Hikmət ZIYA – GƏNCLİK NƏĞMƏLƏRİ


Hikmət Ziyanın RAFİQ YUSİFOĞLUNUN “Ocaq yeri” kitabı haqda 1990-cı ildə yazıb “Azərbaycan gəncləri” qəzetində çap etdirdiyi məqaləni təqdim edirik:

GƏNCLİK NƏĞMƏLƏRİ

Rafiq Yusifoğlunun uşaqlar üçün yazıb çap etdirdiyi şeirlər həmişə diqqətimi səlb etmişdir. O, hər şeydən əvvəl, uşaq aləmini həssaslıqla müşahidə edir və hər bir şeirində ürəyəyatımlı müxtəlif poetik kəşflər edir. Uşağın yarasını sarıyan ana ufum-ufum ufuldayır. Təəccüblənən uşaq anasından soruşur:

Mənim yaram ağrıyır,
Sənin haran ağrıyır?

Şeir bitdi. Övlada qarşı ana məhəbbətinin misilsizliyini bundan gözəl demək olarmı? Rafiqin belə uşaq şeirləri yüzlərlədir…
Bəs görəsən böyüklər üçün yazdığı şeirlərdə Rafiq Yusifoğlu öz sözünü yeni poetik vüsətlə deyə bilirmi? Özlüyümdə bu sualla «Yazıçı» nəşriyyatının nəşr etdiyi «Ocaq yeri» (1989) kitabını vərəqlədim. Axırıncı şeiri oxuyub qurtarandan sonra bu qənaətə gəldim ki, bəli, Rafiq böyüklər üçün olan yazılarında da özünə sadiqdir.
Şeirlərində ulu xalqımıza, doğma torpağımıza övlad məhəbbəti ilə çıxış edən şair, söz tutumuna, yeni ifadə tərzinə xüsusi fikir verir. «Azərbaycan torpağı» şeirindəki bu misralara nəzər salaq:

Güneyində qışda günəş qar əridir, buz yeyir,
Əskik olmaz qar tığından yayda belə quzeyi.
Dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi,
Ürək doymur bu yerlərin baharından, qışından.

Qalx zirvəyə, öyünmə ki, sən hamıdan hündürsən,
Ürəyincə cavab verər burda kimi dindirsən,
İgidlər var, yumruğunu qayalara endirsə,
Parçalanar ovum-ovum, seçilərmi daş undan?!

İnsanları taleyini işə, gücə bağlayıb,
Kəmənd atıb gur çayları axarından saxlayıb.
Qocalar var bu torpaqda, yaşı yüzü haqlayıb,
Təpəri var ürəyində, gileylənməz yaşından.

Təslim oldun qüdrətimə, iradəmə çar-naçar,
Qobustanım heykəlləşən tariximdən söz açar,
Pis niyyətlə toxundumu, ayaq altdan yer qaçar,
Haray qopar bu yerlərin torpağından, daşından…

Əvvəla, xəritədə qartal qiyafəli Azərbaycan haqqında vəznin seçiminə diqqət yetirdim, yurdumuzun qürurlu vüqarına yaraşan təmkin, sanballı on beş hecanın seçilməsi məni çox məmnun etdi. Eləcə də «dağlar, daşlar təbiətin əsrarəngiz muzeyi» deyən şairin sonrakı «Mənim imzam» şeirində fitnəkar bədxaşlarımızın hər cür canfəşanlıqla təkzibinə qarşı xalqımızın ulu tarixinin pozulmaz imzasına inamını gördüm:

Mənim imzam – Təbriz, Qarabağ, Gəncə…
Mənim imzam tarixin yaddaşında.
Mənim imzam – Qız qalası, Əlincə,
Mənim imzam – Qobustanın daşında.

Şair həmin şeirinin sonrakı misralarında xalqının, vətəninin azadlığı yolunda dil-dodağı əsən, vulkan qəlbli, sinədağ, böyük şairimizə, «İmzasını qoymuş miləl övraqi-həyatə, Yox millətimin xətti bu imzalar içində» deyən ölməz Məhəmməd Hadiyə ruhən ümid verir:

Bir gün tarix yapışacaq yaxamdan,
Kim salacaq bu işləri nizama?
Övladımın damarında axan qan
Təmizdisə, zaval yoxdu imzama.

«Ocaq yeri» kitabında «Doğulduğum torpaq, güvəndiyim xalq», «Sevincim, kədərim», «Sənin pəncərəndən süzülən işıq» adlı bölmələrdə şairin yüzdən artıq şeiri verilmişdir… Başı bəlalar çəkmiş vətən torpağının hər bir doğma övladına müqəddəsliyi, ədalətin ölməzliyini, əqidəsindən dönməyən insanın mənəvi yüksəkliyi, qaynar bulaqlar kimi ləkə götürməz təmizliyi, dünyanı xaosdan qoruyan yaxşıların pisdən qat-qat üstünlüyü, təbiət gözəlliklərinin şəfaverici esazkarlığı kitabdakı əksər şeirlərin mayasını təşkil edir. Yurdumuzun adi çınqılına, koluna, qaya parçasına, çayına, meşəsinə, gölünə, dağına, düzünə, dənizinə vurğun şair bunları yanğı qarışıq bir qürurla, təşbehli, aforizmli sənət dili ilə təsvirə çalışır və çox yerdə buna müvəffəqiyyətlə nail olur. Bu təsvirlərdə o, öz oxucularına da demək istəyir ki, torpağın ətrini məhz belə duyub onun qədrini bilməliyik. Bu, hər şeydən əvvəl, hər kəsin müqəddəs vətəndaşlıq borcudur.
«Bayatı yağışı», «Doğulduğum kənd», «Arazın cavabı», «Qara zurna, dönüm sənin gözünə», «Laylay, Qəbələm, laylay», «Kənd toyunda», «Qaboy çalınanda», «Lənkəranda yağış», «Kəpəz», «Zirvədə», «Düz-əyri», «Bahar duyğuları», «Yallı» və s. bir-birini əvəz edən şeirlərində şairin həssas müşahidəsinə sevinir və onun poeziyamızda sözünü yeni tərzdə deməsinə sevinirsən.
Iki misal:
Qalxana çevrilir onun təpəsi,
Azğın şimşəkləri qoymur yaxına.
Təbiət dumana bükür Kəpəzi –
Qorxur ki, göz dəyə o boy-buxuna.
(«Kəpəz»)

Könlümə ruh verən onun səsidir,
Mən qərib saymıram özümü orda.
Zirvələr qartalın söz kürsüsüdür,
Qarğa deyə bilməz sözünü ordan.
(«Zirvədə»)

Misalların sayını çoxaltmaq da olardı. Qoy onları oxucu kitabdan özü oxusun. Şairin ifadə tərzinin ürəyə yatımlı, poetik cəhətdən bitkin olduğunu bu kiçik nümunələrdən də hiss etmək çətin deyildir.
«Sənin pənsərəndən süzülən işıq» bölməsindəki bütün şeirlər müəllifin lirik hisslərinin ifadəsidir. Bunları toplu halında gənclik nəğmələri adlandırmaq olar. Gəncliyi saf məhəbbətə, «ömrün sevgi fəsli»ndə cılız, ötəri hisslərdən uzaq Leyli, Şirin, Qeys, Fərhad dünyalı insanı durulaşdırıb paklaşdıran, ürəkdə heç bir xəbisliyə yer qoymayan təmiz, ülvi eşqə səsləyən şair sanki bu bəndi sevgi şeirlərinə leytmotiv seçmişdir:

Dünya yaranışdan xeyirdi, şərdi,
Sevib əzab çəkən əhli-bəşərdi,
Bu həyat necə də adiləşərdi,
Ürək olmasaydı əsir sevgiyə.

Arzum budur ki, müəllifin gələcək kitablarında bircə kəsirli misra olmasın. «Ocaq yeri» kitabının müəllifi Rafiq Yusifoğluna ən böyük arzum isə budur ki, o, yaradıcılıq meydanını daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz münasibətini bildirsin, milli-demokratik dirçəlişimizin, suverenliyimizin fəal şair vətəndaş tərənnümçüsü kimi qələm çalsın. «Ocaq yeri» kitabındakı şeirlər göstərir ki, həssas şairimizdən bunu ummağa bizim tam haqqımız var. Bu yolda ona yaradıcılıq uğurları arzulayıram.

Hikmət ZIYA
«Azərbaycan gəncləri» qəzeti, 25 iyun 1990-cı il.

RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir