MURAD MƏMMƏDOVUN YENİ ŞEİRLƏRİ

MURAD MƏMMƏDOVUN YAZILARI

DOSTUMA
Sevgidir məlhəmi sevən ürəyin,
Sevmirsə , o ürək, daşdı, əzizim.
Ayrılıq bir dərddi, olmaz gərəyin,
Çarəsi gözlərdə yaşdı, əzizim.
* * *
Ürək geniş olsa, yerin dar olmaz,
Sevən könüllərdə dərd, azar olmaz,
Gözü oynayandan sənə yar olmaz,
Məhəbbət ağılla xoşdu, əzizim.
* * *
Hər yaşın sevgisi ruha dayaqdı,
Yüz insan seyr edir, baxma, oyaqdı,
Bir qoca kiminsə gözünə baxdı,
Dalınca dedilər, çaşdı, əzizim.
* * *
Məhəbbət yandıran, alovlu yoldu,
Neçəsi alışdı, yarıda qaldı,
Kimi dəli etdi çöllərə saldı,
Dedilər həddini aşdı, əzizim.
* * *
Neçə canda neçə sevgi boğular,
Qocalarıq, eşq, məhəbbət soğular,
Sevgi də beyində, başda doğular,
İnsanı var edən başdı, əzizim.
* * *
Ay Murad, ayıq ol ,yuxudan oyan,
Naşıdı dünyanın malına uyan,
Eşqdən xumarlanıb, iyini duyan,
Ləzzət alan, gözlə qaşdı , əzizim.

ÖVLADLARIMA
Dünya, fani dünyadır,
Öz ağlınla otur, dur.
Laylay çalır, oynadır,
Axırda qalib odur.
* * *
Yıxıldınsa, çalış dur
Qorunma yedəklərdə.
Özünə bir koma qur,
Sürünmə ətəklərdə.
* * *
Öz qədrini özün bil
Özgəyə möhtac olma!
Eşqlə yaşa, sevin, gül,
Çalış, işlə, ac olma!
* * *
Ümid olma heç kəsə,
Nəyin varsa, yiyə dur.
Girmə heç kimlə bəhsə,
Ağıllısı, bax budur!
* * *
Pisi yaxına qoyma,
Sadə davran, ayıq ol.
Yalana, küyə uyma,
Aldanarsan, sayıq ol.
* * *
Yalqız olma həyatda
Təklik bir həyat deyil.
Yandırsalar da odda,
Ancaq Allaha əyil.
* * *
Nəfsinə qul olma sən,
Tamahında batarsan.
Səbr eyləyib gözləsən,
İstəyinə çatarsan.
* * *
Təkəbbürlü olma heç,
Tanrı sevmir dikbaşı.
Sən gəl günahından keç,
Adam olmur hər naşı.
* * *
Dərdi yaxına qoyma,
Həyatda pozitiv ol!
Yaxşılıq elə, doyma,
Pisliyə heç açma yol!
* * *
Həyat, mübarizədir,
Sabaha yoxdur güman.
Mənim sözüm sizədir,
Halal olun hər zaman!

İNCƏ DƏRƏSİ
Nə gözəl mənzərədi
Ruhumu alıb gedir.
Bəlkə, buna görədi
Əhvalım göylərdədi.
* * *
Yaradandan bəndəyə
Lütf olan gözəllikdir.
Ruhum dil açır deyə
Yarəb, dünya mənlikdir.
* * *
Ətrafımda quş səsi
Burnumda gül qoxusu.
Cəzb eləyir hər kəsi
Cuşa gəlir çoxusu.
* * *
Bura cənnətin özü,
Laylam oxunan yerdir.
Azərbaycanın gözü,
Mənə səcdəgah, pirdir.
* * *
Bütün dərdi-sərini
Burda unutmaq olur.
Könlüm məzar yerini
Sonunda burda bulur.
* * *
Bura arxam, güvənim
Mənim qibləgahımdır.
Yaşadığım dünənim,
Bu günüm, sabahımdır.
* * *
Bu yaşımda anladım,
Ömrü harda bitirdim.
Öz-özümü danladım
Gör, nələri itirdim.
* * *
Bu yurdun torpağına,
Daşına qurban olum!
Gələcəm ayağına
İncə dərəm, son yolum!

XEYİR GÖZLƏ
Hər işdən bir xeyir gözlə,
Şəri ancaq xain istər.
Dərd ovunmaz adi sözlə,
Bir istilik, qayğı göstər.
* * *
Alnımızda yazılanın
Sahibiyik, yiyəsiyik.
Bir qaranlıq gündə hamı
Eyni qapı döyəsiyik.
* * *
İçimizdə ölüm xofu
Gah ölürük, dirilirik.
Canımızdan qopan ofu
Ağrı, acı, dərd bilirik.
* * *
Bu dünyanın qonağıyıq
Dünyamızda çoxu kimi.
Yüz oyunun qınağıyıq
Unudarıq yuxu kimi.
* * *
Arzuların arxasınca
Hey qaçarıq, yorulmarıq.
Ömür bitib can çıxınca
Nəfsimizdə durulmarıq.
* * *
Sonda ruhla vidalaşıb,
Bu dünyanı anlayırıq.
Son keçilən səddi aşıb,
Özümüzü danlayırıq.

MÜBARƏK OLSUN
Gəldi ramazan ayı
Yarəb ayın mübarək!
Payla ramazan payı
Hər süfrəyə! Şükr edək!
* * *
Qoy sevinsin insanlar
Xəstələr şəfa tapsın.
Nolar naşükür canlar
Şükr etsin, tövbə yapsın.
* * *
Yaradan millətimə,
Kin, küdurət verməsin!
Daim gülsün ürəklər,
Heç kim kədər dərməsin!
* * *
Küsülülər barışsın,
Nifrət, nifaq olmasın.
Başlar xeyrə qarışsın,
Şər əməllər qalmasın.
* * *
Bu ay ruzi gətirsin,
Hər süfrəyə, hər evə.
Saf diləklər bitirsin
Yaşayaq sevə sevə.

ÜRƏYİMİN SƏSİ
Ruh halımı bölüşməyi sevmərəm
Üç olarıq kağız, qələm, bir də mən.
Dəyişmədim, dəyişmədi yan yörəm
Otaq həmən, masa həmən, ruh həmən.
* * *
Sakit gecə, sözə bağlı bir canam
Eşidirəm ürəyimin səsini.
Uşaqlıqdan üzüyola insanam
Nə deyir yazıram hər kəlməsini.
* * *
Elə gün olur ki, qapımı döymür
Bəzən əzab verir ürəyim mənim.
Olur ki, ruh verir xətrimə dəymir
Nə bu günüm inciyir, nə də dünənim.
* * *
O, məni yaşadır, o, nəfəs verir
Məni incitsə də, mən ona qulam.
Əgər ağrımırsa boş həvəs verir
Bilir ki tükənmiş , keçilmiş yolam.
* * *
Bu yaşa çatmışam, ona borcluyam
Nə yazdım qəlbimin səsiylə yazdım.
Vallah inanmıram yazmaqdan doyam
Yazdıqca bu ömür yolunda azdım.

YAĞIŞ YAĞIR
Yağış yağır ümidlərim yuylur
Çiçək ömrüm yavaş yavaş gül açır.
Bu yağışdan saf diləklər ayılır
Körpə kimi gülümsəyir, dil açır.
* * *
Damlaların tappıltısı oyadır
Neçə neçə mürgüləyən hissləri.
Qəm yuyulur, sanki rəngli boyadır
Tam ağardır günah görmüş kəsləri.
* * *
Yağış yağır, həyat sanki canlanır
Elə bil ki nəfəs alır kainat.
Köhnə dərdlər yaddan çıxır sonlanır
Gül arzular həmən açır qol qanad.
* * *
Bu his pasın çevrəsində bəxtimiz
Yuyulmasa kif balayar pas atar.
Nə yaxşı ki, selə dönüb axdınız
Yağ ey yağış, yoxsa dünya tam yatar.

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Distant təhsil: təhsilin dinamikliyi – “Ömürlük təhsildən” “ömürboyu təhsilə” keçid prinsipi

ZÜLFİYYƏ VƏLİYEVA

“Son on il müddətində informasiya texnologiyaları bizim gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. Artıq bugünkü gündə gündəlik həyatımızı internetsiz, e-mailsiz və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycanda informasiya texnologiyalarının yaradılmasına və eyni zamanda, infor­ma­siya tex­no­­logi­ya­la­­rının infrastrukturunun qurulma­sı­na böyük əhə­miyyət ve­ri­lir. Bizim ölkədə həm elmi po­ten­sial möv­cuddur, həm də texnoloji nailiyyətlər imkan ve­rir ki, Azər­baycan bu yöndə regionda aparıcı ölkə olsun”.
İlham Əliyev 


Gözümüz önündə dünya dəyişir. Dünya təcrübəsində həyata keçirilən müasir təhsil pro­qram­larına müvafiq müasir təhsilin tələblərinə cavab verən və bu tələblərin ödənilməsinə xidmət edən müasir təhsil “öyrədənlərin öyrədilməsi” proqramının re­al­laşdırılması, məsafədən informasiya ötürülməsi – distant təhsil mexanizmi­nin tətbiqi; in­ternetdən istifadənin genişləndirilməsi, informasiya və kommuni­kasiya tex­no­lo­giyalarından müasir tələblərə cavab verən səviyyədə istifadə edil­məsi mə­sə­lə­lərini əsas məqsəd kimi nəzər­də tutur. 
Distant təhsil sintetik, inteqral, humanist təhsil forması olmaqla  bütün tədris növlərinə təbii şəkildə inteqrasiya edir, müxtəlif təhsil strukturlarının inte­qrasiyasının gücləndirilməsində və vətəndaşların mün­təzəm təhsilinin inkişafı prosesində mühüm yer tutur. XXI əsrdə əhalinin ge­niş dairələri üçün ən pespektiv, cəmiyyətin tələbatına ən çevik şəkildə cavab verən və ölkənin hər bir vətəndaşının təhsilə olan konstitusiya hüququnu daim təmin edən təhsil növü olan distant təhsilin həyata keçirilməsi aşağıdakı vacib şərtlərdən asılıdır:
Məlumati: informasiya bankının yaradılması, distant təhsilin xüsusi pro­­qramlarla və dərs vəsaitləri ilə təmin edilməsi; 

  1. Metodiki: metodiki təminat elə bir səviyyədə olmalıdır ki, konkret fənn müstəqil şəkildə, hər suala görə müəllimə müraciət edilmədən mənim­sə­nilsin; 
  2. Təşkilati: distant təhsil almaq istəyənlərin qəbulu, onların tədris pro­se­sində iştira­kının qeydiyyatı, lazım gələn təqdirdə distant məsləhət­ləş­mə­lərin tə­min olunması, distant təhsilə cəlb olunanların konkret tələbat­la­rı­nın öyrənil­mə­si, buraxılış testinin keçirilməsi, eləcə də buraxılış işlərinin təşkil edilməsi; 

4.Texniki: Bütün tədris-metodiki materialların əvvəlcədən hazırlanması, təd­ris-meto­diki vəsaitlərdən istifadə etmək məqsədilə təhsil alanların is­tənilən vaxt kompüter şəbəkəsinə daxil olmasının təşkili, təhsil alanlarla məs­ləhət­ləş­mə keçirmək üçün ope­rativ əlaqələrin təşkili.
Qoyulan məqsədlərə tam şəkildə cavab verən distant təhsil sisteminin ya­radılması ümumdövlət məsələsi olmaqla, mürəkkəb bir prosesdir. Bu məsələnin həllində tədris müəssi­sələrində toplanmış tədris-metodiki, kadr və istehsal po­ten­­sialından, informasiya vasitələri və texnologiyalarından, distant təhsilin apa­rılma təcrübəsindən, mövcud olan telekommuni­kasiya infrastrukturundan və tə­lim-tərbiyə müəssisəsinin, o cümlədən ixtisasartırma və yeni­dənhazırlanma təd­ris müəssisələrinin təşkilati strukturundan geniş istifadə olunmalıdır.
 İlkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma sistemində distant təhsil zaman və məsafə baxımından uyuşqanlığı nəzərdə tutur və təhsilin fərdiləşdirilməsinin müstəqilliyini təmin edir. O, öyrənənlər tərəfindən yeni tədris materiallarının is­tifadəsində qarşılaşan tələbatlar üzərində cəmləşir. Burada əsas məqsəd dis­tant təhsilə yalnız texniki yanaşma deyil, həm də yüksək özünütəhsil səviyyə­sin­də nəticələrini texnoloji prosesin tələb etdiyi tapşırıqların tərtib edilməsinə və psixoloji möhkəmliyə keyfiyyət yanaşmasıdır. Distant təhsil nizamlı, tə­mi­natlı, maddi-texniki, elmi-metodiki, strateji və kadrların toplanmasını təmin edən prosedurdur və uzunmüddətli tətbiq üçün nəzərdə tutulur. Texnoloji tərəqqinin təsiri altında təhsil prosesi təkcə texnologiya və bilik mübadiləsi üçün deyil, eləcə də sərmayə qoyulması və bazar müna­si­bət­lərinin həyata keçirilməsi üçündür. Məhz bu mənada distant təhsilin priori­tet­ləri açıq-aşkardır, onun inkişafı aşağıdakı proseslərlə əks olunan təhsil sis­te­mi üçün xüsusi əhəmiyyət kəsb edir:

  • təhsil prosesində yeni münasibətlər yaradan iqtisadi islahatların davamlılığı;
  • yeni texnologiyalar və müasir təhsil kontekstində əhalinin yeni tə­ləbatlarının formalaşması; 
  • təhsil prosesinin iştirakçıları arasında verilənlərin mübadiləsini təmin edəcək yeni texniki imkanların yaradılması və inkişaf et­di­rilməsi. 

Fasiləsiz təhsilin daha yüksək uyuşqanlıq sisteminin mövcudluğu,  ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma qısa dövrdə cəmiyyətin tələbatları ilə qarşılaşa bilər. O, yeni şəraitə uyğun pedaqoji fəaliyyətdə kadrların treninqi və müəl­lim­lərin peşə bacarığına aid olan krizislərin aradan qaldırılmasına kömək et­mə­yə qabildir. 
İxtisasartırma təhsilində distant təhsil müxtəlif pilləli tədris müəssisələrinin, müntəzəm ixtisasını artırmağa imkanı olmayan, uzaq region və kəndlərdə yaşayan, yeni açılmış ixtisasları tədris edən, vaxtilə müvafiq ixtisasa yiyələnmiş, lakin müxtəlif səbəb­lərdən uzun müddət əmək fəaliyyətinə başlamayan, yaşadığı və işlədiyi yerdə ixtisasını artırmağa və ya müntəzəm özünütəhsilə ehtiyac duyan pedaqoji kadrlara qabaqcıl psi­xoloji-pedaqoji, elmi-metodiki informasiya, kommunikasiya və digər texnologiyalardan istifadə etməyi mənimsətməklə kompleks təhsil proqramlarını həyata keçirir. 
Internet şəbəkəsi və ondan istifadənin genişlənməsi, məlumatların veril­məsində texni­ki imkanların daha da artması nəticəsində müasir dövrdə distant təlimin həyata keçirilməsi daha aktual görünür. Təlim prosesində, eləcə də prak­tik və laboratoriya işlərinin yerinə yeti­rilməsində müdavimlər bu və ya di­gər problemləri kurs müəllimləri ilə məsləhətləşir, öz həmkarları ilə mübahisəli məsələləri müzakirə edirlər. Real olaraq, əlaqə üçün onlar bütün texniki im­kan­lardan istifadə edə bilirlər. Bu, telefon, e-mail, onlineregimində diskussiya­lar­da iştirak, interaktiv telekommunikasiya texnologiyaları və hal-hazırda da­ha geniş texniki imkanları olantelekonferensiya, telekörpü, tekst və qrafik informasiyaları, səsli, video (multimedia) informasiyaları vasitəsilə həyata ke­çirilir.
Məlim olduğu kimi, Təhsil Nazirliyi tərəfindən 10 illik Təhsil Islahatı Strategiyası (2003-2013-cü illər) hazırlanmışdır. Bu strategiyanın əsas məqsədi təhsil sektoru ilə bağlı bir çox mühüm məsələləri müvəffəqiyyətlə həll etmək, təhsilin keyfiyyətini yüksəltmək, təhsil sektorunun fəaliyyətini tədricən formalaşan bazar iqtisadiyyatı tələblərinə, sosial vəziyyətə uyğunlaşdırmaqdan ibarət olmuşdur. Dünya bankının yardımı ilə reallaşan Təhsil Sektorunun Inkişaf Layihəsi beş komponentdən ibarətdir. Bu komponentlərdən biri də “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” problemidir. “Ümumi təhsilin keyfiyyəti və real tələbatlara uyğunluğu” komponentinin tərkib hissələrindən biri “Müəllim hazırlığı alt komponent”dir. Həmin alt komponent çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu tədbirlərdən biri də “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” istiqamətində araşdırmaların aparılması, bu əsasda pedaqoji təhsilin modernləşdirilməsi və ən nəhayət müəllim hazırlığı prosesini dünya standartları səviyyəsinə qaldıraraq son nəticədə keyfiyyət göstəricilərinin yüksəldilməsidir.
İnformasiya resurslarının intensiv şəkildə inkişaf etdirildiyi bir şəraitdə əhalinin artan təhsil tələbatları artıq ənənəvi təhsil formaları ilə tamlıqla təmin edilə bilmir. Cəmiyyətin informasiyalaşma­sı, dünyada gedən qloballaşma prosesləri yeni təhsil modeli – Distant Təhsil (DT) modelini formalaşdırır. Bu modelin əsasını dünya, cəmiyyət, insan idrakı və təhsilin dinamikliyi, “ömürlük təhsildən” “ömürboyu təhsil” prinsipinə keçid ideyası təşkil edir. DT modeli informasiya cəmiyyətinin inkişaf və təkamülünün tarixi mərhələsi olub, hər hansı dövlətin təhsil siyasətindən asılı olmayaraq, qloballaşma şəraitində informasiya cəmiyyətinin təhsil sistemi qarşısında qoyduğu təxirə salınmaz tələblərdən biridir. İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları sürətlə DT siste­minə inteqrasiya olunur, vahid təhsil məkanı yaranır, müasir modellərin prosesə tətbiqi günün tələbinə çevrilir.
Azərbaycan Respublikasında Distant Təhsil Sisteminin (DTS) yaradılması və inkişafı təhsil sahəsində dövlət siyasətinin öncül istiqamətlərindən biridir. 1999-2004-cü il­lər ərzində qəbul edilmiş bir çox dövlət sənədlərində bu məsələlər öz əksini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Təhsil Sisteminin Təkmilləşdirilməsi” fərmanı, “Azərbaycan Res­publikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları inki­şafının milli strategiyası” Dövlət Proqramı, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” və sairə bu kimi mühüm dövlət sənədlərində DT-nin yaradılması, inkişafı, onun vacib atributları olan informasiya-təhsil məkanın, “İNTERNET” məktəbin, elektron kitabxanaların, elektron dərsliklərin yaradılması zərurəti və s. bağlı vacib və aktual məsələlər öz əksini tapmışdır. Qeyd edilən bu amillər “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası (ilkin pedaqoji təhsil, ixtisasartırma və yenidənhazırlanma təhsili)” müəllim hazırlığı sisteminin real praktikasında DT texnologiyalarınin tətbiqini aktuallaşdırır.  Bu qabaqcıl texnologiyadan müəllim hazırlığı prosesində geniş istifadə həm təlim prosesinin keyfiyyətini yüksəldməsinə, gələcəkdə informasiya cəmiyyətində yaşayıb yaradan müəllimləri ən müasir təlim texnologiyaları ilə daha yaxından tanış etməklə yanaşı, DT sahəsində müəllimləri məlumatlandırmaq, onların diqqətini XXI əsrin təhsil texnologiyası olan DT-ə cəlb etməkdir. Bu məqsədlə 2006-cı ildə AMİ-nin “Müasir təlim və Distant təhsil” kabinetinin müdiri Əməkdar müəllim Z.Ə.Vəliyeva,  kabinetin metodistiAvropa Şurası Regional və Yerli Hakimiyyətlər Konqresinin üzvü Əhməd Məmmədov tərəfindən respublikada ilk olaraq  pedaqoji kadrların maarifləndirilməsi, onların informasiya texnologiyaları sahəsində bilik və məlumatlıq səviyyəsinin yüksəldilməsi, kadr hazırlığının təmin edilməsi və insanın inkişafı üçün yeni imkanların yaradılması məqsədilə hazırlanmış  “DİSTANT TƏHSIL TEXNOLOGİYALARI” (pedaqoji işçilərin özünütəhsilinə kömək üçün) vəsait, “DİSTANT TƏHSİL TEXNOLOGİYALARI” (ilkin müəllim hazırlığı, ixtisasartırma və yenidənhazırlanma təhsili üçün (24 saatlıq))Treninq proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının 22.12. 2006-cı il tarixli iclasında müzakirə edilərək (protokol №_18_)  çap olunmuşdur.
        Müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.Bu gün müəllim  elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmalı, elektron təlimin təşkilinin əsaslarını mənimsəməklə özünün rəqabətə davamlılığınıartırmalı,  müasir ünsiyyət üsullarında mobilliyin olması səbəbi ilə tələbələr üçün maraqlı və arzu ediləndir. Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur. Müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir. Müəllimlərə kömək məqsədlə hazırlanmış vəsaitdə qeyd edildiyi kimi  Distant Təhsil – təhsil müəssisəsindən istənilən məsafədə olan öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri kompleksidir. İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil ehtiyaclarının təmin edil­məsinə yönəlmiş, verilənlər, informasiya resursları, qarşılıqlı əlaqə protokollarının ötürülmə vasitələri, aparat-proqram, metodik-təşkilati təminat və s. vasitələrin sistem­li təşkilidir. DT öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirən texnologiyadır. Distant Pedaqoji Təhsil (DPT) dedikdə fasiləsiz müəllim hazırlığı (ilkin pedaqoji, ixtisasartırma və yenidənhazırlanma) prosesində DT texnologiyalarının tətbiqi nəzərdə tutulur. DPT texnologiyasından fasiləsiz müəllim hazırlığının bütün səviyyə və formalarında istifadə edilə bilər. DPT ənənəvi pedaqoji təhsilin elektron variantı və ya mövcud təlim formalarının telekommu­nikasiya üçün uyğunlaşdırılması deyil. DPT ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını, şüurluluğunu, yaradıcılığını optimal inkişaf etdirməklə, informasiya cəmiyyətində müasir müəllim hazırlığı qarşısında duran strateji məsələləri səmərəli həll edir.
DPT-nin əsas texnologiyaları aşağıdakılardır: 

  • Keys texnologiyası. Tədris metodik materiallar ciddi strukturlaşdırılır, xüsusi “keys” formasında komplekləşdirilir, müstəqil mənimsənilməsi üçün öyrənənə göndərilir. Öyrənənlə məsləhətçi-müəllim, tyutor arasında müntə­zəm məsləhətləşmə aparılır.
  • TV texnologiyası. Tədris prosesi telemühazirələr əsasında həyata keçirilir, müəllim və tyutorla sistematik məsləhətləşmələr aparılır.
  • Şəbəkə texnologiyası. Öyrənənləri tədris metodik materiallarla təmin etmək, həmçinin öyrənən və öyrədən arasında interaktiv əlaqə yaratmaq məqsədi ilə İnternet şəbəkəsindən istifadə edilir. Şəbəkə texnologiyasında lokal (İntranet) və qlobal (İnternet) şəbəkə texnologiyalarından istifadə edilir. 

Sonuncu halda distant dialoq İnternet resursları vasitəsilə həyata keçi­rilir. Təlim ünsiyyətinin əsasını xüsusi hazırlanmış və distant təhsil kursu şəklində tərtib edilmiş vasitələr təşkil edir. DPT sistemində bu texnologiyaların hər üçünün tətbiqi mümkündür. Azərbaycan Respublikasında DPT sisteminin inkişafının ilkin mərhələsində əsasən keys texnologiyasının tətbiqi nəzərdə tutulur. DPT sisteminin keys texnologiyasının tətbiqi üzrə təcrübə topladıqdan sonra, bu əsasda DPT Internet və TV texnologiyasınınyaradılması və inkişafı daha asan olar. Təhsil sistemi üçün Vahid İnformasiya-Təhsil Mühitinin (məkanının) yaradılması prosesi (vahid DT platformasının – xüsusi hazırlanmış proqram kompleksinin formalaşması)  tədris müəssisələrində zəruri maddi-texniki bazanın təminatı, müxtəlif ixtisaslar üzrə elektron kursların tərtibi və onların eksperimental sınağının təşkili, bu sahə üzrə kadrların hazırlanması, zəruri hüquqi-normativ bazanın yaradılması, beynəlxalq təcrübəninin daha da ətraflı öyrənilməsi və yerli təhsil sistemi xüsu­siyyətləri nəzərə alınmaqla adaptasiyası, DT texnologiyalarının cəmiyyətdə geniş təbliği işinin aparılması, bu problem üzrə elmi-tədqiqat işlərinin təşkili və aparılması və s. kimi məsələlərin müvəffəqiyyətli həlli reallaşar.
DT-nin mövcud texnologiyalarının (keys, Internet, TV texnologiyaları) hər biri ilkin müəllim hazırlığında müvəffəqiyyətlə istifadə edilə bilər. Lakin Internet texnologiyası və TV texnologiyalarının real tətbiqi üçün respublikada xeyli hazırlıq işləri görülməlidir (xüsusən də sistemli hüquqi-normativ bazanın yaradılması, maddi-texniki bazanın gücləndirilməsi, elektron kursların hazırlanması, DT üzrə kadrların kompleks hazırlanması və s.). Keys texnologiyası isə az vaxt ərzində, az məsrəflə, az resurs sərf etməklə reallaşa bilər. Bu səbəbdən “Müəllimlərin peşəkarlıq səviyyəsinin fasiləsiz yüksəldilməsinin strategiyası və konsepsiyası çərçivəsində DT və əlaqədar sahələr” alt komponentin hazırlanması və praktik tətbiqi məqsədilə ilkin mərhələdə keys texnologiyasından istifadə nəzərdə tutulur. Bu texnologiyanın tətbiqinə hazırlıq mərhələsi nisbətən asan olub, praktik tətbiqi ciddi çətinliklər törətmir. Bu texnologiyanın tətbiqi zamanı toplanmış təcrübə digər texnologiyaların tətbiqi zamanı fundament ola bilər, sonrakı mərhələdə daha da inkişaf etdirilə bilər. DT keys texnologiyasi tələbələrə keys formasında təqdim edilən çap və multimedia tədris-metodik materiallarin müstəqil surətdə öyrənilməsini nəzərdə tutur, bu zaman əyani məşğələ formaları üstünlük təşkil edir. Müəyyən kurs üzrə bu məşğələlər başlanğıc mühazirə, fəal seminar, treninq, məshələt, nəzarət yoxlama formalarını əhatə edir. Əsas diqqət xüsusi hazırlanmış müəllim-tyutorla tələbələrin qrup halinda məşğələlərinə yetirilməlidir.
Ilkin müəllim hazırlığında DT keys texnologiyaları əyani, qiyabi və DT formalarında tətbiq edilə bilər. Tədris müəssisəsinin imkan və məqsədlərindən asılı olaraq təhsil sistemində bu texnologiyan az və ya çox istifadə oluna bilər. Tədris planında olan bir və ya bir neçə kurs tam distant formada (bu halda ixtisas Distant formada müəllim hazırlığında isə DT həm forma, həm texnologiya ola bilər.
Ümumiyyətlə, yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi yaxşı səmərə verə bilər. Çünki, bu kateqoriya öyrənənlərin dünyagörüşü, həyat və peşə təcrübəsi, müstəqil işləmək vərdişləri, peşə seçimində qətiyyət və məsuliyyəti, ilkin müəllim hazırlığına cəlb edilmiş tələbə kateqoriyasına nisbətən daha yüksəkdir. Yenidənhazırlanma və ixtisasartırma kursları şəraitində DT texnologiyalarının tətbiqi bu sistemdə oxuyan müdavimlər üçün çox əlverişlidir, onlar ailələrindən, yaşadığı bölgədən, əmək fəaliyyətindən ayrılmadan, əlavə xərclər çəkmədən, rahat şəkildə öz həyat ahəngini pozmadan keyfiyyətli təhsil ala bilər.
Müəllimlərin yenidənhazırlanmasını tam distant formada həyata keçirmək mümkündür. Bu iş bir çox cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən DT formasına uyğun həyata keçirilə bilər. Təşkilatı baxımdan uyğunluq çox olsa da, məzmun baxımından müəyyən fərqlər özünü göstərə bilər. Belə ki, öyrənilən materialların məzmununda, sturukturunda müəyyən fərqlər özünü göstərə bilər. Digər tərəfdən burada müdavim şüurlu şəkildə, öz professional ehtiyaclarına uyğun olaraq, fərdi tədris planı (fərdi təhsil trayektoriyası) tərtib etməklə, özəl kurs keçmək imkanına malikdir. Beynəlxalq təcrübə göstərir ki, bu kateqoriya müdavimlərin təhsil keyfiyyəti daha yuksək olur. Müəllimlərin yenidəhazırlanmasını qismən DT-nin keys texnologiyası əsasında həyata keçirmək mümkündür. Bu, bəzi cəhətdən ilkin müəllim hazırlığında tətbiq edilən analoji işə uyğun həyata keçirilə bilər.Müəllimlərin ixtisasartırma kursunda da DT-nin keys texnologiyaları uğurla tətbiq edilə bilər. Bu məqsədlə tədris edilən qısamüddətli kurslar üzrə xüsusi tədris materialları, test tapşırıqları, audio-vidio materiallardan istifadə edilə bilər (yenə də xüsusi keys tərtib edərək müdavimlərə göndərməklə). Müəllimlərin elektron poçtun imkanlarından maksimum istifadəsi də əhəmiyyətli ola bilər. Bu zaman hər bir müəllim il boyu işlədiyi məktəbin və ya dayaq məntəqəsi olan hər hansı məktəbin kompüter sinfindən sistematik olaraq, distant formada zəruri tədris-metodik, elmi əhəmiyyətli informasiya resusları əldə edə bilər. Təbii ki, əvvəlcədən zəruri ”INTERNET” resusları hazırlanmalıdır. Burada icmal şəklində (lakonik formada), müəllim hazırlığında DT-nin keys texnologiyalarının bəzi imkanlarını sadaladıq. Bütün dünyada olduğu kimi respublikamızda da  pandemiya şəraitində bütün təhsil müəssisələrində o cümlədən ,    Azərbaycan Dövlət  Pedaqoji Universitetində  tədrisin təşkili  onlayın formada davam etdirilir. İnformasiya texnologiyaları öz inkişafı ilə bəşəriyyətin sahib  olduğu zaman və məkan kimi fiziki məhdudiyyətlərini ortadan qaldıraraq  mövcud dünyamıza paralel yeni bir dünya , dəyişərək bu anlayışlara yeni bir məna gətirdi. Bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən istifadə edərək çalışmaq və fəaliyyət göstərmək mümkündür. İnformasiya texnologiyaları nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişdi. Bəşəriyyətin inkişafı boyu yaradıb ortaya çıxartdığı bəzi texnologiyalar, sonradan bəşəriyyətin özünün inkişafını, insanın həyatını, düşüncə tərzini, onun ətraf aləmin reallıqlarını dərketməsini və ətraf mühitə qarşı davranışını köklü surətdə dəyişmişdir. Bu isə müasir dövrdə müəlliminin əsas vəzifəsinin tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivasiya edə bilmək kimi mühüm elementləri ehtiva edir. Şübhəsiz  bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatan olması günün tələbidir. ADPU-nun  Elmi Şurasında  qəbul etdildiyi  kimi , müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və 100 illiyi yubileyi  ərəfəsində   pedaqoji kadr hazırlığını həyata keçirən ilk ali məktəb olan  ADPU-nun yeni missiyasıdır.

 
  Müəllif: Zülfiyyə VƏLİYEVA 
      

ADPU-nun ETM-nin elmi işçisi,      Müəllimlərin Peşəkarlıq səviyyəsini İnkişaf etdirilməsi      Layihəsi üzrə Milli məsləhətçi,  Əməkdar müəllim.


ZÜLFİYYƏ VƏLİYEVANIN YAZILARI

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

XƏZAN JURNALI



“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

YAZARLAR


YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MUZEYLƏR GÜNÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLİB – Nəzakət Kərimova Əhmədova

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

H. Əliyevin və Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. N.Nərimanov Xatirə muzeyində 18 may- Beynəlxalq Muzeylər Günü münasibətilə”Heydər Əliyev və muzeylərimiz” adlıtədbir keçirildi.
Tədbirin məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək,respublikamızda geniş muzey şəbəkəsinin yaradılmasında,xalqımızın mənəvi dəyərlərinin qorunub saxlanılmasında bir ölkə başçısı,bir vətəndaş kimi gördüyü geniş miqyaslı işlərdən söhbət açaraq iştirakçıları , ictimaiyyəti tanış etmək idi…
Tədbiri muzeyin gənc direktoru Ləman Hüseynova açaraq sözü Əməkdar İncəsənət Xadimi,Azərbaycan Yazıçılar İttifaqının(Birliyinin)üzvü, xalq şairi Nəriman Həsənzadəyə verdi.
Nəriman müəllim Heydər Əliyevlə ilk günlərdən necə tanış olmasından,onun gənc şairə olan diqqət və qaygısından ömür yolunda ona necə dayaq və dəstək olmasından böyük maraq və həyəcanla geniş söhbət açdı.Nəriman müəllim danışdıqca bütün həyat xatirələri ilə tanış olduguma görə hadisələr gözümün önünə gəldi…
Söhbət əsnasında təşəbbüsümlə bu muzeyin filialının yaradarkən necə çətinliklərlə rastlaşdıgım anlarda Nəriman müəllimlə,mərhum Teymur Əhmədovla,akademik Hüseyn Əhmədovla və başqa nərimanşünas alimlərlə olan fəaliyyətlərimizi xatırladım …Lakin muzeyin sıfırdan başlanmasında mənə yaxından kömək edən, bütün problemlərin həllində həmən anda mənə yardımçı olan, mənə mənəvi ata kimi qaygı və diqqət göstərən mərhum Vəli Məmmədov olmuşdur.Onun yaxından köməkliyi ilə həm muzeyi yaratdıq , həm də mənim arzumu nəzərə alaraq sonralar Əməkdar heykəltaraş Mirəli Mirqasımovun müəllifliyi ilə N.Nərimanovun adını daşıyan məktəbin həyətində ədibin tuncdan abidəsinin qoyulmasına da nail olduq….
H.Əliyevi ilk dəfə 1981 ci ildə Xaçmaz rayonunda tarix -diyarşünaslıq muzeyinin açılışında görmildm..Onun rayonumuza hər gəlişini həyəcan və sevinclə gözləyirdik. Ölməz liderimiz muzeylərə ,tarıxı mədəniyyət abidələrinə xüsusi qaygı göstərilməsini hamıya məsləhət görür, milli sərvətlərimizin qorunub saxlanmasının vacibliyini xüsusi qeyd edirdi….
Sonra söz Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyevə verildi.O, Nəriman müəllimin xatirələrindən təsirləndiyini bildirdi..
Azərbaycan Prezidenti yanında DİA- nın professoru, kulturoloq, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının Prezidenti Fuad Məmmədov,
Əməkdar Mədəniyyət işçısı,”Azərxalça”ASC-nin baş mühafizi Nailə Rəhimova ölməz liderlə olan görüşlərindən danışdılar .BakıdaN. Nərimanovun əzəmətli heykəlinin qoyulması H.Əliyevin şah əsəri idi..
Tədbirdə müxtəlif mizeylərin rəhbərləri,Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin”Muzey işi,tarix və mədəniyyət abidələrinin mühafizəsi” fakultəsinin müəllim və tələbələri
KİV nümayəndələri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri maraqlı proqramla çıxış etdilər…
Muzeyin direktoru Ləman Hüseynova tədbir iştirakçılarına muzey əməkdaşları adından təşəkkür etdi.”Heydər Əliyev və mədəniyyətimiz”adlı videoçarx nümayiş etdirildi…Tədbir Dövlət Akademik Filarmoniyasının aparıcısı Səmray Əliyevanın ifasında Nəriman Həsənzadənin “ Azərbaycan”şeirinn ifası ilə yekunlaşdı.
Sonda dəyirmi çay stolu ətrafında bir daha maraqlı söhbətlər bitmək bilmirdi… Çünki ölməz liderimiz haqqında o qədər unudulmaz xatirələr var idi ki…

TƏDBİRDƏN FOTOLAR :

Müəllif: Nəzakət KƏRİMOVA-ƏHMƏDOVA

AJB-nin üzvü, “Yazarlar” jurnalının ictimaiyyətlə əlaqələr üzrə meneceri, yazar, DAMM və SİMİB-in Fəxri üzvü ,”Xarıbülbül” əbəbi məclisinin rəhbəri. (N.N.Nərimanov xatirə muzeyinin sabiq direktoru)

NƏZAKƏT KƏRİMOVA-ƏHMƏDOVANIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

GƏRAY GÖYYURD YENİ KİTABINI TƏQDİM EDİB

GƏRAY GÖYYURDUN YAZILARI

GƏRAY GÖYYURD BU GÜN AYB-DƏ “DÖVLƏTİM VAR, ORDUM VAR” ADLI YENİ KİTABINI TƏQDİM EDİB. TƏDBİRDƏN FOTOLAR VƏ VİDEO:

Gəray Göyyurdun kitabı

GƏRAY GÖYYURDUN YAZILARI


“XƏZAN” JURNALI 

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>>ZAUR USTAC – “BB” HEKAYƏLƏR

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

“Tərəfsiz ədəbiyyat tarixdir” layihəsi

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.YAZARLAR.AZ  və  WWW.USTAC.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU  GÜN ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN ANADAN OLDUĞU GÜNDÜR – ALLAH RƏHMƏT ELƏSİN

ƏBDÜRRƏHİM  BƏY  HAQVERDİYEV

ƏBDÜRRƏHİM  BƏY  HAQVERDİYEV  HAQQINDA

Əbdürrəhim bəy Haqverdiyev
(17.05.1870-11.12.1933)

Realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevdir. Yaradıcılığa on doqquzuncu əsrin doxsanıncı illərində başlayıb. Ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olub. Görkəmli teatr təşkilatçısı idi və Azərbaycanın ilk peşəkar rejissoru sayılır. Dili son dərəcə zəngindir, xalq danışığına, folklor ədəbiyyatına yaxındır.

Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il may ayının 17-də Qarabağ mahalının Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində doğulub. Əsəd bəy qəza dəftərxanasında katib işləyib. Əbdürrəhim bəy üç yaşında atadan yetim qalıb və əmisi Əbdülkərim bəy onu himayəyə götürüb. İki il sonra əmisi nəsil davasında yerli bəylər tərəfindən qətlə yetirilib. Əbdürrəhim bəy əmisi arvadının ona verdiyi işgəncə və sitəmlərdən qurtulmaq üçün təzə ər evində yaşayan anasının yanına gəlib. Atalığı H.Sadıqbəyov ona oğul məhəbbəti bəsləyib, uşağın təhsil almasının qeydinə qalıb, şirindilliyi və səmimiyyəti ilə ailədə hörməti uca tutulub.

Şuşa şəhərindəki altıillik realnı məktəbi 1890-cı ildə başa vuran Əbdürrəhim bəy bir il də Tiflis realnı məktəbində oxuyub. 1891-ci ildə ali təhsil almaq məqsədilə Peterburqa gəlib və uğurla imtahan verərək Yol Mühəndisləri İnstitutuna daxil olub. Səkkiz il bu ali təhsil ocağında oxuyub və eyni zamanda universitetin şərq fakültəsində azad müdavim kimi mühazirələri dinləyib.

1908-ci ildən “Nicat” mədəni-maarif cəmiyyətində çalışıb, milyonçu Hacı Zeynalabdin Tağıyevin Kür-Xəzər gəmiçiliyi idarəsmdə işləyib. Xidməti vəzifəsi ilə bağlı Qafqazı, İranı, Volqaboyu diyarları, Orta Asiyanı dolanıb. 1911-ci ildə vəzifədən çıxan Əbdürrəhim bəy Ağdama gəlib və beş il burada yaşayıb. 1916-cı ildə Tiflisdə rus dilində nəşr olunan “Şəhərlər İttifaqının Qafqaz şöbəsi əxbarı” aylıq məcmuəsinə müdir təyin olunub. Bir il ötəndə Borçalı qəzasma müvəkkil təyin edilib. 1919-cu ildə Müsavat hökuməti onu Dağıstana Azərbaycan Demokratik Respublikasının nümayəndəsi göndərib.

Əbdürrəhim bəy Haqverdiyev 1920-ci ilin iyununda Bakıda yenicə yaranan şura teatrı komissarı seçilib. 1921-1931-ci illərdə Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxuyub. 1924-cü ildə Rusiya Elmlər Akademiyasının ölkəşünaslıq bürosuna müxbir üzv seçilib.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

“Molla Nəsrəddin” jurnalında “Lağlağı”, “Ceyranəli”, “Xortdan”, “Həkiminun-səğir”, “Mozalan”, “Süpürgəsaqqal” imzaları ilə felyeton, hekayə və publisist yazılar dərc etdirib. Klassik irsimizə “Marallarım” silsilə hekayələrini, “Xortdanın cəhənnəm məktubları” povestini bəxş edib.

“Şeyx Şəban”, “Mirzə Səfər”, “Bomba”, “Pir”, “Çeşmək”, “Qiraət” əsərləri nəsrimizin incilərindən sayılır. Ədəbiyyat tariximizə, milli teatr ənənələrinə aid dəyərli elmi əsərlərin, nəzəri məqalələrin müəllifidir. Dünya klassiklərindən Vilyam Şekspirin “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Emil Zolyanın “Qazmaçılar”, Mari Fransua Volterin “Sultan Osman”, Hans Xristian Andersenin “Bülbül”, Maksim Qorkinin “İzergil qarı” hekayə, povest və pyeslərini azərbaycancaya tərcümə edib.

Sovet dövrü yaradıcılığı (1920-1933) dramaturqun yaradıcılığının üçüncü mərhələsidir. Qeyd edim ki, birinci dövr pyesləri sanbalma, ideya kəsərinə, ikinci dövr faciələri mövzu əlvanlığına, dram və komediyalarının bədii-estetik kamilliyinə görə daha bitkindir.

Dramaturqun ilk qələm təcrübəsi olan “Hacı Daşdəmir” məzhəkəsi əldə yoxdur. Müəllifin etiraf etdiyi kimi, bu pyes “Hacı Qara” komediyasının təsiri altında yazılsa da və zəif alınsa da, hər halda fakt kimi dəyərlidir. Peterburqda “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) məzhəkəsini, “Dağılan tifaq” (1896) faciəsini qələmə alıb. Şuşada “Bəxtsiz cavan” (1900) faciəsini və Bakıda “Pəri cadu” (1901) dramını tamamlayıb.

1927-ci ildə yazılmış “Köhnə dudman” və “Baba yurdunda” dilogiyası dramaturqun yaradıcılığında yeni mövzu-problematika, yeni ideya, yeni konflikt-xarakterlər baxımından əhəmiyyətlidir.

Dramaturji fəaliyyətinin son dövründə Əbdürrəhim bəy Haqverdiyev müxtəlif həcmli “Qırmızı qarı” (1921), “Padşahın məhəbbəti” (1921), “Ağac kölgəsində” (1921), “Qoca tarzən” (1922), “Vaveyla” (1922), “Ədalət qapıları” (1923), Hüseyn Ərəblinskinin ölümünün yeddi illiyinə həsr etdiyi “Səhnə qurbanı” (1926), “Məşədi Qulam qiraət öyrənir” (1927), “Qadınlar bayramı” (1928), “Kamran” (1931), “Sağsağan” (1931), “Yoldaş koroğlu” (1932), “Çox gözəl” (1932), “Daşçı” (1933) pyeslərini yazıb.

Hadisə dağınıqlığı dramaturqun “Bəxtsiz cavan”, “Köhnə dudman”, “Dağılan tifaq” dramlarında başqa şəkildə nəzərə çarpır. Lakin dramaturq bunu da növbəti fərdi yaradıcılıq üslubu, bədii fənd (priyom) kimi realizə edə bilib. Əbdürrəhim bəy Haqverdiyev dramaturgiyaya çoşğun daxili ehtiraslı, çılğın xarakterli dramatik obrazlar gətirib.

Əbdürrəhim bəy Haqverdiyev “Müsibəti-Fəxrəddin”dən sonra milli dramaturgiyamızda ikinci faciə olan “Dağılan tifaq”ı yazıb. Burada bir ailənin müsibəti fonunda çürüməkdə olan mənəvi-əxlaqi dəyərlər, cəmiyyətin sarsılmış sosial sütunlarının psixoloji əsasları mürəkkəb dramaturji konfliktin əsasını təşkil edir. İflasa uğramış cəmiyyət davranışlarının tənqidi əsasında həyatları faciə axarına düşmüş insan xarakterləri dururlar. Bunların da bariz nümayəndələri Nəcəf bəy və Süleyman bəy obrazlarıdır.

Dövrün ictimai-sosial ədalətsizliyinin, nadanlığın törətdiyi faciələr “Bəxtsiz cavan”da dramaturgiyamızda əvvəllər işlənmiş süjet-konflikt əsasında, lakin yeni estetik prinsiplərlə və daha kamil bədii obrazlarla əks olunub. Mənəviyyatca, cəmiyyətin problemlərinə baxışlarına görə Fərhadla əks qütbdə dayanan əmisi Hacı Səməd ağa, anası Mehri xanım, xidmətçi Mirzə Qoşunəli, əmisi oğlu Çingiz milli dramaturgiyamızda təravətli bədii personajlar kimi yaşayırlar.

Əbdürrəhim bəy “Pəri cadu” faciəsində real həyat hadisələrilə mistik obrazları (Pəri, İblis, Əcinnə, Şamama cadu) dramaturji konfliktə çəkinəklə, maraqlı fəlsəfi qənaətə gəlib. Bu qənaət aydın, ifadəli və həyatidir. Əxz olunan ideya budur: nəfsi-əmmarənin qulu olmayan insanın xoşbəxtliyi onun halal zəhmətindədir.

Milliyyətcə azərbaycanlı olan, İranda şahlıqları yüz otuz il davam edən qacarilər sülaləsinin banisi Məhəmməd Qacar obrazını ədəbiyyatımıza ilk dəfə Əbdürrəhim bəy gətirib. O, “Ağa Məhəmməd şah Qacar” faciəsində təkcə əsərin qəhrəmanının deyil, eyni zamanda tarixi şəxsiyyətlər olmuş Cəfərqulu xanın, Əliqulu xanın, Mürtəzaqulu xanın, Mustafa xanın, Rzaqulu xanın, Əli xanın, vəzir Hacı İbrahim xanın, II İraklinin, Tavad keyxosrov Avelianinin zəngin bədii səciyyəli xarakterlərini təsvir etmişdir. Faciənin ən dolğun obrazları Qacar və İraklidir. Dramaturq həmin surətlərin təsvirində faciə janrının psixoloji-fəlsəfi, psixoloji-dramatik xüsusiyyətlərindən yüksək sənətkarlıqla bəhrələnə bilmişdir. Belə bədii təsvirdə tirançılıq ideyaları, vətən və vətənpərvərlik anlayışları, zəka və güc, vicdan və əxlaq təsəvvürlərinin dramaturji təqdimi daha bədii möhtəşəmliklə təcəssüm tapıb.

Əbdürrəhim bəy Haqverdiyevin, hətta səhnəcik tipli birpərdəli məsxərələrində də (məsələn, “Ədalət qapıları”) insan amili ilkindir.

Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar”, “Pəri cadu”, “Köhnə dudman”, “Baba yurdunda” dram əsərləri ictimai-sosial konfliktin kəsərinə, ehtiraslı xarakterlərinə, romantik-dramatik ruhuna görə monumental-romantik teatr məktəbinin tərəqqisində mühüm rol oynayıb.

Onun “Ac həriflər”, “Millət dostları” səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında teatrların repertuarlarında dəyərli yer tutub. Milli səhnə estrada janrında yazan ilk dramaturqların sırasında Əbdürrəhim bəy Haqverdiyevin öz şərəfli mövqeyi var. Bakı Azad Tənqid və Təbliğ Teatrında onun məzhəkəintermediyaları uğurla oynanılıb.

YAZARLAR

ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEV

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MURAD MƏMMƏDOV – YOXDUR ŞEİRİ

YOXDUR
Verilən ömürə inamım yoxdur
Sabahın işini yaradan bilir.
Bu gündən sabaha gümanım yoxdur
Nə gəlir başıma sonradan gəlir.
* * *
Var olan nə varsa qismətdə olur
İnsanın qisməti Tanrıya bəlli.
Bu dünya dəyişir, boşalır ,dolur
Görmədim yapışan ondan beşəlli.
* * *
İstəklər, arzular çoxdu həyatda
Ömrü uzatmağa varmı qüdrətin?!
Çox şeyi görürük gözlə üst qatda
Alt qatda nə olur anlamaq çətin.
* * *
Taleyi, qədəri poza bilmərik
Tanrı qarşısında qolumuz bağlı.
Yenidən bəxt, tale yaza bilmərik
Hər zülmə tabeyik biz insan oğlu.
* * *
Bu dünya mehriban anaya bənzər
Heç kəsin könlünə, qəlbinə dəyməz.
Bəzəkli, düzəkli sonaya bənzər
Baxanda cəlb edər, kimsəni öyməz!

Müəllif: Murad MƏMMƏDOV

MURAD MƏMMƏDOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

DODAQDƏYMƏZ

YARADAN YARATDI
(Dodaqdəyməz)
Tala tala, meşə meşə, dağı dağ,
Yaradan yaratdı yer naxış-naxış.
Sısqa sısqa, dərya dərya, arxı arx,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Aqil alar dərsi iki alandan,
Haqq ayrılar, çıxar yağtək yalandan,
Həyat keçər, əyri-əyri dalandan,
Yaradan yaratdı yer naxış-naxış.
* * *
Taclı Şair, taxtın, tacın sirdi sirr,
Sənə çatan baxtın, bacın sirdi sirr,
Qarşı yatan ağrın, acın sirdi sirr,
Yaradan yaratdı yer naxış-naxış.
07.11.2021. Bakı.

Müəllif:  Zaur Ustac

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"