MƏN ONA HEYRAN QALMIŞDIM

Lətif Niftəli oğlu Vəlizadə

Adil İrşadoğlu ilə tanışlığımız və dostluğumuz hardasa 30 ildən çox bir dövrü əhatə edir. O vaxtlar Adil deyib-gülən, yeyib-içən, çevik insan idi. O, İş yerimizdə, bekar vaxtlarımızda, otaqda kənar adamlar olmayanda zarafatlaşar, musiqidən söz salar, haqqında danışdığı musiqini zümzümə edər və həmin musiqinin ritminə uyğun stolun kənarında çırtıq çalardı. Bu da mənim olduqca xoşuma gələrdi, çünki musiqini dərindən bilən adam belə ritmlə zümzümə edər və çırtıq çala bilərdi. Ancaq o vaxt mən hələ bilmirdim ki, Adil Ağdam Musiqi Texnikumunun Tar şöbəsini fərqlənmə diplomu ilə bitirib. Mayestro Niyazinin rəhbərlik etdiyi komissiyaya dövlət imtahanı verib. Dövlət imtahanını uğurla başa vurduğuna görə müəllimi rəhmətlik Məşədi Nəriman öz qiymətli tarını ona hədiyyə edib.

… 80-ci illərin axırı idi. Həyat kəskin surətdə dəyişmişdi. Birbaşa Moskvanın havadarlıq etdiyi nankor ermənilər yenə baş qaldırmışdılar. Onlar Qərbi Azərbaycandakı soydaşlarımıza hücum edərək günahsız insanlara işgəncələr verməyə və qədim məskənlərindən didərgin salmağa başlamışdılar. Qarabağda da eyniylə həmin hadisələr ardıcıllıqla davam etdirilirdi. Şəhərlərimiz, kəndlərimiz ağır silahlardan mütəmadi atəşə tutulur, günahsız insanlarımız həlak olur, evlər, idarə və müəssisələr yerlə yeksan edilirdi. Əsrlərlə yaşadıqları dədə-baba yurdlarından qovulan, var-dövləti  əlindən alınan, dilənçi vəziyyətinə salınan və öldürülən soydaşlarımızın ah-naləsinə məhəl qoyan yox idi. Dünyanın qabaqcıl demokratik ölkələri bu cinayətlərə göz yumurdu. Sanki onların görən gözü kor olmuşdu. Üstəlik sapı özümüzdən olan baltalar da əl-ayağa dolaşır, başımıza gətirilən bu müsibətləri açıq danışmağa maneçilik törədirdilər. 

Yadımdadır, Xankəndində yaşadığı evindən bir çöp belə götürmədən çıxarılan jurnalist Cahid Quliyev yana-yana ermənilərin özbaşınalığından danışırdı. Qoltuğunda faktlarla dolu iri bir papka var idi. Deyirdi ki, “neçə dəfə yazmışam, göstərmişəm ki, ermənilər bizim əleyhimizə necə qorxulu işlər görürlər. Ancaq sözümü heç kəs eşitmir. Üstəlik mənim özümü günühlandırırlar ki, “provakasiya” ilə məşğul olma, get işinin-gücünün dalınca. Sənin o fakt dolu yazılarından zibil yeşiyində yüzlərlədir”.

… Moskva Azərbaycana açıq-aşkar qoşun yeritmişdi. Azərbaycanlılar Ermənistandan it günündə qovulduqları halda rus əsgərləri hər bir erməni kəndinin girəcəyində post qurmuşdu, zirehli maşınları da ki, öz yerində. Bir nəfər də olsun erməni kəndlərinə yaxınlaşa bilməzdi.

Bu, elə bir dövr idi ki, ölkəmiz qaynar qazan kimi çalxalanırdı. Sapı özümüzdən olan baltaların isə səsi çıxmırdı. Əksinə, öz kommunist əqidələrinə sadiq qalaraq Moskvaya nökərçilik edirdilər. Xalqımızın qanına yerikləyən Zori Balayan kimi cəllada bir kəlmə belə deyilmədiyi halda Xəlil Rza kimi vətənpərvər şairi həbs etmişdilər.

… 89-cu ilin sonları idi. AzTv-nin rəhbərliyi məni də çəkiliş qrupum ilə Şuşaya ezam etmişdi. Şuşa istirahət evinin otaqları isə yüksək rütbəli rus zabitləri ilə dolu idi. Həmin günlərdə gözləmədiyimiz halda Azərbaycan Respublikasının xalq şairi (1992) Xəlil Rza Ulitürk və Xalq artisti Mikayıl Mirzə də gəlib Şuşaya çıxdılar. Açığını deyim ki, elə bil mənə dünyanı bağışladılar. Axşam bizə ayrılan efir vaxtında verilişə başladım. Qonaqlarımı tamaşaçılara təqdim etdim. Xəlil Rza elə bir odlu-alovlu çıxış etdi ki, tayı, bərabəri yox idi. Bakıdan bizə ayrılan vaxt sona çatmaq üzrə idi. Həmin anlarda Azərbaycan Dövlət Televiziyasının rəhbərliyindən telefon zəngi gəldi ki, verilişi yarımçıq kəsməyin, qoyun Xəlil Rza Ulitürk odlu-alovlu çıxışını sonadək davam etsin. Xəlil Rzanın bu çıxışı respublikamızda böyük əks-səda doğurdu. Aradan bir az keçmişdi ki. Xəlil Rzanı sapı özümüzdən olan baltalar həbs etdilər. O vaxt məni və Mİkayıl Mİrzəni sorğu-sual üçün keçmiş “Cənub mehmanxanası”na çağırmışdılar. Ancaq yadımda qalmayıb, sorğu-sual edən rus idi, yoxsa azərbaycanlı. Məndən soruşdular ki, Xəlil Rzanı sən dəvət etmişdin, yoxsa o özü gəlmişdi? Dedim ki, mən heç kəsi dəvət etməmişəm, o təsadüfi bir iş idi. Bununla da sorğu-suala son qoyuldu.

Həmin o gərgin günlərdə, aylarda Adil İrşadoğlu heç nədən qorxub çəkinmədən Azərbaycan Dövlət Televiziyasının Şuşa şəhərində yerləşən ötürücü stansiyasının nəzdindəki balaca bir otaqda yaratdıqları studiyadan daşnaqların təbliğatına qarşı əks təbliğatla məşğul idi. Adil İrşadoğlu öz komandası ilə 1989-cu ilin oktyabr ayının əvvəlindən Şuşada fəaliyyət göstərirdi. Komanda çox çətin şəraitdə işləyirdi. Mən Şuşaya yaradıcılıq ezamiyyətinə gedəndə 1989-cu ilin dekabr ayının axırları idi. Təxminən 15 gün Şuşada canlı efirə çıxdım. Montaj etməyə texniki qurğu olmadığından mən canlı yayıma üstünlük verirdim. Ancaq Adil özünə zülm edirdi. Gecə yatmayıb verilişinin ssenarisini əvvəlcədən yazırdı və səhərisi gün həmin ssenariylə çəkiliş edirdi. Yəni, daha montaja ehtiyac qalmırdı. Bu adam yorulmaq nədir, bilmirdi. Mən ona heyran qalmışdım. O, həm çəkilişə gedirdi, həm ssenari yazırdı, həm redaktor idi, başqalarının yazısını oxuyub redaktə edirdi, həm də öz verilişlərinin aparıcısı idi. 

Şuşa Rayon XDS İcraiyyə Komitəsinin sədri (1988) rəhmətlik Mikayıl Gözəlov Adilin xətrini çox istəyirdi. Onun fəaliyyətindən olduqca məmnun idi. Mikayıl müəllim daşnak tör-töküntülərinin iç üzünün açılmasında əlindən gələni əsirgəməyən jurnalist Adil İrşadoğlunun normal fəaliyyəti üçün ona hər cür şərait yaratmışdı. Ancaq gecələr işıq sönəndə Adilin əhvalı xarab olurdu, ssenarisini oturub yaza bilmirdi. Mikayıl müəllimdən xahiş edirdi ki, “Ağdama gedən olanda tapşırın ki, mənə bir qutu şam alıb gətirsin”. Yeri gəlmişkən, bildirim ki, Mikayıl Gözəlov Şuşa şəhərinin və Dağlıq Qarabağ ərazisindəki digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik etmiş, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. 1989-cu ilin dekabr ayının 30-da Adil İrşadoğlunu evə, ailəsilə görüşməyə buraxdılar. Mən də 1990-cı il yanvarın 10-da Bakıya qayıtdım. Sonra isə Sovet rəhbərliyinin himayədarlığı ilə sovet dövlətinin hərb maşını tariximizin qanlı 20 yanvar faciəsini törətdi. 20 yanvar həm də xalqımızın şanlı səhifəsidir…

Xalqımızın fəxri, vüqarı sayılan Pənahəli xan Cavanşirin nəslindən olan jurnalist Adil İrşadoğlu Şuşadan qayıtdıqdan sonra bir müddət televiziyanın “Sənaye şöbəsi”nin müdiri işlədi. Ölkədə müharibə gedirdi, ancaq o boyda Dövlət Televiziyasıının hərblə bağlı bircə proqramı – “Hünər” verilişləri proqramı var idi. Adil Şöbə müdirliyini buraxdı, dövlət televiziyasının “Hərbi Vətənpərvərlik və Salnamə Baş Redaksiyası”nın təşkil olunmasında və fəaliyyət göstərməsində əlindən gələni əsirgəmədi. Fikri-zikri Qarabağda qalmışdı, Bakıda dözmədi, yenə könüllü cəbhəyə yollandı. 1996-ci ilin axırınadək cəbhənin müxtəlif bölgələrində oldu və tamaşaçıların intizarla gözlədikləri maraqlı verilişlər hazırlayıb efirdə göstərdi. Həmin verilişlər Adilin və onun çəkiliş qrupunun canı və qanı bahasına başa gəlmişdir. Onlar – Adil İrşadoğlu, Tahir Qarayev, Fikrət Hüseynov, Tofiq Ataxanoğlu, Ramiz Rüstəmov, Əlövsət Aslanov, Rövşən Əliyev Birinci Qarabağ müharibəsinin acı dəhşətlərini görmüş və həmin hadisələrin işıqlandırılmasında yaxından iştirak etmiş vətən fədailəridirlər. Adil İrşadoğlu çəkiliş qrupunun üzvləri ilə Ağdamın Güllücə, Ağdərənin Şıxarx (Cənubi Azərbaycanın Marağa bölgəsindən Qarabağa köçürülmış ermənilər Şixarxın adını dəyişib Marquşavan qoymuşdular), Goranboyun Gülüstan yaşayış qəsəbələri uğrunda gedən qanlı döyüşlərdə mühasirəyə düşmüş və igid əsgərlərimizin qəhrəmanlığı sayəsində mühasirədən qurtulmuşdur. Adil İrşadoğlu 1-ci Qarabağ müharibəsində düşmənlə üz-üzə döyüş səhnələrini çəkib veriliş hazırlayan və efirdə göstərən fərqli jurnalistdir. 

AzTv-də əhval-ruhiyyə dəyişdikcə, insanların da üzü dəyişirdi. Adil İrşadoğluna və digər milli vətənpərvər işçilərə qarşı haqsızlıq baş alıb gedirdi. Daxili gizli qüvvələr belə insanların normal fəaliyyətinə mane olurdular. Gah ön cəbhəyə getmək üçün icazə sənədini ləngidirdilər, gah videokamera çatışmırdı, gah ezamiyyət pulu vermirdilər, gah verilişi hazırlamaq üçün montaj stolu ayırmırdılar, gah da verilişin efirə getməyinə az qalmış onu efirdən çıxardırdılar… Mən özüm də teleşirkətdə çox təzyiqlərlə, haqsızlıqlarla üzləşmişəm. Adilə isə işləməyə heç imkan vermirdilər. O da məcbur olub 25 il (5 il ştatdankənar, 20 il ştatda) can qoyduğu, qəlbən seçdiyi və sevdiyi televiziyadan, Azərbaycanın yeganə televiziyasından ayrıldı, müstəqil jurnalist olaraq fəaliyyətini davam etdirdi.

Adil İrşadoğlu “Yeni dünya” qəzetinin baş redaktorunun birinci müavini, zamanında populyarlıq qazanmış “De Fakto” qəzetinin qurucusu və ilk baş redaktoru, “Çempion” adlı rəngli, 24 səhifəli, həftəlik idman qəzetinin baş məsləhətçisi, “Sara – ekspress” qəzetinin məsul katibi, “Olaylar” qəzetinin baş direktoru, “Şans” qəzetinin baş direktoru, “Novıy mir” qəzetinin redaktoru, Qarabağ Əlillər Cəmiyyətinin orqanı olan “Əlillər” qəzetinin məsul redaktoru, Qarabağ Azadlıq Təşkilatının orqanı olan “Azad Qarabağ” qəzetinin məsul redaktoru və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının vitse – prezidenti işlədi. 17 saylı Yasamal 3-cü seçki dairəsi üzrə 29 saylı seçki məntəqəsində 4 dəfə seçki komissiyasının katibi oldu. O, Qarabağ Əlillər Cəmiyyətinin fəxri üzvü  seçildi.

Adil İrşadoğlu hazırda Azərbaycan Respublikasında Vətənpərvərlik mövzusunda fəaliyyət göstərən ilk internet televiziyanın – “İRŞAD – Teleradio Verilişləri, Sənədli və Bədii Filmlər Kompaniyası” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru, Jurnalist – Müharibə Veteranları Assosiasiyası sədrinin birinci müavinidir. İctimai əsaslarla işlədiyinə görə əmək pensiyasından başqa heç bir yerdən gəliri yoxdur. 50 ilə yaxındır ki, jurnalistlik fəaliyyətilə məşğuldur.

Bu gün onun 100 mindən çox oxucusu var. İnternetdə 1 saytı, sosial şəbəkələrdə rəngarəng və çox maraqlı səhifələri, 7 bloku, “YouTube”də 5 kanalı, “Facebook”da 10 səhifəsi və 7 qrupu, “Web.tv”də 1 kanalı fəaliyyətdədir. O, deyir ki, “Əlimdən alınan meydanı burada tapmışam”. 

Ahıl jurnalist Adil İrşadoğlu İnternetin imkanlarından çox məharətlə istifadə edir. Yeni media platformasında, sahibi olduğu sayt, kanal və bloqlarında davamlı şəkildə Azərbaycan həqiqətlərini yayır. Bütün bunların sayəsində virtual aləmdə yüz mindən çox oxucu toplaya bilib. Buna görə də “Google” şirkəti onu “1 nömrəli bloqçu” adlandırıb.

Adil İrşadoğlu deyir ki, “Mən peşəkarlıq zirvəsinə vətənpərvərliyimlə, seçdiyim yola sədaqət, xarakterimdəki yorulmazlıq, məqsədyönlülük, topladığım böyük təcrübə sayəsində nail olmuşam. Hərəkətlərimdə ancaq humanizmə, ədalətə, obyektivliyə söykənmişəm. Hesab edirəm ki, Google da, Facebook da, Twitter də ciddi bir platformadır. Bu işə ciddi yanaşmaq lazımdır. İndi xəbərləşmək, xəbər paylaşmaq, məlumat almaq, ötürmək internetsiz çox çətindir. Bu, artıq cəmiyyəti məlumatlandırmanın yeni bir mərhələsidir”. 

Adil İrşadoğlu bəzi yalançı, “işbaz” kabinet jurnalistləri kimi deyil. O, heç bir təmənna ummadan, Allahdan başqa heç kimdən qorxub-çəkinmədən vətənpərvərliyini öz işi ilə sübuta yetirən professional jurnalistdir. Açıq-aşkar deyə bilərəm ki, Vətən uğrunda könüllü heç bir fəaliyyəti olmayan, bir dəfə də olsun cəbhə bölgəsinə addım atmayan, yeri gəldikdə yüz cür cildə girərək dövlətdən nə gəldi qopartmağı bacaran, fəxri ad və ev alan əldəqayırma “jurnalist”lərdən fərqli olaraq Adilin səsinə səs verməyiblər. Əksinə, ona dövlətdən iş, fəxri ad və ev verilməsinə əngəl törədiblər. Onun ailəsinin çətin vəziyyətdə yaşamasına etinasız yanaşıblar. Halbuki elə adamlar qaranlıq karyera yüksəlişinə çatıblar ki, təəcüblənməyə bilmirsən. 

Adil İrşadoğlu deyir ki, “Dəfələrlə müraciətimə baxmayaraq dövlətimiz tərəfindən diqqət və qayğı görməmişəm. Yanımda həyat və iş təcribəsi keçib öyrənən, atalıq qayğısı göstərdiyim işçilərimdən fərqli olaraq fəxri ad almamışam, geniş mənzillə təmin olunmamışam. Nə bağım var, nə bostanım, bu darısqal evimdən başqa nə əlavə evim var, nə də avtomobilim, nə fəxri adım var, nə də medalım-ordenim. Prezident təqaüdü də almıram. Jurnalistlər üçün tikilib təhvil verilən 1-ci, 2-ci binadan mənə mənzil vermədilər. Çalışıram ki, tikilib hazır olan 3-cü binadan mənə də bir mənzil düşsün. Buna ehtiyacım böyükdür”. 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli və sevimli Mehriban xanım, jurnalistikaya, ədəbiyyata, yaradıcı insanlara xüsusi diqqətinizi, onların problemlərinə hər zaman dəstək olduğunuzu nəzərə alaraq, Sizə ərkiyanə müraciət edirəm. Veteran televiziya və qəzet jurnalisti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 1-ci Qarabağ Müharibəsinin iştirakçısı (1988-1996), ahıl jurnalist Adil İrşadoğlu çətin şəraitdə, ağır sosial durumda yaşayır, səhhətində problemlər var. Onun bu durumu həmkarı və dostu kimi məni də ciddi narahat edir. Tanınmış jurnalist Adil İrşadoğlunun xidmətlərini nəzərə alaraq onun problemlərinə diqqət göstərməyinizi və həmin problemlərin aradan qaldırılmasını nəzarətə götürməyinizi xahiş edirəm. Sizə öncədən minnətdarlığımı bildirirəm.

Müəllif: Lətif VƏLİZADƏ,

Şair, yazıçı-publisist. 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1980), 

Azərbaycan Yazıçılar Birliyinin üzvü (1985).

24.08.2021. / 13-15.

LƏTİF VƏLİZADƏNİN YAZILARI


ADİL İRŞADOĞLUNUN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Milli Kitab Satış Sərgisi

1-10 Oktyabr tarixlərində ölkənin ən maraqlı kitab sərgisi baş tutacaq!

Milli Kitab Satış Sərgisində sizi nələr gözləyir?

Azərbaycan, Türk, Rus, İngilis dillərində 50 mindən çox kitab!
Hər şeyə 30-70% endirim!
1-3 manata kitablar!
Freemarket (oxucular arasında kitab dəyişmə)
İkinci əl kitabların satışı (hər kəs üçün)
Yazarlarla görüşlər
Maraqlı seminar və çıxışlar.

Sərgi Bakı İdman Sarayında keçirilir. (Azneft meydanı, Neftçilər prospekti 26a)

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Xəzan” jurnalının növbəti sayı (Avqust-sentyabr 2021/4/35) ışıq üzü görüb

“Xəzan” jurnalı

“Xəzan” jurnalının növbəti sayı (Avqust-sentyabr 2021/4/35) ışıq üzü görüb! Bu sayda dərc olunan yazarları təbrik edir və bütün yaradıcı heyətə yeni-yeni nailiyyətlər arzu edirik! Uğurlarınız bol olsun!!!

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

189-190 NÖMRƏLİ MƏKTƏBİN YAZAR ŞAGİRDİ

“Ot kökü üstə bitər”-deyərlər: məktəbimizin ( #189190nömrəliməktəb ) 10 “B” sinif şagirdi Səma Muğanna kimi. Bu kiçik fidan İsa Muğanna ocağını sönməyə qoymayan kiçik yazardır. Qələmini xəyallar dünyasının fırtınalarında sınmağa qoymayan, məsum ürəyində sevgi ilə nifrəti, xeyirlə şəri çarpışdıran Səma ədəbiyyat aləmində yeni doğan bir günəşdir. Bu Günəşin son zamanlardakı uğurları oxucularının gözünü qamaşdırır, ruhlarını oxşayır. Səma 3 kitab müəllifidir. Sonuncu kitabı “Adam və Papatyanın Tanrıyla görüşdüyü gün” kitabına görə bu günlərdə “Ziyadar” mükafatına layiq görülmüş və “Yazarlar” jurnalının redaksiya heyətinə üzv seçilmişdir. Onu bu münasibətlə təbrik edir, bu çətin, keşməkeşli yolda Səmamıza uğur diləyirik! #189190nömrəliməktəb



SƏMA MUĞANNANIN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MAHİRƏ NAĞIQIZI – YARAŞIR

MAHİRƏ NAĞIQIZININ ŞEİRLƏRİ

YARAŞIR
Özü çıxıb müjdə verdi millətə,
Müjdəsinə neçə qurban yaraşır.
Zülm edənin canı düşdü zillətə,
Uca millət, sənə ad-san yaraşır.
* * *
Həyan umduq gələn səsdən-səmirdən,
Tanrı verdi səbrimizi dəmirdən.
O illəri tale çıxsın ömürdən,
Nə cür desən, nə cür yazsan, yaraşır.
* * *
Elə bil ki, dünən burdan köçmüşəm,
Füzulidən, Cəbrayıldan keçmişəm.
Həsrətini zəhər bilib içmişəm,
Muradın al Zəngilandan, yaraşır.
* * *
Dolan yurdu, neçə ki, bu ömr var,
Ziyarətdir, kimdə belə dövr var…
Yanır bağrım, ürəyimdə qövr var,
Keç Laçına Qubadlıdan, yaraşır.
* * *
Toy-düyündür Mahirəyə vaxt, zaman,
Salnaməni özü yazsın anbaan.
Cabbar ilə Xan dayansın yanbayan,
Oxusunlar, olar dərman, yaraşır.
* * *
Türkə qurban, nə cür aldır bayrağı?!
Bədirlənmiş tək hilaldır bayrağı.
Xankəndində özün qaldır bayrağı,
Bayraq Sənə, Baş Komandan, yaraşır!

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Hər şey belə başladı…” – Şeirlər – Zaur USTAC

Zaur Ustacın şeirləri.

ZAUR USTAC BU GÜN ƏDƏBİYYAT QƏZETİNDƏ

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşa tək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!


ÜÇ QARDAŞ
(Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)

Bir qardaş sağında, biri solunda,
Təpəri dizində, gücü qolunda,
Qardaşlıq məşəli yanır yolunda,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Xətai amalı bu gün oyaqdır,
Nadirin əməli bu gün dayaqdır,
İlhamın təməli bu gün mayakdır!
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!
* * *
Zamanla yaşadıq xeyli qeylü-qal,
Görməsin bir daha bu birlik zaval,
Dağlara biryolluq qayıdır Hilal,
Yeni çağ başladır xan Azərbaycan!
Türkiyə, Pakistan, can Azərbaycan!

O GÜN
(Milli Qəhrəman Polkovnok İlqar Mirzəyevin xatirəsinə)
Hər şey belə başladı,
Gülə-gülə getmişdin…
Döndün üzdə təbəssüm,
Çöhrənə həkk etmişdin…
* * *
Tək getmişdin gedəndə,
Yüz min olub qayıtdın…
Özün getdin yuxuya,
Milyonları oyatdın…
* * *
Hər şey belə başladı,
Bütün xalq həmdəm oldu…
Cümlə aləm toplandı,
Azərbaycan cəm oldu…
* * *
Yuxudaykən əbədi,
Yatmışlara qalx dedin…
Vətənin qara dərdin
Al boyayıb, ağ etdin…
* * *
Girib torpaq altına,
Çıxartdın üzə nə var…
Bir gedişə mat idi,
Taxtada tüm fiqurlar…
* * *
Başlanan yol qapından,
Şuşayadək uzandı…
Vətən oğlun itirdi,
Torpağını qazandı…
* * *
Belə şanlı hekayət,
Tarixdə bir, ya iki…
Lap başqası varsa da,
Möcüzədir bizimki …
* * *
Bu dastanı qanıyla
Yazdı ərlər, ərənlər…
Bu kitabın qədrini,
Bilir yazmaq bilənlər…

İlkin mənbə:edebiyyatqazeti.az

Arxiv: archive.vn

Müəllif: Zaur USTAC,

 “Yazarlar” jurnalının baş redaktoru,

şair-publisist.

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ
===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru






ADPU-nun Filologiya fakültəsində Anım günü

Mahirə Hüseynova – NAĞIQIZI, professor, ədəbiyyatçı, şair.

 ADPU-nun Filologiya fakültəsində professor Mahirə Nağıqızının təşkilatçılığı ilə fakültə nəzdində fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərinin iştirakı ilə 27 Sentyabr Anım gününə həsr edilmiş tədbir keçirilib.

Müəllif: Aynura Aliyeva


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

Osloda Anım Günü ilə bağlı foto-sərgi təşkil edilib

Osloda həftəsonu məktəbimiz və NAYO birlikdə 44 günlük II Vətən Müharibəsinin ildönümü ilə bağlı “Qarabağ Azərbaycandır” adlı foto-sərgi təşkil etmişdir. Sərgidə istedadlı və gənc fotoqraf Rüstəm Fərman İsmayılovun müəllifi olduğu Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin bərpadan sonrakı fotoları, Zəfər Günü ilə bağlı fotolar sərgi iştirakçılarına təqdim edilmişdir.  Eyni zamanda, sərgidə işğaldan azad edilmiş ərazilərimizlə bağlı kitab sərgisidə nümayiş edilmişdir.Həftəsonu məktəbimizin şagirdləri tərəfindən hazırlanmış Azərbaycan və Türkiyə bayraqlarıda sərgi iştirakçıları tərəfində maraqla qarşılanmışdır. Sərgi şagirdlərin Vətənlə bağlı söylədikləri şeirlər ətrafında davam etmişdir.

Məktəbimizin fəal şagirdi Şanay  Şəkari Xarıbülbül rəsmini böyük sevgi və məhəbbətlə  xatirə lövhəsi üzərində çəkmişdir.Şagird və valideynlərimiz xatirə lövhəsində 44 günlük Il Vətən Müharibəsi ilə bağlı hiss və təəssüratlarını yazmış və rəsmlər çəkmişdilər.

Sərgi iştirakçılarına xarıbülbül nişanı hədiyyə edilmişdir.

Qarabağ müharibəsinə həsr edilmiş« Ağca və cuppulu» əsərinin müzakirəsi…

Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan dili dərsliklərinin müəllifi Xanım Qasımovanın təşkilatçılığı ilə uşaq yazıçısı Sevinc Nuruqızı ilə görüş keçirilmişdir.Görüşdə Oslodan həftəsonu məktəbinin şagirdləri və Belçikadan,Azərbaycandan iştirak edən uşaqlar ingilis və Azərbaycan dillərində yazıçının əsərlərindən parçalar səsləndirmişdilər.  Görüş  S.Nuruqızının müharibəyə həsr etdiyi və Koreyada yüksək mükafata layiq görülən« Ağca və cuppulu» əsərinin müzakirəsi və uşaqların suallları ətrafında davam etmişdir.

Osloda N.Gəncəvi adına həftəsonu məktəbinin kordinatoru Günay Əliyeva şagirdlərin müəllifin yaradıcılığı ilə tanış olduğunu bildirmiş və yazıçının əsərlərinin tədris prosesində  istifadə etdiklərini qeyd etmişdir.

Yazıçı  müəllifi olduğu «Sürəyyanın izində» nağlından bir parça uşaqlar üçün oxumuşdur.

Osloda həftəsonu məktəbimizin şagirdi Aida xanım Ramberq  «Ağca və Cuppulu» nağlının əsas qəhrəmanları olan Ağcanın və Cuppulunun rəsmlərini çəkmişdir.

S.Nuruqızının Selcan Ağayeva tərəfindən çəkilmiş portreti görüşdə yazıçıya təqdim edilmişdir.


Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI



YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Onlar yeni bir tarix yazırlar – Aytac İbrahim

Onlar yeni bir tarix yazırlar – O gün…

Onlar yeni bir tarix yazırlar, özləri gedirlər, bəxş etdikləri gözəlliklər isə qalır.Əzəldən bəri belə olub…
Kimi şənlərinə şeir, mahnı, dastan yazır.Kiminin bir ayağı xiyabanda, qəlbi isə ah fəğanda olur…

Oğlunu, dostunu, qardaşını, canını itirib hər şeyə lap əvvəldən başlamaq rahatdırmı?! Toxuna bilmədiyin, görə bilmədiyin, üz-üzə söhbət edə bilmədiyin bir yaxının məzar daşı ilə baxışmaq, danışmaq, bağrına basmaq rahatdırmı?!
İnsanın həyatda hər kəsi öz yerində, hər şeyi öz qaydasında olanda, birdən o düzənsizlik pozulanda belə sıxıntı yaşayır.Di gəl ki, dağ boyda, aslan hünərli oğulları torpağa tapşırasan…

Biz o oğullardan yetim qaldıq xəbəriniz varmı sizin?! Bizə görə canını, qanını, gələcəyini qurban edən igidlərdən yetim qaldıq…
Hər məzar daşının altında bir igidin həyatı, cismi, arzuları, son dəfə sevdiklərinə deyəcəyi kəlmələr yatır…
Görəsən, son saniyələrində kimi görmək istəmişdilər? Kimi düşünmüşdülər? Son istəkləri nə olmuşdu?
Adamı nakam ömürlərin ağrısı yandırır.Anaların fəryadı, ataların boynu bükük qalıb, heç kim eşitməsin deyə hıçqıra-hıçqıra gözünün yaşını silməyi yandırır…
27 sentyabr 2020-ci il, nə zillət imişsən sən?! Necə bir il imişsən sən?!
O gündən sonra bütün günlər, bütün illər bağrına daş basıb yaşamağa çalışan adamlar çoxaldı, dərdlər artdı.Sevincini yaşaya bilməyən, ruhsuz canlar artdı.Atasız böyüyən övladlar, ata qucağı, ata üzü görməyən körpələr artdı.Dayağı olmadan, tək qadın gücü ilə övladlarına həm ata, həm ana olan qadınlar artdı…
Bir evin dərdi, bir böyük məmləkətin dərdinə çevrildi.Oğul evdən getmədi, oğul eldən getdi…

Torpağı qaytaran oğullar, torpağın altında yatır.Xoşbəxtliyə, sevincə, toy-büsata layiq olan oğullar bizdən çox çox uzaqdadırlar…
Bu həsrət, bu ağrı bir ömür boyu unudulan deyil.
O tarixi biz canlı-canlı yaşamışıqsa, hansısa bir kitabdan deyil, məhz öz gözlərimizin şahidliyi ilə əzbər etmişiksə, o tarixi unutdurmaq, yad etməmək bizə yaraşmaz.Nəsildən-nəsilə, obadan-obaya ötürərək qəhrəmanlarımızı yaşadaq.Yaşadaq ki, bizə təbəssüm etsinlər.Yaşadaq ki, şad olsunlar…

Yaşadığımız hər saniyəni, gəzdiyimiz hər qarış vətən torpağını, azadlığımızı onlara borcluyuq, millət!
Ruhları şad, şəhidlik mərtəbələri mübarək olsun… 

Müəllif: Aytac İBRAHİM 

AYTAC İBRAHİMİN DİGƏR YAZILARI


YAZARLAR.AZ

===============================================

<<<<<<WWW.YAZARLAR.AZ və  WWW.BİTİK.AZ >>>>>>

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"