
QARABAĞIN DAĞLARI
Bu dağların bal vədəsi yox olub,
Qara bulud, çən hədəsi, yox olub,
Ağbirçəyi, el dədəsi yox olub,
Çal-çağırdan, dağlar yellənmir daha.
Göy yamaclar çiçək-çiçək xallanmır,
Qız-gəlinlər buz bulağa sallanmır,
Quru daş da, çiçək açıb ballanmır,
Gözəllik dil açıb, dillənmir daha.
“Çilik-ağac” üçün darıxır mətə,
Ətotu səpilmir, doğranmış ətə,
Körpə qırxbuğumdan bişməyir kətə,
Qara sac silinib, küllənmir daha.
Baldırğan,çeşmələr üstə kollanmır,
Dağ kəkliyi daşdan, daşa tullanmır,
Kəklikotu çal qayadan sallanmır,
Çılpaq qayalar da, güllənmir daha.
Bulud yerə enib, şehə qarışmır,
Dağ çeşməsi, axan çayla yarışmır,
Gül çiçəklə, çiçək güllə barışmır,
Ulu saz daranıb, tellənmir daha.
Bu dağların deyib-gülən vaxtıdı,
Onu üzən, qara gələn baxtıdı,
Həsrət çarpayısı, kədər taxtıdı,
Elatı, naxırı şəllənmir daha.
Aprel – 2016.
Müəllif: Mayıl DOSTU
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru