Turan Uğur:“Səməd Yusifcanlı ssenarilərimi, mətnlərimi həmişə əla oxuyur. Böyük həssasiyyətlə mətni duyur, hər sözün, hər kəlmənin haqqını verir. Hiss etdim ki, Səməd bəy bu gün “Türk ellərində Novruz ənənəsi” mövzusunun kadrarxasını daha şövqlə səsləndirdi. Məncə, çocuqluq illərinin Ağdam – Yusifcanlı xatirələri gözündə canlandı, ruhunu Novruz bayramının əzəmətinə aşiyan sandı, mətni oxuduqca təzələndi, sanki qırışığı açıldı. Allah canını sağlam, səsini qüvvətli, sözünü otkün eləsin!”
ZAUR USTAC: “Sözün əsl mənasında Ağdam rayonunun Yusifcanlı kəndində Novruz şənlikləri; Çilə gecəsi, Yelləncək qurma, Qarqara çıxmaq və digər bir-birindən maraqlı elementlərilə bir başqa idi… Bu şənliklər min illərdən bəri 1990-cı ilə qədər davam etdi. Yaxşı ki, o qədər keyfiyyətli olmasa da 1989-cu ildə AzTv bu tədbiri çəkib (bayram şənliyi bizim kəndimizdə – Yusifcanlı da çəkilsə də o vaxtkı icra-idarəetmə strukturu quruluşuna uyğun olaraq sovetliyin adı ilə Ağdam rayonu Novruzlu kəndi kimi təqdim olunub). Yəqin ki, AzTv-nin arxivində olar bu çəkiliş. Son 30 ildə bütün Şimali Azərbaycanı qarış-qarış gəzmiş bir şəxs olaraq qeyd etmək istəyirəm ki, başqa heç yanda bu qədər dəqiq və geniş ssenari üzrə zəngin təbii Novruz şənlikləri görmədim (bir az oxşayan Qazax -Tovuz bölgəsində var). 1979-1989, düz on il ərzində hər il bu şənliklər gözümün önündə keçirib və iştirakçısı olmuşam. Bütün elementlər hələ ki, yaddaşımda yaşayır…”
Ötən əsrin 60-cı illərindən etibarən mətbuatda oçerk, felyeton, publisistik yazılarla çıxış edən, bir qədər sonra hekayə, povest və pyesləri ilə ədəbiyyatımızda tanınmağa başlayan Şamil Xurşud “Özüm və özün” adlı felyetonlar kitabı ilə maraqlı imza sahibi kimi yaddaşlarda qalıb. “Azarkeş nənə”, “Xəstələr”, ” Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Bahar yağışları”, “Bəxtiyar deyil” əsərləri ilə oxucuların rəğbət və sevgisini qazanan Şamil Xurşud (Fərzəliyev) maraqlı yazıçılardan sayılır. Şamil müəllimin vaxtilə oxuduğum “Ona deyin, kəndə gəlsin” hekayəsi mənə də müsbət təsir edib və bu təəssüratlardan çıxış edərək “Mən kəndə gedəcəm” adlı esse qələmə almışam:
Elə indicə, bu saatca, şələ-şüləsini, bütün yükünü yığıb şəhərdən kəndə qayıtsın. Üzünü aylardır görmədiyi Tükəz cijisinin halını sormağa gəlsin.
Şair dostunuza deyin!
“Ona deyin, kəndə gəlsin”.
Yazıçı, dramaturq Şamil Xurşudun hekayələrindən biri belə adlanır. Qafar Qaradağlı yadınızdadır? Əlindən bir iş gəlməyən, bekar-behtin Bakı küçələrində sərgərdan həyat yaşayan, kənddə qalan ağbirçək anasından aylarla xəbər tutmayan Qafarı deyirəm. Ona üz tutmuşdu Şamil Xurşud, ona tənə vurmuşdu ki, çıxdığın qını unutma, ara-sıra doğma yurdun yadına düşsün, kənddə qoyub gəldiyin nə varsa, bir gör yerindəmi? Naxırçı çörəyinin bərəkətinə xor baxmaq olar yeri gəlsə, lakin redaksiyalarda veyillənmək naminə yox.
Qafar dostunuza deyin ki, kəndə gəlsin!
Şamilin hələ tələbəlik illərində, yazdığı xırda pyesləri universitetin dram dərnəyində səhnəyə də qoyularmış. Bir teatr sevdalısının durub kənardan bu mənzərəyə baxacaq durumu yox idi. Şamil qıraqdan baxmağa alışmaz, özü də pyesdəki rolların birini oynayardı. Yəni ki, ofsaydda qalmazdı, ümumiyyətlə, “oyundankənar vəziyyət” ifadəsi ədibin 52 illik ömründə hərdaim ona yad olub. Cəmiyyətin xəstə təfəkkürlü insanları kimi, yəni “Xəstələr” kimi. Lakin birpərdəli, ikişəkilli bu pyes bizə çox doğmadır. Elə ona da məhrəm idi, axı 23 yaşında nəşr olunmuşdu bu kitabı.
Mühasib dostunuza deyin, kəndə gəlsin!
Ona deyin, kəndə gəlsin, amma tələsməsin, hələ fikrimiz, xatirələrimiz şəhərdədi. Şamil gənclik illərində Elmira Şamil dünyasının dövrəsində var-gəl edir. Gənc istəklilər küsüşüblər. Olur təzə sevənlər arasında. Ayrılıqlar, incikliklər, bu sayaq küsüşmələr sonucunda pəjmürdə olub, sevgiyə üsyan edən nə ilk sevənlər onlar olmuşlar, nə də sonuncu. Amma yarın vəslini arzulayan, hicrana “bəsdir!”, “əl çək!”, “itil!”deyib, vüsala “mərhaba” söyləyəcək birisi idi Şamil.
Fəhlə dostunuza deyin, kəndə gəlsin!
Asudə vaxtını mənalı keçirməyin məkanı haradır? Kimisi üçün stadion, kimisi üçün muzey, kimisi üçün teatr. Elə Şamil də teatrı seçərdi.
Bu vədə əlində bilet yerin bələdləyə-bələdləyə keçib, oturacağını arasınmı gənc yazıçı?
Arasın.
Bəs yanında kimi görsün?
İstəklisi Elmiranı.
Özü də tək yox, bacı-qardaşıyla gəlmiş qızcığaz, yanpörtü əyləşibmiş Şamilin sol cinahında. Sonra tamaşadan gözəl ovqatla çıxmaq, umu-küsünü bir kənara qoyub, nişanlanmaq, ailə qurmaq qalırdı gənclərə.
Buna nə adını verəsən?
“Təsadüf” sözündən başqa, nə istəsəniz, deyə bilərsiniz.
Alim dostunuza deyin, kəndə gəlsin!
Ona deyin, kəndə gəlsin.
Hələ Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alır Şamil. Zimistan gecikib Bakıya, fəqət, əlin-qolun çırmayıb yaman gəlib paytaxta. Üşüdəcək hər kəsi, sazaq dişinizi kəsəcək, soyuq isti ürəklərə buz qonaqlığı verəcək, bir qarın ac, bir qarın tox tələbələrin halı pərişan olacaq. Avazımış yataqxana otaqlarında hər şey donacaq. İsti əyin-başa həsrət tələbələrin gününü göy əskiyə bükəcək soyuq qış fəsli. Tələbələrdən biri üşüyərsə, kim qızdıracaq onu?
Şamilin səxavətli ürəyinin gücü yetəcəkmi?
İsti geyimi olmayan dostuna əynindən çıxarıb paltosunu verəcəkmi?
Özü 20 gün kostyumla gedəcək universitetə?
Düz tapdınız, eynən bu cür olacaqdı. Sonralar məsul vəzifələrdə işləyərkən də, çox kostyumlar geyəcəkdi gənc yazıçı, ancaq naəlacları unutmadan, fəqir-füqəranı yaddan çıxarmadan.
Nazir dostunuza deyin, kəndə gəlsin!
“Xəstələr” pyesi ilə dramaturgiyaya gələn Şamil müəllimə öz canındakı xəstəlik aman vermədi. Vaxtsız deyildi ölümü, ancaq üzücü idi.
İdbar xəstəliyin əlində girinc olan yazıçının “Montin qəsəbəsi”ndəki kafelərin birində 50 illik yubiley məclisində artıq ürəyinə xal düşmüşdü. Deyilən sağlıqlar 1986-cı ildə, onun 2 il sonrakı ölümü şərəfinə idi, həyatı şərəfinə yox. Ömrünün həyat hissəsi bitmək, ölüm dövrü gəlmək üzrəydi sanki. Arıqlamış, sısqa-mərəz qalmışdı. “Kommunist” nəşriyyatının girəcəyində Tofiq Mütəllibovla qarşılaşır, Tiflisə yola düşəcəyindən bəhs edir. Bir andaca duruxub qalırlar, kövrəlirlər, hər ikisinin gözləri yaşa qərq olur, getmək vardı şəfaxanaya, fəqət, Gürcüstandan dönmək yox.
Şairin gənclik dostları təəssüflənəcəkdilər bu hadisədən: Məmməd Araz, Vahid Əziz, Şahmar Əkbərzadə, Tofiq Mütəllibov, Cəmil Əlibəyov, Yusif Kərimov, Hidayət Orucov, Qulu Xəlilov Şamil müəllimin ölümündən pərişan olacaqdılar.
Ona deyin, kəndə gəlsin!
“Şamil Fərzəliyev yalnız bir ömür yaşadı” deyənlərə – bu saat sadalayacağım adlar cavab verəcəklər. Bunlar ədibin nəvələridir. “Babadan hikmət, nəvədən xidmət”, – deyib atalarımız.
Görün, neçə ömür Şamil Xurşud həyatında davam etməkdə israrlıdır, həm israrlı, həm də iddialı. Övladları – Həqiqət, Sədaqət, Azər və Arazla bu gün nə sayaq danışır Şamil Xurşud?
Bu kiçicik yazımda Şamil müəllim onlarla öz dilində, öz təbiri ilə, özü bildiyi kimi danışır. Hələ bu dialoqumuza 1961-ci ildə nəşr etdirdiyi hekayəsinin adını verir: “Sizi unutmaram” – deyir.
Jurnalist dostunuza deyin, kəndə gəlsin!
Həəə, bir də belə söyləyir: Ona deyin, kəndə gəlsin. Deyəcəksiz ki, Qafar Kərim oğlu Kazımovdan – Qaradağlıdan söhbət gedir? Yox, mürgüyə qalmış Şamil Xurşud personajını dəngəsər etməyək, şirin yuxusundan ayırmayaq. Elə sıradan bir hekayə obrazı kimi ömrünə davam etmiş olsun. Amma sizə bu sözləri ünvanlaya bilərəm. Yəni sizə – hörmətli oxucu, sizə – hörmətli nazir, sizə – hörmətli fəhlə, sizə – hörmətli redaktor, sizə – hörmətli deputat, sizə – hörmətli həkim, sizə – hörmətli hakim – sizin hamınıza səslənirəm:
Öncə özümüzdən başlayım.Biz, həmşərilər bu bayrama Xızır Nəbi xitabında bulunduğumzudan elə bu cür də yazacam.Təbrizdə və Təbriz civarında Xızır Nəbi adı ilə tanınan bayramın isminə hər eldə, hər elatda fərqli şəkillərdə rast gəlinir.Təbii ki, Xızır Nəbi, Xıdır Nəbi, Xıdır İlyas, Xan İlyas, Xıdır Əlləz adları ilə cüzi fərqlərlə bütün Türküstanda, yaxın şərqdə, Anadoluda və Azərbaycanda tanınan bayram bir sıra mədəniyyətlərin vəhdətindən mütəvəlliddir.Əlbəttə, kökü Şamanizmdən tutmuş İslama, Zərdüştlüyə qədər uzanan bu bayramdan hamı özü üçün nəisə tapa bilir. Əvvəlcə onu deyim ki, atamın əmisi oğlu Mahmud Paydarla indicə danışdım və təəssüf hissi mənim qəlbimi büsbütün çulğaladı.Əmioğlu Mahmudun səsi olduqca qüssəli gəlirdi, Təbrizdə bayramdan heç əsər-əlamət yox idi.Bu gün doğma Təbrizdə Xızır Nəbinin sönük qeyd olunmasının tək səbəbi Güney Azərbaycanında, ümumən İranda baş verən iğtişaşlardır. Küçə iğtişaşlarında minlərlə insanın həlak olduğunu, vəziyyətin çox gərgin xarakter aldığını qeyd edən əmioğlu Təbrizin bayram ovqatında olmadığını bildirdi. Onu tam anlayır və sözlərinə haqq qazandırıram, fəqət elə bayramların məhz bugünlərdə bizə lazım olduğunu, ekstremal vəziyyətlərdə tək sarılacaq nöqtənin folklorumuzun, mifologiyamızın, Novruzumuzun olduğunu ona dübarə aşılamaq istədim.Deyəsən, azacıq buna nail oldum da… Xızır Nəbi bayramının rişlələri ən qədim çağların dərinliyinə qədər işləyir.O qədər qədim ki, canına hopmadığı ayin, ritual, mərasim qalmamış. Qışın “oğlan çağı” nda Kiçik çillənin tən ortasında – 9-10 fevralda keçirdiyimiz bayramı bəzi bölgələrin qışın tən ortasında qeyd etdiyini görürük.Bildiyimə görə Naxçıvanda-Şərur rayonunun bəzi kəndlərində – Aşağı Yaycıda fevralın 5-i, bəzilərində isə – Təzəkənddə, Çalxanqalada fevralın 14-ü, 15-də keçirilir.Hətta mərhum yazıçımız Əzizə xanım Cəfərzadənin Xızır Nəbi bayramının fevralın son 10 günündə – yəni Boz ayda keçirilməsi haqqında söhbətlərini uşaq yaddaşımın ən isti bir hücrəsində indi də mühafizə edirəm.Yadımdadır ki, Əzizə xanım ovaxtlar radioda Çərşənbələr, Xıdır Nəbi və s.Novruzqabağı mərasimlər haqqında şövqlə danışar, biz də ləzzətlə ona qulaq asardıq. Əzizə xanım Xızır Nəbi bayramının bətnində bir çox dinlərdən elementlər olduğunu vurğulasa da, bu bayramı sırf türk düşüncəsinin təzahürü kimi qiymətləndirərdi.Türk coğrafiyasında bu bayramın daha təmtəraqlı keçirilmə gələnəyi yazıçımızın təsbitlərinə ən dolğun dəlildir. Bəs ulus olaraq Xızır Nəbi günlərində neylərik? Evdə mütləq fevralın 9-u axşamçağında plov dəmləyərik. Çillə gecəsi və Səddə bayramında boranı plova üstünlük veririksə, Xızır Nəbidə daha sanballı, xuruşu, aş-qarası daha bol olan plovu bayram süfrəmizə yaraşdırırıq: ya səbzi plov, ya döşəmə plov, ya müsəmma plov canımıza sinər olar. Ümumiyyətlə, bu bayramda daha çox eşitdiyim sözlər bərəkət, halallıq, ruzi və.s məfhumlarla assosiasiya olunur.Yəqin ki, nənəmdən qulağımın çaldığı həmin sözlər bizi bu günə qədər addım-addım izləyir.Hə, bir də istilik sözü.Günəş, istilik, sıcaqlıq bu bayramın “olmazsa, olmaz” larındandır. Evdə mütləq şəkərçörəyi hazırlayarıq, bəzən bayramı bəhanə edibən 3-4 gün əvvəldən daraşırıq müxtəlif növ şirniyyata, bişintilərə.Xızır Nəbiyə uyğun oldu-olmadı dürlü-dürlü təamlardan nəsibimizi alarıq. “Xıdıra Xıdır deyərlər, Xıdırın payın verərlər” söyləyib döşənərik təamlara. Xıdır yalan olar, biz gerçək, gecənin ənginliyinə kimi yeyib nuşicanlıq edər, toqqamızın altını düpbədüz etməmiş süfrədən əl çəkmərik. “Pay” dedim və həmən türk mifologiyasındakı Xızırın rolunu düşündüm.Əski türk düşüncəsində dirilik rəmzini özündə ehtiva edən bu qutsal obraz həm də bərəkəti, firavanlığı, yaşıllığı simvolizə edir.Anadoluda – bahar çağında Xızır Əlləz adı ilə bu bayramın keçirilməsi qəanətlərimi bir qədər də gücləndirir.Anadolunun bəzi yörələrində may ayının 5-i başlayıb, 6 –ısı gecəsinə kimi qutlanan Xızır Əlləz bütövlükdə yaşıllığın, suyun, təbiətin simgəsi sayılır.Görünür, məhz buna görə bayramı qutlayanlar daha çox yaşıllıq olan yerlərə, təbiət qoynuna üz tuturlar.Anadoluda Xızır Əlləz günlərində sədəqə vermək, dua eləmək, hətta “qurban kəsmə” kimi adətlərə də rast gəlinir.”Xızır sopası” deyilən ayin də var ki, Xızırın müqəddəs çubuğunun sayəsində insanın ağrı-acısına məlhəm olmasına hesablanır. Qaqauz türklərində – böyüklər demiş Haqq oğuz türklərində də Xızır Əlləz mayın 6-da qeyd olunur və bayram 3 gün müddətində davam edir.Qohum-əqraba, qonşular, simsarlar, müsafirlər bir evə yığışar, yeyib-içə,. bəzən gecədən sabaha qədər küçələrdə qutlamalar yaparlar.Alban, qaqauz və bolqarların müştərək yaşadığı Qaraqurd kəndində (Ukraynada, Odessa şəhərinin ətrafında) festivallar da təşkil olunarmış.Küçələrdə uzun masalar düzənlənər, süfrələr açılar, hər kəs evindən azuqə gətirər, törənlər keçirərlər.Ertəsi gün uşaq və yeniyetmələrin at yarışları, güləş göstəriləri müxtəlif idman oyunlarını qapsayar.Yəqin ki, Ukrayna-Rusiya savaşı bu adətlərə də böyük ölçüdə təsirsiz ötüşmür.Görünür, dünyadakı savaşlar təkcə məzlum insanlara deyil, həm də gələnəklərimizə, adətlərimizə, bayramlarımıza qarşı elan edilib.Harda türk varsa, onun sağlamlığı, salamatlığı yönündəki çabalarımız boynumuzun borcu olmalıdır.Güneydəki yurdlarımız – Təbrizimiz, Ərdəbilimiz, Urmiyamız, Zəncanımız, Xoyumuz, Miyanəmiz, Sərabımız, Qəzvinimiz, Marağamız, Mərəndimiz, Əhərimiz və başqa şəhərlərimiz yağıların 200 illik kələk torundan qurtulmalı, Azərbaycanın mübarək başı azman bədəninə qovuşmalıdır. Baş Təbrizdirsə, demək İsmayıl babamın ocağı da başa layiq şəkildə bayramları qutlamaq şansına mütləq yetişəcək. Bu yazımın adını “Xızırlı günlərin sorağında” qoyarkən, həm də cahanda əmin-amanlığın xiffətini çəkmiş oluram.Atamız, Böyük Öndərimiz Atatürkün təbiri ilə desək ,“Yurdda sülh, cahanda sülh” çağırışı ilk növbədə istiqbalımız üçün yol xəritəsini çəkmiş olur. Türk millətinin hər savaşı əslində, barış naminə, hüzur naminədir.Barış içində, hüzur içində olmağımız həm də bayramlarımıza, folklorumuza, mifologiyamıza sahiblənməyi şərtləndirir.Ən azı ona görə ki, daha Xızırlı günlərin sorağında qalıb, “heyif o bayramlardan…” deməyək!
Turan Uğur,AYB-nin üzvü, yazıçıTURAN UĞURUN DİGƏR YAZILARIDAHA ÇOX MƏLUMAT BURADAOxuyun >> Gözündə tük varZaur Ustacın şeirləri haqqındaYAZARLAR.AZI>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<II>>Mustafa Müseyiboğlu adına kitabxana<<I
Dədə Ələsgər -205 Mübarək Novruz bayramı günlərində millətimizə əta olunan Aşıq Ələsgər elə bir ədəbi hadisədir ki, onun haqqında yazdığım məqaləni ilin hər günü paylaşmaq olar.”Olar” nədir, labüddür, əfzəldir.Belə bir ədəbi düha elə Novruz günlərində, bahar çağında doğulmalı idi ki, ulusumuzun hiss, duyğu, fəhm tərcümanına çevrilsin. Yeri gəlmişkən, “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı “Türküstan” qəzetindən də oxuya bilərsiniz!
Bu il Dədə Ələsgərin doğulmasından 205, vəfatından isə 100 il ötür. Deyəsən, şair Məmməd Aslan demişdi: “Möminlərin bir qibləsi var, şairlərin iki – Biri Füzulidir, biri isə Dədə Ələsgər” Hər ikisini çox sevdiyimdən hər ikisindən dəflərlə yazmışam. Ancaq bu dəfə daha rahat, daha arxayın yazmağımın səbəbləri var.Xatırlayıram ki, 2024- cü ilin sentyabrın 30-da paytaxtımız Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bəndənizi daha da fərhləndirmişdi.Aşıq Ələsgərin neçə-neçə qoşmalarını, gəraylılarını, təcnislərini, cığalı-təcnislərini müxtəlif məclislərdə əzbər deyən, onun şeiriyyatına vurğun olan birisi kimi “Şairlərin qibləsi – Aşıq Ələsgər” adlı yazımı sizə təqdim edirəm.
Şairlərin qibləsi – Dədə Ələsgər
Türk, bəy türk, bay türk, gözəlliyə bayılan türk, aləmə görk olan türk – Göytürk, ey əhli-Türküstan, əhli-Turan , əhli-Azərbaycan, Qorqud atanın ocağında yurd salanlar, bir əlinizdə qolça qopuz, bir əlinizdə isə əmud olsun, gürz olsun, toppuz olsun, dillərimizdə dastanlarımız, laylalarımız, oxşamalarımız olsun, gərək ki…
Ələsgər haqq sözün isbatın vеrə, Əməlin mələklər yaza dəftərə, Hər yanı istəsə, baxanda görə, Təriqətdə bu sеvdalı gərəkdi. (A.Ələsgər) Xoş sədalı gərəkdirsə, o səda Göyçədən, Ağkilsədən gəlməli. Göyçəm, deyim, Göyçəli aşığım deyim, aşiqim deyim, qələndərim, dərvişim deyim, vəlim, dəlim ey Ələsgərim, o seyrangahda nə var nə yox, bir üzübəri gələrsənmi, çərşənbə günündə olsa daha xoş olar bizimçün, olmasa da qəbulumuzdur.Axı indi də müjgan oxunu atanlar eyzən sənin gözəllərinə bənzərlər, doğru buyurursuz çeşmə başı indi görüş yeri deyil, dədə Ələsgər! O köşək gözlü bulaqları, əfsus ki, indi planşetlər, telefonlar əvəzləyib.Hər elmdən hali, hər sahədən vaqif olan ozanımız, bir işarət eyləsəm kafidirmi sənə?
Seyrangahda cüt gözəlin Mail oldum birisinə, Dərd məndədi, dərman onda Biri ləbdi, biri sinə… (Aşıq Alı) -söylərkən bunu yar ləbindən zövq, məşuq sinəsindən ləzzət alanların təcnisi saya bilərik.Belə misraları bir Türk övladı kimi sevənlərin şüarı, sevilənlərin himni kimi də oxumaq olar.Niyə olmur ki?! Təki zadəgan kimliyimizin, romantik vücudumuzun dəliqanlılığından biraz da çəkinməyək, əksinə, iftixar hissi duyaraq Aşıq Alı, Miskin Abdal, Aşıq Şenlik, Aşıq Ələsgər kimi ulularımıza sahib çıxaq!
Ələsgər qurbandı bеlə gəlinə, Sona kimi cumub еşqin gölünə, Gümüş kəmər xub yaraşır bеlinə Yaxası qızıldan düymələnibdi. (A.Ələsgər) Yaxası qızıldan düymələnən, çərşənbə nədir elə şənbə də, bazar günləri də çeşmə başında dayanıb, zülfünü çiyninə, tellərini üzünə tökən şux gözəllərə qoşma qoşan aşığımız, Dədə Ələsgərin Ağkilsə kəndində, Göyçə mahalında, həm də bir Novruz bayramı günündə xalqımıza əta olunması görəsən lütfi-kərəm deyil, bəs nədir, əcəba?!
1821-ci ildə, mübarək Novruz bayramı günlərində qədimim Göyçədə doğulan Ələsgərin yolu-yörəsi bir ulusun yolu kimi səciyyələnməlidir.Alməmməd kişinin evindən sonra növbə aşıq Alı xeybəsinə çatacaqmış da, ocağı ocaq, qucağı qucaq əvəz edəcəkmiş, sən demə. Künyəsi “dədə” olan aşıq Ələsgərin sadəcə gözəllərə şeir qoşması kimi bəsid düşünməmək lazım, onu təsəvvüfdən, irfandan ayırmayacaq məqamlar büsbütün ozanımızın şair qəlbini bütün dövrlərdə çulğamışdı.Amma hələ var o gözəlliyə tapınmağa, hələ çox var, hələ el aşığını bir tanıyaq, bir sevək.Axı sevməyin yolu tanımaqdan keçir.
Ahəngər dеyiləm, naşı bəzirgan, Gözüm dürdanədə, a yəməndədi. Sinəmdədi еşqin şirin çеşməsi, Ləzzəti mеyl еdib ay əməndədi.
Bir sazım var, yox pərdəsi, nə simi, Onu çalıb, kim tərpədər nə simi? Firdovsi, Fizuli, Hafiz, Nəsimi – Onlar da yazdığı, ayə, məndədi.
Kişi gərək zəhmət çəksin, dər salsın , Süfrə açsın, ad qazansın, dər salsın. Dərsi azlar Ələsgərdən dərs alsın, Altı min altı yüz ayə məndədi. (A.Ələsgər) Həcər, Telli, Müşgünaz, Gilə, Pərzad, Əsli, Gövhər, Güləndam, Güllü, Mələk və daha neçə bu cür mələkxislət qızcığazları tanımıram, bəs, bunlar kimlərdir? Aşıq Ələsgərdən soruşmaq səlahiyyətində olsaydıq sorardıq, mənə qalsa deyərdim ki, onlar şairin qoşmalarına, təcnislərinə, şeirlərinə yol tapmış sıradan kəndli qızlarıdır. Hər eldə, hər obada rast gələcəyimiz bu sayaq pərilər yolunu azanı ozan, yolundan çıxanı canan eləməzmi?! -Edər, Ələsgəri də etmişdi, hələ 14-15 yaşında ikən…Qızcığazın da adı Səhnəbanu idi.Kərbəlayi Qurbanın canparəsi idi Səhnəbanu. Aşığın Səhnəbanuya olan yeniyetməlik eşqinin qənimi Kərbəlayi Qurban adlı birisi olmuş. Qurban kişinin yosma, nazənin qızına qurban getməyə hazır və razı olan bir aşıq tanıyırıq: Aşıq Ələsgər. Aşıq Ələsgərin aşıqlığı aşiqliyindən doğurdu. Nəyi qəsd elədiyimi açıq söyləyim.Kamalına kamal, camalına camal çatmayan, didarı kimi kirdarı da gözəl olan Aşıq Ələsgərin əlinə saz, dilinə söz alması bir ürəkbulandıran, canodlayan olaydan sonra olmuş desək – yanılmarıq.Yenə mal-dövlət hərisliyi gün kimi ortada görünməkdədir.Səhnəbanunun əmisi pullu Məhərrəm bu eşqin qənşərində xar kimi bitsin, gözəl bir növrəstəni öz oğluna arvad, özünə gəlin etməkdə olsun, biz də Ələsgər kimi bir yeniyetməni təkcə aşiq yox, həm də aşıq etmiş olaq.Biz – yəni onu sevənlər.
Ov kеçdi bərədən, ata bilməzsən, Uçdu gеtdi əldən, tuta bilməzsən, Yеrisən, yüyürsən, çata bilməzsən, Görürsən ki, baxtın yatdı, sən də yat.
Neyləyəsən ki, Səhnəbanuya olan sevgi əhvəlatı başlar-başlamaz bitəcəkmiş, lakin könlünə məlhəm olan Kəlbəcərli qızı Anaxanım 40 yaşında Ələsgərə yar, övladlarına ana olacaqmış.Buna qədər isə Ələsgəri Səhnəbanuya bir ər kimi nəvaziş göstərmək yerinə, ustad aşıq Alıya şəyird qismində qul-kəntərlik etmək nəsib olmuş . Axı dəryaların qaydasıdır ümmana baş vurmaq – Aşıq Alı ümmanına.O Alı ki gözəllər səfinə səcdə eylərdi. Aşıq Ələsgərin sazla olan şəklini görmüsüz yəqin ki! Mütləqdir ki, görmüsüz.Solaxay idi ozanımız.Sol əli ilə sazı çalar, sağ əli ilə pərdələyərmiş.Bunu nəvəsi İslam Ələsgərin xatirələrindən də bilmək olar.Solaxaylıq isə fenomenallıq nişanıdır, buna rəğmən dədə Ələsgərin mütəvazilik süzülən əyin-başından, təvazökarlıq tökülən çöhrəsindən, dürlü-dürlü kəlamlar düşən dodaqlarından bunları eşitmək olar: “Şəyirdlikdə can çürütdüm, hərgiz ustad olmadım” yaxud da “Yazıq Ələsgərəm azdır kamalım, vacibdir ki, bir ustaddan dərs alım” deyən Ələsgərin ustadı kim idi, Aşıq Alı idi.”Ələsgərin doğru-dürüst təhsili yoxmuş” deyirlər. Necə olur ki, İrəvandan, Şəmsəddin elindən göndərilən bağlamalara, həcvlərə aşıq Ələsgər tutarlı cavab verə, el məclislərində Qurani-kərimdən dəlillər gətirə, “Ələsgərəm hər elmdən haliyəm”- deyə, lakin biz onun adını oxumaq-yazmaq bilməyən birisi kimi qələmə verək.Zənnimcə, bu bir qədər qarışıq, dolaşıq məsələdir. Açığı bu mənə əsla inandırıcı gəlmir.Yenə də böyüklərin, Ələsgər ocağına yaxın olanların sözlərinə inansaq demək olar ki, o fəhmlə, kəskin hafizəsi ilə bir çox dünyəvi elmlərə vaqif olubmuş. Daim Nəsimidən, Füzulidən, Hafizdən iqtibas edən, sitat gətirən, hecada bütün şəkil, formalarda şeir deyən, dastan söyləyən Ələsgərin ustadı təkcə Aşıq Alı deyildir ki, mən bu cərgəyə Ağ Aşığı, biraz irəli gedib, Qurbanini, Tufarqanlı Abbası, Sarı Aşığı da əlavə edərdim.Ələsgər xalqın sinəsindən gələn atalar sözlərində, bayatılarda, laylalarda, hikmətli kəlamlarda gizlənib. İnsafdırmı gülə həmdəm xar ola, insaf deyil, fəqət xar kimi yurdumuza pərçim olan bədxah qonşuların ucbatından doğma Göyçəlilərimiz kimi, Dədə Ələsgər də qərib həyatı yaşayıb, öz yurdundan didərgin düşüb.Çox qeylü-qallar yaşayan aşığın son günləri, son illəri olduqca ağır keçib. Vaxtilə el-el, oba-oba gəzib toy-düyünlərdə məharət göstərən Dədə Ələsgər dəfələrlə nakəslərin, yolkəsənlərin, quldurların, həramilərin, çapovulçuların ziyanxorluqlarını görüb, hətta Göyçənin Qızbulaq kəndində “Əsli və Kərəm” dastanını söyləmiş, səhərisi gün bir keşişin hücumuna da məruz qalıbmış.”Bəsirət gözü açıq olanların, batini görənlərin nəsibi bu cahanda zillət çəkməkdir”, deyirlər.Ələsgər də bu səbəbdən istisna deyil, lafı laf, sözü söz olan, əməli əməl sayılan Ələsgər kişi seçib gövhəri saf eyləmişdi. Aşıq Alı kimi, Aşıq Ələsgər də dildən dilə, ağızdan ağıza keçib gəlib.Ələsgər irsinin öyrənildiyi üçün Hümmət Əlizadəyə və aşığın nəvəsi, araşdırmaçı İslam Ələsgərə borcludur söz xiridarları.1956-cı ildə ilk dəfə ruhunu rəhmətlə andığımız İslam Ələsgər babasının kitabını nəşr etdirib. Ələst aləmində kim “bəli” demişdi, yadınızda deyil, heç kəs izah edə bilmir.Ələsgər isə məndən soruşub Rəbbimiz – deyərdi. “Ələstidən bəli dedim, nə xoş kamaldır yüküm”- deyən, 105 il yaşayan Ələsgərin yükü mənim yükümdür, yurddaşımın, qardaşımın, sirdaşımın yüküdür.Bu yük 44 Günlük Zəfər savaşımızdan sonra demək olar ki, xeyli azalıb, bir əlcə, bir çəngə qalıb.Yeri gəlmişkən, sentyabrın 30-da başkəndimiz Bakıda Dədə Ələsgərin abidəsinin açılış mərasimi bizə daha bir başucalığı gətirdi. Başın ucalığı isə bütün zamanlarda millətə şərəf və xeyir gətirər – irəlini daha yaxşı görmək naminə bundan gözəl bəxşiş ola bilərmi?! Hə, indi “şairlərin qibləsi” şəhərimizdə, düz bir addımlığımızdadır.Gəl də, kərəmini, lütfünü bizə az eyləmə, Dədə Ələsgər!
(Məqaləmdə Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərin xatirələrinə və şəxsi qənaətlərimə söykənmişəm)
Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Səddə diləyi dünənlə bugün arasında, Böyük çillə ilə Kiçik çillə qovşağında edilən diləkdir.Onu deyim ki, 40 günlük Çilləyə “xudahafiz” deyibən, Kiçik çilləyə “mərhaba” söyləməyin özü də bir ərdəmdir.Və ərdəmlik odur ki, gedənə sağol, gələnə salam deməyi bacarasan.Çıxasan eyvana, diləyini tutasan, Novruza gedən yollarımızın asanlığını diləyəsən.Ruzi-bərəkətin göydən elə yağar ki, Kiçik çillənin məşəqqətini ləzzət, “qışın oğlan çağı” nın müşkülünü zövqü-səfa bilərsən. Bunu bildinsə yaşamaq da qolay olur. Qeyd edim ki, qədim əyyamlardan üzübəri Səddə bayramı Novruz bayramına 50 gün qalmış keçirilərdi.Bu haqda Nizaminin “İsgəndərnamə” sində yazılan bu qutsal misralar həmin fikirlərin əsl təsdiqidir. Novruz ilə Səddə bayramlarında, Ayinlər yenidən olurdu bərpa.
Ər üzü görməmiş növrəstə qızlar, Evindən sevinclə dışarı çıxar.
Əllər al xınalı, üzlər bəzəkli, Hər yandan gəlirdi coşqun ürəkli…
Beytlərdən də göründüyü kimi Şeyx Nizami dönəmində Səddə günü bayram coşqu ilə keçirilərmiş, eynən Baharda olduğu kimi hamı bəzənər, düzənər, atəşli ürəklər qışın çovğununa meydan oxuyarmış. Ayinlərin bərpa olunması isə odur ki, yurdumuzda ən əski çağlardan Səddə mərasimləri əzəmətli şəkildə keçirilərmiş, zira onun müəyyən epizodlarının bərpası güncəl mahiyyət qazanıbmış. “Novruza 50, biçinə 150 gün qalır” şüarı isə yurdumuzun yalnız müəyyən bir kəsiminin gələcək planlarından soraq verib. -Bəs Səddə günü nələr yaşanırdı? -Yurddaşlarımız meydanlara çıxarmışlar, tonqallar çatılar, amma millət ocağın yox, el-elatın coşğusuna, istisinə qızınardı.Bu sıcaqlıq zimistanın düz ortasında ilac kimi gələrdi bizim dədələrə, nənələrə.Şirniyyat bişirənlər kim, süfrə açanlar kim…Hər kəs gücü çatandan bayram süfrəsini bəzəyərmiş.Adından da göründüyü kimi sədd olardı, hüdud olardı iki Çillənin qovşağında. Səddə bayramı mazimizdə müxtəlif ayinlərlə, rituallarla daha da xoş keçərdi.Ancaq bir məqam var ki, Novruza qədər olan ayinlərin, mərasimlərin heç biri əzəmətinə görə Novruz təmtərağını ötməməli idi. Beləki, Novruzu kiçik anmalarla düzənlənən yığnaqlar müəyyən qədər bayramı imitasiya etmək xarakteri daşıyardı.Bu mənada adəti üzrə Səddə tonqalı da Novruz tonqalından daha artıq şölə saçmazdı.Bu kimi nüanslar yalançı, xəbərçi çəşənbələrimizə də xasdır. “Qırxı getdi, iyirmisi qaldı” demək Çillənin çoxunun arxada, azının irəlidə olduğuna nişanə idi. Səddə bayramının məxsusi ayinləri haqda bilgilər günümüzə qopuq-qopuq, pərakəndə şəkildə çatıb.Şübhəsiz, Səddənin Novruzqabağı digər önəmli günlərlə bənzərlikdən savayı fərqli özəllikləri də olub.Fikrimcə, bu faktor daha çox Səddə nəğmələrində, sloqanlarında, mərasimlərində – söz-sovumuzda bir qüvvə kimi düyümlənib.Əsrlər boyu bir-biri ilə iç-içə olan “Səddə” və “mərasim” sözləri bugün təbii şəkildə üzvü bir hala gəlib. Vaxtilə qaş qaralanda yeniyetmələrin kənd, şəhər meydanlarında cəm olunması Səddə gününə törənlərdən idi.Şölənlərdən, təzahüratdan xali olmayan gecədə müxtəlif xalq oyunları oynanılar, uca folklorumuzun çiçəyi çırtlayardı. Məbədlərə gedib, soyuq rüzgarı atəşə atıb, sıcaq Günəşin könlünü almaq da Səddə mərasimlərindən öndə gələni idi.Odun, alovun hənirtisini əyinlərdə kürk bilən türk insanı çovğuna bu sayaq dərs verərdi.Xeyirlə şər qovğasında hansı səfdə dayanmalı olduğunu – haqqı, ya nahaqqı seçməyi boynunun borcu idi.Sudan duru, aydan arı Çərşənbələrin pişvazına çıxmaq, onu sevə-sevə qarşılamaq türkün nə qədər alicənab, necə kübar bir davranış sərgiləməsindən xəbər vermirmi?! Yalançı çərşənbələrin bir addımlığında yurddaşlarımızın sevincək olması, bayram bəşarətçilərini birgə qarşılamaq məmləkətin bir olmağını, diri olmağını, iri olmağını icab etdirmirmi?! Deyirlər, niyyət niyyətə, dua duaya calananda nəinki yer, göy də bayram edərmiş.Hamı payını alarmış bu Səddə sovqatından.Alaq bu mübarək gündən biz də öz payımızı.Çünki bugün öləzimiş adətlərimiz fonunda Səddəni sərəfraz görməməyimizin təbii səbəbləri var.İnsanların gündəlik dərd-sərləri, həyat problemləri, keçim qayğıları demək ki, folklorumuzdan da yan keçməyib.Bu məqama “heyhat!” deyibən, içimizdən silkinib, özümüzdə güc yığıb bayramlarımza sığınmağın çoxdan vaxtı yetişib.Özümüz olmağın tək formulu, yeganə düsturu yalnız bu kimi bayramların bətnində doğal şəkildə çözülür.Biz də doğa kimi özümüzü çözək.Yolumuzdan sapmayaq, cığırımızdan saqınmayaq! Səddədən Novruza bu dayanacaqlardan keçməklə marşrutumuz belədir: -İlaxır çərşənbələrimizin ilki –Su çərşənbəsi fevralın 24-ü, Od çərşənbəsi martın 3-ü, Yel çərşənbəsi martın 10-u, Torpaq çərşənbəsi isə martın 17-isidir.Yaz fəsli yurdumuza martın 20-isi, saat 18:46-da təşrif buyuracaq. Diləklər cürbəcür olur: ömür diləyi, mal-dövlət diləyi, sağlıq diləyi – bir də var Səddə diləyi.Diləyiniz mübarək!
Həmin gün ruzilər Səddədən gələr, İnsana hər zülm bəndədən gələr. Novruza əlli gün qalıbsa nə var, Meydana yüyürsün çolma-çocuqlar. Südlü çörəklərin ətri qovzanır, Şirniyyat süfrədə, ocaqlar yanır. Qırx günlük Çilləyə “sağol” deyibən, Çıxmışam Səddənin pişvazına mən. Gələn müsafirdən hey mədəd umub, Bir munis yar kimi üstünə cumub. Qucaram mən onu, mehmanım olar, Bu Kiçik çilləni sevməzmi insan?! Səddədir Çərşənbə bəşarətçisi, Səddədir Xıdırın tək müjdəçisi. İndi unudubdur səni çoxları, İndi insan dərdi, insan “ah” ları, Çox şeyi kölgədə qoyub, deyəsən, Başını çən-duman alıb, deyəsən. O çən də, duman da gedər haçansa, Kimlər ki Novruzun hikmətin dansa: Zəlildən zəlildir, şikəstdən şikəst, Onlara aşina olmağa dəyməz! Novruzu səsləyən Çillə əzizdir, Çün dışarıdakı qardan təmizdir. Səddənin xeyiri, faydası, bumu? Turan Uğurun könül albomu: Açılır yarpaqtək Baharı öyür, Qəlbimdə ürək yox, Günəş döyünür.
ƏBƏDİLİK MİSSİYASI (Unudulmaz insan, şair, Ali Sovetin deputatı, ictimai xadim Cavid Salman oğlu Axundovun işıqlı xatirəsinə ithafən)
25 yanvar 2000-ci il…Ayrılığın son duracağı…Zamanın idbar sifəti ilə üzümüzə bozardığı, diş qıcadığı, adidən adi bir qış günü Cavid Axundov kimi insanın elegiyasını əlacsız, naçar, candərdi şəkildə oxuyurdu.Yasamal rayonu, Məmməd Rahim küçəsi -20 ünvanının siyaha büründüyü, qara rəngə boyandığı məlum tarixçə hər kəsə məyusluq libası geydirmişdi.Həmin günlər qəzet səhifələrini “zəbt edən” Cavid Axundovun vəfatına üzülən dostların, qohumların bədbin yazıları ard-arda sıralanmaqda davam edirdi.İctimai xadim, vaxtilə bir sıra dövlət vəzifələrində bulunmuş Sadıq Murtuzayevin “Dostlarımız seyrəlir!” yazısındakı ilk sətirlərdəcə ürəyimizi sızladan kövrək cümlələrin 26 illik hüzn havası bu sayaq qoxumaqdadır. Belə başlayırdı o sərt rüzgarların canyandıran, ürəkodlayan sətirləri: -“Seyrəldikcə qəlbimizdə boşluq yaranır.İllərin dost sınağından, bütöv şəxsiyyət sınağından keçmiş adamlarımızı itirdikdə sarsıntılarımız bizi elə çulğalayır ki, xeyli vaxt özümüzə gələ bilmirik.Və bu itki qəfləti olanda ürəyimiz az qalır ki, yerindən oynasın.Cavid Salman oğlu Axundovun itkisi qarşısında mən belə bir ovqat keçirtdim.Onun məzarı üstündə söz demək lazım gəldikdə şair Məmməd Rahimin aşağıdakı misraları dilimə gəldi: Yarat, sən köçəndə ellər söyləsin, Dünyadan nə gözəl bir insan gedir! 40 ilə yaxın müddətdə Cavid əmi ilə dostluq eləmiş, hətta şeir kitablarını çıxartmaqda rol oynamış Sadıq Murtuzayevin – o nəhəng kişinin sarsıntılı hisslərini bu dəm yaxşı anlayıram. Cavid Salmanoğlunun həyatı haqqında öncələr yazdığım “Cavidanlıq qazanan Cavid Axundov” essesində müfəssəl məlumat verdiyim üçün bu dəfə yalnız ayrı-ayrı həyati məqamlara, ömür ştrixlərinə diqqət yetirməyə çalışacam. Cavid müəllim türkçülük naminə, bütöv Azərbaycan eşqinə həmişə danışmışdı, həmişə yazmışdı.Hətta 1990-cı ildə Ali Sovetin deputatı seçildikdə 23 sentyabr 1990-cı il “Abşeron” səhifəsindəki müsahibə-reportajdan da oxuyuram.Xatırladım ki, həmin müsahibəni Cavid müəllimdən Abdul Haşım almışdı: Cavid əminin fikirlərinə bir daha tanıqlıq edirik.Deputat seçilən əsnada aparılan bu müsahibəsində deyirdi: -“Azərbaycan Demokratik Respublikasının ərazisi 119 min kvadratkilometr olmuşdur.İndi isə cəmi 86.5 min kvadratkilometrdir.Mən əvvəlki ərazimizin yenidən doğma xalqımıza qaytarılıb bərpa olunması tələbini irəli sürülməsi ilə tamamilə şərikəm və bu ideyanın həyata keçirilməsinə var qüvvəmi sərf edəcəyəm” Cavid Axundov bu haqlı fikirlərini həmişə səsləndirib.O, təpədən-dırnağa milli insan idi. Aşıq Alı sinəsindən, Dədə Ələsgər bağrından qopmuş, şeirlərini ozanlarımızın təsiri ilə yazmış insan necə olmalı idi ki?! Jurnalistin “namizədlik platformanızda hansı məsələlərin həlli əsas yer tutur?” sualına Cavid müəllimin cavabı belə olur: -“Azərbaycanın real suverenliyinə, iqtisadi və siyasi müstəqilliyinin təmin olunmasına nail olmaq” Bu qəlb etirafları təkcə onun sözlərini, həyata baxışlarını deyil, həm də Cavid Axundovun xeyirxah əməllərini müzəyyən edirdi.Bəzəyirdi, özü də necə bəzəyirdi.Ölkəmizi azad, abad görmək uğrunda onun çabaları lap keçmişdən sərin əsintilərlə dəmadəm qarşımıza çıxır.Cavid müəllimin xeyirxahlığı, el-obaya yaxşılıqları bu gün də kölgəmizə dönüb bizi izləyir.Məxsusən, Xırdalan, Hökməli, Novxanı camaatından o qədər insanla rastlaşıram ki, hamısı eyni avazla, eyni ağızla deyir ki:
-“Cavid müəllim nə gözəl insan idi.Bizə ev-eşik düzəltdi, rəhbərlik etdiyi Xırdalan Quşçuluq fabirikində bizə iş verdi, əlimizi çörəyə çatdırdı” Gerçəkdən də əli hər şeydən üzülmüş insanları çörəyə, ruziyə çatdırmaq Cavid Axundovun həyat kredosu idi. Axı Respublika ilə bərabər nüfuzu vardı Cavid kişinin, adı ölkənin sərhədlərini aşırdı.Səbəbsiz deyildi: yüksək bacarığı, səriştəsi, təşkilatçılığı haqqında Sadıq Murtuzayevin başqa bir xatriəsini səhifələmək olar, olar nədir, bu saat labüddür, müstəhəb yox, vacibat hökmündədir: Sadıq Murtuzayev: -“Bir dəfə MK-nın 2-ci katibi Pyotr Matveyeviç Yelistratovla (1961-68-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi işləmişdi) fabirkdə olduq.Katib istehsatla tanış olub onunla söhbətdən sonra maşına əyləşdikdə üzünü mənə tutub “Bəs biz xeyli vaxtdır kənd təsərrüfatı naziri axtarırıq.Bəs niyə demirsən ki, bizdə belə bir kadr var.Onun şəxsi işini mənə çatdır”. Mən sevinclə bunu Cavidə deyərkən o, məndən təkidlə xahiş etdi ki, Yelistratovu bu fikirdən yayındırım.Mən də çətinliklə buna nail oldum.Belə təkliflər çox olmuşdu.Cavid vəzifə, şöhrət düşkünü deyildi, lazımi şöhrəti elə işlədiyi kollektivdə qazanmış, bu sadə vəzifəsində 30-40 il daim rayon sovetinin, Ali Sovetin deputatı, raykomun üzvü, onun büro üzvü seçilmiş, xarici nümayəndəliklərdə təmsil olunmuşdu” Sadıq müəllimin bu xatirələri yazdıqlarımı təsdiqləməklə birgə, həm də Cavid Salmanoğlu portretini göz önündə bulundurur.Necə zərif naxışlarla bəzənib o porterin cizgiləri, necə ilmə-ilmə toxunulub, naxış-naxış hörülüb, ilahi?! Həyatda da incə insan idi Cavid əmi, çox yeməklə arası yox idi, amma çay içməyi çox sevirdi. Zərif yumordan xali deyildi. Əsasən Həşim Qərvəndi və Böyükkişi Ağayevlə zarafat edərdi.Dostluq şarjları yazardılar bir-birilərinə. Cavid müəllim dostcanlı idi.Özü üçün heç vaxt nəsə xahiş eləməzdi, amma dost sandığı insanlar üçün canını belə verərdi.Yenə Murtuzayevin xatirələri Cavid Axundov nəcibliyini gün işığına çıxarır: -“Cavid dost qədri bilməkdə əvəzsiz keyfiyyətlərə malik idi.Bir epizod onun dostluğuna nümunə kimi yaddaşımda qalıb.Ağdamda işlədiyim zaman onun tələbəlik illərinin bir dostunu büronun qərarı ilə işdən çıxarmışdıq.Ertəsi gün səhər tezdən Cavid Ağdama gəlir və uzun illər ərzində məndən demək olar ki, heç bir təmənnası olmayan Cavid həmin dostunu yerinə qaytarmağı xahiş edir və mən də raykom katibi işlədiyim 30 ildən çox müddətdə ilk dəfə büronun qərarını bir gündən sonra dəyişməli oldum.Məni buna vadar edən ilk növbədə onun dost fədakarlığı idi” Gerçəkdən də dostluqda möhkəm idi Cavid əmi.Ömür-gün yoldaşı Firəngiz anadan həmin şəxsin kim olduğunu öyrəndim: Dedi ki: -“Famil idi adı, Ağdamlı idi.Yeniyetməlikdən bir qarın ac, bir qarın tox birgə böyümüşdülər.Çox sınaqlardan çıxmışdılar.Hətta Cavid müəllimin vəfatından 40 gün keçməmiş Familin də vəfat etməsi bizi çox həyati mətləblərdən hali edir. Cavid müəllimin Qarabağımız işğal altında ikən yanğılı həsrətli şeirləri ilə yanaşı, Güney, Təbriz eşqində qovrulan poeziya nümunələri bəs qədərdir.
Hələ düşməndədir elim, obam da, İntiqam alovu yanır sobamda. Yeni pərvazlanan halal yuvamda, Bir cüt tərlanım var, naxışlarım var. Bir cüt tərlan deyəndə, oğlanları Kamil və Cəmili nəzərdə tutan şair digər övladlarını da canından artıq sevərdi.Qalibi, Salmanı, Nərgizi, Səadəti və sonbeşikləri Kamil və Cəmili.Uzun illərdir Almaniyada yaşayan Kamil də, İngiltərədə məskunlaşan Cəmil də Cavid Axundovun layiqli balalarıdır.Digər övladları Nərgizlə, Səadətlə də söhbətləşəndə sözümüz-sovumuz ancaq Cavid müəllimin həyatından olur.Memar Əcəminin şah əsəri Mömünə Xatun türbəsinin üzərində yazılan bu misralar necə də Cavid müəllimə yaraşır. “Biz gedirik yalnız qalır ruzigar, Biz ölürük əsər qalır yadigar” Dörd şeir kitabı ilə yanaşı Cavid Axundovun əsərləri həm də onun övladları, nəvələridir. Nizaminin bu yaxınlarda keçirilən nişan mərasimi, nəvəsinin sevincli, şad-xürrəm dəqiqələri yəqin ki, Cavid əminin ruhuna agah olmamış deyil. Görünür əbədilik missiyasının düsturu bu qədər sadədir: Yaddaşlarda qalan xeyirxah bir ömrü başa vursan, vəfaından sonra da adın, xatirələrin səni yaşadacaq.Adının haqqını verənlərin taleyinə bu mənada min “əhsən!” düşür.Ötən il 95 illik yubiley ilində də Cavid Axundov ruhuna yüzlərlə insan “dua qıldı”, ünvanına dəfələrlə “salavat çevrildi”.Yaxşı insanlar Cavid Salmanoğlunu xatırladı, haqqında esselər, oçerklər yazıldı, radioproqramlar hazırlandı.Ötən ilin yanvarında ”Mədəniyyət” kanalının efirində “Təqvim” rubrikasında yada salındı.Haqq-say itirməyənlər, qədirbilənlər bütün ilboyu Cavid müəllimi xoş xatirələrlə xatırladılar. Necə sevinməyəsən bu təqdirəşayan mənzərələrə?! Firəngiz xanımın bibisi oğlu, Seyid Mir Rəhim əmi də həmişə Cavid Axundovu xoş duyğularla anır.Mir Rəhim əmi mübarək insandır, Nardaranın seçkin nəsillərindən, Seyid övladlarından, Mir Alim kişinin oğlu kimi bizə ən əziz insanlardandır.Hər bayram mütləq şəkildə Mir Rəhim əmini yoluxmağa gedəndə söhbətimiz istər-istəməz hərlənir-fırlanır gəlir Cavid müəllimin üstünə.Cavid əmi Mir Rəhim əminin böyük qardaşı – rəhmətlik Mir Möhsün əmi ilə qədimdən dost olublar, hərçənd Mir Rəhim əminin xətrini daha çox istəyərdi.Mir Rəhim kişi də əla xatırlayır qəhrəmanımızı: Mir Rəhim İsmayılov: -“Cavid bütün nəslə arxa, dayaq oldu.Hər kəsə qarşı səxavətli idi.Hamıya əl tuturdu. (Təbəssümlə xatırlayır. Mir Rəhim əminin bəmbəyaz saqqalından gül qoxuyur) -Bir gün dedim ki, ay Cavid, səni ancaq bir kostyumda görürəm, bəyəm başqası yoxundu, direktor adamsan.Vare ay Rəhim, bir kostyumdan 5 dənədi, amma eyni rəngdədir, neynim fərqli-fərqli geyinmək olmur axı. -Düz deyirdi Cavid, sovet vaxtı hər şeyə ilişirdilər ki, pulu hardan almısan.Mənim özümdə də vardı həmin kostyumdan, rəhmətlik Elmira almışdı Moskvadan mənim üçün.Dedim ay Elmira, bunu geyinə bilərəm mən, professorların içində işləyirəmeee, onlar maaşla ala bilmirdilər, deməzdilər ticarət adamı necə geyinir? Poltexnik İnstitutunun “stalovasını” işlədirdim axı. Geyinə bilirdik bəyəm? -İlişirdilər? -Həri. Firəngiz ananın xalası qızı Xuraman xanımla da bu mövzuda söhbətləşirik. Xuraman Əhmədova: “-14-15 yaşında atamı, az sonra da anamı itirdim.Cavid əmi mənə dayaq oldu, hamilik etdi.Gətirdi evinə, böyütdü, boya-başa çatdırdı.Turan, inanırsan, onun bu yaxşılığının əvəzini Allah ikiqat verdi.Mənim ad günümdə – 1978-ci ilin mart ayının 17-də Rəbbimiz Cavid əmiyə əkiz övlad bəxş elədi.Novruz bayramı ərəfəsində, mübarək günlər əsnasında Cavid əminin sevincinə sevinc çatmazdı” Xuraman xanımın sözünə qüvvət, doğrudan da, qonşuları Roza xala sonralar Firəngiz xanıma danışarmış ki, Cavid oğlanlarının doğulduğunu eşidəndə az qalsın sevincdən uçsun, pilləkanları iki-iki düşürmüş.48 yaşında Allahın verdiyi bu övlad payları onun vaxtilə etdiyi yaxşılıqların qarşısına çıxması idi.Özü də Novruz günlərində, bayram bayrama qarışmışdı sanki.Novruz bayramı demişkən, qohum-əqrəba təklif elədi ki, uşaqların adlarını – birini Novruz, birini Bayram qoysunlar.Amma Cavid əmi adqoyma aktını Firəngiz anaya əmanət elədi.
Firəngiz xanım: -“Baxdım uşaqların birinin üzünə, elə kamallı baxırdı mənə, Allah elə ağıllı gözləri vardı, mən də adını Kamil qoydum, o biri isə elə camallı görünürdü ki, ona da Cəmil adını verdim” Gerçəkdən də adları ilə böyüdü uşaqlar. Xuraman xanım sözlərinə davam eləyir: -“Cavid əmi hamımızı evli-eşikli elədi. O vaxt ev almağa kimdə o qədər pul vardı ki?! Cavid əmi məni köçürtdü, toyumu elədi, həyat yoldaşım Mirzəağa ilə ev almağımıza kömək etdi. Elə Firəngiz xanımın bacısı qızı Səbinə də təxminən eyni fikirləri bölüşür mənimlə. Səbinə xanım Əsgərova: -Ay Turan, çox atalıq edib bizə.Atam rəhmətə gedəndə 15 yaşım vardı.Ailəmizə dayaq oldu, məni köçürtdü, Moskvadan gedib mebeliməcən aldı.Deputat seçiləndə yeniyetmə qız idim, neçənci il idi yadımda deyil…
1990-cı il… -Hə, yaxşı yadımdadır, Mərdəkandakı bağlarında idilər.Hamımız getdik onu təbrik elədik.Evin içi idik da demək olar ki…Cavid əmi olmasaydı indi biz bu səviyyədə olmazdıq, evində sərbəst idik, bizi sıxmırdı. Hə, nə yadımda düşdü, Xalq Cəbhəsi gələndə onları bir sutka girov saxladılar.Nə vaxt idi? -1992 –ci il, 14—15 may hadisələrini nəzərdə tutursuz? -Həri, nələr keçirtdik onda.Mobil telefon filan yox, xəbər ala bilmirdik.Özü də şəkər xəstəliyi vardı Cavid əmini-bütün deputatları ac-susuz saxlamışdılar, yaman stress yaşadıq onda. Əslində, belə stressli anları, keşməkeşli günləri az olmamışdı şairin.Həyat yaşantıları Cavid müəllimin ağ günlərini siyaha bürüdüyü, günlərini göy əskiyə düydüyü məqamları da yazmaq olar.Ancaq yazmıram, yazmıram ona görə ki, istənilən halda xeyirin enerjisi şərdən, yaxşının gücü pisdən əfzəldir, üstündür. İşıqlı insanın 26-cı anım ilində Səbinə xanımla yenidən Cavid müəllimi anırıq: -“Ümumiyyətlə, uşaqlığım xalagildə keçib. Cavid əminin ikinci qızı Səadətlə daha yaxın idim. Həm onunla təxminən eyni yaşdaydım, həm bir yerdə çox oynayardıq. 1988-ci ildə atam rəhmətə gedəndən sonra Cavid əminin ailəsinə lap qaynayıb-qarışdım.Biz sadə ailədə böyümüşük, ancaq Cavid müəllim bizə o yoxluğu hiss etdirmədi.Bizi tam himayə elədi. Günlərin bir günü mənə elçi çıxdı. O vaxt 6- cı mikrorayonda yaşayırdıq, üçotaqlı amma otaqları dar mənzilimiz vardı.Cavid müəllim gəldi, elçilərlə görüşdü. Çox xoşuna gəldi, onları yola saldı, amma dedi “yox!”- ovaxtkı dönəmi danışıram haaa…1991-ci ildə Mərdəkanda mənə elə bir böyük nişan elədi ki, bəlkə heç kimdə elə bir nişan olmamışdı.Gələn qonaqlar da təəccübləndilər ki, “atası yoxdur bu qızın, ancaq necə təmtəraqlı nişanı oldu” deyə. Bir də eşitdik ki, mənə Moskvadan mebel sifariş edib. Qatarı qarşılamağa qayınım getdi.Vallah elə nəfis, bahalı mebellər gətizdirdi ki… Açığı heç bir zaman korluq çəkməmişəm. Bax Turan, onu da xatırlayıram, uşaq ikən Moskvadan elə geyimlər pay alırdı bizə.Tək mənə yoxe, hamımıza.Allah ona rəhmət eləsin! Mən hər dəfə Masazıra dərsə gedəndə, elə də keçəndə, belə də keçəndə mütləq “fatihə” sini oxuyram, “salavat” ını çevirirəm. Mən atamı 15 yaşıma kimi, Cavid əmini isə 25 yaşına kimi tanıdım.Nə deyim, o, əsl ata idi.Firəngiz xala da elə bir böyük ürəyə sahibdir ki!! Hamımıza yaxşı idi, fərq qoymazdılar bizə. Xalam çox böyük insandır, həqiqətən. Onu da deyim, Cavid əmi haqqında ürəyim doludur. O vaxt biz restoran zad bilməzdik, restoran filan nə gəzirdi indiki kimi. Ağ ”Volqa” sında bizi aparırdı restorana, Cavid əminin sayəsində özümüzü seçilən adam kimi hiss eləmişik. Yadınızdadır da, müsamirələr keçirilərdi məktəb illərində, ən gözəl libasları Moskvadan çeklə alardılar “Beryozka” mağazaları vardı Moskvada – adla deyilirdi, ordan alardılar. Qeyd: Doğrudan da “Beryozka” mağazaları olduqca nüfuzlu məkan sayılırdı.Bu şəbəkə 1961-ci ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə yaradılıb.Moskvada “Beryozka”, Kiyevdə “Kaştan”, Minskdə “İvuşka”, Bakıda “Çinar” adı ilə fəaliyyət göstərirdi.1964-cü ildən SSRİ – də vətəndaşların xarici valyutadan istifadə etməsinə, xarici valyutanın dövriyyəyə buraxılmasına qadağalar daha ciddi şəkildə nəzarətə götürüləndə, “Beryozka” şəbəkəsnin mağazalarında alış-veriş xüsusi çeklərlə aparıldı.Yəni qanuni şəkildə valyutası olanlar onları “vneşposıltorq” un çekləri ilə dəyişib və həmin çeklərdən “Beryozka” da istifadə edə bildilər.Ən əlçatmaz, defisit mallar satılan məkanda istənilən məhsulu almaq mümkün oldu.Çekin varsa, nə istəyirsən al. Amma ”Beryozka” mağazalar şəbəkəsində satılan məhsulların qiymətləri xarici ölkələrlə müqayisədə hədsiz dərəcədə baha idi.Qadınlar üçün yun koftanın qiyməti 9-10 & idisə, “Beryozaka” da həmin koftalar 70-80& – a təklif olunurdu. Hətta Büro üzvlərindən Kuznetsov, Demiçev, Kapitonov, Polyanski və başqa nüfuzlu ailələr də “Beryozka” mağazalarından alış-veriş edərdilər.Sovet dönəminin guya “ən təmiz kommunisti” sayılan Mixail Suslov və ailəsi də “Beryozka” mağazalarında tez-tez görünərdilər. Yəni Səbinə xanım bu mənada da haqlıdır.Cavid əminin ən bahalı malları Moskvadan ona və başqa qohumlar üçün alması, onlarla öz övladlıarı arasında ayrıseçkilik salmamasına dəlalət edirdi.Səbinə xanım dönə-dönə deyir ki, Cavid əminin sayəsində heç vaxt gözüm nədəsə qalmadı. Əminəm ki, Cavid müəllimin də gözü geridə qalmır.Onu sevənlər – övladları, qohumları mütləq Xırdalanda uyuduğu qəbiristanlığa ziyarətinə gedirlər, ruhuna uca Rəbbimizdən rəhmət diləyirlər.Özüm də şənbə-bazar Novxanıya gedəndə mütləq Xırdalandan keçib, daularımı edirəm.Ən azı hər anım günü – yanvarın 25-i və doğum günü iyulun 1-i mütləq Cavid müəllinin hüzuruna gedirik.Gedib onunla əhvalpürsanlıq edib, həmsöhbət oluruq.Mən də Cavid əminin məzarı üstə gedəndə şeirlərindən deyirəm, şair idi axı Cavid Salmanoğlu, məni hamıdan yaxşı başa düşər, sanki bu formada yüngülləşir, onunla birgə mən də ucalıram. Gəldik ucalıq məqamına.Əbədilik missiyasını yerinə yetirənlərin yolu ucalıqdan keçmirmi?! Sən demə, Cavid Axundov şeirlərində məhz buna görə tez-tez “ucalıq” sözünə rast gəlirəmmiş.Əbədilik missiyası ilə bugün də yaşayan Cavid əmiyə bu xatirə günündə gözaydınlığı verməyim gəlir, təxminən bu sayaq: Cavid Salmanoğlu, əbədi və əzəli missiyan, mübarək!
08 – 15 yanvar 2026-cı il, Bakı. Turan Uğur AYB-nin üzvü, yazıçı
Həmin gün ruzilər Səddədən gələr, İnsana hər zülm bəndədən gələr. Novruza əlli gün qalıbsa nə var!!! Meydana yüyürsün çolma-çocuqlar. Südlü çörəklərin ətri qovzanır, Şirniyyat süfrədə, ocaqlar yanır. Qırx günlük Çilləyə “sağol” – deyibən, Çıxmışam Səddənin pişvazına mən. Gələn müsafirdən hey mədəd umub, Bir munis yar kimi üstünə cumub. Qucaram mən onu, mehmanım olar, Bu Kiçik çilləni sevməzmi insan?! Səddədir Çərşənbə bəşarətçisi, Səddədir Xıdırın tək müjdəçisi. İndi unudubdur səni çoxları, İndi insan dərdi, insan “ah” ları. Çox şeyi kölgədə qoyub, deyəsən, Başını çən-duman alıb, deyəsən. O çən də, duman da gedər haçansa, Kimlər ki Novruzun hikmətin dansa: Zəlildən zəlildir, şikəstdən şikəst, Onlara aşina olmağa dəyməz! Novruzu səsləyən Çillə əzizdir, Çün dışarıdakı qardan təmizdir. Səddənin xeyiri, faydası bumu? Turan Uğurun könül albomu: Açılır yarpaqtək Baharı öyür, Qəlbimdə ürək yox, Günəş döyünür.
1 Bu da prospektin bayram gecəsi, Səssislik boylanır yuvalarından. Bu da bu…”Məmməd Rahim küçəsi”, Tənhalıq qoxuyur divarlarından.
2 Hava qaralmaqda, işdən gəlirəm, Yamanca duyulur tənhalıq səsi. Üzümüz yazadı, qışdan gəlirəm, Burnuma toxunur bahar nəfəsi.
3 Amma dönəlgəsi dönüb ömrümün, Yenə yalnızlığım kölgəmə qonub. “Bəs!” demir qadası, “Bəs!” demir gülüm. Sürünür ardımca prospekt boyu.
4 Bu “Əzəl çərşənbə” axşamındaca, İçimdən bir arzu dillənir düzü. Bir tonqal üstündən gərək doyunca, Hoppanım, tökülsün könlümün tozu.
5 O tonqal aparsın ağrılarımı, Bayramı bayramtək keçirim gərək! Uşaqlıq dünyamın anılarını, Dünəndən sabaha köçürüm gərək.
6 Kirimiş məhlədə kimsə görünmür, Yaxşısı budur ki, qayıdım evə. Qalanan ocaqlar nəsə görünmür. Bu nə hüzndür ki, nə olub belə?
7 Keçmişin “Çərşənbə xatirələri” Hələ neçəsinin saxlancı olub. Bəlkə neçəsinin gözü düşməni, Bəlkə başlarının qaxıncı olub?
8 Axı…bu bayram axşamı hamı, Bir azca tənhadı, bir azca yalqız. Tezliklə yurduma gələcək bahar, Bilirəm, sənə də ümiddir, ay qız!
9 Süfrəmiz bəzəkli, qapım da açıq. Bəs bu bayramın nisgili nədir? Kədərim yaxamdan yaman yapışıb. Bir ağac qurdutək içimdən didir.
10 Mən səni gözlədim, yalnızlıq gəldi, Daha heç nə deyil eynimə mənim. Baharın yam-yaşıl ipəklərindən, Tənhalıq biçilib əynimə mənim.
11 Bu da prospektin bayram gecəsi, Səssizlik boylanır yuvalarından. Bu da bu…”bizim Rahim küçəsi”, Tənhalıq qoxuyur divarlarından. 27 fevral, saat 22:46. Bakı.
Məmməd İsmayıl yaşar!
Dəliqanlı igidlər, Yaradar sözdən hörük. Ozan Allah quludur, Sirrə çıxammaz dönük. Tovuz Məmməddən ulu, Məmməd Tovuzdan böyük. Bu kəlməni duyanlar, Bir gün, əlbəttə, şaşar, Neçə Məmməd içində, Məmməd İsmayıl yaşar.
Bir uluca millətin, Bir qaraca qopuzu, O qopuzu bilməyən, Görəmməz Tanrı üzü. Hər ulusa verilməz, Sıx sinənə o sazı, Saza ağız büzənlər, Çin həddinimi aşar? Neçə Məmməd içində Məmməd İsmayıl yaşar.
Dardaneldən keçənlər, Türkün özündən keçməz, Bir gün özündən keçən, Doğru sözündən keçməz. Bu yollarda incələr, Əyri-düzündən keçməz. Vətənə olan sevgi, Köksündə durmaz, daşar. Neçə Məmməd içində, Məmməd İsmayıl yaşar…
Bozqurd olub ölənə, Turan diri qalacaq, Türkü yardan bilənə, Vətən iri qalacaq.
Vətən iri qalarsa, Oğlu-əri qalacaq! Bu sözləri yazarkən, Turan Uğurmu coşar?! Məmməd Araz gedibsə, Məmməd İsmayıl yaşar. Məmməd Alim gedibsə, Məmməd Aslan gedibsə, Məmməd İsmayıl yaşar!
10.04.2021
“Köhnə məhləmiz”
1 A köhnə məhləmiz, görəsən nədən, Gecələr gəlməyən yuxumsan mənim. Gedib baş çəkəndə, görürəm ki, mən, Əvvəlki tək deyil, yoxumsan mənim.
2 İndi köhnə məhlə necə sönükdür, Uzaqdan top səsi gəlir arabir. İncimə, sənin də üzün dönükdür, Qonşular da köçüb bir-bir, iki-bir.
3 Bella xalanı da görmürük daha, Haçandı Müşfiqin işığı yanmır. İndi o xatirələr həyatdan baha Dönüb bir çağaya, neynim ki, qanmır.
4 Ələsgər Ələkbərov-5 ünvanıydı, Mehdiyev Şəfaət olub deyəsən. Yanında “Əfsanə” kafesi vardı Hər şey əfsanəyə dönüb deyəsən
5 Bircə qarajımız sağ-salamatdı Gedib qapısına əl vurub gəldim. Toz basan qarajlar bir əmanatdır, Gedib tozanağın alıb da gəldim.
6 Üzbəüz baqqalı vardı bir zaman, Çay-çörək, bir azca şəkər alardıq “Səbət” marketinə macal tapmasaq, Axşamı qalardı, səhər alardıq.
7 Yağış da yağanda ayaq batardı, Asfaltı yox idi öydən aşağı, Xudmani evləri bizə çatardı, İndi göydələn var göydən aşağı.
8 A köhnə məhləmiz, doluxsunmuşam, Nə yaman azmışam xatirələrdə A köhnə məhləmiz dilxor olmuşam, Baş-başa qalmışam xatirələrlə.
Səni Turan Uğur yadamı salsın? Gəlib səndən keçər həyat səhnəmiz. Şəninə bir şeir deyim ki, qalsın: -Adını da qoyum “Köhnə məhləmiz”
Şair, ssenarist Turan Uğur (İsmayılzadə Turan Asif oğlu) 1983- cü ilin oktyabrın 14-də Göyçay şəhərində doğulub.Əslən Təbrizin Dəryan qəsəbəsindəndir.Babası İsmayıl Paydar-Dəryani Arazın o tayından-Güney Azərbaycanından quzeyə pənah gətirənlərdəndir. Turan Uğur 1999-2003 cü illərdə Bakı Slavyan Universitetinin rus dili filologiyası, 2004-2007- ci illərdə Azərbaycan Dillər Universitetinin avropaşünaslıq-fransaşünaslıq (fransız dili ixtisası) üzrə bakalavr, 2007-2009-cu illərdə Qərb Universitetinin regionşünaslıq-fransaşünaslıq ixtisası üzrə magistr təhsili alıb. Ədəbi yaradıcılığa 22 yaşından dövri mətbuatda nəşr olunan şeirləri ilə gəlib. 2011- ci ildən AzTV-nin “Səhər” musiqi-informasiya proqramında müxbir, 2015-2022- ci illərdə “Mədəniyyət” kanalında “Buraxılış və əlaqələndirmə” şöbəsində efir redaktoru, 2022-ci ildən AzTV-nin “Uşaq, gənclik və maarifçilik” redaksiyasında baş redaktor müavini vəzifəsində işləyib. Müəllifi olduğu “Sətirlər” verilişi 3 il ardıcıl olaraq 2019-2022 ci illərdə “Mədəniyyət” kanalında nümayiş olunub və izləyicilərin rəğbəti ilə qarşılanıb.Bundan başqa “Çıraq”, “Xudafərin”, “Güzgü” verilişlərinin ssenari müəllifi, habelə “Çərçivəsiz”, “Palitra-Art” verilişlərinin redaktoru olub. “Məram”, ” Örnək” “Şuşa-270-Gəncliyin gözü ilə”, “147 ilin işığı”, “Vətən dedim-Laçın”, “Bir qəsəbənin 3 qəhrəmanı”, “Üfüqə açılan gecə” kimi bədii-sənədli filmlərin və verilişlərin ssenari müəllifidir. Bəzi verilişlərdə “Turan”( GünAz tv-də) “Xudafərin”-də aparıcı qismində çıxış edib. 2021-ci ildə nəşr olunan 480 səhifəlik “Sətirlər” kitabının müəllifidir. 108 ssenarisini və 50-yə yaxın şeirini Xalq artisti Mehriban Zəki ifa edib. “Sətirlər” kitabında fransız müəlliflərdən-Viktor Hüqodan, Artur Rembodan, Jak Preverdən tərcümə etdiyi şeirlər də yer alıb.Hazırda Azərbaycan Televiziyasında müəllif kimi bir sıra ədəbi-bədii və publisistik verilişlər hazırlayır. Şair Turan Uğurun “Köhnə məhləmiz” şeirinə musiqi bəstələnib.
Yazıçının 2023-cü ildə ustad şairimiz Məmməd İsmayılın həyatından bəhs edən “Tale şairi: Məmməd İsmayıl” adlı xatirə-romanı nəşr olunub. Turan Uğur 2024-cü ilin iyulun 31-də Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Ssenari müəllifi və aparıcısı olduğu “İrs” folklor verilişi “Mədəniyyət” kanalında uğurla yayımlanır.
Şair Məmməd İsmayıl, Xalq şairi Sabir Rüstəmxanlı, Akademik Rafael Hüseynov, yazıçı Seyran Səxavət, professor Qəzənfər Paşayev, şair Camal Yusifzadə, yazıçı Mustafa Çəmənli, şair Avdı Qoşqar, yazıçı Azər Qismət, yazıçı Kənan Hacı və başqaları uğurlu yollar diləyib, ünvanına xoş sözlər deyiblər. Türk dünyasının ustad şairi Məmməd İsmayıl Turan Uğurun ilk kitabı olan “Sətirlər”ə Ön söz yazıb.