BALACA RƏSSAM Türkay şəkillər çəkir, Rəngdən alır ilhamın. Qələmi əldən düşmür, İki yaşlı rəssamın. * * * Bir iş var ki, biləsiz, Rəsmi çəkir divarda. Nənəsi gülüb deyir, Usta lazım ağarda. * * * Atasıyla bağçaya, Getdi balaca rəssam. Daha şəkli vərəqdə, Çəkdi asanca rəssam.
GÜNAYIN SƏHVİ Bir payız səhərində, Günay durdu yuxudan. Şimşəyin bərk səsindən Gözün qırpdı qorxudan. * * * Baxdı pəncərəsindən, Gördü küləkdir yaman. Dedi dərsə getməyə, Soyuq verərmi aman? * * * Anası qulaq asıb, Bəhanəni anladı. Qucaqlayıb qızını, Bir balaca danladı. * * * Söylədi qızcığaza Boran-çovğun olsa da, Məktəbi heçə sayıb, Dərsi verməzlər bada. * * * Günay səhvin anladı, Keçdi əsas mətləbə. Çantasını götürüb, Yola düşdü məktəbə.
ASLANIN DƏRDİ Xəlil ilk dəfə, Zooparka getdi. Gördü aslanı, Arzuya yetdi. * * * Söylədi ana, Kaş çıxa geri. Burda aslanın, Çətindir yeri. * * * Anası dedi, Əzizim Xəlil. Onların yurdu, Meşələrdir, bil. * * * Əlbəttə, qəfəs, Çətindir ona. Bunu uşaqlar, Gərəkdir, qana. * * * Xəlil düşündü, Azadlıq qədrin. İndi anladı, Heyvanın dərdin.
DƏMİRAĞAC Müəllim uşaqlara, Təbiətdən danışdı. Bildirdi bir ağac var, Hamınıza tanışdı. * * * Suya atsan batacaq, Oduncağı möhkəmdir. Sanki, dəmir kimidir Çox qəribə görkəmdir. * * * Uşaqlar çaşbaş qaldı, Çoxu dedi vələsdi. Düşünmədi heç biri, Yəqin hamı tələsdi. * * * Gözlərini döyərək, Baxdılar müəllimə. Arxa sıradan qalxdı, Hazırcavab Həlimə. * * * Dedi:-dəmirağacdır Oxumuşam jurnaldan. Məlumatım var mənim, Verilən bu sualdan.
ZƏHMƏTKEŞ BABAM Babam hər il bostanda, Çoxlu tərəvəz əkir. Görürəm asan deyil, Xeyli əziyyət çəkir. * * * Məhsul vaxtı sahədə, Kələm, xiyar bol olur. Biz tərəvəz yığanda, Yeşiklər barla dolur. * * * Babamın zəhmətini. Heç vaxt unutmaram mən. Ona kömək etməmiş, Kənddən qayıtmaram mən.
“QORXAQ BACIM” Evimizə həkim gəlib, Mənim bacım qızmalıdır. Tez yoxlayıb bildirdi ki, Ona resept yazmalıdır. * * * Ağ xalatdan qorxan bacım, Heç bu dəfə ağlamadı. Səbəbini soruşanda, Güldü, sirrin saxlamadı. * * * Həkim baba sağ olsun ki, Heç iynə vurmadı mənə. Dedi: -gözəl, şirin balam, Dərman verəcəyəm sənə.
OĞLUMLA SÖHBƏT -O səs nədi elə, Ana? -Oğul balam, yağış yağır. göydən yerə buludların toxuduğu naxış yağır. * * * Bu yağışla nur çiləsin taleyinə kaş ki, Tanrı! Sən xoşbəxt ol, mən də olum, ay ömrümün xoş nağılı! * * * -Bəs, o işıq nədi elə? -O da aydı işıq saçır. günəş batır, ayla ulduz gecələrə qapı açır. * * * Qoy, o işıq amalına, həyatına saçsın, balam! Uzaq olsun hər an səndən. şər, iftira, böhtan, yalan! * * * Bəs, o nəyin qoxusudu? -Pəncərəndə açan güldü, qoxusunu yayıb evə, gül də, sənə baxıb güldü… * * * Daha bəsdi, yataq oğlum, gül-çiçəkdən təmiz, balam! Gəl, bağrıma basım səni, doğma balam, əziz balam! * * * Niyyətlərim, arzularım sənə doğru, sənə bağlı! Bəlkə, sənə nağıl deyim, ay ömrümün xoş nağılı?! * * * Biri vardı, biri yoxdu… varım-yoxum sənə qurban! Hansın deyim, Məlikməmməd, Göyçək Fatma, yoxsa Cırtdan? * * * Yum gözünü, layla çalsın anan sənə həzin-həzin! Yaşayıram, üz-gözümə toxunduqca, tər nəfəsin. * * * Misralarım avazımla cingildəsin qulağında. Gül də açdı, ay da doğdu, yağış yağdı otağında… * * * Mahnı kimi, nağıl kimi ömrün olsun, noğul balam! Sən yat, çəkim mən keşiyin oğul balam, oğul balam! 25.08.2010.
DUYĞUNUN GƏLİNCİYİ Köhnə gəlincikləri Duyğu yığdı yanına. Əvvəlcə, əl gəzdirdi Onların paltarına. * * * Yuyub, qurutdu sonra, Düymələrini tikdi. Ayaqqabısın silib Üstünə boya çəkdi. * * * Saçlarını daradı, Üz-gözünü bəzədi. Sonra, kənardan baxıb Dedi: -Sanki, təzədi! 18.06.2015.
ƏLİSANIN KİTABLARI (Oğlumun “Kitab bayramına”) Əlisa kitabları Yığdı çantaya bir-bir. Bir az keçdikdən sonra Gördü ki, hay-küy gəlir. * * * Astaca qulağını Dirədi çantasına. Eşitdi hay- küy düşüb Onların arasına. * * * Dilləndi Ana-dili: -Mən Ananın dilliyəm, Bal-şəkər, şirin-noğul. Yazılıbdı sinəmə Şeir, tapmaca, nağıl. * * * Ataların sözünü Mən sizə yetirirəm. İşim, sifət, feillə Cümləni bitirirəm. * * * Dindi Texnologiya: -Uşaqlar görcək məni Açılır qaş-qabağı. Qayçı, yapışqan ilə Sevirlər oynamağı. * * * Rəngbərəng kağızları Doğrayıb, kəsib, burur. Plastilin xəmirdən Hərə bir dünya qürur. * * * Dilləndi İnformatika: -Kompyuter əsridi Bizim indiki zaman. Bunun üçün də məni Uşaqlar sevir yaman! * * * Sistem, blok, monitor, Qrafik, alqoritm. Yeni dərs üsuluyla Tutmuşam mən də ritm. * * * Dindi Həyat bilgisi: -Mənim vərəqlərimdə Bilirsiniz, nələr var? Canlı, cansız təbiət, Heyvanlar, bitkilər var. * * * Planet, yer kürəsi, Dənizlər, okeanlar. Yol qaydasın öyrənir, Məni tam oxuyanlar. * * * Dilləndi bu an Şahmat: -Uşaqların sevdiyi Ən gözəl kitab-Şahmat. Topla atəş açılır, Şahə qalxır köhlən at! * * * Fillə, vəzir yanında, Piyada öndə durur Bu oyunun qalibi, Şahı mat edən olur. * * * -Dindi İngilis dili: Beynəlmiləl ad alıb, Dünya belə danışır. Bu dil ilə ölkələr Tam qaynayıb, qarışır. * * * I am speak English, Salam verin:- Hello! Hay! Vell come, nise to meet you! Sağ olun! Sii of! Good bay! * * * Təsviri incəsənət dilləndi öz yerindən: -Uşaqlar qoymur məni, Əllərindən heç yerə. Quaş, pastel, boyayla Rəngləyib silə-silə. * * * Gördükləri nə varsa, Çəkirlər min həvəslə. Yaman maraqlanırlar Bu kitabla, bu dərslə. * * * Dilləndi Riyaziyyat: -Elmlərin şahıyam, Biliklərin açarı. Uşaqlar yaman sevir, Həndəsi fiqurları. * * * Vurma, çıxma, toplama Həll edirlər maraqla. Məntiq, misal, məsələ Gəl, bir məni varaqla! * * * Dindi bu an musiqi: -Çalğı alətlərini Uşaqlara danışdım. Azərbaycan himnini Əzbərlətdim, soruşdum. * * * Gah notdan, gah ritmdən, Gah muğamdan söz saldım. Şirin nəğmələrimlə Könüllərə iz saldım! * * * Dinləyib hamısını, Əlisa gülümsündü. Fikrə gedib bir qədər, Sonra astaca dindi: * * * -Dalaşmayın kitablar, Hamınızı sevirəm! Anam söyləyib mənə, Bunu çoxdan bilirəm. * * * Elm, savad kitaba Yazılan sözdən keçir. İşıqlı gələcəyə Gedən yol sizdən keçir! 20.05.2015.
ANAM NAĞIL DANIŞIR Biri vardı, biri yox… nağılların sayı çox. Atamın mərd elindən, anamın bal dilindən Dinləyib şirin-şirin. çox sevmişəm hər birin. * * * Yatmağa gedən kimi, hər axşam dönə-dönə, Anam başımın üstə nağıl danışır mənə. * * * Göyçək Fatmayla Cırtdan, cəsur Ağ atlı oğlan, Turp, Qoğal, Məlikməmməd, Tıq-tıq xanım və Əhməd, divlə, Qırmızıpapaq gəlirlər bizə qonaq. * * * Dərə keçir, düz aşır, yorulmadan danışır… Nağıl sona yetişir, göydən üç alma düşür. Anam söyləyir mənə: -Ay oğul, qurban sənə, payını saxlayıram, yat, dur sonra yeyərsən! * * * … Sabaha heç nə qalmır. Almaların hamısın anam yeyir, deyəsən? 16.06.2015.
TƏNBƏL RAFAEL Yaman səliqəsizdi Bizim Rafael yaman. Otağı qarış-quruş Olur baxsan, nə zaman. * * * Kitab divanın üstə, Döşəmədə dəftəri. Qələm, şəkil, saatlar… Bərbad gündə rəfləri. * * * Dəsmalı yerdə gəzir, Qırışdı paltarları. Heç narahat etməyir Onu, evin bu halı. * * * Elə ki, lazım olur Ona otaqdan nəsə. Axtarıb tapa bilmir, Hamı yığılır səsə: * * * -Kömək eləyin tapım, Dərsə yetişməyəcəm! Söz verirəm, otağı Gəlib təmizləyəcəm! * * * Elə ki, evə gəlir Hər şey çıxır yadından Tutacaq öz sözünü Nə vaxt, bu tənbəl oğlan?! 22.06.2015.
Zaur Ustacın uşaqlar üçün “Uşaq Boğçası” adlı yeni ktabı işiq üzü görüb. Kitab maraqlı tərtibatı, mövzu əhəmiyyətliliyi baxımından müasir tələbləri tam ödəyir. Rəyçiləri; AR Təhsil İnstitutunun elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor, Əməkdar müəllim, Akif Nurağa oğlu Abbasov və Pedaqogika üzrə elmlər doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü Kamal Həsən oğlu Camalov, Ön sözün müəllifi və redaktor: yazıçı-jurnalist, tədqiqatçı, Azərbaycan yazıçılar və jurnalistlər birliklərinin üzvü Ayətxan Ziyad (İsgəndərov) olan Kitab məktəbə hazırlaşan kiçik yaşlı uşaqlar, məktəbəhazırlıq qrupları və birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Oxumağı bacaran uşaqlar müstəqil, digər yaş qrupundan olanlar isə öyrədənlərin köməyi ilə bəhrələnə bilər.
Kitabdan faydalanmaq istəyənlər bu ling-keçiddən istifadə edə bilərlər:
Şair-publisist Zaur Ustac M. Hadi adına Şamaxı şəhər 9 saylı tam orta məktəbin ” I b” sinif şagirdləri ilə birlikdə “Məzəli Hərflər” müsabiqəsindən sonra. (25.05.2017. Şamaxı ş.)Zaur Ustac Arif Hüseynzadə adına 20 N: li tam orta məktəb-liseyin şagirdləri ilə 9 may Qələbə Gününə həsr olunmuş tədbirdə. (08.05.2018. Bakı ş.)
Zaur Ustacın tanınmış yazıçı-jurnalist, tədqiqatçı Ayətxan Ziyadın redaktəsi və xüsusi tərtibatında “Gülüzənin şeirləri” adlı yeni kitabı işıq üzü görüb. Kitab məktəbəhazırlıq qrupları, digər məktəbəqədər uşaq müəssisələri və gənc valideyinlər üçün nəzərdə tutulmuş metodik tədris vəsaitidir. Kitabın elektron variantı var.
Osloda həftəsonu məktəbinin şagirdləri Zahid Xəlil və Gülzar İbrahimova ilə görüşüb
Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbində «Ana dilimizi qoruyaq!» və “Vətən bizi çağırır!” rublikasında növbəti Zoom videogörüşü keçirilib. Budəfəki görüşünün mövzusu “Nizami Gəncəvi yaradıcılığının uşaqlar üçün tərbiyəvi əhəmiyyəti” olub.
Videogörüşün qonaqları professor, filologiya elmləri doktoru, uşaq yazıçısı Zahid Xəlil, “ Sehrli dünya” jurnalının baş redaktoru, uşaqların sevimlisi Gülzar İbrahimova və ibtidai sinif müəlliməsi İnarə Cəfərova olub. Zahid Xəlil və Gülzar İbrahimova yaradıcılıqlarından söhbət açaraq, dəyərli ədəbi nümunələrini uşaqlarla bölüşüblər.
Eyni zamanda, görkəmli yazıçımız Zahid Xəlil videogörüş iştirakçılarına Azərbaycanda keçirilən “Nizami ili” haqqında ətraflı məlumat verib, dahi sənətkarın yaradıcılığının uşaqlar üçün əhəmiyyətindən danışıb və ədəbi irsindən nümunələr səsləndirib.
Tələbələri ilə dost olduğunu deyən Z.Xəlil uşaqlarla bərabərhüquqlu davranışlara sahib olmağın vacibliyini vurğulayıb. Kitabda olan bilikləri heç nə əvəz edə bilməz deyən professor valideynləri uşaqlara maraqlı kitablar almağa və onların kitablarla mütəmadi təmasda olmağının vacib olduğunu bildirib
Uşaqları sehrli məxluq adlandıran, hər bir yazdığı nağılda uşaqlar üçün maraqlı bir dünya yaradan istedadlı yazıçımız Gülzar Ibrahimova vətəndən uzaqda dilimizi uşaqlarımıza öyrətməyin vacib olduğunu bildirib: “Azərbaycandan çox-çox uzaqlarda – Oslada dilimizi qorumaq və yaşatmaq üçün yaradılmış məktəbin işini alqışlayıram və ümid edirəm ki, uzunömürlü olacaqdır.” “Xarıbülbül” rəsmini çəkən Səlim Abbaszadənin kiçik əsərinin, Sabina Luisa Hidayatinin pianoda ifa etdiyi musiqinin böyük vətənpərvərlik hissindən xəbər verdiyini deyən, G.İbrahimova bu cür görüşlərin keçirilməsinin uşaqlar üçün önəmli olduğunu söyləyib.
Görüşümüzdə iştirak edən ibtidai sinif müəlliməsi İnarə Cəfərova Ana dilini öyrənməyin uşaqlar üçün vacib olduğunu vurğulayıb və öz təcrübəsini şagirdlərlə bölüşüb.
Uşaqlarımız və valideynlərimizin Z.Xəlil və G.İbrahimova ilə maraqlı ədəbi dialoqu olub , onların sevdikləri nağıl,tapmaca və şeirlər yazıçılar tərəfindən səsləndirilib.
Z.Xəlil və G.İbrahimova ilə maraqlı ədəbi dialoq
Yazıçılar şagirdlərin suallarını cavablandırıb və onların ifasında musiqi,şeir,mahnı dinləyib və çəkdikləri rəsmlər ilə tanış olublar.
Görüşdə fəallıq göstərən şagirdlər “Sehrli Dünya”jurnalının diplomları ilə təltif olunub.
İllər öncə mətbuatda qarşılaşdığım bir fotonu uzun zamandır qəlpə kimi ruhumda, ağrı kimi yaddaşımda daşıyıram: Yəməndə bir müxbir məlum hadisələrdən sonra körpə bir qızcığazın rəsmini çəkmək amacıyla fotoaparatın obyektivini dağıntıların üstündə oynayan həmin uşağa sarı tuşlayır. Əlində yavan çörək yeyən, nimdaş əyin-başından, baxışlarında düyünlənən bir gilə göz yaşı qarışıq intizardan, balaca varlığından kədər yağan 4 yaşlı Hayde adlı bu məsum yavru fotoaparatı silah zənn etdiyindən hər iki əlini havaya qaldırıb təslim olduğunu göstərir. İllər ötüb o şəklin üstündən… Amma bu gün də Haydeni xatırlayanda həyat onun balaca əlindəki yavan çörək kimi boğazımda düyünlənir, udquna bilmirəm…
Müharibə dünyanın ən böyük ədalətsizliyidi… Orda uşaqlar ölürlər… Məsələ fiziki ölüm deyil.. Uşaqların əllərindən alınan, öldürülən uşaqlığıdır müharibə…
Şəhid Yusifli Azərin məzarı.
Ömrün ən qayğısız illərini yaşaya bilməyənlərik biz… müharibə dövrünün uşaqlarıyıq. Mən uşaqlığımı heç xatırlaya bilmirəm, daha doğrusu, xatırlamağa ürəyimin gücü yetmir. Anamın nə zamansa həyatda var olduğuna inanmaq istəyirəm hərdən. Və bu düşüncəylə hafizəmdə canlandırdığım bir-iki epizodda da müharibə anamdan qabaq gəlib dayanır gözlərimin qabağında.
3 yaşım vardı… Gecə idi… Asfaltı döyəcləyən tankların tırtıllarının səsi hələ də beynimin içində uğuldayır. Bu dünyada səssiz yaşayan, elə səssiz də köçən Anam sanki oyun oynayırmış kimi qab-qaşıqla hay-küy salıb dışarıdakı vahiməni içəridə yaratdığı şənliklə ört-basdır eləmək istəyirdi. Oyuncaqlarımla yetinməyib, rəfdən kitablarını, süfrənin üstündən qozu, badamı qabağıma tökmüşdü ki, başım qarışsın… Özü isə atamla ikilikdə nigaran-nigaran nəyisə müzakirə edirdilər, anlamırdım… O gecəyə qədər dünyam çəhrayı rəngdəydi… Baxdığım hər şey gözəl görünürdü. Həmin o rəngini bilmədiyim vahiməli səs çəhrayı dünyamın hüzurunu pozmuşdu… Həmin gün uşaqlığımın qorxudan öldüyü gün idi…
İllər sonra polyak əsilli tarixçi professor Tadeuş Svyatoçovskinin “Rus ordusunun hər hansı bir ölkəyə xoş məramla girdiyi olmayıbdır. Bu ordu üçün zorakılıq, qəddarlıq və işğal ədalət anlamı daşıyır. Onlar insanlığa sülh adı ilə əsarəti və istidadı sırıyan adamlardır” cümlələrini oxuyanda heç unutmadığım həmin bədheybət səsi – 1992-ci ilin o vahiməli gecəsini xatırladım… sovet ordusunun Azərbaycandan çıxarıldığı gecəni… mənim bu qədər dəhşətlə xatırladığım həmin gecə hələ müharibə səhnəsi deyildi… Bəs o odun içini gözləriylə görənlər, “Ata”, “əmi”, “dayı” deyə gözləri yollara dikilən balalar neyləsin?!
Müharibənin ən böyük qurbanları xəyal dünyası yıxılan uşaqlardır…
Heç bir boya ilə şəkli çəkilməyəcək, lüğətdəki heç bir sözlə ifadə olunmayacaq ən böyük ədalətsizliyin adıdır müharibə…
Bu, bir həqiqətdir ki, Qarabağ Haqq savaşı idi… Amma Haqq olanın mahiyyətini hələ bu yaşda bizim zehniyyətimiz həzm edə bilmir, körpə balalar necə anlasın?! Yollarda əl-ələ bir düzüm çiçək kimi səf bağlayıb “Bənövşə – bəndə düşə” deyən çağıdır onların. Bənövşə kimi boyun büküb yol gözləyən çağı deyil…
Özümüzün yüz çirkaba bulaşdığımız yetmirdimi? indi sizin pak ruhunuzu, gözəlliklər üçün döyünən balaca ürəyinizin aynası olan dumduru gözlərinizi, pəmbə dünyanızı ədalətsizlik toxumu ilə kirlətdiyimiz üçün bizi heç zaman bağışlamayın, yavrular… Yollara dikilən nəmli gözlərinizə qurban, Allahın savabımızı artırmaq üçün çiynimizə qondurduğu Mələklər, qaranlığımızı aydınlatan Nur parçaları…
… O Nur parçalarından biridir İlknur… Hələ ilk çiçəklərinin sevincini doya-doya yaşamağa macal tapmamış o sevincin səbəbkarını alıb əllərindən acımasız dünya… Əmisinə sarılmaq üçün açılan balaca əllərinin boş qalmağına, əl boyda məsum yavrunun xəyal dünyasının yıxılmağına, “Azər əmi, Səninçün çox darıxıram” çağırışlarını cavabsız, gözlərini yollarda qoymağa necə qıyıb ədalətsiz dünya…?!
Bizim Vətən müharibəsi Qəhrəmanı kimi qürur duyduğumuz Azər Yusifli İlknurun ilk qəhrəmanıdır… Onun körpə dünyasını çiçəklə bəzəyən, balaca ürəyini bəxtiyar edən ilk Qəhrəman… İlknura ilk dəfə qızılgül bağışlayan Qəhrəman…
Gözəl bir bahar səhəri imiş… Baharın – çiçəklərin rəmzi olan xanımların bayramı olan gün… Qapının zəngi çalınır və Azər əmi əllərində üç dəstə çiçəklə İlknurgilə gəlir. Çiçəklərin birini İlknurun nənəsi Nailə xanıma, birini İlknurun anası Aysel xanıma, birini isə balaca şahzadəyə təqdim edir… Beləcə İlknur balaca ömründə ilk dəfə çiçək almağın xoşbəxtliyini yaşayır.
İlklər heç zaman unudulmur axı… innən belə İlknur lap çiçək yağışına da qərq olsa, heç nə ona ilk çiçək bağışlayan qəhrəmanını əvəz edə bilmir…
İlknur yol gözləyir… Şəkillərdən ona gülümsəyən Azər əminin telefonuna yenicə öyrəndiyi hərflərlə məktub yazır, səsli ismarıc göndərir: “Gəl, – deyir. Sənin üçün darıxmışam, Azər əmi. Çox darıxmışam. Hamı Səndən danışır, amma özün gəlmirsən. Sən gəlmədin deyə yeni ildə yolkamı da bəzəmədim. Gəlsən ən böyük bayramım olacaq. Çiçəklərini də istəmirəm, sadəcə özün gəl. Səni çox istəyirəm! Gəl ki, baharımız olsun…”
İlknur Atasından xahiş edib ki, “gül alarsan, Ata, Qarabağa Azər əmimə hədiyyə göndərmək, əmimi sevindirmək istəyirəm, üstünə də yazacağam ki, “İlknurdan Əmisinə” …Nuran bəy qızının arzusunu yerinə yetirib… Çiçəklərdən böyük bir çələng hörüb, üstünə də körpənin arzuladığı kimi “İlknurdan Əmisinə” yazdırıb və İlknurun dediyi ünvana – Qarabağa – kəndimizin Qarabağ böyüklükdə müqəddəs məbədgahına – Azərin uyuduğu şəhid məzarlığına aparıb… İlknurun bu arzusu – Nuran bəyin bu addımı mütləqdir ki, Azəri sevindirib. Nə böyüklükdə sevgiylə anıldığını, ürəklərdə yuva saldığını duyub Azər… Buna ürəkdən inanıram…
İlknurün əmisinə aldığı güllər.
Beləcə… sözün bitdiyi yer… Adam danışmağa, yazmağa söz tapmayanda gözlərindən axıdır ruhundakı ağrıları…
İlknura gerçəyi deməyin, lütfən… Heç zaman bilməsin Azər əminin vurulduğunu… Pəmbə dünyası uçmasın, xəyalları qırılmasın… Bahar gəlsin körpə ömrünə…
Hər “Qarabağ Azərbaycandır!” – nidası ucalanda televiziyada gözü o zabit əmilərin arasında Azəri axtarsın, Qarabağı Azərbaycan edən Azər əmisiylə qürur duysun, düşünsün ki, bir bahar Qarabağdan qayıdacaq Azər əmi, ona xarıbülbül gətirəcək, ümidlə yolunu gözləsin…
Ümidini qırmayın uşağın… Gözləmək gerçəyi bilməkdən, həqiqətlə üzləşməkdən daha az ağrıdır adamı… Gerçəyi bilmək akvariumun sınmağı, susuz qalan balaca rəngli balıqların döşəmənin üstündə çabalamasıdır… Gerçəyi bilmək göyqurşağıya bənzəyən rəngarəng dünyanın bütün çalarlarını itirməsi, bəxtiyar uşaqlığın rəngsiz göz yaşına dönüşməyidir…
Təki bilməsin… Zamansız böyüməsin… acıların içindən boylanmasın dünyaya… İlknurun boyu çox balacadır, dünyanı görməyə boyu çatmır axı hələ…
Dünya onun düşündüyü qədər də ədalətli yer deyil…
Körpə quzum! Yavrum! Heyif ki, öyrəndiyin hərflər, balaca əllərinlə yazdığın məktublar ünvanına yetişmir… Çünki dünyanın əlifbası sənin əlifba kitabındakı qədər – siz balaların məsum dünyasını xoşbəxt edə biləcək qədər rəngli hərflərdən ibarət deyil…
Bax, uşaqlar belə düşünür…
Bircə onu bil ki, Sənin nağıl dünyanın qəhrəmanı indi milyonların qəhrəmanıdır. Sənin balaca dünyanı çiçəklə süsləyən Azər əminin şəkli indi Sənin kimi körpə fidanların köynəyinin yaxasını çiçək kimi süsləyir…
Şəhid Yusifli Azər.
Azər əmi özü isə Qarabağı gülüstana – Vətəni Cənnətə döndərdiyi üçün ucaldığı göylərdən baxıb təbəssümlə gülümsəyir…