Rəfail Tağızadə – Bu gün sənin müdafiə günündür.

Bu gün sənin müdafiə günündür

Özümü qoruya bilmədiyim bu dünyada səni necə qoruyum, bala. 
Mən səni kimlərdən qoruyum?
Bunların hansından qoruyum səni:
Hələ dünyaya gəlməmiş səni bətnində boğanlardanmı?
Səni küçələrdə dilənməyə məcbur edənlərdənmi?
Yaddaşına bir millət, bir xalq haqqında düşmən toxumu səpənlərdənmi?
Hələ dil açmayan səni süngüyə keçirənlərdənmi?
Gözünün qabağında ananı öldürənlərdənmi?
Uşaqları gəzdirən avtobusu güllə-boran edənlərdənmi?
Dinc əhali yaşayan binaları, uşaq bağçalarını bombalayanlardanmı?
Uşaqları atasız-anasız, ata-anaları uşaqsız qoyanlardanmı?
Bunlar o qədər çox ki, bala. 
Sənin oynadığın bağçanı, bağı, parkı sökdürüb yerində restoran tikənlərdənmi?
Sənin istədiyini ala biməyən işsiz atanı utandıranlardanmı?
Hələ nə deyəcəyin, nə edəcəyin bəlli olmayan sənə indidən fərq qoyanlardanmı?  
Elm inkişaf etdikcə, sifarişi və sərmayəni sənə bilik və sağlamlıq gətirəcək təhsilə, səhiyyəyə, ekologiyaya yox, ancaq insanlara və dünyaya ölüm gətirən silahlanmaya qoyanlardanmı?.. 
Əsirlikdə doğulan, gələcəyi müəmmalı olan səni necə qoruyum?..
Birdimi, beşdimi? Hansından qoruyum səni?
Bu həyatda yaşamaq o qədər çətin ki, bala!
Mən indiyədək sənin haqqını qoruya bilmədim. Çalış bundan sonra haqqını özün qoru. 
Bu gün sənin Bayramındır.
Sənin müdafiə günündür.
Mənim müdafiəsiz, balam.
“Sən bizim gələcəyimizsən”- deyib, yenə səninlə bəşəriyyətin gələcəyinə ümidliyəm. 
Sənin düşüncənin, həyata baxışının fərqli olacağına inanıram.
Sən sevgisi çatmayan dünyanı təmiz qəlbinlə, sevginlə, istəyinlə dəyişəcəksən. Gözəlləşdirəcəksən. Bir təmiz dünya yaradacaqsan.
O saf qəlbinə, təmiz beyninə çirkli şeyləri yaxın buraxma, bala…
                                                       

1 iyun – sənin uşaq bayramına
(oğluma)

Mənim bir çantam vardı,
üstündəki it şəklini sevərdin.
Mənim bir çantam vardı,
onu dartıb sürüməyi sevərdin.
Mənim bir çantam vardı,
sən onu öz yerində görməyi sevərdin.
Mənim bir çantam vardı,
ciblərini açıb-bağlamağı sevərdin,
içindəkilərə baxmağı sevərdin.
Mənim bir çantam vardı
sən orda olmayanları
yerinə qoymağı sevərdin.
Mənim bir çantam vardı,
mən o çantanı sən içində olanda
daşımağı sevərdim,
sevinərdin.
Mənim bir çantam vardı…

                                                 

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir