Etiket arxivi: İlqar İsmayılzadə

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU

SABİR RÜSTƏMXANLI: ƏDƏBİYYAT VƏ MİLLİ KİMLİK YOLU
(Azərbaycan ədəbi mühitinin görkəmli siması Xalq şairi Sabir Rüstəmxanlıya ithaf olunur)

Əslən Odlar Yurdu Azərbaycanın Cənub bölgəsində yerləşən səfalı Yardımlı rayonundan olsa da, Azərbaycan ədəbi mühitində, respublika səviyyəsində və eləcə də ölkə hüdudlarından kənarlarda tanınan və sevilən görkəmli şair və yazıçı, Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Xalq şairi Sabir Rüstəmxanlı adı və imzası hər birimizə tanışdır.
Bu il görkəmli ədibimizin 80 illik yubileyidir. Mən də fürsətdən istəfadə edərək bu qısa yazı ilə çıxış edib, onun haqqında ürək sözlərimi qələmə almaq və beləliklə də görkəmli Sabir Rüstəmxanlı qarşısında sayğılarımı və ədəbi borcumu yerinə yetirmək qərarına gəldim…

Subyektiv baxışlarım:
Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi Sabir Rüstəmxanlı barədə subyektiv baxışlarımı yazmaq mənə çox asandır. Çünki bununla bağlı yazacağım fikirlər əslində mənim inam və əqidəmdən irəli gələn tam səmimi sözlərdir:
Sabir Rüstəmxanlı ədəbiyyat sahəsinin öncül simalarından biri, Azərbaycanın nüfuzlu ictima-siyasi xadimi, siyasətçi, filoloq alim, vətənpərvər, milli-mənəvi dəyərlərə sadiq, dövlətçi, həm də yüksək mədəniyyət, etika və intellekt sahibi olan ziyalı şəxsiyyətdir.
Mənə görə, onu ölkə daxili və xaricində bu qədər dəyərli bir ədibə və görkəmli yazıçı-şairə çevirən əsas bir amil var. Həmin amil isə onun ustad şair və ustad yazıçı olmaqda yanaşı, həm də yüksək etika və mədəniyyət sahibi, xüsusilə də öz milli kimliyinə sıx bağlı olmasından ibarətdir.
Sabir Rüstəmxanlını milli kimliksiz təsəvvür etmək əsla mümkün deyil. Çünki o, bütün varlığı, düşüncələri, danışığı və istər şeir, istərsə də nəsr sahələrindəki yazıları ilə büsbütün milli kimliyi tərənnüm edən bir ustad, ziyalı mütəfəkkirdir. O, sözün həqiqi mənasında ədəbiyyat sahəsini milli kimlik duyğuları və düşüncələri ilə birləşdirmiş görkəmli bir insan, dəyərli bir qələm sahibidir.
Mənə görə, hər bir insanın və ya millətin milli kimliyi onun “Şəxsiyyət vəsiqəsi” kimidir. Şəxsiyyət vəsiqəsi olmayan və ya korlanan şəxsin işləri bərbad olduğu kimi öz milli kimliyinə sahib çıxmayan və ya onu ayrı-ayrı siyasi, ictimai, mədəni və s. amillər nəticəsində qarışıq salan insanın və millətin də bu günü və gələcəyi bəlli, uğurlu və məsud ola bilməz.
Görkəmli və ziyalı ədibimiz ilkin olaraq Azərbaycan xalqı, ikinci mərhələdə isə türk dünyasına öz milli kimliyini tərənnüm edən və tanıtdıran bir mürşiddir. O, həmişə öz xalqının oyanışına, azadlığı və inkişafına çalışan bir ictimai, ədəbi və siyasi xadim olaraq millətin yaddaşında yer almışdır. Bu da onun istər ötən əsrdə, istərsə də müasir dövrümüzdə, çağdaş Azərbaycan ədəbiyyatında nə qədər önəmli və vazkeçilməz bir şəxsiyyət olduğunu göstərir.
Burada görkəmli ədibimizlə bağlı ayrı bir məqama da işarə etmək bir zərurətdir. Həmin məqam Sabir Rüstəmxanlının bütün ömrü boyu həm də millətin xurafat, mövhumat və mənasızlaşmadan uzaqlaşması üçün göstərdiyi ardıcıl səylərindən ibarətdir. Etiraf etmək lazımdır ki, Sabir Rüstəmxanlı çağdaş dövrümüzün Seyid Əzim Şirvanisi, Mirzə Ələkbər Sabiri və Cəlil Məmmədquluzadəsidir. Mən bu bənzətməni hər hansı bir hədəfsiz çıxış və ya söz gəlişi üçün deyil, əslində şüurlu formada görkəmli ictimai-siyasi xadim və aydın ədibimiz olan Sabir Rüstəmxanlının ictimai, mədəni və ədəbi sahələrdə malik olduğu yüksək məqamı müasir nəslimizə çatdirmaq üçün qələmə aldım.

Ötən əsrdən bir xatirə:
Etiraf edim ki, Sabir Rüstəmxanlının ötən əsrin sonlarında işıq üzü görmüş “Ömür kitabı” adlı əsəri Azərbaycan xalqının bir çox təbəqələri və xüsusilə də gənc nəslin nümayəndələri kimi məni də təsirləndirmiş və ömrümün yolunda bir çırağ olmuşdur. Heç vaxt unuda bilmərəm, mənim 12 yaşım olanda soyuq qış günlərinin birində mərhum atam evə gələrkən özü ilə bir kitab gətirdi və onu ilk olaraq mənə uzadıb oxunulası bir kitab olduğunu, orada insan ömrünün uğur yollarının yazıldığını söylədi. Kitabın adı “Ömür kitabı”, müəllifi isə Sabir Rüstəmxanlı idi…
Mərhum atamın kitabxanası və müxtəlif mövzularda çoxlu kitabları olsa da, yalnız bu kitab barədə mənə söylədiyi söz onu mənim üçün maraqlı bir kitaba çevirmişdi.
Mən kitaba baxıb səhifələrinə ötəri baxdıqdan sonra onu kitab şkafına qoydum. Sonrakı fürsətlərdə asudə vaxtlarımda həmin kitabı oxumağa başladım. Doğrudur, ilk dəfə onu oxuyanda hər şeyi olmasa da onun ehtiva etdiyi əsas fikirlər və mesajları anlayırdım. Amma daha sonralar o kitabı mütaliə edərkən milli, vətənpərvərlik və yurdsevərlərik duyğularım coşurdu. Mən o kitabı hər dəfə oxuyanda qəlbimdə vətənə, hürriyyət və azadlığa, milli-mənəvi dəyərlərə sadiqlik hisslərim oyanır, yeniyetmə yaşlarımda ikən milli şüurum və milli kimliyimi dərk etməyə başlayırdım… Hətta, həmin kitabın o vaxtlar meydan hərəkatında dayaq rolunu oynadığı, bayraq və milli simvol kimi meydanlara çıxarıldığını, həmçinin, bəxt evinə yola salınan gəlinlərə cehiz kimi verildiyini də eşitdim…
Beləliklə də Sabir Rüstəmxanlı mənim üçün 12 yaşımdan etibarən bir ustad və mürşid olaraq yaddaşıma həkk olundu. Ömrümün keçən illərində və bu gün də hər dəfə onu uyğun sahələrdə çıxış edən və yazan görüb qürur hissi keçirir və fəxarət hissi duyuram. Çünki o, görkəmli bir şair-yazıçı olaraq həm də öz milli kimliyini tanıyan və təbliğ edən əsil türk oğlu, bütün varlığı və düşüncələri ilə ədəbiyyat və milli kimlik yoludur…

Arzu və diləklərim:
Bu yazının sonunda Ulu Tanrıdan bu il 80 illik yubileyini qeyd edən ölkəmizin əziz və dəyərli ziyalısı, ədəbiyyatla yanaşı milli ruh və milli kimliyin carçısı, Azərbaycan ədəbi mühitinin və çağdaş Azərbaycan ədəbiyyatının fəxarəti və görkəmli nümayəndəsi, ustad şair və yazıçı, hörmətli Sabir Rüstəmxanlıya uzun, sağlam, mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
15.05.2026

İlqar İsmayılzadənin digər yazıları

SABİR RÜSTƏMXANLININ YAZILARI


Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadə yazır

Ələsgər Mirzəzadə: 70 illiyin zirvəsində
Bu günlərdə Odlar Yurdu Azərbaycanın ayrılmaz hissəsi olan Muğan ellərinin dəyərli və fədakar eloğlu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialının baş müəllimi, Muğan Tarixçilər Birliyinin həmsədri, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər Mirzəzadənin doğum günü, eyni halda 70 illik yubleyi qeyd edilir. Bununla bağlı dəyərli Ələsgər müəllimin haqqında onu tanımayanlara tanıtım məqsədi ilə bu yazını qələmə almağa qərar verdim…

Qısa bioqrafik məlumat:
Ələsgər Ağahəsən oğlu Mirzəzadə: 1956-cı il aprelin 1-də Cəlilabad rayonunun Kövüzbulaq kəndində anadan olmuşdur. 1971-ci ildə VIII sinfi əla qiymətlərlə bitirərək, imtahansız Lənkəran Dövlət Pedaqoji Texnikumuna daxil olmuş və 1975-ci ildə, ixtisasina uyğun olaraq (sinif müəllimi) əmək fəaliyyətinə başlamışdır.
1976-1978-ci illər ərzində Rusiyanın Primorye vilayətində (Ussuriysk, Vladivostok) hərbi xidmət keçmiş, 1975-ci ildə ixtisasına uyğun olaraq əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnistitutunun tarix fakültəsinə daxil olmuş və 1985-ci ildə həmin ali məktəbi bitirmişdir.
Ə.Mirzəzadə hal-hazırda Lənkəran Dövlət Universitetinin doktorantıdır. “Azərbaycanın cənub-şərq bölgəsinin təsərrüfat həyatı və məişəti (antik və ilk orta əsrlər dövrü)” adlı elmi iş üzərində çalışır. O, eyni halda ADPU Cəlilabad filialının baş müəllimidir. Tədris sahəsində nümunəvi fəaliyyəti və uğurlarına görə 2018-ci ildə Azərbaycan Təhsil İşçilərinin XV qurultayına nümayəndə seçilmişdir.
Yarım əsr boyu tədris sahəsində əməyi olan Ələsgər Mirzəzadə təhsil, elm və ictimai işlərdə bir ziyalı olaraq qazandığı uğurlara görə, indiyədək çoxsaylı fəxri fərman, təşəkkürnamə və fəxri diplomlarla təltif olunmuş, arxeologiya və Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələrə görə isə 01.04.2026 tarixində “Həməşəra” Fəxri Diplomuna layiq görülmüşdür.
Ələsgər müəllim pedaqoji fəaliyyəti ilə yanaşı, peşəkar arxeoloq və tarixçi-tədqiqatçı alim olaraq Odlar Yurdu Azərbaycanın Muğan ellərinin tarixini elmi şəkildə araşdırır və qədim tariximizlə bağlı maraqlı və qiymətli kolleksiyalar toplayır. Şəxsi evində təşkil etdiyi muzeydən əlavə, Azərbaycan tarixinin keçmişini əks etdirən bir çox nadir tapıntları (yüzlərlə eksponatı) Cəlilabad Rayon Tarix Diyarşünaslıq Muzeyinə təqdim etmişdir. Məlumat üçün qeyd etmək lazımdır ki, Ələsgər müəllim Muğanin tarixi silsiləsinə daxil olan “Cəlilabad abidələr diyarı”, “Muğan: Maddi-mədəniyyət abidələri”, “Tarix və zaman”, “Vətən bizi unutmaz”, “Muğanın irsi Həməşəra xalçaları” və “Azərbaycanın cənub bölgəsinin tarixindən” adlı elmi-tədqiqat əsərlərinin, həmçinin, bir çox elmi-pedaqoji, publisist məqalələrin müəllifidir. Onun həm də gözəl şeir yazmaq bacarığı olduğundan asudə vaxtlarında müxtəlif mövzularda bir-birindən gözəl və mənalı şeirlər qələmə alır. Evlidir, dörd övladı (3 qızı, 1 oğlu) və 11 nəvəsi var…

Xüsusiyyətləri:
Mən Ələsgər müəllimi təxminən 10 ildir ki, tanıyıram. Onu hər zaman doğma elinə, milli kimliyi, xalqı, milli-mənəvi dəyərləri, vətəni və dövlətçiliyə sadiq olan bir ziyalı olaraq tanımış və görmüşəm. Bu sözlər 2-3 sətirdə təqdim edilsə də əslində bir ləyaqətli vətəndaşın və yaxşı insanın malik ola biləcəyi bütün dəyərləri özündə ehtiva edir.
O, tədris sahəsində yarım əsrlik əməyə malik olan bir vətənpərvər, ziyalı pedaqoq, eyni halda qədim tarixi və mədəniyyətinin vurğunu olan bacarıqlı arxeoloq, tarixçi-tədqiqatçı alimdir.
Ələsgər müəllim şagirdləri və tələbələrinə qədim və sirli tariximizi sevdirməyi bacaran bir müəllim, peşəkar ustaddır. Onun tədris metodunu yaxından izlədikdə, sanki ilk əzəldən tarix sahəsi üçün yaradıldığını təsbit etmək olar.
Ələsgər müəllimin Azərbaycan tarixinin ayrılmaz hissəsi olan Muğan ellərinin tarixinə təqdim etdiyi töhfələr də möhtəşəm və qiymətlidir. Bununla bağlı indiyədək tarixi araşdırmalar əsasında yazıb ərsəyə gətirdiyi əsərlər (kitab və məqalələr), həmçinin, hazırladığı xəritələr xüsusilə qeyd edilməlidir…
Dəyərli ustadimız arxeologiya və tarix sahəsindəki xidmətləri ilə əslində xalqımızın milli kimliyinin qorunub-saxlanılmasına ləyaqətli və təməlli şəkildə xidmət göstərir. Çünki tarix hər bir millətin milli kimliyinin əsas sahələrindən biri, eyni halda “Şəxsiyyət vəsiqəsi” sayılır…

Arzu və diləklər…
Son olaraq bu günlərdə bərəkətli ömrünün 70 illiyini qeyd edən dəyərlimiz Ələsgər müəllim Mirzəzadəyə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi və yeni-yeni elmi nailiyyətlər arzulayıram!

10.04.2026

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçılar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, TYB İdarə Heyətinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

Daha çox məlumat burada

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

NOVRUZ BAYRAMI BARƏDƏ ARAŞDIRMA

NOVRUZ BAYRAMI BARƏDƏ ARAŞDIRMA
(Nəşr olunmuş yeni monoqrafiyanın təqdimatı)
Nəşr olunmuş yeni kitabım Odlar Yurdu Azərbaycanın, eləcə də onun ayrılmaz hissəsi olan Muğan diyarının qədim tarixi və mədəniyyəti ilə sıx əlaqədar olan qədim, gözəl və sirli Novruz bayramına həsr edilmiş elmi araşdırma və monoqrafiyadır.

Ümumi məlumatlar:
Kitabın adı: “Novruz bayramı barədə araşdırma” (Monoqrafiya)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 50 səhifə.

Kitab barədə:
Bu kitab dünya səviyyəsində tanınan və diqqət mərkəzində olan qədi mvə sirli Novruz bayramına aid olan bir elmi araşdırma və əslində monoqrafiyadır.
Məlum olduğu kimi, Novruz bayramı Odlar Yurdu Azərbaycanın ən qədim və ən kütləvi, eyni halda qədim tarixinə görə əsas ümumxalq bayramıdır. Novruz bayramı həm də dünyanın bir çox ölkələrində xüsusi sevgi və diqqətlə qeyd edilən bayramlardan biridır.
Bu fürsətdə Odlar Yurdu Azərbaycan və onun ayrılmaz parçası sayılan qədim və sirli Muğan diyarının ən gözəl və sevimli bayramı Novruz bayramı ilə bağlı əvvəllər (2008-ci illərdə) araşdırmalar əsasında qələmə apardığım və sonrakı illərdə müəyyən əlavələr etdiyim araşdırmanı ayrıca kitab kimi hazırlamaq və onu əziz oxuculara təqdim etmək qərarına gəldim.
Monoqrafiya aşağıda təqdim edilən fəsillər əsasında hazırlanmışdır:
Birinci fəsil: Novruz bayramı barədə ümumi məlumat;
İkinci fəsil: Çərşənbələr;
Üçüncü fəsil: Novruz bayramı barədə araşdırmalar;
Dördüncü fəsil: Novruz bayramının tarixi;
Beşinci fəsil: Novruz bayramı ilə bağlı bəzi mülahizələr.
Beləliklə də bu qısa araşdırmada ilk öncə Novruz bayramı ilə bağlı ümumi mövzualrdan söz açdıqdan sonra bu bayramdan öncə xüsusi diqqətlə qeyd edilən dörd çərşənbədən, bayramla bağlı aparılmış araşdırmalardan, daha sonra bu bayramın tarixi və başlanğıc dövründən söz açılmış, sevimli Novruz bayramı ilə əlaqədar bəzi mülahizələr təqdim edilmişdir.
Bu araşdırmanın qədim Muğan tarixi ilə bağlı maraqlananlar, həmçinin, tarixçi və tədqiqatçılar üçün faydalı olacağına ümid edirəm! Məlumat üçün qeyd etmək lazımdır ki, bu kitab indiyədək işıq üzü görmüş sayca 50-ci kitabımdır.

Təşəkkür və diləklər!
Kitabın nəşrində dəstəyi olmuş dəyərli insanlara, həmçinin, onun çapında xüsusi səmimiyyət və peşəkarlıq göstərmiş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

21.03.2026

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadənin yeni kitabı işıq üzü görüb

BİR ÖMRÜN TABLOSU…
(Nəşr olunmuş yeni kitab təqdimatı)
Nəşr olunmuş yeni kitabım Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım rəssamı, mənə rəssamlıq sənətini öyrətmiş əziz və dəyərli müəlliməm, həm də mənəvi anam Laləzar xanım Sadıqovaya həsr olunmuş təqdimat kitabıdır.

Ümumi məlumatlar:
Kitabın adı: “Bir ömrün tablosu” (Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin ilk xanım nümayəndəsi Laləzar xanım Sadıqovanın təqdimatı)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” mətbu orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 120 səhifə.

Kitab barədə:
Bu kitab Cəlilabad rayonu üzrə hələ sovetlər dönəmində ilk xanım rəssam olaraq tanınmış və Cəlilabad tarixinə düşmüş, o vaxtlar bir neçə il ərzində Cəlilabad şəhər Pioner və Məktəblilər Evinin Təsviri incəsənət dərnəyinin rəhbəri və baş müəllimi işləmiş dəyərlimiz Laləzar xanım Əsədova (Sadıqova) haqqında qələmə alınmış və hazırlanaraq işıq üzü görmüş bir təqdimat əsəridir.
Kitab Laləzar xanımın öz həyat hekayəsi barədə maraqlı məlumatlar təqdim edən ön sözü ilə başlamış, bundan sonra mənim kitab üçün qələmə aldığım təəssürat, izahat və arzu-diləklərlə davam etmişdir. Bunun ardınca isə aşağıda göstərilən beş fəsildə onunla bağlı təfərrüatilə danışılmış, ətraflı məlumatlar təqdim edilmişdir:
Birinci fəsil: Bioqrafik məlumat;
İkinci fəsil: Laləzar xanımın xüsusiyyətləri;
Üçüncü fəsil: Laləzar xanım barədə bir hekayə;
Dördüncü fəsil: Laləzar xanım media orqanlarında;
Beşinci fəsil: Fotoşəkillər və Laləzar xanımin əl işlərindən nümunələr.
Kitabda Laləzar xanımın həyat yolu və bioqrafik məlumatlarından tutmuş, şəxsi xüsusiyyətləri və keyfiyyətləri, onun haqqında qələmə aldığım “Təsviri incəsənət kraliçası” adlı xüsusi bir hekayə, həmçinin, istər Sovet dönəmi, istərsə də müstəqillik illərində haqqında müxtəlif yazı, məqalə və təqdimatların dərc edildiyi bir sıra mətbuat və media orqanlarından nümunələr göstərilmişdir. Kitabın son fəslində isə Laləzar müəllimənin özü və yaxınlarının fotoşəkillərindən əlavə, son 40 il ərzində çəkdiyi və müxtəlif sahələrə (tablo, mənzərə və s.) aid olan 31 əl işi və rəsm əsəri təqdim edilmişdir.

Təşəkkür və diləklər!
Sonda dəyərlimiz, eyni halda Cəlilabad rayonunda təsviri incəsənət sahəsinin kraliçası sayılan, həmçinin, mənə və mənim kimi onlarla şagirdinə əziz, mehriban müəllimə, qayğıkeş və mənəvi ana kimi rəssamlıq sənətini öyrətmiş əziz Laləzar müəlliməyə bu kitabın ərsəyə gəlməsində özü ilə bağlı şəxsi məlumatları və xüsusilə də rəsm əsərlərini yollamaqda səmimiyyət göstərdiyinə görə təşəkkürümü bildirir, ona uzun, sağlam və mənalı-məsud ömür, ailə xoşbəxtliyi arzulayıram!
Eyni halda indiyədək işıq üzü görmüş sayca 53-cü məlum əsərimin çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzinin direktoru Yasər müəllim İsmayılova və çap mərkəzinin əməkdaşı Nurəddin müəllim Hüseynova dərin təşəkkürümü bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi, Azərbaycan Yazıçıar Birliyi və Turan Yazarlar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
07.03.2026

VAQİF OSMANLININ YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Cəlilabadda kitab təqdimatı

Cəlilabadda kitab təqdimatı
“Həməşəra” müstəqil, elmi, tarixi, mədəni və ictimai rüblük mətbu orqanının təşkilatçılığı ilə Cəlilabad şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) Cəlilabad ədəbi mühitinin ziyalı nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-şair Sakit Üçtəpəlinin bu ilin ilk günlərində dünyasını erkən dəyişmiş əziz qızı, tibb bacısı Şükran xanım İsazadəyə həsr edilmiş “Həyatına Şükran” adlı xatirə kitabının təqdimat mərasimi keçirilmişdir.
Vətən və dövlətçilik yolunda canını qurban vermiş əziz şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq bir dəqiqəlik sükutla başlayan tədbir rayonun tanınmış ziyalı simaları, müəllimlər və Cəlilabad ədəbi mühitinin parlaq nümayəndələrinin iştirakı ilə yüksək səviyyədə, həm də mənəvi aurada keçirildi.
Tədbiri öz nitqi ilə açan kitabın müəllifi, fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist İlqar İsmayılzadə ilk öncə Cəlilabad MKS-nin ziyalı və direktoru Qənimət xanım İsrafilovaya yaratdığı şəraitə və ədəbi tədbirlərə verdiyi səmimi və təmənnasız dəstəyə görə təşəkkürünü bildirdi.
O, öz giriş çıxışında “Həyatına Şükran” adlı qısa təqdiamt və xatirə kitabının ərsəyə gəlməsindən söz açdı və ərsəyə gəlmiş kitabın əslində yaçızı-şair Sakit Üçtəpəliyə və onun ailə üzvlərinə mənəvi dəstək olmaqla yanaşı, həm də dünyanı erkən tərk etmiş əziz Şükran xanımın xatirəsinə bir ithaf olduğuna təkid göstərdi.
İ.İsmayılzadə dünya həyatının fani və ötəri olduğu, hər bir insana isə Ulu Tanrı tərəfindən xüsusi bir ömür payının verildiyini bildirərək insanın bu məhdud ömür payını bioloji olaraq yaşaması üçün özünü müxtəlif təhlükələrdən qorumağa mükəlləf olduğunu xüsusilə vurğuladı. O, “Həyatına Şükran” xatirə kitabının ərsəyə gəlməsində öz şeirləri, esse və başsağlığı mətnləri ilə çıxış etmiş, həmçinin, kitabın nəşrində maddi dəstək olmuş hər kəsə təşəkkür edərək yazıçı-şair Sakit Üçtəpəliyə baş vermiş ağrılı və kədərli itkiyə görə dərin hüznlə başsağlığı verdi, ona və yaxınlarına səbirli olmağı arzuladı.
Tədbirin davamında “Əmək zərbəçisi” və “Əmək veteranı” Hacı Paşa müəllim Rüstəmov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Cahangir müəllim Muradov, veteran pedaqoq Dadaş müəllim Bayramov, ADPU Cəlilabad filialının baş müəllimi, arxeoloq və tarixçi-tədqiqatçı alim Ələsgər müəllim Mirzəzadə, “Həməşəra” Fəxri Diplomu laureatı, rəssam xanım Laləzar müəllimə Sadıqova, həmçinin, Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndələrindən: AYB və AJB-nin üzvü, Prezident təqaüdçüsü, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı, şair-publisist Əfrahim Abbas, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi, şair Mikayıl İnçəçaylı, AYB-nin üzvü, bədii qiraətçi, şair Əlövsət Tahirli, “Həməşəra” Fəxri Diplomu laureatı, bədii qiraətçi və veteran pedaqoq Adıgözəl müəllim Nuriyev, hərbi pedaqoq və şair mayor Elşən müəllim Türksoy və “Həməşəra” Fəxri Diplomu laureatı, şair Azər Mirzə, ədəbi mühitimizin xanım nümayəndələrindən isə: “Həməşəra” Fəxri Diplomu və “Qızıl Qələm” Media Mükafatı laureatı, şair Gülşən xanım Şahmuradlı, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Seylan xanım Abbas, Cəlilabad MKS-nin əməkdaşı, bədii qiraətçi, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Müşahidə xanım Nərimanova, “Həməşəra” Fəxri Diplomu laureatı, şair Gülcahan xanım Xürrəm, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, şair Sevinc xanım Şirvanlı və “Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları və “Ziyadar” Mükafatı laureatı, AYB və AJB-nin üzvü, şair-publisist Arzu xanım Əyyarqızı öz çıxışlarında “Həyatına Şükran” kitabının müəllifi İlqar İsmayılzadəyə qısa bir müddət ərzində gördüyü belə bir nəcib işə görə təşəkkür edib, xatirə kitabının əbədi bir əsər olaraq yazıçı-şair Sakit Üçtəpəliyə mənəvi dəstək və təskinlik amili olduğunu vurğuladılar, ona və yaxınlarına Ulu Tanrıdan səbir dilədilər.
Gözəl, səmimi və mənəvi aurada keçən təqdimat mərasimindən sonra tədbir iştirakçıları üzürlü səbəbdən tədbirə qatıla bilməyən Cəlilabad ədəbi mühitinin nümayəndəsi, “Həməşəra” Fəxri Diplomu laureatı, yazıçı-publisist və şair Sakit Orduxanlıya baş çəkib, onun sağlamlıq durumu ilə yaxından maraqlandılar. Tədbirdən fotolar:

Məlumatı hazırladı: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

BİR ŞEİR PAYI – Əfrahim Hüseynli

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Qalmışam payızla qış arasında

Hecası pozulan misralar kimi
İndi nə desən də, qəlbimə yatmaz.
Daşı əritsə də etiraf…filan…
Şaxtaya, soyuğa, sazağa batmaz.

Mən elə yollardan çıxıb gəlmişəm,
Sirli nə qayası, dolayı qalıb.
Bir güman xətrinə pay etmək üçün
İllərin nə günü, nə ayı qalıb.

Qalmışam payızla qış arasında
Uzaq gümana da yol-bərə yoxdu.
İşə bax, deməyə dilim də gəlmir,
-Eh, nahaq bir adam qarşıma çıxdı!

Günahlar üçürub bəndi-bərəni
Baharın sellənən yağışı kimi.
Dayanıb qarşımda sadəlövhlüyüm
Ayların illərin qarğışı kimi.

Gözümə yad olan yuxularım da
İndi mənim üçün yuxu kimidi.
Arayıb gəzməyin mənası yoxdu,-
Günah sahibi kim, haqlı kim idi.

Daha heç oxuma şeirlərimi,
Gərək olmadısa bir “qəlbiidaş”a…
Oxusan, xəbərsiz gözündən düşər
Qalan günlər-aylar, il başdan-başa.


Əfrahim Hüseynli Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm” Media Mükafatı, “İbn Sina”, “Cəsarətli qələm”, “Xəmsə”, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, həkim, şair (Cəlilabad rayonu)

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadə – HƏYATINA ŞÜKRAN

HƏYATINA ŞÜKRAN
(Nəşr olunmuş yeni kitabımın qısa təqdimatı)
Nəşr olunmuş yeni kitabım Cəlilabad ədəbi mühitinin dəyərli nümayəndəsi, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızı Şükran xanım İsazadəyə həsr olunmuş bir qısa təqdimat və xatirə kitabçasıdır.

Kitabın adı: “Həyatına Şükran” (Əzizimiz Şükran xanımın qısa, amma gözəl həyat xatirəsi)
Müəllif: İlqar İsmayılzadə
Naşir: “Həməşəra” Mətbu Orqanı, Cəlilabad
Çap: “Qazi” Çap Mərkəzi
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60×90 1/16
Səhifə sayı: 52 səhifə.

Kitab barədə:
Bu kitab Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndəsi, şəhid qardaşı, “Həməşəra” Fəxri Diplomu laureatı, ziyalı yazıçı-şair Sakit Üçtəpəlinin bu yaxınlarda itirdiyimiz əziz və sevimli qızı Şükran xanım İsazadəyə ithaf və həsr edilmiş qısa təqdimat və xatirə əsəridir. Kitab dəyərlimiz Sakit Üçtəpəli və eləcə də əzizimiz Şükran xanımın yaxınları və əzizlərinə bir növ təsəlli hədəfi ilə ərsəyə gətirilmişdir.
Bu kitab el şairi və yazıçı Sakit Üçtəpəlinin ön sözü və müəllifin müqəddiməsindən sonra aşağıda göstərilən iki fəsildə tərtib edilmişdir:
Birinci fəsil: Bioqrafik məlumat (Şükran xanım İsazadənin həyat yoluna qısa baxış);
İkinci fəsil: Bir əzizin xatirəsi (Şükran xanım İsazadənin vəfatı ilə bağlı deyilənlər və yazılanlar).
Həmin fəsildə vaxtsız dünyasını dəyişmiş əzizimiz Şükran xanım haqqında 30-a yaxın tanınmış ziyalı, pedaqoq, elm və incəsənət sahəsinin nümayəndəsi, xüsusilə də doğma elimizdən olan: Hacı Paşa Rüstəmov, Zülfi Vellidağ, Əfrahim Abbas, Şəhla Rəvan, Laləzar Əsədova, Seylan Abbas, Sevinc Şirvanlı, Aydan Nizamiqızı, Arzu Əyyarqızı, Gülbala Teymur, Ədalət Salman, Əlövsət Tahirli, Sakit Orduxanlı, Sakit İlkin (Yardımlı), İman Abdulla, Ehtiram Sevənli, Dadaş Bayramov, Adıgözəl Nuriyev, Qurban Əhməd, Azər Mirzə və s. tərəfindən qələmə alınmış başsağlığı, şeir və esse yer almışdır. Fəsilin davamında isə Şükran xanımın atası, yazıçı-şair Sakit Üçtəpəlinin əziz qızının yoxluğunda qələmə aldığı bir-birindən kədərli doqquz şeiri təqdim edilmişdir…

Təşəkkür və diləklər!
Sonda dəyərlimiz yazıçı-şair Sakit Üçtəpəliyə əziz qızı və əzizimiz Şükran xanımın vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verir, Şükran xanıma ilahi rəhmət, əzizləri və yaxınlarına səbir diləyirəm!
Eyni halda indiyədək işıq üzü görmüş sayca 52-ci məlum əsərimin nəşrində təmənnasız dəstək olmuş bütün dəyərli insanlara səmimi minnətdarlığımı bildirir, Ulu Tanrıdan onların hər birinə uzun, sağlam və mənalı-məsud ömür, işlərində davamlı uğurlar diləyirəm!
Bu arada kitabın çapında xüsusi peşəkarlıqla zəhməti olmuş “Qazi” Çap Mərkəzi direktoru əzizlərimiz: Yasər İsmayılov və çap mərkəzinin əməkdaşı Nurəddin Hüseynova dərin təşəkkürümü bildirirəm!

İlqar İsmayılzadə,
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçıar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları laureatı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
01.02.2026

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

İlqar İsmayılzadə yazır

Ot kökü üzərində bitərmi?

(esse)

El arasında daha çox işlənən atalar sözlərindən biri də “ot kökü üstə bitər!” atalar sözüdür. Bu atalar sözü adətən zahiri görünüşlə yanaşı, daha çox tərzi-təfəkkür, dünyagörüş, bacarıq və davranışda öz ata-babasına bənzəyən övlad və övladlar barədə işlənir.

Əslində xalqın atalar sözlərinə həddindən artıq qapılması, bəzi hallarda bu sözlər və məsəllərin haqqında fikirləşmədən onları dilə gətirməsi və onlara dəyişməz, həm də istisnasız “QANUN” olaraq yanaşması doğru yanaşma deyil.

Heç şübhəsiz, atalar sözü barədə dərin elmi araşdırmalar aparılmalı, onların yaranma tarixi, kimlərə mənsub olduğu və hansı mahiyyət kəsb etdiyi, xüsusilə də gündəlik həyatımıza hansı şərtlər və çərçivə əsasında aid olub-olmadığı aydınlaşdırılmalıdır. Əks təqdirdə bir millət hansısa bir atalar sözü vasitəsilə həyatda yanlış yola düşə, hansısa mövzuya yanlış münasibət bəsləyə bilər. Əslində “ot kökü üstə bitər!” atalar sözü də bu qəbil həssas mövzulara aid olan sözlərdən sayılır.

Məncə xalq arasında məşhur olan belə bir atalar sözünə dəyişməz və istisnasız bir “QANUN” kimi yanaşmaq, ona qüsursuz bir fikir kimi baxmaq yanlışlıqdır. Ağıl və düşüncə sahibləri daha yaxşı bilirlər ki, bu gün xalq arasında atalar sözü kimi məşhur olan bəzi sözlər məna baxımından məqbul sayılmır. Çünki onların bəzisi sağlam ağıl, düşüncə və vicdanla, hətta, bəzən bir çoxlarının mənsub olduğu dini təlimlərlə uyğun gəlmir.. Atalar sözü kimi məşhur olan bəzi sözlər isə namuslu və doğru-dürüst olmuş ata-babalarımızın məramına uyğun gəlmir.

“Ot kökü üstə bitər!” atalar sözü mütləq mənada tərzi-təfəkkür və davranışda öz ata-babasına bənzəyən övlad mənasında olarsa, qeyri-məqbul sözlər sırasında yer tutacaqdır.

Etiraf edirik ki, dünyaya qədəm qoyan hər bir övlad genetik və bir sıra digər xüsusiyyətlər baxımından öz ata-anası və hətta, dayısına çəkir. Məsələn qanı 1+ olan atanın övladının qanı da adətən 1+ olur. Övladlar adətən zahiri görünüş, boy-buxun, saç rəngi və s. bu kimi xüsusiyyətlər baxımından öz ata-babalarına bənzəyirlər. Həmin atalar sözünü də bu mənada məqbul saymaq olar.

Onun məqbul sayılan digər mənalarından biri də öz ata-babasına kor-koranə tərzdə itaət edən və ata-babasının tutduğu yolu araşdırmadan, həm də gözüyumulu tərzdə davam etdirən iradəsiz və səviyyəsiz insanlardır.

Bir insanın qəti şəkildə öz ata-babasının malik olduğu tərzi-təfəkkürə, davranış, dünyagörüş və baxışa malik olması əsla qəbul edilə bilməz. Çünki “faili-muxtar” (ixtiyar sahibi olan şəxs), eləcə də ağıl, düşüncə və ixtiyar sahibi olan insan heç də ağılsız və iradəsiz ot-ələf sayılmır. İnsan insandır.

İnsan ot, ələf və bitki deyil. Yalnız ot-ələf kimi insani dəyərlərə və iradəyə malik olmayanlar özlərindən asılı olmayaraq öz kökü üstə bitər…

Sağlam ağıl hökmünə əsasən, düşüncəli insan ata-babasının onun üçün təyin etdiyi yolu deyil, öz seçimi, iradəsi, ağıl və düşüncəsi ilə özünə yol seçir. Tarix boyu və yaşadığımız əsrdə bunun üçün çoxsaylı misallar və nümunələr göstərmək olar. Məsələn buna misal olaraq bir çox ateist valideynlərdən deist, dindar və dinçi övladların, bir çox dindar valideynlərdən isə ateist və azğın övladların ərsəyə gəlməsini göstərmək olar.

Həmin atalar sözünün daha çox dindarlar tərəfindən qeydsiz-şərtsiz şəkildə dilə gətirilməsi isə sözün həqiqi mənasında daha təəccüblüdür. Çünki bu atalar sözü mütləq mənası ilə bir çox dini təlimlərlə və dini baxışlara ziddir.

Əgər həqiqətən də insan öz ata-babasının tərzi-təfəkkürü və əqidəsi əsasında dünyaya qədəm qoyacaqsa və ya dünyaya qədəm qoyduqdan sonra hökmən ata-babasının tutduğu yol ilə gedəcəksə, o zaman dini inanclara əsasən, peyğəmbərlər və elçilərin göndərilməsi, səmavi kitabların nazil edilməsinin nə kimi faydası ola bilər? Yoxsa bütün bunlar yalnız cəmiyyətdə yaşayan yalnız 5-6 nəfər elit və nəcabətli ailələr üçün göndərilib?

Görən, bu atalar sözünü hər hansı bir yerdə və necə gəldi işlədən dindarlar onu Qurana görə insan tarixində ilk dəfə olaraq qan tökən və əlləri günahsız qardaşının qanına batan Qabilə, həmçinin, öz atasına qarşı çıxan və küfrü nəticəsində tufanda həlak olan həzrət Nuhun (ə) doğmaca oğluna da aid edirlərmi? Onların fikirincə bu cinayətkar və azğın övladlar da öz kökü üstə bitmişdirmi?

Görən, İslam dini zühur etdikdən sonra həzrət Məhəmmədə iman gətirib, müsəlman olanların bir ömür boyu bütpərəstlik və azğınlıqda qərq olmuş ata-babaları da onlar kimi müsəlman idimi? Görən həmin müsəlmanlar da ot kimi öz kökləri üstə bitmişdirmi?

Əzəldən azğın və bədbəxt olaraq yaradılan insanın Cəhənnəmə atılması, həmçinin, əzəldən xoşbəxt və əməlisaleh olaraq yaradılan insanın Cənnətə aparılması ilahi ədalətlə hansı dərəcədə uyğun gələ bilər? Bu, ilahi ədalətin ziddi və zülmə dəstək sayılmırmı?

Bütün bunlara görə, xalqın və xüsusilə də cəmiyyətdə söz və qələm sahibi olanların atalar sözlərinə həddindən artıq qapılmaması, istinad etdikləri atalar sözü barədə dərindən düşünməsi bir zərurətdir.
Deməli, bu fani həyatda yalnız ot-ələf kimi ağılsız, iradəsiz və səviyyəsiz insanlar öz kökləri üstə bitirlər. Çünki belələri həyatda özləri üçün doğru və düzgün yol seçməyə qadir deyillər. Belələri həyatda cəhalət və səfillik içində yaşayır və öz insani dəyərlərini başqalarının fikir və baxışına qurban verirlər. Düşüncəli və səviyyəli insanlar isə öz ata-babalarının getdiyi yolu və tutduğu mövqei təhlil edərək yalnız onların dəyərli və düzgün işlərinə tabe olur, bununla da özlərinə daha doğru və bəzən fərqli həyat yolu seçirlər…

Müəllif: İlqar İsmayılzadə

İlqar İsmayılzadənin yazıları

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir şeir payı – Şəhla Rəvan

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Kainata sığmayan qadın

Sən sevib-sevilməyi çoxdan unutdun, qadın!
Sən bir ömür yaşadın, amma məmnun olmadın.
Dərdlərini bilmədi, nə qohumun, nə yadın,
Fikrin, düşüncən oldu tez böyüsün övladın.

Sən xoşbəxt yaşamağın dadını da bilmədin,
Təbəssümün az oldu, heç ürəkdən gülmədin.
Qəlbdə olan ağrını sən hamıdan gizlədin,
Artdı, anbaan artdı qəm yükün taleh dərdin.

Qəlbindəki həsrətin öz köksünə sığmadı,
Bulud kimi dolaraq yağıştəki çağladın.
Kədərini, qəmini gizli tutdun saxladın,
Dərdini pünhan edib, eşq qapısın bağladın.

Düz amalla yaşadın, ifrata da varmadın,
Gündüzləri ovunub, gecələri ağladın.
Duyğunla, hisslərinlə bu cahana sığmadın,
Dünya çox kiçik oldu, sənsə kainat, qadın!

Göytəpə şəhəri – 16.02.2022

Şəhla Rəvan,
Cəlilabad rayon Göytəpə şəhər şəhid Vasif Hüseynov adına 2 N-li ümumtəhsil tam orta məktəbnin direktoru, “Ziyadar” Mükafatı, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları laureatı, filoloq, ədəbi təhlilçi və tənqidçi, şair.

“BİR ŞEİR PAYI” LAYİHƏSİ

Layihə rəhbəri: İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Yeni kitab təqdimatı

Yeni kitab təqdimatı
Bu günlərdə Cəlilabad ədəbi mühitinin xanım nümayəndələrindən olan, “Həməşəra” Fəxri Diplomu laureatı, dəyərlimiz şairə xanım Zeynəb Alıhüseynqızının sayca dördüncü şeir kitabı öz şəxsi vəsaiti hesabına işıq üzü görmüşdür.

Kitabın əsas məlumatları:
Kitabın adı: “Şəhidlər” (Şeirlər, ağılar və mərsiyələr toplusu)
Müəllif: Zeynəb Alıhüseynqızı
Redaktor: Arzu Əyyarqızı (“Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi”nin üzvü və Cəlilabad rayonu üzrə rəsmi təmsilçisi, “Həməşəra” Ədəbi Məclisinin yaradıcısı və rəhbəri, “Zərif kölgələr” ədəbi saytının idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Həməşəra” və “Nizami Gəncəvi” Fəxri Diplomları, “Ziyadar” Mükafatı laureatı, şair-publisist)
Məsləhətçi redaktor və ön söz müəllifi: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, tərcüməçi, araşdırmaçı, yazıçı-publisist)
Naşir: “Elm və təhsil” nəşriyyatı, Bakı
Nəşr olunduğu il: 2025
Çap növbəsi: Birinci
Kağız formatı: 60×84 1/16
Səhifə sayı: 112 səhifə.

Kitab barədə:
Bu kitab Zeynəb xanım Alıhüseynzqızının şeir və poeziya sahəsində oxucularının görüşünə gəlmiş sayca dördüncü kitabıdır. Bundan öncə onun 2017-ci ildə “Nə qədər sualım cavabsız qalıb” ilk, 2018-ci ildə “Allah, məni Əhli-Beytə dost eylə” adlı ikinci, bir müddət öncə isə “Ana sevgisi” adlı şeir kitabları çap olunmuşdur.
Şair xanımın bu kitabında əsasən xalq şeiri üslubunda şəhidlərlə bağlı 60-dan çox şeirlər, ağılar və mərsiyələri yer almışdır.
Tərəfindən və eləcə də Zeynəb xanım tərəfindən qələmə alınmış iki ayrı ön sözlərdən sonra kitabın birinci fəslində Qarabağ Savaşında canını qurban vermiş əziz şəhidlərimiz, ikinci fəslində isə Peyğəmbər və onun Əhli-beyti haqqında qələmə alınmış ədəbi nümunlər təqdim edilmişdir.
Kitab Cəlilabad ədəbi mühitinin tanınmış nümayəndəsi, şair-publisist Arzu xanım Əyyaqrızı tərəfindən redaktə edilmiş, tərəfimdən isə məsləhətçi redaktor olaraq şeirlər üzərində müəyyən düzəliş və korrektor işləri həyata keçirilmişdir.
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin nümayəndəsi Zeynəb xanım Alıhüseynqızını işıq üzü görən sayca dördüncü şeirlər kitabına görə səmimi qəlbdən təbrik edir, mənə göstərdiyi etimada və səmimiyyətə görə minnətdarlığımı bildirir, eyni halda ona uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın redaktoru, əzizimiz və dəyərlimiz Arzu xanım Əyyarqızına, eləcə də “Elm və təhsil” nəşriyyatına təşəkkürümü bildirir, onların hər birinə işlərində davamlı uğurlar diləyirəm!

İlqar İsmayılzadə
fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ziyadar” Mükafatı, “Qızıl Qələm” və “Zəfər” Media Mükafatları Laureatı, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist
08.01.2026

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I