Bu gün dünya şöhrətli Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayevn doğum günüdür! Yazarlar adından Çingiz müəllimi təbrik edir, həyat və yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq! Var olun! Allah Sizi qorusun!
Çingiz ABDULLAYEV
Çingiz Akif oğlu Abdullayev (d. 7 aprel 1959) — Azərbaycan detektiv yazıçısı, nasir, publisist, Azərbaycan Respublikasının xalq yazıçısı (2005), 1989-cu ildən Azərbaycan SSR Yazıçılar İttifaqının, 1991-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin katibi(müavini), hüquq elmləri doktoru (1991); “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri (31 mart 2015-ci ildən).
HƏYATI Çingiz Abdullayev 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
FƏALİYYƏTİ Əmək fəaliyyətinə Bakı istehsalat birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi başlamışdır (1981). Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olmuşdur (1984-1986). Sonra Bakı şəhəri Əzizbəyov rayonu icraiyyə komitəsində şöbə müdiri, KP Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışmışdır. 1989-cu ilin fevralından Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdur. Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib hüquq elmləri namizədi alimlik dərəcəsi almışdır (1988). Polşanın Krakov Universitetinin fəxri professorudur (1989). H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991-ci ildən) seçilmişdir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan milli akademiyanın doktorudur (1990). Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafiə etmişdir (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir. Xidmətlərinə görə “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində Çexoslovakiya, Yuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilib.
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
31 mart 2015-ci ildən “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədridir.
AD VƏ MÜKAFATLARI Azərbaycan Respublikasının xalq yazıçısı — 12 iyul 2005; “Qırmızı əmək bayrağı” ordeni; “Şöhrət” ordeni — 7 aprel 2009; “Dostluq” ordeni (Rusiya) — 19 may 2020.
FİLMOQRAFİYA Əsər müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film)
Ssenari müəllifi kimi Dronqo (serial, 2002)(bədii serial)(Rusiya) Məhkumlar (film, 2007)(tammetrajlı bədii film) Tərsinə çevrilən dünya (film, 2011)(tammetrajlı bədii film) Xeyirlə şərin rəqsi (film, 2016)(tammetrajlı bədii film)
Məsləhətçi kimi 40-cı qapı (film, 2008)(tammetrajlı bədii film)
Prodüser kimi Adın sirri və tale. Qurban Səid (film, 2010)
ƏSƏRLƏRİ Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. II cild. Bakı: Çıraq, 2005 Payız madriqalı. Bakı: Yurd, 2005 Monte-Mario təpəsində ölüm. Bakı: Çıraq, 2005 Mənim gözəl alibim. Bakı: Nurlan, 2006 Bağdadlı əlaqələndirici. Bakı: Çıraq, 2006 Unudulmuş röya. Bakı: Çıraq, 2006 Yalnız özümüzünkülər. Bakı: Çıraq, 2007 Qatil üçün Qran-Pri. Bakı: Kitab klubu, 2007 Üçüncü variant. Bakı: Nurlan, 2007 Döyüşçünün yolu. Bakı: Çıraq, 2007 Manyakın idrakı. Bakı: UniPrint, 2008 Gedər-gəlməz. Bakı: Nurlan, 2008 Quba kapriççiosu. Bakı: Nurlar, 2008 Qisasın ölçüsü. Bakı: Çıraq, 2008 Məhəbbət və nifrətin ölçüsü. Bakı: Çıraq, 2009 Etiraflar vadisi. Bakı: Çıraq, 2009 Hammurapi məcəlləsi. Bakı: UniPrint, 2009 Centlmen sövdələşməsi. Bakı: Çıraq, 2009 Manipulyator. Üç payız günü. Bakı: UniPrint, 2009 Mavi mələklər. Bakı: Çıraq, 2009 Payız madriqalı. Bakı: Nurlar, 2009 Saturnun tövbəsi. Bakı: Nurlar, 2010 Paralel həyat. Bakı: 2010 Veneranın ikinci dəfə həyata gəlməsi. Bakı: 2010 Əfsanəyə çevrilmə haqqı. Bakı: Xatun Plyus, 2010 Kandaqardan agent. Bakı: 2010 Sonuncu divarın daşları. Bakı: Nurlar, 2010 İrodun kölgəsi. Bakı: UniPrint, 2010 Tənha ürəklərin evi. Bakı: 2010 Mavi mələklər. Bakı: Qanun, 2011 İnsan ovu. Bakı: Qanun; Əli və Nino, 2011 İnsan ovu. (tərcümə M.Dadaşqızı) Bakı: Zərdabi LTD, 2011 İngilis bulvarı. Bakı: Qanun, 2011 Ölümü özün seç. Bakı: Qanun, 2011 Bakı bulvarı (roman). Bakı: Qanun, 2011 Milad bayramında açılan atəş. Bakı: Zərdabi LTD, 2011 Abırlı adam. Bakı: Qanun, 2011 Tver bulvarı. Bakı: Qanun, 2011 Məntiq qaydaları. Bakı: Qanun; Əli və Nino, 2012 Dərdimə şərik ol. Bakı: Qanun; Əli və Nino, 2012 Hammurapi qanunu. Bakı: Qanun; Əli və Nino, 2012 Prezident ovu. Bakı: Qanun; Əli və Nino, 2012 Xəzinədar. Bakı: Qanun; Əli və Nino, 2012 Yekun diaqnoz. Bakı: Qanun; Əli və Nino, 2012 Sutenyorun qəlbi. Bakı: Zərdabi LTD, 2012 Bakı bulvarı. Bakı: Qanun; Əli və Nino, 2013 Eramızın əzəlində sui-qəsd. Bakı: Zərdabi LTD, 2013 Mənim gözəl alibim. Bakı: Qanun; Əli və Nino, 2012 Yeni cəngavər qadınların qəbiləsi (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Uzun çəkən sözardı (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Soyuğu qoruyanlar. Bakı: Qanun; Əli və Nino, 2013 Qərb bürküsü (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Şərq küləyi. Bakı: Qanun; Əli və Nino, 2013 Soyuqdan dönməyən casuslar (kitab). Bakı: Qanun; Əli və Nino, 2013 Əclafların qanunu. Bakı: Qanun; Əli və Nino, 2014 Əclafların kredosu. Bakı: Qanun; Əli və Nino, 2014 Balkan sindromu. Bakı: Qanun; Əli və Nino, 2014 Transilvaniya səfəri. Bakı: Qanun; Əli və Nino, 2014 Uğursuzun hekayəti .Bakı: Qanun; Əli və Nino, 2014 Namərdin üslubu (kitab). Bakı: Qanun; Əli və Nino, 2014 və digər.
AQİL ABBAS – 70 Günəşə at çapan oğlan… Balacalar mətbəxdə qurdalanırlar yanımda. Qurdalanmaq həm də onları maraqlandıran suallar yaranıb deməkdir… Hər şey haqqında – atasının, əmisinin uşaqlığından, özlərinin evə gətirilməyindən, bizim onları nə qədər sevməyimizdən və… Birdən soruşurlar ki, babaları mənə evlənməyi necə təklif edib… Və harda? Niyə belə təfərrüatlar maraqlandırır onları? Mən də xatırlaya-xatırlaya danışıram… *** Universitetin uzun dəhlizi gəlir gözlərim önünə – pəncərəyə söykənib söhbətləşirik tələbə yoldaşlarımla… Boylanıb bizə baxan oğlan çəkir diqqətimi. İri gözlü, uzun qara kirpikli və bir az da yekəxana görkəmli… İlıq oktyabr ayıdır… 1979-cu ilin oktyabrı… Evimiz o zaman Lenin prospekti adlanan yerdə idi – indi o bina yoxdu. Söküblər… Axşam çağı ev telefonuna zəng gəlir (Zatən, o vaxtlar mobil rabitə mövcud deyildi). Tələbə yoldaşımdı – Mənsur Vəliyev – deyir ki, mümkündüsə yarım saatlıq aşağı, həyətə düşüm. Deyir ki, işi var mənimlə, söhbəti var… Atam rayona gedib, problem olmaz aşağı düşmək. İzah edim ki, mənim gənclik və yeniyetməlik dövrüm ağır məhbusluq zamanı idi. Əlbəttə, zarafatdı – amma hər zarafatın həm də bir həqiqət payı da var… Yəni, atam evdə olsaydı, mənim axşam vaxtı evdən aralanıb kiminləsə söhbət eləmək imkanım olmazdı, yəni, icazə verməzdilər. Anama deyirəm ki, tələbə yoldaşım gəlib, həyətdə gözləyir, işi var mənimlə. Enirəm həyətə və görürəm ki, həmin o iri gözlü, yekəxana görkəmli oğlan da Mənsurun yanında durub. Çox mütaliə etdiyimiz vaxtlar idi – Mənsur “Ədəbiyyat və incəsənət” qəzetində bir hekayə də göstərmişdi mənə “Şirinlik” adında. Müəllifi də Aqil Abbas idi. Belə tanımışdım iri gözlü oğlanı… İndi də bir anlıq tutuldum və baxışdıq. Yenə yekəxana ədayla Mənsura “Sən get” – dedi. “Bizim söhbətimiz var…” Həəə, o söhbətə başlayan davam edirik indiyə qədər… Noyabr ayında, ad günümdə (20 yaşım olurdu) qapının zəngini çalıb bir dəstə gül yapışdırıb qaçmışdı qapının dəstəyinə… Gülü götürdüm, anam tərs-tərs baxdı üzümə, qorxudan atdım balkona… Neçə gün qaldı orda… Aqilin də 26 yaşı vardı… Və gizli-aşkar görüşlərimiz də başladı o gündən sonra. Aqil də Kommunist küçəsinin o biri tərəfində “Elm və həyat” jurnalında işləyirdi. Mən dərsdən çıxanda baxırdım ki, hardadı? Bir də görürdüm özünü çatdırdı. Kommunist (indiki İstiqlaliyyət) küçəsində dərsdən çıxıb Lenin prospektinə evə gedirdik, pay-piyada… Yəni, birlikdə olmağa çox vaxtımız olsun deyə. Vaxt ən qiymətli anlam imiş. O vaxt anlamırdıq… *** İndi balacalar bəzi xatirələri canlandırdılar. Yadıma düşdükcə çoxunun da canlı olmadığını düşünürəm… Daha doğrusu, xatirələr canlıdı. İnsanlar sağ deyil, diri deyil. Elçilik, nişanımız, toyumuz… Evimiz olmasa da, evləndik. Ritualları yada saldıqca cəmiyyətin qiymətli, dəyərli insanları gəlir gözümün qabağına… Şair Şahmar Əkbərzadə, professor Firidun Hüseynov, yazıçı Faiq Dərgahov, Vaqif Bayatlı, Akif İslamzadə… İnqilab havası gəldi məmləkətə… Elçibəyi tanıdıq, İskəndər Həmidovla rastlaşdığım günü xatırlayıram… Aqillə İskəndər lap gənc yaşlarından dost idilər… İllər uçdu və vaxtı yeyilən ailələrdən biri də Rəna-İskəndər cütlüyü idi… Kitablar gəlməyə başladı evə – əvvəlcə jurnallarda çap olundu… “Ulduz”, “Azərbaycan”… Hə, bir də heç unutmuram, yeni romanını, “Ən xoşbəxt adamı” lap mətbəədən çıxardı çapdan baş redaktor… Xoşbəxtliyi çöndü elə bil. Sındı… Belə pərt görməmişdim. Zamanla çox oldu əlbəttə. Bilirsiz kim idi baş redaktor??? Əkrəm Əylisli! Həmin əsər bir neçə ildən sonra Respublika Komsomol mükafatına təqdim olundu və aldı da. Amma qəribədir, hamı hücum çəkəndə başını sığalladıqları susub dayandılar… Sınmağını da biz unutmuruq!!! Bir ömrü bir yazıya sığdırmaq nə çətin imiş… Fraqmentlər gəlir göz önünə… *** Sonra, sonra, sonra müharibə başladı və vaxt ora xərcləndi… 79-dan 89-a qədər nisbətən rahat yaşaya bildik. Nisbətən… Ev yox, pul-para yox, amma müharibə də yox idi… Qucağımda körpələrlə Ağdama gedişimizi xatırladım və Rəşad Məcidlə ilk tanışlığımı. Və o vaxtdan indiyə kimi bütün ağrılı və xoş günlərimizdə birlikdə oldular… Müharibənin acılarını da yanaşı yaşadılar… Müharibə isə vaxtımızı yedi, həm də Qarabağı – yerini-yurdunu bu qədər sevən biri üçün böyük yara idi. Az qala hər həftə Ağdama gedən bir insan, hər addımın, daşın-qayasın tanıyan bir insan 93-cü ildən ta İkinci Qarabağ savaşına qədər oraları görmədi… *** …Deyir, xəbər gəldi Ağdam işğal olunub, çıxıram rayona, zəng vurdular. Dedilər ki, camaat yollarda acından, susuzluqdan mələyir… Getdim çörək işinə baxan böyüklərin yanına, dedilər ki, ora yaxın zavodlara göstəriş verək, ordan götür… Getdim deyir həmin rayona, indi heç kim Ağdama getmək istəmir. Qorxurlar. Böyük pul təklif elədim, razılaşdı şofer. Evinə getdi, gəldi… Mənim də deyir dişim bağırsağımı kəsir… Nəysə getdik, bu şofer də nə tanıyır Qarabağı, aldatdım apardım ki, hələ Ağdam deyil… Çoxlu peçenye, su və çörək… Çatdıq Qərvəndə, gördük ki, Qərvənd-Bərdə yolu adamlar çılpaq, ayaqyalın, ac-susuz… Dünyanın ən Varlı Şəhərinin adamları mələşir… Gördük bir-bir paylaya bilməyəcəyik, başladıq maşından atmağa… Adamlar da havada tutur nə atırıqsa… Bunları hər xatırlayanda ağlayır… Uzaqlaşaq ağlamaqdan – məzəli söhbətlərimiz də çox olur… Deməli, bir hadisəni nəql eləyəndə o qədər təfərrüat qatır ki, söhbətə… Mənim iki dəqiqəyə anladacağım nəyisə o iyirmi dəqiqəyə danışır. Bayaqdan yol gedirik – qatarda unutduğu pencəyin xatirəsin danışır. Deməli, provodnik kupenin qapısını neçə dəfə döyüb, çayı nəynən gətirib, hansı stansiyada neçə dəfə dayanıb… Mən onun kimi danışa bilmərəm eeee… Hövsələm daraldı dedim – sonun danış görüm axırda nooldu??? Küsdü, susdu bir xeyli… Sonra yadından çıxdı ki, küsüb, yenə xatirə danışmağa başladı… Yol gedirdik… “Yoldu dana, uzanıf gedir…” Ələt postuna yaxınlaşanda uzaqdan gördüm ki, yəni, hiss elədim ki, bu serjant bizi saxlayacaq… Yoxsul göründük gözünə. Saxladı… Başladı əlindəki o nə deyirlər ona – orda qurdalanmağa. Biz də sakit baxırıq. Məşədi danışdı axır ki: – Ay oğul, nə axtarırsan? – Adın niyə burda yoxdu? – Maşın İradə İbrahimovanındı. – Həə? Sənin familiyan İbrahimovdu? Paaa, Məşədiyə belə söz haa? Sürdü getdi. Serjant da, qışqırır arxadan – əmi, dayan!!! Nəysə getdik, getdik, çatdıq Yevlax postuna. Təbii ki, saxladılar. Bir göyçək, tombuş, qırmızıyanaq serjant idi bu da. Məşədi soruşdu ki: – Nə qüsurum var, niyə saxladın? – Dayı, sənədləri yoxlayıram. Bu moment arxadan biri özünü hövlnak çatdırdı. – Aqil müəllim, fəxrimizsiz, bir qulluq, sağ-salamat, yaxşı yol… Bir xeyli iltifatlar… (Qanun pozmamışdıq haa, elə kefi istəyib saxlamışdı…) Yəqin, yuxarı heyətdən idi, ola bilər leytenant-filan… Yuxarı heyət adamları tanıyır adətən… Bəzən serjantlar da tanıyır, amma paxıllıqdan tanımayanlara yardım etmirlər… Deyirlər, qoy problem yaşasın… Hə, bir də əyalət serjantları “əmi, dayı, ağsaqqal” müraciətlərindən qurtula bilmirlər… Və əhalinin hamısı deputat deyil… Məşədi müraciəti təəccüb yaratmasın – sosial şəbəkələrdə Aqil Abbasa Məşədi deyirəm. Yəni, obrazın ismi Məşədidir… Məşədi danışıb mənə – deyir, Ağdamda “Qaz-51” şoferi vardı, axşam işdən sonra arvadını oturdurdu yanında, rayonda gəzdirirdi (Yəqin, qaranlıqda gəzdirirmiş). Bir gün də pambıq vaxtıymış, iclas gedirmiş, görüblər bir maşın siqnal verə-verə mədəniyyət evinin qabağından o baş-bu başa gedir. Soruşublar kimdi? Deyiblər filankəsin qardaşı (böyük vəzifədə işləyirmiş qardaş). İndi Məşədiynən Badamdardan Vergilər Nazirliyinə qədər gedib-gəlmişik. Sadəcə, siqnal vermədən. Ağdama kənddən ilk gəlişin danışıb – atam xalamgilə apardı, o da uşaqlarıyla birgə göndərdi uşaq bağçasına… Sən demə, orda da uşaqları zorla yatırtmaq kimi bir qayda varmış. Atam dalımca gələnə kimi ağladım deyir… Məzəli xatirələrə də ağlamaq qarışır, deyəsən… *** Yaralı xatirələr. Sevmirəm… Kütləvi olanda heç yox, ayrı-ayrılıqda… Ağaclar, kollar, duman basmış dağlar… Arada gözə dəyən əsgər, polis nəfəri… Tam şəkil yaranmır… Hava da sərindi – gəndalaş, itburnu, böyürtkən… Təbiət də vəhşiləşib… Və bizim doğma hesab etməyimiz üçün, xatirələrə qucaq açmağımız üçün orda, o xatirələrin içində doğma adamlar boy göstərməlidir… Gülablıya yol aldım – xaraba qalmış təbiət. Axmayan su… Dərilməyən meyvələr… Etiraz edir hər şey… Və bu etiraz diskomfort yaradır… Doğmalıq yaranmır… Ekskursiya yaxşıdı, amma yaralıdır… Kütləvi yaralı… Sınıqdı… Və həddindən artıq çoxdu… Hər gedib əl uzadanda yad görünür… Fikirlərim də dolaşıqdı…Uzun illər gərəkəcək bu dolaşığı çözmək… Evlərin tikilməyindən çox, minaların təmizlənməyindən çox… Məzarlıqda nə anasının, nə də qardaşının qəbrin tapa bilmədi… Müharibə onun xarakterində də başqa keyfiyyətlər yaratdı – elə bil, unutmaq istəyindən doğan və məni çox tədirgin edən. Fərqinə varmadan qadınlara və içkiyə meyil. Hərə bir yolla unutmağa çalışır… Qəribədi, heç getmək istəmədiyim bir yer idi ora… Amma ağrısını çox çəkdiyim. Yəqin ağrıdan bezmişəm. Ağrıdan qorxuram – başlayan kimi ağrıkəsici dərmanla qorunuram. Səhər ayıldım, hazırlaşmağa başladım. Evliliyimizin 40 ilin qeyd etmək, 40 ilin sərgərdanlığın silmək, 40 ilin olan-keçənlərin, ya da keçməyənlərin xatırlamaq… Ordan keçib harasa getdiyimi yadıma salıram. Sonra beynim imtina edir xatirələrdən. Körpənin birini qucağıma götürüb, o birini arabaya otuzdurub dalan uzunu getdiyim də gəlir gözümün qabağına, qonşunun qapını açıb mənə baxdığı da. Bayaq bu dağılmış küçənin, dağılmış dalanın, dağılmış barının, divarların yaxınlığında yol boyu gördüyüm şəhid şəkillərin də göz önünə gətirirəm. Üşəndirir bu mənzərə… Olmayan küçələr, olmayan evlər, olmayan şəhər. Adı qalıb ancaq… Bir də 40 illik ömür, toy günümüzdən bu günə qədər yaşatdığım, ya da içimdə dəfn etdiyim. Əslində, bu təsvirləri çox gördük, çox oxuduq. Olmayan olanlar… Olanı sevməyə nə var ki? Olmayanı nə edək? Yenidən yaranacaq, amma bu yeni şəhər olacaq. Yeni insan nəslinin yeni şəhəri. Hələlik isə dünyanın hər yerindən gələn qonaqlara köhnədən qalan türbələri, məbədləri göstərə bilirik. Deməli, tarix vacibdi. Tarixdə boşluq yarananda elə viranə evlərin boşluğundan bir fərqi yoxdu. Ağrı verir bu boşluq. Tarixin ağrısın kəsmək üçün qanın torpağa qarışmağı gərəkir… Ağ damır gözlərə ağrı çoxalanda… ***
Səyahətlərimiz çox olub… Bircə gəmiylə gəzməmişik… Avropanın, Asiyanın görməli yerlərində… İsveçrədə dağlarda şəlalələrə baxanda dedi ki: – Kəlbəcərə oxşayır… Mızıldandım, dilimi sürüyüb – həəə, – dedim… Yəni, Aqil üçün hər yer öz yurduna-yuvasına bənzəyişlə gözəldir… Mənimçün isə yaxın adamlarımla həmin yerlərdə keçirdiyim günlərlə… Sinqapurda onların yeməklərin yeyə bilmirdi – arıqladı bir xeyli qayıdanacan… Dedim bəlkə tısbağa yeyəsən??? İndi bu tısbağa sözü zarafat olub aramızda… Monteneqroda, əksinə, xoşuna gəlmişdi yeməklər – yəqin, türk nişanəsi çox idi, ondan… …İndi qeyd etməyə hazırlaşdığım 70 illikdə düşünürəm ki, vaxtımızı yeyən bu ağır dövrlərdə qarşımıza çıxan yaxşı insanlar da çox olub… Yollarımız çox olub… Gözəl yollarımız… Arzum budur – yollarımız bitməsin, yaxşı insanlar tükənməsin… Hər zamanın yeni insanları çıxır qarşımıza. Zarafatla deyirlər ki, Məşədi patronu (yəni, məni) yanıbalalı alıb, bizi də yük edib özünə… Yazının adın qoymağa da onlar kömək etdilər. Dedilər, onun obrazıdır…
Ad gününü qeyd etdiyimiz günlərdən biri idi – bacım zəng elədi, dedi ver telefonu Aqili təbrik edim… Telefonu götürən kimi – Şəlalə, bax, yaxşı ki, doğulmuşam. Yoxsa bacın qalardı evdə – dedi… Əlbəttə, yaxşı ki, doğulmusan… Böyük bir ailənin, tayfanın, yurdun ağsaqqalı… İri gözlü, uzun kirpikli oğlan… Allah möhlət versin – Ağdamda qəhərlə yox, ürəyi şad rəqs edəsən… Balacalar böyüsün!!! Günəşə at çapan oğlan!!!
BU AXŞAM…. Bu axşam yenə də gəlmədin gülüm… Gözləyə-gözləyə qaldıq masada; Bir ağ kağız idi, bir sarı qələm, Pəncərə önündə üşüyən çayın, Bir də öləziyən şamdı kasada…. Sarı yarpaqlar da elədi xiffət, Hər səni görəndə gülən, sevinən… Pəncərə şüşəsi ağladı xəlvət… Çiyninə atdığın şalın üşüdü, Halsız uzanıbdı, tir-tap masamda…. * * * Bu axşam yenə də gəlmədin gülüm… Ocaqda üşüyən odun ağladı, Yataqda büzüşən yorğan ağladı, Tək mənim vecimə omadı heç nə… Dildə tez-tez dedim; gəlmir, gəlməsin… İçin-için yandım bir mehə təşnə… Yerin dəyişdiyin külqabı qəmgin, Bir qəfil toxunuş gəlir işinə, Mütəkkə qolunu gəzir bu axşam, Rəqqas bir qapaza həsrət masamda…. 29.09.2022. Bakı.
Tanınmış yazıçı-publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmlinin “Zəfər yolçuları” kitabı İslambulda Türk Ədəbiyyatı Vəqfinin “Turay” kitab yayın evində nəşr edilib.
Adı çəkilən əsər taleyimizə yazılan qanlı-qadalı Qarabağ savaşının başlanğıcından 44 günlük Vətən müharibəmizədək olan bir dövrü əhatə edir. Zemfira Məhərrəmlinin sayca 17-ci kitabında işğal illərində yaşadığımız iztirab və kədərdən, uzunillik mücadiləmizdən, intizarında olduğumuz böyük Qələbəyə yetmək üçün çarpışan, canından keçən oğul və qızlarımızın hünərindən, hər birimizə böyük coşqu və sevinc bəxş edən möhtəşəm Zəfərimizdən bəhs edən bədii və sənədli hekayələri toplanıb. Baş verən olaylar bu ədəbi örnəklərdə təkcə bədii boyalarla təsvir edilmir, həm də ağrılı və qürur doğuran tariximiz oxucu yaddaşına ötürülür.
“Zəfər yolçuları” kitabında Birinci Qarabağ savaşı dönəminə məxsus olan nəslə vurulmuş psixoloji zərbələr, erməni işğalçılarının törətdikləri ağlasığmaz vəhşiliklər, Vətən, hərb tariximizin sinəsində açılmış çalın-çarpaz şırımlar, həmçinin millətimizə xas olan yurd sevgisi, müdrik Sərkərdəmizin, Ali Baş Komandanın rəhbərliyi ilə əsgər və zabitlərimizin bir yumruq tək birləşərək göstərdiyi qəhrəmanlıq, hünərvər qazilərimizin, al qanı əzəli torpaqlarımıza səpələnmiş şəhidlərimizin, rəşadəti dolğun və əhatəli əks etdirilib.
Kitabı Türkiyə türkcəsinə tanınmış türk yazarı, şair-publisist İmdat Avşar çevirib.
Söz sərrafı, gözəl insan, incə ruhlu şair Murad Memmedovun “Ömrün payız duyğuları” adlı yeni kitabı işıq üzü görüb. Şair bu münasibətlə “Yazarlar” jurnalı tərəfindən yeni kitabların nəşrinə görə eyni şəxsə yalnız bir dəfə verilən “Ziyadar” mükafatına layiq görülüb. Təbrik edirik! Uğurlarınız bol olsun, Murad müəllim! Hər yeni saat yeni gün yeni il uğur gətirsin inşəAllah!
Ön sözün müəllifi Həzi Həsənli , dost sözünü əsirgəməyən qələm adamı isə, Avdı Qoşqar.
Detektiv ədəbiyyatı və ya macəra ədəbiyyatı. İntellektual detektiv janrı.
Macəra ədəbiyyatına səyahətnamə, ov janrı, dənizçilik daxildir. Macəra ədəbiyyatında təhlükəsizlik orqanlarının işi ilə bağlı işlənən forması isə detektiv adlanır. Detektiv ədəbiyyat və ya kriminal nəsr bilavasitə cinayətə , onun açılmasına, cinayətkarların obrazlarına və motivlərinə diqqət yetirən ədəbi janrdır. Bunu kim etdi? – cinayəti kimin törətdiyinə dair tapmacaya yönəlmiş detektiv hekayənin mürəkkəb süjet versiyasıdır. “Bunu kim etdi?” termini həm də qatilin şəxsiyyətinin tez aydın olmadığı bir işi təsvir etmək üçün qətl müstəntiqləri arasında istifadə olunur. Qətllərin çoxu qurbanın tanıdığı və ya qohum olduğu insanlar tərəfindən törədildiyi üçün “bunu kim edib?” məsələsinin həlli adətən daha çətindir. Detektivin bir janr kimi əsas xüsusiyyəti əsərdə hansısa sirli hadisənin olmasıdır, hansı şəraitdə baş verməsi məlum deyil və aydınlaşdırılmalıdır. Detektivin mühüm xüsusiyyəti ondan ibarətdir ki, hadisənin faktiki halları təhqiqat başa çatana qədər heç olmasa tam şəkildə oxucuya çatdırılmır. Əksinə, oxucu hər mərhələdə öz versiyalarını qurmaq və məlum faktları qiymətləndirmək imkanı əldə edərək, araşdırma prosesi vasitəsilə müəllif tərəfindən idarə olunur. Əsər əvvəlcə hadisənin bütün təfərrüatlarını təsvir edirsə və ya hadisədə qeyri-adi, müəmmalı heç nə yoxdursa, o, artıq sırf detektiv hekayəyə deyil, əlaqəli janrlara ( triller, polis romanı və s.) aid edilməlidir.
Detektivin tarixi. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”, Herodot “Rampsinit və oğru”, Daniel peyğəmbərin kitabından olan ” Susanna və Ağsaqqallar “, “Minbir gecə nağılları”na daxil olan “Üç almanın nağılı”. “Üç almanın nağılı”nda ilk dəfə süjet bükülməsi metodundan istifadə olunub. Süjet bükülməsi bədii əsərdə süjetin istiqamətini və ya nəzərdə tutulan nəticəsini kökündən dəyişdirən ədəbi alətdir. Bu, hekayənin sonuna yaxın baş verdikdə, buna gözlənilməz sonluq, və ya süjetin bükülməsi deyilir.
Detektivin növləri.
1.Qapalı detektiv, qapalı otaqda qətl, qeyri-mümkün cinayət, fövqəlinsanın törətdiyi cinayət. Edqar Allan Ponun “Morq küçəsində qətli” əsəri “qapalı otaqda qətl” süjetinə əsaslanan ilk detektiv əsər hesab olunur. Artur Konan Doyl “ Rəqs edən adamlar ”, “ Rəngli lent ”, Aqata Kristi “ On balaca hindli ”, “Sıçan tələsi” , “ Şərq ekspressində qətl”, Qaston Leru “Sarı otağın sirri”, hake Talbot “Çuxurun kənarı”, Robert Van Qulik “Çin labirinti cinayətləri”, Umberto Eko “Baudolino” və s. qapalı otaq növünə aiddir.
Con Dikson Karr “Qapalı otaq sirrinin ustası” hesab olunur.
2.Rahat detektiv. Seks və zorakılığa daha az yer verildiyi və ya yumorla təqdim edildiyi, cinayətlərin və araşdırmaların kiçik, sıx bir cəmiyyətdə baş verdiyi bir detektiv janr növüdür. Bu növ əsərlərdə detektivlər daha çox qadınlar olurlar.
3.Tarixi detektiv. Cinayətin tarixi tarixi hadisələr kontekstində baş verir. Məsələn, V.Eko “Qızılgülün adı “. Müasir müəllifin tarixi reallıqlara yerləşdirdiyi detektiv hekayəsi “ retro-detektiv ” adlanır. Məsələn, Dostoyevski “Cinayət və cəza”, Jan Riçep “İdeal cinayət”
4.Tərs çevrilmiş detektiv. Cinayətkar hekayənin əvvəlindən tanınır, bu cür əsərlərdə detektivin cinayətkarın təqsirini dəqiq necə sübut edəcəyi vurğulanır. “Həqiqət və yalan”-qədim Misir alleqorik nağılı, Sofokl “Çar Edip”.
5.Noir-“qara roman” detektiv. Zorakılıq, jarqon ifadələr, cinsəl istismar və s.Noir janrının əsas xüsusiyyətləri arasında təqdimatın sərt realizmi , sinizm , personajların özünü məhv etməyə meyli, jarqonların bolluğu və süjetdə məcburi cinsi xətt var.
6.Polis detektivi. Polisin baş qəhrəmanlarının şəxsi həyatlarının, çox vaxt dramatik şəkildə nümayiş etdirilməsidir. Süjetin mövzusu ailə vəziyyəti, komandadakı münasibətlər və həyat üçün risk, eləcə də peşəkar fəaliyyətlə əlaqəli stresli mühit ola bilər.
7.Hüquqi və ya leqal detektiv. Hüquq-mühafizə və məhkəmə sistemi “baş qəhrəman” rolunu alaraq əsərdə mərkəzi yer tutur.
8. Casus detektivi, adətən hansısa xüsusi xidmətdə çalışan bir casusun nöqteyi-nəzərindən danışılan, hərəkətli hekayədir.
10.Psixoloji detektiv. Psixoloji konfliktə əsaslanan detektiv elementləri olan trillerin alt janrı.
11. İronik detektiv detektiv janrının postmodernizm izlərini daşıyan atipik növlərindən biridir. İronik detektivdə detektiv araşdırma yumoristik nöqteyi-nəzərdən təsvir edilir və bir sirri açmaq məqsədi daşıyır və hekayə adətən birinci və ya ikinci şəxs tərəfindən aparılır. Çox vaxt bu məcrada yazılan əsərlər detektiv romanın klişelərini parodiya edir. İronik detektiv hekayəsinin inkişafının ilkin mərhələlərində “ ironik ” anlayışı çox vaxt “reallığın cilalanması” rolunu oynayırdı.
12.Fantastik detektiv. Stanislav Lem “İstintaq”, Sergey Lukyanenko “Genom” və s.
13.Siyasi detektiv. Əsas intriqa siyasi hadisələr və müxtəlif siyasi və ya biznes xadimləri və qüvvələr arasında rəqabət ətrafında qurulur. Həm də tez-tez olur ki, baş qəhrəmanın özü siyasətdən uzaqdır, bununla belə, işi araşdırarkən “güclər” tərəfindən istintaqa əngəl törədilir və ya hansısa sui-qəsd üzə çıxır. Siyasi detektivin fərqli xüsusiyyəti (mütləq olmasa da) əsasdan başqa, tamamilə müsbət personajların mümkün olmamasıdır. Bu janra nadir hallarda saf formada rast gəlinir, lakin əsərin tərkib hissəsi ola bilər.
Çağdaş Azərbaycan ədəbiyyatında realist detektiv romanları bir neçə qrupa bölmək olar:
– siyasi detektiv romanı;
– kəşfiyyat (şpion) detektiv romanı;
– sənədli detektiv romanı;
– macəra detektiv romanı;
– cinayətkarların və cinayətkar dairələrin həyatını əks etdirən detektiv romanlar;
– penitensiar müəssisələrdəki həyatı təsvir edən detektiv romanlar.
Azərbaycan ədəbiyyatında detektiv janrının banisi Cəmşid Əmirovdur. Uzun müddət Cəmşid Əmirov təqiblərə məruz qalmış, əsərlərini oxumaq qadağan olunmuşdur. “Sahil əməliyyatı” əsəri əsasında “İstintaq davam edir” filmi, “Qara Volqa” əsəri əsasında eyni adlı film çəkilmişdir.
Aqata Kristinın “Şirazda ev” detektivinə baxış
Parker Pyne Yaxın Şərq turunda Şirazdadır. O, orada tamamilə tək yaşayan və fars olduğunu iddia edən bir ingilis qadın olduğunu öyrənir. Hamı onu dəli hesab edirdi. Parker Pyne maraqlıdır və ona öz xidmətlərini təklif edir. Personajlar: Cənab Parker Pyne, Cənab Şlaqal, Xanım Ester Karr (Ester-gizli,Karr-bataqlıq), Muriel King. Məkanlar. Tehran, İsfahan, Şiraz.
Əsərin qəhrəmanı qatil olaraq ittiham olunduğundan qorxur və xanımının yerinə keçir. Niyə o, üç il ərzində tamamilə fərqli bir insan kimi davranmağı bacardı? Həmçinin bütün qulluqçuların bu məsələdə kor olması da böyük bir məsələdir. Cənab Parker Payne romantikdir. İnsanların xoşbəxt olmasını istəyir və onlara kömək etmək üçün əlindən gələni edir. O, insanların həqiqətən necə olduqlarını və nəyə qadir olduqlarını görür, onların xarakterinə olan bu fikir-genetik biliklər və s. onu öz cavabına aparır.
İntellektual detektiv janrı
Detektivdən bir pillə yuxarı olan intellektual detektiv zəka,idrak üzərində qurulan detektivin bir növüdür. Bu növ detektiv əsərlər oxucunun intellektual səviyyəsini daha zəngin edir,məlumatlandırır, əsərlərdə müxtəlif rəsm əsərlərinə, bədii əsərlərə, film adlarına rast gəlmək mümkündür.
İngilis yazıçısı Den Braunun “Cəhənnəm”, “Başlanğıc”, “Yalan nöqtəsi”,”Rəqəmsal qala”,”Mələklər və iblislər”, ”Da Vinçi şifrəsi”, “İtirilmiş simvol” əsərləri intellektual detektivdir. Böyüklər çoxdan bildikləri nəsnələrin əslində gizli kodlara kökləndiyini, bağlı olduğunu oxuduqca, dərinliklərə endikcə, əsərlər daha da qiymətə mindi. Den Braunun ailəsində sirli hadisələr uşaqlıqdan baş verir. Daha doğrusu, həmin sirli hadisələr valideynləri tərəfindən təşkil olunurdu. Sanki uşaqlıqdan belə qeyri-adi sirlərlə böyüməyə kökləyiblər ki, böyüyəndə çaş-baş qalmasınlar, çətinlik qarşısında özlərini itirməsinlər. Den Braunun təhsil aldığı kollec qapalı müəssisə sayılıb. Burada baş verən hadisələr gizli qalıb. Kollecin rəhbərliyinin şagirdləri danlaması, uşaqların çıxardığı oyunlar kənara çıxmaz, bu da qapalı mühitin xarakteri ilə düz gələrmiş. Elə ona görə də Den Braun qapalı mühit barədə yazdıqlarını kollecdən əxz edib. “Cəhənnəm” əsəri mistik-triller janrındadır. Əsas diqqət intizamsız insan artımı üzərinə çəkilir, insan artımı və onun da özü ilə bərabər gətirdiyi fəlakətlərin qarşısını almaq üçün bir bioloq-alim virus yaradır.ÜST və bir çox qurumlar bu virusu dayandırmağa çalışır, əsər boyunca onlar virusu və məqsədi tapmağa çalışırlar. Əsərdə belə bir ifadə var: “İnsanlığın gələcəyini xilas etmək üçün onun yarısının ölümünə razı olmalısınız”. Bu halda siz nə edərdiniz? İnsan artımı həndəsi silsilə ilə artır və dayandırılmasa, dünya məhv olacaq.Əslində əsərin ideyası bunun üzərində qurulub. Bəziləri virusları insan qətliamı hesab edir,bəziləri tək çıxış yolunun bu olduğunu qəbullanır. İnsan sayı mütləq nəzarətdə saxlanılmalıdır. İllərlə edilən müharibələr, laboratoriyalarda yaradılıb yayılan viruslar bu məqsədə xidmət edib. İnsan şüurlu varlıqdır, lakin o, gözünü yumub dünyaya bir neçə övlad gətirir və onlar ehtiyac, səfalət içində böyüyürlər. Buna mütləq nəzarət etməli, hamiləliyin qarşısını almalıdır, heyvan kimi şüursuz şəkildə cütləşib çoxalmamalıdır. Çexovun bir sözü var: “Bəzi insanlar ona görə dünyaya gəliblər ki, yeyirlər,yatırlar və çoxalırlar”.
Əsərin qadın qəhrəmanı, zəkalı Sienna öz problemlərinə yox, ətrafın, dünyanın problemlərinə yönəlir. Kimsəsizlərə əl tutur, bir dəfə də az qalsın ki, təcavüzə uğrayacaqdı. Onun olduğu Manila şəhərində uşaqların aclığı,alqı-satqısı,pedofillik,zorakılıq onu dəhşətə gətirir. Sienna (adının mənası narıncı-qırmızı) dünyanın təkcə onun xilas edə bilməyəcəyini anlayır.Onun özü depressiya və saçtökülmə xəstəliklərindən əziyyət çəkib. Əsərin digər maraqlı qəhrəmanı Zobristdir. Zobrist kimi insanlar özlərini adi insanların hiss etdikləri kimi hiss etmirlər. Onlar özlərini Tanrı hesab edirlər. Ən çox da ateistlər dünyanı idarə edəcəklərini hesab edirlər. Necə ki, tarixdən bunu görmüşük. Napoleon, İskəndər, Çingiz xan, Hitler və s.kimi tarixi şəxsiyyətlər. Əsərdə müxtəlif rəsm əsərlərinin, bədii əsərlərin adları, muzeylər, “Dantenin maskası”, “Meduza” və s. oxucunun intellektual aləmini zənginləşdirir. Sirr virus vasitəsilə insan sayını azaltmaq planı idi. Burada əsas niyyət professor Robert Lenqdonu öldürmək illüziyası yaratmaqla onu sirrin açarını tapmağa məcbur etmək olub.
Ekzistensialist,norveçli yazıçı Yu Nesbö əsərləri də intellektual detektivdir.“Şeytanın ulduzu”(“Qarabasma”) əsərində Şeytanın ulduzu tapmacanın həllində açar kimi görünür.Pentaqram intellektuallığın simvoludur. “Qar adam” detektivi soyuq cinayətin, dondurulmuş,açılmamış silsilə qətllərin araşdırılması üzərində qurulub.
İngilis yazıçısı Alex Michaelidesin “Səssiz pasiyent” detektivində qadın çox sevdiyi ərinə qarşı atəş açır, onu öldürür, illərlə səssiz alır və terapevtlə qarşılaşır. Qadının daxili sarsıntıları təsvir olunur.
İngilis yazıçısı Sidney Sheldonun “Oyunun ustası”, “Gecə yarısınını digər tərəfi”, “Mələklərin qəzəbi” əsərləri də intellektual detektivdir. “Mələklərin qəzəbi” əsərində mövzu elmi kəşflərlə bağlıdır.
Fransız yazıçısı, psixoanalitik Julia Kristeva eyni zamanda intellektual ədəbiyyatşünasdır. O, “Bizansda qətl” romanında tarixi və metafizik triller, serial qətllərin qaranlıq tarixi və Bizans şahzadəsi və tarixçisi Anna Komnenin izi ilə səyahət edərək immiqrasiya, kökündən qoparma mövzusuna toxunur.
İtalyan yazıçısı Umberto Ekonun “Qızılgülün adı” əsəri də intellektual detektivdir. Əsərdə bütün sirlər kilsənin kitabxanasında gizlənir və Vilhelmlə Adso kitabxananın labirintlərində dolaşaraq sirri qoruyan, qadağan olunmuş kitabı əldə etməyə çalışırlar, yəni Aristotelin “Poetika”sını . Bu ölümlərin açarı kitabxanadadır, o açarı tapmaq isə çətindir. Hansısa gizli bir əl Vilhelm və Adso üçün kilsə daxilində maneələr yaradır. Kilsə kitabxanada elmi həbs edib. Kilsənin xalqın üzərində hakimiyyəti imperatorun hökmündən daha artıqdır, insanların taleyini kilsə müəyyənləşdirir. Eko XIII əsr İtaliyasında dinlə siyasətin toqquşması və toqquşmadan doğan faciələri bir monastır çərçivəsində ustalıqla təsvir edir. Romanda Eko oxucuya “Kitabxananın daxili quruluşu dünyanın cəhətlərinə uyğun gəlir?” deyə eyhamlı bir sual buraxır. Vilhelmlə Adsonun axtarışları yeddi gün davam edir və bu da Tanrının dünyanı yeddi günə yaratdığına bir işarədir.
Ədəbiyyatımızda psixoloq-yazar Rövşən Abdullaoğlu “Abaddon” romanı intellektual detektiv janrında yazılıb, psixoloji zədələr qarşısında müdafiə mexanizmini işə salmış insan şəxsiyyətinin nələrə qadir olduğundan bəhs edir. İnsanın bitməyən daxili savaşı, tənəzzülə və təkamülə aparan amillər demək olar ki, bütün obrazların üzərindən fərqli aspektlərdə açıqlanır. Burada qorxu və cəsarət, qorxu və sevgi hissləri bir bədəndə qarşılaşdığı zaman ortaya çıxan maraqlı davranış modelləri ilə rastlaşır, uşaqkən ilk qorxu qarşısında yenilmiş bir neçə fərqli insan həyatı görürük,əsərdə dissosiativ şəxsiyyət pozuntusu təsvir olunub.
Hər səviyyəli kitabın intellektual tərəfi var. İntellektual detektivdə yalnız rəsm əsərləri,muzeylər, incəsənət nümunələrinin adı çəkilmir, bu, mütləq deyil. Çingiz Abdullayevin əsərlərində silah növləri, təyyarə hissələrinin adları, müxtəlif cinayətlərin açılma üsullarını öyrənmək olar, elə bunun özü də intellektual dünyamızı zənginləşdirir.
XALQIMIN, ORDUMUN İLHAMI İLHAM! Ən uca kürsüdən dedi sözünü, Bircə hərəkətlə sildi yüzünü, Bilmək istəyirsən əgər düzünü, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Əvvəlcə xainin qırdı belini, Sonra namərdlərin kəsdi dilini, Sevdi obasını, sevdi elini, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Yüz ölçdü, bir biçdi, ustadan usta, Mizanı yerində; nə tez, nə asta, Cəngilər çalındı bu dəfə “Rast”da, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Bir həmlədə pozdu kələyin, fəndin, Uçudu, dağıtdı illərin bəndin, Hər dəfə yanıltdı düşmənin zəndin, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham! * * * Ustaca bəllidi zamanın feli, Taixdə dastandı babamın qolu, Dəmir yumruq oldu İlhamın əli, Tarixindən aldı ilhamı İlham! Xalqımın, ordumun ilhamı İlham!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ONU TANRI SEÇİB Şərəfli əcdadın şanlı övladı , Bütün ulusunun qolu, qanadı, Hər yanda fəxrlə çəkilir adı, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * İlhamdır istəyi, elin arzusu, Amalı, bir şirin dilin arzusu, Əməli, tər qönçə gülün arzusu, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nizamı, gərdişi ustadan usta, Təftişi, gedişi ustadan usta, Planı, döyüşü ustadan usta, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Seçir, sonalayır, sorur düşməni, Ağladır, sızladır, yorur düşməni, “iti qovan kimi qovur düşməni” Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu! * * * Nitqi, bəlağəti, şəsti yerində, Görkəmi yerində, büstü yerində, Alınmaz qaladı, postu yerində, Çağ açıb qapadan söydandır soyu! Tanrı tərəfindən qutlanıb toyu!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ÜÇ QARDAŞ (Azərbaycan, Türkiyə, Pakistan qardaşlığına)
Bir qardaş sağında, biri solunda, Təpəri dizində, gücü qolunda, Qardaşlıq məşəli yanır yolunda, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Xətai amalı bu gün oyaqdır, Nadirin əməli bu gün dayaqdır, İlhamın təməli bu gün mayakdır! Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan! * * * Zamanla yaşadıq xeyli qeylü-qal, Görməsin bir daha bu birlik zaval, Dağlara biryolluq qayıdır Hilal, Yeni çağ başladır xan Azərbaycan! Türkiyə, Pakistan, can Azərbaycan!