İldırım Əkbəroğlu – Füzuli (Məmmədov İldırım Əkbər oğlu) 13 sentyab 1950-də anadan olub. Beyləqan rayonu Kəbirli kənd orta məktəbini bitirdikdən sonra hərbi xidmət keçib. Bu ərəfələrdə artıq şeriləri rayonun çoxtirajlı qəzetində müntəzəm şəkildə çap olunması səbəbi ilə bölgədə hamı onu şair kimi tanıyırdı. 1974-cü ildə Xalq Təsərrüfatı İnstitutuna, indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunur və 1979-cu ildə təhsilini başa vurur. Bu müddətdə radioda, televiziyada şeriləri səslənir, 1978-ci ildə B.Vahabzadə və İ.Şıxlının redaktorları olduğu “Çinar pöhrələri” toplusunda şeriləri geniş oxucu kütləsinə təqdim olunur. Dost – tanış və eyni zamanda yazıları ilə tanış olan hər kəs onu bir şair kimi qəbul edir, gələcəyini bu istiqamətdə təsəvvür edirdi. Müntəzəm olaraq şerləri qəzetlərdə çap olunurdu. Təhsili başa vurub Rayonda işə başlamaqla sanki, yaradıcılıq arxa plana keçir… RTTB –ndə 1998–ci ilə kimi baş mühasibin müavini, 2015-ci ilin sonuna kimi İH-nin Kəbirli kənd ərazi nümayəndəliyində baş məsləhətçi kimi fəaliyyət göstərir. Təqaüdə çıxdıqdan sonra sirli söz aləmi yenidən onu öz sehrinə salır.. Şerləri dəfələrlə almanaxlarda, qəzetlərdə çap olunur. İldırm Əkbəroğlu 22 yanvar 2019 – cu ildə MYK -ın ömürlük fəxri sədri seçilmişdir. İldırım Əkbəroğlu 22 dekabr 2019 -cu ildə vəfat emiş və Beyləqan rayonu, Kəbirli kəndində dəfn olunmuşdur.
KİTABLARI:
İldırım Əkbəroğlunun bu günə qədər iki kitabı nəşr olunub. “İldırım Əkbəroğlu” adlı ilk kitabı sağlığında, demək olar ki, ömrünün son günlərində (2019), “70” adlı ikinci kitabı isə ölümündən sonra (2020) nəşr olunmuşdur. Son olaraq “Yazarlar” jurnalının tərtib etdiyi “Ana şeirləri” almanaxında yer alıb.
QEYD:
“Bayram Bayramov – 100” layihəsi çərçivəsində İldırım Əkbəroğlu 2019 -2020 ci il üçün “İLİN YAZARI” seçilib və “Bayram Bayramov ” diplomu ilə təltif olunub (ölümündən sonra). 2020 – 21 ci il üçün “Ustac” Milli Mükafatına layiq görülüb(ölümündən sonra). Allah rəhmət eləsin. Ruhu şad olsun. Amin.
Bu gün çox istedadlı şair, rəssam Adil Mirseyidin doğum günüdür. Ruhu şad olsun…
Özgə Zamanın şairi, Adil Mirseyid… Oxucuların xoşbəxt saydıqları şairlərin taleyində xoşbəxtlik anlıq olur.
Şairlər tək bir insan ömrü yaşamırlar. Şairlər çox insan ömrü yaşaadıqlarından öz ömürlərini yaşamağa vaxtları qalmır. Şair ömrünün pis günü yaxşısından çox olur. Özgə ömürlərin dərdləri şair ömrünü yeyib talayır. Özünə nə zaman, nə də həvəs qalır yaşamağa. Bu şair ömrüdür, şair taleyidir. Ona “niyə belə yaşadın”, – deyə bilməzsən. Sən şair taleyi yaşadın, qardaş. Amma bu məmləkət bir az fərqlidir. Sən həm də rəssam ömrü yaşamalı oldun. Ona görə də sənin işin bir az da ağır oldu… Doğrudur, adamı özündən yaxşı heç kim tanıya bilməz. Mən Adili ən yaxşı tanıyanlardanam. Adilin dairəvi eynəyinin arxasından o xırda, iti gözlərinin nələr gördüyünü, nələr anlatdığını, nələr demək istədiyini yaxşı anlayırdım. Onun nələri etdiyindən, nələri etmək istədiyindən, etmədiyindən xəbərdaram. Biz başından istifadə ediləsi adamın əlindən, ayağından; əlindən, ayağından istifadə ediləsi adamın başından istifadə edirik. Adil Mirseyid başqa bir məmləkətdə yaşasaydı dəyəri başqa olardı. Daha çox tanınardı. Təbii ki, həyat tərzi də fərqli olardı. Adil son vaxtlar gördüyü qarlı, şaxtalı günlərin sayının çoxluğundan üşüməyə başladı. Qışda cins kürkdən paltoya keçdi. Yayda pencəyə. Qızmadı. Çünki artıq könlü də üşüyürdü. Amma könlündən küsmədi. Artıq son günlər can ağrılarına tab gətirə bilmirdi. Onu sıxan, incidən, küsdürən ağrılar da bir tərəfdən. Mənə zəng edəndə çox danışmazdı. “Salam. Necəsən? Hardasan? Yarımsaatdan sonra Nərimanov parkında olacam”, – deyib, danışığı kəsərdi. Bilirdim ki, görüşmək, söhbətləşmək istəyir. Saatlarla oturub söhbətləşərdik. Adil, bu gün Nərimanov parkına gəldim. Həmişə məni gözlədiyin, var-gəl etdiyin yerə. Yalquzaq kimi gəzdim oraları. Mənə elə gəldi ki, hamı mənə baxır. Mənim təkliyimə. Ağacın altındakı çayxanada (Adil oranı belə adlandırırdı) oturdum. Həmişəki kimi bu dəfə “kəkotulu çay” sifarişi olmadı. Qəhərdən boğuldum. Tez durub çıxdım “məni öyrəşdirdiyin” çayxanadan. Artıq bütün çayxanalardan qaçıram. Daha sənsiz qalan çayxanalar məni özünə çəkmir. Darıxdırır, qovur, itələyir məni oralardan. Əvvəllər həftədə bir dəfə içalat kababı yeməyimiz vardı. Sənin üçün bu daha rahat idi deyə. Sonralar içalatın səni yedi. İndi mən içimi yeyirəm. Adil əqidəsinə, yoluna, ədəbiyyata, poeziyaya sonadək sadiq qaldı. Dəyişmədi. Bundan sonra da heç dəyişməz. Adilin ürəyincə olmayan, əlacsızlıqdan etdiklərinin mənəvi peşmançılığının acısını necə yaşadığını da görmüşəm… Sonuncu gecə iynənin belə sənə təsir etmədiyini görüncə halım dəyişdi. Yaddaşımda həmişə sənin əvvəlki kimi qalmağını istədim. Hərdən eynəyini bir az geri itələyib şirin-şirin danışan; “Gəl bir Torqovını gəzək”, – deyib, danışa-danışa mənimlə asta-asta addımlayan Adil kimi… Son gecə sənin ağrılarına dözə bilmədim. Evinizdən bilmədim necə çıxdım. Heç düşünməzdim ki, 5-6 saatdan sonra sənin həyat saatın dayanacaq. Səninçün dayanan, bizi səndən ayıran, döyən saat. Amma mənə yenə də elə gəlir ki, sən hansısa çayxanada hamısı səni tanıyan çayçıların birinə çay sifariş verib, söhbətə başlamısan… Dünya ədəbiyyatı, mədəniyyəti, incəsənətindən kimlərisə bilgiləndirirsən. Qızışan məclisdə söhbət şeirdən, əsl poeziyadan, esselərindən gedir. nə cavan ölmək istərəm nə də yüz il yaşamaq gələr ağlıma – deyirdin. Emersonun “hər ağızda bir dua var” fikrini də tez-tez işlədirdin. “Vağzallarından tanınar şəhərlər”, söyləyən Adil olanlarını götürüb Ləki vağzalından Bakı vağzalına gəlmişdi. İndi də içində, beynində, yaddaşında qalanlarını – yazmadıqlarını, demədiklərini, neçə-neçə kitablıq yazıları özüylə Ağdaşa apardı. Dolu gəldiyi kimi dolu da getdi. Nə qədər ideyalar, layihələr, fikirlər, şeirlər ürəkdə, beyində qaldı. Beşikdə öldü. Oxunası Adil Mirseyid oxunmamış qaldı. Maraqlı söhbətlər, əksəriyyətin bilmədiyi məlumatlar Adillə getdi. Adilin apardığı, qoyub getdiyindən çox oldu. Adil bizim zamanla uzlaşmayan özgə bir Zamanın adamı idi. İşığı özündən uzaqlara düşən, şam kimi əriyən şair idi, Adil Mirseyid. Gün-gün, il-il əridi… Adil Mirseyid şair kimi taleyi ilə oynadı. Tənhalığı sevən Adil Mirseyid son gedişi ilə bizi tənha qoydu. “Şair ömrü yaşamaq, qaranlıqda qıl körpüdən keçmək kimi bir şeydir”, – deyirdi Adil Mirseyid. Aparan kimi apardığını bildi. İtirən itirdiyinin fərqindədirmi?! Bulud adam, Güzgü adam, Nəgmə adam qara lentli şəkildən boylanan adam oldu. Ağdaşda sonuncu kitabına son kərə ürək sözlərini yazıb bütün yazdıqlarını bizlərə bağışlayırdı… Olanını bağışlamağı sevən Adil Mirseyid. Ruhun şad olsun, qardaş… аdil mirsеyidin аkvаrеlləri uzаqdаn dənizə qоvuşаn sеvdаlı buludlаr аdil mirsеyidin аkvаrеlinə köçəcək bir аzdаn sоnrа dа dоlub dоlub bоşаlаcаq yumаq istəyəcək gümаnı yаğışа yаğmurа qаlаn bu məmləkətin günаhlаrını yа dа qəfil gələn rüzgаr qоvub аpаrаcаq əlində fırçа tutmuş bir divаnə rəssаmın ümidləri üstünə buludlаrın оvqаtı qаrışıb rəssаmın оvqаtınа köçəcək rənglərin yеddinci qаtınа bu bаşqа bir mənzərədi rəssаmın аkvаrеlində hüznlü göyüzü və biz təkcə аdil mirsеyidin аkvаrеlində qаlаcаq sеvdаlı buludlаr аğ-qаrа ümidlər bir də gözünü göy üzünə dikən dəniz 21.12.2004 Daha bundan sonra heç nə köçməyəcək sənin akvarelinə, Adil Mirseyid. Köçəsilər köçürənlə köçdü… 22.07.2014
Elə çox darıxıram ki… Heç bir şey ovutmur könlümü Yoxluğun öldürüb yaşam həvəsimi.. Kar olan ümidlərim duymaq istəmir səsimi. Və mən yenə bitkin…qəmgin.. Gözlərim axtarır səni hər yerdə.. Nə səni çağıra bilirəm, nə də sənə gələ bilirəm… Kim dönə bilir ki hamımızın gediş bileti olan, amma dönüş bileti olmayan o səfərdən .. Sən gələ bilməsən də , bir gün mən sənə gələcəm ey burnumun ucunu göynədən adam.. Bu dünyada sevinci də, qəmi də, həsrəti də, özləmi də, sənsizliyi də yaşatdın mənə.. Duyğularım alt-üst, fikirlərim qarmaqarışıq, dalğın-dalğın axtarıram səni yenə xatirələrdə… Elə çox darıxıram ki….
Bu gün həmyerlimiz, hüquq elmləri doktoru, professor İbrahim Quliyevin doğum günü, 72 yaşının tamamıdır. İbrahim Quliyev Lənkəran şəhərindəki 4 saylı beynəlmiləl orta məktəbində bir il oxuduqdan sonra təhsilini Liman şəhərindəki 1 saylı beynəlmiləl orta məktəbində davam etdirib. O, Moskvada SSRİ DİN-in Ali Məktəbini bitirdikdən sonra Rusiyanın Kirov vilayətində uzun illər milis rəisi işləmişdir. Sovet milisinin 60 illik yubiley tədbirindəki rus dilində səlis, məzmlu çıxışı Azərbaycanın DİN naziri Arif Heydərovun da diqqətini cəlb edir. Fasilə zamanı İttifaqlar Evinin sütunlu salonunda İbrahim Quliyevlə görüşür, onu Azərbaycana dəvət etmək istədiyini bildirir. SSRİ Daxili işlər naziriliyində İbrahim Quliyevin Rusiyada gərəkli kadr olduğunu bildirsələr də, Arif Heydərov həmyerlimizin Azərbaycana qayıtmasına nail olur. İbrahim Quliyev bir qədər sonra Azərbaycana qayıdıb DİN-də fəaliyyətə başlayır. Gəncə hadisərinin qızğın dövründə SƏDM-in müavini təyin olunur. Qısa müddətdən sonra isə milis rəisi təyin olunur. Gəncədəki 11 illik fəaliyyət dövründə necə işləyibsə, bu gün də nə gəncəlilər İbrahim müəllimi unudur, nə də İbrahim müəllim gəncəliləri. Sonrakı fəaliyyəti Quba, Yevlax, Yardlmlı rayonları ilə bağlıdır. Astara rayon polis şöbəsinin rəisi təyin olunanda Talış-Muğan Respublikası yaratmaq istəyən separatçıların meydan sulayan vaxtları idi. Fövqaləda vəziyyətlə əlaqədar hərbi komendant təyin olunanda hücumlara da məruz qalır. 7 gün həbs olunsa da, əqidəsindən dönmür. Yenə işinə qayıdır Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət edir. Separatçılar tam zərərləşdiriləndən sonra Heydər Əliyev cənabları İbrahim Quliyevi və bir qrup lənkəranlını qəbul edir. İbrahim Quliyevin fəaliyyətini xüsusi dəyərləndirir və onu Astara rayon İcra Hakimiyyətinin başçısı təyin edir. İbrahim Quliyev Astaradakı 10 ilə fəaliyyətilə necə rəğbət qazanıbsa, bu gün də astaralıların ən doğma, ən sevilən insanlarındandır. Həmin illərdə Azərbaycanın ürəyi sanki Astarada döyünürdü. Yubileylər, digər unudulmaz tədbirlər bu gün də iştirakçıların xatirindədir. İbrahim Quliyev Astaraya gələnədək böyük məktəb keçmişdi, böyük təcrübəyə malikdi. Moskvada İdarəçilik akademiyasının 1-ci fakültəsini Fərqlənmə diplomuyla bitirmişdi. Məlumdur ki. Azərbaycandan həmin fakültəni bitirən kadrlar barmaqla sayılası qədərdir. İbrahim Quliyev öz ərizəsilə Astara rayon İcra Hakimiyyəti başçılından azad olunduqdan sonra Moskvada doktorantura təhsilini davam etdirir. Elmi işini müdafiə edib hüquq elmləri doktoru olur. Bir alim olaraq akademik Arif Paşayevin rəhbərlik etdiyi akademiyada fəaliyyətə başlayir. Hüquq kafedrasının müdiri, Elmi Şuranın sədri seçilir. Professor İbrahim Quliyev 56 elmlər namizədinin, 5 elmlər doktorunun rəhbərj olub. İbrahim Quliyev ötən ildən öz ərizəsilə işdən azad olunub, hazırda təqaüddədir. Lakin elmi yaradıcılığını davam etdirir, respublikanın qaynar həyatında iştirak edir. Respublika Veteranlar Təşkilatı sədrinin müşaviri, Ağsaqqallar Şurasının məclis üzvüdür.
Ömrünün müdrik çağını yaşayan İbrahim Quliyevə sağlam canla uzun ömür, yaradıcılıq uğurları arzulayıram.
ƏN GÖZƏL HƏDİYYƏ KİTABDIR! KİTAB ALIN, OXUYUN, SƏRHƏDÇİ DOSTLARINIZA, QOHUMLARINIZA HƏDİYYƏ EDİN! “YEDDİ OĞUL İSTƏRƏM, BİRCƏ DƏNƏ QIZ-GƏLİN” prinspi ilə bir povest, yeddi hekayənin toplandığı “SƏRHƏDÇİ ZABİTİN ETİRAFI” kitabı “MÜCRÜ” nəşriyyatı tərəfindən nəşr olunub. Bütün ixtiyarlar “MÜCRÜ”dədir. Şəhərin kitab mağazalarından soruşa bilərsiniz. Nəşriyyatın özündə də onlayn-satış həyata keçirilir. Müəllifin xahişi ilə 30 dekabradək 30% endirim tətbiq olunub, yəni maya dəyərinə satılacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında şair, folklorşünas, tədqiqatçı alim İslam Sadığın əsərlərinin 4 cildliyinin təqdimatı və 70 illik yubileyi keçirildi. İslam Sadıq Azərbaycan ədəbiyyatına, Azərbaycan ədəbi-elmi fikrinə öz möhtəşəm yaradıcılığı ilə çox zəngin səhifələr qatıb. İndiyədək alimin 30-dan çox bədii-elmi, tədqiqat xarakterli əsərləri və şeir kitabları nəşr olunub. Sevə-sevə oxuduğumuz bu kitablardan bir çoxunun adını da çəkə bilərik. “Torpaq səxavəti”, “Dəyişmə havanı, könlüm”, “Layla bulağı”, “Susmaq qızıl deyilmiş”, “Ermənilərin I Pyotrla görüşü”, “Ağrı, ürəyim, ağrı”, “Koroğlu kim olub?”, “Qanlı saz”, “Qanlı çay daşı”, “Yelimə uçan buludlar”, “Dumanı daşan dərələr”, “Koroğlunun sazı və sözü”, “Ovcuma yazdığım yazılar”, “Şumerdə izim var”, “Elmdə erməni virusu”, “Bir gözüm Bakıdı, bir gözüm Təbriz”, “Azərbaycanda kitab mədəniyyəti”, “Azərbaycan Koroğlu eposu”, “Ocağı közündən tanıyıram”, “Dədə Qorqudun dili və poetikası”, “Nizami Gəncəvi türkdürmü?”, “Səməd Vurğunun özü və sözü”, “Nizami Gəncəvi türkdür” və s. kitablarının adlarını sıralamaq kifayətdir ki, İslam Sadığın çoxşaxəli, zəngin, ədəbi yaradıcılığı gözümüz önündə canlansın. Mərkəzi Elmi Kitabxanada keçirilən tədbirdə İslam Sadığın işığına toplaşanlar da elə bu zəngin ədəbi irsdən və bu irsi yorulmadan xüsusi bir həvəs, şövqlə nəsillərə təqdim edən alim və şair şəxsiyyətindən danışdılar. Tədbirdə Azərbaycanın görkəmli ziyalıları – ədəbiyyatşünaslar, tənqidçilər, yazıçılar, şairlər, elmin müxtəlif sahələrini təmsil edənlər və media nümayəndələri iştirak edirdi. Çıxış edənlər tanınmış şairi, cəfakeş alimi ürəkdən təbrik etdilər, onun yaradıcılığının elmi-bədii məziyyətlərindən, sənətkarlıq xüsusiyyətlərindən danışdılar, qeyd etdilər ki, İslam Sadıq həm də dövrün ən yaxşı Koroğluşünas alimidir. Onun təbiətində, mənəvi simasında bir Koroğluluq var. Tədbirdə, çıxış edənlər arasında Həzrəti Mövlananın bir sözü də xatırlandı: “Yüz dil bilərsən, hərgah əməlinlə sözün üst-üstə düşmürsə, demək ki heç bir dil bilmirsən”. İslam Sadıq sözlə sənətin vəhdətini yaradan ziyalılardandır. O üzdən təbli, ilhamlı bir şair kimi bildiyi dillər də sevgidən, həyat sevərlikdən, vətəndaşlıq yanğısından qaynaqlanır. Demək ki, o koroğluluğun, mərdliyin, sevginin, vəfanın, sədaqətin, etibarın, inamın, vətənkeşliyin, yurdkeşliyin ünvanıdır və bu ünvanların dilini də çoz gözəl bilir. Cəmiyyətlə özü arasında yaratdığı bütün ünsiyyət körpülərini də bu dillər vasitəsilə qurub-yaradır. İslam Sadığın əsərlərinin 4 cildiyinin təqdimatı həm də sazlı-sözlü bir məclis idi. Məclisdə sözün həqiqi mənasında Koroğlu coşğusu, Cəngi ruhu vardı. Təbrizdən gələn aşıqlar da İslam Sadığın Koroğlu ruhunda yazdığı şeirləri sazın və səsin tellərində xüsusi bir coşğu ilə havalandırdılar. İslam Sadığın 70 yaşının ədəbi-elmi ictimaiyyətə verdiyi hesabat da mənəvi yaddaşda zamanlar içrə Koroğlu havası, Koroğlu ahəngi, Koroğlu ritmiylə oxunacaq. Şimşəklər çaxanda yada düşən Koroğlu qılıncının işığı kimi…
Bu dünyada 51 il yaşayan Allahverdi Məmmədlinin yaşı artıq 70-i ötüb. Lerik rayonunun Yuxarı Amburdərə kəndində dünyaya göz açmışdı. Uşaqlığını dağların daşlı-kəsəkli yollarında azdırıb arana dəyişirlər. Beş yaşı olanda ailələrini kəndin bir neçə ailəsiylə birgə Biləsuvar rayonunun (o zaman Puşkin) Əmənkənd kəndinə köçürürlər. Əmənkənddə məktəbə gedir. Səkkizilliyi bitirdikdən sonra Lənkəranda Pedaqoji Texnikumda təhsilini davam etdirir. Lənkəran ədəbi mühiti tələbə oğlanın formalaşmasında mühüm rol oynayır. Texnikumu bitirib kəndlərində müəllimlik edir. Dərs hissə müdiri olur. Hərbi xidmətə yollanır. Qayıdıb sənədlərini ADU-nun (BDU) Jurnalistika fakültəsinə verir və qəbul olunur. Say-seçmə tələbələrdən olur. Tələbə ikən imzası təkcə şair kimi yox, publisist, tərcüməçi kimi də diqqəti cəlb edir. Poeziya axarından publisistika axarına düşür. Universiteti bitirib Kənd Təsərrüfatı Nazirliyinə nəşriyyat redaktoru vəzifəsinə təyinat alır. Orda peşəkar jurnalist olaraq işgüzarlığı üzə çıxır. «Kənd əməkçisinin təqvimi» həmin dövrlərdə diqqətçəkən nəşrlərdən idi. Şair Fikrət Sadığın təklifiylə Bədii Ədəbiyyatı Təbliğ Bürosuna dəvət alanda öz ərizəsi ilə işdən azad olunur. Həmin illərdə imzası daha çox tanınınır. «Ədəbiyyat və İncəsənət», «Bakı», «Baku», «Azərbaycan müəllimi», «Molodyoj Azerbaydjana», «Sovet kəndi», «Azərbaycan», «Ulduz» və digər mətbu orqanlarla əməkdaşlıq edir. Doxsanıncı illərin əvvəllərində Səhiyyə Nazirliyi, Şəfqət və Mərhəmət Fondunun təşəbbüsü ilə «Şəfqət» qəzeti fəaliyyətə başlayır. 1991-ci ilin yanvarında işıq üzü görən «Şəfqət» milli azadlıq hərəkatının davam etdiyi dövrdə, 20 Yanvar qırğınından sonra Allahverdi Məmmədli üçün bir növ söz meydanı, söz tribunası olur. Səhiyyə, qaçqın, köçkün, şəhid problemləri onun qələmiylə öz həllini bu qəzetdə tapır. Baş redaktorun müavini olaraq qəzetin bütün ağırlığı onun çiyinlərində idi. «Şəfqət»lə əməkdaşlığı davam etsə də, «Ulduz» jurnalına dəvət alır. Bir neçə ay şöbə müdiri, sonra məsul katib, baş redaktorun müavini olur.
1998-ci ilin dekabrında vəfat edib. Son mənzili Lənkərandadır.
Uşaqlığından zahirən sakit görünən Allahverdi içi dolu, püskürməyə hazır olan vulkan kimiydi. Tanıyanların dediyi kimi, istedadıyla bərabər, qeyri-adi savada malik Allahverdi Məmmədli hansı peşənin qulpundan yapışsaydı, uğur qazanacaqdı. Əvvəl müəllimliyi seçib. Lakin orta məktəbdə uzun müddət dərs deməyib. Jurnalist peşəsini seçib – bütövlükdə yazıb-yaratdıqları ilə müəllimə çevrilib. Onun “dərs”ləri bu gün də bizə gərəklidir. Zaman-zaman da gərəkli olacaq.
İ𝙘̧𝙞𝙢 𝙙ə𝙧𝙙-𝙦ə𝙢𝙡ə 𝙝𝙤̈𝙧𝙪̈𝙡𝙪̈𝙗,
𝘾̧𝙤̈𝙡𝙪̈𝙢 𝙨𝙚𝙫𝙞𝙣𝙘𝙡ə 𝙨𝙪𝙫𝙖𝙣ı𝙗…
Bu misralar onun ömür nəğməsinin nəqaratıdır.
Amma ömrün şad-xürrəm, xoşbəxt çağları da az olmayıb – ailə xoşbəxtliyi, yaradıcılıq sevincləri… Nə vaxtsa: Dedim gətirmir mənimki… də söyləyib… İnanaqmı?.. Nə bilim?..
İlhamı, işləmək yanğısı sonsuz idi. Nə yazıq ki, ömür payı qısa imiş…
Şair, publisist, tərcüməçi Allahverdi Məmmədlinin vəfatından 25 il ötür.
𝙈ə𝙣𝙞 𝙖𝙮𝙧ı𝙡ı𝙦 𝙜𝙤̈𝙯𝙡ə𝙮𝙞𝙧,
𝙂𝙚𝙙𝙞𝙢, 𝙜𝙤̈𝙧𝙪̈𝙢 𝙣ə 𝙨𝙤̈𝙯 𝙙𝙚𝙮𝙞𝙧…
𝙂𝙚𝙙𝙞𝙢, 𝙨𝙤𝙧𝙪𝙨̧𝙪𝙢, 𝙜ə𝙡𝙞𝙢…
– deyib getdi. Ayrılıqla görüşdü. Fəqət gəlmədi…Elə bildik, vədinə xilaf çıxdı… Yox, yox qayıtdı – daha kamil, daha müdrik. Ömrün 70 illik zirvəsində dostlarını, onu sevənləri bir araya gətirdi. Ayrılıq görüşlərini haqqında yazılan “Haçandı görüşmürük” kitabında sevdiklərilə paylaşmaq üçün.
***
Allahverdi Məmmədlinin neçə kitaba sığası yaradıcıq irsi qalıb.Ən zəngin, dəyərli irsi isə ailəsi, övladlarıdır. Bu ocağın hərarətini “nənəqızı” dediyi Ofelyası qoruyur. Böyük oğlu Xəyal BDU-nu bitirib.
Sankt-Peterburq şəhərində yaşayır. Azad sahibkarlıqla məşğuldur. Böyük qızı Ayan bu il orta məktəbi qızıl medalla bitirib,
İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olunub. Bacısı Leysan orta məktəbdə oxuyur. Əlaçıdır.
Evin sonbeşiyi Tural Bakıda ata ocağında yaşayır. Neft və Sənaye Universitetini bitirib. O da azad sahibkarlıqla məşğuldur. Qızı Qumru Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsində təhsil alır. Oğlu Ayxan məktəblidir. Dərs əlaçısıdır.
Allahverdi Məmmədlinin ömrü yarımçıq qırılsa da, cəmiyyətdə ləyaqətli mövqeyə malik övladlarının, üzlərini görmədiyi nəvələrinin ömründə yaşayıb davam edir.
YASAMAL RAYONU HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ MƏKTƏBLİ ŞAİR-PUBLİSİST SEVİNDİK NƏSİBOĞLUNUN ULU ÖNDƏR HEYDƏR ƏLİYEVƏ HƏSR ETDİYİ KİTABIN TƏQDİMATI KEÇİRİLDİ
15 dekabr 2023-cü ildə “Zəfər Yolu” İctimai Birliyinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində məktəbli şair-publisist, 15 yaşlı gənc yazar, 7 kitab müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Sevindik Nəsiboğlunun Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə və “Heydər Əliyev ili”nə həsr etdiyi “Ulu Öndərin işığında” adlı kitabının təqdimatı keçirildi. Kitab təqdimatına incəsənət xadimləri və ictimai xadimlər, respublikamızın ədəbiyyat və jurnalistikasının parlaq simaları, ziyalılar, müharibə iştirakçıları və s. iştirakçılar qatılmışdılar. Tədbirin aparıcılığını sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa Zülfiyyə Eldarqızı etmişdir. Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra isə tədbir iştirakçıları Ulu Öndərimizin və Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra isə Zülfiyyə Eldarqızı tədbiri açıq elan edərək ilk sözü filologiya elmləri doktoru, professor Asif Rüstəmliyə verdi. Asif Rüstəmli çıxışında Sevindik Nəsiboğlunun yaradıcılığından geniş söz açaraq onun ədəbiyyat sahəsinə gəlişi, ilk kitablarının çap edilməsi və s. haqqında məlumat verdi, həmçinin yaradıcılığa uşaq yaşlarından başlayan ədiblərimizdən misallar çəkdi və müəllifə uğurlar arzuladı. “Zəfər Yolu” İctimai Birliyinin sədri Pərvanə Salmanqızı çıxışında müəllif və onun növbəti kitabı ilə bağlı qiymətli fikir bildirərək “Heydər Əliyev ili”ndə çap edilən və təqdimatı keçirilən “Ulu Öndərin işığında” kitabının əhəmiyyətini vurğuladı. Pərvanə xanım gənc yazarın Cənab Prezidentimiz İlham Əliyevə həsr etdiyi “Ulu Öndər yadigarı” adlı şeirini söyləyərək çıxışını sonlandırdı. “Tərəqqi” medallı yazıçı-publisist Nəzakət Əhmədova-Kərimova da çıxışında müəlliflə bağlı xoş fikirlərini tədbir iştirakçılarına çatdıraraq onun yaradıcılıq yolundan söz açdı. Həmçinin onun İki ay öncə “Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən “Ulu öndər Heydər Əliyev siyasətinin təbliğində səmərəli fəaliyyətinə görə” medalı ilə təltif olunduğunu qeyd etdi. Müəllifin 8 noyabr 2020-ci ildə Cənab Prezidentimiz İlham Əliyevin Şuşanın azad olunmasını Ulu Öndərimizin məzarı başında raport verdiyi anlardan təsirlənərək yazdığı “Ata, ruhun şad oldu!” adlı şeirini səsləndirdi. Nəzakət xanım sonda Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin vitse-prezidenti Ruhiyyə xanım Poladovayla birgə gənc müəllifə sözügedən qurumun Gənclər Təşkilatının sədr müavinliyi vəsiqəsini təqdim etdi. Ruhiyyə xanım qısa çıxışında Sevindik Nəsiboğlunun yaşıdlarına və Azərbaycan gənclərinə nümunə olduğunu bildirdi və gənc müəllifi bir daha təbrik etdi. “Carçı” jurnalının təsisçisi və baş redaktoru Gülnarə Əmirquliyeva çıxışında “Carçı” jurnalında Sevindik Nəsiboğluna da yer verdiyini, onun “Heydər Əliyev və Azərbaycan dili” məqaləsinin jurnalda dərc edildiyini və bir çox ictimai xadim tərəfindən maraqla qarşılandığını dilə gətirdi. O, “Carçı” jurnalının Ulu Öndərimizə həsr olunan daha bir buraxılışında da müəllifə yer verdiyini bildirərək jurnalın sözügedən buraxılışını gənc yazara təqdim etdi. C.Novruz MM-nin əməkdaşı, “Gün az” saytının redaktoru Rəsmiyyə Heybətağaqızı gənc müəllifin gələcəyinə inamla dolu fikirlərlə çıxış edərək Sevindik Nəsiboğlunun lokal antiterror əməliyyatlarında şəhid olan, anasız böyümüş şəhid əsgər Cavid Cavanşir oğlu Zülfüqarova həsr etdiyi “Qarşıla məni, ana!” şeirini səsləndirdi. Şair-publisist, Prezident təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü və həmçinin “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac çıxışında Sevindik Nəsiboğlunun “Yazarlar” jurnalı ilə səmərəli əməkdaşlığından danışdı. Peşəkar ədəbiyyat xadimi kimi gənc müəllifə dəyərli məsləhətlər və nəsihətlər verərək ona yaradıcılıq uğurları arzuladı. Zaur Ustac sonda Sevindik Nəsiboğlunu İsa Muğanna mükafatı ilə təltif etdi. “Zirvə” İslahatlara Dəstək Mərkəzi İB sədri Elçin Axundzadə çıxışında Ulu Öndər Heydər Əliyevin dühasından söhbət açdı və Vətən müharibəsindəki şanlı qələbəmizlə lokal xarakterli antiterror əməliyyatlarında qazandığımız parlaq zəfərin fonunda Cənab Prezidentimiz İlham Əliyevin Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olduğunu bildirdi. Elçin müəllim sonda müəllifə yaradıcılıq uğurları arzuladı. Tədbirdə müəllifin sayca 7-ci kitabı olan və təqdimatının keçirildiyi “Ulu Öndərin işığında” kitabı ilə bağlı slayd yer aldı. Müharibə veteranı olan İsa Musayev də çıxışında gənc şairimizə yaradıcılıq tövsiyələri verərək ona yeni-yeni uğurlar arzuladı. Çıxış üçün söz gənc müəllifin atası, istefada olan polis polkovniki, Vəkillər Kollegiyasının üzvü Nəsib Əliyevə verildi. Nəsib Əliyev gənc müəllifin kitabı araya-ərsəyə gətirmə prosesindən söhbət açdı və Ulu Öndərimizin gənclər üçün, Azərbaycan gəncliyi üçün çalışdığını bir daha vurğuladı. Nəsib Əliyev Azərbaycandan olan fəhlə-kəndli ailələrindən birinin gənc üzvü olaraq 1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin SSRİ məkanında təşəbbüsü nəticəsində Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Hüquq fakültəsində oxuduğunu və bunun üçün Ulu Öndərimizə borclu olduğunu söylədi. Nəsib Əliyevin universitet yoldaşı, sabiq prokurorluq işçisi, Vəkillər Kollegiyasının üzvü Allahverdi Səfərov da yaxından tanıdığı gənc şairi və onun yaradıcılıq yolunu bir daha dəyərləndirdi və uşaq yaşlarından onun yaradıcılığa, ədəbiyyata və Ulu Öndərimizin irsinə maraqla, həvəslə yanaşdığından söhbət açdı. Sonda söz “Ulu Öndərin işığında” kitabının müəllifi Sevindik Nəsiboğluna verildi. Sevindik Nəsiboğlu kitabı haqqında ətraflı məlumat verərək bildirdi ki, “Ulu Öndərin işığında” kitabının Lənkəran şəhər 5 saylı tam orta məktəbində təqdimatı olmuşdur. Kitab Azərbaycanın Milli Kitabxanasına, Prezident Kitabxanasına və Bakı Kitab Mərkəzinə təqdim olunmuşdur. Azərbaycan Milli Kitabxanasının “2023 – Heydər Əliyev ili” sərgisində “Ulu Öndərin işığında” adlı kitabı da sərgilənmişdir. Gənc müəllif tədbirin bütün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi. Sonda gənc yazar kitabının nüsxələrini imzalayaraq oxucularına təqdim etdi və tədbir iştirakçıları ilə xatirə fotoşəkli çəkdirdi. Tədbirdə ümumi olaraq “Ulu Öndərin işığında” kitabı 15 yaşlı müəllifin Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə verdiyi ən böyük töhfə olaraq qiymətləndirildi. Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabının annotasiyasını izləyicilərimizə təqdim edirik: “Tanınmış şair-publisist Sevindik Nəsiboğlunun “Ulu Öndərin işığında” adlı kitabı Azərbaycan xalqının taleyində müstəsna xidmətləri olan Ümummilli Liderimizin həyat yolundan, Vətən naminə apardığı mübarizələrdən bəhs olunur. İstedadlı müəllif kimi tanınan 15 yaşlı Sevindik Nəsiboğlunun oxuculara təqdim olunan yeni kitabının əsas məziyyəti lider-xalq, lider-vətən münasibətlərinə sevgi ilə güzgü tutmasıdır. İnanırıq ki, kitab oxucuların marağına səbəb olub “. Fotolar: