Elçin Mirzəbəyli – Miras

Miras

Kölgəsi soyuqdu göydələnlərin,
Küləklər sovurur göz yaşımızı.
Bu qərib şəhərdə,
bu yad şəhərdə
Kimə miras qoyaq yaddaşımızı…

Kimə miras qoyaq xatirəmizi,
Kimə miras qoyaq…
Unudulmasın.
Bizi xatırladan ağrının izi
Xəfif bir gülüşlə ovudulmasın.

İlahi, dünyanın daşı vəfasız –
Dərd desək
Çatlayıb tökər içini.
Payızı – vəfasız, qışı – vəfasız
Bir ovuc yağışa, bir xışma qara,
Bir büküm yarpağa bükər içini…

Axar…
nəyi varsa
Göz yaşı kimi –
Yağışı süzülər, qarı əriyər.
Burda qəlbimizin yağı tükənər,
Burda qəlbimizin yarı əriyər.

…Bu axşam qapını döyən kimdi bəs?…
Bir üzü payızdı, bir üzü bahar…
Üzümə açılan qapılar – qəfəs,
Arxamca çırpılan qapılar – məzar…

Kölgəsi soyuqdu göydələnlərin
Tanrıya uzanan əllər üşüyür.
Bu qonur şəhərin,
bu boz şəhərin,
Bu saxta, boyalı,
…Ucuz şəhərin,
Qəzəbli şəhərin, quduz şəhərin
Soyuq əllərində güllər üşüyür…

07 dekabr 2017-ci il

Müəllif:Elçin MİRZƏBƏYLİ

ELÇİN MİRZƏBƏYLİNİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir