Rafiq Yusifoğlu – ARAZIN CAVABI

ARAZIN CAVABI

”Gözlərində qaldı neçə xoş arzu, muraz,
Bu insafsız çayı görmək ağırdı bizə.” –
Eh, o qədər giley-güzar eşitdi Araz,
Dilə gəlib cavab verdi axırda bizə:

– Əzəl gündən öz məcrama düşüb axıram,
Şair, sən də sızıldama, yerində otur.
”Bura mənim, ora sənin” – deyib bağıran,
Çəpər çəkən insanlara gülməyim tutur.

Öz önünə köz eşməyə sən də tələsdin,
Çalışdın ki, elin dərdi sənə dəyməsin.
Gülməlidir qohumbazın, yerlipərəstin
Araz deyib, Təbriz deyib sinə döyməsi.

Zəmanənin köhləninə nə yəhər-yüyən? –
Boş ah-ufla incitməyin mənim ruhumu.
Bu sahildə qardaşıyla yola getməyən
Neyləyəcək o sahildən gələn qohumu?!

Öz nəğməmi oxumuşam həyatım boyu,
Azmamışam gözlərimə duman çökəndə.
Ayrılıqda nə günahı torpağın, suyun? –
Insan olub körpü tikən, sərhəd çəkən də.

Əzəl gündən öz məcrama düşüb axıram,
Şair, sən də sızıldama, yerində otur.
”Bura mənim, ora sənin” – deyib bağıran,
Çəpər çəkən insanlara gülməyim tutur…
1989

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir