BİR DƏFƏ VERİLİR,
ÖMÜR BİR DƏFƏ…
Ruhunu oda at, qəlbini közlə,
Süd kimi üzə qoy, zamanı üzlə.
Ayıq ol, ovunu bərədə gözlə,
Oxunu ağılla tuşla hədəfə,
Bir dəfə verilir, ömür bir dəfə.
Əgər dalmadınsa bu düşüncəyə,
Nəyə arxayınsan, axı sən nəyə?!
Onu sərf eləmə yersiz qüssəyə,
Artıq əyləncəyə, nəşəyə, kefə,
Bir dəfə verilir, ömür bir dəfə.
Yollar qədəminə yandı, yansıdı
Bilmədin əyrisi, düzü hansıdı?!
Bir də ayıldın ki, köç havasıdı
Durnalar göylərdə düzülüb səfə,
Bir dəfə verilir, ömür bir dəfə.
Dünyadan arzunu, kamını al sən,
Ağzının dadını, tamını al sən,
Zövqün bütövünü, tamını al sən,
Uyma hər çalınan zurnaya, dəfə
Bir dəfə verilir, ömür bir dəfə.
Deşdi ürəyimi çəkdiyin bu ah,
Bizi dərd sarıdan yarıdıb Allah.
Ən böyük sərvətin ömürdü vallah
Onu girov qoyma qazanca, nəfə,
Bir dəfə verilir, ömür bir dəfə.
Sən də qonağısan beş gün dünyanın,
Bu həris dünyanın, düşgün dünyanın.
Min bir oyununa düşdün dünyanın
Axır məruz qaldın yanlışa, səhvə
Bir dəfə verilir, ömür bir dəfə.
Niyə öz işini bilmədin mağıl,
Başından haraya uçmuşdu ağıl?!
Bir də bu dünyaya gəlməyin nağıl,
Daha yer qalmadı qorxuya, xofa
Bir dəfə verilir, ömür bir dəfə.
Müəllif: Musa ƏLƏKBƏRLİ
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru