Etiket arxivi: Xəlil Mirzə

Müqəddəs Zəfər: 1-ci hekayə

Sən yetim deyilsən

             (“Müqəddəs zəfər”:  1-ci hekayə)

            Şəhərdən erkən çıxmışdılar. Üç saatdan artıq yol gəlmişdilər. Obyektə çatan kimi işə başlamışdılar. Texnikalrın servisini yerinə yetirmiş, nızərdə tutulan təmir işlərini yekunlaşdırmışdılar. Alətlərini yığışdırıb Bakıya qayıtmağa hazırlaşırdılar. Tırtıllı buldozerin operatoru Rauf onlara yaxınlaşdı.

-Kərim kişi, mənim traktorum sındı,- mexankə müraciət etdi.

-Necə yəni sındı? Ay oğul, traktor sınmayır, xarab olur. De görüm nə baş verib.

-Nə bilim ey, qara tüstü verirdi, söndü. Işə düşmür.

-Ola bilsin yanacağı qurtarıb,- deyə mexanik köməkçisi Toğrul söhbətə qarışdı.

Kərim kişi sual dolu gözlərini Raufa zillədi. Rauf çıyınlərini çəkib: “Yanacaq var”- deyə cavab verdi.

-Oğlum, Toğrul, otur maşına, gedək yoxlayaq. Rauf, sən də otur maşına.

Onlar “pikap” tipli xidməti avtomobilə əyləşib narahat torpaq yolla təxminən 500-600 metr kənarda dayanmış buldozerin yanına gəldilər və dərhal işə başladılar. Buldozerin mühərriki bütünlüklə mazuta bulaşmışdı. Texnika özü də çirkab içində idi. Kərim kişi Raufu yanına çağırıb danladı:

-Belə texnika saxlayarlar, ay oğul? Bu sənin çörək ağacındır axı.

-Cəhənnəm olsun, zəhləm gedir bundan. Elskovator istəyirəm, vermirsiz. Bu traktor məni bezdirib, – deyə Rauf mızıldandı.

Kərim kişi səsini bir qədər də ucaltdı:

-Ay oğul, sənə təkərli ekskovator verdik, işlədə bilmədin. Dedin, ləngər vurur, qaza bimirəm. Tırtıllı ekskovator verdik, işlədə bilmədin. Mini verdik, onu da işlədə bilmədin. Buldozeri də bərbad hala salmısan. İndi neyləyək? Bura uşaq bağçası deyil axı…

-Ay kişi, nə düşmüsən ey mənim üstümə? Gəlmisiz, ustasız, düzəldin də,- Rauf kobudcasına Kərim kişinuin sözünü yarımçıq kəsdi,- mənim iş vaxtım bitib, gedirəm evə.

O, yaxınlıqda saxladığı, gəlin kimi bəzədilmiş qonur rəngli VAZ-2107 markalı avtəmobilə əyləşib torpaq yolda toz qopara-qopara sürüb getdi.

Kərim kişi təəccüblə onun arxasınca baxdı: “Dayısının ərköyün balasıdır”- deyə sağ əlini havada yellədi. Sonra üznü Toğrula tərəf çevirdi.

-Oğlum, görürsən kimlərin əlində qalıb yaxamız?

Toğrul artıq yanacaq süzgəcini sökməklə məşğul idi. Başını qaldırıb: “Ona fikir vermə əmi,-dedi, –Mən süzgəci  söküb təmizləyəcəm. Yəqin ki, yanacaq çirkli olduğu üçün süzgəc tutulub”.

-Hə oğlum, düzgün qərardır. Mən də baxım görüm yanacaq çəni nə vəziyyətdədir.

Toğrul süzgəci təmizləyib yerinə bağladı. Yanacaq borularını da hava ilə təmizlədilər. Kərim kişi traktorun çənindən nümunə üçün bir litr yanacaq çəkdi. Yabacağın üzərində su damlaları aydınca görünürdü.

-Yəqin ki, yanacaq nasosunu sökməli olacağıq,- deyə Kərim kişi dilləndi. -Qalx kabinəyə mühərriki işə sal. Mən işarə edəndə qazı artırarsan.

Toğrul “baş üstə” deyib kabinəyə qalxdı. Bir neçə cəhddən sonra mühərrik işə düşdü. Kərim kişinin işarəsi ilə bir neçə dəfə yanacağı artıran pedalı basıb buraxdı. Kərim kişidən “söndür” işarəsi gəldi. Məsələ aydın idi, yanacaq nasosu sökülüb təmirə göndərilməli idi. Köməkləşib nasosu sökdülər və avtomobilin yük yerinə qoydular. Yenidən obyektin “ofisi” hesab olunan yerə qayıtdılar. Burada cəmisi iki otaqdan ibarət olan bir dəmir vaqon var idi. Kiçik otaq gözətçi və fəhlələr üçün, böyük otaq isə sahə rəisi üçün ayrılmışdı. Otaqlarda səliqəsizlik hökm sürürdü. Birinci otaqda iki ədəd ikimərtəbəki dəmir çarpayı, İki ədəd köhnə stul, bir ədəd kiçik masa və divara bərkidilmiş dolabdan savayı heç nə yox idi. Sahə rəisinin otağında da mebellər köhnə idi. Yazı masası, altı ədəd stul, sənədlər üçün dolab, soyuducu, hətta televizor da olan otağın pəncərəsi, qapısı, döşəməsi toz içində idi.

Sahədə onlardan savayı heç kim yox idi. Ətrafı gəzib-dolaşdılar. Yanacaq saxlanılan üç tonluq çənin qapağı belə yox idi. İçməli su iki tonluq plastik materialdan olan çəndə saxlanılırdı. İki yüz litrlık dəmir yağ çəlləkləri, iyirmi litrlik plastik yanacaq qabları ətrafa səpələnmişdi. Tikinti materiallarını saxlamaq üçün işlənmiş dikt və köhnə taxta parçalarından tikilmiş anbarın qapısını yanmış qara məftillə bağlamışdılar. Dəhşətli mənzərə idi…

Axtarıb yanacaq çəninin qapağını tapdılar. Toz-torpağını təmizləyib yerinə quraşdırdılar. Sahə rəisi Salman da nəhayət ki, gəldi. Kərim kişiyə yaxınlaşıb görüşdü, hal-əhval tutduqdan sonra Toğrula işarə edərək “Təzə köməkçin budur?” deyə soruşdu.

-Hə, budur. Adı Toğruldur. Bacarıqlı oğlandır, cəmisi altı aydır ki işləyir, ancaq bir çox iləri sərbəst yerinə yetirir.

Sahə rəisinin otağına keçdilər. Kərim kişi sahədəki acınacaqlı mənzərədən narazılıq etdi. Xüsusilə də yanacağın saxlanmasına məsuliyyətsiz münasibətin nəticəsi olaraq buldozerin sabah, ola bilsin ki, bir neçə gün işləməyəcəyini bildirdi. Bu məlumat Salmanın heç xoşuna gəlmədi. Nəhahət ki, vəziyyəti dərk etdikdən sonra Kərim kişiyə dil tökərək təmiri işini mümkün qədər tez yekunlaşdırmağı xahiş etdi. Kərim kişi elə indi yanacaq nasosunu Bakıya aparmağa qərar verdi.

-Oğlum, mən elə indi Bakıya gedirəm. Sabah tezdən nasosu təmirə verəcəm. Ümid edirəm ki, günortaya qədər təmir edib məni yola salarlar. Sən də bu müddət ərzində buldozerin yanacaq çənində olan çirkli yanacağı ərazidə gördüyümüz yağ çəlləklərinin birinə boşalt, çəni yu. Ərazidəki yanacaq çənini də eləcə  çəlləklərə boşalt və içərisini təmiz-təmiz yu. Mən gələndə təzə yanacaq süzgəcləri də gətirəcəm, üçünü də dəyişərik,- deyə Toğrula tapşırıq verdi. Toğrul bircə kəlmə “baş üstə, əmi”- dedi.

Salman yenə narazılıq etdi:

-Siz nə edirsiniz, Kərim kişi? Sabah texnikaları hansı yanacaqla işlədəcəyik?

-Məndən soruşursan? Hanı qarajdan göndərdiyimiz on tonluq təzə yanacaq çəni? Qapağı da üstündə idi, süzgəci də, sayğacı da. Hanı?- Kərim kişi əsəbi halda soruşdu.

-Sədrin məlumatı var, o çəni baş nəzarətçinin sərəncamına vermişik. Tikintinin öz qanunları var. İstədi, verdik. Başqa cürə mümkün deyildi.

-Mümkün idi Salman, mümkün idi. Başqa çən göndərmək olardı. Nə isə… Toğrul sabah tezdən bu işlə məşğul olacaq. Operatorları verərsən kömək edərlər. Yanacağın üstünü süzüb götürərlər. Yalnız sabah. Zəhmət çək, təmiz yanacaq gətizdir, yoxsa, qısa müddət ərzində o biri texnikalar da dayanacaq. De görüm Toğrul bu gecə harda qalacaq?

-Odur ha, gözətçinin otağı boşdur. Bu axşam hamı toyda olacaq. İnanmıram ki, gözətçi toydan sonra buraya gəlib çıxa bılə,- deyə Salman qımışaraq cavab verdi.

-Yaxşı, daha gecdir, mən getməliyəm. Oğlum, Toğrul, get maşından ərzaq olan zənbili götür. Nərgiz xalanın (arvadını nəzərdə tuturdu) bizim üçün qoyduğu xörəyin yarısı qalıb, qızdırıb yeyərsən.

-Əşşi, ölməmişik ki. Soyuducuda ərzaq olmalıdır. Sabah da nə lazımdır özüm alıb gətirəcəm,- deyə Salman qürrələndi.

Toğrul hər ehtimala qarşı zənbili götürdü. Yuyunub paltarlarını dəyişdilər. Kərim kişi, ardınca da Salman, hərə öz avtomobilində, torpaq yolda toz qopara-qopara getdilər. Ətrafa çökən lal sükut ardınca gecə qaranlığını daşıyırdı sahəyə, Günəş uzaqdan görünən dağların arxasında gizlənməyə can atırdı, rəngi təndir kimi qızarmışdı. Toğrulun telefonu Kərim kişinin avtomobilində qalmışdı, indi yadına düşdü. Qabaq oturacaqların arasında quraşdırılmış qoltuqaltının cibinə qoymuşdu. “Gecə vaxtı kimə zəng edəcəyəm ki?”- düşündü.

Gecə düşündüyündən də çox uzandı. Yaxşı ki, gözətçinin əl fanarı işlək vaziyyətdə idi. Səhər açılana qədər dəfələrlə ərazini gəzib dolaşdı, yuxunu qovmaq üçün tez-tez üzünə su vurdu, idman elədi… axır ki, gecə yuxusuna qalib gəlməyi bacardı.

Hava tam işıqlanmağa macal tapmamış Toğrul ocaq qalayıb hisli çaydanı qaynatdı, stəkanda çay dəmlədi, zənbildə saxladığı pendir və çörək parçası ilə səhər yeməyini “yola verdi”. İş paltarını geyinib buldozerin yanacaq çənini yumağa tələsdi.

Bir qədər sonra sahənin fəhlələri də, operatorlar da gəldilər. Təkcə Rauf yox idi. Təxminən bir saat ərzində köməkləşib Kərim kişinin tapşırdığı bütün işləri yerinə yetirdilər. Yanacağın nisbətən təmiz hissəsini texnikalara payladıqdan sonra çirklənmiş çöküntü hissəsini də boş çəlləklərə tökdülər.

Artıq çənlər çirkdən təmizlənmişdi, texnikalar işləyirdi. İndi dincəlmək olardı. Toğrul gözətçi otağına gəldi. Əllərinin mazutunu yuyub, üst-başını təmizlədikdən sonra çarpayıya uzandı.

…Kimsə onu silkələyir,bərkdən qöşqırırdı. Gözlərini açdı. Sahə rəisi onun yaxasından tutmuşdu.

-Qalx ayağa, yetimçə! Cəld ol! Bura sənin üçün yetimxana deyil gündüz günorta vaxtı tirlənib yatasan. Dur cəhənnəm ol burdan!

Toğrul bir anlığa özünü itirdi, nə baş verdyibi anlamağa çalışdı. Salman onu sürüyüb çarpayıdan yerə atdı:- “Eşitmirsən, dedim ki, çıx çəhənnəm ol burdan!”- deyə yenə qışqırdı. Toğrul ayağa qalxıb bir söz demədən otaqdan çıxdı. Üst-başını qadaya salıb Salmanın sakitləşməsini gözlədi. Salman isə sakitləşmək bilmirdi, elə hey qışqırır, təhqiramiz sözlər işlətməkdən çəkinmirdi:

-Axmaq yetimçə! Yanacağı yerə boşaltmağın bəs deyil, hələ tirlənib yatırsan da? Heç olmasa gedib fəhlələrə kömək edəydin, bir işin qulpundan yapışaydın.

Toğrul yalnız indi nə baş verdiyini anlamağa başladı.

-Rəis, mən bütün gecəni yatmamışam. Səhər erkən işə başlamışam ki, texnikalara tez və təmiz yanacaq verim, boş dayanmasınlar, -Toğrul ona vəziyyəti anlatmağa çalışdı. Salman daha da coşdu:

-Söz güləşdirmə, küçük.

-Həddinizi bilin!- bu dəfə Toğrul da sərt cavab verdi.

Salman sanki yuxudan ayıldı, səsinin tonunu dəyişdi. Sakitcə “yaxşı” deyib otağına keçdi. Mobil telefonla kimə isə zəng edib, bəlkə də Toğrul eşitsin deyə, uca səslə danışmağa başladı:

-Salam müəllim. Necəsiniz, bacım necədir? Salamatçılıqdır? Şükür Allaha, bizdə də salamatçılıqdır. Bəli, işləyirik. Səhər açılandan qaş qaralana kimi dayanmadan işləyirik. Bəs necə? Mən imkan verərəmmi kürəkənimin işləri axsasın? Arxayın ol, tam səmimi deyirəm. Bacımın verdiyi tapşırığı da yerinə yetirdim. Bəli, bəli… on ədəd kənd toyuğu, on kilo xalıs kərə yağı, kənd yumurtası, camış qatığı… bir sözlə siyahı üzrə hamısını öz şoferimlə göndərdim getdi. İndilərdə çatar, səhər tezdən çıxıb. Arxayın ol, hamısını özüm yoxlamışam. Ay müəllim, bir söz soruşmaq istəyirəm ey. Bu uşaq barədə… bu yetimçəni deyirəm də, Kərim kişinin şagirdini. Bu yonulmamış uşağı hardan tapmısınız axı? Kərim kişi ağsaqqal adamdı, xətrinə dəymək istəmədim. Bu uşağı saxladı burda, buldozerin nasosunu söküb apardı şəhərə ki, stendə qoyduracaq. Bu uşağı saxladı burda. Necə? Yox, burda stend nə gəzir? O, bahalı aqreqatdır. Ancaq Bakıda var, elə deyirlər. Gəncədə? Onu yalan deyərəm, bilmirəm. Mənim sahəm deyil axı, mexaniklər bilirlər. Nə isə, bu uşaq burda aləmi qatıb bir-birinə. Götürüb bir ton yanacağı boşaldıb yerə ki, çirklidir. Nə bililm, bəlkə də gecə ikən satıb. Bir az da boşaldıb yerı ki, guya çəni yuyub. Mənim bundan heç gözüm su içmir. Kim tərifləyir, Kərim? Əşşi, heç Kərim də əvvəlki Kərim deyil. Qocalıb, həəə, qocalıb… Təklifim nədir? Qovaq çıxsın getsin. Elə indi deyim getsin? Yaxşı, baş üstə. Oldu müəllim, baş üstə. Sağ ol, Allah amanında! Bacıma salam de. Nə lazımdır, baş üstə, tapıb göndərəm.

Salman şəstlə telefonu stolun üstünə tullayıb açıq pəncərəyə yaxınlaşdı. Üzünü Toğrula tərəf çevirdi:

-Eşitdin? Daha sən bu şirkətdə işləmirsən, xoş gəldin.

Toğrulu hirs boğurdu, qəhərlənmişdi. Çətinliklə özünü ələ alıb:

-Siz necə adamsınız, nə bir ton itki, nə oğurluq? Niyə məni şərləyirsiniz, Allahdan qorxmursunuz? Çənlərin yuyulmasına cəmisi iki-üç verdə yanacaq işlətmişik. Qalanı da çəlləklərdədir. Çöküntü verəndən sonra, yəni sabah üst hissəsini işlədə bilərsiniz. Əslində o yanacağı ümumiyyətlə işlətmək olmaz.

-Mənə ağıl öyrədirsən? Hava qaralmamış çıx get. Asfalta çıxmaq üçün o görünən kənddən də on, on iki kilometr piyada yol getməlisən.

Toğrul nə edəcəyini bilmirdi. Bu sahəyə gəlişi birinci dəfə idi, heç yolu da düz əməlli tanımırdı. Salman bu dəfə bayaqdan dayanıb bu olaylara diqqət kəsilmiş fəhlələrə səsləndi:

-Siz nə dayanıb gözlərinizi bizə zilləmisiz, işinizi görün. Ayın axırında gəlib qabağımda diz çökəcəksiniz, “maaşımızı kəsmə” deyəcəksiniz. Haydı, hərə öz işi ilə məşğul olsun. –Sonra yenidən Toğrula tərəf döndü, -Kərim kişi bu gün gəlməyəcək. Ona arxayın olub vaxt itirmə.

Toğrul ucaboylu, sağlam cüssəli bir gənc idi. Tayk van do və boks üzrə idman dərəcələri var idi. Belə məqamda Salmanı yaxşıca əzişdirə bilərdi. Ancaq tərbiyəsi buna imkan vermirdi. O, gözətçi otağına girib paltarını dəyişdi. Yır-yığış edib çölə çıxdı. Ətrafa göz gəzdirdi, buldozerdən savayı bütün texnikalar işləyirdi. Fəhlələr də öz işləri ilə məşğul idilər. Salman “Toyota” markalı bahalı avtomobilinə əyləşib toz qopara-qopara sahədən uzaqlaşdı. Toğrul çantasını çiyninə aşırıb fəhlələrə yaxınlaşdı. Onlarla sağollaşmaq, həm də Gəncə-Bakı yoluna necə getmək barədə məsləhət almaq istəyirdi. Fəhlələrdən biri onun qolundan tutdu:

-Dayan qardaş, gün batır, bu boyda yolu pay-piyada hara gedirsən? İşi yekunlaşdırırıq. Gedək mənimlə, bu gecə bizdə qal. Tezdən səni yola salaram. Ən yaxşısı rayon mərkəzindən avtobusla getməkdir. Bizim kənd rayon mərkəzinə yaxındır,- deyə əks tərəfi göstərdi.

-Təklifə görə çox sağ ol, ancaq, getsəm yaxşıdır.

-Tərslik eləmə. O görünən kənddən baş yola qədər on iki kilometrdən artıq məsafə var. Fermaların yanından keçməlisən. Çoban itləri canavar kimi olur, uzaqdan bir canlı gördülər ha, dərhal hücum çəkirlər.

-Yox qardaş, qala bilmərəm.

-Onda istəyirsən, bu gecə də burada qal. Bizim Kərim əmiyə çox hörmətimiz var, ağsaqqal adamdır. Səni tək buraxsaq, o kişiyə necə izah edəcəyik bunu? Lap elə Kərim əmi olmasa belə, səni tək buraxmalıyıq bəyəm? Onsuz da gözətçi gəlməyəcək. Mən əvəz edəcəm, qal mənimlə.- bu dəfə o biri fəhlə söhbətə qarışdı.

-Bu axşam da toya gedəcək?- Toğrul zarafat edirmiş kimi üzündə təbəssüm yaratmağa çalışdı.

-Yox əşşi, nə toya getmək? Salmanın qohumudur. Çox vaxt onu biz əvəz edirik, növbə ilə. Salman da ki… içəndə üzünü görmə…

-Belə de. Yəqin Salman buna görə əlavə əmək haqqı yazır sizə.

-Heç bir qəpik də yazmır. Salmanın qohumları işə gəldilər-gəlmədilər bizdən çox maaş alırlar. Sədrin qaynıdır də, bıçağının dalı da kəsir, qabağı da.

Ətrafa sükut çöksü. Toğrul bu təkliflərdən məmnun olsa da, kiməsə yük olmaq istəmirdi. Həm də, öz daxili aləmi ilə təkbə-tək qalmaq istəyirdi. İçində üzücü bir sıxıntı var idi. Bunu kimsənin duymasını istəmirdi.

…Fəhlələrlə sağollaşıb uzaqdan görünən kənd istiqamətində yola düşdü. Bir qədər də qalsaydı, onların təklifi ilə razılaşacaqdı, daxilində artıq tərəddüd yaranmağa başlamışdı. Qürurumu yol vermədi buna, yoxsa bu növbəti səhvi oldu? Yol boyu bu gün baş verənləri saf-çürük edir, hansı səhvə yol verdiyini anlamağa çalışırdı. Bəs sonra nə olacaqdı, sabah nə baş verəcəkdi, indi hara gedir? Cibində puiu yox, yaxınlıqda tanıdığı bir ünvan yox… o qədər çaşqın və üzgün idi ki, fəhlələrdən telefon alıb Kərim əmiyə zəng etməyi də unutmuşdu. Ya da unutmamışdı, Kərim əmi də onlar deyəni deyəcəkdi. Hələ bir az da dərinə gedəcəkdi, “Mən bu işi belə qoymaram, sədrlə özüm danışaram, qal orda məni gözlə”- deyəcəkdi. Ya da deməyəcəkdi… Yox, Kərim əmi bu ədalətsizliyə susan adamlardan deyil. Yaşlı adamdır, onu niyə bu problemə cəlb etsin ki? Yox… madam ki, sədr məsələni araşdırmadan onun işdən azad olunmasına göstəriş verdi, elə adamın rəhbərliyi altında işləməyə dəyməz.

Kəndə çatanda artıq qaranlıq düşmüşdü. Sanki, ulduzlar da öz parlaqlıqlarını nümayiş etdirməyə tələsmirdilər. Ay da dumanla yaşmaqlanmışdı. Onlardamı üzülürdülər bugünkü olmuşlardan, ya utanırdılar? Eh, kimdən utanacaqlar, dünyaya göz açdığı gündən doğmasızlıq əzabı ilə qovrulan bu “yetimçədənmi”?.. Yaxınlıqda it hürdü, Kainatın sükutu pozuldu. Ətrafa göz gəzdirdi, köhnədən çəkilmiş asfalt yolla gedirdi. Düz gedirdi, fəhlələr belə nişan vermişdilər, bu yol onu Bakıya gedən baş yola qovuşduracaqdı. Ancaq necə, nə vədə, gedib çata biləcəkdimi?.. Bu dəfə də keçi mələdi. Mələdi, yoxsa məkkildədi? Əşşi, nə fərqi var, onu ki xəyaldan ayırdı…

-Ay keçi, nə axtarırsan, kimi axtarırsan, niyə sahibinin qapısında deyilsən? Səni qurd-quş yeyər axı.

Boynunda beş-altı metr uzunluğunda kəndir vardı, çəmənlik tapıb otlayırdı, hərdən də başını qaldırıb məkkildəyirdi. Yəqin sahibinə xəbər göndərirdi ki, burdayam, çəmənlik tapmışam… Sakitcə yaxınlaşıb kəndirin ucundan yapışdı, iki dövrə də qoluna dolayıb çömbəlib oturdu. Belə rahat deyildi, ayaqlarını uzadıb çəmənlikdə əyləşdi. Söykənməyə, yəni üstündə oturmağa ağacdan, daşdan-filandan olsaydı, daha rahat olardı. “Qoy doyunca otlasın, bir azdan axtarıb sahibini taparam. Onsuz da tələsən yerim yoxdur”.  Yenidən xəyala daldı, Nərgiz müəllimənin sevgi dolu baxışları ilə rastlaşdı. Körpəliyindən ona “Noğul balam” deyirdi. Bəzən lap qafiyə də qoşurdu: “Noğul balam, nağıl balam…”. Nərgiz müəllimə ona, müvəqqəti də olsa, anasızlığını unutdura bilən yeganə insan idi. Toğrulu öz balası kimi sevən, hər zaman onun qayğısına qalan gözəl ana… Telefonu özündə olsaydı indi ona zəng edərdi. Nərgiz müəllimə hökmən ona ağıllı məsləhət verədi, bəlkə də özü çıxış yolu axtarardı, tapardı da. Hökmən tapardı. Amma yox, narahat olardı… özü də çox, hədsiz dərəcədə çox…

-Ay bala, sən mənum keçimi otarırsan, ya oğurlayırsan?

Çönüb baxdı. Yaşlı bir qadın idi, əlindəki fonarı Toğrula tərəf tuşlayıb dayanmışdı. Bir az çox yaşlı- nənlər yaşında idi. Ancaq, nağıllardakı əyilmiş belinə çalın-çarpaz kopan şal bağlayan nənələrdən deyildi- şux qamətli, nurlu nənə idi.

-Oğurlamaq istəyirdim ey, ay nənə. Ancaq, arıqdı ey,- zarafat sayıb zarafatla cavab verdi Toğrul.

-Nəyi arıqdı, görmürsən qarnı nə boydadı? Bu gün-sabah doğacaq, balaca balaları, bol südü olacaq. Onda balalarından birini verərəm, apararsan. İndi qalx ayağa, keçini gətir dalımca.

-Nənə, qoy bir az da otlasın, evini göstər, gətirərəm.

-Gecdir, bala. Alaçıqda ot qoymuşdum ona, yəqin, darıxıb çıxıb. Keçidir də… Keçilər dinc dayana bilmirlər. Di qalx gedək.

Toğrul itaətkarcasına ayağa qalxıb nənənin ardınca addımladı. Nənənun sorğu-sualları başladı:

-De görüm kimlərdənsən ay bala, səni tanıya bilmədim.

-Buralardan deyilən, ay nənə.

-Bə nəçisən, buralarda nə gəzirsən?

-Heç nəçi. Avara, işsiz, yetim…

-Buuuyyy! Bu nə deməkdi?

-Bu gün məni işdən qovdular. Özüm də yetiməm, uşaq evində böyümüşəm.

-Uşaq evində böyüyənlərin hamısı yetim olmur ki. Dədəli-analı olanları çoxdur.

-Hə, elədir. Ancaq, mən onlardan deyiləm.

Qadın ayaq saxlayıb arxaya döndü. Toğrulu başdan-ayağa yaxşıca nəzərdən keçirdi.

-Mən Gülsüm nənəyəm. Sənin adın nədir?

-Toğrul.

-Maşallah! Pəhləvan kimi oğlansan. Adına yaraşırsan. Bizim dövlətdə yetim yoxdur, bala. Dövlət sənin anandır da, atandır da. Gedək keçini salaq alaçığa, qalxaq evə. Nənən sənə çay dəmləsin, kasıbın olanından yeyək, oturub ətraflı söhbət edərik. Axşam-axşam kövrəltdin nənəni.

-Nənə, sən Allah bağışla məni. Keçını salaq yerinə, mən gedim. Yolum uzaqdır Vallah, Bakıya gedirəm.

-Bu vaxtı? Qatara gecikirsən? Nəylə gedəcəksən? Ağzımı açdırma, düş dalımca.

Gülsüm nənənin evi lap yaxında imiş. Adi kənd evlərindən heç nə ilə seçilmirdi. Geniş həyəti, meyvə bağı, bağcası, həyətdə tövləsi… hər şey öz yerində. Alaçıq tövləyə bitişik idi. Arxa divarını isə taxta çəpərin bir hissəsi əvəz edirdi. Darvazanın rəngi solmuş, çəpərin uçulmuş hissələri səliqəsiz təmir olinmuşdu. Ev kürsülü, aynəbəndli idi. Hətta, mətbəx və sanitar qovşaq da aynabəndə bitişik, müasir avadanlıqlarla təchiş olunmuş vəziyyətdə idi. Qapıları aynabəndə açılılrdı. Sonradan tikildiyi hiss olunsa da, evin ümumi konstruksiyasına xələl gətirmirdi.

Gülsüm nənənin bişirdiyi südlü sıyıq Toğrula çox ləzzət verdi. Çay süfrəsinə qədər Gülsüm nənə ondan heç nə soruşmadı. Yalnız indi, hər ikisinə çay süzüb yerini rahatlayandan sonra Toğrula “Hə bala, indi danış görüm bu nə məsələdi. Harda işləyirdin, niyə səni işdən qovdular… hamısını danış. İstəyirsənsə, lap əvvəldən özün haqqında ətraflı məlumat ver. Gülsüm nənə sənə diqqətlə qulaq asacaq. Əgər yorğunsansa, ya da danışmaq istəmirsənsə, məcbur edə bilmərəm”- deyə müraciət etdi. Sonra yenə əlavə etdi: “Sənin yerin o başdakı otaqdadır. İstəyirsən, get yat, sabah danışarıq”. Əslində Toğrulun bioqrafiyası heç səhifənin yarısı qədər də olmazdı: “Mən Turanlı Toğrul … oğlu 1998-ci il noyabr ayının 8-də anadan olmuşam. Valideynlərimin kimliyi, doğulduğum ünvan bəlli deyil. Doğum günüm dəqiq olmaya bilər. Uşaq Evində, ya da ki, “Yetimlər Evində” böyüyüb, orada tam orta təhsil almışam. Bu illər ərzində Nərgiz müəllimənin himayəsində olmuşam. O, mənim həyatımda ilk, yeganə və müqəddəs mayakım olub. Gördüklərim- Uşaq  Evi, mənim kimi atılmış, ya da təhvil verilmiş yetimlər, müəllimlər, digər işçilər və sairə… Hə, birdə ki, Nərgiz müəllimənin hərdən-bir təşkil edə bildiyi gəzintilər… Dostlarım: yetimlər (adlarını sadalamağa ehtiyac duymuram- tanıdıqlarımın hamısı), bir də Nərgiz müəllimənin həyat yildaşı Kərim əmi. Texnikaya olan sevgim onun sayəsində, uşaq yaşlarımdan başlayıb. Təhsilmi yaxşı və əla qiymətlərlə başa vurmuşam, idmançıyam. Ən ümdə arzum tankçı olmaq, Vətənin keşiyində dayanmaq, torpaqlarımızın yadelli işğalçılardan təmizlənməsində iştirak etmək. Qismət olsa şəhid olmaq, ya da sağ qalıb ata olaramsa, son nəfəsimə qədər övladlarımın qayğısına qalmaq, Vətənə xidməti davam etdirmək. Vəssalam. İmza: Yetim Toğrul.”

 Söhbətləri uzun çəkdi, gecə yarısına kimi. Gülsüm nənənin də ağrılı taleyi varmış… Mirəhmədlə el adəti ilə ailə həyatı qurublar. Əvvəcə Sənəm adında qızları, iki il sonra Ağasəf adında oğulları olub. Bu evi mərhum həyat yoldaşı Mirəhməd özü tikib. Hevan-qaraları, əkin sahələri olub. Dolanışıqlarına “şükür” deyib, Uca Yaradana dua edirlərmiş. Sənəm on üç yaşında qəflətən xəstələnib, dünyasını dəyişib. Bir il sonra Mirəhməd də xəstələnib, o da Allahın rəhmətinə gedib. Gülsüm nənə oğlunu tək böyüdüb, evləndirib. Lakin Ağasəf kənddə qalmaq istəməyib, hamilə yoldaşını da götürüb gedib Bakıya. Sonra da kimlərləsə guya “çörək dalınca” Urusyətə gedib. Gah Novosibirskdən sorağı gəlib, gah Sverdlovskdan…  Bir-iki aydan sonra əlaqələri tam kəsilib. Nə oğlundan bir xəbər öyrənə bilib, nə də hamilə gəlnindən. Təkcə bir dəfə bir həmkəndisi gəlib ki, ay Gülsüm xala, muştuluğumu ver, gəlnini Sabunçu bazarında gördüm. Ancaq, yaxınlaşib söhbət edə bilməyib, gəlin onu görcək üzünü çevirb gedib. Nə qədər çağırsa da dayanmayıb. Qohumlar, dost-tanışlar işə qarışıblar, axtarışlar fayda verməyib…

            Günəşin şüaları pərdənin kənarından yol tapıb Toğrulun yatağına qədər süzülüb gözlərini qamaşdırırdı. Əvvəlcə bunu əyləncə kimi qəbul etmək istəsə də, tezliklə bu fikrindən daşınmalı oldu- qalxmaq zamanı idi. Yorğunluğu çıxmıçdı, quş kimi yüngül idi. Beyni tər-təmiz idi, dünənki ovqata qayıtmaq ağlının ucundan belə keçmirdi. Sanki həyatının yeni, həm də çox maraqlı səhifəsi açılmışdı. Dünən açılan səhərlə bugünkü arasında yerlə-göy qədər fərq var idi. Dünən duymadığı təmiz hava bu gün məmnuniyyətlə ciyərlərinə işləyirdi. Dünən eşitmədiyi quşların nəğməsi bu gün onu nağıllar aləminə qovuşdurmuşdu… Çantasından diş fırçasını, diş pastasını götürüb hamama girdi. Qurşağa qədər soyunub soyuq suyla əməlli-başlı yuyundu, dişlərini fırçalayıb geyindi və həyətə düşdü. Gülsüm nənə qonur inəyin südünü sağıb darvazadan çölə çıxarmış, buzovu da həyətə buraxmşıdı. Buzov keçi ilə gizlənpaç oynamaq istəyir, keçi isə könülsüz dayanıb baxırdı. Görünür o da azad olmaq xəyalına düşmüşdü.

-Sabahın xeyir, Gülsüm nənə. Necəsən?

-Xeyirli günlərə çixasan bala. Hər dəfə özünə əziyyət verib adımı təkrarlamağa lüzum görmürəm, elə “nənə” desən mənə daha xoş olar,- deyə Gülsüm nənə cavab verdi.

-Başım üstə, gözüm üstə, ay nənə.

-Başın çiçəklər üstə. Di gedək inəyi naxıra ötürüb gələk.

Heyvanlar yaxınlıqdakı su arxının ətrafında otlayırdılar. Yaşı altımış ətrafında olan bir kişi çomağına söykənib məchul bir nöqtəyə baxırdı. O, kəndin çobanı Murad kişi idi. Gülsüm nənəni görcək hərəkətə gəldi.

-Sabahın xeyir, ay Murad kişi.

-Əcəb aqibətin xeyir. Bu igid kimdir yanında?- Murad kişi soruşdu.

-Nəvəmdir, şəhərdən gəlib.

-Bıyy, ay arvad, sənin nəvən də var? Olmaya rəhmətlikdən xəlvət iş gömüsən, xəbərimiz də yox?!

-Ətimi tökmə sən Allah. De görüm Kazım hardadır, mənim otumu nuyə gətirib çıxarmır? Bir həftədir ki, gündə “sabah gətirəcəm” deyir.

-Qardaşoğlu maşını düzəldə bilməyib hələ. Rayondan usta gəlməlidi, gəlib çıxmır.

Bu dəfə Toğrul söhbətə qarışdı:

-Maşının markası nədir, əmi?

-QAZEL, urus maşınıdır. Necə bəyəm, başın çıxır?- Murad kişi soruşdu.

-Hə, baxmaq olar.

-Nə yaxşı. Qoy zəng edim, Kazıma deyim.

Murad kişi telefonla danışdıqdan sonra “bir azdan özü gələcək” deyib, heyvanları qabağına qatıb apardı. Gülsüm nənə ilə Toğrul evə qayıtdılar. Səhər yeməyini yeyib həyətə düşdülər. Kazım da gəldi. Nənə onları tanış etdi. Getmək ərəfəsində Toğrul zəng etmək istədiyini bildirdi. Nənə “saqqalın ağarsın, telefon lazım idi niyə demirdin?”- deyə soruşdu. “İndi məqamıdır”- deyə Toğrul cavab verdi. Nənənin telefonu köhnə “Nokia” modeli olsa da, yaxşı vəziyyətdə idi. O, telefonu alıb bir qədər kənara çəkildi, Kərim kişiyə zəng etdi. Kərim kişi artıq əhvalatdan xəbərdar idi. Çox narahat idi. Təbii ki, məlumatı Salmana sərf edən məzmunda vermişdilər. Söhbətləri iki dəqiqədən artıq çəkdi. Toğrul ondan öz şəxsi əşyalarını gətirməyi xahiş edirdi. Kərim kişi isə təkidlə onu öz işinə bərpa etdirəcəyinə inandırmağa çalışırdı. Əslində Toğrulun əşyaları elə də çox deyildi. İki-üç dəst pal-paltar, kitablar, sənədlər, maaş kartı, telefon və s. Hamısı Nərgiz müəllimənin bağışladığı balaca çemodana yerləşirdi… Nənə mübahisənin mövzusunu duyduğu üçün Toğruia yaxınlaşib telefonu  ondan aldı. Həmsöhbəti ilə salamlaşıb hal-əhval tutduqdan sonra dedi:

-Kərim qardaş, Toğrul nəvəm mənə hər şeyi ətraflı izah edib. Mən nəvəmi heç yerə buraxan deyiləm. Sən onun xahişini yerinə yetir, inşallah gələrsən, bir stəkan çayımızı içərsən, oturub bir qərara gələrik.

Nəhayət, qarşılıqlı razılıq əldə olundu. Kazım sanki yuxuda idi, mat-məəttəl qalmışdı. Nənənin qəzəbinə tuş gəlməmək üçün susurdu. Onsuz da yolda “nəvədən” istədiyi məlumatı alacaqdı, buna əmin idi…

-Maşını işə sal görüm, səsinə qulaq asmaq istəyirəm,- Toğrul Kazıma göstəriş verdi.

-İşə düşsəydi nə dərdim olardı. “Xoda getmir”.

Toğrul paltarını dəyişib motorxanaya göz gəzdirdi. Yanacaq nasosundan çıxan borunun bir ucunu sistemdən ayırdı və “açarı aç, nasosu fırlat” komandasını verdi. Nasos işləyirdi, yanacaq gəlirdi. Sistemə hava düşmüşdü, yanacağın keyfiyyətini də yoxlamaq lazım idi. Bir litrlik şüşə qaba bir qədər yanacq töküb kənara qoydu. Sonra forsunkaları bir-bir açıb sistemdən havanı çıxardılar. Süzgəci dəyişib yenisini bağladılar. Mühərrik işə düşdü. Toğrul şüşə qabdakı çöküntüyə işarə edib soruşdu:

-Yanacağı əldən alırsan?

-Hə, yaxınlıqdakı tikinti sahəsindən gətirirlər. Yanacaq doldurma məntəqəsi uzaqdadır. Həm də ki, bu daha sərfəlidir.

– Aydındır, Salmanın  obyektindən… On qəpik ucuz alırsan, eləmi?

-On beş.

-Hətta on beş? Bəs yanacaq nasosu neçəyədir, bilirsən?

-Bilirəm qardaş, bahadır.

-Bax, məsələ də bundadır. Bu yanacağı işlətmək olmaz, çirklidir. Bir azdan nasos, forsunka axtaracaqsan. Motoru çökdürsən, asatrı üzündən baha başa gələcək. Mən o yanacağın hansı şəraitdə saxlandığını öz gözlərimlə görmüşəm.

Kazım məəttəl qalmıdı.  “Bu oğlan məndən azı on yaş kiçik olar, bu qədər məlumatlıdır”… Yol boyu da ondan düz-əməlli məlumat ala bilməmişi, “nənə ilə uzaq qohumuq” cavabını almıdı.

İşlərini qurtarıb eyvaba qalxdılar. Kazımın həyat yoldaşı kəkotuiu çay, böyütrgən mürəbbəsi gətirdi. Kazım Toğrula dil töküb deyirdi ki, gəl birlikdə işləyək. “KAMAZ” markalı yük maşını da var. Bir az ora-burasına əl gəzdirmək lazımdır. Kənddə bu maşınlara ehtiyac çoxdur. Qazancıarının qırx faizini Toğrula verməyə razıdır. Toğrul iyirmi gündən sonra H.Əliyev adına Ali Hərbi məktəbə qəbul imtahanı vercəyini, tankçı olmaq istədiyini, bu səbəbdən də daimi işləyə bilməyəcəyini bildirdi. Həm də ki, istənilən nəqliyyat vasitəsini idarə edə bilsə də, sürücülük vəsiqəsi yox idi. Kazım bunun problem yaratmayacağını söylədi. “Sən kəndi yola verərsən, şosseyə çıxmazsan.”- deyə onu yola gətirməyə çalışdı.  Toğrul imkanı çatan qədər ona kömək edəcəyinə söz verdi.

            Bir azdan Kazımın xahşi ilə həmkəndlisi Təvəkgül öz VAZ-2107 markalı avtomobinin baqajında yancaqdoldurma mantəqəsindən aldığı altmış litr yanacağı gətirib çatdırdı. İlk birgə işləri Gülsüm nənənin əkin sahəsindən biçilmiş otu daşımaq oldu.

            …Bu gecə ilan vuran yatsa da, Gülsüm nənə yata bilmədi. Çox narahat idi, fikirləri qarışmışdı. Əslində bu gün onun üçün daha maraqlı, yaddaqalan olmuşdu. Toğrulla tanışlığı onu çox sevindirirdi. Sanki doğma nəvəsini tapmışdı. Özünü bu xülyaya inandırmağa çalışırdı. Toğrulun ağıllı, tərbiyəli, bacarıqlı bir gənc olması nənəni daha da qürurlandırırdı. Əsl nəvəsinin də məhz belə olmasını o qədər arzulamışdı ki… bəlkə doğrudan da ağbirçək yaşında Tanrı onun dualarını eşitmişi?! Kərim kişinin gətirdiyi çemodan nənəni tamam-kamal çaşdırmışı. Toğrul çemodanı götürüb onun üçün ayrılmış otağa keçmiş, bir qədər sonra Gülsüm nənə də arxasınca gedib “Ay bala, çirkli paltarlarını ayır ver mənə, atım maşına yuyum,”- deyəndə  Toğrulun güllü-güllü bağlamanı sinəsinə sıxıb kövrəldiyini görmüşdü. “Nənən sənin qadalarını alsın bala, nə oldu sənə birdən-birə?- soruşmuşdu. Toğrul da cavabında “Nənə, məni Uşaq Evinin darvazasının qabağında bu yorğançaya bükülmüş vəzuyyətdə tapıblar. Başımda da bu papaq varmış,”- deyə cavab vermişdi. Əşyalar nənəyə o qədər doğma, o qədər şirin gəlmişdi ki, alıb qoxumuş, öpüb ağlamışdı… “Allah sənə lənət eləsin kor şeytan,-nənə dodağının altında mızıldandı.- Mən yuxumu görürəm, yoxsa dəlimi oluram? Əşya əşyaya bənzəyər də, nə qədər istəsən bunlardan dükan-bazarlarda var. Hardan ağlıma gəldi bu fikir ki, bunlar hamilə vaxtı dünyaya gələcək nəvəm üçün gəlinimə verdyim əşyalardı? Lənət sənə, kor şeytan!.. Allah, qurban olum sənə, yalandırsa da, gerçək olsun!..”. Gecədən xeyli keçməsinə baxmayaraq, Toğrulun da gözünə yuxu getmirdi. Çünki, Kərim kişi yenə də təkidlə onu işinə bərpa etdirəcəyini, Salmana isə layiq olduğu cəzanı verdirəcəyini söyləyir, Toğrulu özü ilə Bakıya aparmaq istəyirdi. Toğrul o şirkətə bir daha qayıtmayacağına qətiyyətlə qərar vermişdi, Salmana da baş qoşmaq istəmirdi. İndiki məqamda belə xırda çəkişmələr ona əsl arzusuna çatmağına mane ola bilərdi- o, qəbul imtahanlarına hazırlaşırdı. “Salmana kim olduğumu əməlimlə sübut etməliyəm”- deyə düşünürdü.

* * *

            İllər sürətlə bir-birini əvəz edirdi. Gərgin keçən təhsil, fiziki hazırliq, bacarıq və mətanət tələb edən təlimlər artıq geridə qalmışdı. Toğril Ali Hərbi Məktəbinin məzunu olaraq leytnant rütbəsi almış, Əlahiddə Tank Taborunda tağım komandiri vəzifəsinə təyin olunmuşdu. Bu müddət ərzində Nərgiz müəllimə, Kərim əmi və digət dost-tanışları ilə mütəmadə əlaqədə olmuş, imkan tapdıqda onlarla görüşmüşdü. Tətil günlərini isə bir qayda olaraq Gülsüm nənə ilə keçirmiş, təsərrüfat işlərində ona kömək etmişdi. Hələ məqam tapıb kənddə Gülsüm nənəgilin qonşuluğunda yaşayan Lalə adlı bir qızı da gözaltı eləmişdi. Lalə Azərbaycan Dillər Universitetinin şərqşünaslıq fakultəsində təhsil alırdı. Toğrul müxtəlif bəhanələrlə bir neçə dəfə Lalənin təsil aldığı universitetin qarşısında onu qarşılamış, yataqxanaya qədər ötürmüşdü. Münasibətləri tanışlıq səviyyəsindən uzağa getməsə də, Lalənin artıq məsələdən hali olduğuna ümid edirdi. Daha bir xəbər isə Toğrulun anası barədə idi. Nərgiz müəllimə təxminən qırx beş yaşında bir qadının bir neçə dəfə onlara müraciət edərək oğlunu axtardığını söyləmişdi. Qadın həyatının çox acınacaqlı keçdiyini, oğlu körpə ikən ərinin onları atıb Rusiyaya getdiyini, depressiyaya düşərək bir gün səhərə yaxın körpəsini Uşaq Evinin qarşısında qoyub getdiyini söyləyirmiş. Lakin bir neçə saat sonra geryə qayıtmış, körpəsini tapa bilməyibmiş. O vaxtdan qadın dəfələrlə Uşaq Evinin qarşısına gəlsə də, rəhbərliyə müraciət etməyə cürət etməyirmiş. Kənardan uşaqlara baxıb, ağlayıb-ağlayıb gedirmiş. Onu bu ağlasığmaz hərəkəti etməyə qaldığı məznilin kirayə pulunu verə bilməməsi səbəb olubmuş. Soyuq qış gecəsində körpəsini Uşaq Evinin qarşısına qoyub intihar etmək istəyirmiş. Dəmir yolunda relsin üstünə uzanıb qatar gözlədiyi zaman nəzarətçi onu görüb və intihar fikrindən daşındırıb. Bir neçə gün öz evində saxladıqdan sonra onu Novxanıdakı bağ evlərinin birinə xadimə işinə düzəldib. Bağ sahibi ona təcavüz etmək fikrinə düşüb və aralarında mübahisə yaranıb. Özünü müdafiə etmək məqsədi ilə mətbəx bıçağı ilə kişiyə ağır xəsarət yetirib. Məhkəmə hökmü ilə ona altı il  iş kəsilsə də, dörd il məhbusluq həyatı yaşayıb. Nümunəvi davranışını nəzərə alaraq onu iki il tez azad ediblər. Dəmir yolu nəzarətçisi xeyirxah adam imiş, həbsdə olduğu müddətdə ona tez-tez baş çəkirmiş. Həbsdən sonra ona öz evində bir otaq verib və çörək sexinə işə düzəldib. Elə indiyə qədər də çörək bişirməklə məşğuldur… Bu məlumat Toğrulu çox sarsıtmışdı, imkan tapıb o qadınla görüşmək istəyirdi. Lakin, əgər o, anası olsaydı nə edəcəkdi, onu bağışlaya biləcikdimi? Bu barədə hələ ki, qərarsız idi…

            …Bir azdan korpus komandirinin və nazirlikdən gəlmiş yüksək rütbəli zabitlərin nəzarəti altında iri miqyaslı təlim başlayacaqdı. Toğrul komandiri olduğu T-72 markalı tanka söykənib xəyala dalmışdı. Tabor komandiri mayor Mehdi Əsədbəyli onu belə vəziyyətdə görəndə təəccübünü gizlədə bilmədi, yaxınlaşıb soruşdu:

-Sənə nə olub, leytnant?

-Hər şey qaydasındadır, cənab mayor,- deyə cavab verdi və “farağat” vəziyyətini aldı.

-Yox qardaş, sənin bu vəziyyətin qətiyyən xoşuma gəlmir. De görüm nə olub, xəstələnməmisən ki?

-Bağışlayın, bir az fikirli idim, bir daha təkrar olunmaz.

-Əlbəttə təkrar olunmamalıdır, leytnant. Tağım komandirinin belə məqamda kədərli görkəmi tabeçiliyəndə olan heyətə necə təsir edər? Sənin bioqrafiyanla tanışam və səni anlayıram. Nə üçün bikef olduğunu da təxmin edirəm. Ancaq, istəyirəm ki biləsən, sən yetim deyilsən. Sənin anan, mənim anam, hamımızın anası bu Vətəndir! Ətrafına nəzər sal, gör nə qədər igid qardaşların var. Dığalar çox azğınlaşıblar, əldə olunan məlumatlara görə, bu yaxınlarda təmas xəttinin bütün istiqamətlərində hücuma keçmək barədə irimiqyaslı plan hazırlayıblar. Görünür ilanın başını əzməyin vaxtı artıq yetişub. Haydı, toparlan və heyətə əmr ver, hamı maşınlara. Biz bugünkü sınaqda da nümunəvi olmalıyıq. İnşallah, təlimdən sonra ətraflı söhbət edərik.

            …27 sentyabr 2020-ci il, səhər saat altı tamamda Ermənistanın hərbi birləşmələri ağır artilleriya qurğularının dəstəyi ilə mövqelərimizi bir neçə istiqamətdən yarıb keçməyə cəhd göstərdi. Ali Baş Komandan əks hücuma keçmək barədə Ordumuza əmr verdi. Torpaqlarımızın işğaldan azad olunması uğrunda Müqəddəs Savaş başladı. Onun adı Vətən Müharibəsi idi.

Uşaqdan-ahıla kimi hər kəs Orduya bacardığı yardımı etməyə can atırdı. Hərbi Komissarlıqların qarşısı hər gün izdihamla dolu olurdu- müharibəyə getmək istəyənlərin sayı-hesabı yox idi. Xalqımız işğalçı qüşmənlə döyüşürdü. Xalqımız Ordu olmuşdu, yumruq olmuşdu.        Əks-hücum planı çox peşəkarlıqla hazırlanmışdı. Təminat yüksək səviyyədə təşkil olunmuşdu. Ordumuz sürətlə irəliləyirdi. Guya keçilməz sayılan “Ohanyan səddi” darma-dağın edilmiş, yaşayış məntəqələri bir-birinin ardınca azad edilirdi. Relyef baxımından düşmən qoşunlarının mövqeyi daha əlverişli idi. Onlar dərin səngərlər, gizli tunellər qazmış,  dəmir-beton maneələr quraşdırmış, yüksəkliklərdə müşahidə məntəqələri yaratmışdılar. Hərəkətin mümkün olduğu hər yer minalanmıdı. Belə güman etmək olardı ki, atəşkəs dövrü ərzində Ermənistan dövlətinin bütün gəlirləri, onlara verilən yardımlar, ianələr minalara çevrilib müqəddəs torpaqlarımıza basdırılmışdı. Bədbəxt millət… Ordumuz isə inamla irəliləməkdə davam edirdi. Əlbəttə, itkisiz də ötüşmək mümkün deyildi. Bu günlər ərzində Toğrulun neçə silahdaşı qəhrəmancasına şəhid olmuş, neçəsi yaralanmıdı…

Artıq Qubadlı şəhərinin azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Qarşıdakı yüksəklikdə mövqeləmiş düşmən postununu ələ keçirməyə çalışan XTQ döyüşçülərinə dəstək vermək, döyüşçülərimizi aramsız atəş altında saxlayan minamyotçuları vurmaq üçün koordinatlar göndərilmişdi. Bu işi yerinə yetirmək Toğrulun tağımına tapşırılmışdı. Ardıcıl və dəqiq top atəşləri ilə minamyotçular susdurulsa da düşmən tərəfdən atılan mərmilər, raketlər hərəkət etməyə imkan vermirdi. Əlverişli mövqe seçmək lazım idi. Bunun üçün təxminən iki yüz metr məsafəni qət etmək lazım idi. Bu isə açıq nişangahda olmaq demək idi. Toğrul istiqamət dəyişib sağ tərəfə, dərəyə enmək əmru verdi. Artıq mərmilərin tuta bilməyəcəyi sahəyə çatmaq üzrə olanda arxada gələn üçüncü tankdan məlumat gəldi: “Məni vurdular”.  Dərhal arxaya döndülər, maşınları saxlayıb yanğınsöndürən balonları götürüb köməyə tələsdilər. Döyüşçü yoldaşlarını alovun ağzından alıb ilk tibbi yardın göstərdilər. Lakin burada ləngimək olmazdı, tankda qalan atılmamış mərmilər partlaya bilərdi. Həm də o biri tankları da vura bilərdilər. Yaralıları götürüb yenidən yollarına davam etdilər. Dərəyə enib mərmi yağışı səngiyənə qədər gözlədilər.  Yaralılar barədə qərargaha məlumat verdilər.

 Tuşlayıcı opertor Şamil Həsrətov partlayış anında pulemyotun arxasında olduğu üçün başından qəlpə yarası almışdı, vəziyyəti ağır idi. Hər üç heyət üzvündə yanıq yaraları var idi. Yaralılara yenidən yardım etdilər. Ancaq Şamili həyatda saxlamaq mümkün olmadı, o, Toğrulun qolları arasında şəhadətə qovuşdu. İntiqam hissi onlara hakim kəsilmişdi. Elə bu dəqiqə tanklara əyləşib düşmənin üstünə getmək, şəhidlərin qisasını almaq istəyirdilər. Ancaq…olmazdı.

Bir azdan sanitar maşını gəldi. Özləri ilə su, ərzaq və sursat da gətirmişdilər. Onların gətirdiyi aypara şəkilli təzə təndir çörəyinin ətri adamı bihuş edirdi, çox ləzzətli idi. Dedilər ki, Bakıdan bir ana gəlib Bərdədə sex açıb cəbhə üçün çörək bişirir…

Sanitarlar vaxt itirmədən şəhidi və yaralıları götürüb getdilər.

Komandanlıqdan “gözləyin” əmri gəlmişdi. Qaranlıq düşmüşdü, tam sakitlik idi. İndi mühərriki işə salmaq yenidən nişangah olmaq demək idi. Düşmən dərhal istiqaməti müəyyənləşdirib mərmi yağışı yağdıra bilərdi. Onların harada olduğu məlum deyildi. Toğrul gizir Əhmədovla vurulmuş tankı yoxlamağa getdi. Xoşbəxtlikdən tankdakı mərmilər partlamamışdı, tankı zədələyən mərmi böyük dağıdıcı qüvvəyə malik deyilmiş. Tankın üstünə quraşdırılmış iri çaplı pulemyot yararsız hala düşsə də, kiçik çaplı pulemyot salamat idi. Gecə ikən mərmiləri daşıdılar, pulemyotu söküb götürdülər. Tankın mühərrik hissəsi zədələnmişdi, ancaq təmir etmək mümkün idi. İndi buna imkan yox idi.

Səhər yenə atəş səsləri ilə açıldı. Ancaq,  düşmən tərəfi əhəmiyyətli dərəcədə itki verərək geri çəkildiyi üçün dünəbki qədər aqressiv deyildi. Gecə ikən xüsusi təyinatlılarımız düşmənin strateji əhəmiyyət kəsb edən əsas mövqelərini darma-dağın etmişdilər. Raketlər daha uzaqdan, yüksəkliklərin arxasından atılırdı. Ordumuz PUA-ların və xüsusi avadanlıqların köməyi ilə həmin atəş nöqtələrini dərhal susdururdu. Ancaq, hiyləgər düşmənin əks-hucuma keçəcəyi də istisna deyildi. İraq, Suriya, Livan, Yəmən, qonşu ölkələrdən, hətta bəzi Avropa ölkələrindən gətirilmiş muzdlulardan ibarət yeni qüvələrin Ermənistan Ordusunun tərkibində artıq ərazimizə soxulduğu barədə dəqiq kəşfiyyat məlumatları əldə olunmuşdu.

Raketlər Toğrulgilin başı üzərindən uçub keçir, onları tutmurdu. Zədəli tankı görünməz yerə sürüyüb təmir etməyin əsl vaxtı idi. Bu çox riskli idi, ancaq tankı orada saxlamaq onun, yenidən vurulmayacağına zəmanət vermirdi. Toğrul özü sükan arxasına keçib zədəli tanka yaxınlaşdı. Onu yedəyə qoşub dartamağa cəhd etdi. Sağ tərəfdə tırtılın biri zədədən əyilib hərəkəti ötürən çarxa illişmişdi. Onu bu vəziyyətdə sürümək transmissiyaya ciddi ziyan verə bilərdi. Tırtılın əyilmiş hissəsini trosla bəndləyib diğər tankın yedək yerinə qoşaraq dartdılar. Bir neçə cəhddən aonra həmin hissə qoparaq yerə düşdü və hərəkət bərpa olundu. Onu yediyə qoşaraq təhlükəsiz yerə gətirdilər. Toğrul tabor komandirinə vəziyyət barədə məlumat verdi. Komandir yenə də gözləmək barədə əmr verdi və qərargahla danışıb tankın bərpası üçün ehtiyat hissələri və yeni heyət göndəriləcəyinə söz verdi.

Gözləmə müddəti beş saata yaxın uzandı. Nəhayət, “pikap” tipli avtomobilin onlara yaxınlaşdığını gördülər. İlk olaraq gizir avtomobildən düşüb Toğrula yaxınlaşdı. Hərbi qaydada salam verdi:

-Cənab leytnant, gizir Ənvər Nurəddinli…- sözü yarımçıq qaldı.

-Yetim, bu sənsən? Xoş gəlmisən qardaş,-deyə Toğrul irəli atıldı, qollarını açıb giziri bağrına basdı,- Mənim yetim qardaşım…

Bir neçə dəqiqə bu vəziyyətdə qaldılar. Heyət üzvləri təəccüblə onlara baxır, nə baş verdyni anlamağa çalışırdılar. Toğrul bu dəfə üzünü döyüşçü yoldaşlarına tutdu:

-Qardalarım, Ənvər mənim uşaqlıq dostumdur. Bir yerdə böyümüşük. Taleyin işinə bax, gör neçə ildən sonra bizi harda görüşdürdü…

-Beş ildən sonra,- Ənvər davamını gətirdi, -mən səndən düz iki ay səkkiz gün böyük olduğum üçün mən “Yetim-1” idim, sən “Yetim-2”. İndi vəziyyət dəyişdi, sən “1” oldun.

-Elə şey yoxdur, sən yenə də birincisən,- deyə Toğrul etiraz etdi.

-Qardaş, mən intizamlı əsgərəm, “Nizamnamə”ni poza bilmərəm.

-Gəlin sizi termos çayına qonaq edim,- deyə “pikapın” sürücüsü söhbətə qarışdı,- görüşünüzü isti çayla qeyd edək.

Hamı gülüşdü. Çay içə-içə ətraflı hal-əhval tutdular. Çavuş “pikapı” sürüb getdi. Toğrul axırıncı tankı Ənvərə göstərib dedi:

-Bu sənun tankındır, təhvil al. Düzdür, tırtılının birini sındırmalı olduq. Ancaq, əmi demişkən, “qəti qorxusu yoxdur”, İrəvana qədər gedə bilər. İndi kömək elə mühərik hissəsindəki nasazlığı da aradan qaldıraq.

            Mühərriki təmir etmək çox vaxt aparmadı. Yanacağı nasosdan mühərrikə ötürən zədələnmiş metal boruları Ənvərin gətirdiyi ehtiyat borularla əvəz etdilər. Elektrik naqillərinin zədələnmiş hissələrini də yenilədilər. Mühərriki işə salıb tankı sınaqdan keçirdilər, hər şey qaydasında idi.

            Təxminən bir saat sonra “irəli” komandası gəldi. Düşmənin əks-hücuma keçəcəyi istiqamət bəlli idi. Əks-hücumun qarşısını almaq onların taboruna tapşırılmışdı.

 Təxminən otuz beş kilometr yol qət etdilər. Havadan onları aviasiya və PUA lar mühafizə edirdi. Tapşırılan yerə çatıb mövqeləndilər. Hər bir tankın qarşı hissəsinə xüsusi olaraq quraşdırılmış bıçaqdan istifadə edərək texnikalar üçün səngərlər qazdılar. Əzəmətli Laçın dağları elə də uzaqda deyildi.

Artıq hava işıqlanırdı. Uzaqdan gələn texnikaların səsi eşidilirdi, bir azdan onların torpaq yolda qaldırdığı toz da görünən oldu. Yol da çox aydın görünürdü. Düşmən qüvvələri onları gözləyən “syürprizdən” xəbərsiz idi.

-Uşaqlar, dığalar “ət maşınına” yaxınlaşırlar, hazır olun. “Yetim-1”, özünü necə hiss edirsən?- Toğrul rabitə cihazı ilə soruşdu.

-“Yetim-2”, belə daha doğrudur. Dedim axı, “1” sənsən. Hər şey yaxşıdır, komandir,- Ənvər cavab verdi.

-Bu nə zarafatdır? Leytnant, hərəni öz kod adı ilə cağırın. Bizə düşmən də qulaq asa bilər. Aydındır?- Bu dəfə tabor komandirinin səsi eşidildi.

-Aydındır, cənab komandir,- deyə Toğrul cavab verdi.

“Atəş” komandasını tabor komandiri verdi. Düşmən tankları, PDM lər, əsgərləri daşıyan hərbi yük maşınları bir-birinin ardınca dəqiq atəşlə vurulurdu. Tankçılar sanki kim daha çox düşmən texnikasını məhv edəcək deyə yarışa girmişdilər. Dığaların leşləri ətrafa səpələnirdi. Bəziləri elə tankların içərisində yanıb kül olurdular. Cərgənin axırında gələn texnikaları atıb qaçanlar da, öndə vurilmuş texnikalardan sağ qalanlar da, çığıra-çığıra qaçmağa cəhd edənlər də, pulemyot güllələrindən gizlənə bilmirdilər.

İndi Toğrulgilin taboru hücuma keçmişdi. Arxadan dığalara köməyə gələn yeni qüvvələrlə ölüm-dirim savaşı gedirdi. Düşmən qüvvələri döyüşçülərimizin cəsarəti qarşısında tab gətirməyərək yenə dabanlarına tüpürüb qaçmağa üstünlük verdilər. Birdən yaxınlıqdakı təpənin üstündə minamyot və qumbaraatanlarla silahlanmış dəstə peyda oldu. Mərmi yağışı başladı. İndi Toğrulun tankları açıq hədəfə çevrilmişdi. Yolun sağ tərəfində çoxdan qazılmış enli və dərin bir xəndək var idi. Görürünür nə vaxtsa suvarma kanalı kimi istifadə olunurmuş. Vaxt itirmədən tankları xəndəyə saldılar. Bu təhlükənin əhəmiyyətli dərəcədə azalması demək idi. İri çaplı pulemyotlardan təpədəki döğalara aramsız atəş açmağa başladılar. Bu həm də taborun digər tanklarının təhlükəsiz hərəkətini asanlaşdırırdı. Bir azdan o dığaların da həmləsi dəf olundu. Yenidən yola çıxıb hərəkətə başladılar. Tabordan xeyli geri qalsalar da, əsas tapşırığı yerinə yetirmışdilər. Təyin olunmuş yerə çatmağa cəmi yüz əlli–iki yüz metr qalırdı. Bu dəfə artıq yaxınlıqda olan yüksəkliklərin arasında gizlədilmiş iri çaplı toplardan atəşə tutuldular. Ardıcıl olaraq iki mərmi Toğrulun tankına dəydi.

…Gözlərini açanda özünü Ənvərin qolları arasında gördü. O, Toğrulun başını qucaqlayaraq hönkür-hönkür ağlayırdı.

-Qardaş, ölmə! Qurban olum, ölmə! Az qalıb, lap az qalıb, artıq Laçına yaxınlaşırıq. Müharibə tezliklə bizim qələbəmizlə bitəcək. Nə olar, ölmə! Yaşa ki, qələbəmizə birlikdə sevinək. Ölmə, yalvarıram!…

Toğrul yenidən huşunu itirdi…

                                                            * * *

            -Allahım, sənə qurban olum, igidimiz gözlərini açdı!

Ağ xalatlı cavan bir qız idi.

-Bu dünyaya təkrarən xoş gəldin, qardaş!

-Mən har…da…yam?- Toğrul sual dolu gözlərini qıza zillədi.

-Bura Hərbi Hospitaldır, qardaş. Sən bir neçə ağır əməlyyat keçirmisən. Şükürlər olsun ki, ümidlərimiz doğruldu. Allah, sənə çox şükür!

            Daha üç gün keçdi. Toğrulu artıq palataya köçürmüşdülər. Artıq əl və ayaq barmaqlarını tərpədə bilirdi. Hələ də başında və bədəninin müxtəlif yerlərində kəskin ağrılar olduğu üçün gün ərzində ona bir neçə dəfə ağrıkəsici uynə vuruilur, müalicəsi davam etdirilirdi… Axşama yaxın Gülsüm nənə qabaqda, ardınca Kərim kişi, Nərgiz müəllimə, başı və sağ qolu sarğıda olan Ənvər və bir də Lalə palataya daxil oldular. Gülsüm nənənin əlində ağ süfrə, üzərində səliqə ilə bükülmüş Azərbaycanın üçrəngli bayrağı, Kərim kişinin əlində bərli-bəzəkli tort, Nərgiz müəllimənin əlində A4 ölçülü kağız qovluq var idi. Qovluğun içində sənədlər olduğunu güman etmək olardı.

Bir-bir gəlib Toğrulun üzündən, alnından öpdülər, yüngülcə əlini sıxdılar. Tibb bacısı da palataya daxil oldu, yaxınlaşıb çarpayının baş hissəsini bir qədər yuxarıya qaldırdı. Bu dəfə Lalə yaxınlaşdı, əlindəki gül dəstəsini çarpayının yanındakı dolabın üstünə qoydu:

-Ad günün mübarəkdir!- dedi. Yanaqları qıp-qırmızı olmuşdu. Heç kim hiss etməsin deyə başını aşağı əyib yana çəkildi.

Toğrulun da yanaqları qızardı, çöhrəsinə təbəssüm qondu: “Təşəkkür edirəm, zəhmət çəkmisən,”- dedi. Sonra gözləri ilə Ənvəri axtardı, ehtiyatla başını azacıq sağ tərəfə çevirməli oldu: “Qardaş, sən nə vaxt yaralanmısan?- deyə soruşdu.

-Boş şeydir, məndə yüngül yaralardır,- deyə Ənvər cavab verdi.

-Səni yanğının əlindən alanda bir az xəsarət alıb,- Nərgiz müəllimə söhbətə qarışdı,- həm də ki, elə o vaxt yaxınlıqda mərmi partlayışı baş verib.

Nərgiz müəllimə əlindəki qovluğu açıb içindəki sənədləri Toğrula göstərib dedi:

-Bilirsən bu nədir, noğul balam? Gülsüm nənənin “Vəsiyyətnaməsi”. Bütün əmlakını sənə vəsiyyət edib. Bu isə hərbi şəhərcikdə sənə verilmiş yeni mənzilin sənədidir, daha doğrusu surəti. Sənədin əsli və açarlar, həm də təltif olunduğun dövlət mükafatları, inşallah, sağalandan sonra sənə rəsmi təqdim olunacaq.

-Ən əsasını de, ay Nərgiz müəllimə,-bu dəfə Gülsüm nənə söhbətə qarışdı.

-Bu gün Şuşa şəhəri işğaldan azad olundu!

-Nə gözəl xəbərlər gətirmisiniz! Nə gözəl xəbərlər!..- Toğrulu sevinc göz yaşları boğdu.

Gülsüm nənə əyilib yenidən Toğrulun üzündən öpdü, sonra arxaya çevrilib Laləni səslədi:

-Ay bala, bu bayrağı götür pəncərədən as. Ənvər, oğlum, kömək elə balama.

Sonra süfrənin qatlarını açdı, təzə təndir çörəyinin bihuşedici ətri otağa yayıldı. Toğrul məst olmaq həddində idi. Bu ətir ona çox tanış idi, hər dəfə təminat gələdə ilk olaraq  bu çörəyi görürdülər. Toğrul qeyri-ixtiyari olaraq “Samirə xalanın “aypara çörəyi”nin iyi gəldi”- deyə pıçıldadı.

-Hə nənə qurban, Samirənin bişirdiyi çörəkdir. Müharibə başlayan günü gedib Bərdəyə, illər ərzində oğlunun xeyir işi üçün yığdığı pula balaca bir çörök sexi alıb, başlayıb bu çörəkdən bişirib döyüşçülərimizə göndərməyə. Onun bu xeyirxah niyyətindən məmnun olan sex sahibi həmin pullara un, diğər məmulatlar və yeni avadanlıqlar alıb, sexin istehsal gücünü artırıb. Samirəyə könüllülük əsasında əlavə işçilər tapıb, əl-ələ verib gecə-gündüz Ordumuz üçün çörək bişiriblər. Təbii ki, dövlətimiz bu təşəbbüsü hörmətlə qarşılayıb, sexin sonrakı bütün xərclərini öz üzərinə götürüb… Samirə bu çörəyi sənə göndərib.

-Nənə, ay nənə… Taborumuzun bütün döyüşçüləri Samirə xalanı qiyabi olaraq tanıyır, hamımız onu doğma ana kimi sevirik. Ancaq… o, məni haradan tanıyır ki?- Toğrul təəccüb və tərəddüd içində idi.

-O, sənin doğma anandır, nənə qurban. Dost-doğmaca anan…

Palataya sükut çökdü- zalım bir sükut, amansız bir sükut… Heç kim ilk olaraq bu sükuta “yox ol” deməyə cəsarət eləmirdi…

 -Lalə balam, gözəl balam, əziz gəlinim, yaxınlaş bizə,- Gülsüm nənə qətiyyətli səsi ilə sükutun bağrını çatlatdı. Cibindən balaca bir qutu çıxardı, qapağını açıb,- Toğrulum, igid balam, şəkər balam, bu üzüyü gəlnimin barmağına taxmaq lazımdır. Elçiliyə gedib, “hərisini” almışıq. Ölçüsü-filanı hamısı qaydasındadır, bir yerdə bəyənib seçmişik,- dedi,- Özün taxa bilərsən, yoxsa?…

-Nənə… bu qədər infomasiya… bilmirəm axı… Necə olmalıdır?

-Necə? Bizim vaxtımızda bəyin valideynləri, ən yaxınları taxardılar. İndi zamanə dəyişib…

-Nə bilim, ay nənə. Necə məsləhət görürsən, elə də olsun.

-Onda, qoy anan taxsın, nənə qurban. Samirə anan, mənim əzabkeş,  ləyaqətli gəlinim…

-Nənə, mən heç sənin sözündən çıxaram? Gözləyək, müharibə qurtarar, mən də sağalaram… Hə, Lalə, sən nə deyirsən?- Toğrul sanki “Lalə, kömək elə vəziyyətdən çıxım”- deyə ümidlə gözlərini qıza zillədi. Lalə çiyinlərini çəkib, məsuliyyəti bölüşmək istəmirmiş kimi bir görüntü aldı.

-Gözləmək niyə? Anan burdadır bala, gəlib bayırda gözlətir. Qızım, başına dönüm, çıx mənim gəlnimi çağır gəlsin,- Gülsüm nənə tibb bacısına müraciət elədi…

                                                          

Ardı burada: Müqəddəs Zəfər: 2 -ci hekayə

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Novruz bayatıları

Novruz bayatıları

Novruz gəlir ellərə,
Həyat verir çöllərə.
Baharın ətri hopur
Çəmənlərə, güllərə.

Gülü qönçə Novruzum,
Ətri incə Novruzum,
Qız-gəlin xonça tutur
Sən gəlincə, Novruzum.

Novruzum, yar Novruzum,
Qönçə, bahar Novruzum,
Həyat ver bağ-bağata
Dadım nübar, Novruzum.

Xonça tutub gəzərəm,
Çəməndən gül üzərəm.
Göy qurşağın çağırıb
Yumurtanı bəzərəm.

Səməni, ay səməni,
Göyər, sevindir məni.
Ətrin baharın rəmzi,
Rəngin çölün, çəmənin.

Halaya bax, halaya,
Qızlar girdi halaya.
Oğul ona deyərəm
Halaydan qız haylaya.

Yasəməni dərən yar,
Çəmən üstə sərən yar,
Tale qismət eləyə
Bir gül də mən dərəm, yar.

Gül əlində gülə bax,
Meh əsdirən telə bax.
Ay ürəyim, partlama,
Incə belə hələ bax.

Bahar qız yenə gəldi,
Əlində xına gəldi.
Igidlər qurşaq tutdu,
Qızlar meydana gəldi.

Quşlar sona gölündə,
Igidlər at belində.
Bəzənib-düzəniblər
Qızlar səhəng əlində.

Yağış çəməni yuyur,
Quşlar şən-şən oxuyur.
Enir çeşmə başına
Dağlardan maral, cüyür.

Novruzum, can Novruzum,
Yaşıl, əlvan Novruzum.
Səni bağrına basır
Azərbaycan, Novruzum!

mart, 2017.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xəlil Mirzə – Dünya hara baxır görən?!

Dünya hara baxır görən?!

(poema, ixtisarla)

1.Xocalı dərdi.

(proloq əvəzi)

…Bir aran bölgəsində,

Yayın qızmar çağında,

Uçuq-sökük bir evin

Büzşüb bucağında

Bir ana sızlayırdı,

Dövrün ən acı dərdi

Xırıltılı səsində:

-Xocalım ooy, Xocalım ooy!..

Bu dərd Xocalı dərdi!

O dəhşətli gecənin

Quduz məngənəsindən

Möcüzəylə qurtarmış

Ananın sinəsində

Əbədi bir iz salmış

Bu dərd – Xocalı dərdi!

Qucağında ananın

Xəstə, şikəst körpəsi

Çığırıb-ağlayırdı,

Yorulub, əldən düşüb

Hərdən yuxulayırdı.

Körpə həmən o anın-

O dəhşətli gecənin

Bədbəxt yadigarıydı.

Yuxuya gedən təkin

Öz körpə yuxusunda

O anı yaşayırdı-

Diksinib oyanırdı…

-Xocalım ooy, Xocalım ooy!..

O dəhşətli gecənin

Amansız bir anında

Qaçhaqaç düşən zaman,

Göydən alov yağanda,

Ananın qucağında

Onun körpə budunu

Qəlpə parçalamışdı,

Ana tapmamış aman

Quduz düşmən gülləsi

Onu da aramışdı…

-Xocalım ooy, Xocalım ooy!..

Bilməyirdi nə qədər

Meşədə, qarın üstə

O, taqətsiz qalmışdı,

Əl-ayağı donmuşdu.

Bilməyirdi nə vədə,

Kim olmuşdu xilaskar.

Bircə onu bilirdi,

Körpəsi sağ qalmışdı,

Bir neçə ay keçmişdi,

Yarası sağalmışdı…

Bir də onu bilirdi,

Ayağından körpəsi,

Qəlbindən isə özü-

Ömürlük, hər ikisi

Şikəst idilər daha.

Dua edib Allaha

Qəlbi yaralı ana,

Dərdli, bəlalı ana

Xocalının uğrunda

Düşmənlərlə döyüşən

Oğlunu gözləmişdi,

ərini gözləmişdi…

…və sonralar bilmişdi-

Qanlı, ağır döyüşdə

Hər ikisi sonacan,

Qorxmuş, çaşmış əhali

Şəhərdən çıxanacan

Mərdliklə döyüşmüşdü.

Əri həlak olmuşdu…

Oğlundan xəbər yoxdu-

bilən yoxdu ölmüşdü,

bilən yox sağ qalmışdı…

İndi şikəst körpəsi,

Sığınacaq tapdığı

Uçuq-sökük koması,

Bir də acı naləsi

Həmdəmiydi ananın…

Ərinin məzarını

Yağılar tapdaq etmiş,

Oğul dərdi ananın

Ürəyini dağ etmiş,

Qəlpə didib-dalamış,

Ayağı yer tutmayan

Yaşı 5-i adlamış

Şikəst qızını onun

O gecə bədbəxt etmiş…

Bir gecənin bu qədər

Acı dərdləri vardı,

Xocalının nə qədər,

Neçə dərdləri vardı?..

-Xocalım ooy, Xocalım ooy!..

Ağlayırdı ana hey,

Sızlayırdı ana hey:

-Allah, belə ömrü sən

Niyə mənə vermisən?

Həyatdan bac almamış,

Bığ yeri qaralmamış

Bircə oğul balamı

Niyə mənə vermirsən?

Hanı bəxtim, muradım?

İndi onun ər adın

Yağı tapdaqlarıyla

Niyə murdar edirsən?

Allah, bu haqsızlığa

Axı niyə dözürsən?!..

İndi bu şikəst qızı

ərsiz, yurdsuz böyüdüm?

Allah, mən ver ölüm,

Oğlumu qaytar barı!

Qızımın bu dərdinə

Bir çarə axtar barı!

-Xocalım ooy, Xocalım ooy!..

Yaxınlaşıb Anaya

Təsəlli verdim ona:

-Səbirli ol, ay ana!

Ümidli ol, ay ana!

Ulu Tanrı oğlunun

Yetişsin imdadına!

Ömür-gün yoldaşının

Qəbri nur ilə dolsun!

Körpə yadigarının

Allah köməyi olsun!

Üzür səni bu halət,

Bu qüssə nə, cəfa nə?

Hələ son deyil həyat.

Soyuq-soyuq üzümə

Baxıb soruşdu ana:

-Heç ömründə bircə kərə

Ölmüsənmi

            ölənlərin əvəzinə?

Bu eyham, bu kinayə

Qurutdu boğazımı,

            açammadım ağzımı.

Unutdum bir anlığa

Gəlişimin məğzini,

Həya tərlətdi məni.

Ananın titrək səsi

Ürəyimə biz oldu,

Tüklərim biz-biz oldu.

Sual etdi ana yenə:

-Ölmüsənmi bircə kərə

            ölənlərin əvəzinə?

Davam etdi söhbətinə:

-Ölürəm mən,

            ölürəm mən neçə kərə

Hər gün, hər gün

Xocalının əvəzinə.

Ölürəm mən, itkin düşmüş

Tək oğlumun əvəzinə.

Ölürəm ki, o, yaşasın.

Ölürəm mən,

            bədbəxt, şikəst

                        bu qızımın əvzinə.

Şəhid olmuş ilk bəxtimin

Yağılara tapdaq olmuş

            məzarının əvəzinə

            ölürəm mən.

Ölürəm ki, baxım ordan,

Görüm axı, ölüm nədir?

Gedib, şəhid olanların

Ruhlarına baxım ordan.

O ruhlara qovuşmaqçın

            ölürəm mən.

Ordan dünyaya baxmaqçın

            ölürəm mən.

Heç olmasa,

qalanları yaşatmaqçın

            ölürəm mən.

Adlarını kişi qoymuş,

Bu torpağı satanların

 o dünyada yerlərini dar etməkçin

            ölürəm mən.

Torpağa xor baxanların

ürəyini xar etməkçin

            ölürəm mən.

Ölürəm ki, mən də görüm,

Görüm mənim igid ərim

            öldü necə,

Görüm, igid ölənlərim

Ömürlərin sənlə, mənlə

            böldü necə.

Gedim, görüm Xocalıda

Günəş çıxır indi necə…

Bir gecənin bu qədər

Acı dərdləri varmış.

Xocalının nə qədər,

Neçə dərdləri varmış?..

Kimlər atdı Xocalını?!

Kimlər satdı Xocalını?!

Dərdlər uddu Xocalını…

Tərk elədim mən ananı,

Matəm rəngli o komanı…

İçimdəki dərdlər yenə

            dalğalandı,

Beynim yenə o səslərdən

            çalxalandı.

Xocalıdan gələn səslər,

Məni yenə həmən səslər

            yaxaladı…

2.Xocalıdan gələn səslər.

Xocalıdan gələn səslər

Gecə-gündüz məni səslər,

Xocalıdan gələn səslər

İmdad istər, qisas istər…

Xocalıdan gələn səslər

Başımdadır, beynimdədir,

Xocalıdan gələn səslər

Içimdədir, məni didir,

neçə ildir

                dincliyimi baltalayır,

                      gəncliyimi baltalayır…

Bu səslərdən biri

Qarabağın nər balasl,

Xalqın xilaskar balası

Əlif Hacıyevin səsi:

(Azərbaycanın Milli Qəhrəmanı)

-Möhkəm durum, dostlarım!

Xocalını bu bəladan qurtarın!

Bu olmuşdu son kəlməsi…

Xocalıda bu dünyaya göz açmışdı,

Xocalıda əbədiyyətə qovuşdu…

Televizorda bircə kərə

Görmüşdüm o qəhrəmanı.

Kifayətdi bircə kərə görənlərə-

Əlifi sevmişdi hamı.

Hələ neçə il əvvəllər

İşləyərkən Xankəndidə

O, duymuşdu, ermənilər

Quduzlaşırlar yenidən.

O, bilirdi,

Min cür hiylə-fəsad ilə,

Ermənilər zaman-zaman

 zəbt ediblər

bizim dogma torpaqları,

Hay-küy ilə, fəryad ilə,

obalarımızın adları

ya “kert” olub, ya “yan”, ya “van”.

Məzlum-məzlum ağlayıblar,

Quduz-quduz dağlayıblar

Illər ilə qəlbimizi,

Bu dərs ayıltmayıb bizi.

Hər dəfə də unutmuşuq

1918-i,

1948-i.

Unutmuşuq, unutmuşuq

Ondan qabaq, ondan sonra

ən yaxın keçmişimizi.

Unutmuşuq, Allah! Allah!

Biz dul qalmış nənəmizi, anamızı,

Yetim qalmış babamızı, atamızı…

O, bilirdi

Xan oylağı Xankəndinin

Stepana-kertliyinin səbəbini,

O, bilirdi,

Təkbaşına düşmənlərin

arasında işləməyin ləzzətini.

Bu gənc milis zabitinin,

Dönməz, qorxmaz bu igidin

Sağlam, məğrur baxışları

Qorxudurdu düşmənləri-

O, açırdı məxv işləri.

Əlifin bu mərd işləri

Səs salmışdı Xankəndiyə.

Onda, düşmən işə saldı

Köhnə, murdar vərdişləri,

Guya Əlif rüşvət alıb

Adıyla quruldu hiylə,

təxribat başlandı yenə…

Nələr oldu, sonra nələr?

Sapı özümüzdən baltalar

Şahid durdular üzünə.

Nəhayətdə ermənilər

1984-də

Saldılar onu türməyə,

Mübarizə getdi hədər…

Əlifin harayından sonra

Işə yenidən baxılsa da,

Bir nəticə vermədi bu.

O, Sibirə sürgün oldu.

Çünki, onda Bakıda da

Ermənilər kök salmışdı-

Bakı onların olmuşdu.

Ittihamçı da erməni,

Iddiaçı da erməni,

Vəkili də erməniydi.

Hokmü erməni oxumuşdu…

Lakin Əlif məğrur idi,

O, poladdan yoğrulmuşdu.

Onun yolu doğru idi-

Bu torpağa vurulmuşdu.

Dörd il tamam qürbətdə

əzablara qatlaşdı,

Bu xəyanət qurbanı

Dözümlə, cəsarətlə

Muradına yetişdi.

Vətənin vurğunu

Bəraət alıb yenə

Qayıtdı Vətəninə,

Silah alıb əlinə

Dayaq durdu elinə.

Qorxmaz, mərd oğulları toplayaraq başına

Xocalı limanını saldı üzük qaşına.

Oldu bu limanın komendantı,

Açıldı Xocalının qolu, qanadı.

Irəvandan gələn silah mənzilə çatmayırdı,

Millətçi ermənilər acıqdan partlayırdı.

Əlif ermənilərin yuxusunu pozmuşdu,

Düşmən yəqin bilirdi- döyüşü uduzmuşdu.

Əlif belə igiddi, o, qorxmazdı, dönməzdi!

Əgər… o qanlı gecə… tarixə dönməsəydi,

Əlifin, əliflərin çırağı sönməsəydi…

Xocalıdan gələn səslər

Gecə-gündüz məni səslər…

Biri Tofiq Hüseynovun,

Biri onun itkin düşmüş

Can yoldaşı Məxmərinin,

Biri şəhid Ziyadxanın,

Biri şəhid Etibarın,

Biri Araz Səlimovun,

Biri itkin Natiqindir.

 Xocalıdan gələn səslər

Indi mənim yaddaşımdır,

Yoldaşımdır, ümidimdir.

Bu səslərlə yaşayıram

            neçə ildir…

Xocalıdan gələn səslər

Çırpır məni dağa-daşa

            hökm edərək

Döyür məni, deyir: Gərək,

            olduğu tək

Törədilmiş faciələr,

            vəhşiliklər

Köçürülsün kağızlara,

Lentələrə, yaddaşlara.

Çatdırılsın

Yüz il sonra, min il sonra

yaşayacaq nəsillərə.

Deyir: Gərək,

Deməsinlər bizdən sonra

Sizlər belə, sizlər elə…

Əfsus, ancaq,

deyəcəklər, soracaqlar:

-Hanı sizin qeyrətiniz,

Qürurunuz, qüdrətiniz?

Nə üçünmüş qaçhaqaçla

Xocalıda şəhər salmaq,

Fərqanədən, irəvandan gələnləri

Basa-basla ora yığmaq?

Burnu altda erməninin

            xalq toplamaq,

       xal toplamaq.

Sonra atıb yetim təkin

            gendən baxmaq.

Nə üçünmüş?

Kim üçünmüş?

Əfsus, əfsus!

Soracaqlar bunu bizdən!

Necə indi biz soruruq

1828-dən,

1905-dən,

1915-dən,

1918-dən,

1948-dən,

88-dən, 90-dan,

Babamızdan,

Atamızdan, özümüzdən…

Soruruqmu biz görəsən?!

Onlar isə soracaqlar!

Soracaqlar!

Hökmən! Hökmən!

Xocalıdan gələn səslər

Yandıracaq məni hələ,

Aylar ilə, illər ilə…

…İş elə gətirib ki,

Zaman elə gəlib ki.

Saxlayıram yarıda

Görüləsi işləri,

Yazılası sözləri.

Düşürəm arxasınca

Məni didən səslərin.

Axıb qara axınla

Neçə il tamam, öncə,

Qara, Qanlı Yanvarın

Qurbanı şəhidlərin

Müqəddəs ruhlarını

Yad edən millətimlə

Xiyabana gəlirəm.

İlhamla Fərizənin

Qoşa uyuduqları

Məzarları önündən

Həyacanla keçirəm.

Bir yandan alışıram,

Bir yandan öyünürəm.

Gözlərim yaşla dolu,

Qəlbim odlu, alovlu

Baxıram, düşünürəm:

“Gələcək nəsillərin

Budur əfsanə dolu

Ən müqəddəs and yeri.

Burda and içmişdilər

Bu gün tarixə dönmüş

Xocalı şəhidləri.

Burda and içmişdilər

sonra bura

şəhid kimi dönənlərim,

Bu torpağa

həyat verib ölənlərim,

Bu Vətənin

hər kəndində, obasında,

Tunc heykələ dönənlərim,

Hələ bu gün

yağı düşmən yuvasında

əsirlikdə olanlarım,

orda əzab çəkənlərim.

Neçə-neçə

naməhrumum, namə’məlumum,

Yolu burdan başlamışdı

Xocalının…”

İlhamla Fərizənin

Abidəsi önündən

Keçəndə daş əriyir,

Adama qeyrət gəlir.

Qəhərdən boğulursan,

Baxırsan, düşünürsən:

“Hansı xalqın Leyli-Məcnun əfsanəsi

Həyat boyu yaşayır, təkrarlanır?

Hansı xalqın Nizamisi, Fizulisi

Əbədiyyət çırağı tək ürəklərdə nurlanır?

Hansı xalqın müqəddəslik, paklıq səsi

İlham ilə Fərizədən başlanır?… “

… Bu minvalla, bu xəyalla

Vidalaşıb Xiyabanla

Yolum üstə qan ağlayan

Boynu bükük qərənfillər,

Tələsirəm tək qalmağa

Dərdli-sərli dəftərimlə.

Tələsirəm-

Qanlı Yanvar gecəsindən

Qanlı Fevral gecəsinə,

Acı Bakı naləsindən

Xocalının naləsinə…

3.Xocalıya gedən yollar.

Xocalıya gedən yollar

Bağlanmışdı, nə zamandı.

Xocalının qara bəxti

Dağlanmışdı, nə zamandı.

Nə haraya gələn vardı,

Nə dərdini bilən vardı,

Bu ölkənin başçıları

Karlanmışdı, nə zamandı.

Xocalıya gedən yollar

Ləkə-ləkə, damar-damar,

Parlayırdı qan üstündə.

Ağlayırdı, sızlayırdı

Yazıq şəhər can üstündə.

Zarıyırdı, yaıcandı,

Xocalının damarları

Darlanmışdı, nə zamandı.

Bakı burdan öyünürdü,

Şuşu ordan öyünürdü,

Ağdam çaş-baş salınmışdı,

Nə eləsin, bilməyirdi.

Köməyəsə gələn yoxdu,

Bu ölkənin başçıları

Korlanmışdı, nə zamandı.

Xocalının çörəyi yox,

Köməyi yox,

Sursatı da tükənmişdi.

Təkcə onun iradəsi möhkəm idi,

Əsgərləri səngərlərdə dayanmışdı,

Alınmaz istehkam idi.

Zirehi bol, sursatı bol düşmən isə

Dayanmışdı çılpaq şəhərlə üz-üzə.

Artıq şəhər hiss edirdi-

Indi, o, son günlərini yaşayırdı.

Yazıq şəhər, ağlayırdı, sızlayırdı,

Yağı düşmən həmləsinə az qalırdı…

Xocalıya gedən yollar

Bağlanmışdı, nə zamandı.

Xocalının qara bəxti

Dağlanmışdı, nə zamandı…

4.Beş ay mühasirədə.

Ermənilər bilirdilər nə edirlər,

Olacaqlar qabaqcadan bəlli idi.

Gördükləri bütün işlər

Məqsədli, planlı idi.

…5 sentyabr 1991-ci il.

Prezidentin fərmanı:

Azərbaycan Müdafiə Nazirliyi yaransın!

…Nazirlik yaranmışdı, ancaq

O zamanlar bu ölkədə nazir yeri

Olmuşdu nazir yeri yox, oyuncaq.

Gah o, gah bu nazir olur,

Hər nazirə neçə oba nəzir olur-

Ölkə başdan laxlayırdı,

Bu ölkəni qara günlər haqlayırdı.

Irəvansa, öz işində

Işğal üçün qərar verir.

Xankəndi mat gedişiylə

Obaları işğal edir,

Fürsət bada verməyirdi.

Bakıda oyun gedirdi,

Bakı heç nə görməyirdi.

Mərkəzdən qərar gəlmişdi:

“İşğal etmək Xocalını!”

Əsgəran çoxdan kəsmişdi

Ağdamdan gələn yolunu.

Keçmiş Sovet Ordusunun

366-cı.

motoatıcı alayı

köçürülmüş Xankəndiyə.

Onun sursatı, silahı,

öz peşəkar heyəyilə

erməni zabitlərinə verilmişdi.

Zəbt etməkçün Xocalını

hər tədbirlər görülmüşdü.

Hücum edib gecə onu

susdurmaq qət edilmişdi…

Son ayların ərzində,

Xocalı bölgəsində

Amansız ermənilər

Bir-birinin ardınca

Kəndləri zəbt eləmiş-

Meşəli əldən getmiş,

Həsənabad, Nəbilər,

Sonra da Kərkicahan

Olmuşdu qana qəltan.

Qaybalı, Malıbəyli,

Quşçular, Qaradağlı

əldən getmişdi bir-bir,

Bakı görməmiş tədbir…

Indi təkcə Xocalı

Azad nəfəs alırdı,

daha şübhə yox idi-

işğala az qalırdı…

Şəhər isə dözürdü,

Diz çökmürdü düşmənə.

Cavab verib mərdliklə

Hər düşmən həmləsinə

Gözləyirdi ümidlə,

Gözləyirdi o, hələ…

5.Qanlı gecə.

O gecə- qanlı gecə,

Qarlı, dumanlı gecə,

Xocalıda qoymadı

Qala bir canlı gecə.

O gecə- murdar gecə,

Dərd gecə, qübar gecə,

Xocalı adlı eli

Bir gecə udar necə?!..

O gecə- odlu gecə,

Ahlı, fəryadlı gecə,

Heç gəlib çıxmayaydı

Qalaydı yadla gecə.

O gecə- zülmət gecə,

Qəm gecə, zillət gecə.

Qana batdı tarixim,

Qırıldı millət gecə…

…92-ci ilin 25 fevralıydı…

Həmin o gün Xocalının

Son günü, son dövranıydı.

Başlanacaq soyqırımın

ən dəhşətli bir anıydı.

Dünya qara donunu

Geyib yuxuya getmiş,

Ulduzlar yoxa çıxmış,

Ay gecəni tərk etmiş,

Xocalı tək qalmışdı

Düşmənlərlə üzbəüz.

Igidlər dayanmışdı

Yorğun-arğın, yuxusuz,

Hərə öz mövqeyində

Şəhərin keşiyində…

Elə bu vaxt…

Göy gurladı.

Yer parladı,

Hər tərəfdən alov yağdı!

Amansız bir qüvvə ilə

Başlandı şəhərə həmlə.

Evlər od tutub yanırdı,

Şəhər qana boyanırdı.

Nə qocaya, nə körpəyə aman vardı,

Nə bu oddan qurtarmağa güman vardı.

Millət çaşqın, başlar açıq, ayaq yalın,

Qalmışdılar dövrəsində od-alovun.

Ailələr bir-birindən pərən-pərən,

Bu dəhşəti duya bilər ancaq görən!..

Təyyarə limanında

vəziyyət çox gərgin idi,

Düşmənin böyük qüvvəsi

 bu istiqamətdə cəm idi.

Xankəndidən cəm olunmuş

bura böyük bir ordu,

kəsilmirdi hücumların

nə arası, nə də ardı.

Bozdağdan raketlərlə

vururdular şəhəri,

Türklər məhəlləsini

xarabazar edirdi

Horaguh qüvvələri.

Böyük canfəşanlıqla,

Xüsusi yaraşıqla

Tikilmiş təzə evlər

Uçulur, dağılırdı.

Yaralılar, xəstələr,

Yaxında kim var, nə var

Uçuq altda qalırdı.

Millətin gur yerində

Birdən mərmi partlayır,

Qanlı gecə şərində

Məhv edir neçə ömrü,

Qəlpə didir, dağıdır

Qoca, uşaq bilmədən.

Güllə kimi haqlayır

Qalxa bilmirdi yerdən.

Mərmi uğultuları,

Güllə vıyıltıları,

Körpə çığırtıları,

Anaların naləsi

Qarışmış bir-birinə,

Küçələr qan gölməsi,

Gözü qan dığaların

Qana olan həvəsi

Yaratmışdı vahimə,

Qarışmışdı yer göyə.

Ayaq altda qalan kim,

Parça-parça olan kim,

Nə şəfqət var, nə həkim,

Nə hara getmək məlum,

Nə də görünməyirdi

Sonu bu soyqırımın…

Əlif hələ axşamdan

ratsiyayla Ağdamdan

ümidlə kömək ummuş,

demişdi tədbirini:

-Yeganə yol, qurtuluş

Məhv edib Əsgəranı,

Şellidən yol açmaqdır.

Bu tədbir Xocalını

Düşmənin pəncəsindən

Elliklə qurtarmaqdır.

-Ağdam gəlmədi, nədən?

Dispedçer məntəqəsini

Partladaraq mən həmən,

Yarıb mühasirəni,

Üzü Şelliyə doğru

Hərəkət etməliyəm.

Yoxdur bir özgə yolu

Xalqı xilas etməyin,

Qalmamış başqa çarəm…

Əlif göz qırpımında

Partladıb məntəqəni,

əldə avtomat, öndə,

igidləri yanında

girdi ağır döyüşə.

Keçib Qarqar çayından,

O, döyüşə-döyüşə,

Ölüm ilə üzbəüz

Meşələrə tutdu üz…

…Artıq açılır səhər,

Hər tərəfdən zirehlər

Şəhərə daxil olur.

Tarixi görünməmiş

Vəhşiliklər başlanır-

Kim qurtula bilməmiş

Tırtıllar altda qalır.

Meyitlər tapdalanır,

Cəsədlər şaqqalanır,

Südəmər körpələrsə

Taxılır süngülərə,

Məhv edilir nə varsa,

Od vurulur şəhərə.

Atılan güllələrdən

Şəhid olur Gülüş də,

Qaçır üzü meşəyə

Dəli kimi Dürdanə…

Çıxararaq od-alovdan

əhalinin bir qismini,

nə qədər ki, vardı imkan

Əlif yenə döndü geri.

Üz tutdu yanan şəhərə

ətrafında igidləri.

Verməyərək vaxtı bada

Atıldılar onlar oda.

Xilas oldu neçə həyat.

Lakin bu an… Heyhat! Heyhat!

Əsgəran tərəfindən

Hücuma keçdi düşmən.

Tankların köməyilə

Başlandı güclü həmlə.

Bir yandan İlham, Kamal,

Bir yandan Cabir, Aslan,

Sağda Füzuli, Zəmin,

Solda Əliflə Elçin

Girişdilər döyüşə,

Odlanıb yandı meşə.

Qana hərisli düşmən

Qoca, uşaq bilmədən,

Iri çaplı pulemyotla,

Snayperlə, avtomatla

Vururdu, görürdü kimi.

Birdən partlayırdı mərmi

Camaatın gur yerində.

-Kimi gördün, vur yerində,

Çığırırdı bir dığa hey…

-Dayan dığa, dur dığa, hey!

Qarşındakı Əlifdir, bil!

Cəhənnəmə edib vasil

Əlif neçə qaniçəni,

Qan yaddaşlı o gecənin

Oldu özü də qurbanı,

Yaratdı qeyrət dastanı…

6.Soyqırımın davamı.

…Fevralın 26-sı, səhər

Artıq zəbt olundu şəhər.

Gecə ikən şəhəri tərk etməyənlər,

Faciəni hələ tam dərk etməyənlər,

Gizləmişdi, hərə imkan olan yerdə.

Taqətsizlər, yaralılar orda, burda

Inildəyir, sürünürdü ümid ilə,

Bəziləri vidalaşır həyat ilə,

Bəziləri zarıyırdi imdad ilə…

Hərçənd, təslim olmamışdı

Xocalının əsgərləri,

Kimi mövqedə qalmışdı,

Kimi də dönmüşdü geri,

Şəhərin qalan əhlini

Bəladan qurtarmaq üçün.

Kimi də dönmüşdü geri,

Bu günahsız qurbanların

Qisasını almaq üçün.

Pozulsa da nizamları,

Qırılmamış inamları-

Imkan tapıb qırırdılar

Bu qaniçən zalımları…

Düşmənlərsə vururdular

Atəş gələn nöqtələri

Pulemyotla, minamyotla,

Dağıdıcı mərmiləri

Tuşlayırdılar o səmtə,

Susdurulurdu hər nöqtə…

…Şəhərdə başlanmış talan,

Qarət mallar karvan-karvan

Xankədiyə göndərilir,

Yağı düşmən bayram edir,

Sevinirdi qələbədən.

Və abır-həya bilmədən

Meyitlər təhqir edilir,

Ayrılırdı başdan bədən.

Hər kim var, təqib edilir,

Keçirilirdi süngüdən.

Yandırılırdı körpələr,

Ərşə qalxırdı nalələr…

…Şəhərdə qalan əsgərlər

Son ana, son nəfəsədək

Düşmən ilə döyüşdülər.

Neçə igid oldu həlak,

Neçəsinin taleyindən

Xəbər yoxdur bu günədək…

Tapmayıb qurtuluş, çarə

Çəkilmişdi meşələrə

Şəhər əhli bölük-bölük,

Inləyirdi uşaq, böyük.

Hava soyuq, dizəcən qar,

Can verirdi yaralılar.

Düşmən isə pusqulardan,

Hücum edib ordan, burdan

Qırırdı çarəsizləri.

Qar üstündə qan izləri

Gölmə-gölmə, laxta-laxta.

Həyat yalan, ölüm saxta,

Vəhşilksə bir heçnədir

Bu işlərin miqyasında.

Bu, yırtıcılıqdır, nədir?!

Bu haqsızlıq dünyasında

Bu əməlin adı nədir?!

Bu təqibin, soyqırımın

Düşmən üçün dadı nədir?!!!

Qapılıb bədbin hisslərə

Hadisənin bu yerində

Mətləbdən yayındım deyən,

Donaraq əlimdə qələm.

Qarşımdasa şahidlərin

Faktlar dolu yazıları.

O dəhşəti görənlərin

Göz yaşıyla yazdıqları…

Çözələnir xatirələr,

Cövlan eləyir beynimdə

O dəhşətli hadisələr.

Qayıdıram mən yenidən

Qan-qadalı o anlara.

O anları görənləri

            duymaq üçün

qoşuluram mən onlara.

Bir ad verə bilmədiyim

            əməllərə

öz adını qoymaq üçün

qayıdıram o anlara.

Tarixin rast gəlmədiyi

Bənzərsiz törətmələri

Birrə-birrə saymaq üçün

Qayıdıram o anlara.

Kor dünyanın görmədiyi

Sağalmayan o dərdləri

Dünyaya çatdırmaq üçün

Qayıdıram o anlara.

Təməli zorla qurulmuş,

Xəmiri qanla yoğrulmuş,

Bu biganə, kor dünyanı

Xocalının alovunda

Odlayıb yandırmaq üçün

Qayıdıram o anlara…

7.Tofiqin son döyüşü.

(Tofiq Hüseynov- Azərbaycanın Milli Qəhrəmanı)

(soyqırımın səhərisi gün)

-Komandir, indi nə edək?

-Tam qaranlıq düşənədək

Burada gözləyək gərək.

Gecə hərəkət edərək

Üzü meşələrə sarı

Apararıq adamları.

Uşaqlardan nə xəbər var?

O, Vahiddən aldı xəbər.

-Gecə ikən əmrinizlə

Camaatı od-alovdan çıxardılar.

Bir neçəsi qalıb bizlə.

Zirzəmidə yaralılar,

Qocalardır, qadınlardır.

Toplamışıq meyitləri nə imkan var,

Amma, xeyli küçələrdə qalan vardır.

Itkilərin sayı yoxdur,

Bu qırğının tayı yoxdur.

-O binadan atan kimdir?

O, könüllü türklərdəndir.

-Aman  Allah, zavallını

Susdurdular pulemyotla!..

Mən belə qoymaram bunu!

-Di dur, Vahid, dayan, atma!

Bada verərsən özünü.

-Tofiq qardaş, bir bax belə,

Məgər ruslar deyil onlar?!

-Hə, onlardır, qoşulublar dığalara.

-Gör bir necə şadlanırlar,

Meyitləri təhqir edib dadlanırlar.

-Hələ ora, o səmtə bax, o üzə bax,

Tank üstündə şərab içən zənciyə bax,

Əlindəki qan ləkəli süngüyə bax.

Görə-görə belə-belə vəhşiliklər

Gözlədilər qaranlıq düşənə qədər.

 Yox, onların zəhməti getmədi hədər-

Camaatı zirzəmidən gecə ikən

Çıxararaq meşələrə tutdular üz.

Çayı keçib meşəliyə keçər ikən

Dəstə düşmən həmləsinə qaldı məruz.

Lakin Tofiq belə anlar çox görmüşdü,

Bu qudurmuş dığalardan çox qırmışdı.

Bozdağında pusqu qurmuş,

Dığalara qan uddurmuş,

20-yədək dığanı

            və 5 zirehli maşını

məhv etmişdi bir həmləyə.

12 nəfərlik dəstəylə

Gedib Meşəli kəndinə

Yetmişdi kəndin dadına.

Zərbə vurmuşdu düşmənə

Belə-belə dəfələrlə.

El içində tanınmışdı

O, “Mixaylo” ləqəbiylə.

Indi budur, o, qalmışdı

Düşmənlərin dövrəsində.

Və öz kiçik dəstəsiylə

Vətən odu çöhrəsində,

Intiqam hissi başında,

Ölüm-dirim savaşında

Qırırdı yağı düşməni…

Sərmiş yerə neçəsini,

Dizlərindən yaralanmış

Vahidin barmaqlarını

Düşmən gülləsi aparmış,

Daralmışdı mühasirə,

Etibar da, Ziyadxan da

Həlak olmuşdu mərdliklə.

Gülləsi qurtaran anda

O, əmr elədi Vahidə:

-Tələs Vahid, di get burdan,

Bir az da patron ver mənə,

Camaatı qurtar dardan!

-Müntəzirəm hər əmrinə,

Ancaq tək qoymaram burda,

Səni vermərəm düşmənə.

-Əməl et son əmrimə sən.

Mən onsuz da gedə bilməm,

Dizlərim dəlik-dəlikdir.

O, zavallı adamlara

Sənin köməyin gərəkdir.

Çatdır özünü onlara,

Get qardaşım, qalma burda.

-Əlvida qardaş, əlvida!

Vahid uzaqlaşsın deyə

Tofiq gözlədi bir an.

Süründü düşmən tərəfə,

Sıxaraq ovcunda həmən,

Qumbaranı möhkəm-möhkəm,

Süründü son gücü ilə,

Süründü o, son dəfə.

Çathaçatda dığalara

Partlatdı qumbarasını,

Dörd dığanı sərdi yerə

Və… şəhid etdi özünü…

Tofiq dedi son sözünü-

Son anacan qorxu nədir bilmədi o,

Nağıl oldu, dastan oldu, ölmədi o.

“Mixaylonun əfsanəsi” təkrar olundu

yenidən,

Öz ölmüylə neçə ömrü xilas etdi

o, ölümdən…

8.Yaddaşlar ağlayır.

Məmmədov Oqtay Şükür oğlu, Xocalı batalyonunu döyüşçüsü. Təvəllüdü: 19 iyun 1957-ci il. Oqtayın qardaşı Vaqif ailəsi ilə- həyat yoldaşı Afilə, oğlanları Azər, Ceyhun və Niyaməddinlə birlikdə o gecənin qurbanı olmuşlar.

-Oqtay bir hərbçi idi

Xankəndi şəhərində.

Gözəl təlimçi idi,

Pərgardı işlərində.

Xoşbəxt bir ailəydik,

Uzaq qəmdən, kədərdən.

Axı, hardan biləydik,

Dövran dönəcək birdən?!

Orda baş verir nələr?-

Xəbərsizdik xəbərdən…

Xəyanətlər, fitnələr

Başlananda Oqtayı

Çıxartdılar işindən.

“Bu sənətdən savayı

Sevmirəm bir peşə mən”-

Oqtay belə deyirdi.

O, heç düşünməyirdi,

Öyrətdiyi əsgərlər

Ona düşmən kəsilər,

Zamanın bir anında

Onun öz silahından

Atəş açarlar ona,

Susayarlar qanına…

…Xocalı batalyonu yaradıldı nəhayət-

Oqtay üçün açıldı yeni, özəl bir həyat.

İndi o, Xocalının durmuşdu keşiyində,

Heç nədən çəkinmirdi, möhkəm idi işində.

Düşmən həmlələrini məhv edirdi dəstəsi,

Yorulmurdu, qorxmurdu, tükənmirdi qüvvəsi…

…Həmin o qanlı gecə

Öz kiçik dəstəsiylə

Çəkildi meşələrə.

O, bütün qüvvəsiylə

Güc gəlib həmlələrə,

Üç gün meşədə qaldı.

Çiynindən yara aldı,

Güllə, sursat qurtardı,

Mühasirə daraldı.

Əsir alıb onları

Erməni dığaları

Pircamalda saldılar

Bir donuz pəyəsinə.

Ələ salıb güldülər,

Çörək, su əvəzinə

Işgəncələr verdilər,

Söz deyib dillənənə

Şallaq, təpik vurdular.

Oqtayı tanıdılar:

Yanıqlıydılar ondan,

Odlanıb yanırdılar

Zəhmli baxışından.

Coşur, xoşlanırdılar

Ona əzab verərkən.

Səhəri gün, lap erkən,

Oqtayın qollarını

Bağlayıb möhkəm-möhkəm

Həyətə çıxartdılar,

Qar üstə uzatdılar.

Sallaqdodaq bir dığa

Yeriyrək qabağa,

Hırıldayıb ürəkdən,

Soruşdu ötkəm-ötkəm:

-De, kimindi Qarabağ?

-Torpaq bizimdir, ancaq,

Ötən əsrin önündə,

Dünya sizdən dönəndə

Qonaq saxladıq sizi.

Yeyib çörəyimizi,

Zəbt edib evimizi,

Dönük çıxdınız bizə,

Susadız qanımıza.

Sizlər vətənsizlərsiz,

Kişiliyə düşmənsiz!..

-Kəsin bunun dilini!

Qırın bunun belini!-

Çığırdı həmən dığa,

Tutdu onu şallağa.

Qıvrılıb qalxdı Oqtay,

Dığaya baxdı Oqtay:

-İndi ixtiyarsınız,

Ancaq nə qayırsanız,

Mənim iradəmi siz

Heç vaxt qıra bilməzsiz!

Bizimkidir Qarabağ,

Bizim olub qalacaq!..

…Üçüncü gün ermənilər əsirləri həyətə çıxaranda,

Oqtay fürsət əldə edib, göz qırpımı bir anda

Yaxaladı bir dığanı, silahını aldı ondan.

Çəkilib dalda yerə

Od yağdırdı düşmənlərə-

Üç dığanı sərdi yerə.

Döyüşdü son nəfəsədək,

Şəhid oldu bir əsgərtək…

…İndi ömür Oqtaysız

Bir əzabdır-mənasız.

Böyüklər başa düşür,

Ancaq 5 yaşlı Şükür…

Görməyib ata üzünü,

Bəs necə deyim düzünü?!..

Söhbətin bu yerində Oqtayın can yoldaşı

Ağladı hönkür-hönkür, yaddaşı qan yoldaşı.

Onu sakit etməyə çatmadı cəsarətim,

Axırdı gözlərindən yanağına həsrəti.

Nə qədər çətin idi yaşamaq bu anları,

Zaman unudacaqmı haqsız axan qanları?..

Məmmədov Arif İbad oğlu, Xocalı batalyonun döyüşçüsü. Təvəllüdü: 26 fevral 1956-cı il. Arifin anası Səltənət və 5 nəfər ailə üzvləri: Şövkət, Lətifə, Samir, Səbuhi və Səlim itkin düşmüşlər.

…Şelliyə az qalırdı,

Geri dönmək olardı.

Vidalaşıb Məlahətlə

Öpdü bərk-bərk Fidanını, Fuadını.

O, yanıqlı bir həsrətlə

Süzdü ömür yoldaşını,

Sanki içdi son andını:

-Qayıdıram, təmin edim

Camaatın xilasını,

Qayıdıram, almaq üçün

Xocalının qisasını.

Uşaqlardan muğayat ol,

Gedin, Allah amanında!

Arif getdi əks tərəfə,

Itdi meşə dumanında.

O, bir daha görünmədi-

Qaldı ömrün o anında…

Həkk olundu yaddaşına

Fuadın da, Fidanın da.

Gözləyirlər, duman səkə,

Ataları dönüb gələ…

Məlahətin göz yaşları

Yanağından gilə-gilə

Axır hər gün, yaddaşından

O dumanı silmək üçün,

Ağlayır o, için-için,

Balaları gülmək üçün:

-Qayıdacaqdır atanız,

Düşmənlərlə döyüşdədir,

Siz ona layiq böyüyün,

O, ən şərəfli işdədir…

Arif tərk etdi dünyanı

Bu dünyaya gələn günü,

Həmin günü doğulmuşdu-

Yaddaşlara

Xəyal olub dönən günü…

Xocalı sakini, 1931-ci il təvəllüdlü Zeynalov Aslan Bəhrəm oğlunun qan ağlayan yaddaşından:

-Böyük bir ailə idik,

Nə dərd vardı, nə nisgillik.

Övladlarım, ev-eşiyim, qayğı bilməz balalarım,

Xocalıya birdən gəldi yüz illərin bəlaları…

Həmin o qanlı gecədə əsir düşdü Tofiq oğlum,

Yeddi yaşlı Aynur nəvəm, mənim şəkərim, noğulum

Öldü yağı gülləsindən anasının kürəyində,

Anası, Tovuz gəlinim, yaralandı biləyindən.

Eldar balam döyüşərək şəhid oldu Xocalıda,

Səkkiz yaşlı qızı Leyla güllələndi gecə yolda.

Nadir oğlum subay idi, yetməmişdi kama hələ,

Meşədə son nəfəsədək döyüşdü o, düşmən ilə,

Nadir xilas etdi bizi, meyiti meşədə qaldı…

Aslan kişi qəhərləndi, udqundu, xəyala daldı.

Maddım-maddım baxdım ona, heyrətləndim dözümünə,

Aslan kişi bir ah çəkdi, döndü yenə üzü mənə:

-Kürəkənim Ramiz isə, şəhid olub Goranboyda,

Həyat yoldaşı Validə, o, başı bəlalı qızım,

Naxçıvannik meşəsində qaçha-qaçda, qalma-qıyda,

Yaralandı, qucağında körpə nəvəm, dan ulduzum.

Validəni oğlum Elxanla axtarıb tapa bildik,

Qan içində, huşsuz halda Şelli kəndinə gətirdik.

Ancaq, itirdik nəvəmi, qundaq körpə qaldı orda.

Onu mərhum Çingiz* tapıb, xilas edib bizi dardan-

                        qurtarıbdır intizardan.

(*-mərhum tele-jurnalist, AR Milli Qəhrəmanı Çingiz Mustafayev.)

Ailəmizin aynası,

Uşaqlarımın anası

Cabbar qızı Sayalıdır,

Düz, o vaxtdan yaralıdır.

Ombasını dələn güllə

Şikəst edibdir yazığı…

Bu ağrıyla, bu nisgillə,

Qəlbdə neçə övlad dağı,

Qalxdı, getdi Aslan kişi.

Qan ağlayan yaddaşında

Qanlı-qadalı keçmişi,

Qalxdı, getdi Aslan kişi.

Ölüm-dirim savaşında

Onları xilas eləmiş,

Şəhid olmuş gənc yaşında

Əlifi də yad elədi,

Şellidən imdada gəlmiş

Xosrovu da yad elədi.

Qalxdı, getdi Aslan kişi,

Şəhidlərin ruhlarını duasıyla şad elədi.

Ağı dedi ölənlərə, yağılardan dad elədi,

Qarğıyaraq dönükləri, dövrandan fəryad elədi.

Qalxdı, getdi Aslan kişi,

Xatirələr qaldı mənlə,

Bir də yazıq dəftərimlə,

                        qələmimlə…

9…

…Yaşayıb bu mövzu ilə

Mən ayları verdim yelə.

Araşdırdım yaddaşımı-

Şahidlərin göz yaşını

Ürəyimə yığa-yığa,

Başlıq tapmadım yazmağa.

Qovluğumda qan qoxulu rəvayətlər,

O günlərdən yadda qalan hekayətlər,

Şahidlərin gördükləri iztirablar, işgəncələr-

Nə ad qoyum mən onlara?.. zaman bilər.

Cavabını zaman verər.

Inanıram, gün gələcək,

Zaman qoyacaq adını

Bu dəhşətli əməllərin.

Xocalının fəryadını

Zaman qandıracaq! Yəqin!

Xar dünyaya qandıracaq,

Dünya olacaq müttəhim-

Zaman onu yandıracaq.

Erməni adlı bəlanın

Öz oduyla odlanacaq

Onda astarı dünyanın.

Qulaqları açılacaq,

Gedəcək koru dünyanın.

Heyhat! Ancaq gec olacaq!

Solacaq barı dünyanın…

Fəqət, hələ əlindədir

Öz ixtiyarı dünyanın,

Hələ ki, imkan dəmidir,

Tam yoluxmayıb hələ ki,

Dünya vəhşi xəstəliyə-

Ad qoysun bu əmələ ki,

Dərs olsun hər millətçiyə.

Erməni millətçiləri

Vaxtında çəkilsin dara!

Görərsə bu tədbirləri,

Dünya canını qurtarar

Birdəfəlik məhv olmaqdan-

Hələ ki var buna məqam…

…Bu arzuyla, bu amalla

Boş saxlayıb sərlövhəni,

Başlayıram bu minvalla,

Olduğu tək hər lövhəni

Həkk etməyə dəftərimə,

Qayıdıram dərdlərimə…

Ağdam rayonunun Şelli kənd sakini Xosrov Bilal oğlu Məmmədov xocalıları mühasirədən qurtaraq qəhrəmancasın şəhid olmuşdur.

Qanlı gecə səhərisi,

Qaçqınların bir dəstəsi

Yol gedərək bütün gecə,

Təhlükələr keçə-keçə,

Yaxınlaşarkən Şelliyə

Məruz qaldılar həmləyə.

Şellinin mərd oğulları

Darda qoymadı onları.

Ağır itki verib düşmən

Bu yoldan çəikldi həmən.

Yenə neçə ölən oldu,

Neçə yaralanan oldu.

Şellidən gələn cavanı,

Xosrov adlı pəhləvanı

Belə xatırlayır hamı:

“O, mərdliklə qurban verib canını,

El yolunda axıtdı öz qanını…”

Xocalı sakini Səttar Ağayevin başına gətirilən müsibətlər.

…9 yaşlı Vüsalı kürəyində,

O gecənin çovğunu, küləyində

Səttar kişi qaçdı meşəyə sarı,

Acdı Kətik meşəsində səhəri.

Birdən yağı gülləsi yuş oldu Vüsalına,

Qoca necə dözəydi övladın bu halına?..

Qoyub qar üstə onu, ağladı hönkür-hönkür:

-Qurban olum, ay Allah! Bu dərdə bir şərik dur!

Ataya bundan böyük dərd olarmı dünyada?

Balam günahsız ölür, boğulur qan-dəryada,

Mənimsə gücüm yoxdur, yetə bilmirəm dada!..

-Qoca köpək, qalx ayağa!

Qəflətən yekəpər dığa

Peyda olaraq hardansa

Qocanı necə vurdusa

Avtomatın qundağıyla,

Qoca dözməyib ağrıya

Qarın üstünə sərildi,

Dünya gözündə qaraldı…

…Başına gələndə huşu,

Qərargahda Səttar kişi

Açan zaman gözlərini,

Qan aparmış dizlərini,

Cırıq-cırıqdı şalvarı,

Qandalda idi qolları.

Başı sanki bir daş idi,

Paltarı qanlı, yaş idi.

Uzundıraz bir dığa

Qocanı boğa-boğa,

Tutub çırpdı divara:

-Söylə, qoca avara,

Zahid Ağayev kimdir?

-Tanımıram mən onu.

-Al, onun pasportunu,

Bu sənin oğlun deyil?

-Hə, mənim oğlumdur, bil.

O, qorxmaz bir əsgərdir.

Sənin kimi gədanın

Mininə bərabərdir.

-Dilinə bax sən bunun!

Göstərərəm mən indi

Əsgər oğlunu sənə.

Bax, sənin Zahidindi?

Hə, nə oldu, dinsənə.

Zahidin meyitini görəndə dondu qoca,

Ürəyi sancdı birdən, güclə udqundu qoca.

-Zahid balam, vay balam, vay…

Şəhid balam, vay balam, vay…

Uzundıraz erməni təpikləyib meyiti,

Bu biçarə qocanı pis söyüş ilə söydü.

Səttar kişi atıldı erməninin üstünə:

-Görüm səni yanasan, anan gəlsin tüstünə!

Qocanı sürüyərək eşiyə çıxartdılar,

Döyüb haldan saldılar, bir maşına atdılar.

Indi də səfərləri Dəhraz kəndinə idi,

Hərbi düşərgə idi, bu kənd indi nə idi?..

Səttar kişinin vardı burda çoxlu tanışı,

Əsirlikdə gördü o, Əşrəfi və Qaraşı.

Milli Ordu əsgəri Nadir də burda idi,

Lakin o, cırıq-cındır mülki paltarda idi.

Dəyişmiş libasını, almışdı özgə görkəm,

Tutmuşdu qucağında haldan düşmüş bir körpə.

Qoxumuş tövlələrdi dustaqxana əvəzi,

Aclıqdan, səfalətdən məhv olmuşdu neçəsi…

…Kötük parçası kimi sürüyərək qocanı

Tulladılar tövləyə: “Qoy burda çıxsın canı”.

-Qocaya imdad edin, su verin bu yazığa.

Donuzsifət, siçangöz, küftəburun, daz dığa

Boylanıb göz gəzdirdi, səs gələn səmtə baxdı:

-Ara, sanin bu sozun lap üragimi yaxdı.

Hırıldadı:- ha, ha, ha…

-Bu xoş gəlməz Allaha!

-Ara, ay turk, san daxa

Istamirsan yaşamax?

-Kəs səsini, daz dığa,

Şərəfli ölüm daha

Qiymətlidir bu anda.

-Yaxşı, danışdıx, onda

San duşdun spisoka (siyahıya).

Karen, gal bunu apar.

O, danışan əsiri,

Növbə ilə hər biri

Təhqir edib söydülər,

Incitdilər, döydülər.

Kəsib barmaqlarını,

Sonra qulaqlarını

Sarıdılar ağaca.

Baxa bilmirdi qoca

Bu dəhşətli səhnəyə.

Bu qədər vəhşiliyə

Qadir olarmı insan?

Buna nə ad qoyasan?..

O, dəhşətli səhnələrdən yayınanda,

 gözlərin yumanda,

Şəhid olmuş oğulları

dururdu göz önündə.

Kiprikləri məzar daşı olurdu,

Gözlərində

Zahidiylə Vüsalı uyuyurdu…

…Səttar kişi handan-hana

Göz gəzdirdi ətrafına.

Yenə əzab verib ona

Atmışdılar bir buzxana,

yarıqaranlıq otağa.

Başı üstə həmən dığa

Var-gəl edib, deyinirdi:

-Bax, bu dişlar sanindi,

Bu dişlarsa Aşrafindi…

Qanlı dişlər səpələndi otağa,

Dığa əda ilə başladı lağa:

-Bu, çiy katrofdu, bir vedra,

Bu da buğdadi, bir vedra.

Kandçilarinla bir yerda

Yeyib gorarsan dadini.

Axiradak xamisini

Yemalisiz saxaracan.

Bax xaa… sabax galacam.

…Qoca ölüm diləyirdi Tanrıdan,

Bu əzabdan, işgəncədən, ağrıdan

Ölüm daha şirin idi bu anda,

Ölüm gəlmir bəndə onu umanda…

…Səhəri gün dustaqları

Xocalıya apardılar.

Incitdilər yazıqları-

kəlbətinlə dişlərini çıxartdılar,

kimisinin dırnağını qopartdılar,

kimisinin qulağını kəsdilər,

kimisinin qol-qıçını qırdılar,

neçəsini güllə ilə vurdular…

Dustaqları oradan da apardılar Xankəndiyə,

Işgəncələr, iztirablar təkrarlandı dönə-dönə,

Nələr etdilər  İlahi: “sən düşmənsən, türksən”- deyə,

Bu nə insanlığa sığışmır, nə inanca, nə dinə…

…O günləri xatırlayır qoca ürək ağrısıyla:

-Axır məni dəyişdilər bir erməni dığasıyla.

Don atmış, yara səpmişdi, çürüyürdü ayaqlarım,

Pal-paltarım cırıq-cırıq, sızlayırdı oynaqlarım…

…Hər gün Zahid, Vüsal deyib sızıldayır Səttar dayı,

Belə dərdlər beşmi, onmu, neçəsini sadalayım?

Ailə var, on nəfərdən biri sağdır,

Ailə var, sağ qalanı bir uşaqdır.

Ailə var, öldürüblər, məhv ediblər hamısını,

Övladın gözü önündə yandırıblar anasını.

Neçə nakam qız-gəlinin toxunublar namusuna,

Oğlunun qanlı ətini yedirdiblər anasına…

Daha dözə bilməyirəm!

Daha yaza bilməyirəm!

Insan oğlu bu dərdləri

Necə yoza? Bilməyirəm!

Zaman bu qanlı izləri

Necə poza? Bilməyirəm!

Daha dözə bilməyirəm!

Bu goru kəfən dünyaya

Mən uduza bilməyirəm!

Bəsdir daha, yüz illəri verdim yelə!

Bəsdir daha, dağ çəkdilər millətimin taleyinə!

Daha özüm yazacağam tariximi,

Qoy yar olsun Tanrı mənə!

Millətimə xor baxanın hər birini,

Verəcəyəm zamanın öz pəncəsinə.

Indi, dünyanı çəkərək

Mən müttəhim kürsüsünə,

Qoyub vicdanıyla təkbətək

Fırladıram

onun çarxını tərsinə.

Qoy baxsın özü özünə,

Baxıb cavab versin mənə!

Sualların hər birinə birəm-birəm:

-Dünya hara baxır görən?…

10.Dünya hara baxır görən?!

Dünya hara baxır görən?

Görməyirsə, Xocalı tək faciəni?!

Günəş necə çıxır görən?

Sönmüş ikən

Günəşi bu şəhərin?!

Dünya hansı əməlləri

Yaddaşına həkk eləyir?

Dünya hansı əməllərə

Dünya kimi şəkk eləyir?

Göz görəti bütöv şəhər

Yeddi minlik millətiylə

Yer üzündən silinərkən,

Bu dəhşəti törədənlər

Vəhşiliyi, zillətiylə

Sevinərkən, öyünərkən,

Faciənin ssenarisi

Dünya üçün bəlli ikən,

Dilverəni, icraçısı

Gurlayarkən ötkəm-ötkəm,

Dünya hara baxır görən?!

Min illərin əzabıyla

Yaradılmış yurd yerləri

Görünməmiş vəhşiliklə

                        dağılarkən,

Quduzluqla, ləzzət ilə

Qoca, qadın cəsədləri

Qarət olub küçələrə atılarkən,

Südəmər, qundaq körpələr

Süngülərdə qıvrılarkən,

Qəddarlıqla qız-gəlinlər

Od-alovda qovrularkən,

 Tapılarmı cavab verən:

“Dünya hara baxır görən?!”

Eheyy! Durun!

Qulaq verin, ey ərənlər!

Bu dəhşətləri görənlər!

Faktlar dolu

əlimə bir bayraq verin!

Bağırım mən bağır-bağır:

-Paxır dünya!

Fağır dünya!

Axı dünya hara baxır?!

Karmı dünya?!

Kormu dünya?!

Özü boyda faciəni görmür dünya?!

Axır dünya açacaqmı gözlərini?

Görəcəkmi?

Millətçinin, qaniçənin

Dünya yetim sinəsində

Izlərini görəcəkmi?

Eşidəcəkmi

Binəva şəhidlərin səslərini?

O səslər ki, sorur məndən,

sorur səndən:

-Niyə susur şahidlərin?

Bağır, dünya!

Çığır, dünya!

Ey binəva naxır dünya!

Bu gün ruhlar sorur səndən:

“Dünya hara baxır görən?!”

Ey dünyaya sülh diləyən

Qüvvətli, nəhəng ölkələr!

Başına min işlər gələn

Torpaqları qan ölkələr!

Tələb edin, tapın əlac!

Boğaz gücü nə vaxtadək

Ədalətə güc gələcək?

Nadan qan-qan bağırarkən,

Haqqın səsi boğularkən,

Başına daş yağdırılan

Dünya hara baxır görən?!

Xocalıda

Indi Günəş çıxır görən?

Çaylarında

Indi sumu axır görən?

Bağlarında

Indi quşlar oxur görən?

Ormanında

Otlayırmı naxır görən?

Nər igidlər

At belində çapır görən?

Qız-gəlinlər

Seyrangaha çıxır görən?

Güllü nənə

Kəklikotu yığır görən?

“Qarabağın şikəstəsi”

Ürəkləri yaxır görən?

Bayramlarda cəngi səsi

Obalara axır görən?

Itməyibmi

Yamaclarda cığır görən?

Bulaqlardan su içirmi

Ceyran, cüyür, sığır görən?

Ayı qoparırmı nərə?

Yenə salırmı vəlvələ?

Qar üstündə iz salırmı

Kəklik hələ, turac hələ?

Meşələrdə “fit” çalırmı

Bulbul hələ?

Görən hələ yaşayırmı

Tülkü lələ, hop-hop dələ?

Dağ keçisi dırmanırmı

Sıldırımlı zirvələrə?

Xocalının meşələri

Indidəmi yaşıl görən?

Yenədəmi körpələri

Yatır mışıl-mışıl görən?

Orda Günəş çıxır görən?

                        batır görən?..

Dəli oldum, islandım mən

leysan dolu suallardan,

Hehat! Yoxdur cavab verən:

Dünya hara baxır görən?!

Dilim gəlmir bu dünyaya “ana” deyəm,

Yönüm gəlmir nifrətimi ona deyəm.

Anım gəlmir, sözüm yetmir,

Gücüm çatmır, dilim yatmır:

-Bu dünyanı qalsın virana!”-deyəm.

Dünya hara baxır görən?!

Dünya boyda bir ağrıya

bu gün durub göz bağlamaq,

korluq deyil.

Ərşə qalxan nalələrə,

ağrılara buz bağlamaq,

karlıq deyil.

Xəbis mətləblər naminə

Bu gün durub iz bağlamaq-

Bu, təkcə namərdlik deyil.

Yetim qalmış körpələrin,

Sinəsi dağ anaların

əzabını hiss etməmək-

Bu, təkcə daş qəlblik deyil.

Bu, tək mənlik, sənlik deyil.

Bu, bir milli faciədir-

Xocalıdan daha ağır!..

Belə olsa, inan, qardaş,

Ellər bizi qınayacaq.

Yer, göy, bu torpaq, bu daş

Od olacaq, qan olacaq,

Hamılıqla soruşmasaq-

Tapılmasa cavab verən:

Dünya hara baxır görən?!

O dəhşətli faciəni

Görənlərtək yaşamamaq-

Mənlik deyil.

Qalaq-qalaq suallara

Bu gün cavab aramamaq-

Mənlik deyil.

Üzdəniraq arxalara

Kölgə olub daldalanmaq-

Mənlik deyil.

Arayacam, axtaracam!

Aradığım suallara

Axır cavab da tapacam!

Haqq yerinə dönənəcən,

Ta ulduzum sönənəcən

Soracam hər gördüyümdən:

Dünya hara baxır görən?!

Dünya hara baxır görən?!..

                        1997.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

14 fevral Beynəlxalq Kitab Bağışlama Günü təəsuratları

Əli bəy AzəriXəlil Mirzə

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış yazıçı Xəlil Mirzə:

“Dəyərli dostum, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Xəzan” jurnalının təsisçisi və baş redaktoru, Prezident təqaüdçüsü Əli Bəy Azəri redaktoru olduğu, tanınmış özbək yazıçısı Züleyxa Maşərifovanın Azərbaycan dilinə tərcümə edilmiş “İntiqam hissi” kitabını (romanını) mənə hədiyyə etdi. Yenicə çapdan çıxmış bu roman müəllifin Azərbaycan oxucuları ilə ilk görüşüdür və kriminal-dedektiv mövzusunda yazılmışdır. Əsəri özbəkcədən Rəhman Babacan dilimizə tərcümə etmişdir.
Dəyərli hədiyyə üçün Əli bəy Azəriyə dərin təşəkkürümü bildirirəm!”

KİTABDAR

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zaur Ustac, sizi ürəkdən təbrik edirəm

Zaur Ustac, sizi ürəkdən təbrik edirəm

Çağdaş Ədəbiyyatımızda öz dəsti-xətti ilə seçilən, doğma Vətənimizi, xalqımızı sevmək mümkün olduğundan da artıq sevən, daima yaradıcılıq uğurları ilə bizləri sevindirən, bütün yaxşı mənalarda dəyərləndirən, əzizimiz Zaur Ustac, sizi ürəkdən təbrik edirəm. Bütün uğurlarınızın davamlı olmasını, Ulu Tanrının sevilən bəndələrindən biri olmağınızı arzu edirəm! Doğum gününüz mübarəkdir!

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

ZAUR USTACIN YAZILARI

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Xəlil Mirzənin – Xəlil Mirzəmməd oğlu Xəlilovun – şeirləri

Bu dəli küləyin…

…Bu dəli küləyin yalından tutub
Uçuram yoxluqdan sənliyə sarı.
Şirin bir xəyalın əlindən tutub
Uçuram kədərdən şənliyə sarı.

Bu külək taleyin çərpələngidir,
Fırladır zamanın olaylarını.
Telləri tellərin- göydə rəqs edir,
Yaradır səadət halaylarını.

Bu dəli küləyin səsinə qurban!
Necə coşquludur, qəhqəhən kimi.
Eşqinə, nəfsinə, bəhsinə qurban!
Necə də yaraşır sənə sən kimi.

Bu dəli küləyə bir namə verdim,
Aparıb çatdırsın sənə əlbəəl.
Köksümdə nə vardı, mən ona verdim,
Köksünə yerləşdir, sən əvvəl-əvvəl.

Bu dəli küləyin ağlına qurban!
Necə zamanında dadıma yetdi.
Özgəyə getməsin ağlın, a qurban!
Aldı məktubumu, adına getdi.

15.07.2025.

Eşqimizin

Bu son görüş oldu, qərar verən sən,
Bu gündən qoydun sən son eşqimizə.
Parladı Gün kimi, soldu gül kimi,
Can, min kərə can, can eşqimizə.

Bu gündən həsrətin nökəri olduq,
Acı xatirələr şakəri olduq.
Bu gün belimizin bükəri oldu,
Buludlar yağdırdı qan eşqimizə.

Həsədlə baxardı bizə sevənlər,
Bəlkə gətirdilər gözə sevənlər?!
Daha söyləməzlər üzə sevənlər
“Fidan” eşqimizə, “şan” eşqimizə.

Bitdi macəralar, bitdi nağıllar,
O nazlı, o məsum, isti nağıllar.
Sevdalı günlərlə itdi nağıllar,
Ha sızla, ha odlan, yan eşqimizə…

11.07.2025.

Həsrət yağışı

Bu, həsrət yağışı, bu, qəm yağışı,
Bu, əzab yağışı, sitəm yağışı.
Çəkib ürəyimə son damlayatək
Elə gözlərində tutam yağışı.

Təki taleyinə yağmasın sənin,
Təki qəhər olub boğmasın səni.
Təki gözlərini sağmasın sənin-
Özüm dəryasında batam yağışın.

Yolun aşıq olsun, bəxtin bəxtəvər,
Daha çəkməyəsən qüssə, qəm, kədər.
Sənə dua edib ölənə qədər
Ölüb, gözlərində itəm yağışın.
08.07.2525.

Təbrizim

Yenə sinən oldu sipər yadelli həmləsinə,
Düşmən olsan da hərçənd, hər yeni “hərb” kəlməsinə.
Bilirəm, dözəcəksən bu xəyanət cümləsinə,
Ay mənim yaraşıqlı, “Cənnəti-İrəm” Təbrizim!
Yolunda hər cəfaya mən müntəzirəm, Təbrizim!

Nifaq salıb haqqa yenə keçisaqqal mollalar,
İslamı pərdə ediblər özü baqqal mollalar,
Başı boş, nəfsi iti, bu oğru, çaqqal mollalar.
Səninlə bir olanla mən də əlbirəm, Təbrizim!
Azadlıq carçısıyam, azad şairəm, Təbrizim!

Bir ovuc farsa edir xidməti bu qanlı rejim,
Özünü mömin sayır bu erməni yönlü rejim.
Ulu Türkün xofundan hər an gözü qanlı rejim
Çəkəcək cəzasını, hökmən, bilirəm, Təbrizim!
Səni candan sevəni candan sevirəm, Təbrizim!

Sən möhtəşəm bir qalasan, minillik tarixinlə,
Adəmin məskənisən, sən özəllik tarixinlə.
Qovşarsan nəhayət, öz əzəllik tarixinə-
Sən əsir olduqca gər, mən də əsirəm, Təbrizim!
Zülmün zənciri çürük, mən dəxi şirəm, Təbrizim!
17.06.2025.

Nəvəm nağıl söyləyir

Səhər, axşam- hər zaman,
Dayanmadan, durmadan
Nağıl istəyən nəvəm
Daha məni dinləmir.
Özü nağıl uydurur,
Özü qəhrəman seçir,
Özü nağıl söyləyir.

Daha divin yolunu
Məlikməmməd kəsməyir.
Cırtdan hər addımbaşı
Böyüklərdən küsməyir,
Böyükləri aldatmır,
Böyükləri pusmayır.
Yeddibaşlı əydaha
Daha od püskürməyir.

Onun qəhrəmaları
Ya “Hörümçək adam”dır,
Ya da “Betman”dır, nədir.
O qəhrəman adları
Heç yadımda qalmayır.
Onun uydurmaları
Tükənməyir, bitməyir.
Məndən nağıl istəyən
Mənə nağıl söyləyir.

Yaxşımı bu, pismi bu,
Qərar verə bilmirəm.
Bir onu bilirəm ki,
Mən nağıl söyləmirəm,
Nəvəm nağıl söyləyir.
Nəvəm nağıl uydurur,
Mən də ki… dinləyirəm…
09.06.2025.


Çıxdım yollara…

…Yenə xəyallanıb çıxdım yollara,
Axıb xatirələr gölünə düşdüm.
Zindan ağırlığım məndən boşalıb,
Yenə kəndimizin yoluna düşdü.

Yenə də bu yolda düşdüm izimə,
Məni neçə kərə kəndə yetirib.
Neçə pərvazlanan arzu daşıyıb,
Ümidə, ünvana, bəndə yetirib.

Çılğın arzuların ilk ünvanıdır,
Qoynunda min sevgi yaşadır kəndim.
Çiyninin qayğısı ulduz sanıdır,
Ülvi adətlərin yaşıdır kəndim.

Kəndimin min şəhər sevgisi vardır,
Şəhərin bir kəndlik sevgisi yoxdur.
Hər kəndin şəhərdə güzgüsü vardır,
Şəhərdə bir sevgi güzgüsü yoxdur.

Şəhərin kəndimə can borcu, qucaq-
Taleyin ən gerçək oyunu budur.
Şəhərin dərdlərin kəndim udacaq,
Şəhər yaranandan pis oynçudur.

…Yenə xəyallanıb çıxdım yollara,
Ruhum hara uçur, səfərim ora…
03.05.2025.

Uduzdum

Yenə bir yuxu gördüm,
şirin, aydın, dumansız.
Bunu fikirləşməmişdim,
O biri yuxularım kimi
ssenarisini yazmamışdım,
mövzusunu seçməmişdim.
Plansız, filansız
gəldi yuxuma o qız.

Yerə, göyə,
Yerdə, göydə nə varsa
and içmişdim hər şeyə-
Onu unudacaqdım,
ondan qisas alacaqdım.
Hər fitnəyə əl atacaq,
lazım gəlsə,
əzrayılın özü ilə
ittifaq da quracaqdım…
Yəqin o, daha müqəddəs
nərələsə and içib,
daha güclü sirrlərlə
sövdələşə bilib.
Uduzdum…
01.05.25.

Müəllif: Xəlil Mirzə,

Şair-publisist, AYB-nin üzvü

Xəlil Mirzənin digər yazıları

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəlil Mirzə – Xəlil Mirzəmməd oğlu Xəlilov

Xəlil MirzəXəlil Mirzəmməd oğlu Xəlilov 1958-ci il noyabr ayının 12-də Sabirabad rayonunun Kovlar kəndində anadan olub. 1965—1973-cü illərdə kənd səkkizillik məktəbində, 1973—1975-ci illərdə M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil alıb. Ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Kənd məktəbində oxuyarkən divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Qəzet janrının demək olar ki, bütün növlərində qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanıb.

1976-cı ildə Ç.İldırım adına Az.Pİ-nin avtonəqliyyat fakultəsinə daxil olub. 1977—1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmət illərində belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. 1979-cu ildə Bakı Şin Zavodunda işə düzəlib və axşam şöbəsində ali təhsilini davam etdirib. 1985-ci ildə təhsilini başa vurmaqla mühəndis-mexanik ixtisasına yiyələnib. Həmin illərdə zavodda çıxan çoxtirajlı “Şinçi” qəzeti ilə əməkdaşlıq edib. Müxtəlif səpgili yazıları ilə yanaşı, həm də şeirləri dövri mətbutda dərc olunub, radio və televiziya verilişlərinə dəvət alıb. Həmin illərdə “Azərbaycan-Azərbaycan” adlı ədəbi birliyin fəal üzvü olub, AYB-nin nəzdində fəaliyyət göstərən “Natavan” klubunun məclislərində iştirak edib. Bakı şəhər 39 saylı orta məktəbdə özü də ədəbiyyat dərnəyi yaradıb, istedalı məktəblilərə poeziyanın sirlərinin aşılanmasında yardımçı olub, 80-ci illərdə populyar olab ədiblərlə görüşlər təşkil edib.

1994—2008-ci illərdə Qaçqınların və Məcburi Köçkünləin İşləri üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Həmin illərdə çoxtirajlı “Vətən səsi” qəzeti ilə əməkdaşlıq edib. Qaçqın və məcburi köçkünlərin acı xatirələrini, həyat şəraitlərini, problemlərini əks etdirən çoxlu sayda məqalələr dərc etdirib. Publisistik-sənədli yazılarla çıxış edib. Dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı faciəsi zamanı erməni qəsbkarlarının törətdiyi vəhşilikləri, Xocalının müdafiəsi zamanı həlak olmuş xalqımızın mərd oğullarının qəhrəmanlıq salnamələrini əks etdirən “Dünya hara baxır görən?!..” adlı sənədli poema yazıb.

Xəlil Mirzə həm də həmin illərdə elindən, obasından ayrı düşmüş yaradıcı insanlarla sırf təmasda olmuş, onların əsərlərinin bir qismini redaktə edərək “Vətən səsi” qəzetində dərc etdirmişdir.

Şairin “Payız qatarı” adlı ilk şerlər kitabı 1996-cı ildə “Gənclik” nəşriyyatında, “Dünya hara baxır görən?!..” adlı ikinci toplu-kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında, “Zamanın sınağında” adlı üçüncü toplu-kitabı və uşaqlar üçün yazdığı “Almaların nağılı” adlı dördüncü toplu-kitabı 2000-ci ildə “Diplomat” nəşriyyatında, “Yuxumu itirmişəm” adlı beşinci toplu-kitabı isə 2009-cu ildə “Mütərcim” nəşriyyatında nəşr olunub.

Xəlil Mirzə eyni zamanda “Dünya hara baxır görən?!..”, “Danışan məzarlar”, “Qatil Kür”, “Salam kəndim” adlı poemaların, uşaqla üçün yazdığı “Ədalətin qələbəsi” adlı birpərdəli mənzum dram əsərinin, “Zamanın sınağında” adlı povestin və “Qəzet köşkü” adlı tragikomediyanın məllifidir.

Kitabları:

  • Payız qatarı” – “Gənclik” nəşriyyatı 1996-cı il
  • “Dünya hara baxır görən?!..” – “Ağrıdağ” nəşriyyatı 1998-ci il
  • “Zamanın sınağında” – “Diplomat” nəşriyyatı 2000-ci il
  • “Almaların nağılı” – “Diplomat” nəşriyyatı 2000-ci il
  • “Yuxumu itirmişəm” – “Mütərcim” nəşriyyatı 2009-cu il.

Evlidir, iki övladı və iki nəvəsi var.

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru