Adil Cəfakeş – İki şeir.

GÖRÜŞ GÖZƏL OLUR QARLI HAVADA

Qar yağır, əzizim dənə-dənə qar,
Bu gün görüşməli havadı, dur gəl.
Sağaldaq ayrılıq vuran yaranı,
Bu qar bir məlhəmdi, dəvadı dur gəl,
Görüş gözəl olur qarlı havada.

Düşsün üstümüzə qar dənələri,
İkiqat oyatsın bizdə həvəsi.
Dayanaq üz-üzə, nəfəs-nəfəsə,
Əl əli isitsin, nəfəs nəfəsi,
Görüş gözəl olur qarlı havada.

Saçımız sırsıra bağlasın bizim,
Soyuqdan titrəyib bürüşək biraz.
Əl-ələ tutişub qar üstündə biz-
O başa, bu başa sürüşək biraz,
Görüş gözəl olur qarlı havada.

Düz təyin etməsək görüş vaxtını,
Görüşün hörməti, izzəti olmaz.
Yüz cürə növü var görüşlərin də,
Eyni cür görüşün ləzzəti olmaz,
Görüş gözəl olur qarlı havada.

Sığınsın körpətək qəlbimizə qoy,
Dönək eşqimizin qara damına.
Yağan qar ağartsın üst-başımızı,
Çevrilək qar altda qar adamına,
Görüş gözəl olur qarlı havada.

QAR YAĞIR

Yenə sular donub, yenə şaxtadı,
Yenə çovğun gəldi, yenə qar yağır.
Çıxmaq istəyəndə çölə uşaqlar,
Qayıdıb qışqırır, nənə, qar yağır!

Baxanlar həzz alır qış axşamında,
Üstünü qar örtüb bağda şamın da.
Buz dürmək bağlayıb evin damında,
Döngəyə qar yağır, tinə qar yağır.

Boz üzün göstərdi bizə bu qış da,
Qalmayıb qara yer, bircə qarış da.
Qızını səsləyib qonşu Talış da,
Deyir çıxma çölə, kinə qar yağır.

Nənə ləzzət alır ninni deməkdən,
Baba söhbət edir işdən, əməkdən.
Boz köpək qısılıb çıxmır dəməkdən,
Toyuqlar doluşub hinə, qar yağır.

Baxıb cikkildəyir sərçə oyuqdan,
Kimdənsə o kömək umur bayaqdan.
Dişlər şaqqıldayır yenə soyuqdan,
Yenə də titrəyir çənə, qar yağır.
Yenə qar yağır.

Müəllif: Adil CƏFAKEŞ

ADİL CƏFAKEŞİN YAZILARI

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

One thought on “Adil Cəfakeş – İki şeir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir