“Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Bu barədə öz sösilal şəbəkə hesabında paylaşım edib:
“… “Bayatılar”, “Əliş və Anna”-dan sonra “Yulğun çiçəyi” də əski əlifba ilə Cənubi Azərbaycanda çap oluncaq. Məncə ən gözəl Bayram hədiyyəsidir. Əməyi keçən hər kəsə təşəkkürlər! …” Mənbə: Zaur Ustac
Bu münasibətlə YAZARLAR adından Zaur müəllimi təbrik edir, yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Zaur müəllim!!!
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!! 08.11.2022. Bakı.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı.
“Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi : “Eyni mənim bənzərim Tənha ağac, tək ağac İki qola ayrılıb Yer üstünə yük ağac.”
Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :
“Cığırları soluxlanır Sərkərin, Dəyə quran dəyəsində yaşlanıb. Qaraçökək qoruq yeri əzəldən, Gül-çiçəyi kərəntəyə süslənib.”
Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :
“Yeddi rəngin təpəgözü – Şimşəklərin qığılcımı, Bir qaztopu suyun şövqü halqalarda toz ilğımı sıçrayışa. Ev boyda qara qartopu, narıncı, sarı çir yeli. Yeddi rəngi yumurtladı yaşıl, hava, göy, çirneli anlayışa.”
Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :
“Yaşadığım, yazmadığım köhnəlib, Atam deyir, iş – güc qalıb böyüyüb. Anamın da qımqıması susandan Yaddaşımda gizlənqaçım körüyüb.”
Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :
“Gözəl yarım, göndərmişəm naməni, Götür, cavab söylə, al, qadan alım. Qəm üstündə köklənibdir” Kərəmi” Dilləndir sazını, çal, qadan alım. “
Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :
“Tar susub, dilə gəlməz, Bülbüllər gülə enməz, Əldən gedən Qarabağ Şəhidsiz ələ gəlməz.”
Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :
“Qut tenqri, Göy tenqri, Şaman ayin, köç yeri. Tamğalı Qobustan qayaları. Huydum – hun dam. Yay düzəldən, ox atan. Günəş tanrı, Günəş adam, Hun atam!”
Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :
“Karxanaya döndəriblər Xalxalı, Yastı daşı kamaz-kamaz daşınır. Sinəsini ovuq-dəlik edəndən Göy çəmənin ağrıları qaşınır.”
Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :
“Mən də bilirəm ki, bu, o qız deyil. Saçları sığalsız qızdır. Hər gecə saçlarının dənini sayan qızdır Bu, tənha qızdır. … Bu qız yuvasız qızdır, laylasız qızdır. Bax, bu qız balasız qızdır. Heç böyümədi ki… Heç böyüdüyünü görmədim ki…”
Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :
“Di get! Mən Günəş ömrü yaşayıram. Uşaq qəhqəhəsinə yarımyuxudan oyandım…”
Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm : “Sən Günəş ol, yer üzünü isindir, Yatır, oyat sabahları, diksindir! Yer əlifdir, yer əlmasdır, göy” sin”dir, Bir göy yarat, bir göy böyüt, göy sindir.”
Dünya yaranışdan Həvva anamız, Anadır, bacıdır qol-qanadımız, Özün demişdin ki, deyil babımız, Gör, nəyin dərdini çəkirsən , ANA!
***
Heç fikir eləmə oğul sarıdan, Oğlunu bəxş etdi ulu Yaradan, Mərdlərə təsəlli olmaz nigardan, Vətənçün böyütdün oğlunu, ANA!
***
Vaxt olar; baharda, açanda güllər, Yaxud da qocalar dadanda nübar, Sənin də üzünə təbəssüm qonar, Qayıdacaq oğlun, cəbhədən, ANA!
ANA
Sənsən xəyalların tuşlandığı yer, Ümdə arzuların məkanı, ANA! Nə qədər, möcüzəli, sirli bir dünya, Kəşf olunmamış dünyamsan, ANA!
***
Nə deyim, nə yazım yaraşsın sənə, Yüksələ biləydim kaş mənsəbinə, Dünyalar sığınar mərhəmətinə, Özün boyda böyük dünyamsan, ANA!
***
Bir, şirin kəlməni eşidəydim kaş, Kipriyim islanıb, oldu yenə yaş, Olaydım, ayağın altda qalan daş, Biləydim, başımın üstəsən, ANA!
***
Elə, kövrəlmişəm, körpə uşaq tək, Qəlbimi yandırır odlu bir, istək, Ay Ana, saçıma yüngül sığal çək, Ən böyük dövlətim, qayğındır, ANA!!!
ANA
Ey ilk sözüm, əzəl cümləm, dastanım, Ana! İnsanların gözəli, mehribanım, Ana! *** Ana, borcludur hər bir kəs önündə sənin Səcdəyə layiqsən, ey səcdəgahım,Ana! *** İlahi bəxş etmiş səni xoş günlər üçün Ey azadə günüm, xoşbəxt dövranım, Ana! *** Bil, ülviyyətin ilə sən geniş cahansan Mənim həyat məktəbim, ilk cahanım, Ana! *** Hamı istinad üçün öncə səni görür Hər sözün mənbəyi, istinadgahım, Ana! *** Dünyada sənin tək uca varlıq de hanı? Ey müqəddəsliyin rəmzi, paklığım, Ana! *** Zaurun bildiyi bu idi, bunu dedi Bilmədiyim ucalıq, cənnəti-sultanım, Ana!
29.12.1991. Yusifcanlı.
ANA
Ana, ən ülvi insan Çox əziz, çox mehriban. Övladına qayğılı, Övlad ananın balı. Ana balasın sevər, Hərdən tənbeh də edər. Bu danlamaq deyildir, Ana nəvazişidir…. Övlad üçün şalışır, Hər zəhmətə qatlaşır. Övladı gümrah olsun, Paltarı təmiz olsun. Hamıdan yaxşı geysin, Ən ləziz yemək yesin. Bala pis iş görəndə, Ana bunu biləndə…. Çox da ki, kötəkləyir…. Ana məhəbbətidir. O, övladın çox sevir. Pis əməlin istəmir…. İstəyir yaxşı olsun, Ləyaqətli böyüsün…. Fərsiz övlad olmasın, Adın təmiz saxlasın. Ana tənbeh edəndə, Hərdən kötəkləyəndə…. O, balasın döyməyir, Xətadan hifz eləyir. Deyirəm, bir haləti, Qədim bir rəvayəti; Rəvayətdə deyilir, Bir Ana vəfat edir…. Vəfat edərkən Ana Deyir öz yoldaşına: -“Sən kəs əlimi saxla, Sonra yoldaşın olsa…. Bu əllə uşaqları, Vursun, vuranda barı…. Mənim əlim ağtıtmaz, Öz balamı sızlatmaz…. Axı, ananınkıdır, Ana əli AĞRITMIR….
08.03.1990. Ağdam-Yusifcanlı.
* * *
Ay ana, adına vurğunam sənin, Durduğun ucalıq xəyalə gəlməz… Dünya xalqlarının lüğətlərində, “ANA” sözünə tay söz ola bilməz!!!
M. Qorki deyirdi ki, insanın qazandığı ən böyük nemət qadını sevməyi, ona səcdə etməyi bacarmaqdır. Yer üzündə gözəl nə varsa, hamısı qadına məhəbbətdən doğmuşdur.
Təranə xanım Məmmədin “Gül səbəti” hekayəsinin qəhrəmanı ömrünü sevgisinə, sevdiyinə, sevgidən doğulan oğluna qurban verməyə hazır olan, ancaq sevgi və sayğı uman ömür-gün yoldaşı, anadır. Evin kişisi isə əksəriyyətimiz kimi, qadının istəklərinə, duyğularına biganə Azərbaycanlı ailə başçısıdır.
Rafiq Tağı yazırdı ki, biz azad qadın heykəli ucaltmaqla Sovet dövlətinə kəf gəlmişik. Elə müstəqil ölkəmizə də…
Yaşadığı ailə həyatı boyu ərindən bir gül hədiyyəsi almayan qadının gülü çox sevdiyini əri də yaxşı bilir. Amma onun həyat yoldaşının istəyini, arzusunu qiymətləndirəcək diqqəti, qayğısı çatışmır.
8 mart Qadınlar bayramı günündə qapının zəngi çalınır:
“Bayram əhval-ruhiyyəsi ilə qapını açdım. Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
-Xanım, bu güllər sizə çatacaq! – dedi.
Sevincimi boğa bilməyib –
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq? – deyə soruşdum.
-Bəli, buyurun.”
Gül səbətinin içindəki zərfdə yazılanlar – “sevgilim, səni çox sevirəm! Bayramın mübarək!” sözləri sevincdənmi, həyəcandanmı gözlərinin gördüyünə inanmayan qadını çaşdırdı, ərini isə “coşdurdu”.
Təranə xanım ən yığcam hekayəsində də xarakter yarada bilir. Qısqanclıq məhəbbətin güzgüsüdür, – deyirlər. Belə nəticə çıxarmaq olar ki, qısqanc ər ən sadiq sevgilidir. Buna inanıram deyə də bilmirəm. İnanıram desəm, məni kişi həmrəyliyinə görə qınayanlar da olacaq. Bax belə özümü sığortalayiram: Qısqanc ərlərin sevgiyə əyləncə kimi baxanları da az deyil.
Mənəvi dəyərlərin itməkdə olduğu bu günümüzdə “coşmuş” qısqanc ərin ömür-gün yoldaşına “hücum”unu da təbii qarşılayaq. Şərq xislətimiz genimizdədir. “De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?” bağıran kişini də başa düşək.
Təranə xanım incə bir eyhamla “adını yazmayıb” deyən qadına ərinin “əlbəttə yazmaz. Ancaq sən sevdiyin qızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir” vurğulayanda məni sevindirdi. Bu cümlələrin işığında “evin içi”inin xoş aurasını gördüm. Bu cümlələr çətin suallara cavab verə bilməyən qadının xilasına ümid yaratdı məndə. Nə yaxşı ki, yanılmadım. Qəlbi qırılmış qadının gücünün göz yaşlarına çatması qadın qəlbini əla duyan Təranə xanımın qəhrəmanına mərhəmətidir. Bu, Təranə xanımın qadın həmrəyliyidir. Alqışa layiqdir.
Ananı bu çıxılmazlığa salan və ordan xilas edən oğulun “sürpriz”inə haqq qazandırmaq olarmı? Ata ilə oğulun ananın tarıma çəkilmiş kövrək hissləri ilə oynamağına, sonra da heç nə olmayıbmış kimi deyib-gülməyinə dəyərdimi?
Oğulun anasına və atasına “sürpriz”i bayramı yaddaqalan etsə də, Təranə xanım və eləcə də mən günahsız ananın göz yaşlarına səbəb olan zarafatı təqdir etmirəm. Bu da oxucu ilə yazıçının həmrəyliyidir.
Ana qəlbinin böyüklüyü qarşısında baş əydim:
– Mən də o günü ömürlük yadda saxladım. O gün dərk etdim ki, səni anlamayan, sənə etibar etməyən, sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz.
Sevdiklərimizin qəlbini qırmayaq, sayğımızı əsirgəməyək. Onda sevgi tellərimiz də, ailə bağlarımız da qırılmaz.
Təranə xanım məni tam inandırdı ki, o kişi o qadını sevib, sevir və həmişə sevəcək…
“Sevgi hər şeyə qalib gəlir, elə isə gəlin biz də onun hökmünə tabe olaq” – deyib V.Rubliy.
Təranə xanım və onun “Gül səbəti” mənə də əməlli-başlı “dərs” keçdi. Axı mən də ömrümdə uşaqların anasına gül səbəti hədiyyə etməyənlərdənəm…
O gün çox gözəl görünürdüm. Gözlərim işıq saçırdı. Ev işlərini görə-görə zümzümə edirdim. Səhər tezdən oyanıb ev-eşiyi təmizləyib özümə də sığal çəkmişdim. O gün mənim günüm idi axı. Qadınlar günü.
Gülləri çox sevdiyimi evdə hamı bilir. Qızım da, institutda oxuyan iki oğlum da. Yoldaşım da bilir, ancaq buna baxmayaraq o, mənə heç vaxt gül almır. Səbəbini bilmirəm. Başqa nəsə ala bilər, amma gül almır.
Elə işlərimi bitirib oturmuşdum ki,qapının zəngi basıldı.
Bayram əhvalı- ruhiyyəsiylə qapını açdım.
Qarşımda dayanan cavan oğlan bir səbət qızılgülü mənə uzadıb:
– Xanım, bu güllər sizə çatacaq!- dedi.
Sevincimi boğa bilməyib
-Nə gözəl güllərdir! Dəqiq mənə çatacaq?- deyə soruşdum.
-Bəli. Buyurun!-deyib gülləri mənə verdi oğlan.
Mən gül səbətini alıb qapını bağladım.
Otaqda gülün üstündəki kiçik zərfi acdım və
“Sevgilim,səni çox sevirəm! Bayramın mübarək!” sözlərini oxuyurdum ki,yoldaşım yaxınlaşıb kağızı məndən aldı, bir mənə, bir güllərə baxıb yazını oxudu və:
– Kimdəndi bu?
– Bilmirəm,- dedim
-Bəs kim bilir?
– Mən elə bildim ki…
İstədim deyim ki, elə bildim sən mənə sürpriz etmisən ,ancaq yoldaşım sözümü bitirməyə imkan vermədi.
– De görüm, kimdi sənə “sevgilim” yazıb gül göndərən?-deyə bağırdı.
– Bilmirəm, dedim. Mən bilmirəm. Adını yazmayıb! – dedim.
– Əlbəttə yazmaz. Ancaq sən sevdiyin gızılgülləri bilir. Demək bu adam sənə çox yaxındır. Sanki evin içidir.
Kişi özündən çıxdı. Yersiz ittihamlar, olmayan sözlər, cavanlıqda etdiyimiz səhvlər- hamısı yada düşdü.
Mən günahsız olaraq təhqir edildim, ünvanıma yaraşmayan sözlər deyildi.
Əlacsız qalıb ağladım. Elə ürəkdən ağladım ki, özümün özümə yazığım gəldi.
Düşündüm ki, kaş həqiqətən məni bu qədər sevən bir kəs olaydı və bu gülləri mənə o göndərəydi! Kaş ki… Onda bəlkə bu qədər yandırmazdı məni bu haqsızlıq.
O bayram günü məni sakitləşdirmək də keçmədi ağlından yoldaşımın.
Qapının zəngi yenə basıldı. Əllərində bir dəstə qızılgül böyük oğlum gəldi. Mənim o üzümdən bu üzümdən öpüp təbrik etdikdə daha da kövrəldim.
– Atamın hədiyyəsi mənimkindən gözəldir təbii ki, deyə səbətdəki, güllərə işarə etdi.
Yoldaşım özünü itirmişdi. Nə sual verə bilir, nə də bayaqdan ünvanıma dedikləri üçün üzr istəyə bilirdi.
Oğlum mənə xoş gəlsin deyə atasının adından zərfə qoyulan kiçik məktubu və bir səbət qızılgülü evə yollayıbl ki, güya bunu atası sifariş edib. Atasını xəbərdar etməyi isə unudub.
Bir neçə dəqiqədən sonra onlar, sanki heç nə baş verməmiş kimi, bu əhvalatı danışıb gülürdülər.
Mən də o günü ömürlük yadımda saxladım. O gün dərk etdim ki, səni anlamayan,sənə etibar etməyən,sənin qəlbini duymayan insan sənə heç vaxt gül ala bilməz…
ÖLMƏYİB, YAŞAYIR HEYDƏR ƏBƏDİ Qoymadı tökülə millətin qanı, Qorudu, saxladı Azərbaycanı, Gəzdi qitələri, gəzdi dünyanı, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * “Ümid körpüsü”dür gözlərin nuru, Orda qərar tutub Heydər qüruru, Nura qərq elədi qədim Şəruru, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər an qalib çıxdı siyasətində, Milləti qoymadı darda, çətində, Vətəni yaşatdı öz qeyrətində, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Onun əsəridir Bakı – Ceyhanım, “Qara qızıl” verən Azərbaycanım, Sabaha inamla qaynayır qanım, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Hər yerdə Heydərin izi görünür, Söhbəti görünür, sözü görünür, Hər kənddə, şəhərdə özü görünür, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! * * * Mən Budaq Təhməzəm, yazan əlim var, Xoşbəxtəm, müstəqil, azad elim var, Üçrəngli bayrağım, ana dilim var, Ucalır hər yerdə Heydər məbədi, Ölməyib, yaşayır Heydər əbədi! 13.10.2004.
SÜBH ÇAĞI Pozur addım səsləri, Gecənin kor sükutun. Uzaqdan yeyin-yeyin Yeyir ürəyin qutun… * * * Qəfil başlayır quşlar, Necə gəlirsə buyruq. Sanki komanda verir, Gözəgörünməz çubuq… * * * Bürüyür bircə anda, Hər yanı sübh nəğməsi… İfa edir təbiət, Əsər Tanrı bəstəsi… * * * Getdikcə addım səsi Eşidilir yaxından. Gecə qaranlığında, Ötüb keçir yanımdan… * * * Tələsik addımlarda, Təlaşlı qəlbin səsi… Elə tələsir, sanki, (Ta dünyanın sonudur,) Tükənəcək nəfəsi… * * * Uzaqda dan sökülür, Gecənin rəngi qaçır… Yaxında purç tumurcuq, Qətran ətrini sacır… * * * Addımlar uzaqlaşır, Səngiyir sübh nəğməsi… “Allahu Əkbər”- deyə, Ucalır azan səsi… * * * Aydın olur səbəbi, O təlaşlı yerişin… Avazıyır qaranlıq, Anlamı var gərdişin… * * * “La ilahə illəllah”, Yenə də çökür sükut… Əllər açılır göyə, Möminlər tutur qunut… * * * Gecənin bağrın yarıb, Gündüz sıyrılır qından… Kimisi tövbə edir, Neçəsi çıxır dondan… * * * Həmin şəxs yenə keçir, Qayıdanbaş yanımdan. İndi özü görünür, Səs çıxmır addımından… 17.11.2022. Bakı.
TURAN DEYİLSƏ Cavid dünyasına əyri baxanlar, Bu gün baş verənlər siz deyin nədir?! “Tuncaya” şerini topa tutanlar, Bu gün baş verənlər siz deyin nədir?! * * * Nəhayət, “yar qonaq gələcək bizə”, Min yol qurban ollam, “o qara gözə”, Uzağı, “lalər çıxacaq düzə”, Bu gün baş verənlər siz deyin nədir?! * * * İllərin həsrəti hopmuşdu sözə, Ay ulduz dönmüşdü sözdə qaş-gözə, Əbədi qardaşlıq hakimdir düzə, Bu gün baş verənlər siz deyin nədir?! * * * Bilirəm bağrınız alışıb yanır, Nədənsə, çoxları əslini danır, Ustac bu günlərdə Turqutu anır, Bu gün baş verənlər siz deyin nədir?! 15.11.2022. Bakı.
ARAZ Halına acıdım lap əzəl gündən, Bu qədər qınanır bilmirəm nədən, Arazı heç zaman qınamadım mən, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Sarıyıb Yurdumun şırım yarasın, Açmayıb, bağlayıb qardaş arasın, İndi mən qınayım bunun harasın? Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Çəkib acıları, yığıb suyuna, Sakitdir, bələddir hamı huyuna, O da qurban gedib fitnə, oyuna, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * Xudafərin qucaqlayan qoludur, Keçidləri salam deyən əlidir, Bayatılar pöhrələyən dilidir, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! * * * O tayda çifayda deyir Şəhriyar, Bu tayda dardadır indi Bəxtiyar, Yarını gözləyir hər gün Lütfiyar, Hər iki tərəfə məhrəmdir Araz! Yaralı torpağa məlhəmdir Araz! 15.11.2022. Bakı.
ÜZÜMÜZÜ GÖRMƏ! Könlü işıqlı olanın, İşi yox gün işığıynan! Ruhu təmiz olduğundan, Yeyəcək öz qaşığıynan! ★ ★ ★ Heç dərdini çəkməginən, Nə yaxşı görmürsən bizi. Könlün saf, ruhun pak qalsın, Görməyəsən belə üzü… ★ ★ ★ Çalış, duyma səsimizi, Xəbərsiz ol halımızdan. Xoş halına xəbərsizsən, Boş-boş qeylü-qalımızdan… ★ ★ ★ Dərdin çəkmə bu dünyanın, Öz dünyanı xürrəm yaşa! Sənin gözün bizdən iti, Ayağın dəyməsin daşa! ★ ★ ★ Əzada gözü sağlar var, Görsə də ruhu sikəstdir. Gözün deşəni görməyir, Çünki ruhən o nakəsdir! 13.11.2022. Bakı.
QATIQ Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə süfrələrin padşahı. Baxırsan ki, bığlarınıda “bığ yağı”, Fors eləyir, cibində yox bir şahı. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə onun adı yavanlıq. Baxırsan ki, düz əməlli adamdır, Yazıq olub, evin yıxıb cavanlıq. * * * Qatıq deyib, fors eləmə qardaşım, Bir çox evdə kiçik dünya ibrəti. Nehrə onu elə qəşəng çalxayır, Söz artıqdı, tutan tutdu söhbəti… * * * Qatıq deyib, fors eləmə qardaşım, Ustac görüb tuluq-tuluq turş qatıq, İndi “yağ”dır “vitrin”ləri bəzəyir. Ya “şor” olub, ya “turş ayran”, ya “atıq”… 12.11.2022. Bakı.
MƏN ZƏFƏRƏ TƏŞNƏYƏM Qutlu zəfər sancağım, Sancılmağa yer gəzir! Alınası öcüm çox, Bu gün ruhumu əzir! * * * Dərbəndi, Borçalını Unuduruq həmişə… Kərkük, Mosul bağrı qan, Boyun əyib gərdişə… * * * Yudumun dörd bir yanın Hürr görmək istəyirəm! Şanlı zəfər tuğuma Zər hörmək istəyirəm! * * * İrəvan peşkəş olub Beş sətirlik kağızla… Zəngəzuru naxələf Verib quru ağızla… * * * Bədnam Araz illərdir Olub qargış yiyəsi… Top doğrayan qılıncın O taydadır tiyəsi… * * * İstəyirəm bu bayraq Dalğalansın Təbrizdə! Urmuda üzsün balıq, Sanki üzür dənizdə… * * * Xoyda, Mərənddə bir gün, Olum qonaq üzü ağ. Ərdəbilə, Tehrana Qurulmasın ta duzaq… * * * Qarsdan, Ağrıdan baxım, Qaşqayadək görünsün! Qapıcıqdan, Qırxqıza Ağ dumanlar sürünsün! * * * Bu arzular həyata Keçməsə, mən heç nəyəm! Neynim, mayam belədir, Mən zəfərə təşnəyəm!!! 08.11.2022. Bakı.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz! 06.11.2022. Bakı.