DOĞUM GÜNÜM Nеçə ildi аd günümüzdə аnаsız doğuluruq biz bu hаmilə dünyаdа. Bu səhər yеnidən dоğuldum аğrılаr, sеvinclər sаvаşındа. Fеvrаl sоyuq, həyаt sоyuq… Arzulаr оyuq-оyuq. Nə vахtdı dоğum günümü özüm kеçirirəm, yаdınа düşənlər, düşməyənlər vаr. Atаm kеçirəndə аd günümə hаmı gələrdi, sеvinərdi, gülərdi… Bu gün məni ilk təbrik еdən əsgər оğlum оldu səhər səkkizin yаrısındа. Mən isti еvdə, оğlumun üzünü sаzаq kəsir sərhəddə… Məni təzədən dünyаyа gətirərdinmi аnа, sоyuq fеvrаl аyındа? 11.02.2006.
Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!
Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.
Rəfail Tağızadə əmək fəaliyyətinə Bakı Elektron Hesablayıcı Maşınları zavodunda başlayıb. 1979-2000-ci illər ərzində həmin zavodda tənzimləyici, mühəndis, büro rəisi, aparıcı mühəndis, sex rəisi, konstruktor texnoloji büronun rəisi vəzifələrində çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində 1994-1996-cı illərdə zabit kimi qulluq edib. Ümid Partiyası Ali Məclisinin və Mədəniyyətlərin Dialoqu Mərkəzinin sədridir.
Rəfail Tağızadə bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. “Palitra”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Ədalət” qəzetlərində lirik şeirləri, publisistik yazıları vaxtaşırı dərc olunub. Dünyanın çağdaş avanqard şairlərinin, xüsusən çağdaş polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş”, Çağdaş polyak şeir antologiyası” kitabının həmmüəllifidir. Çağdaş polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb. “Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013) şeir kitablarının müəllifidir. Şeirləri ingilis, rus, polyak və ukrayna dillərinə tərcümə olunub.
Rəfail Tağızadə ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla təltif olunub. Həmçinin 2000-ci ildə Beynəlxalq “Rəsul Rza” mükafatı ilə təltif olunub.
Əvvəlcədən deyim ki, yazıma adqoydu elədiyim cümlə çox dəyərli “Su kimi sakit və güclü” kitabını mənə hədiyyə edən hörmətli şair, publisist, qazi dostum Rəfail Tağızadənindir. İnanıram ki, “nurundan hamıya pay düşən, həmişə həqiqətin yanında dayanan” (R.Tağızadə), “Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da, Amerikadan çox əzəmətli görünən” (Ronald Yager, ABŞ alimi) dünyanın məşhur univesitetlərinin professoru Rafiq Əliyevin həyatının ayrı-ayrı anlarına, elmi fəaliyyətinə, uğurlarına, dünyabaxışına, ictimai məsələlərə münasibətinə, elm və yaradıcı məşhurların alimə verdiyi dəyərə işıq salan bu kitab “oxucunun baxış bucağnı dəyişəcək, yol göstərəcək, bütövlüyə, tamlığa stimul, güc və inam verəcək” (R.Tağızadə). Rafiq müəllim kimi düşünən insanlar çox olsaydı, dünyanın düzəni başqa cür olardı. Kitabın redaktoru və “Ön söz”ün müəllifi Rəfail müəllim vurğulayır ki, bu kitab “məqamın sakitliyi, danışan sükutun gücü ilə onu oxuyanla danışa bilir”. Mən də hər gün bu kitabla həmsöhbət oluram. Necə ki, akademik, elm fədaisi Azad Mirzəcanzadənin “İxtisasa giriş” kitabı ilə də canlı insan kimi danışıram.
Azərbaycan fəlsəfi fikrinin “atası”, fəlsəfi məktəbin banisi, İbn Sinanın şagirdi Əbülhəsən Bəhmənyarın (993-1066) min il əvvəlki tövsiyəsi:
“Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”. Bu günümüzün ünlü filosofu Safruhun kitabı dəyərləndirməsi də müdrikdir: “Bütün kitablar mənə yalnız düşünməyi öyrətsələr bəsimdir; düşünməklə bütün zəruri bilikləri əldə edərəm”. Rafiq müəllim də, “Su kimi sakit və güclü” də Bəhmənyarın dediyi insan və kitabdır, Safruhun dediyi kimi düşündürəndir.
Rəfail müəllimə də təşəkkür edirəm ki, bu kitab hədiyyə verilən azsaylı seçilmişlər içində mən də varam.
Təkcə həcmcə yox, fikir, düşüncə, insanlıq və digər dəyərlərlə zəngin nəhəng bilik, mənəviyyat xəzinəsi sayılacaq kitabları birnəfəsə oxumaq çətindir. Oxuduqca düşünmək, anlamaq üçün vaxt lazımdır. Belə bestsellerlər məhəbbət romanı deyil, amma ilahi sevgi, inam mənbəyidir – vətən, millət, torpaq, elm, bilik, insanlıq kimi bəşəri dəyərlərə sevgi ilə dolu həmişəyaşar örnəklərdir. “Bir nəslin o biri nəslə mənəvi vəsiyyəti” (A.İ.Gertsen) qiymətli kitablar həmişə yazı masamızın üstə gözəgəlimli yerdə dayanmalıdır. Dəyərli kitab öyrədəndir, hansısa anda istənilən sualın cavabını belə kitablardan tapmaq olar. “Su kimi saf və güclü” də müəllimdir, həmişə yanımda dayanacaq müəllim…
Rafiq Əliyev İbn Sina, N.Tusi, X.Məmmədov, A.Mirzəcanzadə kimi geniş erudisiyalı, ensiklopedik bilikli, mənəvi zəngin elm korifeylərinin layiqli davamçısıdır. Rafiq müəllimin ziyalılıq meyarı kamil insandır:
“Əsl ziyalı hər zaman öz vicdanının səsini dinləyən insandır. Ziyalı ölümündən sonra yaşayır. Ona görə də ziyalı ömrü, məmur ömründən uzundur. Nəfsinə hakim kəsilməyi bacaran, ən həssas yeri qürur olan ziyalı çox kövrək olur. Amma kimsə düşünürsə ki, ziyalını əzə bilər, yanılır”.
“Ön söz”dəki “məmləkət bəzən bir vətəndaşına görə sevilir” cümləsində hər birimizi qürurlandıran böyük həqiqət var:
“Lütfi Zadənin zəkasına, insanlığına, yaradıcılıq qabiliyyətinə, elmin dərinliyinə kimi gedə bilməsinə, həm şifahi, həm yazılı formada özünü ifadə etməsinə heyrət etdiyi, heyran qaldığı Rafiq Əliyev alim olaraq alimliyə, insan olaraq insanlığa, dost olaraq dostluğa, vətəndaş olaraq vətəndaşlığa, yoldaşlığa şərəf gətirir”.
Rəfail Tağızadə artıq cənnəti bu dünyada qazanıb. Bu kitabı hazırlamaqla. İctimai-siyasi və vətəndaşlıq mövqeyinə, vətən sevgisinə, alim əməyinə verdiyi qiymətə, əqidəsinə görə. 480 səhifəlik həyat gerçəkliklərini toplamaq, bu işi ürəklə görüb həzz almaq, gecə-gündüz belə şirin “əzab”a qatlaşmaq, payına düşən ömrün bir hissəsini gələcək nəsillərə qalacaq kitaba sərf etmək üçün böyük ürək, həvəs gərəkdir. “Su kimi sakit və güclü” bir mənəviyyat mücrüsüdür. Onun içində nə var? Oxuyanlar biləcək. Sonra oradan öz payını götürəcək. Qazandıqlarının qiymətini hərə öz arşını ilə ölçəcək. Ayrı-ayrı bölümlərdəki publisistik yazılar, poeziya nümunələri, həssas gözlü elm adamının müşahidələri, müsahibələr, Rafq müəllimin daxili aləminin ürəkləri göynədən çırpıntıları, ictimai siyasi hadisələrə ziyalı münasibəti hamımız üçün həyat bilgisidir, Vətən sevgisinin müqəddəsliyinin tərənnümüdür.
Rafiq Əliyevin mütaliə etməyi məsləhət bildiyi kitablara diqqəti cəlb etmək istəyirəm. O, nə üçün həmin kitabları oxumağın gərəkli olduğunu intellektinə arxalanaraq mükəmməl izah edir:
“Allaha yaxın olmaq istəyirsinizsə, Mövlana Cəlaləddin Rumini oxuyun. İnsana yaxın olmaq istəyirsinizsə, Fyodor Dostoyevskini oxuyun”… Ən azı 50-100 il qabağı görmək istəyirsinizsə, Çingiz Aytmatovu oxumağı məsləhət edir professor:
“Görün Aytmatov nə yazıb” xor oxumaq lazımdır. Xor millətin birliyini göstərir”… Bu, əslində ciddi mesajdır”…
“Su kimi sakit və güclü” kitabında bir-birindən maraqlı, örnək götürülməli, düşünüb nəticə çıxarmalı, oxuyub durülub saflaşmalı, Vətənin elmi, alimi ilə qürur duymalı o qədər incə nüanslar var ki, hərəsi bir analitik yazının mövzusudur. Kitabın yaratdığı təəssüratların dərinliyinə varmaq imkanım olsaydı silsilə yazılar alınardı. Təki sağlıq olsun…
Məni birinci növbədə kitabın “Rafiq Əliyevin həyat yoldaşına yazdığı yazılar” bölümü özünə çəkdi. Özümün belə duyğulu olduğumu Rafiq müəllimin unudulmaz ömür-gün yoldaşı Aidə xanıma vəfatından sonra yazdığı doqquz məktubu oxuyandan anladım. Məktubların bəzilərinin adları həssas oxucunu necə duyğulandırmasın? “Gözlərin buraxmır məni…”, “Sənsiz…”,”İnsan tək valideynlərindən yetim qalmır…”, “Tənhalıq yükü ağır olurmış…”, “Ayrılığın üzü dönsün…”.
Nədənsə məndə, bəlkə də çoxumuzda belə bir fikr formalaşıb ki, kişilərin qəlbi daha soyuqdur, bərkdir, laqeyddir. Emosiya, həyəcan, göz yaşlarını saxlaya bilməmək qadınlara xas hisslərdir. Bir çox söz dahilərinin ömür-gün yoldaşlarının xatirə-memuar kitabları – Cəfər Cabbarlının Sonasının “Onu kim unudar”, Mikayıl Müşfiqin Dilbərinin “Müşfiqli günlərim” kitabları, dekabristlərin qadınlarının ictimai-siyasi fəallığı bunu söyləməyə ipucu verir. Rafiq müəllimin məktubları düşündüklərimi alt-üst elədi. Dünya şöhrətli elm adamının – qeyri səlis məntiq, genetik alqoritmlər, dayanıqlıq nəzəriyyəsi kimi əksəriyyətə mücərrəd və quru görünən elm sahəsi ilə məşğul olan professorun kövrək ürəyindən, incə və lirik duyğularından xəbərimiz yoxmuş. Əslində həssaslığın, kövrəkliyin nə qadını, nə kişisi? İnsan daş deyil ki, ağrını, acını duymasın. Sevginin və elmin, Rafiq müəllimin təbirincə desək, insanı dünyanın ən ağrılı kataklizmlərindən, dolanbaclardan çıxarmaq qüdrəti var. Alimin elmi uğurlarının özülünü möhkəm edən də sevgi ilə elmin ülfətidir.
Rafiq müəllimin yazdığı məktublar dolğunluğuna, yığcamlığına görə dünya ədəbiyyatına düşə biləcək incilərdir, insan və insanlıq qaldıqca yaşayacaq:
“Əzizim Aidə, sabah sənsizliyimin 40-cı günüdü. Bu günlər ərzində gücüm ancaq məzarının üstünə çiçəklər düzməyə çatdı. Dünən təzə qoyulan başdaşındakı şəklinə baxanda sənsizliyin nə demək olduğunu ilk dəfə dərk elədim…
Jurnalist dostum İlqar Rəsul “Azadlıq” radiosundakı verilişində bədahətən məndən soruşmuşdu: ”Ölüm nədir?” “Ölüm borcdu, bir də ölümsüzlüyün başlanğıcı” – demişdim. Sən borc sevən deyildin… bizdən tez qaytardın borcunu. Allahın izniylə, mən də bu borcu qaytaranda əlim əlində olacaq…
Hava qaralır, şəklinə baxa-baxa qəbristanlıqdan çıxmaq istəyirəm. “Gözlərin buraxmır məni”…
Aidə xanımın vəfatının ilində yazılan ikinci məktubdan bu sətirləri oxuyanda…
“Hərdən Kəmalə (Rafiq müəllimin qızı) mənə irad tutur ki, niyə yeməyini axıra kimi yemirsən. Görən, o, bilirmi ki, hər dəfə sənin payını saxlayıram?.. Həyatın qəribə anları varmış. Təzada bax. İndi hər an mən üzülürəm ki, niyə mənimlə bir yerdə deyilsən. Əminəm, sən də düşünürsən ki, nə yaxşı bir yerdə deyilik”.
Bu cümlələri oxuyanda nitqim kilidləndi, qələm də kağız üzərinə baş əyib “ağlamaq” istəmədi…
“Sənsizlik” ünvanlı ağrının iki ilini yola salanda professor Aidə xanımın “ruhu ilə söhbətləşir”:
“Axı niyə mənim qara paltarlı qadınım olmadın? Axı niyə?.. Axı niyə qoymadın ki, mən sənə deyə biləm:
Yeri, yeri, qara paltarlı qadın, Kiri, kiri, qara paltarlı qadın. Bu qəbir də min qəbirdən biridi, Başdaşımı bəsdi basdın bağrına. Bütün mənə ağlayanlar kiridi, Sən də kiri, qəbrim damır, ağlama!..
Bir gün gələcək ki, səninlə görüşəndə, qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı paltarında qarşıma gəlib əllərimdən tutanda, qəbrimə daması qəmli göz yaşların sevinc yaşı kimi ovcuma töküləcək. Ovcumuzdakı göz yaşlarını görənədək…”
“Sənsizliyin üçüncü ilinin tamamında yazılan dördüncü məktub Rafiq müəllimin son “bir il üçün hesabat məktubudur”. “Bu il ilk dəfə Amerikaya sənsiz getdim. “Sənin əziz xatirəni əbədiləşdirmək üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur Əliyev “Yoxluğu hiss olunan İnsan” adlı nəfis bir kitab çap elətdirdilər. İki kitabımı sənin əziz xatirənə ithaf etdim. Sevimli nəvən Günay Yaxın Doğu Univesitetinin tələbəsi oldu. Sevimli nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstambul Universitetlərindən birini bitirdi”.
İnanıram ki, bu məktubdakı xoş xəbərlər bir daha Aidə xanımın ruhunu şad etdi, o, özü özünü təbrik etdi…
Hər məktubla baş-başa qaldıqca, inanın, dözmürəm. Yaman kövrəkləşmişəmmiş. Ürəyimi belə yuxa bilməzdim. Amma özümü də qınamıram. Özümə vurğunluqdan çox-çox uzağam, nə yaxşı ki ürəyidaş deyiləm, nə yaxşı ki, başqasının ağrısını öz ağrım kimi hiss edirəm.
Beşinci məktubun adı “Sənsiz”di:
“Bir onu bilirəm ki, bu 4 ildə bir dəqiqə belə sənsiz olmadım… Bir də ki, əzizim axı bizlərdən nigaransan, məktub gözləyirsən, həm də asudəsən, vaxtın da çox, həm də yəqin darıxırsan… Sənsiz… Mən də yaman darıxıram”…
Rafiq müəllim altıncı məktubunu “dünyasına qaranlıq çökən, sevə-sevə dediyi kəlmələrin kəsildiyi gün” – 21 apreldə yazır.
“O dünya ilə bu dünya arasındakı məsafənin sənsizlik boyda” olmağı ilə təsəlli tapır:
“Sənin də qiymətin mənim üçün sənsizliyim boydadır”…
Yeddinci məktub “tənhalığın ağır yükü”ylə limhəlim doludur. “Minlərlə insan içində tənha qalan, “axı niyə sənin çiyninə bu qədər ağır yükü qoydum” pıçıltılarını son nəfəsinə qədər eşidəcək Rafiq müəllim tənhalığın xislətinin cürbəcür hallarını görür:
“Yeməyə otururam, boğazımda ilişib qalan tikənin təkliyidir tənhalıq… Səfərə çıxıram, arxamca atılmayan su, quru pilləkənlər, budu tənhalıq. Son nəfəs ilə canından çıxanların qismətidir tənhalıq. Ovucumda əllərinin istiliyinin yoxluğudur tənhalıq. Bu tənhalığın sonu sənə qovuşana qədərdir”…
Səkkizinci məktub “Ayrılığın üzü dönsün…” adlanır. “Min Günəş indi qaranlığını işıqlandıra bilməyən” Rafiq müəllimin “dünyası ancaq onunla işıqlı gözəl idi”:
“Gedişinin qəlbimdə açdığı yara sənə qovuşana qədər sağalmayacaq… Sənsizliyə alışmaq sular üzərində rəsm çəkmək qədər çətin, yoxluğuna dözmək ölüm qədər acı…. Ancaq varlığına alışdığım sənin yoxluğuna necə alışım?”.
Nəhayət, doqquzuncu məktub. Bilirəm ki, sonuncu olmayacaq. Rafiq müəllim xatirəsi əziz Aidə xanımın gözünü yolda qoymaz. Aidə xanım onun məktublarını hər il gözləyıcək, hər 21 apreldə. Bu məktublarla Rafiq müəllim də, Aidə xanım da “ikinci ömür” yaşayırlar:
“Dahilər demişkən, insan həyatı ilə ölür, ölümü ilə yaşayır. Sən bizi tez tərk etdin, amma nə qədər yaşamaq yox, necə yaşamaq mühümdür. Dünyada namuslu addan şərəfli heç nə ola bilməz. Bu adı həyatınla sən özün qazanmısan. Səni həyatda saxlamağa gücüm çatmadı, amma nə qədər varamsa, səni yaşadacağam… Əzizim, öncəki məktublarımda da yazdığım kimi unudulmayanlar ölmürlər. Sən həmişə mənimləsən, bizimləsən”…
Görüşənədək, Sənin Rafiqin.”
“Sənin Rafiqin”. Bu kədərli iki kəlmə hər məktubun sonunda təkrarlanır. Üç məktub isə Rafiq müəllimin ruh dostu, qardaşı Ramiz Rövşənin möhtəşəm dörd misrasıyla başlanır. Ramiz Rövşənin poeziyası ayrılığın ağırlığına dözməyən Rafiq müəllimin ağrılarına az da olsa məlhəm qoyur, ovundurur, o, şairin sözləriylə təsəlli tapır.
Rafiq Əliyevin hər məktubu, möhtəşəm sevgi himnidir, həsrət nəğməsidir, vəfa heykəlidir, vüsal ismarışlarıdır. Dünyanın nəhəng elm adamı bu məktubları yazıb Aidə xanımla görüş ümidiylə ürəyinə sığal çəkir, bizi isə mənəvi saflığa səsləyir…
Dünya alimlərinin Rafiq Əliyev haqqında fikirləri 1. Professor L. Zadə (ABŞ): Rafiq Əliyev öz sahəsində aparıcı alimlərdən biridir və bununla beynəlxalq nüfuz qazanmışdır. Bizim birgə elmi diskusiyalarımızda və müzakirələrimizdə mən onun elmi nailiyyətlərini, xüsusən də hesablama intellekti və Soft Computing sahəsində dərin biliyini, problemləri duymaq qabiliyyətini daim görürəm, hiss edirəm. Onun hərtərəfliliyi qeyri-adidir. Doktor R.Əliyevin elmi fəaliyyəti onu dünya səviyyəli alimlər ilə bir sıraya qoyur. Onun elmi əsərləri tam mənası ilə görkəmli əsərlərdir. O, fundamental nəzəriyyələr yaratmaq və onları tətbiq etmək baxımından nadir qabiliyyətə malikdir. 2. Professor Ronald Yager (ABŞ): “Rafiq Əliyev Amerikadan 7 min mil uzaqlıqda yerləşən Azərbaycanda yaşasa da o, Amerikadan çox əzəmətli görünür”. 3. Professor V. Pedriç (Kanada): Rafiq Əliyev idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq sahəsində məşhur alimdir, onun fundamental kitabları əldən-ələ gəzir. R.Əliyevin elmi əsərlərinin təkcə sayı deyil, həmçinin bütün dünyanın tədqiqat laboratoriyalarında əldə edilmiş fundamental elmi nəticələri böyük təəssürat yaradır. O, eyni zamanda beynəlxalq arenada yüksək nüfuza malik konfransların proqram komitələrində iştirakı ilə də dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. 4. Professor R. Elrod və professor B. Fazlollahi (ABŞ): Doktor R.Əliyev ABŞ-da öz həmkarları ilə birlikdə qeyri-səlis paylanmış intellektual sistemlər üzrə faydalı işlər görüb. Onun tədqiqatları robototexnika, optimallaşdırma, diaqnostika və s. sahələrdə geniş tətbiq olunub. Elmi nəticələri İran, Almaniya, ABŞ və başqa ölkələrdə mütəxəssislər tərəfindən geniş istifadə olunur. Biz hesab edirik ki, doktor R.Əliyev ən yüksək qiymətə layiqdir. Onun çoxsaylı əsərləri onun elmə verdiyi töhfələrin əyani sübutüdür. 5. Professor S. Klaçko (Almaniya): Əfsuslar olsun ki, mən Azərbaycan elminin bugünkü səviyyəsi ilə tanış deyiləm. Çünki nə azərbaycan, nə də rus dilini bilirəm. Lakin deyə bilərəm ki, əgər Azərbaycanda texniki elmlərin elmi səviyyəsi professor R.Əliyevin işlərinin elmi səviyyəsinə uyğundursa, onda Azərbaycan özünü istənilən inkişaf etmiş sənaye ölkəsi ilə müqayisə edə bilər. Mən R.Əliyevin işləri ilə 90-cı ildə beynəlxalq çoxcildliyin baş redaktoru olarkən tanış olmuşam. 98-ci cildin müəllifi R.Əliyev idi. Mən fəxr edirəm ki, bu kitabın nəşrində iştirak etmişəm və bu kitab sistem texnikası üzrə qərbdə ingilis dilində yazılmış Azərbaycan aliminin ilk kitabı idi. Bu kitabın çox yüksək elmi səviyyəsi ilk dəfə olaraq Azərbaycan elminin bütün Qərb dünyası üçün vizit kartı oldu. O vaxta qədər Şərqdən Yaponiya, Hindistan və Çin alimləri qərbdə tanınırdı. Bu nəşrdən sonra professor R.Əliyev Amerikanın, Avropanın müxtəlif nüfuzlu universitetləri tərəfindən bərabər səviyyəli professor kimi müxtəlif dünya ölkələrinə dəvət olundu. 6. Professor D. Dyuba (Fransa): Biz professor R.Əliyevlə müxtəlif konfranslarda görüşmüşük. O, informatika, sistem təhlili elmlərində müasir yanaşmaların formalaşmasında çox fəal bir alimdir. O, beynəlxalq elmi ictimaiyyətlə öz elmi laboratoriyasının əlaqələrinin genişləndirilməsinə xeyli əmək sərf edir. Rafiq Əliyevin elmi nəticələri, elmi kadrlar hazırlamağı və beynəlxalq konfranslar təşkil etməyi heyrətamizdir. 7. Professor D. Antoni (İtaliya): Doktor R.Əliyevin tədqiqatları qeyri-səlis məntiqdən tutmuş süni intellektin müxtəlif aspektlərinə kimi geniş problemlər spektrini əhatə edir. O, müxtəlif Beynəlxalq konfransların sədri kimi və müxtəlif beynəlxalq jurnalların redaksiya heyətinin üzvü kimi Beynəlxalq elmi ictimaiyyətə yaxşı tanışdır. İdarəetmə sahəsində çoxölçülü adaptiv sistemlərin qurulma üsullarını təklif etmişdir. Doktor Rafiq Əliyev idarəetmədə yeni nəzəriyyələrin yaradıcısıdır. 8. Professor İ.Kuravaki (Yaponiya): Doktor R.Ə.Əliyev mənə məlum olan və ABŞ, SSRİ, İran, Almaniya və s. ölkələrdə çap olunmuş 35 kitabın müəllifidir. O, xeyli sayda elmi işçilər hazırlamışdır. Onun elmi nəticələri praktikada geniş tətbiq olunur. Doktor Raifq Əliyev yeni nəzəriyyələr müəllifidir və intellektual robotlar sahəsində yeni elmi istqamət yaratmışdır. 9. Professor İ. Mamdani (İngiltərə): Professor R.Əliyev bütün fəaliyyəti dövründə kompüter intellekti sahəsində öz tədqiqatlarını cəmləşdirən fəal və məşhur alimdir. Bütün çoxillik tədqiqatı dövründə bu sahənin əsas problemlərinin həllində görkəmli nəticələr almışdır. Mən onu elmə sadiq, xüsusən də qeyri-səlis sistemlər və Soft Computing sahəsində fədakar alim kimi tanıyıram. Bu sahədə o, geniş ümumdünya elmi cəmiyyətinə yaxşı məlumdur və böyük sayda orijinal nəticələr almışdır. Raifq Əliyev öz görkəmli elmi fəaliyyəti nəticəsində öz elmi sahəsinin liderlərindən biri statusuna yüksəlmişdir. 10. NASA-nın idarəetmə üzrə mərkəzinin direktoru, professor M. Cəmşidi (ABŞ): Mən böyük məmnuniyyətlə dostum Rafiq Əliyev haqqında aşağıdakı sözləri demək istərdim: R. Əliyev gözəl alim, maarifçi və tədqiqatçıdır. O, gənc nəslin inkişafı üçün, yüksək ixtisaslı kadr hazırlamaq üçün əlindən gələni edir. Çoxlu sayda aspirantlar və doktorantlar yetişdirmişdir. O, elə bir insandır ki, onun beyni daim axtarışlar və yeni perspektivlər əldə etməklə məşğuldur. Professor R.Əliyev geniş mənada dövrümüzün ən görkəmli şəxsiyyətlərindən biridir. O, elmə, xüsusən qeyri-səlis məntiq, ekspert sistemlər və qeyri-xətti idarəetmə elm sahələrinə fundamental töhfələr vermişdir. Onun elmi nəticələri sayəsində Azərbaycan idarəetmə və Soft Computing sahəsində beynəlxalq elmi-texniki cəmiyyətin fəal üzvü olmuşdur. Mən R.Əliyevi zəmanəmizin ən görkəmli bir alimi kimi tanıyıram. R.Əliyev bir çox elm və texnologiyalar sahəsində öz ölkəsini beynəlxalq hörmət və diqqət xəritəsinə çıxarmışdır. 11. Professor B.Qarça (ABŞ): Mən, professor Rafiq Əliyevlə və onun elmi fəaliyyəti ilə ABŞ-da Corciya Dövlət Universitetində tanış olmuşam, onun seminarlarında iştirak etmişəm. Onun qeyri-səlis məntiq haqqındakı elmi məruzələri dərin, hərtərəfli və mənalı idi. Onunla uzun müddətli təmasda olma-ğım onun informatikanın nəzəri və praktiki problemlərini çox dərindən bildiyini və görkəmli elmi nəticələr aldığını göstərdi. Biz indi də onun elmə verdiyi töhfələrin təəssüratı altındayıq. Onu deyim ki, R. Əliyev nəinki görkəmli alimdir, həm də centlmen və intelegentdir. 12. IFSA (Beynəlxalq Qeyri-Səlis Sistemlər Cəmiyyəti) Prezidenti, professor I.Türkşen (Kanada, Türkiyə): Professor Rafiq Əliyev Soft Computing elm sahəsinin yaranmasına böyük töhfələr vermişdir. Bunların içərisində intellektual robotlar üzrə elmi istiqamətin, yeni qeyri-səlis məntiqlərin, paylanmış intellektual sistemlərin yaradılmasını və b. göstərmək istərdim. R.Əliyevin elmi nəticələri robototexnika, optimallaşdırma, idarəetmə sahəsində geniş tətbiq olunmuşdur. 13. Zigen Universitetinin informasiya institutunun direktoru professor K.V.Bonfiq (Almaniya): Uzun illərdir ki, biz prof. Rafiq Əliyevlə birlikdə müxtəlif elmi layihələr üzərində işləyirik. Onun tərəfindən alınan elmi nəticələr ümumdünya səviyyəsində olmuşdur və bu barədə dünyanın aparıcı alimləri öz müsbət rəylərini vermişlər. Biz Almaniyada birgə bir neçə fundamental kitablar çap etdirmişik, dünyanın müxtəlif ölkələrində müasir texnologiyalar üzrə 5 beynəlxalq elmi konfrans keçirmişik. Prof. R.Əliyev bütün dünyada böyük elmi avtoritet kimi tanınır. 14. Beynəlxalq İnformasiya Akademiyasının direktoru, doktor, professor Q.Rizzotto (İtaliya): Rafiq Əliyevin elmi marağı müasir idarəetmə nəzəriyyəsi, qeyri-səlis məntiq, neyron şəbə-kələri, genetik alqoritmlər kimi sahələri əhatə edir. O, paylanmış intellektual sistemlər konsepsi-yasını təklif etmiş və belə sistemlərin işləmə üsullarını vermişdir. Qeyri-səlis məntiq üzrə elmi nəticələri geniş tətbiq edilmışdır. Professor R.Əliyev yeni elmi istiqamətin – qeyri-səlis-neyron şəbəkəsi əsasında intellektual robotların yaradıcısıdır. O, paylanmış intellektual sistemlər üzrə yeni konsepsiyanın və istiqaməin müəllifidir. Onun elmi nəticələri geniş tətbiq tapmışdır. 15. Rusiya EA İnformasiya İnstitutunun direktoru, akademik N.A.Kuznetsov: Rafiq Əliyev informatika və idarəetmə sahəsində böyük alimdir. O, Rusiya, ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və dünyanın başqa ölkələrində öz elmi nəticələri ilə yaxşı tanınır. İdarəetmə və informasiya sistemləri sahəsindəki elmi nəticələrinə görə o, SSRİ Dövlət mükafatına layiq görülmüşdür. R.Əliyev hibrid intellektual sistemlər nəzəriyyəsinin yaradılması və inkişafının əsasını qoyanlardan biridir. R.Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində elmlər namizədləri və doktorlarının hazırlanmasına çoxlu əmək və enerji sərf etmişdir. 16. Rusiya EA-nın Akademiki N.N.Şeremetevskiy: Prof. Rafiq Əliyev inteqral sistemlərdə koordinasiya nəzəriyyəsinin, qeyri-səlis intellektual sistemlərin nəzəri əsaslarının və qurulma üsullarının yaradıcısıdır. R.Əliyev tərəfindən informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəb yaradılmışdır. Rusiyada, ABŞ-da, Almaniyada, İranda, Azərbaycanda və başqa ölkələrdə çap etdirdiyi 43 kitab ona ümumdünya şöhrəti gətirmişdir. 17. Professor O. Kaynaq (Türkiyə): Professor Rafiq Əliyev idarəetmə sistemləri, süni intellekt, qeyri-səlis çoxluqlar, neyron şəbəkələri və genetik alqoritmlər sahəsində gördüyü işlərlə dünyada ad qazanmış bir alimdir. O, bu elm sahələrinin dünya miqyasında yayılmasında əhəmiyyətli rol oynamışdır. Raifq Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Təbrizdə, 1996, 1998, 2000-ci illərdə Almaniyada, 2001-ci ildə Antaliyada və Daşkənddə beynəlxalq konfranslar keçirilmişdir. Bu konfranslarla o, elmin dünya miqyasında yayılmasında əhəmiyyətli xidmətlər göstərmişdir. Nəhayət, qeyd etmək istərdim ki, R.Əliyev dünya elmində ləyaqətli yer tutur. 18. Təbriz Universitetinin rektoru doktor, professor M.A.Hüsseyinpur Faizi, (İran): Böyük məmuniyyətlə və əminliklə qeyd edirəm ki, professor Rafiq Əliyev müasir elmdə ən görkəmli alimlərdən və beynəlxalq fiqurlardan biridir. R.Əliyev Təbriz Universiteti ilə yaxından əməkdaşlıq etmiş, yeni fənlər tədris etmiş, İİR-də 2 kitab çap etdirmiş, Beynəlxalq konfrans keçirmişdir. Təbriz Universitetində elmin və tədrisin təşkilində onun böyük xidmətləri əvəzedilməzdir. 19. Ukrayna EA Kibernetika institutunun direktoru, akademik İ.V.Serqeyenko (Ukrayna): Professor Rafiq Əliyev informatika və idarəetmə nəzəriyyəsi sahəsində məşhur alimdir. O, süni intellekt, Soft Computing və intellektual robotlar sahəsindəki elmi nəticələrinə görə ümumdünya alimləri tərəfindən tanınmışdır. Onun təklif etdiyi ALI-1, ALI-2, ALI-3 qeyri-səlis məntiqləri öz nəzəri və eksperimental təsdiqini tapmış və praktikada geniş tətbiq olunur. R.Əliyev intellektual sistemlər nəzəriyyəsini xeyli inkişaf etdirmişdir. R.Əliyev informatika və idarəetmə sahəsində nüfuzlu elmi məktəbin yaradıcısıdır 20. Özbəkistan EA Akademikləri V.A.Kabulov, N.R.Yusubbekov: Özbəkistanın elmi ictimaiyyəti prof. R.Əliyevi qeyri-səlis məntiq, idarəetmə nəzəriyyəsi, intellektual sistemlərin yaradılması sahəsində dünya alimlərinin müsbət rəyini almış, prinsipial yeni nəticlər vermiş görkəmli alim kimi tanıyır. R.Əliyevin müxtəlif dillərdə nəşr olunmuş monoqrafiyaları dünyanın çoxsaylı ölkələrində yaxşı tanınır və istifadə olunur. Onun Özbəkistan alimləri ilə də sıx elmi əlaqələri və elmi kadrların hazırlanmasında əvəzsiz xidmətləri var. 21. İdarəetmə sistemləri institutunun direktoru, Akademik M.E.Salukvadze (Gürcüstan): Professor Rafiq Əliyev informatika, hesablama texnikası və süni intellekt sahəsində geniş tanınmış, dünyada öz adı və yeri olan alimdir. Dünya elmində belə hesab edirlər ki, R.Əliyevin yaratdığı metodlar elmi idrakı əhəmiyyətli dərəcədə zənginləşdirmişdir. Uzun illərdir ki, R.Əliyev Gürcüstan Akademiyasının alimləri ilə əməkdaşlıq edir və bu elm sahələrinin inkişafına yaxından kömək edir. R.Əliyevi bir alim kimi səciyyələndirən xüsusiyyətlərdən biri də onun novatorluğu, daim yeni elmi-təşkilati problemlərin qoyulması və həll edilməsidir. “Su kimi sakit və güclü” kitabından, Rəfail TAĞIZADƏ.
XOŞBƏXTLİYƏ AZADLIQ VERİLMƏYƏNDƏ… Təkcə ədəbi qəhrəmanının yox, əsərindəki bütün obrazların xarakterlərini mükəmməl yarada bilməyən söz adamının yazdıqları yaddaqalan ola bilməz. Təranə Məmmədin yığcam hekayələrinin qəhrəmanlarında bu mükəmməllik əsəri oxunaqlı etməklə bərabər, həm də onların müsbət və mənfi etik-əxlaqi xüsusiyyətləri bir mənəvi dərs kimi dəyərlidir. Təranə xanım “Sirr” romanında da təzadlı xarakterlər yaratmağı bacarıb. Əsərin baş qəhrəmanları – sevginin əzablı yollarında bütün çətinliklərə sinə gərən Elçin və Ayna, həmçinin digər obrazlar – Aida, İradə xanım, Malik, Humay ana, şəhid Elvin, Elçinin həyat yoldaşı Şəmsiyyə, oğlu Azad hər gün rastlaşdığımız, ancaq diqqətimizdən yayınan insanlar olsa da, yazıçı təhkiyəsi onları bizə ya doğmalaşdırır, ya da belələrinə rast gəlməyi arzulamır. “Həyatda hər şeyi pulla, var-dövlətlə ölçən, bir qədər sərt, bir az özündən razı, təkəbbürlü” İradə xanımla sadə, səmimi, mənəvi zəngin, maddi sərvətlərə laqeyd Ayna bir-birindən yerlə göy qədər fərqli ana və baladırlar. Böyük bir klinikanın baş həkimi İradə xanımın “fəlsəfə”si: “həyatda hər şey alınır və satılır. Bu səbəbdən də çalışıb alıcı olmaq lazımdır. Bunun üçün həmişə qazanmaq, həmişə fəal olmaq gərəkdir”. Əslində İradə xanımı da qınamıram. O, madar övladının gələcəyindən nigaran qayğıkeş anadır. Aynanın durumundakı dəyişikliyi həmin an hiss edir. Ancaq bircə alqışlayanmamalı xisləti var ki, hər şeyi maddiyyatda görür. Anlamır ki, pul həmişə səadətə yol açmır, pul bəzən bəlalar da gətirir. Təranə xanım zamanın nəbzini tutmağı bacaran yazıçı olmaqla yanaşı, həm də həssas və mərhəmətli anadır. O, hekayələrindəki müxtəlif ana obrazları bu günün qayğıları ilə yaşayır zamanın xaosundan narahatdır. Həmişə vurğulayır ki, bəşər övladının hamısı eyni mənəvi yükü daşımır, müsbəti də var, mənfisi də. Bu, həyatın gerçəkliyidir, heç kim də bundan qaça bilməz. Ayna isə tam başqa xarakterli, ayıq düşüncəli, erudisiyalı, insansevər çağdaş Azərbaycan gəncidir. “O, anasının yaşadığı həyat tərzini bəyənmir”. Həyata baxışı başqadır, “müstəqilliyi və fərqli düşünməyi sevir”. İki əksqütblü düşüncə tərzi hətta ailə daxilində onların bir-birinə yaxınlaşmasına, problemləri birgə həll etməsinə əngəl törədir. Ona görə də Ayna anasının məsləhətini – “elə adamlarla oturub dur ki, onların arasından özünə ər tapasan” öyüdünü ən azı yola verir, onu yerinə yetirmək fikrindən uzaqdır. Ayna üçün mənəvi meyarlar sadəlik, səmimilik, təmənnasız münasibət, mərhəmət, saf sevgidir. Bu səbəbdən “hərdən anası ilə fikirləri haçalanır”. Yazıçı İradə xanımın iç dünyasının paxırını Aynaya daha bir “ağıllı” məsləhəti ilə açıb tökür: “çalış sevmə, əziyyət, cəfa, hicran, bunlar sənə lazımdır?”… İradə xanımın Aynadan sonra ikinci əksqütblüsü çıxılmaz qayğıların burulğanında çarpışan Humay anadır. Elçinin və şəhid Elvinin anası cəfakeş, övladlarının üstündə kövrək yarpaq kimi əsən həssas qəlbli insandır. Aynanın rəfiqəsi Aida dostluğa sədaqətli, hər situsiyada nə etmək lazım olduğunu bilən, ən çətin və ağır günlərdə rəfiqəsinin dərdinə şərik olan, Aynanın xoşbəxtliyi naminə özünü fəda etməyə hazır dayanan, uzun müddət ilahi sevgisinin yolunu gözləyib ona qovuşan sevgilidir. Elçin sadə və qayğıları bol ailədə böyüyüb, püxtələşib, anası və qardaşı ilə birlikdə ehtiyac içində yaşayıb. Hər şeyi pulla ölçən İradə xanım ona Aynadan əl çəkmək üçün pul da təklif edib. Bundan qəti imtina edən, qürurunu və sevgisinin saflığını qoruyan Elçin həmin gündən Aynanın xoşbəxtiliyinə mane olmamaq üçün bir daha onunla görüşməməyi qərara alıb. Sonradan bacarığı və zəhmətiylə şirkət sahibi olub. O, kitabın redaktoru, qazi şair – publisist Rəfail Tağızadənin yazdığı kimi, “sevgisinə sadiq qalan və ömrünün sonuna kimi unutmayan Azərbaycan kişi”sidir. “Sevginin həddini bilməyən” Elçinin öz sevgi ölçüsü, əyarı, qədəri var. Elə əvvəldən Elçin ilə Aynanın xoşbəxtliyi yolunda “qaratikan” bitmişdi, Təpəgöz kimi səadət yolunu kəsmişdi. Bu, pul, sərvət hərisliyi, qılıncdan da iti tamah idi. Belə qollu-budaqlı “qaratikan”ı İradə xanım uzun müddət idi səhra ürəyində becərməkdəydi. Yaxşı bilirik ki, səhra bitkilərinin yarpağı, çiçəyi, meyvəsi olmur, ancaq tikan sahibidirlər. Tez-tez Ayna ilə Elçinin kövrək, azad sevgiyə tamarzı qəlbinə zəhərli ox kimi batan tikanlar onlara acı, əzab, kədər, sağalmaz mərəzlər bəxş etməkdəydi, “ömürlərini bada verirdi”. Elçin babasının İçərişəhərdəki “həm keçmiş, həm də çox uzaqdan boylanan gələcək” yaşayan evində xəyallar içərisində çabalayanda “yanında Aynanı hiss edirdi”. Onun “uğur mələyi” əlçatmazlıqda nakam sevgisinin acısını çəkməkdəydi. “Bütün ali hisslərə yad” İradə xanım isə öz xislətiylə baş-başa dayanıb iki sevən gəncin həyatını hərraca qoymuşdu – pullu, “nüfuzlu” kürəkən axtarırdı. Amansız tale onu Maliklə rastlaşdırdı. Malik adlı-sanlı nəsildən idi, həm də polkovnik İsmayılovun bacısı oğluydu. Malik həkim geniş dünyabaxışlı, mədəni, alicənab olsa da anlamırdı ki, “əgər qadın bir kişini gerçəkdən sevərsə, onun gözündə dünyadakı kişilər tam olaraq anlamını itirər” (Oskar Vilde). Sonradan Malik “qadının yer üzündə ən vacib vəzifəsi ana olmaqdır” fikrinə gəlib Aynaya sivil qaydada, dostcasına ayrılmağı təklif edəndə yəqin ki, mənim kimi çoxları da Malikin böyüklüyünə həsəd aparacaqlar. Çünki hər Şərq kişisi özünün dünyaya övlad gətirə bilməmək bacarığının olmamasını etiraf edə bilməz… Elçinlə Aynanın və Maliklə Aynanın ilk görüşlərində yaşananları Təranə xanımın təhkiyəsi ilə analiz edib paralellər aparanda görürük ki: “Ağappaq incə çiçək dəstəsi, iki gəncin arasında ilk bağlantı – bir saniyəlik baxış və zövqlərin üst-üstə düşməsi” sevginin ilahiliyindən xəbər verir.Təranə xanım sevginin aliliyinə Aynanın diliylə aydınlıq gətirir: “Sən başqasan, Elçin! Sən hamı kimi deyilsən. Bilmirəm necəsən, amma başqasan”. O “hamı”lar, o “başqa”lardı ilahi sevgiyə, xoşbəxtliyə qənim kəsilənlər. Malik isə laboratoriyada ilk atüstü görüşdəcə Aynaya gözəllikdən alacalanmış şəhvətli gözlərlə baxır, Aynanın əlini öpməyə çalışır. Sonrakı görüş üçün restoranı bağlatdırır, Aynanın barmağına üzük taxmaq şərəfinə nail olmaq istəyir. İki fərqli münasibət, iki fərqli duyğu, biri ilahi, o biri qeyri səmimi. Ağappaq incə çiçək dəstəsi və brilyant üzük. İki fərqli sevgi etirafı. Malik də Aynanı sevirdi, yazıçı bizi buna inandırır, ancaq Malik anlamaq iqtidarında deyil ki, sevgi qarşılıqlı olmalıdır: “Tanrı insana həyat adlı ən gözəl nemət, dərk etmək imkanı və bir az da şans verirsə və o bundan düzgün istifadə edə bilmirsə, günah özündədir. Ən Ali məhkəmədə “nədən narazısan?” sualına cavabı “heç nədən” olmalıdır. Çünki həyat yaşamaq üçündür”. Dərin hikmətdir, lap aforizm səviyyəsində… Həyat bəşər övladının gözündə ya məzhəkə, ya dram, ya da faciə şəklində yazılmış ömür kitabıdır. Hər kəs bu kitabı öz əməlləri ilə yazır, pozur. İradə xanım Aynanın və Elçinin həyatına dramatiklik gətirən səhnələrin müəllifiydi, Ayna, Elçin, Aida isə xoşbəxtliyi üçün çarpışan, ömür kitabının hər qiymətli səhifəsini işıqlı qəlbləri ilə yazmağa çaılşan həyat aşiqləri, həm də bəyaz barış göyərçinləri. Doğrudan da, bir mahnıda deyildiyi kimi, sevənlərindi dünya… İradə xanımın monoloqvari gecikmiş etirafı sonrakı peşmançılıqdan, quru təsəllidən başqa bir məna daşımır: “Gör başıma nələr gəldi. Mən qızımın ad-sanını qorumağa çalışarkən indi bu naməlum əlaqəni necə qəbul edə bildim? Mən Elçinə evimdə qızımla görüşməyə necə icazə verdim? Bəlkə həqiqətən bütün bunları Tanrı mənim yersiz qürurumun, yekəxanalığımın nə qədər əsassız olduğunu sübut etmək üçün göstərir? Mən doğma qızımı sevdiyi insandan ayırıb onu pula, evə, vəzifəyə görə bir başqasına ərə getməyə vadar etdim. Allahın işinə bax ki, qızım bu neçə ildə ana da ola bilmədi. İndi isə mən, İradə xanım, heç vaxt qəbul etmədiyim qanunsuz görüşlərə, qızımın başqa kişiylə görüşməyinə göz yumuram. Mən bunu necə edə bildim? İndi hətta Aynanın Elçindən uşağı olsa, mən bunu qəbul etməyə hazıram”. Obrazların daxili aləminə vara bilmək, psixoloji məqamları açmaq bacarığı yazıçı, şair kimi Təranə xanımın böyük uğurudur. Bu onun ana, həyat yoldaşı, pedaqoq missiyasının və mühüm dövlət orqanlarındakı işinin nəticəsidir. Təranə xanım “Sirr” romanı ilə ürəyindəkiləri bəşər övladına bəyan edir: ”siz hər şeyi bilə bilməzsiniz, çünki siz Allah deyilsiniz!”. Allahlıq iddiasında olanların sonrakı peşmanlığının faydasız olduğunu babalarımız çoxdan deyiblər, çoxumuz isə ata-babalarımızın dediyinə biganələrdənik. Çat vermiş ürəklərin ağrılarına məlhəm qoymaq bəzən heç zamanın da yadına düşmür. Nə yaxşı ki, Elçinlər, Aynalar, Aidalar hələ ətrafımızda yaşayırlar… Roman elə qeyri-adi, gözlənilməz hadisələrlə sona çatır ki, bu ədəbi keçidi heç kim gözləmirdi. Nədir, gözləmədiyimiz hadisələr? Qoy, bu da sirr olsun. Bu sirri bilmək üçün əsəri oxumaq məsləhətdir. ‘Sırr’ sızi nəhəng bir novella təsiri bağışlayacaq. Aristotelə görə, sevgi əzab çəkməkdir. Ayna da, Elçin də əzab çəkə-çəkə yaşadılar və… Bu “və”nin arxasında çox suallar dayanıb. On yeddi ildə Elçin tez-tez kimin qəbrinin üstə tər ağappaq gül dəstəsi qoyurdu? Və sair, və ilaxir… Təranə xanımın bir ana harayıdı “Sirr”. İnsanları başa salmağa çalışır ki, ürəyimizi sevgi ilə qidalandırmasaq mənəvi dünyamız bütün müqəddəs dəyərləri itirəcək. Bu da insanlığın məhvi olacaq. Bəli, Təranə xanım, “sevgini insanı diriltmək gücünə inanmayanlar” yaşaya bilməzlər… “ Xoşbəxtliyə azadlıq vermək lazımdır” (Əbu Turxan). Xoşbəxtliyə azadlıq verilməyəndə doğmalarımıza əzablı ömür yaşadırıq və yaşadacağıq. Axı həyatın hər anı qiymətlidir. Qədrini bilək… Yanvar 2022.
İnsanların ünsiyyətdən qaçdığı, bir növ tənhalığa qapandığı, bəlkə də biri-birinə etibar etmədiyi bir vaxtda az tanıdığın, bəlkə də heç tanımadığın bir insanla ünsiyyət qurub onunla səmimi söhbət etmək asan olmasa da, mümkündür. Söhbət etmək istədiyim insan yaradıçılığı, bənzərsiz şeirləri ilə diqqətimi çoxdan cəlb etmişdi. Onun özü ilə şeirlərindən daha sonra tanış oldum. Şeirlərindəki gizli kədərin, qeyri-adiliyin səbəbini öyrənmək arzusu var idi məndə. Dəfələrlə tədbirlərdə görüşdüyüm bu gülərüz, mehriban və nisbətən az danışan insanın iç dünyası mənim üçün çox maraqlı idi. ”Gündüzü oğurlanmış kimidir həyat”, – deyən bir insanın elə həyata baxışları da. Deyirlər, insanı yaxşı tanımaq üçün onunla yol yoldaşı olmaq lazımdır. Təəssüf ki, tanımaq istədiyim insanla yol getmək mənə nəsib olmayıb, amma səmimi söhbət etmək fürsətindən istifadə edib ona bir neçə sual verə bildim. Həmsöhbətim Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı, Rəfail Tağızadədir. Rəfail müəllimlə söhbəti sizə təqdim etməkdə məqsədim FB səhifələrində dəfələrlə şeirlərini və yazılarını həvəslə oxuyub bəyəndiyiniz bu maraqlı insanı sizə daha yaxından tanıtmaqdır. İlk sualım adi olsa da məncə, cavabı həmsöhbətimi düşündürdü.
– Rəfail müəllim, sizcə Rəfail Tağızadə kimdir?
– İlk növbədə Azərbaycan vətəndaşıdır. Vətənini, xalqını, azadlığı sevən; yurdsuz qalan vətəndaş. Azərbaycan türküdür.
– Özünüz haqqınızda qısa da olsa, məlumat verərdiniz.
-Qarabağda, Ağdamda doğulmuşam. Qarabağ mənim ata-baba yurdumdu. Çox təəssüf ki, indi “qarabağlıyam”, “ağdamlıyam” deyəndə, o yerlər işğal altında olduğundan bir vətəndaş olaraq itkilərin qismən günahkarı kimi utanıram. Uşaqlıqdan riyaziyyatı çox sevdiyimdən dəqiq elmlərə marağım olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşımda Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olmuşam. Diplom işimi Rusiyada yazdım. Uzun müddət o vaxtlar “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışmışam. Elə ordan da müharibə bölgələrinə yollandım. Cəbhə həyatından çox danışılıb deyə, ondan danışmaq istəmirəm. İnşallah qələbədən sonra…
– Rəfail müəllim, neçə yaşınız var?
– 11 fevral 1958 ci ildə anadan olmuşam. Dolça bürçündənəm. (gülür)
– Nə bildiniz ki, bürcünüzü soruşacam?
– Nə bilim, hərdən fikirləri qabaqlamağı bacarıram. Bu bir qədər çətinlik yaratsa da, belədi.
– Onda deyin. Bürclər haqda yazılanlara inanırsınız?
– Yox. İnanmıram. Amma doğulduğun yer, şərait kimi, zamanın da xarakterə təsir edən məqamları var.
– Bəs qismət deyilən bir şeyin olduğuna necə? İnanırsınız?
– Düzü, əvvəllər inanmırdım, ancaq həyatda qarşılaşdığım bəzi hadisələrdən sonra inanmalı oldum.
– Allaha inanırsınız?
– Əlbəttə. Dini ritualları etməsəm də, inanıram. Tanrıya, yaradana mütləq inanıram.
– Sizinçün yaşamaq nədir?
– Yaşamaq səndən sonra yaşamaqdır.
– Bəs ölüm nədir?
– İlk növbədə həyatın sonudu. Dəfələrlə təkrar olunmuş ifadə osa da, “ölüm haqqdır”.
– Rəfail müəllim, şeirlərinizdə dəfələrlə ruha müraciət etdiyinizə rast gəlmişəm. Sizcə ruhlar nədir, varmı ruh?
– Əlbəttə, var. Ruh müxtəlif din və cərəyanlarda müxtəlif formada izah olunur. Ruh ilahidən gələndi.
– Ölümdən qorxursunuz?
– Yox. Ölümdən, qaranlıqdan, təklikdən qorxmuram. Hərdən gözübağlı daha yaxşı görürəm. Axtardığımı daha tez taparam. Qaranlıqda kəndimizin kol-kos basmış cığırları ilə gedib, evləri tapa bilərəm. Cəbhədə qaranlıqda o qədər dərəli-təpəli yol getmişəm ki…
– Dediniz ki, təklikdən qorxmursunuz. Bəs tənhalıqdan necə?
–Yaradıçılıqda tənhalıq adamın həmdəmi olur. Ancaq həyatın tənhalığını sevmirəm.
– Rəfail müəllim, hamı sizi barış, davanı sevməyən bir insan kimi tanıyır. Nəyə görə davaya qatılardınız?
– Heç düşünmədən Vətən uğrunda savaşaram. Bu birmənalıdır. Bir də insan sevdiyi qadın uğrunda savaşar.
– Gözəlliyi sevərsiniz hər halda.
– Şübhəsiz. Kiçik bir çiçəyi, qanad açan quşu, ağacları, … təbiətin yaratdığı bütün gözəllikləri. Gözəlliyi görüb sevməmək olarmı?
– Banal bir sual olsa da bilmək istəyərdim Rəfail Tağızadə qadınlarda daxili gözəlliyi sevir, yoxsa xarici?
– Gözəl qadın ilk görünüşdən adamın diqqətini tez çəkir, bu təbiidi. Mən ağıllı qadınları, onların düşüncələrini daha çox sevirəm. Qarşında ağıllı qadın olanda, daha çox məsuliyyət hiss edirsən. Ağıllı qadının qarşısında güclü olmaq çətin olsa da, maraqlıdır.
–Qarabağlısınız. Deyirlər, Qarabağda körpələr də muğam üstə ağlayır. Musiqi sizin üçün nədir?
– Musiqi insanın ruhunu oxşayır. Bir qarabağlı kimi mən də muğamı çox sevirəm. Eləcə də xalq və bəstəkar mahnılarını da.
– Bəs aşıq musiqisini sevirsiz?
– Əlbəttə. O bizim qanımızdadır.
– “Musiqiçi dostum, bir nöktrün çal, məni məndən qopar, məni məndən al“. Bu sözləri yazan məncə klassik musiqini də sevir?.
– Bəli. Klassik musiqidə sanki muğamın əksini duyuram.
– Bəlkə cazı da sevirsiniz?
–Konsertlərinə qatılıram. Dinləyirəm.
– Sizcə sevgi nədir?
– Sevgi insanı sən eləyən, daxilən təmizləyən, başqası üçün yaşamağın nə olduğunu anladan ülvi bir hissdir. Sevgi insanın özündən asılı olmayaraq gələn duyğudur. Sevgi gözəldir. Ağrısı, acısı, sevinci ilə yaşamaq həzzidir. Hec kim deyə bilməz ki, o nə vaxtsa sevməyib və ya nə vaxtsa sevməyəcək. İnsan hər zaman ona mübtəla ola bilər. Həqiqətən sevən insandan pislik gözləmə…
– Yaşından asılı olmayaraq?
– Bəli. Bəzən yaşlı insan 17 yaşlı cavandan daha etirasla, güclü sevə bilər. Sevginin yaşı olmur.
– Sevgi insana nə verir, sizcə?
– Yenidən doğulmuş kimi olursan. Lazım olduğunu bir daha anlayırsan. Yaşamaq və yaşatmağı dərk edirsən. Səndə daxili bir oyanış yaranır. Sevgi insanın üzünə, gözünə gizlədə bilməyəcək yeni xoş çalarlar gətirir. Ruhunu təzələyir…
– Siz dənizi sevirsiniz! Dənizə həsr etdiyiniz şeirlər insanın ürəyinə toxunur, dənizi həm sevir, həm də sevdirə bilirsiniz. Bu yaxınlarda Kamran Nəzirlinin müsahibəsini dinlədim. Kamran müəllim dedi ki, dənizə sevgim uşaqlıqdan var idi, çünki, Astarada, dəniz kənarında keçib uşaqlığım. Bəs siz? Axı, siz elə yerdə doğulmusunuz ki, dağları, meşəni daha çox sevməli idiniz, məncə.
– Mən dənizi çox sevirəm. Danışan canlı kimi. Dəniz safdır, təmizdir. Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Boşalıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı… – Rəfail müəllim, şeirlərinizdə həmişə qizli bir kədər var. Nədən? Hətta sizin şeirlərə “qanla yazılmış şeirlər” də deyən olub.
– İtki ağır şeydi. Bir var doğmaların, mütləq olacaq itkilərin ağrısı. Bu başa düşüləndi. Yarananın dünyadan köçməsi nə qədər ağrılı olsa da anlaşılandı. Amma yurd, vətən itkisi bambaşqadı. Bu itkinin ağrısını izah etmək olmur. Sənin olanın göz-görə əlindən alınır, sənin olmur. O itkiylə ilk addımların, uşaqlığın, gəncliyin də itir. Yox olur. Geridə böyük bir boşluq yaranır. Yurd həsrəti bütün sevincli xatirələrin üzünə qara bir pərdə çəkir. Ağırdır. Çox ağırdır. Hər dəfə nikbin, şən bir şeir yazanda, sanki, o dərd kürəyinə vurub “mən hələ varam…”, – deyir. O ağrını, kədəri nəinki üzdə, şeirdə də gizlətmək olmur.
– “Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”, bu sözləri sizin haqqınızda məşhur alimimiz Rafiq Əliyev deyib. Bilirəm ki, bu yaxınlarda görkəmli alimimizin həyat və yaradıçılığından bəhs edən bir kitabınız işıq üzü görəcək. Xeyirli uğurlu olsun.
– Çox sağ olun. Bu kitabı böyük sevgiylə hazırlamışam. Maraqlı kitab olacağına inanıram. Əlbəttə, son söz yenə də oxucularındır.
– Oxucu demişkən. Mən də sizin oxucunuzam və şeirlərinizi çox bəyənirəm. Bəzən sizin şeirləri abstrakt rəsm əsərlərinə bənzədirəm. Orda görünən və görünməyənlər var. O görünməyənləri siz özünüz necə görürsünüz?
– Hamının görmədiyini mən də görmürəmsə, onda niyə yazıram, nəyi yazıram? Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.
–Yazılarınızda belə bir ifadəyə rast gəldim “Söz deyilən, yazı oxunan, kitab isə qalandır”. Rəfail müəllim, sözünüzün, yazdıqlarınızın və kitablarınızın yaddaşlarda qalacağına əminliklə sizə yeni yaradıcılıq uğurları arzu edirəm. Əminəm ki, bir gün Qarabağ dərdi kürəyinizə astaca toxunub deyəcək: Yaz! Yarat! Sevin! Qarabağ azaddır!
– Çox sağ olun. Qarabağı azad görmək ən böyük arzumdur. Mən də sizə gizli ağrılardan uzaq, sevinc dolu əsərlər diləyirəm.
Bax beləcə söhbət edib ayrıldım Rəfail müəllimdən. Amma onun kitablarını oxuduqca, insan onun şeirlərindən, niskilindən, yaratdığı bəzən vahiməli, bəzən həzin, bəzən sevgi, bəzən ayrılıq, bəzən hicran, bəzən intizar dolu aləmdən ayrılmaq istəmir. Şairlərin sayının artdığı, ədəbiyyatda yeni adların çoxaldığı bir zamanda öz orijinallığı ilə diqqəti çəlb edən bir şairin olduqca təvəzökar şəkildə yazıb yaratması məncə, diqqəti çəlb etməyə bilməz.
Hamınıza bizimlə bərabər olduğunuz üçün təşəkkür edirəm və ümid edirəm ki, “SƏMİMİ SÖHBƏT” rubrikamız davam edəcək. Təki ömür möhlət versin.
Qeyd:
2019-cu ilin oktyabırında “Səmimi söhbət”in ilk qonağı Rəfail Tağızadə olmuşdu.
Ağdam – varlığın yoxluq səhnəsi Öpdüyüm torpaqdan həsrətin qoxusu ilə bərabər qan qoxusu da gəlirdi. Şəhidlərin tökülən qanı torpağa qarışıb. Torpaq qanla yoğrulub. Bu torpaqda bitən lalələrin qara xalları ləçəkləri boydadı. Ağdamda 10 ballıq erməni zəlzələsi olub. Dünyanın indiyədək görmədiyi, Rixter şkalası ilə ölçüyə gəlməz erməni zəlzələsi. Bu zəlzələdən Ağdamda bir tikili qalmayıb. Sovet vaxtı tikilən binaların möhkəm beton dirəkləri də uçulub dağılıb. Nə vardısa, hamısı yerlə yeksandı. Sanki şəhərin varlığının üstündən 28 il yox, iki min il keçib. Bakıdan gələn qonaqlara şəhərlər gözəli Ağdamı göstərib, onların heyranlığına qürurlandığımız şəhər indi qonaqları yoxluğu ilə heyrətləndirir. Daşı daş üstə qalmayan, qonağın pişvazına çıxa bilməyən şəhərə baxıb nələr yaşadığımı onu yaşayanlar bilər. Ağdam varlığın yoxluq səhnəsidi. Hər daşı bir binanı, bir evi; hər cığırı bir yolu xatırladan Ağdamın yoxluq səhnəsi. Teatrı sökük-sönük, məscidi sükutlu, musiqi məktəbi səssiz, səs-küylü bazarı lal olan şəhər. Doğmasının ölümündən yazmaq kimidi indi Ağdamdan yazmaq. Qatar Uzundərəyə çatanda hamımız hazırlaşardıq. Artıq Ağdama çatırıq. Səhər tezdən olsa da, Dəmir yolu vağzalı qaynayırdı. Doğma, tanış simalar. Şirindil insanların mehriban münasibəti adamı ovsunlayırdı. Şəhərə girəndə maşınların səsi şəhəri yuxudan oyadırdı. İndi hara gedəcəyimi, hara düşəcəyimi bilmirəm. Vaakkuma düşən kimiyəm. Qəhər məni boğur. Məni qarşılayan təkcə xoş, doğma havadı. Bir də izimi sinəsində gizlədən torpaq. Orada yaşamayanlar, sevincli günləri görməyənlər o ağrılı mənzərəni görəndə yaşadıqlarını, hisslərini ifadə etməkdə çətinlik çəkirlərsə, görün bizlər nələr yaşayırıq, nələr çəkirik… Ağdamı dağılmış, viran qoyulmuş görmək çox ağırdı. Təsəllim “Nəsimi” filmində deyildiyi kimi: “Dövlət bəyin ölüsü də gözəldi” ifadəsi idi. Ağdamın da. Torpaq varsa, Vətən var! Qalanı düzələr… Ermənilərin özününküləşdirmək istədikləri, dəvət etdikləri xarici arxeoloqların hər qazıntıda “bura türk məskənidir” dediyi Şahbulaq qalasından bizim Boyəhmədli, Sofulu kəndinə 8-10 km-lik məsafə var. Bir də 28 illik zaman. Kəndimizə gedib-gəldiyimiz bu yolla indi gedə bilməsəm də baxışlarımı yollayıram. İtiyi, qalığı axtarmağa. Nələri görəcəyi bəllidi, Qarabağın hər yerində olduğu kimi, ancaq dağıntılar… Nə xatirələri yaşadan evin divarı var söykənəsi, nə ağac var kölgəsinə sığınası. Tapacağı yoxluqda özünü saxlayan təsəlli torpaq, yurd yeri. Hər dəfə Ağdamın Dörd yolundan keçəndə Ağdam tərəfə baxmağa utanırdım. Bu dəfə o tərəfə can atırdım. Ağdamı görməyə tələsirdim. Həsrətinə yox deməyə. Ağdama qovuşmağa. Bütün bu müvəqqəti ağrıların, hislərin sonunda “nə yaxşı ki, sənə gəldim, məbədim mənim” deyib Ağdama – torpağa baxıram. Qovuşduğuma, bu günümə şükür edirəm. Sevinirəm. Taleyimdə ayrı düşməklə bərabər qovuşmaq da varmış. Bu sevinc ayrı sevincdi. Ağdamlılar yoxdan var edən, qurub-yaradandılar. İndi daha gözəl, müasir tələblərə cavab verən Ağdam salınacaq. Ağdam yenə Qarabağın iqtisadi-siyasi mərkəzi olacaq. İtən illərin yoxluq sükutu pozulacaq. Sözü, səsi özünə qayıdacaq. Məscidindən “Azan” səsi eşidiləcək, teatrında tamaşalar qoyulacaq. Hər küçədən, hər kənddən ağdamlıların ürəyə yatan məlahətli, şirin səsiylə muğamlar səslənəcək. Həyat davam edəcək. Hər tarix bir dərsdi. Yaşadıqlarımız bizə çox ağrılı həyat dərsi keçdi. Olanlarına sahib çıxmağı, özününkünün qədrini bilməyi, dəyər verməyi, qorumağı, uzaqdan baxmağın acısını, yaşananları bir daha yaşamamağı öyrətdi. Qarabağa, Ağdama, Şuşaya hər gedənə Yolçu mənə quş göndər, Dimdiyində torpağım – deyirdim. Axır ki, Ağdamıma özüm gəldim. Ağdamdan həsrətli köçən doğmalarımın, əzizlərimin qəbrinə səpməyə torpağı özüm gətirirəm. Bu səfər həsrətin, nigaranlığın son günü idi. Həyatda qovuşmaq qədər gözəl heç nə yoxdur. Ayağın torpağına dəyəndə özün olursan. Varlığını hiss edirsən. Bu özünə qayıdışdı. Özünə baxıb ürəkdən “Bu mənəm!” – deyə bilirsən. Səssiz dediyin bu mən, hərbidə cərgədə qışqırdığın “Mən”dən daha uca və əzəmətli səslənir. Məni MƏN edən AĞDAMIM! Məni yaşadan məkan! Sənə qovuşmaq həyatımın ən xoş anıdı!
Tanrının insana bəxş etdiyi istedad, təxəyyül, aldığı təhsil, zəka dərinliyi və itiliyi cəmiyyətdə tutduğu müəyyən mövqe ilə birləşdikdə ona geniş imkanlar yaradır. Bu sintezi özündə cəmləşdirən insanlar çox vaxt yaradıcı olurlar. Bitirdiyi ali məktəbdən, ixtisasından asılı olmayaraq, Tanrının belə seçilmişləri adətən incəsənətin sahələrindən birinə üz tutur və o sahədə də peşəkar olurlar. Çünki onların daxili aləmi, ruhu, zəngin təxəyyülü, xəyal və arzuları adi peşəyə sığmır və bir gün daxili çərçivənin divarlarını uçurub üzə çıxır, artıq həmin şəxsin özünə yox, minlərlə insanın qəlbinə nəinki yol tapır, həm də hakim olur.
Belə insanlardan biri bugünkü ədəbiyyatımızda, mətbuatda müstəsna yeri olan Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Rəsul Rza mükafatı laureatı qazi şair, yazıçı, publisist, tərcüməçi Rəfail Tağızadədir. Onun ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir.
Rəfail müəlllimin yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir. Rəfail Tağızadə poeziyasının pərəstişkarı olduğum, şeirlərini özündən əvvəl tanıdığım üçün bu gün məhz onun lirik düşüncələrinə, zəngin və sərhədsiz poeziya aləminə qısa səyahət etmək istədim.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Yaratdıqca da kamilləşir, müdrikləşir və bu dünyanı dərk etdikcə daxilində bir nigaranlıq hiss edir:
Tabladıq dərdlərə dözənə qədər,
xərcləndik günləri üzənə qədər,
yaşadıq, bu ömrü çözənə qədər,
gün keçir, ay ötür, könül nigaran –
yazan şair narahatdır, çünki ürəyi tək özü üçün deyil, cəmiyyət üçün, insanlar üçün vurur, hətta bəşəri problemləri də düşünür, təhlil edir və müəyyən nəticələr çıxarır.
Rəfail Tağızadəni başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir:
Аğаcın yаylığı аyаqlаr аltdа
yеriyə bilmirəm çığırtısındаn.
Çılpаq аğаclаrın əlləri göydə
yаrpаğın sоn duа pıçıltısındаn.
Yеnə gəlib çаtdı pаyız ахşаmı,
yеnə bu könlümdə küləklər əsir,
ахşаm süfrəsində bоş qаlıb bir yеr
kölgələr dоlаşır, kölgələrdə sirr.
Pəncərə önündə ağac kimiyəm,
xatirə yarpaqlar uçur havada,
ömrün payızında bir xəzan kimi
ayrılıq səs salır yalqız odada.
Tutub boz səmanı qara buludlar,
pərdələr üşüyür bomboz оtаqdа.
Səmtini itirib, yоlunu аzıb,
cığırlаr о kövrək yаrpаq yаtаqdа.
Payızı hamımız sevirik, onu hər kəs gördüyü kimi təsvir edir. Rəfail Tağızadə isə həm də ilin sonbaharının yaratdığı həzin kədərin həyata, insan varlığına transfer edilməsini mükəmməl izah edir. Bu da bir fərqlilik, bu da bir bənzərsizlik.
Şairin duyğularını, düşüncələrini poeziyasevərlərə çatdırmaq imkanı olduqca genişdir. Başqalarının deyə bilmədiyini, görə bilmədiyini özünəməxsus, yaddaqalan və sevilən bir tərzdə demək bacarığı şairin xüsusi istedadından xəbər verir. Rəfail müəllimin poetik fikirlərini bu dərəcədə dəqiq və bənzərsiz çatdıra bilməsi, məncə Allah vergisidir. Sanki bu sözlər, ifadələr ona diktə edilir, hansısa ilahi bir qüvvə onun şeirlərini ölçüb-biçib tənzimləyir, səliqəyə salır və oxuculara məhz bu şəkildə çatdırır. Lakin bununla yanaşı, hər bir söz adamını ətraf mühit, görüb götürdükləri və yaşadığı cəmiyyət formalaşdırır da deyə bilərik. Rəfail Tağızadə də bu baxımdan istisna deyil. Füsunkar Qarabağ torpağında doğulub yaşaması, bir neçə xarici ölkədə təhsilini təkmilləşdirməsi və nəhayət, birinci Qarabağ müharibəsi iştirakçısı olması qazi şairin insan kimi formalaşmasında və gələcək yaradıcılığında böyük rol oynayıb. “Şair olmaya bilərsən, ancaq vətəndaş olmağa borclusan”, – deyib məşhur rus şairi N.A.Nekrasov. Rəfail Tağızadə məhz vətəndaş olmaq borcunu layiqincə yerinə yetirdiyinə görə şairliyini bu zirvəyə qaldıra bilib. Zahirən həmişə sakit, təmkinli, mülaym görünən bu insanın daxilində ciddilik, bəzən yerində biruzə verilən sərtlik də var. O, heç vaxt, heç nəyə görə heç kimə və heç nəyə əyilmir. Başını yalnız Tanrı qarşısında əyən insanlar başqalarının gözündə ucalır. Hansı tədbirdə olursa olsun, hansı məclisdə iştirak edirsə etsin, Rəfal Tağızadə həmişə dərin ehtiramla qarşılanır. Çünki həmişə nə dediynin, nə danışdığının və nə etdyinin fərqindədir.
“Mən öz əsgərlərimi balalarım qədər, bəlkə bir az da çox sevirdim”, – deyir keçmiş döyüşçü Rəfail Tağızadə. Elə bu bir cümlə onun nə qədər dərin, genişürəkli, qayğıkeş, mərhəmətli, məsuliyyətli və vətənpərvər olmasının danılmaz sübutudur.
Eldən, obadan uzaq düşən insan kövrək olsa da, dərd, kədər, həsrət onu bərkidir, dözümlü edir. Rəfail müəllim uzun müddət yurd həsrəti ilə yaşayıb. Bəlkə də, qazi olmasaydı, müharibənin dəhşətlərini görməsəydi, yurd itirməsəydi, el-oba həsrəti yaşamasaydı, belə yanğılı, ağrılı yazmazdı:
Bu gün tоy qurulub, tоy, Qаrаbаğdа,
qоl-qıçlаr qışqırır, оy, Qаrаbаğdа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
rəqs meydаnınа nidаlаr qоyаn
tək qıçı üstündə оynаyаn оğlаn,
bu gecə tək qаlаn qıçın оynаyır.
Оturub оrtаdа qаrа ciyər bəy,
sаğdişi аyаqdı, sоldişi qоldu,
dаğlаrа dırmаnаn uzаnаn yоldu,
sürünə-sürünə bаrmаqlаr gəlir,
аtlаnа-аtlаnа pəncələr gəlir,
qоllаr rəqs eləyir, qıç təpik çаlır,
оynаyıb yоrulаn əl çəpik çаlır.
Hərdən hаlаy vurub yаllı gedirlər,
bir pəncə оrtаdаn çıхmаq istəmir
qаlаn bаrmаğındаn süzülür təri,
sevinc tər içində bоğur kədəri…
Şəhid Qаrаbаğdа tоydu bu gecə.
Bu qаzi tоyundа, bu ər tоyundа,
yerində оynаyаn süzənindən çох,
yerdən təbrik edən gəzənindən çох,
sаqqаllı gələni bəzənəndən çох.
Bu qаzi tоyundа, bu ər tоyundа,
tək əl оvcun döyür çəpik yerinə,
çəliklər səs sаlır təpik yerinə.
Qаzilər оynаyır, qаzilər indi –
bаşlаrı üstündə qоltuq аğаcı,
yellənir bоş, qıçsız şаlvаr bаlаğı.
Bu qаzi tоyundа, bu ər tоyundа.
Bu gün bəy оturub bаyrаğın аltdа,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа
qоl qаlхır, qıç qаlхmır оynаyа о dа,
ötən günlərini sаlа bir yаdа.
Dоlаşаn ruhlаr dа оynаyır bu gün,
itən аrzulаr dа оynаyır bu gün,
bu qаzi tоyundа, bu ər tоyundа.
Bu qаzi tоyundа, bu ər tоyundа,
çəngəllər, bıçаqlаr əllərdən аrtıq,
susаnı dаnışаn dillərdən аrtıq…
Göylərə ucаlаn tək qоl оynаyır
yаnındа оynаyаn bir хəyаl qоllа,
yоl gedir, yоl gedir bir kölgə yоllа.
Аnаnın yоl çəkən gözləridi bu,
оğlunа söz qоşаn sözləridi bu.
Səngərdən dаğlаrа uzаnаn аğ yоl,
sоnundа qаliblər dаyаnаn аğ yоl,
bu gecə yоl gedən tək аyаqlılаr
döyüşə səsləyir ayaqlıları,
bu qаzi tоyundаn, bu ər tоyundаn.
Belə tükürpədici misralardan istfadə edərək bir qədər irreal təsvirlə poeziyasevərləri vahimələndirməyi bacarmaq hər söz adamına nəsib olmur. Belə şeirlərdə abstrakt rəsmlərdə olduğu kimi min bir rəngin çaları var, ancaq oxucu şairin önə çəkdiyi fikrin rəngini görə bilir, çünki şair təfəkkürü oxucunu məhz o fikrə cəlb etməyi bacarır. Bir sözlə, yaradıcı insan istedadlı olduqda meydana əsl sənət əsərləri çıxarır. Rəfail Tağızadənin hər kiçik şeiri belə bir əsərdir. Təsirli, yadda qalan əsər…
Türk mütəfəkkiri Əlişir Nəvai yazırdı:
Sözlərdə bir yalan gizlənsə əgər,
Bizə yanlış gəlir, hec bəyənmirik.
Bir müdrik bir şeir yazarsa əgər,
Yalanı da görsək qüssələnmirik.
Şeir, söz, kəlam, uğurlu fikir çox böyük qüvvədir. Yetər ki, sözü anlayan, duyan olsun. Əsl şair oxucunu yalana da inandırmağı bacarmalıdır. Mənə elə gəlir ki, həqiqət dolu şeirləri ilə bərabər Rəfail Tağızadə fantastik, uydurma bir əsər də yazsaydı, yəni yalan da söyləsəydi, biz ona inanardıq. Çünki onda oxucunu sözlə ovsunlamaq gücü, poetik düşüncə ilə insanı ələ almaq istedadı var.
Şairin şeirləri ürəyə, ruha yaxın olduğundan onların məna qatlarına vardıqca istər-istəməz gözlərimiz dolur. Kədərdənmi, sevincdənmi, fərəhdənmi, yoxsa bu qədər Vətən eşqli, millət, torpaq, insan sevgili şairin sənə, sənin millətinə, xalqına məxsusluğundanmı? Bu, sözün belə izah etməyə gücü çatmadığı qürur hissidir. Fərqi yoxdur, əsas odur ki, oxucu şairini şeirləri ilə tanıyır, onunla yaxınlaşır, doğmalaşır.
Dəqiq bilirəm ki, Rəfail müəllim həmişə ya ən yaxşı bildiyini, ya da heç kimin və yaxud çoxunun bilmədiklərini yazır. Çünki o, əvvəlcə yazdığı mövzunu dərindən dərk edib müəyyənləşdirir, sonra da sözləri bir-birinin ardınca elə düzür ki, onun məharətinə heyran olursan. Şairin elə “Qoru məni” şeirini oxumaq kifayətdir ki, onun istedadının və həddən artıq diqqətli müşahidə qabiliyyətinin şahidi olaq:
Bu gecə yuxumu ərşə çəkdirən
dərdlər göy əskiyə bükəcək məni.
Tutub öz əlimlə, dırnaqlarımla,
hələ codlaşmamış barmaqlarımla
məni öz qanıma boyuyacaqdı.
Sonra maddım-maddım baxıb üzümə
bu dərdi taleyə bağlayacaqdı.
Qanımı dondurub, səsimi kəsib,
küyümü içimdə saxlayacaqdı.
Arzular qurtarmır, güman yetişmir,
uzanan əlimə ümman yetişmir.
Sən məni dənizin üstünə çıxar,
istərsən yeriyib gedim bu yerdən.
Məni utandırma özüm-özümdən.
Açın bu gecənin qapılarını.
Udacam gecəni hava qarışıq,
bu dəniz qarışıq, səma qarışıq,
ulduzlar qarışıq, o Ay qarışıq.
İlahi, sən məni günahdan qoru,
məni utandırma gecə yanında,
bu dəniz yanında, o Ay yanında,
məni utandırma Onun yanında.
… qoru bu gecəlik günahdan məni,
qoru bu gecəlik qınaqdan məni…
Rəfail Tağızadənin şeirləri qəlbin simlərinə toxunub titrədən mizrab kimidir. Bu mizrabı şair o qədər ustalıqla, məharətlə işlədir ki, hərdən lap sarı simə də toxunur. Bəzən şeirin bir misrası, sanki şeirdən ayrılıb sənin olur, onun sənin qəlbin üçün nəzərdə tutulduğunu sanırsan. Sanki, sən illərdir məhz o misranı axtarır və məhz Rəfail Tağızadə şeirində tapdığını düşünürsən. Əgər hər kəs şeirlərdən özünə bir misra götürərsə, şeir yaşayar, yaddaşlarda əbədi qalar və hər dəfə kimsə “bu misralar Rəfail Tağızadəyə məxsusdur!”, – deyə bilər.
Ümumiyyətlə, mənə elə gəlir ki, hər bir yaradıcılıq məhsulunun mənbəyi, təməli gözəllikdir. Gözəlliyi görməyənlər, sevməyənlər, ona biganə olanlar heç vaxt uğur qazana bilməz. Vəsf etmək bacarığı yalnız gözəlliyi görənlərə, duyanlara, dəyərləndirənlərə məxsusdur. Rəfail Tağızadə çox dərinlikdə yerləşən, heç kimin görə bilmədiyi incəliyi, gözəlliyi həssaslıqla sezə bilir. Sanki, şair dünyaya gözləri ilə deyil, həssas qəlbi ilə baxır.
Həqiqi sözə vurğun olmağı Tanrının lütfü, tapşırığı kimi qəbul edənlər təkcə aydın, işıqlı düşüncənin diqtə etdiklərini deyil, həmçinin çoxlarına dolaşıq, qarmaqarışıq təsir bağışlayan hissləri də bir yerə yığıb cilalayır, sistemləşdirir və oxucuya təqdim edir. Elə şair var ki, hansısa məlum bir fakta sözlə bəzək-düzək verib şeirə çevirir. Eləsi də var ki, yazacaqlarını ürəyinin süzgəcindən keçirib bizə təqdim edir. Belə şairlər şeirlərində sözlərə ən sonda əl atırlar, çünki sözlərdən əvvəl hislər gəlir. Rəfail müəllim məhz hisslərlə sözün vəhdətindən ilahi poeziya yaradan şairdir. Onun şeirlərində əsas yer hislərindir.
Əslində, Rəfail Tağızadə sevgi şairidir. Onun yazdıqlarında bir dənə də olsun sevgisiz şeir yoxdur. Tanrıya olan imanı və sevgisi ona sevmək və sevilmək kimi gözəl neməti də bəxş edib. Vətən, doğma el-oba, ailə, gözəllik, bəşər sevgisi yaşadır Tağızadə poeziyasını:
Götürüb gedirəm səni özümlə
gecənin ən sakit, gizlin yerinə.
Qıymaram mən sənə könlümdən başqa
bir baxış toxuna, yerin bilinə.
Mən səni köksümə sıxıb apardım,
bürüdüm hissimin burulğanına.
Bir də görərsən ki, qaçıb üzümdən
dodağım qonubdu dodaqlarına.
İlahi, sən bunda cazibəyə bax!
Bu sevgi özümdən qoparır məni.
Bu xumar gecədə bədirlənən Ay,
salıb işığına aparır məni.
Şairin ”Götürüb gedirəm səni özümlə” şeirindəki incəlik, gözəllik oxucunu yaxşı mənada təəccübləndirir. O incəlik, gözəllik, ilahi sevgi şairin özünə, eləcə də bizə ”İlahi, sən bunda cazibəyə bax!” dedirtməyi bacarır.
Ömrümüzün bütün fəsillərindəki ayrı-ayrı məqamlar – sonbaharda yarpaq tökümü, qışın oğlan çağında yağan bəmbəyaz qar, baharın çiçəkləyən ağacı və yayın rəngarəng çiçəkləridir Rəfail Tağızadə poeziyası. Onun şeirləri insanı gah xoş ətir qoxusu kimi bihuş edir, gah da güclü bir ağrıkəsici kimi təsir edib sakitliyə, sükuta qərq edir.
30 ildən çoxdur ki, Qarabağ dərdi, Qarabağ həsrəti hamımızın ürəyinə sağalmayan çatlar qoyub. Hər birimiz bir cümlə ilə də olsa bu yaraya toxunduq, ondan yazdıq, ancaq Rəfail Tağızadə bu dərdi yaşayaraq qələmə aldı. Səngərdə vuruşaraq, ətrafında ölüm görərək, yaxınını, doğmasını itirərək yazdı. Yazdı və yeni “Qarabağnamə”lər yaratdı. Tək əsər kimi yox – həyatıının, ömrünün bir hissəsi kimi. Şairin Qarabağ təəssüratları və düşüncələri, məncə ayrıca bir yazının mövzusu olmalıdır.
Yaradıcılığının ən maraqlı və məhsuldar dövrünü yaşayır Rəfail Tağızadə. Bir zaman Qarabağ həsrətindən yazan qazi şairimiz indi qələbədən, zəfərdən, azad Ağdamdan, azad Şuşadan yazır və yazacaq da. Onun Ağdama, Şuşaya səfərindən – cənnət Qarabağa müqəddəs ziyarətindən sonra yazdığı esselər, publisistik yazılar da şeirləri, poemaları qədər dərin mənalı və möhtəşəmdir. Məhsuldar və çalışqan yazarımıza – eyni vaxtda bir necə işi mükəmməl icra etməyi bacaran bu insana uğurlar arzu edir və səbirsizliklə yeni əsərlərini gözləyirik.
Əllərində bir dəniz,
gözlərində bir röya,
yanağın bir ay kimi
işıq salır gözümə,
barmaqlarım dalğatək
telində dalğalanır,
saçının həzin mehi
üzümdə sığallanır,
mənə dikilən baxış
tökülür üz-gözümə
mehriban xəyal kimi,
durub baxıram sənə
dili donmuş lal kimi,
bir ömürlük arzular
damla-damla süzülür
o qönçə dodaqlardan
ürəyimə bal kimi
necə də gözəl həyat,
sığın bu sinəmə, yat.
Belə bir incə və həzin duyğulu misralarla bitirmək istədim şairin poetik dünyasına etdiyim qısa ekskursu. Əminəm ki, gələcəkdə Rəfail Tağızadə yaradıcılığı bir çox tədqiqatların mövzusu olacaq…