Musa Aslanxanlının doğum günüdür – Təbrik!

Bu gün tanınmış şair Musa ASLANXANLInın doğum günüdür. Doğum günü münasibətlə “Yazarlar” jurnalı olaraq, şairi təbrik edir və müxtəlif illərdə qələmə aldığı şeirləri təqdim edirik:

Ömür – yuxu…

Gedəm çıxam ruhum qalan
O yurdlara, o yurdlara.
Gör nə vaxtdı bağlanmışam
Umulara, umudlara…

Ömür-yuxu, mühit gecə,
Kədərim də döndü heçə.
Qəhərimi verim necə,
O ünvansız buludlara…

Çox da öndə yoxuşlar var,
Baş girləyən çox başlar var…
Elə ütük qamışlar var,
Öyüd verir palıdlara…

Turan varsa… bir çıxış var,
Bir güc, bir yol, bir baxış var,
Qurddan gələn qurtuluş var,
Yavuqlaşım boz qurdlara.

De, yasdımı, düyündümü,
Bu şər yerin, göyündümü?…
Ömrü qatam, mümkündürmü,
Metelərə, Qorqudlara?!

Unudularmı…

Əllərimi sinəmə toxundurduqca
anamın əllərinin izini
tapmaq istəyirəm bədənimdə.
Bir çırpıntı gəzirəm canımda.
Bu çırpıntılar  
Bugünümdə, dünənimdə…
Bu çırpıntılarla uşaqlığın qapısını
açacağam guya.
Xoşbəxt anlar,
Bu anlarda bütöv bir dünya…
Dayanıb bu qapıdan baxacağam
Uşaqlıq illərimə.
Gərək o illəri bir də yaşayam, anam.
Daha heç nə…
Bu bədəndə, bu canda
Unudula bilərmi anam?
Ucalıq qazanmısan…

İnam olsa…

Biri sınıq, biri ağlar,
Könlüm belə, gözüm belə.
Yoxuşları qalxmaq olar,
Olsa inam, dözüm belə.

Biganələ atın çapar,
Ayaq altda ümidlər var.
Bir ümidə dayaq olar,
Yerə düşsə sözüm belə.
Gör qalanıb ocaq harda,
Həniri var bucaqlarda.
Birlik quran ocaqlarda,
Yanım, olsun közüm belə…

lll

Buludlara çilənən
Bir qürub işığıtək,
Sən niyə belə qəmli,
Sən niyə belə kövrək?!

Ömrün qürub çağımı,
O, bir zamanmı, dindi…
O buludlar da bizim,
O işıq da bizimdi.

O işıqla bəzənmiş
Buludlarda yox ləkə.
Onlar bizlə yol gedir,
Ya biz onlarla bəlkə.

…Ən gözəl duyğulardan
göylərə belə pay var.
Ömrüm, sənə boylanıb
Nura düşüb buludlar.

İlğımlar çəkilər…

A dağlar, bir əsim küləyin gəlsə,
İlğımlar çəkilər gözümdən mənim.
Qanım təmizlənər, sifətim gülər,
Ləkələr silinər üzümdən mənim…

Gün gələr, gerçək iş – öndə bu gedər,
Çirk hopan yerlərə təmiz su gedər,
Xəcalət tərinin qoxusu gedər,
O gün dəsmalımdan, bezimdən mənim.

Mən “gözlə” deyirəm, ruhum pərt olur,
Dözümüm hardasa ətalət olur.
Ətalət içində dözüm boğulur,
Davam var, bulaşıq dözümlə mənim…

Oxunmur, bağlanıb neçə kitablar,
Haqqı gözdən salıb çirkli hesablar.
Gör, özə-saflığa nələr qatıblar,
Nələri alıblar özümdən mənim.

Qoy gecə deməsin xeyrim bu qədər,
İşığın ərliyi, mərdliyi yetər!
Gün düşər, yapalaq kölgəsi gedər,
Çəkilər dağımdan, düzümdən mənim…

Şeirlərin müəllifi: Musa ASLANXANLI

                     AYB-in üzvü. Prezident təqaüdçüsü.

MUSA ASLANXANLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir