“Xəzan” ədəbi-bədii jurnalının layihəsi kimi Əli bəy Azərinin tərtibçiliyi və redaktorluğu ilə Bayraq günü münasibəti ilə nəşr olunan “Bayraq hekayələr toplusu”nda 22 qələm sahibinin 22 hekayəsi (rəmzlərə inansaq, 22 + 22 = 44) nəsrsevərlərə ərmağan edilmişdir. 44 artıq çağdaş Azərbaycan tarixinin zəfər, qələbə, bayraq, qürur, özünəqayıdış, özünəinam rəmzi kimi müqəddəsdir.
Bilmirəm, zərurətdənmi, təsadüfdənmi toplu yazıçı və şair Ramiz İsmayılın “Vicdan sancısı” hekayəsi ilə başlanır. Əli bəyin qeydinə görə, kitabda yazarların hekayələrinin ardıcıllığı müəlliflərin təvəllüdünə uyğun böyükdən kiçiyə görə düzülüb. Ancaq onu bilrəm ki, ağsaqqal Ramiz müəllimin hekayəsinin ayağı düşərli olacaq. Çünki kitabın içindəki ilk hekayəni oxuyan hər kəs o biri hekayələrlə də mütləq maraqlanacaq. Bu hekayəni toplunun içini səyahət eməyə yardımçı olan bir bilikli bələdçiyə bənzətdim.
Elə bir zəmanəyə gəlib çatmışıq ki, insanların çoxunu vicdan sancısı tutmur, hətta çoxu bilmir ki, vicdan nədir. Mənim düşüncəmə görə, vicdan içimdəki “Mən”dir.
Kaş, Ramiz İsmayılın “Vicdan sancısı” hamımızı oyatsın, yerindən tərpətsin, daxilimizi təmizləsin, bu sancıdan qıvrıla-qıvrıla özümüzü tanıyaq, əgər içimizdə o varsa…
Hekayə barədə düşüncələrimi bölüşəndə Ramiz müəllimin adını tez-tez vurğulamayacağam. Ancaq hər fikrimin təməlində yazarın və mənim təxəyyülümün bir-birini təsdiqləməsi dayanır, mənə elə gəldi ki, aramızda qarşılıqlı anlaşma yarandı…
Loğman Təbib “həm şair, həm nasir, həm dramaturq, həm də 30 il millət vəkili, deputat dostlarının hörmət əlaməti olaraq Vəkil Daimi təxəllüsü verdiyi “xəstə”ni – hekayənin əsas lirik “mən”ini özünün tibb mərkəzinə uzman doktor, vicdanoloq İnsaf Mürvətlinin qəbuluna göndərir. Vicdanoloqun qəbuluna onu “eynəyi başının ortasında, sinəsi yarıya qədər açıq, boğazında qəribə “tatu” olan, şalvarının dizləri bir neçə yerdən it parçalamış kimi cırıq görünən cavan qız nəzakətlə” dəvət edir. Bu vicdanoloqun “köməkçi”sidir. Belə “köməkçi”ləri görən “xəstə”lərin içəri daxil olan kimi dərdi yüngülləşir. Bu müasir tibbin ən yaxşı “müalicə” üsuludur.
Vəkil Daimi elə universal millət vəkilidir ki, parlamentdə, televiziya ekranlarında “kosmik tədqiqatlardan da, atom nəzəriyyəsindən də, sonsuzluqla mübarizə yollarından da, ailə-məişət məsələləri”ndən də yüksək “intellekt”li çıxışlar yapıb hamını mat qoya bilir. Vəkil Daiminin “millət qarşısındakı xidmətləri lap çox böyükdür”:
-Bakının dörd ən yaxşı yerində səkkiz dənə ikimərtəbəli şadlıq sarayı tikdirmişəm. Hər nəvəmin adına birini. Üç rayona avtobus marşrutu açmışam. Böyük bir taksi şirkətim var. Bunların hamısı xalqın xidmətindədir.
Bu “xeyirxah” xalqın “xidmətçi”sinin sağlamlığında problem var, onun vicdanı ağrıyır. Niyə? Qoy özü “qısa” desin:
-Otuz ildə nəvələrimin hamısının nəvəsinə də gün-güzəran üçün şərait yaratmışam. Xeyli fasilədən sonra Avstraliyada yaşayan qızımın nəvəsi dünyaya gəlib. İndi mənim vicdanım qəbul eləməz ki, məndən ona bir miras qalmasın. Çox fikirləşdim, axırda belə qərara gəldim ki, ona on-on beş hektar torpaq sahəsi alım. İçində də bir arxitekturalı məscid tikdirim. Sonra fikirləşdim: baş mollabaşı buna imkan verməz. Yəni, ona bata bilmərəm. Belə qərara gəldim ki, torpaq alım, içində mürdəşirxana tikdirim, qəbir daşları üçün sex açım. Özün bilirsən ki, qəbir daşları get-gedə bahalanır. Bütün bunları təzə nəvəmin adına sənədləşdirim. Həm xalqa xidmət olar, həm də dolanışıq.
Uzman doktor vicdanoloq baş mollabaşından qorxduğunu etiraf etməyi bacaran, “vicdan”ı ağrıyan “xəstə”sinə 200 manat dəyərində bir “Vicdanavin” adlı dərman yazır, mütləq tibb mərkəzinin aptekindən almaq şərti ilə.
Vəkil Daimi narazılıq edəndə ki, doxdur, bu qiymətə dərman olar, İnsaf Mürvətli söhbəti konkretləşdirir:
-Vicdan ağrısı elə-belə dərmanla müalicə olunmur, hörmətli millət vəkili. Bu dərman şəxsən Loğman Təbibin kəşf elədiyi dərmandır…
İkinci “xəstə” şişmandı, o da vicdanı piylənənlərdəndi. Atası “abaxeyis” olub, o dünyadadı, oğlu hər gün ona rəhmət oxutdurur, Ata da ona düşməyən rəhmətdən hər an narahat olub sakit uyuya bilmir. Şişman atasının ən “uğurlu” “layihə”sidir, “abaxeyis” oğlu uşaqlıqdan “zambağ”ları (“zavmaq” demək istəyir) tələyə salmağın mahir ustası olub, indi də təcrübəli işverəndi. Ataya “vicdanın itin olsun” deyənlər oğulu “vicdansız köpəkoğlu vicdansız” kimi tanıyırlar. Vicdanoloq həkim “xəstə” şişmanın səkkiz dəqiqəsi qurtardığından onu kabinetdən çıxarır. Son anda şişman vicdan doxdurundan “bu vicdan nə olan şeydir? Vapşe onun müalicəsi varmı?” soruşmağı da unutmadı. Həkim, deyəsən, ona “Vicdanavin” yazmadı. Bilmirəm, dərmana heyfi gəldi, yoxsa?..
Növbəti “xəstə” supermarketlər şəbəkəsinin prezidentidir. O da yerli-dibli olmayan “vicdanının səsinə qulaq asıb” İnsaf Mürvətlinin qəbuluna gəlib. At, eşşək ətinin itə, pışiyə verilməsindən qeyzlənən, qiyama qalxan, çiçək kimi əti insanlara yedirdən deputatdır. Özü də “atın, eşşəyin dalında böyümüş adamdı. Atdan düşüb eşşəyə, eşşəkdən düşüb ata elə də minmişdi, belə də. At, eşşək onun üçün əziz heyvanlardır. Doğulduğu, deputat seçildiyi rayonun atının, eşşəyinin ətinin belə urvatsız olması onun vicdanını ağrıdır. Ət satılıb qurtarandan sonra vicdanı bir az sakitləşib”.
Vicdanoloq yaman kövrəlmişdi:
-Bax buna deyərəm vicdan.
Uzman həkim niyə kövrəlmişdi, niyə heyvanlara münasibəti bu qədər “insanidir”? Bunu sonda biləcəksiniz. Vicdanoloq ona da bir “Vicdanavin” yazıb bəh-bəhlə yola saldı…
Növbəti “xəstə” – hüquqşünas vəkilin dərdi lap böyük idi, fil də daşıya bilməzdi. “Qırx il vəkillik edib, bir dənə də məhkəməni uda bilməyən, əzrayılla əlləşdiyini, o dünyada qır qazanında yandırılacağını” bu dünyada yana-yana vicdanoloqa danışan vəkil həkimə yalvarırdı ki, onun “vicdanını qismən də olsa təmizləsin. Həkim onu da “Vicdanavin” almağa göndərdi”…
Dili topuq vura-vura içəri girən növbəti “xəstə” “pensionnu fondun” hətta özünün adını, iş yerini, vəzifəsini düz-əməlli deyə bilməyən” işçisidir. “Yazıq” neyləsin, bəlkə də 10 milyon əhalinin dürlü-dürlü qarğış və söyüşlərlə hər gün “yada saldığı” iş yerinin adını deməyə cəsarəti çatmırdı. Vicdanoloqun başqa “xəstə”lərindən fərqli olaraq onda vicdanın işartıları görünürdü. Fondun gəlirlərinin pensiyaların 20-25 faiz artımına imkan yaratdığını hesablayan bu işçinin hesablamalarından “telviziyalar xəbər tutan kimi qara camaatın, xüsusilə işbazların sevincini” təsəvvür edirsinizmi? Və pensiyaların artırılmasına 2-3 ay qalmış qiymətlər kəlləçarxa çıxdı, pensiyalarsa dörd faiz artırıldı. “Bir milyon qara camaatın pensiyasının bu artımı səkkiz-doqquz milyonun “civinə vurdu”… Bu azmış kimi min manatdan yuxarı pensiya alanlara pensiyalarının on faizi qədər yardım elədilər. Bu az qala qara camaatın aldığı pensiyanın məbləği qədərdir”.
Vicdanoloqun dili-ağzı qurumuşdu. “Vicdan ağrısından ölmək” həddinə çatan “xəstə”yə həkim “səninki Allaha qalıb” deməkdən başqa çarə tarmadı. Əlbəttə, vicdanoloq “iki əliylə başını tutmağı ilə stuldan tirtap yıxılmağı bir olan” belə pasiyentini “müalicə” etməyin yolunu bilmirdi. İnsaf Mürvətli, deyəsən, “Vicdanavin” yazmağın əhəmiyyətsiz olduğunu anladı…
Növbəti “ağır xəstə” – “Abşeron” tikinti şirkətinin rəhbəri iyirmi il müddətində “novostroyka”ları hər müştəriyə dörd-beş dəfə satan, Mirzə Ələkbər Sabirin diliylə desək, bir “həpənd”dir. “Qısası, həm ev tikir, həm də ev yıxır”. O dərəcədə sağalmaz mərəzə tutulub ki, onu “ürək həkimi pulunu alıb mədə-bağırsaq həkiminə, mədə bağırasaq həkimi pulunu alıb böyrək həkiminə, böyrək həkimi qara ciyər həkiminə” futbol topu kimi ötürür. Günlərin bir günü son iki ayın kreditini ödəyə biməyən ailəni “göz açmağa qoymayıb evdən çıxaranda yeddi-səkkiz yaşlı uşağın “heç vicdanın ağrıdımı?” sualı şirkət rəhbərini qəfil yuxudan ayıldır”. Öz-özünə hövllənir: “vicdan nədir?” İndi o, vurağan öküz kimi gözlərini döyərək vicdanoloqdan soruşur: “Ola bilərmi mənim vicdanım ağrısın?”. Həkimin cavabı məndə məchul hiss yararatdı. O cavabda qramın mində biri qədər vicdan gördüm və sevindim:
-Narahat olmayın. Sizin vicdanınız ağrımır. İnsanın orqanizmində olmayan şey ağrımaz.
Həkimin də, Ramiz müəllimin də yerinə olsaydım bu “xəstə”yə “insan” yox, “məxluq” deyərdim…
Ramiz İsmayıl bir roman yükünə qadir altı kitab vərəqi həcmindəki hekayəsində məni çox bədbin duruma saldı. Üzeyir Hacıbəylinin “Ordan-burdan” tamaşasınının qəhrəmanı Dumaya deputat seçilmək eşqinə düşən Salman bəyin təbirincə desək, bu günkü “turş” cəmiyyətin “elita”sında sağlam adam tapmaq müşkül məsələymiş:
“Hələ növbədə “vicdan xəstəsi” çox idi. Keçmiş icra başçıları, bələdiyyə sədrləri, ikinci (hətta birinci) Qarabağ müharibəsi dövründə rüşvət alan hərbi komissarlar, ölmüş xəstələrin yaxın adamlarını aldadıb pul alan həkimlər, keçmiş polis rəisləri, “uçaskovu”lar, məktəb direktorları, işıq, qaz, su təsərrüfatı işçiləri, kimlər… kimlər…”
Qayıdaq vicdanoloqun birinci “xəstə”sinin – Vəkil Daiminin yanına. Həkimin yanından çıxanda yaraşıqlı tibb mərkəzinə baxıb dərindən ah çəkən Vəkil Daimi nəhayət, “ağlına, fərasətinə” də şübhə elədi:
-Nə təhər olub mənim ağlıma düşməyib belə bir tibb mərkəzi açmaq. Loğman Təbib məndən beş il sonra millət vəkili seçilib, amma gör necə ağıllı işlər görüb.
Yuxarıda söz vermişdim ki, uzman-doktor vicdanoloq İnsaf Mürvətlinin atın, eşşəyin adı gələndə nə üçün kövrəldiyini açıqlayacağam. Hələ arabir yazımda it, pişik, öküz, fili də elə belə xatırlamırdım. Loğman Təbibin deputat həmkarı Vəkil Daimi ilə özünün “çay evi”ndəki söhbəti hekayənin kulminasiya nöqtəsidir:
-…Heç doxdurum da doxdur deyil. Bilmirəm baytarlıq kursunumu, zootexnik kursunumu qurtarıb.
-Dayan görüm, bəs məni o mal doxdurunun yanına niyə göndərmisən?
-Reklam üçün, desinlər filankəs də orada müalicə olunur.
-Sənin reklamın xatirinə beş yüz manatım getdi.
-Qaytaracam, qorxma…
Vicdanoloq da bu günümüzün ölmüş vicdanları diriltməyə çalışan Şeyx Nəsrullahı imiş, millət vəkilləri də vicdanı ölülər. Milli vəkillərimiz həm də çağdaş usta Zeynallarmış, “A” ilə “B”-ni qanmayan (Allah sənə rəhmət eləsin, Mirzə Cəlil).
Çətin və müəmmalı suallar burulğanında çabaladım. “V. İ. M. Medikal senterin – (V – Vicdan, İ – İnsaf, M – Mürvət)” sahibinin vicdanı həm varmış, həm də yoxmuş. Varmış, ona görə ki, vicdanı qəbul eləmir həmkarları olan bu “xəstə”lərin pulları əcnəbilərə qismət olsun”. Yoxmuş ki, “güzəran”ından narazıdır, bədbəxtdir, yəni onu da arabir “xəstəlik” – “vicdan sancısı” yaxalayır, ancaq utanır etiraf etməyə, bəlkə də cəsarəti çatmır, “zibil” içindədi axı:
-Qarabağda torpaq sahəsi almaq ağıllı fikirdi. Amma bir məsələ var: 44 günlük müharibədə bizim bu ölkəyə qırx dörd qəpiklik xeyrimiz dəymədi. Uşaqlarımızın hamısı xaricdə yaşayırlar. Arvad da gah oğlunun, gah qızlarının yanında olur. Bir ay Türkiyədə, üç ay Niderlandda, iki ay Almaniyada, heç üzünü də görmürəm”.
Belə sızıltılara fikir verməyin. “Zato göyərçin”lə, “turac”la romantik həyat” da var. Bunu deputat həmkarı Vəkil Daimi faş elədi, özü ağzından qaçırmazdı. Bir də ki, lap ağzından “quş” buraxsın, kimdi ondan “turac”ın 150 minlik, “göyərçin”in 70 minlik maşınlarının necə alınmasının haqq-hesabını soruşan?..
***
Televiziya tamaşaları içində sənət şedevri hesab etdiyim “Ac həriflər” yadıma düşdü. Bu tamaşadakı “quru bəylər” – Ə.Haqverdiyev dövrünün fırıldaqçı “intelligent”ləri həqiqətən də “ac həriflər” idilər. O da “xəstəlik” idi, indikindən fərqli olaraq bəlkə də sağalan idi.
Ramiz İsmayılın “xəstə”ləri isə tox “həriflər”di, hər bəd əmələ qadirdilər, hər şeyləri var, vicdandan savayı. Görürsünüzmü, yüz il ərzində nə qədər “tərəqqi” yolu keçmişik? Artıq kəndlərdə mal-qara bəsləməyə şərait olmadığından, yüzlərlə hektar münbit torpaqları gözüac məmur və millət vəkilləri qapazladığından kolxozda camışın, inəyin, buğanın, atın, eşşəyin irəlisi ilə gerisini tanımayan baytarlar, zootexniklər “vicdanolq” kimi yetişiblər.
Ramiz müəllim, görəsən, tox “həriflər” vampirlər kimi nə qədər bu millətin qanını sora-sora cəmiyyəti xəstələndirəcəklər?..
ŞƏHİD TAXTIN MÜBARƏKDİ ŞƏHİDİM. (Şəhid Elmanın əziz xatirəsinə) Ömrü bir gül, ömrü qədər olanım, Yazda açıb, elə yazda solanım. Adı-sanı ürəklərdə, qalanım, Şəhid taxtın mübarəkdi, şəhidim! * * * İndi səni bütün oba-el sevir, Səbətlərdə bitən çiçək-gül sevir. Ağı deyən, şərqi deyən dil sevir, Zəfər vaxtın mübarəkdi şəhidim! * * * Bu zəfərdə sənin də öz payın, var, Zirvələrdən boylanan bayrağın var. Elman! Eldə sənin haqqı-sayın var, Bu novrağın mübarəkdi şəhidin!
BİLƏR (Şəhid Elnurun əziz xatirəsinə) Əgər səs verməsəm haqqın, səsinə, Lallar da dil açıb dillənə, bilər. Dünyanı firladar fələk tərsinə, Dünya bir nənnidə yellənə bilər… * * * Qarabağ uğrunda tökülən, qanlar, Qlümün üzünə gülən, oğullar. Haqqı uca tutan bilən o canlar, Daşıb sellər kimi sellənə bilər… * * * Elnur da bu selin kiçik, damlası, Elə nur doğmuşdu onu, anası. Qarabağ uğrunda bu haqq davası, Hələki bəmdədir, zillənə bilər…
* * * Silər yer üzündən, kin-küdurəti, Bərqərar eləyər haqq, ədaləti. Xudanın hökmüylə onun, qüdrəti, Yazdakı çəməndir güllənə, bilər… * * * Doğulub böyüdü o, İsmayıllıda, Can qurban eylədi qohuma, yada Qarabağda qopan aha, fəryada, Dözmədi vuruşdu o sona qədər… * * * Şəhid ruhları haqq, dərgahında, Vətən sevgisi var, ruhlarında. Düz dinin, danışın ruh yanında, Bir gündə göylərdən o enə bilər… * * * Bir qızın bir oğlun, bir də vətəni, Bizə əmanətdir şəhid Elnurun! Çürüməz cəsədi, nə də, kəfəni , Sevsək əmanətin igid, Elnurun
QURBANIN OLUM İçimdəki tufandan xilas olmur ürəyim, Bağlanır e, önümdə uzanan həyat yolum. Taqətim də kəsilir alışır hey kürəyim, Ruhum çıxır cismimdən sanıram gəlib sonum, Mənə “Qurbanın olum” demə, qurbanın olum. * * * Səndən gələn ağrını gözlərimə çəkərəm, Həsrətindən olsa da bir ömür sevgi donum. Sənə gələn hər dərdi sözlərimə tökərəm, Necə bitirsə bitsin, sənlə bitsin qoy sonum, Mənə “Qurbanın olum” demə, qurbanın olum. * * * Sən olmasan bu dünya zülmət olar ruhuma, Öyrənmişəm sevdana, sənlə döyünür solum. Dolanaram başına gəlsən bir kəs yuxuma, Odda yanmaqsa əgər, razıyam olsun sonum, Mənə “Qurbanın olum” demə, qurbanın olum.
ELƏ GÖZƏL SEVMİSƏN Kİ Qəlb evimin divarına aramla, Elə gözəl yazmısan ki, adını. Sən bacardın bu daşürək adamla, Alqış sənə, ürəyimin qadını! * * * Baxışların nur çiləyir ömrümə, Hər şölədə min-min arzu doğulur. Elə gözəl dolursan ki, könlümə Üzə bilmir kədər orda , boğulur. * * * Sözlərinlə sən çəkdikcə qayğımı, Həsrətlərin canını dərd lap alır. Elə gözəl alırsan ki, ağlımı, Ağıllılar mənə həsəd aparır. * * * Şirin-şirin necə aldın qadamı, Ağrım susdu, sanki o da dil bilir. Elə gözəl sevirsən ki, adamı, Adam ölür, ölür, yenə dirilir. * * * Qarşısında ayrılıqlar baş əyir, Bu olmalı eşqin uca məqamı. Sevən sənsən, mənim ruhum titrəyir, Necə gözəl sevirsən bu adamı.
ÇIXA Ömrə varan ağrılar, Qəlbi yoran ağrılar, Ruhu saran ağrılar Canından hərdən çıxa… * * * Nə gözünə nəm gələ, Nə könlünə qəm gələ, Ürəyə bir dəm gələ Dərddən-kədərdən çıxa… * * * Sevinc elə nur saça Gülümsəyə künc-bucaq. “Xoşbəxtlik” adlı qaçaq Bir anda yerdən çıxa… * * * Uzandıqca təkliyin Sıxar səni çəkdiyin… Yoluna göz dikdiyin Yoluna birdən çıxa… * * * Ya da bir tufan qopa, Təb sənə doğru çapa. Hissin də məqam tapa Heyfin şeirdən çıxa… Müəllif: SEVİL GÜL NUR
RUHUN TƏSLİMİYYƏTİ Sən gedəli yuxu bilmir gözlərim, Kirpiyimdə mürgüləyir gecələr. Səhər vaxtı, ağaranda dan yeri Xatırladır səni bomboş küçələr. * * * Gecə-gündüz adın düşmür dilimdən, İçin-için dodağımda titrəyir. Səndən uzaq, sənsiz keçən ömür-gün Dizlərimin taqətində büdrəyir. * * * Çayı soyuq, içkini tünd içirəm, Sevişməyi sərt sevirəm, bilirsən. Nəfəsinlə oxşadığın ruhumdan Qalaqlanmış toz qatını silirsən. * * * Qulağımda nalələrin yenə də Cingildəyir gecənin bir yarısı. Bir nəfəslik toxunanda köz olur Dodağımda dodağının yarası. * * * Qayıt gəl ki, günəş doğsun ömrümə, Qaranlıqlar qaçırmasın yuxumu. Qayıt gəl ki, tənhalıqdan qurtulum, Qollarına təslim edim ruhumu…
YENİ SƏHİFƏ Sənsiz halım pərişan, Ürəyim qan ağlayır. Səssizliyin içimdə Tufan kimi çağlayır. * * * Sən axı görməmisən Yoxluğunun sərt üzün. Üstümdə ətrin qalıb, Pərdələrdə əl izin. * * * Gecəyə kölgən düşür, Ağrılar sancı çəkir, Nəmli divarlar boyu Xatirələr yaş tökür. * * * Dodağın qanlı bıçaq, Gözlərin dar ağacı. Tərsliyimə bağışla, Bir az halıma acı. * * * Sənsizliyin dibində Bu dərdin əlacı yox, Bircə dəfə zəng eylə, Bu dəli inadı yıx. * * * Hörümçəklər tor salıb Pəncərəmə, qayıt, gəl. Qollarında qucaq aç, Olanları unut, gəl…
GETMƏ, QAL Yağış altda islananda saçların Baxışların ürəyimdə köz olur. Dodaqların sinəm üstə nəm çəkir, Nəfəsin eşq, gülüşlərin söz olur. * * * Gözlərinin sehri nədir, baxanda? Dil quruyur, səsi əsir adamın. Səndən uzaq qan ağlayan könlümü Ovutmağa yetir adi salamın. * * * Gecələrin boynu bükük, hüznlü, Yoxluğuna danışıram yuxumu. Qayıt gəl ki, yox edəsən ömürdən Bu sənsizlik adlı qara qorxumu. * * * Dodağımda çata dönən həsrətə, Ürəyimdə yanan oda nəzər sal. Ömrüm-günüm, qucaqlayım, yaxın gəl, Saçlarına pıçıldayım: “Getmə, qal…”
SƏNSİZ OLMAZ Gəncliyimin üstünü Duman alanda gəldin. Könlüm yarpaq tökəndə, Ömrüm solanda gəldin. * * * Təqvimlərdə susayan Bir eşq dil açdı səndə. Susdu bütün ağrılar Öpüb sığal çəkəndə. * * * Qaranlıq təkliyimə Gözündən nur ələdin. Bu toz basmış ruhuma Bir azca su çilədin. * * * Dodağımda çırpınan Duatək sevdim səni. Varsa bir şübhə yerin, Al, çarmıxa çək məni. * * * Bir gün getmək istəsən, Gözlərimin qarası, Sənsiz olmaz, biləsən, Yoxdur səndən sonrası!
SOYUQLARIN ŞEİRİ Taleyindən yorğun düşən axşamın Sabahında gəldin könül evimə. Duaların yeddi göyü titrədən Savabında gəldin könül evimə. * * * Elə gəldin, üşütmüşdün, ruhumdan Bir nəfəslik qucaq açdım ovcuna. Otur bir az, isti şeir dəmləyim, Pıçıldayım saçlarının ucuna. * * * Xəzəl vaxtı yarpaq üstə mən sənin, Tanıyaram, gəlsən, ayaq səsini. Qurban olum, inciyəndə, küsəndə Bir də çıxma saçlarından hirsini. * * * Bir dənizdir, dalğalanır baxışın Qumral saçlar bəzəyəndə çiynini. Günəş solğun, buludludur havalar, Soyuq düşür, qalın geyin əynini. * * * Üşüsən, gəl payız vaxtı bir səhər, Dərdlərini alım yorğun canından. Gedirsənsə, birnəfərlik yer saxla Yaşamağa bir ömürlük yanında…
İTİRMƏK QORXUSU Yorğun baxışlarımdan Gülüşlərin asılar. Ovuclarımda səni İtirmək qorxusu var. * * * Bir də baxışların var, Bir ömrün gün işığı, Saçların şeir kimi, Ruhumun yaraşığı. * * * Tənhalıqda başlayır Nəfəsinin sükutu. Havalar da soyuyur, Gün parçalı, buludlu… * * * Bir sığal çək ruhuma, Gözlərində ovunum, Həyatın dərd yükündən Dizlərində ovunum…
SƏNƏ QAYIDAN YOLLAR Bir yol başın götürüb çıxıb getməyə nə var? Səndən də çıxıb gedən yollar sənə qayıdır. Zəngini gözləyirəm nə vaxtdır gecə-gündüz, Ruhumu səsin deyil, daha hicran ovudur. * * * Yandırır gecələrin gözlərini yoxluğun, Parçalanır ümidlər, doğranır ömür payı. Yollar uzaq, qayıt gəl, yuxularım yarımçıq, Sönür daha bu eşqin yanan günəşi, ayı. * * * Saçlarına hördüyüm bir arzuya, istəyə, Gülüşünə bağışla məni, getmə, nə olar? Hər şeyi unut, bircə məni unutma, gülüm, Xatirələr od olar, ovcumda közü qalar… Müəllif: Azər AĞAYEV
Biz bu gün 44 günün qəhrəmanlarından danışarkən unutmamalıyıq ki, hələ 90-cı illərdən Qarabağ uğrunda canından keçən igidlərimiz heç də az olmayıb. Onlardan biri də qəhrəman şəhidimiz Rzayev Faiq Hüseynağa oğludur. Faiq Rzayev 1975-ci il mayın 13-ü Bakı şəhərində anadan olub. Orta təhsili 150 saylı tam orta məktəbdə alıb. Orta təhsili başa vurduqdan sonra hərbi xidmətə yola düşüb. 1993-cü il mayın 14-də hərbi xidmətə başlayan igidimiz, 1994-cü ildə Qarabağ uğrunda gedən savaşlarda iştirak edib. Horadizin, Qazaxlar, Arayatlı və bəzi digər kəndlərin düşməndən azad olunmasında şücaət göstərib. 1994-cü ilin martın 20-si döyüş bölgəsində yaralanıb. Martın 21-i Bakıya xəstəxanaya gətirilən Faiq gecə 1-ə işləmiş doğulduğu saatda da şəhadətə ucalıb. Məzarı Bakı şəhəri ll Şəhidlər Xiyabanında olan qəhrəmanımız şəhadətindən sonra ölkə başçısı tərəfindən igidliyə görə medalı ilə təltif olunub. Qeyd edirəm ki, şəhidimizin təhsil aldığı məktəb hal-hazırda qəhrəmanımızın adını daşıyır və məktəbin qarşısında şəhid Faiq Rzayevin büstü ilə yanaşı bulaq abidəsi də var.