SÖHRAB TAHİRƏ MƏKTUB
Qəsidə-poema
Söhrab Tahirin yanağında bir xal var,
Bütöv Azərbaycanın xəritəsinə bənzəyir.
Söhrab Tahir, həsrətlərin dağ oldumu öz yağında,
Gənclik getdi, dərd içində o çağın da, bu çağın da.
Tanrı çəkmiş qara xaldı Azərbaycan xəritəsi
Bütövlüyün vüsalına çatıb şair-yanağında.
Alnındakı qırışları Həştadsərdən keçən yoldu,
Qoca qartal yol gözləyir, həsrət çəkir Bəzz dağında.
Zaman ilə cəngə çıxıb yorulmayır, usanmayır,
Tufanlara tapşırdığı taleyinin sorağında.
Söhrab Tahir, bu dünyanın üzü bərkdi, gözlə hələ
Bir gün gələr işıq yanar, anaların çırağında
Ərk qalası incik düşüb, neçə vaxtdı Fədailər,
Harda qaldı, gəlib çıxmır ilin, günün bu çağında.
Səttar xanın, Bağır xanın sümükləri sızıldayır,
Arzuları şaxta vurdu, qış dondurdu budağında.
Söhrab Tahir, namərd dünya od qaladı ürəyində,
Dağ olmayan dərdlərinin yağı yandı cızdağında.
Behrəngini boğan sular boz-bulanıq axır yenə,
Diri gözlü can üstədir o dağın da, bu dağın da.
Min ildir ki, dərd daşıyır sınıq düşüb Xudafərin,
Dərd daşıyır, ələm çəkir o tağın da, bu tağın da.
Söhrab Tahir, əllərini yumruq elə açma hələ,
Nahaq qanım göl-göl olub Xan Arazın qırağında.
Söhrab Tahir, dərd var imiş dərd yanında şükür imiş,
Ağ dəvəni düzdə qoyduq gözüm qaldı göz dağında.
Tiftik-tiftik heşan oldu, ilmə-ilmə çözələndi,
Qarabağın xalıları yağıların ayağında.
Bir köşəyin ağrısına əvəz olar bircə yara,
Karvan azar ürəyində sıralanmış yüz dağında.
Üzü dönmüş bu fələk də neçə kərəm diş qıcadı,
Gülüş dondu gözəllərin gömgöy olan dodağında.
Dən tutmamış zəmilərin boğazlanır bəlim-bəlim,
Nə biçindi, qansız-qansız… biçinçinin orağında.
***
Ürəyimdə bir kitab var – Vətən adlı, dərd qoxulu,
Qoy el görsün nə yazılıb bu kitabın varağında.
Qoca dərviş, tut əlimdən haray salaq Vətən boyu,
Baş əyərik Xətaiyə – Səfiəddin ocağında.
Kəmanəni çəkmisənsə geri dönməz bir də oxu
Söhrab Tahir, ehtiyatın varmı sənin sadağında.
Şəhriyarın salamına Heydər baba çağırsa da,
Gordu baba – Ziyarətdən cavab yoxdu Kirs dağında.
Əllərini öz qoynundan çıxarmayıb Pişəvəri,
Bəhram-Gurun tacı qalıb iki şirin qucağında.
Savalanın başı qarda, Cıdır düzü duman altda,
Qədri qaldı “Vağzalı”sız, rübəndində, duvağında.
Ürəyində ocaq yanır, Savalandan qar gətirən,
Qardaş hanı, kama çata teylənmişin, naçağın da!..
***
Hər yarpağı şapalaqdı Cəbrayılın çinarları
Fəqət neçə ələm yatır gövdəsində, yarpağında.
Ərdəbildən gələn karvan Xudafərin üstə qalıb,
Dəvələri yük altında, şair yanır söz dağında.
Neçələri duza gedir, təpisə də dil-dodağı,
Hələ bilmir sellər yuyub duz da yoxdu, duzlağında.
Mənim adım Əlirzaydı, Əli Rza dedin mənə,
Otuz ildir qalmışam mən haqqı-sayın qınağında.
***
Ellər köçüb, yurdu talan… ocaqların yeri qalıb,
Dərd əlindən dağa çıxan Füzulinin yaylağında.
Şıx oğluna gedən namə yetişmədi, Söhrab Tahir,
Çaparını oxladılar, qan quruyub buxağında.
Fələk ilə əlləşməyə qabil meydan istəyirdi,
Qurbaninin təmənnası – qara ilan çalmağında…
İlan tutan ovsunçunun ovsunu da kara gəlmir,
Ha çağırır, ha üfürür, ilan qalıb zolağında.
Ruzigarın pəri sınıb, zaman bizdən üz döndərib,
Millət qalıb bu dövranın tənəsində, dolağında.
“Azad olan qardaşına” min bir kələk tor qurulur,
Cəhətimiz itib tamam bu şeytanın duzağında.
Bizim haqqın, həqiqətin səsi çıxmır, divanı yox,
Kor dünyanın meydanında… çovqan topu çomağında.
***
Sən gül əkdin, biz gül əkdik, vay dərməyə zəhmət çəkdik,
Çiçəkləri solub getdi o tağın da, bu tağın da.
Səpilən dən şumda qaldı, qarğa-quzğun, quş apardı,
Cücərtilər boy vermədi, çölü basan alağında.
Qarabağdan əsən yellər gəlib keçir ürəyimdən,
Həsrət, hicran bardaş qurub gözlərimin bulağında.
Xələflinin söz tufanı ərşə qalxar, tüğyan edər,
Söhrab Tahir, yağıların donar onun sazağında.
Qəm eləmə, Söhrab Tahir, hardan baxsan görünürsən
Əbədiyyət heykəlisən Azərbaycan torpağında.
O yolları keçən bilər, necə odlar ayaqladın,
Hilalın da bədirləndi Azərbaycan bayrağında.
II hissə
Söhrab Tahir, nələr yatır dilimizin qadağında
Təbriz dadı, tamı verən şirinliyi damağında.
Çiçək açan bu həsrətin Təbriz adlı qibləsi var,
Tutiyadır gələn tozu Cavad Heyət ayağında.
Sazlı-sözlü Şəhriyarın nəzir dedim cəddinə mən,
Qismət ola, qurban kəsəm, Göy məscidin qabağında.
Dəniz kimi dalğalanan saçlarına baxıram mən.
Ayna sular gümüşlənir, xəyalımın qaymağında.
İstəyirəm məlhəm olsun, dərman olsun misralarım,
Sağalmayan yaraların qopar-qopmaz qaysağında.
Xəyalımda ilham adlı köhlən süzür yel qanadlı,
Sal qayada ləpir qoyar, çınqıl çatlar dırnağında.
Şah vüqarın əyilməsin, Qoca Qafqaz qürurlusan,
Söhrab Tahir, dinlə məni, Tanrı dursun dayağında!..
***
Bu dünyanın gərdişinə göz qoyuram – əmması var,
Söhrab Tahir, günah varmı əmmasında, ancağında?!
Kəndirini dolaşdıran kimdi axı, nədi axı –
Görən kimin marağı var bu dəvənin xıxmağında?
Gülüstanda şaqqa vurdu, Türkmənçayda şişə taxdı
Cǝllad əli – təhəri var yandırmağın, yaxmağın da.
Daş yağarsa göy üzündən baş yarılar, göz tökülər,
Harayına aman olmaz ağıllının, axmağın da.
Yüz illərdir bu daş yağır, fələk bizə rəhm eləmir,
Daş göyərmir, bitmir axı… qısır göylər yağmağında.
Neçə kərəm tonqal qurub, od gözlədik – Ulu Tanrı
Bir qor atsın – Tanrının da qovu yoxdur çaxmağında!
Bu kələfin çözəni yox, çox dolaşıb, açanı yox,
İpin ucu əldən düşüb diyirlənən yumağında!
Niyyətlər də boşa çıxdı, “qulaq falı” bəd gətirdi,
Çərşənbələr sınayırıq… fələk özü saymağında…
***
Söhrab Tahir, o sahildə bu sahildə göz yaşları
Suya döndü, selə döndü – Araz olub axmağında.
Alabəzək dirəklərin, tikan dolu məftillərin
Ağlayan var, sızlayan var həm solunda, həm sağında.
Təbriz üstü Marağanın gözəlləri pərişandı,
Zülfü gəlməz daramağa bu taleyin darağında.
Odlar yurdu bir anadır, o tay-bu tay – fərqi yoxdu,
Ocaq üstə qovrulmada – tavasında, tabağında.
Şırım açıb ağ üzündə, qanqırmızı arxlar çəkib
Nalələrdir qövsi-qüzeh, anaların cırmağında.
Kəsilməyən kişnərtidir Xocalıdan gələn səda,
Zaman-zaman bu səs qalsın körpələrin qulağında.
Qandı bitən bu torpaqda, çöllərində rənginə bax,
Çəmənlərdə lalələrə, kollar üstə – sumağında!..
***
Büryan olan quzu kimi təndirdədi Azərbaycan,
Necə yağlı tikədir gör, kimlər onun marağında.
Təpər yoxsa, qəzəb yoxsa, püskürmürsə vulkan kimi,
Oğullarda birlik yoxsa, nə faydası yarağın da.
Oğul dedim, adı oğul olanlar var, anaları –
Daş doğaydı, bir qara daş… gizləyəydi qurşağında.
Torpaq ilə, Vətən ilə alver edən şərəfsizlər –
Açan olsa görərlər ki, damğası var yançağında.
Tilov atıb, ov gözləyir neçə namərd bu Vətənə
Sinə söküb, qan sümürür, parça-tikə caynağında.
Xəncərini çəkən şərin qəsdi ancaq iki gözdü,
Susuz Xeyir naçar qalıb, damlası yox bardağında.
O günlərin şahidisən canlı heykəl timsalında
“Heyrət ey büt” nidası var qocanın da, uşağın da.
Sənin mayan safdır, şair, halal südlü o ananın
Abi-kövsər hikməti var çeşməsində, qaynağında.
Anan səni heykəl doğdu, göz yaşıyla cilaladı,
Sinəsində od qaladı, qızdırmağa qundağında.
***
Söz dəryası nə dərindir, qəvvas olub üzən bilər,
Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.
Söhrab Tahir, bu ummanda “üzüb gəldim” deyənlər var,
Necə üzüb, bircə damla nəm də yoxdur balağında.
Öz ağlından gileylənən olmasa da, qoca dünya
Oyuncaqdır Lənətullah kor şeytanın barmağında.
Sən sözünə arxalandın, söz də səni uca tutdu,
Gücü çatmaz susdurmağa qadağanın, yasağın da…
Özü boyda səngər oldu savaşlara Azərbaycan,
Dağlar sənə söykək durdu, sinə sərdin qarnağında.
***
“Adı sənin, dadı mənim” məsəli var dilimizdə,
Əkən, biçən kəndlinin də dəni yoxdur çanağında.
“Şair olan qəm də yeyir”, – dedi böyük Səməd Vurğun
Bu yollarda kimlər yorğun, kimlər xəstə – yatağında.
– Əkən bizik, biçən bizik, alın təri bizdən gedir,
Torpaq bizim qismətimiz peşrovunda, başağında.
Ala öküz kövşək çalır, xumar-xumar yatır hələ
Xəbəri yox, neyləyəcək qalxan öküz durmağında.
Hodaqçısı qırmancını şaqqıldadır – bu dünyanı
Buynuzunda saxlasa da səbri varmış hodağın da.
***
Yuxuların çin olmadı, gözləməkdən cana doydun,
Əl göz üstə – bu dərdlərin kurqan olan qalağında.
Füzulinin dilidirmi, çörək kimi tapdalanır,
“Türkə xərdir” deyənlərin qəsdi nədir danmağında?
Bu dərdləri görə-görə öz içindən alışırsan,
Tüstülənən vulkanları mən görürəm yanmağında.
Qana-qana, vara-vara bəlalara düçar oldun,
Əlbəttə ki, öz bəlası anlamağın, qanmağın da.
Göyçə yoxdur, Dərbənd yoxdur, Qarabağın qanı süzür,
Borçalı da can üstədir bu taleyin sınağında.
Dağ sütunu – kişilərin heykəlləşən cəsədləri
Keşik çəkir ruhlarına – güllə yeri papağında.
Qəza-qədər pənah yeri, sovuşmadı qada səndən,
Harda olsan gəlib tapar sarayında, otağında.
Min bəlaya sinə gərdin, Söhrab Tahir, səd heyf ki,
Son mənzili bu torpaqdır qorxağın da, qoçağın da.
Fikirlərdə, duyğularda göyərirdi neçə fidan,
Yanıb gedir cücərtilər fəsillərin qurağında.
Bədniyyətlər əl altından pərşum edir, su buraxır,
Bata billik siyasətin batağında, sucağında.
Dərdi yaddan çıxıb yaman bəxti kəmin-Qarabağın,
Nankorlar da yallanmada düşmənlərin yalağında,
Avropanın sarayları – “Min bir gecə” nağılları
Nələr itdi, nələr getdi yad ellilər tapdağında,
Gücü çatan yükü çəkib aparsa da nə faydası,
Biz soxarlar yançağına gönü qalın ulağın da.
Çoxlu mənsəb qulları da çıxdı püsdən, təvərədən,
Yağ saxlayan olarmı heç it dərisi, qursağında.
***
Bir çobanın oğluyam mən, atam Zalın arxacında
Oğruların gözü qaldı arığında, axsağında.
Bir quruşa dəyməyənlər məmləkəti bada verdi,
Günahkarı axtarma heç yaxınında, uzağında.
Bu cırılmış, bu dağılmış Vətən kürkü tikilməsə,
Min bir tənə, töhmət yatar bu paltarın yamağında.
Qarabağda bağ da vardı, qara salxım ağ da vardı,
Afad gəldi, yel apardı, peyvəndin də, calağın da.
Dağlar tamam yas içində, bağlar solub öz içində,
Qəddi sınıb Xan çinarın… göy sərvin də, qovağın da.
Bir yaraydı Təbriz mənim ürəyimin öz başında,
Qəlbim qalıb Xələflinin yaylağında, qışlağında.
Yanağında qara xalı Qarabağa bənzətmədim,
Dedim, ustad, ağrı qalar ürəyində, dalağında!
***
Ömrü verən bir Allahdır, istəyinə qovuşarsan,
Ərşi-əla sənin yerin, göy üzündə – burağında.
Ərənlərə xəbər verin, dünya görmüş müdrik gəlsin,
Para-para bir bədəni bələmişəm söz “ağ”ında.
Gecəmiz də çox uzandı, qurdumuz da ulamadı,
Qurd ağzını bağladılar, bağlı qaldı bıçağında!
Mənbə:Elirza Xelefli
04.03.2004.
MÜƏLLİF: ƏLİ RZA XƏLƏFLİ
Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru