
DƏLİ EYVAZIN NƏVƏSİ
(hekayə)
Babamın yaşı çoxdur, lap çox. Zamanın xəlbiri onun gözləri önündə ələnib. O, ömürün enişli-yoxuşlu yollarında yaxşı da görüb, pis də, mərd də görüb, namərd də, xeyirxah da görüb, quyu qazan da, haqq da görüb, haqsızlıq da. Bir sözlə, həyatın hər üzü ona tanışdır. Dünya görmüş babam bu yollardan birini – xeyirxahlığı arayıb-seçib və ömrü boyu bu yola sadiq qalıb.
Dostları zarafata salıb:
– Ay Eyvaz kişi, sən nə vaxt zəmanə adamı olacaqsan? – deyəndə, babam:
– Vallah, elə mənim əlimdən gələn budur, – deyib.
Di gəl ki, hamı onu “Dəli Eyvaz” deyə çağırırdı. Əslinə baxsan, bu heç babamın da xətrinə dəymirdi. Ancaq böyüklər mənə:
– Ay bala, sən Dəli Eyvazın nəvəsisən? – deyə müraciət edəndə, mən cin atına minirdim. Onları:
– Dəli sizin öz babanızdır! – deyə təhqir etməkdən özümü güclə saxlayırdım. Düzü, məhləmizdə yaşayan tay-tuşlarımdan bir neçəsinin ağzını bu sözün üstündə möhkəm əzişdirmişdim də.
İsti yay günü idi. Babam, nənəm və mən həyətimizdəki gövdəsinə örkən dolanmayan xar tutun kölgəsinə qoyulmuş qədim taxtın üstündə oturub, anamın dəmlədiyi pürrəngi çaya qənim kəsilmişdik. Nənəmin əlindəki söyüd budağı ilə hərdən üzümü yelləməsi mənə xüsusi ləzzət verirdi. Bu nəvazişdən xoşlanıb:
– Nənə, ay nənə, mən də böyüyəndə xeyirxah adam olacağam! – dedim.
Nənəm gözaltı babamı süzüb:
– Niyə olmursan, qadan alım? Dəli Eyvazın nəvəsi deyilsən?! – dedi və uğunub özündən getdi. Babam da özünü nənəmə qoşulmaqdan güclə saxladı. Düzü, nənəmin bu cavabından yaman pərt oldum. Gözlərim yaz buludu kimi doldu. İstədim hönkürüb:
– Tay sizin nəvəniz olmayacam, mənə dəli baba lazım deyil! – deyəm və qaçıb gedəm. Ancaq dilimi, dodağımı gəmirə-gəmirə özümü saxladım. Babam pərt olduğumu görüb başımı tumarladı və:
– Mənim balam, bilirsən, sənin babana nə üçün Dəli Eyvaz deyirlər? – deyə soruşdu. Mən daha özümü saxlaya bilmədim, yumruqlarımı düyünləyib:
– Deməsinlər, deməsinlər, mənə dəli baba lazım deyil! – dedim və hıçqıra-hıçqıra ağlamağa başladım.
Babam məni bağrına basıb:
– Ağlama, mənim balam, qoy nə deyirlər desinlər. Özün görürsən ki, sənin ağıllı baban var, – dedi. Sonra təmkinlə başına gəlmiş bir əhvalatı danışmağa başladı:
– Bir gün işdən evə qayıdırdım. Birdən ağ parçaya bükülü nəyinsə cığırın kənarına düşdüyünü gördüm və əyilib götürdüm. Açıb baxanda gördüm ki, xeyli puldur. Evə gətirdim. Bax, bu çoxbilmiş nənənlə… – babam sağ əlini nənəmin çiyninə qoydu, – birlikdə saydıq. Nə az, nə çox düz iki min manat pul idi. Sonra belə məsləhətləşdik ki, bir gün gözləyək. Düşündük ki, kim isə kənd adamı olacaq, səs-soraq tutan kimi aparıb sahibinə qaytararıq.
Lakin səhərədək kənddən bir xəbər çıxmadı. Nəhayət, ikinci gün eşitdik ki, qonşu kənddən bir dul qadın iki min manat pul itirib. Elə o dəqiqə pulu da götürüb yola düzəldim. Gedib sahibini tapdım. Yazıq o qədər ağlamışdı ki, deyərdin, bu saat gözlərindən damcı-damcı qan damacaq. Sən demə, arvad min əziyyətlə topladığı pulu rayon mərkəzindəki əmanət kassasından çıxarıb gətirirmiş ki, rəhmətə getmiş ərinin qəbrini götürsün.
Düzü, mən də bərk kövrəldim, özümü ağlamaqdan güclə saxladım. Nə isə, uzun sözün qısası, bu hadisə çox sürətlə kəndə-kəsəyə yayıldı. Düzdür, mənə:
– Allah sənə ömür versin, savab iş gördün, – deyənlər də oldu. Ancaq çoxları da küncdə-bucaqda:
– Vallah, dəlidir. Özü-öz əliylə qismətinə çıxan şeyi aparıb sahibinə qaytarıb ki, nədi-nədi desinlər Eyvaz kişi xeyirxah adamdır. Ay dedilər ha, – deyə məni lağa qoydular. Üzümə qarşı:
– Əşi, sən lap dəliymişsən ki, – deyənlər də oldu.
Bir sözlə, o gündən “dəli” sözü mənim adımla qoşa çəkilməyə başladı.
– Yəni sənin babanı Eyvaz yox, Dəli Eyvaz deyə çağırmağa başladılar… – Babam dərindən köks ötürüb dedi:
– Eybi yox, oğul, çağırırlar qoy çağırsınlar. Onsuz da ağıllıları dəli, dəliləri ağıllı çağırmaq dəbdədir.
Mən yerimdən sıçrayıb:
– Baba, sənə qurban olum, – deyib onun boynuna sarıldım, üz-gözündən öpdüm. Və o gündən sonra:
– Mən Dəli Eyvazın nəvəsiyəm! – deyərək babamın dəliliyi ilə fəxr etməyə başladım.
Müəllif: VALEH HEYDƏR
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru