
DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.
Müəllif: Zaur USTAC
AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında