Etiket arxivi: CAHANGİR MƏMMƏDLİ – 85

Şəms Hüseynli – Ustad

USTAD

Doğum gününüz münasibətilə Şəmsinizdən səmimi qəlbdən gələn hər cümləsi dərin sevgi ilə yazılan təbrik!
Dəyərli Ustadım! Cahangir Məmmədli,
Sizi doğum gününüz münasibətilə dərin hörmət və səmimi qəlbdən təbrik edirəm. Bu əlamətdar gün yalnız bir ömür ilinin tamamlanması deyil, eyni zamanda Azərbaycan milli mətbuatının şərəfli tarixində iz qoymuş böyük bir yolun, zəhmət və xidmətlə yoğrulmuş mənalı bir ömrün bayramıdır.
Siz Azərbaycan jurnalistikasının təkcə görkəmli siması deyil, həm də onun mənəvi dayaqlarından biri, məktəb yaradan ustadlarındansınız.
Milli mətbuatımızın fikir yükünü, söz məsuliyyətini və ictimai vicdan missiyasını illər boyu ləyaqətlə daşıyan bir qələm sahibi kimi adınız hörmətlə çəkilir. Və mənim qəlb dünyam da qələminizin dəyəri hər gün sevgi ilə daha da çox yogrulur. Sizin yaradıcılığınızda söz heç vaxt təsadüfi olmayıb — hər cümlə düşüncənin süzgəcindən keçib, hər fikir ictimai məsuliyyətlə formalaşıb.
Sizin qələminiz Azərbaycan mətbuatında əvəzolunmazdır. Mən bunu həm öz fikrimə istinadən həm də həqiqəti əks etdirən fakt olaraq vurgulamaqdan çəkinmirəm. Ustadımın üslubu mənim qələmimin qida mənbəyi, ruhudur., Sizin mətbuatımızda yaratdığınız ədəbi məktəbin rolu həqiqətin, obyektivliyin və ziyalılığın simvolu kimi qələmə verilən böyük bir istiqamət, yoldur. Hansı ki bu gün yüzlərlə qələm sahibi bu yolda addımlayır. Yazılarınızda zamanın nəbzi döyünür, cəmiyyətin ağrıları, düşüncələri və sualları əks-səda tapır. Elmi-publisistik irsiniz Azərbaycan mətbuatının yaddaşına həkk olunmuş bir düşüncə xəzinəsidir.
Müəllim olaraq isə Siz təkcə bilik ötürmüsünüz, düşüncə formalaşdırmısınız. Neçə-neçə jurnalist, tədqiqatçı və ziyalı Sizin dərslərinizdə sözə məsuliyyətlə yanaşmağı, mövqeyə dürüst qalmağı, peşəyə vicdanla xidmət etməyi öyrənib. Siz tələbələriniz üçün sadəcə müəllim deyil, həm də mənəvi örnək, elmi və əxlaqi istiqamət verən bir ustadsınız.
Hələ 1 ci kursda “online” mühazirələrimiz olarkən (2020 ci il də pandemiya səbəbindən ali məktəblərdə dərslər online formada tədris olunurdu) Cahangir müəllimimin mühazirələrini “bitməsini istəmədiyim və dərin sevgi ilə maraq göstərdiyim tamaşa” ya bənzətmək zənnimcə, yerinə düşər. Mən mühazirələrimizdən əlavə Ustadımla mütamadi olaraq əlaqə saxlayıb, hər yeni yazım olduqda Ustadımla bölüşür, müzakirə edirdik. Ustadımla hər söhbət bir elmi və bədii yaradıcılığın notlarını ifadə edirdi. Ustadım mənim ilk qələm təcrübələrimi olduğundan yüksək qiymətləndirir və mənə olan inamını əsirgəməzdi. Elə ona görə də mənim qələmimin mürəkkəbi Ustadımın mənə olan inamı ilə və mənim Ustadıma olan sonsuz və dərin sevgimlə formalaşıb.
Sizin duruşunuzda ziyalılığın sakit vüqarı, sözünüzdə təcrübənin dərinliyi, baxışınızda isə milli mətbuata sədaqət açıq şəkildə hiss olunur. Bu gün Azərbaycan jurnalistikasında “ustad” anlayışı çəkilirsə, bu anlayışın içində Sizin adınız xüsusi çəkisi və yeri olan bir addır.
Bu mübarək gündə Sizə möhkəm can sağlığı, uzun və mənalı ömür, elmi və publisistik fəaliyyətinizdə yeni yaradıcılıq uğurları arzulayıram. Qoy qələminiz daim iti, sözünüz təsirli, yolunuz işıqlı olsun. Qoy yetirdiyiniz nəsillərin uğurları Sizin zəhmətinizin ən gözəl davamı kimi yaşasın.
Dərin hörmət, ehtiram və səmimi minnətdarlıq hissi ilə sizin Şəmsiniz.

Hörmətlə, Şəms HÜSEYNLİ

ŞƏMS HÜSEYNLİNİN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Mir Şahin Ağayev – Müəllim

MÜƏLLİM

Mən Azərbaycan Mediasını Cahangir Məmmədlinin doğum günü münasibətilə təbrik etmək istəyirəm. Çoxumuzdan ötrü Milli Mətbuat günü əslində həm də bu tarixdir: 26 Yanvar! Cahangir MÜƏLLİM çoxdan zamana qarışıb: Azərbaycan jurnalistikasının bütün ciddi imzaları həm də Cahangir Məmmədli ömrünün içində yaşayırlar! Ona görə də “yaş anlayışı” bu halda öz klassik mənasını itirir. Qəribədir: insan ömrü elə məqama yetişir ki, sən artıq yalnız əllə toxunulan, hiss edilən, görünən, eşidilən deyil, həm də eyni zamanda şəffaf, görünməz, toxunulmaz olursan: Cahangir Məmmədli kimi. O qədər ehtiyatla, lətif, sakit, xəfif yaşayır ki…
Sanki həm də Gəzərgi Ruhdur. Bizim Ruhumuz! O nəhəng bir Kitabxananın Oxu zalıdır. Səs salmaq istəmirsən… Onun varlığı saat kimidir. Artıq belə demək olar:
-Cahangirə işləyir…
-Cahangirə qalır…
-Cahangirin yarısı…
-Cahangir tamam…
Əziz MÜƏLLİMİM!
Bəs Sizin özünüzdə saat neçədir? Ad gününüzü təbrik etmək üçün soruşuram…

Müəllif: Mir Şahin Ağayev

Mir Şahin Ağayein yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI

ŞƏKSƏN BEŞİNCİ YAZI

SÖZÜN, ELMİN VƏ VƏTƏN TƏFƏKKÜRÜNÜN DAŞIYICISI
(Filologiya elmləri doktoru, professor Cahangir Məmmədlinin doğum gününə)
Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu — yazımızın məqsədi təbrikdir. Bu yazımı böyük bir qələmdarlar ordusu — yazarlar cameəsi adından ustadlar ustadı, müəllimlər müəllimi, eloğlumuz, əzizimiz, dəyərlimiz Cahangir müəllimə ünvanlamaqdan şərəf və qürur duyuram!
İnsan ömrü var ki, zamanın içində itib gedir, bir də insan ömrü var ki, zamanın özünə çevrilir. Elmi düşüncəsi, publisistik mövqeyi, milli-mənəvi dəyərlərə sədaqəti və ziyalı duruşu ilə çağdaş Azərbaycan elminin və ictimai fikrinin önündə dayanan filologiya elmləri doktoru, professor Cahangir Məmmədli məhz ikinci kateqoriyaya daxil olan nadir şəxsiyyətlərdəndir.
Professor Cahangir Məmmədli təkcə bir alim, tədqiqatçı və pedaqoq deyil — o, həm də sözün məsuliyyətini daşıyan, fikrin yükünü çiyinlərində hiss edən, cəmiyyətin vicdan səsinə çevrilən ziyalıdır. Onun elmi və publisistik fəaliyyəti Azərbaycan dilinin, milli mətbuatın, jurnalistikanın və ümumilikdə ictimai düşüncənin inkişaf yolunu aydınlatmaqla yanaşı, gələcək nəsillərə də möhkəm mənəvi bünövrə yaradır.
Cahangir Məmmədlinin elmi araşdırmaları Azərbaycan filologiyasının və mediaşünaslığının aktual problemlərini əhatə etməklə seçilir. O, mətbuat tarixinin, jurnalistikanın nəzəri əsaslarının, söz və məsuliyyət münasibətlərinin tədqiqində özünəməxsus elmi məktəb formalaşdırmış alimlərdəndir. Onun əsərlərində faktla fikir, tarixlə müasirlik, milli ilə ümumbəşəri dəyərlər ahəngdar şəkildə birləşir.
Alimin qələmində söz heç vaxt təsadüfi olmur. Hər cümlə arxasında məsuliyyət, hər fikir arxasında vətəndaş mövqeyi dayanır. Bu da onun elmi irsini yalnız akademik mühit üçün deyil, geniş oxucu auditoriyası üçün də dəyərli edir.
Professor Cahangir Məmmədlinin publisistik yazıları sadəcə hadisələrin təsviri deyil — hadisələrin mahiyyətinə enən, oxucunu düşünməyə vadar edən, milli özünüdərkə çağıran yazılardır. Onun qələmində publisistika tribuna deyil, vicdan aynasıdır. Bu yazılarda cəmiyyətin ağrıları, milli maraqlar, dilin saflığı, mətbuatın məsuliyyəti və ziyalının missiyası açıq və cəsarətli şəkildə ifadə olunur.O, daim vurğulayır ki, söz sahibinin ən böyük borcu həqiqətə sədaqət, xalqa xidmət və gələcək qarşısında məsuliyyətdir. Bu mövqe onun bütün yaradıcılıq xəttindən qırmızı xətt kimi keçir.
Cahangir Məmmədli təkcə kitablarla deyil, yetişdirdiyi tələbələrlə, formalaşdırdığı düşüncə tərzi ilə də yaşayır. Onun auditoriyadakı fəaliyyəti klassik müəllimlik çərçivəsindən kənara çıxaraq həyat dərsinə çevrilir. Tələbələrinə yalnız bilik deyil, mövqe, məsuliyyət, milli şüur aşılayan professor, əslində, gələcəyin ziyalılarını yetişdirir.
Bu gün professor Cahangir Məmmədlinin doğum günü təkcə təqvimdə bir tarix deyil. Bu gün Azərbaycan elminin, söz və fikir dünyasının qazandığı bir ömrün, bir zəhmətin, bir fədakarlığın bayramıdır. Onun ömrü və fəaliyyəti sübut edir ki, ziyalı olmaq ad deyil, missiyadır.
Bu əlamətdar gündə professor Cahangir Məmmədlini səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, yeni elmi uğurlar, qələminin daim iti, sözünün daim sanballı olmasını arzulayırıq. Qoy onun zəngin elmi və publisistik irsi hələ uzun illər Azərbaycan düşüncə həyatına işıq saçsın.
Ad gününüz mübarək, dəyərli professor!
Sözünüz var olsun, yolunuz işıqlı olsun!

26.01.2026. Bakı .


Hörmətlə, Zaur USTAC

AYB və AJB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir.

ZAUR USTACIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ustad müəllimimizin doğum gününə

Varlığı ilə elinə və elminə bağlı ömür

Görkəmli alim Qulu Xəlilov yazırdı ki, “Adam var, gözlərini açandan varlığına Vətənə, xalqa xidmət kimi müqəddəs bir hiss hopur. Bu hiss getdikcə alova çevrilir”. Alimin söylədiyi fikirlər bütöv bir taleyə, daha dəqiq həyat fəlsəfəsinə bağlıdır. Düşünürəm ki, bu hiss nə təsadüfün nəticəsi deyil, nə də sonradan qazanılan bir keyfiyyətdir. Burada genetik faktorların, nəsildən-nəslə ötürülən mənəvi irsin rolu danılmazdır. Yəni, insanın varlığı əvvəldən Vətənə, xalqa xidmət ideyası ilə yoğrulur. Qulu Xəlilovun qeyd etdiyi kimi, bu hiss zamanla daha aydın forma alaraq sönməz bir məşələ bənzəyir. İnsanın daxilində alışan alov yalnız onun öz yolunu işıqlandırmır, həm də ətrafa nur saçır. Məhz belə insanların sayəsində cəmiyyət yaşayır, milli və mənəvi dəyərlər qorunur.

Müasir və müstəqil Azərbaycanın jurnalistika elmində, ana dilimizin inkişafında, azərbaycançılıq düşüncəsinin formalaşmasında, ictimai elmlərin tərəqqisində çəkisi və nüfuzu olan professor Cahangir Məmmədli məhz bu mənəvi missiyanı ömrünün mənasına çevirmiş ziyalılardandır. O, bütün şüurlu və mənalı ömrünü Bakı Dövlət Universiteti ilə bağlamış, dəyərləri qorumağı şəxsi mövqedən çox, mənəvi borc kimi qəbul etmişdir. Akademik Vasim Məmmədəliyevin təbirincə desək, “Cahangir Məmmədli hər şeydən əvvəl bir universitet müəllimidir. O, adi müəllimlərdən deyil”. Vasim Məmmədəliyevin də qeyd etdiyi kimi, “çünki Cahangir müəllim təmizliyə, universitet ruhuna, dövlətçilik prinsiplərinə sədaqətlidir”. Bəlkə də çox az insan tapılar ki, bütün həyatını bir xətt üzrə — elmə, pedaqoji fəaliyyətə, gənc nəslin təlim-tərbiyəsinə həsr etsin. Şübhəsiz, yuxarıda da qeyd etdiyimiz kimi, bu yol təsadüfən seçilmir. Müəllimimizin həyat yolunun başlanğıc çağlarında — məktəbli və tələbəlik illərində belə eyni düşüncə xətti, eyni dəyərlər sistemi ilə hərəkət etməsi bunun bariz sübutudur. Əlbəttə, sistem qarşılıqlı şəkildə işləyirdi: insan dəyərlərə sədaqətli qalır, sistem də öz növbəsində insanı qoruyurdu. Bu vəhdət professor Cahangir Məmmədlinin təbiəti ilə tam həmahəng idi. Sakit, iddiasız, özünü önə çıxarmaqdansa bir addım kənarda dayanmağı üstün tutan bütöv bir xarakter… Elə buna görə də o, səs-küydən uzaq, ağırtaxtalı şəxsiyyət kimi tanınır.

Bu mənəvi bütövlükdə torpaq amili də xüsusi yer tutur. Böyük ədibimiz Mirzə Cəlil doğulduğu torpağı “Müqəddəs Vətənim” adlandırması kimi, Ustad müəllimimiz də Novruzlunu özünün “Mikro Vətəni” sayaraq həmişə qürurla dilə gətirir. Çünki torpaq insana yalnız fiziki məkan deyil, mənəvi dayaqdır. İnsanın kökü torpaq olduğu kimi, torpağın da kökü insandır. Kök təkcə keçmişlə bağ da deyil, həm də gələcəkdir, sabahdır. Bu gün azadlığına qovuşan torpaqlarımız üzərində açılan sabahlar da məhz bu kök üzərində boy atır. Kökü olan insan ən sərt küləklər qarşısında belə sınmır, ayaqda qalmağı bacarır. Bu bağlılıq Vətən sevgisi ilə yanaşı, Vətən qarşısında məsuliyyət və and deməkdir. Bu mənəvi xətt həm də Ağdamı quran, yaradan ziyalı nəslindən, Ustad müəllimimizin özünə müəllim bildiyi Zeynal Məmmədli ocağından qaynaqlanır. Yaddaşla vicdanın kəsişdiyi, böyük söz və fikir adamlarının cəm olduğu, sadəlik və səmimiyyətin hökm sürdüyü bu ocaqda müəllim adı ən ali məqamda pərvəriş tapıb.

Amerikalı yazıçı Çarlz Bukovski deyirdi ki, “Sadəlik dərin bir həqiqətdir.” Doğrudan da sadəlik yalnız zahiri davranış deyil, daxili bütövlüyün ifadəsidir. Çəmənzəminlinin sevgini insan təbiətinin son təzahürü adlandırdığı kimi, həqiqəti dilə gətirmək, halalzadəlik də sadəliyin ən ali formasıdır. Görkəmli pedaqoq Ə.Dəmirçizadənin hər zaman fəxrlə “Professor Bəkir Çobanzadənin, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Abdulla Şaiqin tələbəsi olmuşam” deməsi bu mənəvi sadəliyin parlaq nümunəsidir. Professor Cahangir Məmmədlinin qəlbində və dilində də öz müəllimləri — Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Firidun Hüseynov, Ağamusa Axundov və digərləri hər zaman dərin ehtiramla yad edilir. Onların ruhu müqəddəs bir miras kimi yaşadılır. Bu mənəvi zənginlik Ustad müəllimimizin tələbələrinin də qəlbində kök salır, onların dünyagörüşünə, düşüncə tərzinə və davranışına müsbət təsir göstərir. Beləcə müəllimə hörmət, elmə sədaqət, insani dəyərlərə bağlılıq bu yolun əsas mənəvi mayasına çevrilir.

Müəllif: Əsgər İsmayılov

Əsgər İsmayılovun yazıları

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Jurnalistikanın sonuncu magikanlarından biri

Jurnalistikanın sonuncu magikanlarından biri

Hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur. Sadəcə, hər kəsin öz təyinatı, öz yolu var. Əgər insanlar olmasaydı, dünyanın mahiyyəti də olmazdı. Bəli, dünyanı gözəlləşdirən, mənalandıran məhz elə insandır. Bu dəfə sizə yaxınlıqda olan insanlardan biri- varlığı ilə bu dünyaya rəng qatan, professor Cahangir Məmmədlidən söhbət açmaq istəyirəm. İnsanpərvər, təmiz və müsbət enerji ilə dolu bir insandan. O, ağlı, zəkası və yaxşı ideyaları ilə eyni anda müxtəlif mövzularda bir neçə söhbəti davam etdirə bilir. Enerjisi, həyəcanı və idarəolunmaz həvəsi ilə həyatı çox cəsarətlə yaşayır və insanların çoxunun uzun müddət başa çatdıra bilmədiyi işləri tez bir zamanda tamamlayır. Müstəqil fəaliyyət göstərməyə çox meyllidir. Onu müəyyən qəliblərə salmaq asan deyil, çevik və əzimkardır…

Müsahibələrinin birində deyir ki:- “Mən kənd adamıyam, 50 ildən çoxdur Bakıda yaşasam da, heç vaxt şəhər adamı ola bilmədim. Şəhər adamları inciməsinlər, Azərbaycanın milli-mənəvi dəyərləri kənddədir. Həm də inciməsinlər ona görə ki, kənd şəhərdən əvvəl meydana gəlib. Biz hamımız əslində kənddə doğulmuşuq. Mənim ən çox qorxduğum odur ki, artıq kəndlər şəhərə çevrilməyə başlayıb. Mənim kəndim Novruzlu həm də mənim idealımdır. Mənim üçün vətən oradan başlayır. Orada orta məktəbi bitirmişəm. O məktəbi bilirsiniz kimlər bitirib? Azərbaycan elmini dünyada tanıdan şəxslər, Xudu Məmmədov, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev, usta yazıçılardan, dramaturqlardan olan Əli Əmirli və s.. Bax, Novruzlu kəndinin belə ziyalıları var. Mən o məktəbi heç vaxt unuda bilmərəm. Novruzlu işğalda qalan dövrdə mənə o qədər pis təsir edirdi ki, etiraf edirəm, ümidsizliyə qapılmışdım. Ancaq mənim Prezidentim necə ayağa qalxdı və Azərbaycanı ayağa qaldırdı. Mənim kəndim azad edildi. Artıq Novruzlu yavaş-yavaş dirçəlir, əvvəlkindən də dəfələrlə gözəl olacaq. Mən bunu təsəvvür edirəm. Biz işğal dövründə yaşamadıq ki…”

Haqqında söhbət açdığım Cahangir Əbdüləli oğlu Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində dünyaya gəlib. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Elə həmin ildən də adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Hazırda bu fakültənin Milli mətbuat tarixi kafedrasının müdiridir. Filologiya elmləri doktoru, professordur. Eyni zamanda, həmin universitetin Elmi Şurasının üzvüdür. İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Xidmətlərinə görə bir sıra mükafatlarla yanaşı “Şöhrət” ordeninə layiq görülüb. Prezidentin fərdi təqaüdünü alır…

BDU-nun professoru, folologiya elmləri doktoru Allahverdi Məmmədli onun haqqında deyir: “Cahangir müəllim mənim təkcə müəllimim olmayıb, həm də əqidə dostumdur, əməl dostumdur. Bu dostluq ona görə baş verib ki, ölkəmizdə və dünyada baş verən hadisələrə münasibətdə, Vətən, millət, adət- ənənələrimizlə bağlı fikirlərimizdə üst-üstə düşən məqamlar çoxdur. Bir sözlə, estetik idealımız, insanlığa baxışımız çox yaxındır. Həm də soydımız eynidir, hər ikimiz də Məmmədliyik. Bəzən bizi oxşadıb qardaş bilirlər. Düz 49 il bundan əvvəl tanış olmuşuq. Bir şəxsiyyəti ki, 49 il bundan əvvəl tanıyasan, onun haqqında nə yazsan, nə qədər danışsan az olacaq. Qısaca deyə bilərəm ki, Cahangir müəllim nəinki Jurnalistika fakültəsinin, elə universitetimizin sonuncu magikanlarındandır. Təhsil fədaisidir, elm xadimidir. 80-dən artıq yaşı var. Bu yaşda yorulmaq bilmədən çalışır. Yazır, yaradır. Mən onun işgüzarlığına həmişə qibtə etmişəm. Örnəkdir. Müəllim kimi, elm adamı kimi, şəxsiyyət kimi örnəkdir. Azərbaycanda əli qələm tutan hər kəs onu tanıyır və təqdir edir…”

İlk baxışdan sərt və narahat bir şəxsiyyət təəssüratı yaratsa da, yaxından tanıyan hər kəs onun sehrinə düşür, onu qəbul edir və sevir. Əslində, buna səbəb onun daxili dünyasının zənginliyi, qiymətli müdrik fikirləri olur. Gözəl rəftarı var, olduqca mehribandır. Ən çox dəyər verdiyi şey isə azadlığıdır. Necə deyərlər, şirin olmaqdan əlavə, sirli gücünün köməyi ilə düzgün nəticə tapmaqda və şəxsi müqavimətini göstərməkdə çox bacarıqlıdır…

“Universitetə qəbul olunduğum zaman Jurnalistika Filologiya fakültəsində şöbə idi. Atam 1942-ci ildə müharibədə həlak olub. O zaman fakültənin dekanı Əlövsət Abdullayev mənə ata münasibəti bəsləyirdi, elə hiss edirdim ki, atam yanımdadır. Birinci kursun ilk dərsini bizə Nəsir İmanquliyev keçdi. O, özünün yaratdığı “Bakı” və “Baku” qəzetlərinin redaktoru idi. Gördü ki, mənim müəyyən dərəcədə yazı qabiliyyətim var, dedi “həftədə bir dəfə yazı yaz”. Mənim bir yazıma 40 manat qonorar verirdi. O vaxt aldığım əlaçı təqaüdü 45 manat idi. Daha sonra mənə həftədə 3-4 dəfə 40 manat qonorar yazdı ki, həm həvəslənim, həm də dolanışığa imkanım olsun. Azərbaycan jurnalistikasının müəllimi Şirməmməd Hüseynov mənim Bakıda qalmağıma səbəb oldu. Dövlət imtahanı verəndə protokola yazdırdı ki, bu tələbəni fakültədə saxlayaq. Jurnalistikanın peşəkarlığını, dəqiqliyini Şirməmməd Hüseynov məktəbindən öyrənmişəm.”- söyləyir.

Yaxşı yumor hissi var, ünsiyyətcilliyi və dostluğu ilə hər mühitdə sevilən və axtarılan bir dostdur. Təzyiqə və şiddətə nifrət edir. Ömrünün sonuna qədər azad yaşamaq üçün əlindən gələni əsirgəmir. Başqasının həyatına qarışmadığı kimi, öz həyatına da kiminsə qarışmağını xoşlamır. Onun emosional tərəfi çox güclüdür. Emosional tərəfi xəyali tərəfinə üstün gəldiyi üçün də, heç vaxt nəzarəti itirmir. O, kənardan adət-ənənələrə bağlı görünsə də, ifrata yol vermir. Təvazökardır, çox çalışqandır. Yalanı sevmir, necə deyərlər, alnının təri ilə halal çörəyini qazanır. Kifayət qədər dürüstdür və müxtəlif mədəniyyətlərdən olan insanları başa düşə, onlarla asanlıqla ünsiyyət qura bilir. İctimai həyata isə böyük əhəmiyyət verir…

Deyir ki:- “Tələbələrim çox olub. Onları bir-birindən fərqləndirmək istəmirəm. Zaman-zaman Azərbaycana yararlı kadrlar yetişdirmişik. 1980-ci illərin sonunda tələbəmiz olmuş Mirşahin Ağayev bu gün Azərbaycanda ən görkəmli, peşəkar jurnalistlərdən biridir. O, jurnalistikanı hətta sənətə çevirib. Onun rəhbəri olduğu televiziya bu gün Azərbaycançılıq ideologiyasını birbaşa ortaya qoyur. Bundan əlavə mənim şəxsi fikrimcə, Rəşad Məcidin rəhbərliyi ilə çap olunan “525-ci qəzet” ümumrespublika qəzeti statusundadır. Bu qəzet öz tematikasına görə o qədər zəngindir ki, ona bu adı vermək olar. Qəzetdə redaktor müavini kimi işləyən Yusif Rzayev Azərbaycan jurnalistikasında çox tanınmış, qəzetçiliyi sonuna qədər bilən jurnalistlərdəndir. Bu şəxslər həmçinin ədəbiyyatı da çox yaxşı bilirlər. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bizim fakültədə magistraturanı bitirib. O, bizim fakültəmizdə müəllim kimi də fəaliyyət göstərib…”

…Bəli, hər bir insan Allahın yaratdığı bir əsərdir. Sevgidən doğulub sevgi ilə yaşayır. Bu əsərlərlə yaxından tanış olduqca, onların hər birində Allahın işarəsini görürsən və dərin məna tapırsan. Əmin olursan ki, Yer üzündə təsadüfi insan yoxdur…

Elman Eldaroğlu

Elman Eldaroğlu təbrik edir

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I