Etiket arxivi: Zaur Ustacın monoqrafiyaları

“Gərəkdir” haqqında yazmaq gərəkdir – Zaur Ustac

Vicdanın ölçüsü – “Gərəkdir” (səh. 11)
Tanınmış pedaqoq-şair Asif Yusifcanlının “Gərəkdir” gəraylısı sadə deyim tərzi, aydın fikri və dərin ictimai mesajı ilə oxucunu düşünməyə vadar edən poetik mətndir. Bu şeir yalnız fərdi duyğuların ifadəsi deyil, bütövlükdə cəmiyyətə ünvanlanmış vicdan çağırışıdır.
Şeir ilk misralardan etibarən insanın yaşamaq fəlsəfəsini ortaya qoyur:
“Gəlir hardan gəlir, gəlsin,
Yaşamağa var gərəkdir.”

Burada şair taleyin gətirdiklərinə təslimçilik deyil, yaşamaq üçün iradə və ləyaqət tələb olunduğunu vurğulayır. “Var gərəkdir” ifadəsi maddi imkanla yanaşı, mənəvi zənginliyi də işarələyir. Çünki yaşamaq təkcə nəfəs almaq deyil, halal-harama, doğruya-səhvə diqqət etməkdir.
Asif Yusifcanlı şeirin növbəti misralarında halal anlayışını mərkəzə çəkir:
“Halal vara min bərəkət,
İstəməyən kor gərəkdir.”

Bu misralar xalq hikmətinə söykənir. Halal qazancın bərəkət gətirdiyi ideyası həm dini, həm də milli düşüncənin əsas sütunlarından biridir. Şair burada mənəvi korluq anlayışını önə çıxararaq, halalın dəyərini görməyən insanın əslində ruhən kor olduğunu bildirir. Bu, cəmiyyətin ən böyük problemlərindən birinə – dəyərlərin aşınmasına poetik etirazdır.
Şeirin ortasında (zirvədə) məsuliyyət və vicdan məsələsi daha qabarıq şəkildə təqdim olunur:
“Var düşübsə üç-beşinə,
Dönüb baxsın keçmişinə.”

Əgər belə demək mümkünsə, bu məqam əsl kuliminasiya nöqtəsidir. Burada var-dövlətə sahib olan insanın öz keçmişinə, haradan gəldiyinə, kim olduğuna dönüb baxmasının vacibliyi xatırladılır. Şair oxucunu daxili hesabat verməyə çağırır. Bu misralar sosial ədalət mövzusunu gündəmə gətirir: varlanmaq ayıb deyil, amma varlanma yolunun haramla çirklənməsi faciədir.
Şeirin ən təsirli yerlərindən biri vicdan metaforasıdır (bu məqam “vicdan”ın yerini əzada gəzənlərə mükəmməl bir mesajdır):
“Sağ əliylə sol döşünə,
Döyən kəsdə ar gərəkdir.”

Burada döşə vurulan əl vicdanın səsi, ürəyin çağırışı kimi mənalandırılır. Ar – yəni utanc, xəcalət, məsuliyyət hissi – insanı insan edən əsas keyfiyyət kimi təqdim olunur. Şair açıq şəkildə bildirir ki, vicdanı olmayanın cəmiyyətdə yeri olmamalıdır.
Şeirin finalında isə sosial mövqe və ictimai rəy məsələsi ön plana çıxır:
“Haramını halal sayan,
El içində xar gərəkdir.”

   Bu misralar sərt, lakin ədalətlidir. Haramı halal kimi təqdim edən, cəmiyyətin gözünü boyayan insanların ictimai qınağa məruz qalmalı olduğu vurğulanır. “Xar” anlayışı burada mənəvi iflasın rəmzidir. Şair cəmiyyətin özünü təmizləməsi üçün mənəvi mövqe sərgiləməsinin vacibliyini xatırladır.
   Ümumilikdə, “Gərəkdir” şeiri didaktik olduğu qədər də səmimidir. Asif Yusifcanlı nəsihət vermir, hökm oxumur – o, xalqın dili ilə danışır, xalqın vicdanına müraciət edir. Bu şeir oxucuya sual verir: biz necə yaşayırıq və necə yaşamalıyıq?
   Bu baxımdan “Gərəkdir” yalnız bir şeir deyil, yüksək milli-mənəvi dəyərləri qorumağa çağırışdır. Zaman dəyişsə də, dəyərlər dəyişməməlidir deyən şair, oxucunu halal zəhmətə, vicdanlı yaşamağa, ar-namusla ömür sürməyə səsləyir. Şeirin dili xalq dilinə yaxın olduğu kimi, forması da folklor nümunələri ilə səsləşir. Xalqın istədiyi biçimdə, sevə-sevə qəbul etdiyi tərzdə qələmə alınmış gözəl nümunələrdən biridir. Məhz buna görə də Asif Yusifcanlının bu şeiri bu gün də aktualdır, sabah da aktual olacaq.

27.12.2025. Bakı.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Folklordan müasirliyə uzanan poetik yol

Folklordan müasirliyə uzanan poetik yol

(Asif Yusifcanlı yaradıcılığına publisistik baxış)

Salam olsun, çox dəyərli oxucum. Bu dəfə söhbətimizi müasir Azərbaycan poeziyasında mənəvi-əxlaqi dəyərləri xalq təfəkkürü, atalar sözü və dini-etik düşüncə ilə yoğuraraq təqdim edən qələm sahiblərindən biri olan pedaqoq-şair Asif Yusifcanlının yeni çapdan çıxmış “Qəlbimin səsi” kitabı əsasında qurmağa çalışacağam.
HAŞİYƏ
“Qəlbimin səsi” kitabı 2025-ci də Bakı şəhərində yerləşən “Gənclik” nəşriyyatında “Kredo” qəzetinin baş redaktoru, şair-publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Əli Rza Xəlfəlinin ön sözü və redaktorluğu ilə nəfis şəkildə çap olunmuşdur. Kitabın tərtibatı ilə məzmunu uyğunluq təşkil edir. Bu münasibətlə müəllifi və yaradıcı heyəti təbrik edirəm.
Təfsilata keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, Asif Yusifcanlı Ağdam rayonu, Yusifcanlı kənd orta məktəbində 1984-91-ci illərdə mənim müəllimim olub. Mən bu barədə 2016-cı ildə işıq üzü görmüş “Ustadnamə” kitabımda xüsusi olaraq qeyd etmişəm. Şübhəsiz ki, bu hal  qələmə aldığım yazıya ancaq informasiya xarakterli məlumat kimi daxildir və məzmuna heç bir təsiri yoxdur. Sinif yoldaşım Arzumanın mənə hədiyyə etdiyi “Qəlbimin səsi” şeirlər kitabını əlimə  alanda ilk olaraq haqqında yazmaq üçün bir şeir seçmək istədim.  Bütün şerlərin bir-birindən dəyərli, ibrətamiz olduğunu gördükdən sonra, sıra ilə şeirlər haqqında yazmaq qərarına gəldim. Əli Rza müəllimin ön sözündən və bayatılardan sonra gələn kitabda ilk şeir nümunəsi – gəraylı (səh. 11 – “Gərəkdir”) üzərində dayandım. Şairin sözləri haqqında söhbətə başlamazdan əvvəl bu qəbildən olan bütün yazılarımda olduğu kimi ənənəyə sadiq qalaraq ümumi məlumat vermək istəyirəm.

Azərbaycan poeziyası daim iki əsas mənbədən qidalanıb: xalqın minillik yaddaşı olan folklordan və zamanın ruhunu ifadə edən müasir poetik düşüncədən. Bu iki xəttin vəhdəti bir çox şairlərin yaradıcılığında öz əksini tapsa da, onları üzvi şəkildə birləşdirə bilən sənətkarların sayı azdır. Tanınmış pedaqoq-şair Asif Yusifcanlı məhz belə qələm sahiblərindəndir. Onun yaradıcılığı folklorun saf qaynaqlarından süzülüb gələn ruhu müasir poetik forma və düşüncə ilə bir araya gətirməsi baxımından diqqətəlayiqdir. Asif Yusifcanlı Azərbaycanın dilbər guşələrindən biri olan Ağdam rayonunun Yusifcanlı kəndinində dünyaya gəlib. Müharibədən sonra böyük bir ölkənin ən çətin dövrlərinə təsadüf edən uşaqlıq dövrünun yeganə mükafatı bəlkə də elə Yusifcanlı kimi unikal bir kənddə ziyalı ailəsində doğulmağı olub:
QISA ARAYIŞ
Tanınmış pedaqoq-şair Asif Yusifcanlı – Asif Abbas oğlu Abbasov 10 sentyabr 1948-ci ildə Ağdam rayonunun Yusifcanlı kəndində ziyalı ailəsində anadan olub. Orta təhsilini əvvəlcə  Yusifcanlı kənd səkkizillik, sonra isə qonşu Novruzlu kənd orta məktəbində alıb.1969-cu ildə M.Ə. Sabir adına Bakı Pedoqoji Texnikumunu bitirib, doğulduğu Ağdam rayonunun Yusifcanlı kəndində müəllim kimi əmək fəaliyyətinə başlayıb. Asif Abbasov 1971-1973-cü illərdə sovet ordusu sıralarında hərbi xidmət keçib və bölük komsomol təşkilatının katibi olub. Paralel olaraq “Krasnıy bayets” ordu qəzeti ilə əməkdaşlıq edib. Hərbi xidmətini başa vurduqdan sonra Asif müəllim M.F. Axundov adına Azərbaycan Dövlət Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil olaraq ali təhsil alıb. Səmərəli müəllimlik fəaliyyətinə görə 1988-ci ildə Azərbaycan SSR Təhsil Nazirliyi tərəfindən Asif Abbasova “metodist müəllim” adı verilib. Qarabağda baş verən ağrılı proseslər nəticəsində Asif müəllim Zərdab şəhərində məskunlaşıb.1993-2003-cü illərdə Zərdab rayonunun Dəkkəoba kənd orta məktəbində ali kateqoriyalı müəllim və dərs hissə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən 2015-ci ilədək Zərdab şəhər 124 saylı texniki peşə-liseyində dərs hissə müdiri işləyib. Zərdabda yaşadığı müddətdə yerli ədəbi mühitdə öz layiqli yerini tutan Asif Yusifcanlının şeirləri “Kür damlaları”  antologiyasında yer alıb. “Ömrümü uzadır vətən həsrəti”  və “Qəlbimin səsi” adlı şeir kitablarının müəllifidir. “Qəlbimin səsi” adlı yeni kitabın işıq üzü görməsi münasibətilə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə təqdim olunan “Ziyadar” mükafatı ilə təltif olunub. Şeirləri dövri mətbuatda və elektron kütləvi informasiya vasitələrində müntəzəm olaraq  dərc olunur.

Asif Yusifcanlı öz doğma kəndində uzun qış gecələrinin söhbətlərində və dəyərli müəllimlərimdən yığdığı söz ehtiyatı ilə uzun bir yola çıxdı. Asif müəllim bu gün də bu yolda inamla addımlayır. Bu yolda onun tükənməz azuqəsi xalqımızın min illiklərə söykənən yaddaşı – qədim və zəngin folklorumuzdur.

Asif Yusifcanlı poeziyasında folklor sadəcə mövzu və ya bəzək elementi deyil, daxili poetik strukturun özəyidir. Onun şeirlərində xalq deyimləri, atalar sözləri, mifoloji obrazlar, qədim inanclar və milli təfəkkürün dərin qatları təbii şəkildə yaşayır. Bu folklor motivləri müəllifin şeirlərində süni görünmür; əksinə, sanki şair həmin mühitin içində böyümüş, xalq sözünün ritmini və ahəngini ruhən mənimsəmişdir.

Folklora bu yaxınlıq onun poetik dilini də müəyyənləşdirir. Asif Yusifcanlının şeirlərində sadəliklə dərinlik qoşa addımlayır. Xalq danışıq dili, aşıq poeziyasına xas axıcılıq və obrazlı ifadə müasir poetik fikirlə qovuşaraq oxucuda həm tanışlıq, həm də yenilik hissi yaradır.

Şairin yaradıcılığında xalq aşıq şeirinin əsas formaları olan gəraylı və qoşma xüsusi yer tutur. Bu poetik formalar Azərbaycan ədəbiyyatında yüzillərlə sınanmış, lakin hər dövrdə yenidən yozulmağa ehtiyac duyan janrlardır. Asif Yusifcanlı bu çətin və məsuliyyətli yolu seçərək klassik forma çərçivəsində müasir insanın düşüncəsini, ağrılarını və ümidlərini ifadə etməyə nail olur.

Onun gəraylıları və qoşmaları forma baxımından ənənəyə sadiq qalsa da, məzmun baxımından müasir zamanın poetik salnaməsidir. Bu şeirlərdə Vətən, torpaq, insan taleyi, mənəvi məsuliyyət, zamanla hesablaşma kimi mövzular xalq şeirinin ritmində səslənir. Beləliklə, şair klassik formaları muzey eksponatına çevirmir, əksinə, onları yaşadan və çağdaşlaşdıran sənət nümunələri yaradır.

Asif Yusifcanlı yalnız folklorla kifayətlənmir. Onun yaradıcılığında sərbəst şeir, fəlsəfi düşüncəyə əsaslanan modern poetik nümunələr də mühüm yer tutur. Bu şeirlərdə obrazlılıq daha çox simvolik və metaforik müstəvidə qurulur. Şair zamanın sosial-mənəvi problemlərinə, insanın daxili təlatümlərinə, yaddaş və məsuliyyət anlayışlarına publisistik kəskinliklə yanaşır.

Bu baxımdan onun poeziyası həm lirika, həm də düşüncə poeziyasıdır. Müasir formalarla yazılmış şeirlərində belə folklor təfəkkürünün izləri sezilir; bu da şairin üslub bütövlüyünü təmin edir.

Asif Yusifcanlının pedaqoji fəaliyyəti onun yaradıcılığında xüsusi etik və mənəvi çalarlar yaradır. O, poeziyaya yalnız estetik hadisə kimi deyil, tərbiyəvi və maarifləndirici missiya daşıyan söz sənəti kimi yanaşır. Şair üçün söz məsuliyyətdir, oxucu ilə mənəvi dialoqdur. Bu mövqe onun şeirlərində açıq didaktikadan uzaq, lakin dərin mənəvi çağırışlarla ifadə olunur.

Asif Yusifcanlı yaradıcılığı Azərbaycan poeziyasında ənənə ilə müasirliyin ahəngdar sintezinin bariz nümunəsidir. Folklora söykənən poetik yaddaş, aşıq şeirinin gəraylı və qoşma kimi klassik formalarına yaradıcı yanaşma, müasir poetik düşüncə və pedaqoji məsuliyyət onun sənət dünyasını bütöv və fərqli edir.

Bu yaradıcılıq nə keçmişə kor-koranə bağlılıqdır, nə də ənənəni inkar edən modernizm. Bu, xalq ruhundan doğan və müasir zamanla danışan poeziyadır. Asif Yusifcanlı məhz bu keyfiyyətləri ilə oxucunun yaddaşında qalır və Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Bu hal özlüyündə çox vacib və gərəklidir. Söhbətimizi məhz bu qəbildən olan nümunələrdən biri və kitabda birincisi artıq yuxarıda qeyd etdiyim “Gərəkdir” gəraylısı ilə davam etdirəcəyik.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

25.12.2025. Şəki.

Müəllif: ZAUR USTAC

ZAUR USTACIN YAZILARI

ASİF YUSİFCANLININ YAZILARI

ASİF YUSİFCANLI HAQQINDA

Oxuyun >> Gözündə tük var

PROZA.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

“Yadın yadı” – yaddaşın işığı

YETMİS ALTINCI YAZI
“Yadın yadı” – yaddaşın işığı
(Bəhruz Niftəliyev sözünün işığında)
Gərçi məndən surətin qaibdir, ey huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!

İmadəddin Nəsimi

Salam olsun, çox dəyərli oxucum! “Xoş gəlmisən…” Gəl, lap yaxın gəl ki, bir-birimizi yaxşı eşidək. İlk işarə, ilk söz “Tanrı” olduğu kimi, şübhəsiz ki, ən gözəl mükalimə də məhz Tanrı ilə olan söhbətdir. Ən doğru mütalib isə bütün sualların cavabınıdan agah olan intəhasız elm,  güc və qüdrət sahibi uca Tanrıdır. Bu dəfəki söhbətimiz tanınmış alim, şair Bəhruz Niftəliyevin “Tanrıya məktublar” kitabında yer alan Tanrı ilə söhbətlərindən seçdiyim fraqmentlər üzərindən olacaq. Bu söhbətimiz üçün yuxarıda adı çəkilən kitabdan  “Yadın yadı”  şeirini seçmişəm. Mətləbə keçməzdən əvvəl müəllif haqqında qısa arayış təqdim edirəm:
QISA ARAYIŞ
Bəhruz Niftəliyev 8 may 1987 – ci ildə – təbiətin ən gözəl çağında, şairlər ilində – Bakı şəhərində anadan olub. Ali təhsillidir. Sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Mütalibi Tanrı olan şairdir. Onun özünü özüm, sözünü sözüm kimi tanıyıram. Ümumiyyətlə 1987 (…., 1951, 1963,1975, 1987, 1999, …) -ci ildə anadan olan insanlar bir başqadır –seçilmişlər – Tanrının sevimliləridir. Məhz bu baxımdan Tanrını özünə həmsöhbət seçməkdə qeyri-adi (təsadüf) heç bir şey görmürəm. Şair sadəcə Tanrının cagrışına cavab verib.
Bəhruz Niftəliyevin “Yadın yadı” şeiri insan ruhunun dərin qatlarına toxunan əsərlərdən biridir. Bu şeir təkcə unudulmuş bir xatirənin poetik hekayəsi deyil, həm də yaddaşın insan həyatında oynadığı möhtəşəm rolu göstərən mənəvi bir güzgüdür. Əslində, şairin bu əsəri keçmişlə bu gün, sevgi ilə nisgil, ağrı ilə iradə arasında körpü yaradır. Bu körpüdən keçdikcə oxucu həm öz daxili dünyasına boylanır, həm də insan taleyinin ümumbəşəri həqiqətlərini duyur.
Şeir elə ilk misradan oxucunu dərin bir paradoksal, sirli-sehirli aləmə çəkir:
“Bir yadın yadıyla dərdləşə adam…”
Bu misra unudulmuş bir insanın, bəlkə də çoxdan uzaqlara getmiş bir simanın hələ də kiminsə içində yaşamaqda olduğunu göstərir. “Yad” sözü həm uzaqlığı, həm qəribliyi, həm də keçmişi bildirir. Lakin “yadın yadı” ifadəsi daha dərin məna daşıyır ― yad olanın belə yaddaşdan silinə bilməyən izidir. Deməli, şair üçün yaddaş təkcə xatırlamaq deyil, həm də yaşamaq, nəfəs almaq, bəzən də dərdləşməkdir.
Bu fikrin davamında şair insanın daxili gücünü vurğulayır (yaddaşın dərin qatlarına enir):
“Nur ola, çevrilə günəşə adam…”
Yadın itkisi, iztirabı olsa da, insanın içində bir işıqlanma var. Bu o deməkdir ki, acı keçmiş belə adamın ruhunu oyadan, işıqlandıran bir hikmətə çevrilə bilər. Bu misralar həyat fəlsəfəsi daşıyır. İnsan yalnız əzablardan keçməklə paklana, nurlana, ziyadar ola bilər. Kainatın əfəndisi, yaradılmışların əşrəfi olduğunu bu yolla isbatlamaq mümkündür. Nəsimi hikmətindən qidalanan irfan şairi Bəhruz Niftəliyev hər bir düşüncə adamını  insanın (Tanrı-bəndə çuğlaşmasının) qatmanlı iç dünyasına səyahətə dəvət edir.
Şeirin ikinci bəndində şair emosional yükü daha da artırır:
“Yıxıldım ruhuma dəydi izlərin,
Puç oldu, heç oldu nəydi hisslərin?”

Burada xatirənin adamı necə sarsıtdığı poetik şəkildə göstərilir. Keçmiş hisslər nə qədər böyük olursa-olsun, zaman qarşısında puç ola bilir. Xatirənin izləri isə bəzən həmin hisslərin özündən ağır olur. Şairin ruhuna dəymiş “izlər” təkcə emosional yara deyil, həm də insanın həyat yolunu dəyişən bir hadisə kimi görünür. Düşüncənin alt qatlarına endikcə hisslərin ruha tərcüman olduğunu görürük:
“Vaxt gəldi qüruru əydi dizlərin”
Bu misra insanın ən sərt tərəfi olan qürurun belə sevgi qarşısında diz çökə bildiyini poetik dillə təsvir edir. Münasibət bitər, insan ayrılar, amma qürur zədəsi uzun müddət öz sözünü deyər. Bu yara hey su verər. Heç sağalmaz.
Üçüncü bənd şeirin fəlsəfi yükünü daha da genişləndirir (dərinliyi artır):
“Çəkilər ləpələr qayıtmaq üçün,
Qaydar şübhələr ayıltmaq üçün…”

Ləpələrin çəkilib yenidən sahilə qayıtması kimi, insanın yaddaşında da hadisələr, duyğular, suallar daim geri dönür. Bu geri dönüş bəzən sakitləşdirir, bəzən yandırır, bəzən də insanı ayıldır. Şair burada dərin psixoloji həqiqəti ifadə edir. Mərkəzdən qaçma effektlərinin izlərini görürük. İnsan təbiətin bir parçası olduğu üçün daim Ayın və Günəşin cəzbindədir. Qabarmalar və çəkilmələr labüd və təbiidir. Keçmişdən xilas olmaq mümkün deyil, çünki o daima insanın arxasınca gəlir. Çünki bütün həyatımız (insan ömrü) dairəvi hərəkətlər məcmusudur (Bəhmənyar). Keçdiyimiz yolları təkrar-təkrar mütləq keçirik. İzimiz izimizi çəkir.
Ən maraqlı məqamlardan biri isə “Mən qalxan, mən qaya, sən döşə adam” misrasıdır. Bu, sevgidəki rolların təsviri kimi görünür. Əslində ülvi məhəbbətin hər iki tərəfin qarşılıqlı hisslərinin, duyğularının, fəaliyyətlərinin çuğlaşmış məcmusundan ibarət olmalı olduğu halda, şair özünü fədakarlıq göstərən tərəf kimi təqdim edir, qarşı tərəfi isə duyğularını, hisslərini döşəyə (diktə edə) biləcəyi bir insan kimi göstərir (nə desən, nə etsən qəbulumdur – döşə, gəlsin): Ruhum təbəliyi özü üstənib, qəlbimdə qurduğun taxtın mübarək!* Ümumi məzmundakı paradoksallıq öz pik həddinə, kuliminasiya nöqtəsinə çatır. Şair birinci, birbaşa mənasında sərtlik, dirəniş, müqavimət, müdafiədə olmaq anlamına gələn ifadələr işlətməklə, əslində yumşaqlığın, kövrəkliyin, ürəyi yuxalığın, özünü qurban etməyin ən uğurlu, optimal sayıla biləcək mənzərəsini yaradır. Bu misra ən ülvi hissləri tərənnüm etməklə bərabər, eyni zamanda çox incə ironiya ilə də yüklənmişdir. Burada həm məhəbbətin, həm güvənin, həm də ümidsizliyin paralelliyi var. Bu bir misra fikrin (ifadənin, ifadə tərzinin) sahibini yəni, məlum şeirin müəllifi Bəhruz Niftəliyevi də bir insan, şəxsiyyət olaraq tam xarakterizə edir (tipik …, 1987, … özünü ifadə tərzi, təbii xarekter göstəricisidir). Yəni, heç bir nə 1986, nə də 1988-ci il doğumlu şəxs bu misranı yazmağı, onun ifadə etdiyi özünü fəda etmə, qurban vermə anlamına gələn məqamı ozünə rəva bilməz. Yuxarıda qısa arayış bölümündə qeyd etdiyim kimi hər şeyin ən mükəmməlini etməyə çalışırmaq (bu fədakarlığın ən son mərtəbəsinə də aiddir), ən ali məqsədlərə xidmət, uca könüllülük yalnız Tanrı tərəfindən seçilmişlərə məxsusdur.
Son bənddə şair daha hikmətli, daha irfanlı bir düşüncə ortaya qoyur:
“Eybi yox odun da istisi olar,
Yanarsa, mütləq bir tüstüsü olar…”

Bu misralarda insan həyatının qanunu (tərifi) verilir. Hər sevginin yanğısı, hər yanğının tüstüsü var. Heç bir duyğu tam ağrısız, tam saf olmur.  Həyatın hər istiqamətində bir acı, bir tüstü öz yerini tutur. Bu, həm barışmaq, həm də təslim olmamaq fəlsəfəsidir.
Şair burada insanın qəmli alın yazısının əslində qismətin bir parçası olduğunu deyir. Kim kədərlərdən uzaq düşürsə, deməli, həyatın böyük dərslərindən də uzaqdır. Qəm burada yük yox, təcrübədir, çətinlik yox, yüksəlişdir.
“Yadın yadı” şeiri insana bir həqiqəti xatırladır. Yaddaş zamanla silinmir, əksinə, dərinləşir. İnsan yad olandan belə dərd alır, nur alır, yol alır. Şair bu şeirdə keçmişin ağrısını yumşaq, fəlsəfi dillə təsvir edir. Poetik axıcılıq, misraların bədii ritmi, duyğunun səmimiyyəti şeiri həm oxunaqlı, həm də yaddaqalan edir.
Bəhruz Niftəliyev bu əsərlə göstərir ki, insanın ən böyük dərmanı yenə öz qəlbinin içindədir ― həm yadların izi, həm də özünün nurudur. Bu şeir həm unudulanlara salam, həm xatırlayanlara dərs, həm də ruha verilən bir məktub kimidir.
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm, əziz və çox dəyərli oxucum! Bu mövzuda birinci söhbətimizin sonuna gəldik. Hələlik.

04-05.12.2025. Bakı .

*– bu iki misra “Ülyahəzrət” şeirimdəndir.

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

ZAUR USTACIN YAZILARI

Bəhruz Niftəliyevin yazıları

Bəhruz Niftəliyev haqqında

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<l

Mahirə Nağıqızının 65 illiyinə

Mahirə Nağıqızı – 65

İNSAN, YURD VƏ ANA DİLİ

(birinci yazı – giriş)

Salam olsun, çox dəyərli oxucum! Budəfəki söhbətimizin mövzusu tanınmış Azərbaycan şairi, ədəbiyyatçı alim, xanım-xatın ana, yurdsevər ziyalı, ictimai xadim (ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının İdarə heyətinin üzvü, AYB-nin üzvü) Mahirə Nağıqızı (Hüseynova) yaradıcılığında “insan”, “yurd” və “ana dili” anlayışlarının cuğlaşması nəticəsində ortaya çıxan özünəməxsus ifadə tərzinin – yurdsevərliyin təcəssümnün araşdırılması və təbliği olacaq. Bu mövzuya həsr etdiyim birinci – giriş yazımda gələcəkdə davam edəcək silsilə yazılarım  üçün struktur sxem – növbəti monoqrafiyamın möhtəviyyatını təqdim etməyə çalışacağam.

Mahirə Nağıqızı müasir Azərbaycan ədəbiyyatının diqqət çəkən, eşidilən və oxunan səsi, qəbul edilən avazıdır. Dədə Qorqud öyüdü, ulu ozanların nəsihətləri, qədim tariximizin ən dərin qatlarından (min illərin ötəsindən – bəlkədə milyon illərin) süzülüb gələn ana hökmü, xanım zərifliyi onun yaradıcılığının (nitqinin, bayatılarının, şeirlərinin, hekayələrinin, publisistikasının, metodikasının) əsas məziyyətlərindənidir. Onun şeirləri ənənə ilə çağdaş duyğular arasında körpü qurur, sadə və eyni zamanda qatmanlı dil ilə oxucunu daxili səyahətə çıxarır:

İbadətdir şeirlərim,
Hər sətrində sənin yerin.
Kağız üstə düşən tərim,
Bir cəhlil-cəlal, yığıram. (“Yığıram”)

Bu məqalədə (silsilə yazımda) Mahirə Nağıqızının yaradıcılığını — bədii-estetik xüsusiyyətlərini, əsas mövzularını, poetik üslubunu, ictimai və mədəni təsirini, həmçinin oxucu ilə münasibətini geniş şəkildə araşdırmaq istəyirəm.

Mahirə Nağıqızı həm fərdi, həm də kollektiv yaddaşın şeir dili ilə təcəssümü olan şairdir. Onun şeirlərində şəxsi xatirələr, qadın təcrübəsi, ailə və məişət, vətən (yurd)  və tarixi yaddaş elə bir ahənglə verilir ki, oxucu onları həm öz həyatında tapa bilir, həm də ümumbəşəri səviyyədə qəbul edir. Mahirə xanımın poeziyası həm incə duyğuya, həm də prinsipial ictimai mövqeyə malikdir; o, kiçik insan hekayələrindən böyük mənalar çıxarmağı bacarır. İstənilən məzmunlu (janrda)  və həcmli yazılarında (dördlükləri, bayatılar da daxil olmaqla) insan, onun yaşayışı, yurd yeri, dili əsas mövzu predmeti kimi ortaya çıxır:

Bu səhra dünyamın yuxularının
Hər gecə gəzdiyi ormanı sənsən.
Yaralı qəlbimin, xəstə canımın,
Yeganə davası, dərmanı sənsən. (“Sənsən”)

Mahirə Nağıqızının yaradıcılığında bir neçə dominant mövzu aydın görünür:

Ailə və ana: Şairənin anaya, analığa həsr olunmuş nüanslı şeirləri onun yaradıcılığında xüsusi yer tutur. Bu şeirlərdə həm təşəkkür, həm də qürur, həm də itki və həsrət duyğuları paralel şəkildə işlənir:

Doğulandan ruhun oldu beşiyim,
Abrın oldu, həyan oldu keşiyim.
Halallığa ocaq, evim-eşiyim,
Sabahıma inam oldun, Nazlı, sən. (“Nazlı, sən”)

Qadın təcrübəsi və önəri: Mahirə xanımın şeirləri qadınların gündəlik məişəti, daxili dünyası, arzuları və məhdudiyyətləri üzərində düşünməyə sövq edir. O, qadın obrazını stereotiplərdən azad etməyə çalışır, onun gücünü və incəliyini eyni zamanda təqdim edir.

Yurd və tarix: Şair həm yerli-landşaftın, həm də tarixi yaddaşın şeir dilində canlandırılmasına meyllidir. Vətənə bağlılıq onun poetikasında nostalji və ümid qatları ilə verilir. Mahirə Nağıqızının bu mövzuda olan şeirlərindən əlavə maraqlı nəsr nümunələri də var. Yazarın  “Mənim çəkmələrim” hekayəsi yurd – vətən həsrətini təcəssüm etdirən çox qiymətli əsərlərdən biridir.

Ana dili və milli mənsubiyyət məsələsi: Mahirə Nagıqızına görə Azərbaycan xalqının milli mənsubiyyətinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Ana dilimiz təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısı, min (bəlkə də milyon) illərin ötəsindən günümüzədək gəlib çatan ən müqəddəs əmanət – genetik yaddaşımızdır. Onu qorumaq və gələcək nəsillərə ötürmək borcumuzdur.

Mühacirət və qayıdış: Modern dünyanın köçərilik, tənhaqalmışlıq və yeni məkanlarda özünü yenidən kəşf etmə kimi problemləri Mahirə xanımın müasir şeirlərində rast gəlinir:

Kimə doğma dedin, kimə yad dedin,
Nə haray istədin, nə imdad-dedin?
Qürbətin havası verməz dad-dedin,
Adının hər adı-sanı vətəndir. (“Vətəndir”)

Günlük həyatın poetikləşdirilməsi: O, adi məişət səhnələrindən, gündəlik məsələ və münasibətlərdən, yaşlı və cavanlardan, övladlardan (nəvələrdən), əşya və hadisələrdən nümunələr götürərək universalla çevirir. Fərdi məziyyətləri poetik dillə ümumiləşdirir:

Bu vətən deyilən torpaq deyil ki,
Ananın dizinin yanı-vətəndir.
Başını qoymağa bir sinə varsa,
Ruhuna beşiksə, tanı, vətəndir. (“Vətəndir”)

Əsərlərin dili və üslubu: Mahirə Nağıqızının dili həm sadə, həm də mürəkkəbdir. O, gündəlik danışıq intonasiyasını şeir formasına gətirir, amma dilin sadəliyinin arxasında dərin metaforik qatlar gizlənir.Doğma ana dilimizin zənginliyini, ecazkarlığını hər sözündə, hər misrasında vurğulayır. Milli mənsubiyyətimizin əsas daşıyıcı və qoruyucusu məhz sərhəd tanımayan hakim ana dilimizin olduğunu göstərir.Biz bu yanaşmanın nə qədər doğru olduğunu son illərdə bird aha şahidi olduq (uzun illər özünü düşmən kimi təqdim edən mənfur – rəzil qonşularımız belə əslində dilimizdə necə bülbül kimi cəh-cəh vurduqlarının şahidi olduq.)

HAŞİYƏ: Son günlərdə minaya düşərək şəhid olan Xanı ləqəbli döyüşçünün yayılmış videoların birində belə bir epizod var; ərazinin tərk edən qonşu millətin nümayəndəsi ona  “Qardaş” deyir…. Və ya digər məşhur bir videoda isə: – “ə vallah e….i..r adam döylü” – yaşlı kişi elə yaxşı danışır ki,.. bütün bunlar onu göstərir ki, bu regionun, coğrafiyanın bir  hakim – əsas dili var, o da mənim ana dilimdir. Məgər biz  onları bizim dildə danışmağa məcbur etmişik? Yoxsa, biz onlara dil öyrətmişik?

  Üslubu isə janrından asılı olmayaraq bütün mətnlərində fərdi xüsusiyyətlərilə seçilir. O müasir ədəbiyyatımızın öz fərdi üslubu olan qələm sahiblərindən biridir.

Təsvir və detalların gücü: Mahirə xanım kiçik detalı böyük bir simvola çevirə bilir — adı bir yarpaq, saz, yol, karvan kimi elementlər şeirə geniş mənalar gətirir.

Səmimiyyət və açıq nitq: Onun şeir dili danışıq tonuna yaxın olduğundan, oxucu ilə birbaşa dialoqa girirmiş kimi təsir bağışlayır.

Mahirə Nağıqızının şeirlərinin əksəriyyəti insanın yaddaşına həkk olunur (düşündürür) — çox vaxt bir misra, bir mənzərə (təsvir) uzun müddət qalan təsir yaradır: “Təkcə bizim deyil, el anasıydın…” və ya “Ürəyə can verən qanı vətəndir.” Bu cür cümlələr oxucuda həm vizual, həm də emosional reaksiya doğurur.

Mahirə Nağıqızının şeirləri yalnız ədəbiyyat güzgüsündə deyil, həm də cəmiyyətin dilində səslənir. Onun yaradıcılığı gənc şairlər üçün nümunədir, ədəbi müzakirələrdə tez-tez istinad edilir və mətbuat-ictimai platformalarda oxucular arasında müzakirə mövzusu olur. Xüsusilə qadın təcrübəsinin ədəbiyyatda görünməsi və bu təcrübənin ehtiramla ifadəsi Mahirə xanımın yaradıcılığını sosial məna daşıyan bir sənət növünə çevirir.

Ayrı-ayrı (fərqli təbəqələrdən olan) oxucuların və müxtəlif nəsillərdən olan ədəbiyyat tənqidçilərinin Mahirə Nağıqızının şeirləri barədə olan qənaətləri müxtəlifdir. Bəzi tənqidçilər onun dilinin bəzən həddindən artıq emosional olması və ya çox şəxsi motivləri poetik ümumiyyətə çevirməyə çalışmasının mübahisəli tərəflərini vurğulayırlar. Lakin əksər oxucular və tənqidçilər onun duyğulara sədaqətli qalmasını, saf və kəskin hisslərini, gələcəyə inamını qiymətləndirirlər:

Kəsik duaları sığışmaz yerə,
Ün salmaz, sakitcə hopar göylərə.
Dur ayaq üstündə, yeri, Mahirə,
Qış çıxıb gedəcək, bahar gələcək. (“Gələcək”)

Ədəbiyyatsevərlər Mahirə Nağıqızının səmimiyyətini, emosional dürüstlüyünü və insan təcrübəsini incəliklə göstərməsini əsas müsbət cəhət hesab edir.

Gələcəkdə Mahirə xanımın yaradıcılığının (fikirlərinin, ideyalarının) daha geniş oxucu (tamaşaçı – izləyici) auditoriyasına çatması üçün, fərqli ədəbi janrlara — məsələn dramaturgiya müraciət etməsi faydalı ola bilər. Onun səsi çağdaş ədəbiyyatda bir nəsil üçün referans nöqtəsinə çevrilə bilər: həm dil, həm dəyər, həm də mövzu baxımından. Əgər o, poeziya məclislərində (tədbirlərdə), ədəbi festivallarda və tərcümə layihələrində daha aktiv iştirak edərsə, onun təsiri region sərhədlərini asanlıqla aşaraq ümumbəşəri dəyər qazana, genişlənə bilər.

Bütün bu yuxarıda sadalanan amillərə əsaslanaraq bu silsilə yazılarımda (gələcək məqalələrimdə) Mahirə Nağıqızının yaradıcılığını dörd əsas istiqamətdə; bayatılar, şeirlər, hekayələr və publisistika olmaq üzrə araşdıracağıq. Janrından asılı olmayaraq təhqiqat mövzusu olacaq əsərlərdə insan, yurd, ana dili, həsrət, inam kimi anlayışlar araşdırılacaq. Bu yazılarda yurd həsrətli yazarın (şairin, yazıçının, publisistin, … Mahirə Nağıqızının) yazdıqlarını digər bir yurd həsrətli yazarın (bəndənizin – Zaur Ustacın) gözü ilə seyr etmək, qəlbi ilə duymaq imkanı əldə edəcəksiniz.

Bayatılar

Mahirə Nağıqızının bayatıları ilk növbədə xalq ruhunun daşıyıcısıdır. Onun bayatılarını oxuyanda elə bil qədim ozan nəfəsi, aşıq səsi duyulur. Hər misrada səmimiyyət, hər ifadədə təbiilik özünü göstərir. Bu bayatılarda sevgi də var, həsrət də, qəhrəmanlıq da, ana torpağa bağlılıq da. Şairə xalqın yaratdığı bu miniatür formanın imkanlarından məharətlə istifadə edir, az sözlə dərin mənanı çatdırmağı bacarır:

Eləmə,naşı dillənər
Hər kəlməbaşı dillənər
Deməyə kəlmə tapmaram
Gözümün yaşı dillənər.

Filologiya elmləri doktoru, professor Zahid Xəlil bu dörd misra haqqında belə yazır: -“Oxudum və düşündüm.Yadıma saldım ki,bayatı poetikasının başlıca xüsusiyyətlərindən biri geniş və ibrətamiz bir hadisəni cəmi dörd misraya yerləşdirmək bacarığıdır.” – Zahid müəllimin fikirləri ilə daha geniş formada bayatılar haqqında olan ikinci yazımda ətraflı tanış olacaqsınız.

Şeirlər

Mahirə Nağıqızı poeziyasında insanın taleyi, zamanın axarı, qadın qəlbinin çırpıntıları, Vətən sevgisi, ana obrazı və sevgi motivləri ön plandadır. O, adi hadisələrə belə fərqli poetik baxışla yanaşır, gündəlik həyatın ən sadə məqamlarında belə bədii məna tapır. Şairin misralarında səmimiyyət, doğmalıq və ruhun saf çırpıntıları üstünlük təşkil edir:

…Bu ayları onsuz gördük deyilməz,
Üzbəüzdə Həsən Mirzə yaşayır.
O nə sirdir, nə hikmətdir, bilinməz,
Yüzə-yüzdə Həsən Mirzə yaşayır.

…Gedib çıxıb haralara sədası,
Azərbaycan – ora, bura obası.
Cild-cild kitablarda yuvası,
Qalıb sözdə Həsən Mirzə yaşayır.

Tanınmış ədəbiyyatşünas (vurğunşünas) – tənqidçi Qurban Bayramov Mahirə Nağıqızının “Həsən Mirzə yaşayır” şeirindən olan bu parça haqqında yazır: – “Mahirə Nağıqızının şeir yaradıcılığının çoxçeşidli, özünəməxsus mövzu sistemi mövcuddur. Onun yaradıcılığının əsas leytmotivinin birini də xalqın milli-mənəvi tərəqqisində, ictimai, mədəni düşüncəsinin yeniləşməsində böyük xidmətlər göstərən, xalqın taleyi qarşısında şəxsiyyətin rolu və məsuliyyəti məsələsi kəskinliyi ilə qoyulur.” – Qurban Bayramovun və digər ədəbiyyatçıların fikirləri ilə daha geniş formada şeirlər – Mahirə xanım haqqında olan bu silsilə yazımın poeziyaya həsr olunmuş bölümündə ətraflı məlumat veriləcək.

Mahirə xanımın şeirləri haqqında ayrıca bir neçə bölmədə söhbət açmaq olar. Ancaq bu birinci – giriş yazımın təyinatına uyğun ümumi məlumatla kifayətlənməli olacağıq.

Hekayələr

Mahirə Nağıqızının hekayələrində (hekayətlərində)  diqqəti çəkən əsas xüsusiyyət mövzuların həyatın özündən götürülməsidir. Onun qəhrəmanları sadə insanlar – kənd qadınları, ziyalı xanımlarımız,  ailəsinin yükünü çiyinlərində daşıyan analar, həyatın keşməkeşləri ilə mübarizə aparan övladlar, vətən həsrəti ilə yaşayan insanlar və gündəlik qayğıların arasında yaşamağa çalışan sadə insanlardır. Yazıçı oxucuya tanış olan bu obrazlarla sanki hər kəsi öz hekayəsinə qoşur, oxucunun həyat təcrübəsi ilə bədii mətn arasında körpü yaradır: “Hamı nənəyə təskinlik verməklə bərabər, hökmən qurban kəsməli olduğumuzu xatırladırdı və mən təəccüblənirdim ki, nəyə görə qurban kəsilməlidir idi. Ağamdan bir az sonra Şərəf arvad gəldi. Ucaboy, qadınlarda nadir hallarda rast gəlinən qartalburunlu Şərəf arvad, görünür, yol boyu Validədən lazım olan məlumatları almışdı deyə, kiməsə əlavə sual vermədən ərik ağacının altında, xırda kilimin üstündə uzadılmış Vəliyə yaxınlaşdı.  …” (“Sandal”)

Mahirə xanımın “İpək köynək”, “Saz havası”, “Sandal”, “Mənim çəkmələrim” və digər bu qəbildən olan hekayətləri necə deyərlər, “adamın iliyinə işləyir.”

Hekayələr (hekayətlər) haqqında olan yazıda bu barədə daha ətraflı söhbət edəcəyik.

Məqalələr

Mahirə Nağıqızının publisistik məqalələrinin əsas məziyyəti onların oxucu ilə canlı ünsiyyət qurmasıdır. Onun yazılarında quru faktlardan daha çox hadisələrin arxasındakı mənalar, insan taleləri, milli yaddaşın izləri ön plana çəkilir. Müəllif oxucunu hadisənin sadəcə şahidi deyil, həm də iştirakçısı kimi görür.

Xüsusilə son dövrlərdə Qərbi Azərbaycan mövzusunda yazdığı publisistik məqalələri (çıxışları) soydaşlarımızın maarifləndirməsi və gələcəyə ümidlə baxması yolunda atılan uğurlu addımlardan biri kimi qəbul olunmalıdır. Milli mənsubiyyət məsələsi, yurd həsrəti və qayıdışa inam, dil problemləri (ana dilimizin qayğıları) onun yazılarının (çıxışlarının) özəyini təşkil edir:

“Hər bir xalqın milli kimliyini, tarixi keçmişini, mədəniyyət və adət-ənənəsini nəsildən-nəsilə ötürən ən vacib vasitə onun ana dlidir. Azərbaycan xalqının da milli kimliyinin, mənəvi varlığının ən böyük dayaqlarından biri onun dilidir. Azərbaycan dili təkcə bir ünsiyyət vasitəsi deyil, xalqımızın keçdiyi tarixi yolun, formalaşdırdığı zəngin mədəni irsin, yaratdığı bənzərsiz ədəbi və elmi əsərlərin daşıyıcısıdır.” (25  aprel 2025, adpu.edu.az)

Məqalələrdən bəhs edən bölümdə bu barədə daha detallı şəkildə məlumat verməyə çalışacağam.

Mahirə Nağıqızı oxucunu həm sakitləşdirən, həm də düşündürən şairdir (yazardır). Onun yaradıcılığı müasir əhvalatları, şəxsiyyətin incə məqamlarını və cəmiyyətin dəyişən üzünü poetik bir dillə, rəvan təhkiyə ilə səlis şəkildə ifadə edir. Mahirə xanımın şeirləri və hekayələri adi həyat fraqmentlərindən başlayıb özündə böyük mənalar ehtiva edən dəyərli əsərlərə çevirilə bilir. Oxucu hər dəfə o əsərə müraciət edəndə yeni qatlar kəşf edir. Bu səbəbdən də onun yazdıqları sadəcə oxunmamalı — hiss edilməli, danışılmalı və nəsillər arasında ötürülməlidir.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Bu mövzuda ikinci – bayatılar haqqında olan yazımızı oxumağı unutmayın! Hələlik.

Ardı burada: Mahirə Nağıqızının bayatıları

Müəllif:  Zaur USTAC,

“Yazarlar” jurnalının baş redaktoru,

AYB və AJB-nin üzvü.

MAHİRƏ NAĞIQIZININ YAZILARI

ZAUR USTACIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru