Özüm üçün TƏRİFNAMƏ, sizin üçünsə TƏŞƏKKÜRNAMƏ
Adam belə şeyləri yazmağa utansa da, əslində, utanmalı heç nə yoxdur. Hərdən, lap elə ildə bir dəfə ad günündə özümüzü tərifləsək, dünya dağılmaz ki. Nə qədər siz tərifləyəcəksiniz, bu işi bir az da özümüz görüb yükünüzü azaldaq da.
İndiyədək tanınmaq üçün heç nəyə can atmadım. Mükafat uğrunda əqidəmi dəyişib yaltaqlanmadım. Kimlərinsə yanında yer tutmağa görə xəbərçilik etməmişəm. Necə varamsa, o cür olmuşam. Ürəyimdən nə cür gəldisə, elə davrandım. Səhvimi ortalıqda buraxan deyiləm, etmişəmsə cəzasını da çəkməyə hazıram. Amma çalışıram həmişə haqlı olum. Kiməsə ədalətsizlik edib xəcalət çəkməyim, ağırlığını qaldıra bilmərəm. Diqqət çəkmək, sevilmək üçün yerimdən tərpənib bircə jest də göstərmədim. Bəzən “soyuq”, bəzən “zəhmlisən” deyən də oldu, amma ən çox da belə deyənlərlə mehriban olub dostlaşdıq. Vəzifəm, qılığım olmadan çox istədilər. Səbəbi sadədir – dürüst, ədalətli, təmkinli, ən əsas da təmənnasız oldum. Amma… istəklərim qapının arxasında qaldı, açsam keçə bilərəm. Açmaqsa mümkün deyil, cəftəsi tikanlıdır.
Öz mühitimdə yaşamıram, dayazdüşüncəli, məişət təfəkkürlü cılız, paxıl, şöhrətpərəst yaltaqların arasında mənəvi yorğunluqla günləri ötürürəm. Saxtakarların içində bir üzlə yaşadıqca adamı quzğun kimi dimdikləyirlər. Onlar kimi olmadığım üçün çoxuna mane oluram. Boş söhbətlərə qoşulmadığım üçün hikkədən məni didmək istəyirlər. Rəftarları – “Əvvəl-axır bizi kimi olacaqsan, ya yox?” sualı kimi çıxır.
Hamı hər şeyin özünə faydalı tərəfindən yanaşır. Sənə edilən pisliklər özünə edilənədək sakit durur, sənə də bunu tövsiyə edir. Adamların əsl üzü özünün xətrinə dəyilən məqamda ortaya çıxır. Ağıl öyrətməyi sevən ağılsızlar qərəzlə incikliyi ayıra bilmirlər.
Ədəbi mühitdə baş verənləri məndən yaxşı bilirsiniz. Sizin məlumatınız daha çoxdur. Şəxsi münasibətlərə, tapşırılmalara görə mükafat vermək, yaltaqlıqla bir-birini tərifləmək, yaradıcılığı pula satmaq, pulla yaradıcılıq “yaratmaq”, eyni qayda ilə yazdıqları haqqında tərif yazdırmaq dəb halındadır. Uzun-uzadı məqalə oxuyursan, görürsən fikirlərin bir-birinə calanması üçün müəllif itin zülmünü çəkib, anlayırsan ki, nəyinsə xatirinə yazılıb. Tədbirlərdə, mətbuatda tərif, statuslarda saysız-hesabsız “layk” şəxsin sahib olduğu üstünlüklərə görədir. Bu cür vəziyyət dözülməz həddə çatıb. Bəzən adam qıcıqlanır. (Saf, əqidəli insanlar bu cür şeylərdən yorulublar)
Bunu da məndən yaxşı bilirsiniz ki, sadaladığım xoşagəlməz halların heç biri mənə aid deyil. Nə mən kiməsə yaltaqlanıram, nə də kimsə mənə yaltaqlanır. Mənim yaltaqlanmamağımın səbəbi gözütoxluğum, əqidəli olmağım, mənə yaltaqlanmamağın səbəbi isə vəzifəmin olmamağı, kiminsə “amanatlamamağı”dır. Yəni tam sərbəst, müstəqil şəkildə yazıram. Burayadək yazdıqlarım burdan sonra yazacaqlarıma girişdir.
Yazdığımı oxuyub qiymətləndirənlər, özümü tərifləyənlər var ha, ölkəmizin ən gözəl, saf adamlarıdır. Mənə diqqət göstərdikləri üçün bu fikirdə deyiləm. İnsanların həris olduqları vəzifəmin, pulumun və yaltaqlanmağa təhrik edən digər gözqamaşdırıcı heç nəyimin olmamağına baxmayaraq mənə dəyər verməkləri bunu göstərir. Bu qarışıq zamanda, hamının “insanlar korlanıb, yaxşıya dəyər verən yoxdur” dediyi məqamda onlar sübut edirlər ki, korlanmayanlar da var, təmənnasız yaşayanlar da. İndi yanımda olan dostlar, oxucular nə pula, nə də şöhrətə, vəzifəyə aldananlardır. Elə olsaydı, mənim yanımda yox, tanıdıqları “mötəbərlərin” ətrafında fırlanardılar.
Görün ki həqiqətən təmiz insanlardılar.
Özümü tərifləməyimi də başıma qaxmayın. Pul verib haqqımda kiməsə tərif yazdırmıram ki. Kimdənsə haqqımda xoş söz deməsini də xahiş etmirəm. İncidiyim, yaxud şad olduğum məqamlardan yazıb dostlarımla bölüşürəm.
Nə vaxtsa (Allah eləməsin) vəzifəm olsa, indi mənə diqqət göstərənlərin hamısını başımda gəzdirəcəm.
Hörmətlə: PƏRVANƏ BAYRAMQIZI
PƏRVANƏ BAYRAMQIZININ YAZILARI
KİTABLARI “KİTABEVİM.AZ”DA VAR
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru