Sevda Səfərli – KƏLAĞAYIM

KƏLAĞAYIM

Əsrlərdən gələn el əmanəti,
Xalqımızın müdrik, dərin hikməti,
Təbiətdən rəngi, Tanrı neməti.
Dastanlarda adın, şövkəti-şanım,
Kəlağayım- butam, öz kəhkəşanım.

Dədə Qorqud sözü, mehri, nəfəsi,
Oğuznamələrdən ismət tohfəsi,
Milli düşüncəmin sirr fəlsəfəsi.
Keçmişdən bu günə “ipək yolu”san,
Kəlağayım- dastan, nağıl dolusan.

Milli fəxarətim, milli sərvətim,
Qərinələr boyu izim, şöhrətim,
Nəsildən-nəsilə yetən qismətim.
Əzəldən bəzəyi toyun, nişanın,
Kəlağayım- zərim, öz zərəfşanım.

Dağlar zirvəsində minillik qarsan,
Yaradanın eşqə verdiyi barsan,
Gözəllər nazında işvəsən, yarsan.
Baramadan açan ipək çiçəyim,
Kəlağayım-naz- qəmzəli göyçəyim.

Sal ağacın kökü yarar qayanı,
Tutun yarpağından aldın mayanı,
Zəfəran, sarıkök verdi boyanı.
Yadigarım, güllü, zərif ipəyim,
Kəlağayım- tüllü şərəf örpəyim.

Qüvvət almısan sən torpaqdan, sudan,
Dağda şəlalədən, kəhriz quyudan,
Yarpaqdan yoğrulmaş qönçəli fidan.
Xalqımızın adət- ənənəsisən,
Kəlağayım- gülab, gül dənəsisən.

Ulularımın saf, təmiz niyyəti,
Oğuz ellərimin mədəniyyəti,
Elimin- obamın sülh ülviyyəti.
Keçmişdən bu günə parlayan aynam,
Kəlağayım- sirli, sehirli dünyam.

Bir tarix var qədim, ulu adında,
Bir sehir dolaşır hələ yadında,
Azərbaycan adlı Odlar yurdunda,
Kəlağayım- ülfət, sədaqət rəmzi,
Kəlağayım- ədəb, ləyaqət rəmzi.

2024.

Müəllif: SEVDA SƏFƏRLİ

SEVDA SƏFƏRLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir