ZAUR USTAC NASİR KİMİ

ZAUR USTACIN YAZILARI

“BB” HEKAYƏSİ – BÖYÜK BİR SAHƏNİN SÖZ MƏNZƏRƏSİ
“BB” – Zaur Ustacın ən çox səs salan hekayəsidir, bəlkə də ədəbiyyat aləmində böyük rezanans yaradan on hekayədən biridir. Kriminal aləmin qloballaşan dünyada adi həyat tərzini qat-qat üstələdiyindən bu başlıq ilk görünüşdə “Bas bayıra” kimi anlaşıla bilər. Yaxud, hələ də bir çox hallarda milli mental dəyərlərimizi qoruyub saxlamağa üstünlük verdiyimiz Azərbaycanımızda onu bizə daha yaxın başqa adlarla da əvəzləyə bilərik. Məsələn: “Böyük Bakı”, “Bizim Bakı”, “Babamın babası”, “Balamın balası” və bu stildə adları daha da uzada bilərik. Lakin bizdən fərqli olaraq Zaur Ustac bu adı yenə də qloballaşan dünyanın başqa – bəlkə də daha vacib bir sahəsinə – bazar iqtisadiyyatının şah damarı sayılan ticarət sahəsinə yönəldə bilmiş və son otuz ildə baş verənlərdən bir qisminin mənzərəsini təsvir etməklə maraqlı süjet xətti üzərində gözəl nəsr nümunəsi yaratmışdır.
Hekayə nəsrin kiçik növlərindən biridir. Ya birinci şəxsin dili ilə söylənilir, ya da üçüncü şəxsin təsəvvüründə canlandırılır. Oxucu ilə arada daha tez səmimiyyət yaransın deyə bir çox qələm sahibləri avtobioqrafiq təsir bağışlayacaq tərzdə əhvalatı birinci şəxsin dili ilə nəql etməyə üstünlük verirlər. Zaur Ustac bəzi sələflərinin yolu ilə gedərək, hətta Qərb ədəbiyyat nümunələrindən bəhrələnərək adıçəkilən hekayədə məhz, bu üsulu seçmişdir. Nəsrin digər sahələrində olduğu kimi hekayədə də zaman və məkan anlayışı əsasən mücərrəd olur, lakin konkret göstəricilər də qadağan deyildir.
“20.12.2021-ci il, Bakı vaxtı ilə səhər saat 9.00, mən artıq işdəyəm” – hekayə bu cümlə ilə başlayır. Texnikanın inkişafı nəticəsində müasir insan dünyanın istənilən məkanında baş verən hadisə barədə tez bir zamanda xəbər tuta bilir. İndi həyatda elə hadisələr baş verir ki, onlar bədii əsərlərdə təsvir olunanlardan daha maraqlı təsir bağışlayır. Oxucunun diqqətini ilk cümlədə cəlb etmək lazımdır ki, sonra nəql edəcəyin istənilən hadisəni ona maraqla dinlətdirə biləsən. Zaur Ustac ilk cümləsi ilə oxucunun diqqətini özünə cəmləşdirməyi bacarmışdır.
“Günün mətbu nəşrlərini vərəqləyirdim ki, telefonlardan biri zəng çaldı”. Bununla da o, həm öz iş yerindəki vəziyyəti təsvir edir, həm də oxucunu ona danışacağı hansısa qəribə əhvalatı dinləməyə hazırlayır.
Beləliklə, ofisin telefonlarından biri zəng çalır. Dəstəyi xadimə qaldıraraq cavablandırır və əsərin əsas personajına ötürür. “Karvansara” dərgisinin baş redaktorunun dördüncü müavininin baş köməkçisinin birinci köməkçisi Əli Mülayim özünü təqdim edir və zəng vuran xanımın məqsədini öyrənməyə çalışır. Təqdimatın qeyri-adi uzun şəkildə görünməsi heç də oxucunu dolaşığa salmaq məqsədi daşımır, sadəcə, hürriyyətçilik dövründə belə kolantay vəzifə bölgülərini nəzərə çarpdırmaqla Zaur Ustac planlı dövrdən müstəqillik zamanına keçidin bəzi əndazədən çıxma hallarını təsvir etmiş olur. Həm də oxucuya şərait yaradır ki, qırışığı açılsın, özünü cəmləşdirsin, fikrini hekayədə nəql olunacaq əhvalata yönəltsin, çünki indi onun üçün gözlənilməz bir hadisədən söhbət açılacaq.
“BB” şirkətinin nümayəndəsi İlahə xanım telefonda Əli Mülayimin nəzərinə çatdırır ki, qarşıdan yubileylər gəlir, özü də ikisi birdən; həm şirkətin yaranmasının ildönümüdür, həm də şirkətin rəhbəri Bəy Bala müəllimin ad günü olacaq. Bu münasibətlə bos müsahibə vermək istəyir, ona görə ofisə dəvət olunur. Dəvəti məmnuniyyətlə qəbul edir, çünki onların işi elə müsahibələr hazırlamaq, maraqlı əhvalatları yazmaqdır.
Beləliklə, “BB” şirkəti ofisinin yerləşdiyi ünvanını dəqiqləşdirən Əli Mülayim dərhal jurnalistin şans alətləri hesab olunan qələm, bloknot, diktafon və fotoaparatı çantasına qoyaraq, necə deyərlər, tədarükünü görüb üz tutur deyilən ünvana.
Zaur Ustac müsahibə götürüləcək adamın ofisini – işgüzar şəraitini belə təsvir edir: “T şəkilli masanın üzərində barmaq basmağa boş yer yox idi. Disklər, kitablar, bir neçə işlək vəziyyətdə olan noutbuk və sonsuz sayda kağız-kuğuz… Bu mənzərəni insan öz gözü ilə görməsə, sözlə ifadə etmək çox çətindir”, – deyir. Bundan sonra o, salamlaşma və təqdimolunma səhnəsini təsvir edir:
“-Əli Mülayim.
-Çox gözəl, Əli müəllim. Vallah, indi elə zəmanədə yaşayırıq ki, mülayim olmayıb neyləyəcəksən ki? Lap yaxşısını elə siz eləmisiniz. Mülayim olun!”
Bu, kiçikdən kiçik dialoq-tanışlıq vasitəsilə Zaur Ustac oxucuya, bəlkə də cəmiyyətə böyük mətləblərin sirrini açır. Sanki ölkəmizdə mövcud olan jurnalist-məmur faktoru bu iki-üç kəlmədə öz əksini tapıb. Harın, rüşvətxor, təpədən dırnağadək korrupsiyaya qurşanıb qudurmuş bəzi məmurların qarşısında heç bir sosial müdafiəsi olmayan, hüquqları yalnız kağız üzərində qorunan jurnalistin mövcudluğunu qorumaq, elementar yaşayış tələbatını ödəmək üçün mülayim olmaqdan başqa çıxış yolu qalırmı? Qalırsa da, bu yol mübarizlik yolu deyil, sonda onu həbsə aparacaq əzilmək, sındırılmaq, şərlənmək, ölkədən didərgin salınmaq yoludur. Bu yol itki yoludu, gedər-gəlməz yoldu, çox adam gedib, hələ geri qayıdan olmayıb. Bir nəfər yarı yoldan – Türkiyədən qayıtmışdı, o da dərhal həbsə atıldı.
Burda elə görünə bilər ki, əsərin zirvəsinə yaxınlaşma prosesi gedir. Ya elə bir hadisə baş verəcək ki, kulminasiya hesab olunacaq, ya da Bəy Bala müəllimlə Əli Mülayim hansısa sözə görə anlaşmayacaq, bununla da müsahibə alınmayacaq. Əslində, əsəri maraqlı edən elə bu cür süjetlərdir, dirənişdir, personajlar arasında yaşanan dramatiklikdir. Zaur Ustac burda belə görüntü yaratsa da başqa yol seçib. Axı onun personajı hansısa Vulkan, İldırım, Şimşək ləqəbli birisi deyil, sadəcə Mülayimdir. Bəy Bala müəllim onu anlayacaq birisini tapdığına görə uşaq kimi sevinir və dərhal niyyətini açıqlayır. Özünün 55, şirkətin yaranmasının 20 illiyini müsahibinin diqqətinə çatdırır. Amma özünü elə göstərir ki, onun buna ehtiyacı yoxdur, elə-belə, sözgəlişi “mətbuatda, televiziyada bu barədə məlumat getsin”, deyir.
Əsərin bu yerində Bəy Bala müəllim gözlənilmədən bir eyham vurur:
“Bir də xahiş edirəm o maskanı çıxardasınız. Burada kim var ki? İnanın səmimiyyətimə, bunlar hamısı boş şeydir. Can verən də, alan da, bax, o kişidir!”
Burda Zaur Ustac üstüörtülü olsa da diqqəti iki məqama yönəldib. Birincisi, dünyanı ağuşuna götürmüş Koronavirus pandemiyası nisbətən səngisə də, qapalı məkanlarda maskasız gəzmək qadağası tam olaraq aradan qaldırılmamışdı. Bəy Bala müəllim öz iş otağında maskasız əyləşsə də qonağının maskada oturmağı onu narahat edirdi, tıncıxdırırdı. İkinci məsələ isə bunun məcazi mənasından gedir. Bir də görürsən məmur hansısa jurnalistin səmimiyyətinə inanır, ağzın qoyur Allah yolunda, nə istəyir, danışır. Danışığı xəlvətcə lentə alan jurnalist cənabları bir müddət sonra bunu üzə çıxardaraq yayır və aləm bir-birinə qarışır. Ya da əksinə olur, məmur jurnalisti dilə tutub danışdırır, onun səsini yazır, rəhbərlərinə qarşı istifadə edir. Maskalanmış insanlardan cəmiyyətdə hər nə desən gözləmək olar.
Zaur Ustac məharətlə bu eyhamı vurub tez də üstündən adlayıb keçir. Mirzə Ələkbər Sabir demişkən: “Səs salma, yatanlar ayılar, qoy hələ yatsın!”
“Dedi (Söhbət Bəy Bala müəllimdən gedir – Ə.A) və əlini tavandan sallanan bahalı çilçırağa tərəf elə şəstlə qaldırdı ki, məndə də qeyri-iradi olaraq gözəgörünməz qüvvənin bu çilçırağın içində gizləndiyinə əminlik hissi yarandı”.
Beləliklə, Əli Mülayim Bəy Bala müəllimdən müsahibə götürür. Bəy Bala müəllim uşaqlığından başlayaraq həyatında baş verən bütün hadisələri xırdalığınadək incələyib danışır. Böyük ölkənin necə kiçik dövlətlərə parçalandığından, oxuya-oxuya alverə qurşandığından, xırda ticarətini inkişaf etdirərək ailə biznesi yaratdığından tutmuş ailədaxili baş verən kiçik detallaradək hər nə baş veribsə, hamısını açıqlayır. Burda yazıçı məharəti dərhal özünü büruzə verir. Zaur Ustac Bəy Bala müəllimin dili ilə Sovetlər ölkəsinin dağılması ilə müstəqillik əldə etmiş dövlətimizin hansı daxili fəsadlarla üzləşdiyindən, o vaxtkı insan təfəkkürünün bir andaca əriyib getməsindən və yeni yaranmış münbit bazar-ticarət əlaqələrinin sürətlə inkişafından və başqa mətləblərdən söhbət açır. Ən nəhayət, hər şeyi yerli-yataqlı danışıb rahatlıq tapandan sonra Bəy Bala müəllim soruşur:
“-İndi bu yazının adını nə qoyacaqsınız?
Fikrimdən “Bit Biznesi” keçsə də “Böyük Biznes” dedim.
-Bəlkə bu yazının adını elə “Böyük Bədbəxt” qoyasınız. Ya da heç nə lazım deyil. Yubiley-mubiley olmayacaq”.
Dahilərdən hansısa deyib ki, “bütün xoşbəxtliklər eynidir, bədbəxtliklər isə müxtəlif cür olur”. Zaur Ustacın baş qəhrəmanı da özünü “Böyük Bədbəxt” hesab edir. Baxmayaraq ki, evli-eşikli, qohumlu-əqrəbalı birisidir. Biznesi də özünün dediyi kimi Bakıdan vurub Dubaydan çıxan, Dubaydan vurub İstanbuldan fırlanaraq yenidən Bakıya gələn böyük şəhərlərdə adam sıxlığından istifadə edərək sürətlə artıb çoxalan nadir biznes sahəsidir. Bununla belə o, özünü böyük bədbəxt hesab edir. Deməli, xoşbəxlik var-dövlətdə, ailə-uşaqda, qohumlar və dostlar arasında ayın-şayın yaşamaqda deyil, səni anlayacaq birinin yanında olmaqdır. Bəy Bala müəllim məhz o gün – müsahibə verdiyi gün onu anlayacaq birini tapdığına sevinir və özünü xoşbəxt sanır.
“-Lap əla oldu. Xeyli yüngülləşdim. Başqa heç nə lazım deyil”, – deyir Bəy Bala müəllim. Bu qədər qohum-əqrəba, dost-tanış, biznesində istifadə etdiyi adamlar arasında onu anlayacaq bircə nəfər də olsun tapıb ürəyini boşalda bilməyən “Böyük Biznes” sahibi Bəy Bala müəllim…
Zaur Ustacın “BB” hekayəsini uğurlu nəsr əsərlərindən hesab etmək olar. Ən azından otuz illik bir qərinənin gözəçarpmayacaq panoraması canlandırılır bu hekayədə… Bilmədiyimiz, bəlkə də varlığına fikir vermədən adi hal kimi baxıb, yanından ötüb keçdiyimiz ciddi sahələr işıqlandırılıb bu əsərdə…
Yazıçının missiyası qələmə aldığı əhvalatı təkcə bədii mətnə çevirib cəmiyyətə təqdim etməkdən ibarət deyil, həm də sətiraltı olsa belə cəmiyyətə ideya verib hekayəsini hərtərəfli mənalandırmağı bacarmaqdır. Düşünürəm ki, Zaur Ustac burda qarşıya qoyulmuş tapşırıqların hər ikisinin öhdəsindən məharətlə gəlib.
“BB” hekayəsində təkcə şirkət qurub bizneslə məşğul olmaq deyil, çalışqan insan üçün götürüb inkişaf etdirəsi müxtəlif istiqamət və yollar mövcuddur. Ən əsası isə dövrün bir çox böyük sahələri bu kiçik həcmli əsərdə öz mənzərəsini əks etdirib.
20 noyabr 2022, Xırdalan şəhəri.

Müəllif: Əli bəy AZƏRİ 

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BU GÜN SƏLİM BABULLAOĞLUNUN DOĞUM GÜNÜDÜR!

Zaur USTACSəlim BABULLAOĞLU (Şuşa şəhəri, 9 sentyabr 2022-ci il.)

Harada kitab, ədəbiyyat, incəsənət, mədəniyyət adına bir layihə varsa, Səlim Babullaoğlu imzası mütləq orada var! Mənə görə bunlardan ən möhtəşəmi, hələ də sönməz ulduz kimi parlayanı (bu layihənin bəhrələrini hələ uzun illər çoxlu nəsillər dadacaq və bərəkətindən faydalanacaq) “Atv kitab” – “Parlaq imzalar” olub… Bu gün əlavə təqdimata ehtiyacı olmayan Səlim Babullaoğlunun doğum günüdür! Şad gününüz mübarək, əziz və gözəl insan! Hər yeni saat, yeni gün, yeni il, uğur gətirsin inşəAllah! Başdan ayağa söz adam, şeir adam, kitab adam! Allah can sağlığı versin!!!

Hörmətlə: Zaur Ustac

SƏLİM BABULLAOĞLUNUN YAZILARI


ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. İTALİYA MARKALI AYAQQABI

AKİF ABBASOVUN YAZILARI

İTALİYA MARKALI AYAQQABI

(hekayə)

Hava isti idi. Adamım lap nəfəsi kəsilirdi. Səfərəli özünü xarici malların satıldığı mağazaya saldı. İçəridə kondisioner işlədiyindən xoş sərinlik vardı. Öz-özünə: “Köynəklərə, kostyumlara, ayaqqabılara baxıb bir az özümə gəlim, sonra bir taksiyə əyləşib avtovağzala gedərəm”, – deyə fikirləşdi.

Səfərəli Söyüdlü rayonundan idi. Bakıya iş dalınca gəlmişdi. Çalışdığı idarədən göndərmişdilər. Tapşırığı yerinə yetirmişdi. Daha görəcəyi bir iş qalmamışdı. Avtobus haradasa 2-3 saatdan sonra tərpənəcəkdi. 2-3 saatlıq da yolu vardı.

Köynəklərə, kostyumlara, ayaqqabılara baxdıqca Səfərəlinin halı qarışırdı: “Ə bu nədir, köynəyin biri 100-200 manata, ayaqqabı 500-600, kostyum 900-100 manata. Bu şəhər camaatı əcəb kefdədir! Pulları var ki, bu malları gətirib bu qiymətə mağazaya qoyurlar”.

Ətrafa göz gəzdirdi. İçəridə xeyli adam vardı. Kassanın qabağında da növbə yaranmışdı. Birinin əlində qalstuk, digərində kostyum, birində palto, başqasında ayaqqabı, plaş…

Səfərəli də gəlib kişi ayaqqabıları olan şöbənin qarşısında dayanmışdı. İtaliyan markalı ayaqqabılar idi. Götürüb baxdı. “Salvatore Ferragamo” firması. Qiymətini görəndə az qala başına hava gələcəkdi: 595 dollara. Amma ayaqqabı da ayaqqabı idi ha.

Ayaqqabını yerinə qoyub mağazadan çıxmaq istədi: “Bu ayaqqabını almaq üçün gərək evimi satım”. Çıxış qapısına yaxınlaşmışdı ki, nə isə fikirləşib geriyə döndü. Ətrafa baxdı. Xoş simalı bir qızı hədəfə aldı və ona yaxınlaşdı:

-Xanım, sizə işim düşüb. Gərək kömək edəsiniz.

Qız müştəriyə mehribanlıq göstərdi:

-Buyurun, dayı, sizə nə kömək lazımdır?

Səfərəli söhbətinə davam etdi:

-Qızım, subaysan, yoxsa ərdəsən?

Müştərinin bu sualından bir şey başa düşməyən qız çiyinlərini çəkdi. Öz-özünə fikirləşdi:  “Bunun məsələyə nə dəxli var? Sözünü de də. Yoxsa mənə elçi düşmək istəyir?”

Səfərəli qızın təəccüblə baxdığını görüb əlavə etdi:

-Xahiş edirəm, məni düzgün başa düşəsən. Mənim bir oğlum var…

Qız diqqət kəsildi: “Dedim də… İndi başlayacaq ki, səni oğluma almaq istəyirəm. Yəqin bu mağazada işlədiyimi görüb elə bilir burada pul kəsirik. İndi belədir də. Varlı gəlin axtarırlar”.

Səfərəli davam etdi:

-Oğlun deyəndə kürəkəni nəzərdə tuturdum. Sən yaşda bir qızım var. Toyu olmalıdır. İndi, bala, belədir də. Oğlan evi toy ərəfəsində gəlin üçün fata, gəlinlik paltarı, zinət şeyləri …aldığı kimi, qız evi də bəy üçün kostyum, köynək, qalstuk, ayaqqabı, üzr istəyirəm, alt geyimi alır. İndi qəribə vəziyyət yaranıb. Bütün geyimlər alınıb, ayaqqabıdan başqa.

Qız hələ də key-key baxır, Səfərəlinin ondan nə kömək istəyəcəyini bilmirdi.

-Qızım, məsələ belədir ki, toy günü yaxınlaşır, kürəkən xəstəxanadadır.

Satıcı qız mat-məəttəl qalmışdı: “Əcəb işə düşmüşəm…”

-Avtomobil qəzasına düşüb. Şükür sağ-salamatdır. Bircə sol ayağı gipsdədir. Toy gününə kimi özünə gələr.

Satıcı qızı gülmək tutdu: “Bu kişi yoxsa məni də toya dəvət etmək istəyir?”

Səfərəli pərt oldu:

-Gülmə, qızım. Bax, burada gözüm tutan bir ayaqqabı var. Onu almaq istəyirəm. Amma ayaqqabı elə şeydir ki, ayağına geyməyib aldın, səni peşman eləyəcək. Ya ayağına böyük olacaq, ya da ayağını sıxacaq. Kürəkəni bura gətirmək mümkünsüzdür. Olarmı beh qoyum, ayaqqabının sağ tayını aparım, ayağına olar, lap yaxşı. Pulun qalanını da verib, o biri tayını götürərəm.

Səfərəli axır ki satıcı qızı başa sala bildi. Qız:

-Dayıcan, bu mənlik deyil. Gərək müdirimizə deyək.

Səfərəli razılaşdı:

-Necə məsləhətdir.

Satıcı qız ayaqqabı şöbəsinə yaxın gəldi. Səfərəli də onun ardınca.

-Hansı ayaqqabını götürmək istəyirsiniz?

Səfərəli göstərdi. Satıcı qız “Salvatore Ferragamo” firmasına məxsus ayaqqabının sağ tayını götürüb Səfərəli ilə birgə şöbə müdirinin otağına gəldi. Məsələni müdirə anlatdı. Şöbə müdiri onu başdan ayağa süzdü. Səfərli şəhərə gəldiyindən bir az abırlı geyinmişdi. Müdirin tərəddüd etdiyini görən Səfərəli tez 50 manat çıxarıb ona uzatdı.

-Uzağı yarım saata burdayam. Mənə inana bilərsiniz. Ya bu sağ tayı gətirib 50 manatımı götürəcəyəm, ya da pulun qalanını ödəyib sol tayını da götürəcəyəm.

Səfərəli 50 manatı stolun üstünə qoydu:

-Amma bir xahişim var.

Şöbə müdiri baxdı. Səfərəli:

-Bir az güzəşt edərsiniz. Ayaqqabını qaytarmaq söhbəti olmayacaq. Gözüm bu ayaqqabını tutub. Ölçüdə dəyişiklik ola bilər. 42 ölçünü götürmüşəm, ola bilər kürəkənə 43 ölçü münasib oldu.

-Yaxşı dayı, amma sabaha qalmasın. Bir saata “hə”, “yox” cavabını verərsən. Oldumu? İtaliyada ən yaxşı firmanın ayaqqabısıdır. 595 dollara satırıq. Sən 550 dollar verərsən, oldumu?

Səfərəli tez:

-Mən razı. Allah köməyiniz olsun.

O, ayaqqabının sağ tayını götürüb mağazanı tərk etdi.

Aradan bir saat, iki saat, üç saat keçdi. Səfərəlidən xəbər çıxmadı. Şöbə müdiri satıcı qızı yanına çağırdı:

-Səkinə, sənin tanışın gəlib çıxmadı axı.

Səkinə:

-Vüqar müəllim, o mənim tanışım deyildi ki. Adi müştəri idi. Mənə dedi, mən də sizin yanınıza gətirdim.

Vüqar yerindən dik atıldı:

-Necə yəni tanışın deyildi. Mən tanımadığım adama elə bir dəyərdə ayaqqabı verərdim? Elə bildim onu tanıyırsan.

-Yox, Vüqar müəllim. Harada olsa, gəlib çıxar. Tay ayaqqabı neyinə lazımdır?

Səkinənin sözləri Vüqarın ağlına batdı. Siqaret çıxarıb yandırdı:

-İşə düşmədik. Birdən gəlib çıxmadı. 595 dollar zibilə düşəcəyik. Rəhbərlik bu pulu sənin, ya da ikimizin maaşından çıxacaq… Yaxşı, gözünün yaşını tökmə. Gözləyək. Ola bilsin bir iş çıxıb, sabah gəlməsə, polisə müraciət edərik.

Səfərəli ertəsi gün də, sonrakı gün də gəlmədi, elə o gedən oldu. Vüqar müəllimlə, Səkinə bərk dilxor olmuşdular. İtaliyanın “Salvatore Ferragamo” ayaqqabı brendinin sol tayı Vüqarın otağında idi, sağ tayı isə əlli-ayaqlı yoxa çıxmışdı.

Bu zaman zəng çalındı. Vasif idi. Başqa bir firma mağazasının şöbə müdiri. Həyəcanlı görünürdü:

-Ay Vüqar, başıma iş gəlib.

-Nə iş?

-Bir-iki gün əvvəl geyimli-keçimli birisi mağazamıza gəlmişdi. “Salvatore Ferragamo” italiyan firmalı ayaqqabının sol tayını götürüb apardı ki, kürəkənim ayağına geyib yoxlasın, gəlib götürəcəyəm. O gedəndir, gəlib çıxmaq bilmir. Vidi-fasonu məni aldatdı. 50 manat da beh qoymuşdu.

Vüqarı gülmək tutdu. Vasif:

-Niyə gülürsən? Gəlib çıxmasa, cibimdən ödəməliyəm.

-Özümə gülürəm, sənə yox.

-Özünə niyə gülürsən?

-Bilirsən, qardaş, o mənim də başıma elə bir iş gətirib. Həmin yaramaz ayaqqabının sağ tayını məndən, sol tayını da səndən götürüb. Hərəmizə də bunun müqabilində 50 manat ödəyib. Görürsənmi, dünyada necə kələkbaz adamlar var. 595 dollarlıq ayaqqabı ona 100 manata başa gəldi.

-Ola bilməz. Polisə şikayət edərik.

Vüqar qeyri-ixtiyari əlini yellədi:

-Xeyri olmayacaq. Haradan tapacaqlar onu? Hansı rayonu axtarsınlar? Rayon adamına oxşayırdı. Kim bilir hansı rayondandır. Çıxıb gedib evinə-eşiyinə. Yəqin bizi aldatdığını yadına salıb indi gülür.

-Bəs nə edək?

-Ağlıma bir fikir gəlib. Gəl belə edək. Ayaqqabının sağ tayı səndədir, sol tayı məndə. Ya mən göndərim sol tayı sənə, ya da sən ver sağ tayı mənə. Qoyaq piştaxtaya, satılsın. Ziyanın yarısından qayıtmaq da xeyirədir.

-Hə, qardaş, amma düz deyirsən. O vələdüzna yaman bic adammış… Heç adamın ağlına gəlməzdi ki, belə bir iş olar.

Səfərəli artıq iki-üç gün idi ki, rayonda idi. İtaliya markalı ayaqqabıları büküb bir tərəfə qoymuşdu. Onlardan heç kim xəbər tutmamışdı. Hətta evdəkilərə də bir söz deməmişdi “Gün gələr lazım olar” – deyə düşünmüşdü.

Bu Səfərəli az aşın duzu deyildi. Vaxtilə oğurluq üstündə bir neçə il yatmış, sonra guya düz yola qayıtmışdı. Başını aşağı salıb işləyirdi. Amma haradasa 600 dollarlıq ayaqqabıları görəndə köhnə peşəsi yadına düşmüş, özünü saxlaya bilməmişdi.

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

MİRZƏ KAZIM BƏY -222 MÜSABİQƏSİ

Yazarlar jurnalı azərbaycan, rus və ingilis dillərində “Mirzə Kazım bəy – 222” esse (inşa) müsabiqəsinə start verir. Müsabiqə 22 iyul 2024-cü ildə yekunlaşacaq. Mətnlərin qəbulu 28 noyabr 2023-cü il saat 23:45 -ə qədər davam edəcək. Bütün esselərdən ibarət. Kitab çap olunacaq. Müvafiq mükafatlar nəzərdə tutulub. Bu barədə müntəzəm məlumatlar veriləcək. Layihə davam etdiyi müddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq. Yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz.

Təqdim edir: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

MİRZƏ KAZIM BƏYİN YAZILARI

MİRZƏ KAZIM BƏY – 222

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Elman Eldaroğlu. Ehtirama layiq xanım…

Elman Eldaroğlunun yazıları

Ehtirama layiq xanım…

Deyirlər ki, üç qız övladını böyüdüb, boya-başa çatdıran, ev-eşik edən atanın yeri cənnətdir. Mənim qəhrəmanım isə qadındır, müzəffər ordumuzda xidmət edən üç zabitin anasıdır- iki oğul və bir qızın. Təkcə bu səbəb bəs edir ki, onun qarşısında baş əyəsən, ehtiram göstərəsən.

Azərbaycan ədəbiyyatının canlı əfsanələrindən biri, şair Seyran Səxavət onu belə dəyərləndirir:

“Vətəni üç zabit balası qədər, üç zabit balasını da vətəni, torpağı, xalqı qədər sevən Nəzakət Məmmədlinin Milli Qəhrəmanlar haqqında çap etdirdiyi kitab çox qiymətlidir, alqışlanmalıdır və şəxsən öz adımdan ona “var olun, Nəzakət xanım!”- deyirəm. Nəzakət Məmmədlinin bu qəbildən olan xidmətləri haqqında uzun-uzadı danışmağım da, əslində yersizdir – çünki hər şey göz qabağındadır və bu vətən qeyrətli türk xanımına Allahdan və Torpaqdan güc-qüdrət diləmək keçir könlümdən. “Bakı-xəbər” qəzeti ilə birlikdə “Şəhidlər ölməz – Vətən bölünməz” layihəsinin adı hər şeyi anladır, necə deyərlər, görünən dağa nə bələdçi. Hətta tədbirlərin birində hamının son dərəcə təvazökar insan kimi tanıyıb qəbul etdiyi Nəzakət Məmmədlinin rəhbərlik etdiyi “Xatirə Kitabı”nın ən qiymətli ensiklopedik vətənpərvərlik abidəsi olduğunu deyildiyinin şahidi olmuşam. Vətənsevən, torpaqsevən, övladsevən insan belə də olmalıdır. Onun bircə yolu var: belə olmaq – Nəzakət Məmmədli kimi olmaq – Nəzakət Məmmədli olmaq…”

Haqqında söhbət açdığım Nəzakət xanım Məmmədli 13 yanvar 1962-ci ildə Bakıda anadan olub. Atası Salah kişi əslən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən idi. Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, publisist, “Xatirə Kitabı” redaksiyasının və “Yada düşdü” ədəbi-bədii jurnalının baş redaktorudur. 2010-cu ildə “Qızıl qələm”ə, 2014-cü ildə Prezident mükafatına, 2016-cı ildə Rəsul Rza və Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb. “Həzi Aslanov yubiley medalı”, Rusiya Federasiyasının “Qələbə-75” medalı və Moskvanın “Dostoynaya pamyat” Fondu tərəfindən “Qələbənin varisi” döş nişanı ilə təltif olunub. Haqqında Allahverdi Eminovun “Nəzakət Məmmədlinin Yaradıcılıq Yolu” və Hikimət Məlikzadənin “Nəzakət Məmmədovanın yaradıcılığında Vətən Kodları” kitabları işıq üzü görüb. O, həm də Vətən müharibəsi şəhidləri haqqında ”Vətən Daşı… və ya 44 günün dastanı” film layihəsinin və bir neçə kitabın müəllifidir…

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünas, publisist, yazıçı və tərcüməçi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev ona müraciətlə yazır:

“Hörmətli Nəzakət xanım! Yadınızda varsa, dərginizin 5 illiyi münasibətilə “Hər sayını intizarla gözlədiyim dərgi” başlıqlı məqalə yazmışdım. Aradan illər keçib və bu gün də “Yada düşdü”nün hər sayını intizarla gözləyirəm. Nədir bu dərginin məziyyətləri? Kökə qayıdış! Görkəmli rus alimi M.Baxtinin doğru olaraq qeyd etdiyi kimi,- hər zaman irəliyə doğru atılan hər bir əhəmiyyətli addım geriyə qayıdışla müşayiət olunur. Daha doğrusu, başlanğıcın (mənşənin) yeniləşməsinə gətirib çıxarır. Yalnız yaddaş irəliyə doğru gedə bilər, unutqanlıq yox. Yaddaş kökə qayıdır və onu yeniləyir…

Heç şübhəsiz, sovet sisteminin amansızlığı dövründə Səməd Vurğunun üstüörtülü şəkildə dilə gətirdiyi misralar da kökə qayıdışla, yaddaşla bağlıdır:

Sabaha çağırır o bizi, ancaq

Sabah da bugünsüz, dünənsiz deyil.

Nəzakət xanım, dərginizin hər sayında bunu dərindən dərk edirəm və “Yada düşdü”nü yüksək qiymətləndirirəm…”

Qeyri adi xanımdır. Anadangəlmə təşkilatçı və realistdir. Məqsədyönlülük, məsuliyyət, təcrübə və ciddilik onun üçün xarakterik xüsusiyyətlərdəndir. Ən çətin layihələri həyata keçirməkdə mahirdir. Heç vaxt emosialara qapılmır, təmkinlidir. Necə deyərlər, hadisələri soyuq başla dəyərləndirir. Eyni zamanda mərhəmətli, əliaçıq və səxavətlidir. Gözəl anadır, övladlarının uğurlarından qürur hissi keçirir.

“Bəlkə də mən, ayaq üstə olmağımda, bütün çətinliklərdən keçməyimdə, gördüyüm işlərdə bacarığımı üzə çıxarmağımda övladlarımdan daha çox güc-qüvvət almışam. Demək olar ki, mən onlarla paralel böyümüşəm. Çünki erkən ana olmuşam, uşaqlarım böyüdükcə onlardan aldığım zövqdən elə bilmişəm öz uşaqlığımı, gəncliyimi onlarla paralel yaşayıram. Analıq ən təmənnasız sevgi ilə yaşanan bir duyğudur ki, övladına çəkdiyin zəhmətin, əziyyətin, yuxusuz gecələrin içində heç bir təmanna yoxdur. Bağban əkdiyi ağacın barından necə ləzzət alırsa, ananın da öz övladının uğurlarından aldığı həzz ona bənzəyir. Övladlarım da çox sag olsunlar, təməlini qoyduğum ailənin ibtidaisindən heç zaman məni yanıltmadılar, necə istədim o cür böyüdülər. Jurnalım da o cür, o da mənim üçün bir övladdır…”- söyləyir.

Nizam-intizamı xoşlayır, məsuliyyətli adamdır. İşində daha ciddi və sərtdir. Təcrübəsindən, səriştəsindən, istedadından maksimum istifadə etməyi bacarır. Onun üçün keçmişdə yaşamaq mənasız və sadəcə vaxt itgisidir. Odur ki, həmişə gələcəyə can atır. Zəhmətkeşlik, əzmkarlıq, inadla hədəfə çatmaq onun həyat kredosudur. Etibarlı və çox sadiqdir. Heç vaxt dostunu, yoldaşını çətin vəziyyətdə qoymaz. Necə deyərlər, nə qədər problemi olsa da, özünü ona çatdırar. İncə yumor hissi və güclü təfəkkürü ilə seçilir. İdarəetməni gözəl bilir, liderlik bacarığı yüksək səviyyədədir…

Deyir ki,- “İnsan ömrü yalnız düz xətlərdən ibarət deyil, həyatın hər cür xətti var. İnanın ki, həyatın həm ağ, həm də qara xəttindən, illərin sınağından, çətinliklərdən keçmək və ayaq üstə durmaq çox çətindir, hamıya qismət olan şey deyil. Amma mən ayaqüstə durmağı bacardım. “Yada düşdü” jurnalı mənim ailə büdcəmdən maliyyələşir. Yəni başqa yerdən vəsait daxil olmur. Nə qədər ziyan dəysə də, jurnalı yaşadıram, heç bir qüvvə “Yada düşdü”nü mənim ürəyimdən çıxara bilməz. Maraqlıdır ki, “Yada düşdü” sevgisi təbii olaraq ürəyimə düşdüyü kimi, onu oxuculara, ədəbi ictimaiyyətə sevdirmək, qəbul etdirmək də zorla olmadı, çox tezliklə özünə yol açdı. Etiraf edirəm ki, “Yada düşdü” məni xoşbəxt etdi. Bu 60 illik ömrümdə dönüb arxaya baxdıqda, çox zəngin, mənalı bir həyat yolu keçdiyimi görürəm və bu jurnalın uğurlarına görə çox sevinirəm, özümü xoşbəxt və şanslı insan sanıram. Bir dəfə Bəxtiyar Qaraca mənə dedi ki,- Nəzakət xanım, çox təvazökarlıq edirsiz, əslində sizin Azərbaycan ədəbiyyatında öz yeriniz var, o yeri də heç kəs sizə təklif etməyib, o yeri siz özünüz qazanmısınız. Bəli, gəlib bu yaşa çatmaq elə də asan olmadı. Yurd itkisi yaşadıq. Mən qarabağlı deyiləm, amma yurd itkisinin nə olduğunu çox yaxşı bilirəm. Babam Ərdəbildən gəlib, mən yurd həsrətini babamın atama söylədiklərində, atamın göz yaşlarında görmüşəm. Yurd həsrəti, nisgili mənim canıma-qanıma hopub. Mənim şeirlərimi oxuyanlar, eləcə də, hər dəfə müsahibə zamanı jurnalistlər soruşurlar ki, siz haralısınız, qarabağlısınızmı? Şeirlərinizdəki bu qədər vətənpərvərlik, nisgil, Qarabağ ağrısı, yurd ayrılığı nədəndir? Cavab verirəm ki,- Bu ağrı, bu nisgil mənə qanla ötürülüb…”

Deyirlər, insan valideynlərini itirəndən sonra dünyanın fani olduğuna daha çox inanır. Atası vəfat edəndə yeddi, anası dünyasını dəyişəndə isə onun iyirmi yeddi yaşı olub. O vaxtdan da bu dünyanın iç üzünü tanıyıb və təsəllini yazıb yaratmaqda, Vətənə xidmətdə tapıb. Bəli, haqqında söhbət açdığım Nəzakət xanım Məmmədlinin Azərbaycan qarşısında həm bir ana, həm də qələm adamı kimi xidmətləri böyükdür. O, ehtirama, diqqətə layiqdir…

Müəllif: Elman ELDAROĞLU

(Tezadlar.az-ın köşə yazarı)

ELMAN ELDAROĞLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

ZAUR USTAC “XƏZƏR DELTASINDA GÖYQURŞAĞI” (ŞEİRLƏR)

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

  1. Zaur Ustac “Xəzər deltasında göyqurşağı” (şeirlər)

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Adil Məmmədov – Əlli milyonluq sıralardan görünən imza

PƏRVİZ YƏHYALININ YAZILARI

Əlli milyonluq sıralardan görünən imza

Pərviz Yəhyalı imzası əlli milyonluq Azərbaycan xalqının sıralarından bu gün aydın şəkildə görünür. Bu parlaq imza sadə və eyni zamanda çox möhtəşəmdir. Bəli, bu imza sahibi iddialıdır, dünyanı dəyişməyə, təkcə öz mənsub olduğu, canından əziz bildiyi xalqı üçün yox, eləcə də bütöv bəşəriyyət üçün, sülh üçün, əminamanlıq üçün.
Haqqında söhbət açdığımız insan təbiətən təvazükardır. Onun həyat yoluna, fəaliyyətinə nəzər salanda hansı sahəni qabartmaq istəsən bir az çətinə düşürsən. Haradan başlayasan deyə. O, hələ ilk gənclik illərində fəth etdiyi müəllimlik zirvəzindən, bu zirvəyə gedən yoldakı əzmkarlığından söhbət açmağı əvvələ salmaq daha yaxşı olardı. Pedaqiji fəaliyyətinin ilk illərində, elə ölkə pedaqoji ictimyiyətinin rəğbətini qazanmış, çoxsaylı uğurlara imza atmışdır. Təkcə bir faktı demək kifayyətdir ki, Pərviz müəllim ölkədə üç dəfə (2001,2003, 2008-ci illər) “ ilin ən yaxşı” müəllimi müsabiqəsinin qalibi olmuş yeganə pedaqoqdur. Təbii ki, onun naliyyətləri həmişə təqdir olunmuş və layiq olduğu qiyməti aldıqda da bir ilkə imza atmışdır. Belə ki, Pərviz Yəhyalı ölkə prezidenti tərəfindən “əməkdar müəllim” fəxri adını alan ən gənc müəllim kimi də tarixə düşmüşdür. Burada onun çoxsaylı təltif və mükafatlarını sadalamaq fikrindən uzağıq. Lakin Pərviz müəllimin bütün pedaqoji fəaliyyətinə güzgü tutacaq bir deyimlə kifayətlənəcəyik. Onu öz düşüncəsindən süzülən aforizmi həm də bu günümüzlə necə də səsləşdiyinə isə bəşəriyyətin bütün tərəqqipərvər insanları yəqin ki razılaşar. Pərviz müəllim deyir: “ Bəşətiyyət hansı inkişaf mərhələsində olursa olsun, müəllimlik bütün zamanların ən lazımlı peşəsi olaraq qalacaq”. Bu yerdə onun daha bir aforizmini yazmaq yerinə düşərdi. “ Məktəb mənəvi zənginliyə açılan pəncərə, müəllimsə o pəncərədən doğan günəşdir ki, hərarətindən daim körpə qəlblərinə nur ələnər”
Pərviz Yəhyalı həm də istedadının ziyasını jurnalistikadan da əsirgəməmişdir. Elə əmək fəaliyyətinə də ilk gənclik illərində jurnalist olaraq başlamışdır. Onun özünəməxsus publisist yazı manerası var. Oxucusunu sözlərinin sehrində hadisələrin iştirakçısına çevirmək qədər ovsunlaya bilməsi bacarığı var. Yeri gəlmişkən Pərviz Yəhyalı ritorika məziyyətlərini mükəmməl bilən bənzərsiz natiqlik qabiliyyəti ilə də seçilir. İstənilən auditoriyanı ram edib, həqiqəti insanların eşitmək istədiyi tərzdə çatdırmaq bacarığına sahibdir. Onun yurd sevgisi, vətən təəssübkeşliyi, bayraq müqəddəsliyi, and yerimiz şəhidlərə ehtiramı, tarixlərdən boylanan haqq səsimizi dilə gətirən natiqliyini bir hayqırtılı cəng melodiyasına bənzətməmək mümkün deyil.
Pərviz Yəhyalının nitqləri, publistik yazıları folklordan qaynaqlanan elementlərlə zəngindir. Bu da səbəbsiz deyil. O tarixçi-etnoqraf kimi kənd-kənd, oba-oba gəzib materallar toplayır, araşdırmalar aparır. Bir etnoqraf kimi mənəvi mədəniyyət məsələlərini tədqiq edir. Müxtəlif nüfuzlu elmi jurnallarda işıq üzü görən onlarla elmi məqalələrinin tətqiqat obyekti bir qayda olaraq doğma diyardır.
Pərviz Yəhyalı elimi yaradıcılığını mümkün qədər qısa formada yazmağın yolunu düşünərkən qarşımdakı onun haqqında yazılmış bir oçerkdən sitatı olduğu kimi verməyi məğbul bildim.
Pərviz Yəhyalının elmi məqalələri elmi üslub qaydaları çərçivəsinə sığmır, lakin eyni zamanda onun dili kütləvi seriyadan da deyil. O, bacardıqca dərinə nüfuz edir, tədqiq etdiyi predmeti yazdığı sətirlərdə canlı şəkildə göstərir. Sanballı elmi məqalələrini mən həmişə elmdə hadisə hesab etmişəm. Vəli Əliyev Tarix Elmləri doktoru AMEA müxbür üzvü, professor.
Təəssüf ki, Pərviz Yəhyalı haqqında görkəmli elm xadimlərinin söylədiyi fikirlərin hamısını bu kiçik yazıda vermək olmur.
Haqqında söz açdığımız insanın ədəbi yaradıcılığı isə tənqidçilərin və oxucuların diqqətindən yayına bilməz. İlk hekayəsi “ Qaymaq dadı” nı qələmə alanda 17 yaşı olub. 2008- ci ildə istedadlı nasir kimi onu respublika Yazıçılar birliynə üzv qəbul ediblər. Əsərləri rus, gürcü, eston dilinə tərcümə edilib. Onun özünəməxsus yazı təhkiyəsi var. Hətta Pərviz Yəhyalı yaradıcılığına yaxından bələd olan oxucu onun imzasını görməsə belə, mütləq əsərin müəllifini tanıya bilir. Bəzən onu ifrat naturalizmdə, mağiq realizmə meyillilkdə tənqid edirlər. Ancaq bir həqiqət var ki, Pərviz Yəhyalının həcmcə ən kiçik əsərlərində belə böyük məna yükü daşıyan qatlar var, təsvir etdiyi hadisələri də, təbiəti də oxucusunun özünə inikas etdirməyi bacarır. Oxucu mütaliəni unudub, məhz özünü “qəhrəmanın” yerində hiss edə bilir.
Onun “ Bir günlük yuxu” povesti, “ Bir dəstə yarpız” hekayəsi, “ Arzu şərbəti” novellası təbiət və insan bağlılığını, arzuların da təbiət-insan harmoniyasından doğmasını əks etdirən çox böyük ədəbi tapıntılarıdir. Lakoniklik, yığcamlıq və konkretlik Pərviz Yəhyalı nəsrinin əsas məziyyərlərindəndir.
Pedaqoq, publisist, essesist, nasir, tarixçi, etnoqraf və ən başlıcası ləyaqətli insan olan Pərviz Yəhyalı həm də bir sülh carçısıdır. Ədaləti çoxdan itib-batmış dünyada sülh axtarmaq bəlkə də günümüzün reallığında ironik səslənir. Haqqında söhbət açdığımız şəxs özünün dediyi kimi dünya evində sülhü axtarmır, elə bir model, layihə arayır ki, məhz həmin riçaq dünyaya dayanıqlı sülh gətirsin. Yəqin onun ilk gənclik illərindən gözlərinin qarşısında keçən müharibə acıları, xalqımıza qarşı düşmənlərin olmazın haqsızlığını etməsi, ağrılı itkilərimiz, ikiyə bölünməyimiz, hiper güclərin öz maraqlarından doğan susqunluğu vadar etmişdi onu bu axtarışlara.
Pərviz Yəhyalının dünya evi üçün sülh layihəsi Nobel komitəsinin də diqqətini çəkə bilmişdir. Belə ki, Pərviz Yəhyalı 2015-ci ildən bu ilədək üç dəfə rəsmi olaraq Nobel sülh mükafatına namizəd olmuşdur. Hə, bu uğura iddia israrı da əlli milyonluq xalqın sırasından məhz Pərviz Yəhyalıya məxsusdur. Onun namizədliyini irəli sürənlər yəqin bir gün həqiqətən təklif edilən layihəsinin dünya güclərinin ağlına batacağına inanırlar. Silahların əbədi susduğu, məkr və ədalətsizliyin olmayacağı dünyaya.
Düzdür Beynəlxalq Atom Təhlükəsizliyi təşkilatının kollektiv mükafat kolleksiyasında nümayiş etdirilən nobel sülh mükafatı diplomunda Bəxtiyar Siracov, əslən azərbaycanlı Şirin Ebadi bu ödülü alan azərbaycanlılar kimi tarixə düşüblər. İnanırıq ki, Pərviz Yəhyalı nə vaxtsa Səhm və isteqrazlarda yerləşdirilən və gəlirindən hər il müxtəlif qitələrdən olan lauretlara verilən mükafatı Bakıya gətirəcək.
Hələki onunla biz fəxr edirik, ancaq dünyanın bütövlükdə onunla qürur düyacağına əminik.

Müəllif: ADİL MƏMMƏDOV

ADİL MƏMMƏDOVUN YAZILARI


PƏRVİZ YƏHYALININ YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

BAKI ŞƏHƏRİNDƏ, ZƏNGİLAN RAYONU 13 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ TƏDBİR KEÇİRİLİB

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

BU GÜN – 08.12 2022 – Cİ İL TARİXİNDƏ BAKI ŞƏHƏRİNDƏ, ZƏNGİLAN RAYONU 13 NÖMRƏLİ TAM ORTA MƏKTƏBDƏ KEÇİRİLƏN ZƏNGİLANIN ,,DARDAN YUXARI,, DEYİLƏN KƏNDLƏRİNDƏ İŞĞALÇI ERMƏNİ SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN 10 DEKABR 1992 – Cİ İLDƏ BASQIN NƏTİCƏSİNDƏ BAŞ VERMİŞ FACİƏ İLƏ BAĞLITƏDBİR KEÇİRİLDİ. TƏDBİRDƏ AZƏRBAYCAN RESPUBLİKASI “ŞƏHİD AİLƏLƏRİ, ƏLİLLƏRİ  VƏ MÜHARİBƏ VETERANLARININ MÜDAFİƏSİ” İCTİMAİ BİRLİYİNİN SƏDRİ TAHİR MƏMMƏDOV, NÜMAYƏNDƏLƏRİ VƏ BİR SIRA NÜFUZLU ŞƏXSLƏR İŞTİRAK ETDİLƏR. HƏMİN TƏDBİRDƏ ŞƏHİD VƏ QAZİLƏRİMİZ HAQQINDA DANIŞILDI .QAZİLƏRƏ VƏ ŞƏHİD AİLƏLƏRİNƏ DİPLOM VƏ MEDALLAR TƏQDİM OLUNDU. TƏDBİRİN SONUNDA ŞAGİRDLƏR ŞEİRLƏR SÖYLƏDİLƏR.MƏN İKİ MÜHARİBƏNİN QƏHRƏMANI QAZİMİZ TAHİR MƏMMƏDOV HAQQINDA YAZDIĞIM  ,,YAŞA İGİD ƏSGƏR,, ADLI ŞERİMİ SƏSLƏNDİRDİM  . ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN,QAZİLƏRƏ ALLAH DAN ŞƏFA DİLƏYİRƏM . AMİN. TƏDBİRDƏN FOTOLAR:

Müəllif: LEYLİ NUR NOVRUZOVA

LEYLİ NUR NOVRUZOVANIN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən` – Şahmar Əkbərzadənin şeirləri

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

 MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN  RUHUNU ŞAD ETDİLƏR

CABİR QƏDİMOVUN YAZILARI

                     MİNGƏÇEVİRDƏ XURŞİDBANU  NATƏVANIN

                                      RUHUNU ŞAD ETDİLƏR

   Mingəçevir şəhərində XIX əsrdə Azərbaycan ədəbiyyatına misilsiz söz inciləri bəxş etmiş Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr edilən yubiley gecəsi keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə AYB-nin Mingəçevir bölməsinin düzənlədiyi tədbirin aparıcısı, bölmənin sədri İsmayıl İmanzadə yubiley məclisində iştirak edən ictimaiyyət nümayəndələrini, yerli yazarları, ziyalıları, Mingəçevir Dövlət Universitetinin təmsilçilərini salamlamış və aşagıdakı misralarla xeyir-dualarıını  dilə gətirmişdir:

Özgə bir aləmdir Araz də, Kür də,

Heç vaxt ələ düşməz bu çağlar bir də.

Soyuq qış günündə Mingəçevirdə,

Odun-közün işığına gəlmişik.

Natəvanı ürəklərdə yaşadan –

Arzularda, diləklərdə yaşadan,

Şeirin-sözün işığına gəlmişik…

  Tədbirin sonrakı anlarında AYB-nin üzvü, Prezident təqaüdçüsü, tanınmış şair Elşən Əzim “Xurşidbanu Natəvanın həyat və yaradıcılığı”, şəhər Əmək və Müharibə Veteranları Şurasının sədr müavini, ədəbiyyat sevdalısı Rizvan Mikayıllı “Şairənin nəsil səcərəsi və övladları”, şəhər Bələdiyyəsini şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı “Qarabağ xanlığının sonuncu varisi X.Natəvanın qəzəllərinin təsir gücü” və hüquqşünas-şair, “Söz süfrəsi” ədəbi məclisinin rəhbəri Bəhman Gülövşəli “Şuşa ədəbi aləminin formalaşmasında Natəvanın aparıcı rolu və xeyrəçilik missiyası” mövzusunda çıxışlar etmişlər.

  Şəhərdə məlahətli səsləriylə el şənliklınə təravət bəxş eləyən müğənnilər,-Üzeyir Hacıbəyli adəna musiqi məktəbinin müəllimi Zülfiyyə Ələsgərli, Natiq Kəlbəcərli və MDU-nun I kurs tələbəsi Səma Zeynallı ifa etdikləri muğam və xalq mahnıları ilə məclisə unudulmaz anlar bəxş etmişlər.

   Dekabr ayının 22-də AYB-nin Natəvan klubunda Mingəçevir bölməsinin nəşr etdirdiyi “Ruhumuzun yaz havası” almanaxının təqdimatı zamanı “Zaur Ustac-Yazarlar” ədəbi qrumunun “İsa Muğanna” diplomları AYB üzvləri  Elşən Əzim və Zümrüd Rəhimovaya, “Mustafa Müseiboğlu” diplomu isə AYB üzvü şair Məhyəddin Məhərrəmoğluna təqdim edilmişdir.

   AYB Mingəçevir bölməsinin xəttiylə ötən ayın sonlarında keçirilən “Xurşidbanu Natəvanın qəzəllərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin qalibi, Yevlax rayonundakı Gülövşə kənd orta məktəbinin şagirdi Xədicə Səfərli şairənin bir qəzəlini əzbərdən söyləmişdir.

   Sonra yerli şairlərdən Ələkbər Sönməz, Bəsti Bərdəli, Namiq Zaman, Məhyəddin Məhərrəmoğlu öz şeirlərini, şair-publisist Məmməd Mərzili isə Natəvana həsr etdiyi şeirini oxumuşdar.

     Tədbirin aparıcısı XX əsr Azərbaycan ədəbiyyatını görkəmli simalarından olan Məmməd Rahimin “Natəvan” poemasından, İlyas Əfəndiyevin eyniadlı pyesindən, şairənin həyat və yaradıcılığından bəhs edən sənədli filimlərdən söhbət açanda, şəhər Veteranlar Şurasının sədri Tahir Məmmədov söz alaraq Səməd Vurğunun illər öncəsi Xurşidbanu Natəvana həsr etdiyi bir şeiri əzbərdən söyləmişdir.

    Sonda 44 günlük II Qarabağ Müharibəsində “Dəmir yumruq”la tarixi düşmənlərimizi diz çökdürüb xalqımıza qələbə sevinci bəxş edən ərən oğullarımızın musiqi-mədəniyyət beşiyi Şuşada büstü gülləboran edilən, Ağdamın “İmarət” qəbristanındakı gor evi dağıdılan xan qızı Natəvanın da ruhunu şad etdiklərini dilə gətirərək, şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə cansağlığı diləmişdir.

   Saat yarım ərzində hamıya unudulmaz anlar bəxş etməklə, foto-şəkillərdə iz salıb, video-çəkilişin yaddaşında yer alan yubiley məclisi Xurşidbanu Natəvana yönəlik ehtiram nümunəsi kimi hamını məmnun etdi.

Müəllif: CABİR QƏDİMOV,

“Bənövşə” ədəbi dərgisinin bədii redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

CABİR QƏDİMOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV. QAFİYƏNİN GÖZƏL YERİNDƏ.

AKİF ABBASOVUN YAZILARI

QAFİYƏNİN GÖZƏL YERİNDƏ

(hekayə)

Bu əhvalatı xanəndə, Xalq Artisti Hacıbaba Hüseynov

özü danışıb, mən də ondan bir hekayə düzəldib, sizə

çatdırdım

         O zamanlar müğənnilər, xanəndələr, bəzi başqa sənətçilər Filarmoniya bağına yığışardılar. Toy eləmək istəyənlər bu bağa gəlir, toyu aparacaq xanəndə, müğənni, yaxud ifaçılarla ilə burada görüşür, behləşırdilər. Yaz günlərinin biri idi. Təbiət gözəl günlərini yaşayırdı, ətraf yaşıllığa qərq olmuşdu. Necə deyərlər, gül gülü çağırırdı, bülbül – bülbülü.

         Ötən əsrin 60-cı illəri idi. Hacıbaba ağır addımlarla Filarmoniya bağına sarı gedirdi. Bir də gördü ki, Əliağa Vahid ona sarı gəlir.  Onlar tanış idilər, amma aralarında yaş fərqi vardı. Heç yoxsa 20-25 yaş. Hacıbalanın olardı 40 neçə yaşı, Əliağa Vahidin də 60 neçə.

Əlağa Vahid fikirli idi. Elə bil öz-özünə danışırdı. Hacıbaba salamsız-kəlamsız ötüşüb keçə bilməzdi, salamlaşmalı idi. Yoxsa hörmətsizlik olardı. Odur ki, üzünü Əliağaya tutub:

-Salam, – dedi.

Əliağa onun səsini eşitmədi deyəsən. Başını aşağı salıb yeriyir, öz-özü ilə nə isə danışırdı. Hacıbaba səsini qaldıraraq:

-Vahid, salam! – dedi.

Əliağa Vahiddən səs çıxmadı.

Hacıbaba öz-özünə fikirləşdi: “Mənə bax da. Bu kişi məndən gör neçə yaş böyükdür. Mən ona sadəcə Vahid deyirəm, elə bil tay-tuşuq. Görünür sadəcə adı ilə çağırdığıma görə xoşu gəlməyib”.

Hacıbaba tez səhvini düzəltdi:

-Vahid müəllim salam.

Əliağa Vahid başını qaldırıb Hacıbabanın üzünə baxdı. Acıqlı idi. Hacıbaba özünü yığışdırdı. Vahid:

-Canına dərd salam! Qafiyənin gözəl yerində idim məni çaşdırdın!

Bakı şəhəri, 07 dekabr 2022-ci il

Müəllif:   Akif ABBASOV                   

 Azərbaycan Respublikası Təhsil  İnstitutunun

 elmi katibi, pedaqogika   elmləri doktoru, professor.

AKİF ABBASOVUN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru