir o qədər itirməmiş saymaq olar.Son 200-300 ildə isə daha çox dini bilgilər verən, təlim edən, tərbiyə verən anlamında işlənib. O ki qaldı xocanın “hoca” kimi işlənməsinə, türk qardaşlarımız demiş: “Bu, heç sözkonusu deyildi axı!!!” Söhbət bu sözün dilimizdə işlənib- işlənməməsindən gedirdi, hərçənd elə “hocam” deyənlər bəlkə ən dürüst formada ifadə edirlər.Zira sözün kökü farscadan (təxminən 12 əsr öncə) hacə, hacəgan(cəmdə) kimi yaranıb. “H” hərfinin yeri gəldi-gəlmədi “x” hərfinə transferi “bizimkilər”in dilimizin başında dəlləkliyi deyil, bəs nədir?! Yeri gəlmişkən, ərəb-farsca mötəbər lüğətimi açdım. Demək olar ki, ərəbcə “h”-dan və “x” dan sonra “o” hərfinin işləndiyi söz tapmadım.Tək bir söz-“xof” sözündən başqa.Öz aramızdır, bu da türkcəmizdən xoflananlar üçün heç də xoş olmadı.
“8-ci Layoune Beynəlxalq Poeziya Festivalı və 5 Qitədən Şairlərin Mədəni Dialoqu” 12 gün – aprelin 18-dən 29-nadək Mərakeşin 5 şəhərində (Layoune, Safi, Tangire, Rabat, Mərakeş) və Sahara səhrasında baş tutub.
Festivala beş qitədən olmaqla 30 müxtəlif ölkələrdən tanınmış şairlər dəvət olunub. Sözügedən festivala Azərbaycanı tanınmış şair NİGAR ARİF təmsil edib.
Tanınmış şair NİGAR ARİF səfər təəssüratlarını YAZARLAR.AZ oxucuları üçün bizimlə bölüşdü:
“Olduqca böyük, maraqlı, şən və rəngarəng festival idi və yuxarıda adları keçən şəhərlərin hər birində çıxışlarımız oldu, bütün tədbirlərdə 3 dildə – həm öz dilimizdə, həm də ingiliscə, ərəbcə tərcümədə şeirlərimizi səsləndirdik. (öz dilimizdə və ingiliscə özümüz səsləndirirdik, ərəbcə tərcüməsi isə xüsusi təyin olunmuş tərcüməçi tərəfindən oxunurdu) Bir çox tədbirlərdə, konfranslarda, məktəb , universitet, nəşriyyat yerlərində qonaq olduq. Hamısında bizi çox hörmətlə, qonaqpərvərliklə qarşıladılar. Müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırıldıq. Bir çox televiziya kanallarına müsahibələr verdik, Mərakeşin fərqli saytlarında da şəkillərimiz, çıxışılarımız barədə yazılar dərc olundu… Layoune şəhərində Poeziya gecəsinin Bağlanış mərasimində bizə milli geyimlərini hədiyyə edərək geyinməyimizə kömək etdilər… Həqiqətən də özümüzü öz evimizdə kimi hiss edirdik… Poeziya gecəsi keçirilən ən əsrarəngiz və sehirli yerlərdən biri “Sahara” səhrası, digəri isə “Tangier” şəhərində Mağarada idi… Saharada iki dəfə olduq, çox poetik ab-havası vardı, mənzərəsi çox hüzurverici idi, mərasim də, poeziya gecəsi də möhtəşəm təşkil olunmuşdu. Həm şeirlərimizi səsləndirdik, həm Mərakeşin milli rəqsi, musiqisi, adət-ənənələri ilə tanış olduq, həm də rəqs edib əyləndik… Ümumiyyətlə, qrup olaraq da yaş fərqləri olmasına baxmayaraq kifayət qədər deyib-gülən, şən, zarafatcıl, mehriban,əyləncəli qrup idik, elə bil 5 qitədən eyni “kafada” olan bütün şairləri özəlliklə seçmişdilər.
Bu arada ən cavan, azyaşlı şair mən idim, buna görə qalan şairlər hamısı mənə “qızım” deyə müraciət edirdilər, mən də onlara “anam”, “atam” deyə … O qədər doğmalaşmışdıq ki, heç kim ayrılmaq istəmirdi… Çox xoşbəxtəm ki, Mərakeşin ən böyük belə bir Beynəlxalq Şeir Festivalında Azərbaycanı təmsil edən mən oldum və müxtəlif ölkələrdən istər insan olaraq, istərsə də şair olaraq kifayət qədər uğurlu, gözəl insanları yaxından tanıdım”. Fotolar:
YAZARLAR.AZ olaraq, tanınmış şair NİGAR ARİFi təbrik edir, bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! uğurlarınız bol olsun, NİGAR xanım!!!
Aprel ayı olmasına baxmayaraq,havadan zəhrimar yağırdı.Üz-gözünü elə bozartmışdı ki,adamın lap zəhləsi gedirdi.Şəhərdə tək-tük nazik geyinən adam gözə çarpırdı.Hamının əynində pencək,gödəkçə,jaket vardı.Bir sözlə kimin nəyi vardısa geyinib çıxmışdı evdən.İş vaxtı bitdiyi üçün şəhərdə adam çox idi.Maşınlar da ki,tıxac yaratmışdı.Siqnal səslərindən,çığır-bağırdan qulaq batırdı.Havadan benzin,tütün,mazutqarışıq qəribə iy gəlirdi.Daha doğrusu havada hava yox idi.Rizvan da işdən çıxıb bu insan selinə qoşulmuşdu.Rəngi getmiş gödəkçəsinin düymələrini də bağlamışdı ki,soyuq olmasın.Çantasını çiynindən aşırıb(adətiydi,çantasız evdən çıxmazdı) basırıq küçələrlə evinə tələsirdi.Nə yaxşı ki,evi yaxınlıqdaydı..Yoxsa bu basabasda necə gedib gələ bilərdi işə?Nə maaşı vardı ki?450 manat.Onu da marşruta töksəydi çörək pulu qalmazdı ki.Bunları fikirləşə-fikirləşə evinə tərəf yol ölçürdü və ağlından keçirirdi ki,axı əvvəllər Bakıda bu qədər adam yox idi.Tələbə vaxtı küçələrdə tək-tük maşın görünürdü.Avtobusda da bu boyda basa-bas nə gəzirdi.Dərsdən kirayə qaldığı evə metroyla gəlirdi.Bax onda bir az tünlük olurdu.Onda da bu qatarı ötüşdürüb o biri qatarı gözləyirdi.Vəssalam.O da tələbələrin dərsdən çıxdığı vaxtlarda.Başqa saatlarda əminlik idi.Sonra ağlından keçirdi ki,rayonlarda,bölgələrdə işsizlikdi axı.İş yerləri yoxdu deyə hamı bir tikə çörək pulu üçün didərgin düşüb evindən,eşiyindən.Sıxlıq,tıxac da bu üzdən yaranmışdı şəhərdə.Tikintidə fəhlə işləyən kim,küçə süpürən,maşın yuyan,evlərdə qulluqçuluq edən kim.Düz əməlli iş yerləri açılsaydı insanlar belə pərən düşməzdi və şəhər də bu basırıqlarda boğulmazdı.Bu fikirlərlə həyətlərinə necə çatdığını bilmədi.Binaları köhnə və qəzalı vəziyyətdə olsa da buna da şükür edirdi.Evsiz,eşiksiz,küçələrdə,vağzallarda yatan adamları düşündükcə min dəfə Allaha şükranlığını bildirirdi.Elə cibində bir gecə gəzdirə bilmədiyi aylıq məvacibinə görə də.Heç olmasa kredit götürüb hansısa işini yola verə bilirdi ki.İşsiz adama mağazalar nisyə mal da vermirlər.Bu fikirlərlə binanın altındakı balaca ərzaq dükanına daxil oldu. Salam,qonşu.Necəsən? _Salam,Rizvan müəllim.Şükür.Dığırlana-dığırlana yaşayırıq.Siz necəsiz? Rizvan qonşusunun ona müəllim deməsindən böyük məmnunluq duya-duya: Şükür,bu günkü günümüzə,qonşu deyib alacağı ərzaqları rəflərdən götürməyə başladı.Çalışdı ki,hər şeyin ən ucuzunu götürsün. Nəhayət götürdüklərini hesablatdırdıqdan sonra: _Qonşu,yaz dəftərə.İnşallah ayın axırında hamısını birdən ödəyəcəm deyib satıcının nə deyəcəyini gözləmədən sellafon torbaları götürüb dükandan çıxdı. Ürəyində fikirləşdi ki,görəsən qonşusu söyüb söylənmədi ardınca?Axı niyə söylənsin?Mən ki,maaşı alan kimi borcumu qəpiyinəcən ödəyirəm. Bu fikirlərlə beşmərtəbəli binanın 4cü mərtəbəsindəki mənzilinin qapısını haçan döydüyündən xəbəri olmadı.Qapını oğlu açdı. Adəti idi.İşdən gələndə həmişə öpüşüb görüşürdülər.İndi nədənsə aldıqlarını qapının ağzına qoyub tələsik vanna otağına keçdi. Təngnəfəs olmuşdu.Töyşüyürdü.Üzünə su vurdu.Gözü güzgüyə sataşdı.Boğulmuşdu sanki.Qapqaraydı. Ordan çıxıb yataq otağına keçdi. Yoldaşı ütü ütüləyirdi.Salam vermək də yadından çıxdı. _Gəldin?Əynini dəyiş,keç mətbəxə.Yemək hazırdı. _Yox.Nəsə özümü pis hiss edirəm.Bir az uzanacam.Bir-iki şey almışam.Sən onları yerbəyer et -deyib yerinə uzandı. Fikirləşdi ki,yəqin işdə çox yorulub.Uzansa keçər.Baxdı ki,gödəkçəsi də əynindədi.Halsız-halsız düymələrini açdı.Əynindən çıxarmağa heyi olmadı.Sinəsi göynəyirdi.Otaqda hava yox idi sanki.Durub pəncərəni açmaq istədi.Qalxa bilmədi .Tumbanın gözündəki dərmanını tapıb atdı.İstədi Nazlını (həyat yoldaşını)çağırsın.Sonra fikirləşdi ki,bir az da gözləsin.Niyə təlaş yaratsın?Dərman təsir edincə yaxşılaşacağına ümid edib fikrindən daşındı.Ölümdən qorxan adam deyildi.Bircə oğlunun,yoldaşının yiyəsiz qalacağından qorxurdu həmişə.Vəssalam.Oğlu sonuncu kursda oxuyurdu.Universiteti bitirib əsgər gedəcəkdi.Sonra qayıdıb ixtisasına uyğun iş tapacaqdı və atasına kömək edəcəkdi.Yoldaşı isə tibb bacısı idi.Amma işləmirdi.Arada qonşuların iynəsini vururdu.Azdan çoxdan pulu olurdu.Allah bərəkət versin.Bunları beynində götür qoy edə-edə nə vaxt yuxuya getdiyini bilmədi.Yuxuda kəndlərini,anasını,bacılarını gördü.Hər yer çiçək açmışdı.Anası səhənglə su daşıyırdı Axmazdan.Bacıları da tullana-tullana,gülə-gülə onun ardınca gəlirdilər.Bir yanda toyuq cücə küllükdə eşələnirdi ,bir yanda da qoyun quzu mələşirdi.Alabaşları da quyruğunu qatlayıb oturmuşdu yorğun-arğın.Görünür o ki,var qaçmışdı nəyinsə dalınca. İt ki, it. Sonra anası süfrə açdı.Təzə motal pendiri,nehrə yağı,qaymaq,təndir çörəyi adama gəl-gəl deyirdi.Nə gözəl mənzərəydi,İlahi. Lap gerçəyə oxşayırdı. Sonra anası ağ güllü ləçəyini başına bağlayıb, Rizvanın ən çox sevdiyi yaşıl donunu əyninə geydi. Harasa getməyə hazırlaşırdı deyəsən: _Süfrəni sən yığışdırarsan,oğlum- deyib tələsik evdən çıxdı. Rizvan nə qədər yalvarsa da anası onu özüylə aparmadı: -Yox,oğlum.Mən getdiyim yerə uşaqları aparmırlar.Gələn dəfə mütləq səni də özümlə aparacam.İndi olmaz. Sonra anası gözdən itdi. Rizvan diksinib yuxudan oyandı.Qanın tərin içindəydi.Bir müddət yuxunun təsirindən qurtara bilmədi.Əl atıb sinəsini ovuşdurdu.Bir az ağrısı azalmışdı.Otaq qapqaranlıq idi.Görünür axşam düşmüşdü.Yavaş-yavaş ayağa qalxdı.Hiss etdi ki,acıb.Paltarını dəyişib təzədən vanna otağına keçdi,əl üzünə su vurdu ki,yuxusu qaçsın.Həm də bir növ adət etmişdi.Yatıb durandan sonra mütləq əl-üzünü yuyurdu.Günün hansı hissəsində olur,olsun.Sonra qonaq otağının qapısını aralayıb içəri baxdı.Oğlu kompyuterin arxasında nəyləsə məşğul idi.Sakitcə qapını çəkdi ki,fikri dağılmasın.Mətbəxə keçdi.Yoldaşı tez-tələsik yeməyi isitməyə başladı: _Birinci çay verim,yoxsa.. _Yox yemək yeyəcəm.Acmışam. Stolun üstündə göy-göyərti,duzlu xiyar,duz,istiot,bir də çörək vardı.”Allahın evi avadan” Adəti idi.İlahinin verdiyi hər nemətə görə şükr edərdi. Sonra yoldaşının çəkdiyi bir qab mərci supunu qaşıqlamağa başladı. Yuxu heç yadından çıxmırdı.Mütləq anasının qəbrini ziyarət edəcəkdi.”Görünür arvad darıxıb.Haçandı ziyarət etmirəm” Bir də maaşı alan kimi həkimə gedəcəkdi.Nə vaxtdı təzyiq onu düz-əməlli yaşamağa qoymurdu.Canını pula satmayacaqdı.Hələ işləri vardı.O işləri görmədən ölməyə haqqı yox idi. Yeməyi bitirəndən sonra sakitcə yoldaşına “Şağ ol.Dadlı idi.Əlinə sağlıq”deyib süfrədən durdu.Halsız idi bir az.Həm də yorğun.İstədi götürüb bir kitab oxusun .Sonra fikrindən vaz keçdi.Dincələcəkdi bu gün.Yataq otağının pəncərəsindən çölə baxdı.Yağış yağırdı.Həyətdə heç kim görünmürdü.Heç itlər,pişiklər də gözə dəymirdi. “Hamı yuvasına çəkilib.Görəsən yuvası olmayanlar neynir,İlahi?”Ağlından keçirdiyi bu fikirdən üşüdü.Yerinə uzandı,yorğanı başına çəkdi.Nəsə narahat idi.Bədəni uçunurdu. “Bircə səhər açılsaydı”.Ömründə səhərin açılmasını bu qədər istəməmişdi.Qaranlıq bu qədər qorxutmamışdı onu.Bircə onu bilirdi ki,yatmayacaqdı.Yuxusu da yadından çıxmırdı.O üz bu üzə çevrilə-çevrilə anasını düşünürdü.Yenə götürüb bir dərman atdı.Mətbəxdən səslər gəlirdi.Yoldaşı idi yəqin.Gecə keçənəcən sil süpürlə məşğul olurdu.”Zalımın qızı bir dəfə kitab oxumur.Həyatı,evliliyi ancaq yır-yığışda,biş-düşdə görür.Zərrəcən romantikası yoxdu.Heç mənim hansı rəngi,hansı musiqini,hansı fəsli sevdiyimi belə bilmir”Ömründə ilk dəfə özünə yazığı gəldi.Tələbəlik illəri,eşqə düşdüyü vaxtlar,Nüşabə yadına düşdü.Sevgisinə yiyə dura bilmədi.Anası qoymadı.”Nə tanıyırıq xalxın qızın “deyib sevdiyi qızı ona almadı.O da susdu.Anasından keçmədi,sevdiyindən keçdi.Qonşuları Əjdərin qızını gözaltı etmişdi anası və Rizvanı da birtəhər razı saldıqdan sonra el adətincə elçi gedib üzük taxdı.Atası hələ Rizvan uşaqkən böyrək çatışmazlığından dünyasını dəyişmişdi.Anası onu və iki bacısını zülümlə böyüdüb oxutmuşdu.Bəlkə bu əziyyətinə görə də Rizvan onun sözündən çıxa bilməmişdi və qonşuları olsa da ömründə bircə dəfə də kəlmə kəsmədiyi bir qızla ailə qurmuşdu.Allah tərəfi pis qız deyildi.Hər şeyə qane olan,başını aşağı salıb öz işini görən qız idi..Bir oğlanları olandan sonra da Rizvan bütünlüklə ailəsinə bağlı birinə çevrildi və gözünü açıb yumdu ki,50 ni haqlayıb.Hər şeyə şükr edə-edə gəlib çıxıb yolun yarısına.Başı işinə,problemlərinə elə qarışmışdı ki,vaxtın necə keçməsindən xəbəri olmamışdı.Ara-sıra keçmişi,gəncliyi,tələbəlik illəri ,Nüşabə yadına düşsə də işin,qayğıların çoxluğu onu göz açmağa qoymamışdı.Hissizləşmişdi sanki.Elə bil o duyğulu,sevgisindən ötrü ölümə getməyə hazır olan,kitablarla yatıb duran,özünü əsər qəhrəmanlarına bənzədən gənc bu deyildi. ….”Adam nəyisə gözləyəndə vaxt niyə keçmir görən.Hələ gecə saat birdi.Zamandan daş asılıb elə bil.Ürəyim də ki,rahatlana bilmir.Görəsən bu gün nə olub bu çər dəymişə?”Gecə keçdikcə hiss edirdi ki,gözləri qapanır.Kirpiklərindən daş asılıb sanki.Öz- özünə bağlanır.Artıq yuxuya gücü çatmırdı.Almışdı gözlərini cənginə. ….Yenə anası əlində səhəng su gətirməyə gedirdi: _Ana qurban,gəl gedək su gətirək.Yorulmuşam.Bir az mənə kömək elə. İstədi etiraz edə.Səsi çıxmadı.Ayağını sürüyə-sürüyə anasının dalınca düşdü.Hər yer qaranlıq idi.Göz -gözü görmürdü.Kol-kosu yara-yara gedirdilər.Heç yer tanış gəlmirdi Rizvana.Bu yol hara aparıb çıxaracaqdı onları?Bilmirdi.Eləcə diqqətlə baxırdı ki,anasını itirməsin.Geriyə qayltmaq gözünə durdu.Bu yolu necə qayıdacaqdılar,İlahi? “Bircə səhər açılsaydı”.
Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” kitabı axır ki, işıq üzü gördü. Niyə “axır ki” ifadəsi işlətdim – çünki qocaman yazıçı Allahın bəxş etdiyi ömür payının beş ildən çoxunu bu romanı yazıb ərsəyə gətirmək üçün sərf etdi. Mən öz fikrimi deyəcəm: beş ildən artıq vaxtı bir roman yolunda qoymaq yalnız klassik ruhda yazan, əsil ədəbiyyat məktəbi keçmiş yazıçılara məxsusdur.
Bu əsərə “xərclənən” illər özü, yazıçının öz əsərinə necə yanaşmağına, faktları dəqiqləşdirmək, hadisələri olduğu kimi öz tarixi boyaqları ilə birlikdə oxucuya çatdırmaq arzusunun şahididir.
Nadir şah kimi tarixi şəxs barədə əsər yazmaq asan iş ola bilməz, hətta, təcrübəli qələm sahibi üçün də! Əgər, min illər tarixi olan dünya yazılı ədəbiyyatında haqqında ən çox yazılan, anılan on nəfər sərkərdə varsa, Nadir şah onların sırasındadır və birincilərdəndir. Belə bir tarixi şəxs barədə böyük həcmli əsər yazmaq üçün təkcə yazıçı olmaq azdır, burada həm tarixşünaslıq, həm də şərqşünaslıq elmlərinə də baş vurmalısan. E. Zeynalov bu işlərin ohdəsindən bacarıqla gəlib.
“Nadir şah” romanı bədii ədəbiyyat nümunəsi olmaqla yanaşı, həm də tarixi əsərdir. Roman əsrlərlə birlik təşkil edərək, eyni siyasi-iqtisadi yolla getmiş iki bölgənin – Azərbaycanın və İranın az qala yüz əlli illik tarixini əhatə edir. Burada Şah Süleyman və oğlu Sultan Hüseyn zamanında dövlətin düşdüyü acınacaqlı vəziyyətdən tutmuş, Nadirin hakimiyyətə gələrək, zəmanəsinin ən böyük dövlətini yaratdığı illər təsvir olunur.
Bir neçə əsr boyu tarixi səlnamələrdə xalqımızın, türk mənşəli sərkərdələrin aparıcı qüvvə olduğu dövlətlər “İran dövləti”, “Fars dövləti” kimi qələmə verilmişdir. Bu hal tarixi həqiqətdir. Tarixin özünü yaratmış böyük sərkərdələrin keçdikləri yollara, yaratdıqları qüdrətli dövlətlərə həsr olunmuş araşdırmalarda bu sərkərdələrin türk mənşəliliyinə, azəri türklərinin bu imperiyalarda aparıcı qüvvə olduqlarına aid bir qayda olaraq, çox cüzi məlumatlar verilib, ya da ki, tam heç nə yazılmayıb. Bunun da iki əsas səbəbi olub. Birinci səbəb, ərəblərdən tutmuş farsına, avropalısına kimi hamısında türkə qarşı sönmək bilməyən rəqabət, paxıllıq, düşmənçilik mövqeyi, ikinci səbəb isə, öz tariximizə qarşı özümüzün göstərdiyimiz biganəlik olmuşdur.
Şah İsmayıl, Ağa Məhəmməd şah Qacar, Nadir şah Əfşar kimi böyük sərkərdələrin həyatları, onların dövlətçilik siyasətləri, böyük imperiyalar yaratmaq yolunda apardığları müharibələr barədə tariхi məlumatları biz ya fars, ya rus, ya da Avropa mənbələrindən almışıq. Ən yaxşı halda mənbəmiz osmanlı türklərinin yazdıqları olmuşdur. Tarix elə gətirmişdir ki, yuxarıda sadlanan mənbələr-ölkələr özləri yüz illərlə ölkəmizə düşmən mövqedə dayanmışlar. Təbii ki, onlardan heç biri qabaqlarına əsil tarixi həqiqəti yazmaq, baş verənləri olduğu kimi qələmə almaq məqsədi qoya bilməzdilər. Bu tarixi səlnamələr, bu xalqların (dövlətlərin) ölkəmizə və tariximizə olan şəxsi münasibətləri kontekstindən yazılmışdır.
Bu nöqteyi-nəzərdən Eyvaz Zeynalovun “Nadir şah” tarixi romanı ölkəmizin tarixinin daha dərindən araşdırılmasında atılan yeni addımlardan biridir.
Nadir şahın apardığı siyasəti araşdırmaq, yetərincə qiymət vermək günü-bu gün də çətindir, ziddiyətlidir. Onun adı ilə bağlı ən çox sorğulanan suallardan biri, o dövrdə müsəlmançılıq – məzhəb, sünni-şiə qarşıdurmaları və bu qarşıdurmalarla bağlı şahın hansı addımları atdığı ilə əlaqədardır. Nadir şahın dini baxışları ilə bağlı fikir ayrılıqları çoxdur.
Romanda Nadir şahın dinə öz şəxsi münasibətinin dövlət idarəçiliyində dinə söykənmək prinsipləri arasında, əksər suallarda ziddiyyətlər təşkil etdiyi, üst-üstə düşməyən yanaşmalar olduğu çox açıq şəkildə təsvir olunur. Burada görürük ki, Nadir təklikdə, yaxınları, qohum-əqrəbası yanında dünyəvi baxışların sahibidir. Taxt-tacın, özünün yaratdığı dövlətin mənafeyini qoruyan qayda-qanunlar şah üçün həmişə birincidir. Amma rəiyyət qarşısında, idarəçilik, əmim-amanlıq xatirinə şah, şiə məzhəbinə qulluq edən əsl mömindir, şiə məzhəbinə böyük hörmət, sədaqət bəsləyir. Bununla yanaşı, Nadirin İmam Cəfər Sadiq məzhəbini qəbul etməsi, şiə-sünni ixtilaflarına son qoymaq arzusu tarixi bir faktdır. Bu addımı bir siyasi uzaqgörənlik kimi də qəbul etmək olar, siyasi qazanc kimi də. Necə qəbul edilməsindən asılı olmayaraq son həqiqət budur: şah nə edibsə, dövləti möhkəmləndirmək, ixtilaflara son qoymaq naminə edib, yaxud, etməyə çalışıb. İki məzhəbin bişləşdirilməsi dövlətdə ictimai-siyasi dəyişikliklərə başlama startına yol verməli idi. Nadir, xarici siyasət aləmində də, ilk növbədə, osmanlılarla qarşdurmanın əsas səbəbini şiə-sünni çəkişmələrinin mövcudluğunda görürdü. O, osmanlılarla sülh müqaviləsi bağlamaq məqsədi ilə Sultana yazdığı beş şərtin üçünü eyni məzhəbə gəlmək yollarına həsr etmişdi. “1. Cəfəri məzhəbi sünniliyin beşinci məzhəbi kimi tanınmalı; 2. Kəbədə dörd sünni məzhəbinin mehrabı yanında Cəfəri məzhəbi üçün beşinci ibadət yeri (rükn) olmalı; 3. Ölkə zəvvarlarının həcc əmiri ilə digərləri kimi rəftar edilməli; 4. Əsirlər qaytarılmalı; 5. İki dövlətin paytaxtında daimi səfirlik təsis olunmalıdır.”
Əfsuslar, romandan göründüyü kimi, bu birləşmənin həyata keçməsi üçün lazım olan şərtlər yox dərəcəsində idi. İki məzhəb arasında birlik və əmin-amanlığa nail olmaq yolunda Nadir tərəfindən edilən cəhdlər sadə əhalinin, ən başlıcası isə, din-ruhani rəhbərliyinin və bəy-xan zümrəsinin kor düşüncə tərzləri qarşısında aciz qaldı. Müasir oxucu “Nadir şahı”ı oxuduqca təəssüf hissiylə yenilikləri anlamağa əqli-fərasəti çatmayan kütləni, başda molla-qazi, varlı elita olmaqla, islhata dəstək ola bilməyən qüvvələri görür.
Nəticədə şahın istəyi, istək olaraq qaldı. Şiə-sünni ixtilafı aradan qaldırılsaydı, birlik təşkil edə bilsəydi, bu birlikdən xeyirlənən bütün islam dünyası, bizim üçünsə ən başlıcası, iki türk ölkəsi – osmanlılar və Azərbaycan olacaqdı, əsrlərlə davam edən qarşıdurmaya son qoyulmağa əsas yaranacaqdı.
Əsər ilk səhifəsindən sona qədər dayanmadan dəyişən, gah üzü zirvəyə, gah da, ildırım kimi uçurumlara tuşlanan hadisələrdən ibarətdir. Romanda ədəbi boyaqlarla təsvir olunan xoronoloji qaydada ingişaf edən bu hadisələrin əksəriyyəti tarixi faktlardır, beş ildən çox müddətdə yazıçının üstündə “tər töküb” araşdırdığı çoxsaylı arxiv sənədlərinə əsaslanmışdır. Təvazökarlıqan uzaq da olsa, qeyd edim ki, bu arxivlərin araşdırılmasında, daha dəqiq desəm, Nadirin Rusiya ilə bağlı siyasətinə dair dövrü araşdırarkən, Tambov, Peterburq, Krasnozrsk arxivlərində mən də müəyyən qədər çalışmışam.
Sadə bir ailədə anadan olmuş və ancaq öz gücü və bacarığı sahəsində özünə yol açmağa çalışan Nadirin həyatı olduqca maraqlı boyalarla təsvir olunur. Qarşısına qoyduğu məqsədə çatmaq qətiyyəti, misli görünməyən cəsarəti Nadiri şah taxtına sahib edir. Romanda Nadir səxavət və rəhmdillik nümayiş etdirməyi bacaran fatehdir. Amma, məqsədi uğrunda qəddarlıq etməkdən də çəkinmir. Səbrlidir, amma, haradasa səbr kasasına qılınc vurur, amansızlıq edir. Tarixə qılıncı ilə adını yazmış fatehin amansızlıq “bacarığı” axırda onu fəlakətə gətirir. Oğlu Rzaqulunun gözlərini çıxartdırır, elə bununla da özünün məhvini qaçılmaz edir.
“– Sən mənim deyil, Avşar ölkəsinin gözlərini kor etdin. Ehtiyatlı ol, öz başını əldən vermə.” – Atasının əmri ilə gözləri çıxarılmış şahzadə Rzaqulunun bu sözləri, Nadir şaha onun özünü gözləyən fəlakətin lap yaxın olduğuna ilk işarə idi.
***
Nadir şahın dini islahatlarla bağlı planı tam həyata keçməsə də, öz dövrü üçün olduqca mütərəqqi sayıla biləcək cəsarətli addımları atmaqda davam edirdi. Romanın “Nadir şah Qəzvində” bölməsində, şahın iki məzhəbi uyğunlaşdırmaq məqsədi ilə verdiyi fərmanlar barədə qeydlərə diqqət verək: “…Quranın I surəsi Fatihə və Allahü-əkbər təkbirindən sonra oxunan dua vəli nemət adlandırılan imam Mehdiyə, olmayana deyil, var olana oxunmalıydı. Amma “xudavənd, şahımızı əbədi qoru” sözlərini, Quranda olmasa da, azana artırılmış “Əliyyən vəliyullah” (Əli rəhbər, himayəçi) əlavəsini ləğv etdi. “Əlinin buna ehtiyacı yoxdu, – dedi, – ancaq məzhəblər arasında ayrı-seçkilik salır. Himayədar tək Allahdı.”
Nadir şah, Məhərrəm ayında imam Hüseynə keçirilən təziyədarlığa qadağa qoydu. Mütəni (siğə, müvəqqəti nikah), üç rəşidi (əsl) xəlifənin (Əbu Bəkr, Ömər və Osmanın) lənətlə anılmasını yasaqladı. “Sasani imperiyasını dağıdan Ömərə türk niyə lənət oxumalıdı?”
Türklərdə təbiətin oyanması, canlanması kimi qəbul və bayram etdikləri Novruzu Səfəvilər xurafi bayrama çevirmişdilər. Novruzda əyanlardan saraya daş-qaş, zinət vermələrini tələb edirdilər.
Ölkənin işindən xəbəri olmayan Sultan Hüseynin sarayında “at oynadan”, “Dünya bu gündə yaranıb, Adəm bu gündə anadan olub, İbrahim bu gündə bütləri qırıb, Musa İsrail oğullarını bu gündə əsarətdən qurtarıb, Məhəmməd peyğəmbərliyə bu gündə yüksəlib, Mehdi bu gündə zühur edib Dəccalı Kufədə döyəcək…”- deyən tanınmış şiə müctəhidi Məclisinin şaha təkidlə qəbul etdirdiyi bir çox fərmanlar ləğv edildi. Nadir şah dini dövlət idarəçiliyindən ayırdı.
Razılaşaq ki, müsəlman dünyasında şiə-sünni hərc-mərcliyinə son qoymaq üçün bu hərəkət Nadirin hansı islahatçılıq arzuları ilə yaşadığına gözəl sübutdur.
***
Romanı oxuyarkən, ilk səhifələrdən hiss olunur ki, əsər xalqı, Vətəni, tarixi ilə fəxr edən hər bir Azərbaycan türkünün qəlbinə fəxr, qürur hissinin yüklənməsinə yönəlib. On illər Nadiri bizə qaniçən, qəddar, Azərbaycanın düşməni, “iran şahı” kimi qələmə vermişlər. Tariximiz yad təzyiqlər təsiri altında “qaramatlanıb”, onsuz da az saylı olan dünya ölçülü şəxslərimizdə yalnız “qara ştrixlərin” olması aşılanıb. Romanda isə biz hər obanın-şəhərin özbaşınalığına, pərənliyinə sədd çəkən, dövləti dünya miqyasında qüdrətlilər sırasına çıxaran, Azərbaycan torpağının yetişdirdiyi, qanı – qanımızdan, canı – canımızdan olan böyük sərkərdə Nadiri görürük. Belə də olmalıdır. Bu mövqe əsl vətənpərvər yazıçı mövqeyidir. Bütün Asiyanı birləşdirən, az qala sərhədləri Avropaya gedib çatan dövlət yaratmış böyük fatehlə, azəri türkü olmuş cəsur sərkərdə ilə niyə fəxr etməyək?! Şimaldan Rusiyanın, cənubdan osmanlıların, şərqdən əfqanların fasiləsiz hücumlarının qarşına dəmir sədd çəkməyi bacaran sərkərdə zəif ola bilərdimi? Tariximizdə az olmayıb, mərkəzi hakimiyyətin zəifliyi. Bu zəifliyin nələrə, neçə “cırtan dövlətlərin” yaranmasına gətirib çıxarmağı yaddaşımızdan silinməməlidir.
Hansı xalqda var belə bir hal ki, tarixə belə səviyyədə iz qoymuş məşhur sərkərdə oğluna “qəddar”, “despot” nişanı vuraraq, yalnız xoşagəlməz hisslərlə xatırlansın?
Hakimiyyət uğrunda mübarizə bütün dövrlərdə aktual olub. Taxt-tacı əldə saxlamaq, yaxud ələ keçirmək üçün güc sahibləri hər cür cinayətə əl atıblar. Tarix belə nümunələrlə doludur. Eramızdan əvvəl 44-cü ildə Romada Qay Yuli Sezarın öldürülməsi, 1286-cı ildə Danimarka kralı Erik V, 1801 çevrilişi kimi də tanınan I Pavelin qətli…
Qədim və orta əsr dövlətlərində şahların, sultanların, kralların öz əcəli ilə ölməsi nadir hadisələr idi. Ona görə də, Nadir şahın hakimiyyəti qoruyub saxlamaq yolunda etdiyi qəddarlıqlar, sonda onun öldürülməsi o dövrün saraylarında mövcud olan ənənələrə tam uyğun şəkildə baş verdi.
Tarixdə belə hallar az deyil. Dövlət bütövlüyünü qoruyub saxlamaq xatirinə şahların, çarların etdikləri cinayətlər, Nadir şahın etdiklərindən heç də az olmayıb. Ən maraqlısı da budur ki, həmin tarixi şəxsiyyətlər günü bu gün də öz xalqının qəhrəmanı kimi yad edilir, dövlətçilik naminə atdıqları addımlar söylənilir.
Götürək, misal üçün zəmanəsinin böyük tarixi şəxslərindən sayılan rus imperatoru, l Pyotru.
Sankt-Peterburq – “sümüklər üzərində şəhər” kimi tarixi qeydlərə çox rast gəlmək olar. Çünki rus xalqının hörmətlə yad etdikləri həmin Pyotr l indiki Peterburq şəhərini inşa etdirərkən, ətraf ərazilərin kəndlilərini səfərbərliyə almış, bataqlıqlar üzərində, çox çətin şərautdə tikintidə işlətmişdir. O vaxtlar Danimarkanın rus çar sarayındakı nümayəndəsi Just Yul 1710-cu il üçün “Qeydlər”ində qeyd edir: ” Sankt-Peterburq qalasının tikintisi zamanı təkcə 1703-cü ilin yayı-payızında 60 min və 1703/04-ün qışında Kronshlotun tikintisi zamanı isə – 40 mindən çox adam öldü”, yəni bir ildə 100 mindən çox adam ölmüşdür. [Беспятых 1991, 49, 26-27, 104; Описание 1975, 205; Хавен 1997, 351].
5 iyul 1718-ci ildə Pyotr l oğlu Alekseyi xəyanətdə günahlandıraraq həbsxanada boğdurub, qətlə yetirmişdir. Bu gün Pyotru heç kim lənətləmir, rus dövlət quruculuğunda atdığı addımlara görə, əksinə, hörmət və fəxrlə yad edirlər.
Böyük fatehin adı ilə bağlı ən ağır qəddarlıqla hallanan əməllərindən biri, öz oğlu Rzaqulu xanın atasına qəsd etməkdə günahlandırılıb, gözlərinin çıxarılmasıdır. Bununla yanaşı, müəllifin tarixi roman olan “Nadir şah”ı yazarkən istifadə etdiyi çoxsaylı arxiv sənədlərinə nəzər salsaq, görərik ki, asudə həyat sevən Rzaqulunun şah taxtına sahib olmaq, dövrünün ən nəhəg dövlətinə şahlıq etmək istəyinin yalan olduğunu sübut edən heç bir əsas yoxdur. Demək olar ki, əksinə, məlum olan sənədlərdə, şahzadənin atasına düşmən olan qüvvələrin şaha qarşı qurduqları tordan xəbərdar olduğunun gerçəkliyinə dəlillər daha çoxdur.
Əldə qılınc, üzbəüz döyüş meydanında məğlub etməyə gücü çatmayan mənfur qüvvələr, cəsur sərkədəni yatağında qətlə yetirdilər. Bu qətlin nəticəsi isə böyük bir dövlətin çoxsaylı xanlığa-bəyliyə parçalanması oldu. Belə sonluğun kimlərə, hansı dövlətlərə xeyirli olduğunu isə sadalamağa ehtiyac yoxdur.
***
Romanı oxuduqca, bir halın şahidi oluruq: burada bədiiliklə yanaşı, hadisələrin xoroniki gedişi elə gözəl qələmə alınmışdır ki, istənilən oxucu əsəri akademik araşdırma kimi də qəbul edə bilər. Əhatəlik etibarı ilə belə genişlik əsəri Nadir şah barədə ortada olan əksər yazılardan fərqləndirir.
Roman hər bir oxucu üçün gözəl ədəbiyyat nümunəsidir.Tariximizlə maraqlanan şəxslər üçünsə həm bədii ədəbiyyat, həm tarixi hadisələr arxividir.
Dəyərli qələm adamları! III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında (24-31 may/AMEA park) İmza Günləri Bizim Media stendində keçiriləcək. Xəbərlər və fotolar anında Bizim.Media saytında yerləşdiriləcək. İmza Gününüzü və saatınızı müəyyənləşdirib, qeydiyyatdan keçə bilərsiniz. Ödəniş tələb olunmur. Bir müəllif ən azı 3 müxtəlif gündə İmza Günü edə bilər.
Qeydiyyat üçün Bizim Media koordinatorunun nömrəsi +994 55 752 40 40 ( Zəng saatları 10.00-18.00/həftə içi)
Həyat niyə belədir? Bir günü sevincdirsə, beş günü kədər, qəmdir. Dərdlər vardır çarəsiz, ahlar vardır naləsiz, Sirlər vardır açılmaz, yollar vardır aşılmaz… Baxırsan… kim kimədir? Həyat niyə belədir?
Ağılla duyğu düşmən, Ruh duymur yansa bağrın, Yazıq qəlbə qalansa ağrı üstünə ağrı… Vaxt keçir, vaxt tələsir, Ömür dediyin yuxu ağacda son yarpaq tək qopdu-qopacaq… əsir, gözündən düşüb sınır… sınıqlar əli kəsir… Nə şənlik var, nə büsat, yana düşür qol-qanad… ağlasan, gülür həyat…
Deyirsən, yaşamağa dəyməzdi yaşananlar, sonrası beləydisə olmayaydı olanlar… qədəhdəki şərab tək ya ağ, ya qıpqırmızı üzünə durur yalanlar… durub baxırsan mat-mat… Niyə belədir həyat?