MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaşair-publisist Əlirza Xələfli ilə görüşüb

MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva
şair-publisist Əlirza Xələfli ilə görüşüb

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva “Kredo” qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin üzvü, şair-publisist Əlirza Xələfli ilə görüşüb, onu qarşıdan gələn 70 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb.

Ə.Xələflinin özəlliklə vətənpərvərlik mövzusunda uzunmüddətli səmərəli yaradıcı fəaliyyətini xatırladan Q.Paşayeva, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyib. Komitə sədri Ə.Xələfliyə Qarabağ motivli xatirə hədiyyəsi və Təbrik məktubu təqdim edib.
Məktubda deyilir:

“Hörmətli Əlirza müəllim,
Sizi qarşıdan gələn 70 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları diləyirəm!
Siz 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildənsə Azər­baycan Yazıçılar Birliyinin üzvüsüz. 1980-ci ildə “Qabaqcıl maarif xadimi” adına layiq görülmüsüz. 2010-11-ci illərdə isə Azərbaycan Prezidenti Təqaüd Fondunun tə­qaüdçüsü olmusunuz.
Siz Cəbrayılın Xələfli kəndində anadan olmusuz. Çox şadıq ki, bu ilki yubileyinizi doğma Cəbrayılın, digər şəhər və kəndlərimizin düşmən tapdağından qurtuluşunun 3-cü ildönümünün fərəhi, qüruru içində keçirirsiniz.
Ali təhsilinizi Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (o vaxtkı APİ) Azər­baycan dili və ədəbiyyatı fakültəsində almısınız (1971-1975).
Əmək fəaliyyətinə Cəbrayılın (təyinatla göndərildiyiniz) Şahvəlli, Tatar, Aşağı Xələfli kənd orta məktəblərində müəllim kimi başlamısınız (1975-1980). Doğma Cəbrayılın “Xudafərin” qəzeti redaksiyasında xüsusi müxbir, şöbə müdiri vəzifələrində çalışmısınız (1980-1993). Sonralar müxtəlif qəzetlərdə xüsusi müxbir, şöbə müdiri, redaktor olmusunuz. 1999-cu ildən “Kredo” qəzetinin baş redaktorusunuz. Çoxsaylı ədəbi-bədii, publisistik kitabın tərtibçi, redaktoru olmusunuz: Seyid Nigarinin “Xaki-payin taci-sərim” (2004), Aşıq Mehdinin “Deyirdin ölərəm sənsiz” (2003) kitabları, habelə, “Mənəviyyatın ekologiyası” (2005), “Fənayənin sualları” (2006), “Yana-yana yaşadım” (2006), “Koroğlu: hoydu, dəlilərim, hoydu” (2006) və b. kitablar sizin yaxından iştirakınızla nəşrə hazırlanıb.
Siz ədəbi yaradıcılığa tələbəlik illərindən başlamısınız. İlk şeirləriniz, publisistik yazılarınız hələ 80-ci illərdən dövri mətbuatda yayınlanır.
“Məmməd Araz” ədəbi mükafatı (2003), Beynəlxalq “Rəsul Rza” mükafatına (2008), Səməd Vurğun Fondunun diplomuna layiq görülmüsünüz. Haqqınızda çoxlu sayda ədəbi-tənqidi məqalələr, eləcə də, kitablar yazılıb.
“Karvan körpüdən keçir” (1997), “Ocağımın işığı” (“Azərbaycan” nəşriyyatı, 2001), “İçərişəhər, daşlar, insanlar” (“Azərbaycan”, 2001), “Həsrət körpüsü” (“Azərbaycan”, 2003), “Sözə doğru” (“Azərbaycan”, 2003), “Dünyanın söz üzü” (“Səda” nəşriyyatı, 2007), “Meyar” (“Səda”, 2008), “Arzulara dəyən güllə” (“Səda”, 2008), “Dilimiz-varlığımız” (“MBM”, 2009), “Araz ağrısı” (“Təknur” nəşriyyatı, 2009), “Dünya yazana qaldı” (“Təknur”, 2009), “Yaddaşa aparan yollar” (“Adiloğlu” nəşriyyatı, 2010), “Axtala əfsanəsi” (“Adiloğlu”, 2010), “Həyatın dastanı” (“Xəzər Universitəsi” nəşriyyatı, 2012), “Üçüncü dünyanın qorxusu” (“Təknur”, 2011), “Döyüşçü əfsanəsi” (“Adiloğlu”, 2011), “Damcılı” (“Təknur”, 2011), “Bu dünyanın Mehmanısan” (“Nərgiz” nəşriyyatı, 2012), “Qırmızı həqiqətlər” (“Adiloğlu”, 2011), “Azadlığın qanı” (“Təknur”, 2011), “Ölməzlik nəğməsi” (“Vətən” nəşriyyatı, 2013), “Bu da bir yazı” (“Nurlan” nəşriyyatı, 2012), “Əbədi həyat arzusu” (“Vətən” nəşriyyatı, 2014), “Od” (“Nərgiz”, 2013), “Aydın abi və Türkiyə ədəbiyyatı” (“Xəzər Universitəsi”, 2014), “Ağrı” (“Vətən”, 2014), “Bir bayatı çağırdım…” (“Xəzər Universitəsi”, 2013), “Söz içində söz” (“Xəzər Universitəsi”, 2013), “Vaqifliyin poetik sirri” (Naxçıvan, “Qeyrət” nəşriyyatı, 2013), “Həsrətdən üzü bəri” (“Vətən”, 2015), “Sözün yeddi gözəli” (“Vətən”, 2016), “Söz və qan” (“Vətən”, 2016), “Tənqidçinin Azərbaycançılıq idealı” (monoqrafiya; “Vətən”, 2016), “Üzü Qarabağa” (“Vətən”, 2016), “Qiyamətdən bir gün əvvəl” (“Nərgiz”, 2017), “Bir ayrılıq odu var…” (“Vətən”, 2017), “Göy üzündə səs” (“Vətən”, 2018), “Həyat həqiqəti: bədii-publisistik düşüncədə” (2 cilddə; “Bakı” mətbəəsi, 2022), “Şərhin poetik notları” (“Vətən”, 2022), “Bir bülbülün türküsü” (“Gənclik” nəşriyyatı, 2023), “Türkiyənin zəlzələ ağrıları” (“Gənclik”, 2023) – sizin çoxsaylı kitablarınızdan yalnız bir qismidir.
Abbas Hacıyev “Sənətin işığında”, Mədəd Çobanov, Müşfiq Çobanlı “Xələflinin yaradıcılıq yolu”, Sabir Bəşirov “Əli Rza Xələfli – ədəbi yol-əbədi yol” kitabını sizin məhsuldar yaradıcılığınıza həsr edib.
Sizi qarşıdan gələn 70 illik yubileyiniz və yaradıcılıq uğurlarınız münasibəti ilə bir daha təbrik edir, ən xoş arzularımı yetirirəm”!

Ə.Xələfli görüş və xoş sözlər üçün Komitə sədrinə təşəkkür edib.

Qənirə Paşayeva – 50

Ruhun şad olsun yoxluğuna çoxluğun təəssüfləndiyi insan!

Sevilən insan
Qənirə xanım Paşayevaya
Bəzən ölümə gücü çatmadığından
utanır dualar.
Utanır dua edənlərdən,
ümid gözləyənlərdən.
Bəlkə, edə bilmədiklərindən qaçmaqdı ölüm?!
Hamını yandırıb-yaxmaqdı ölüm?!
Edilən duaların sayı qədər
sonda təəssüflə rəhmət gəlir
yaxşı adamların arxasınca.
Sevgilər belə olur, sevilən insan.

Hamıya qucaq açan,
“Ən böyük qucaq torpaqdır!” –
deyir Yaradan.

Müəllif: RƏFAİL TAĞIZADƏ 

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

Rəfail İNCƏYURD – Hər yaz gələndə

Hər yaz gələndə

Gah körpə ətirli bələyə dönür,
Gah yıxıb-sürüyən fələyə dönür,
Gah da zühr eləyən mələyə dönür
Sirri pünhan olan avaz gələndə,
Dünya təzələnir hər yaz gələndə.

Gözəl qız! Nəsimdi aldığın nəfəs,
Gözlərin haləsi bəs eləyir, bəs!
Coşur həyat eşqi, çoxalır həvəs
Çöllərin qoynuna o naz gələndə,
Həyat təzələnir hər yaz gələndə.

Gördükcə nəğməli şən cocuqları
Yenidən qurulur can uçuqları.
Dodağı çartlayan tumurcuqları
Çiçəyə döndərir muraz gələndə,
Könül təzələnir hər yaz gələndə.

Gör zaman nə çəkir kimlərin üstə?
Mehri-məhəbbəti kəmlərin üstə?
Şikəstə zillənir bəmlərin üstə
Sinəyə havalı tar, saz gələndə,-
İlham təzələnir hər yaz gələndə.

Mütləq həqiqəti elədikcə dərk
Sevgidən yapışır adamlar bərk-bərk.
Köhnə dərdlərini dəfn edir ürək
Arzu niyyət ilə taraz gələndə,
İnam təzələnir hər yaz gələndə.

Əməlin verirsə barat ellərə,
Etdirmə həvəsi qarət illərə.
Darılıb eləmə qara tellərə
vaxtın qanadında bəyaz gələndə-
Ömür təzələnir hər yaz gələndə.

Şitəngi müşkülü asan edirsən,
Nimdaş cəsarəti tasan edirsən.
Yerə də, göyə də üsyan edirsən –
“Olar”ın yerinə “olmaz” gələndə…
Ruhdan söz ələnir hər yaz gələndə,
Varlıq təzələnir hər yaz gələndə.

“Gəzdim” şeiri Lak dilində

Занай ивк1ссара на Буттал аьрщарайx

Занай ивк1ссара на,Буттал аьрщарайх,
Кьаритлай аьш-бак1гу,зунттал дарардай!
Щилч1ав ша къабивзсса бюхттул барзунттайх,
Хханххираву шахьлай,хъуни умудру!

Занай ивк1ссара на, багъирдал кьаннайх
Уххаву къак1улну,лагма хъач1-мач1айх,
Къулагъас къадурну ч1умух, гьавасрах
Марц1 щинал щаращай,кьаритлай аьшру!

Занай ивк1ссара,на шалий ша бизлай,
Гьарца чарил бак1рац1 хъамалу ликлай,
Арив уртту-т1ут1ухь х1ал-ах1вал ц1ухлай,
Дак1ний салкьи буллай, лалавсъсса махъру!!!

Şeirin müəllifi: Zaur USTAC

“YAZARLAR” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair – publisist

ZAUR USTACIN YAZILARI

Lak dilinə tərcümə etdi: Патимат Штанчаевa

Rusiya Yazıçılar Birliyinin üzvü

Патимат Штанчаевanın yazıları

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SÖZÜN YARATDIĞI GÖZƏLLİK VƏ QÜDRƏT

SÖZÜN YARATDIĞI GÖZƏLLİK VƏ QÜDRƏT

Şair Təranə Dəmir yaradıcılığında bunu yaşamağa dəyər

Fb-də bir çox yaradıcı dostlar var ki, onların şeirlərin hər dəfə oxuyanda, düşüncəmə hansısa məntiqli bir söz və yaxud da hansısa oxuduğum bir aforizim hakim kəsilir. Çox zaman fikrimi başqa şeylərlə məşğul etmək istəsəm də, o hissin təsirindən çıxa bilmirəm. Bu hal bir neçə dəfə təkrarlandığından o şairin yaradıcılığına istinad etmək məcburiyyətində qalıram. Çünki, təsirinə düşdüyüm həmin şairin şeirlərinin mənə yaşatdığı gözəlliyi, heç, təbiətin gözəlliyindən belə alıb əvəzləyə bilmirəm…
Artıq neçənci dəfədir ki, gözəl yaradıcılığı ilə məni tilsimləyən şairimiz Təranə Dəmir imzasıyla yaradıcılığın paylaşan dəyərli şairimizin şeirlərin oxuyanda, istər-istəməz yaddaşıma, – “gözəl söz” və “sözün qüdrəti” kimi fikirlər, düşüncəmə sarmaşıq kimi sarılıb qalır. Doğrudan da, onun şeirləri haqqında fikir söyləməyin özüdə, insanda tərəddüd dolu bir məsuliyyət yaradır. Amma, qəlbimdə sakitlik yaratmaq üçün, bəzən məcburiyyət qarşısında qalanda, fikirlərimi, düşüncəmə toxumağa cəhd edirəm. Bu dəfə də belə oldu. Dəfələrlə gözəl şeirləri ilə oxucu kimi məni valeh edən, ruhuma məlhəm kimi yayılan sözlər, bu niyətimdə dəstəkçim olduğuna əmin oldum…
Azərbaycanımızın böyük şair və mütəfəkkiri Məhəmməd Füzulinin söz haqqında söylədiyi bu beyt Təranə Dəmir şeirlərin oxuyanda düşüncəmə hakim kəsildi.

Mən gözəl bir süfrə açdım sözdən
əhli – aləmə,
Onda min zövq artıran hər dürlü
nemət düzmüşəm.
Kim gəlir-gəlsin, aparsın hər nə istər
xatiri,
Qurtaran nemət deyil, süfrəmdən
olmaz heç nə kəm!

Bəli, şair Təranə Dəmir yaradıcılığın izlədikcə onun da sözdən böyük bir süfrə açdığının şahidi oluram. O süfrədə söz gözəlliyi, söz qüdrəti, Təranə Dəmir yaradıcılığın əsas qayəsini özündə büruzə verir.
Çünki, elə böyük mütəfəkkir Məhəmməd Füzuli demiş,

Söz mənadan aslıdır, məna sözdən
hər zaman,
Bir-birindən aslıdı, necə ki,
cisim ilə can.

Böyük mütəfəkkirin dediyi, – “sözün mənadan, mənanın sözdən” – asılılığı, Təranə Dəmir yaradıcılığında elə gözəl nizamlanır ki, bunu görmədən keçib getməkdə heç doğru olmazdı.
Onun, ruh oxşayan istənilən şeirinə istinad etmək olar:

…İndi adamlar yox ,yollar darıxır,
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, kollar darıxır.
İndi həsrət əsir zamanın başı üstə,
Ayrılıqlar uzanıb gedir liman -liman, qatar-qatar..
Daş ömrü yaşayır bütün dünya..

Bundan gözəl söz, məna bağlılığını necə təsəvvür etmək olar…?
İndi adamlar yox, yollar darıxır adam üçün…
Ağaclar, çiçəklər, yarpaqlar, tikanlar, hətta kollar da darıxır…
Zamanın başı üstündə həsrət əsir. Ayrılıqlar uzanır qatar-qatar gedir. İndi daş ömrü yaşayır bütün dünya.
Çünki…,

Hara baxırsan daşdı.
Ürəklər daş , küçələr daş,
Binalar daş , hasarlar daş.
Başına daş yağır,
Yoluna daş çıxır, üzünə daş baxır.
İndi adamlar yox, xəyallar darıxır,

Hər şey daşlaşmış bir dövürdə yalnız xəyallarında qalan…,

İçində məhəbbət, saçında sığal, ruhunda bahar .

-da darıxır. Çünki,

-Hərdənbir naguman sevdalar doğulur,
Boğazında ip, baxışında tərəddüd, qolunda qandal.
Üzü qışa gedir bütün arzular,
Başında qovğa, dilində külək,
Gözündə yağış,əynində sazaq.
İndi adamlar yox, kitablar darıxır,
Arasında yalın -yalavac misralar,
Nöqtələr, nidalar ,suallar…

Şairin digər şeirlərində də, ahəngdarlıq, rəngarənglik, sözün mənaya, mənanın sözə bağlılığı hər bir misrasında özünü büruzə verir. Məsələn:

Həqiqəti gəzə- gəzə
Dolanmışıq sərhəd-sərhəd.
Baxıb görmüşük haqq hanı,
O yan zülmət, bu yan zülmət.

Bir şair qəlbinin harayıdır ki, onun narazılığının qəlbindən süzüb gəldiyi kimi poetik cizgilərlə görünməkdədir. Bizə görünən haqqın zülmət içində olması, bir vətəndaş ürəyinin sızıltısıdır.

Bizi kənd -kənd , şəhər -şəhər
Küsdürüblər özümüzdən.
Bir azca sevgimiz vardı,
O da düşüb gözümüzdən.

Bəli, ümüd verən bir az sevgimiz vardı ki,- “O da düşüb gözümüzdən.” – deyir, gözəl şairimiz.

Üzümüzə gülə -gülə
Boynumuza çıxana bax.
Pambıq ilə baş kəsənə,
Evimizi yıxana bax.

Bu haqsız dünyanın eybəcərliyini, bu cür poetik çalarlarla cilallamaq şairin söz zənginliyini göstərir.
Dünya şöhrətli, Fransanın romantik şair və yazıçısı Viktor Hüqo deyir ki, -” Gözəl ifadələr gözəl fikri bəzəyir və qoruyub saxlayır”.
Eynən gözəl şairimiz Təranə Dəmirin şeirlərində olduğu kimi.

Yer günahsa, Göy günahsa
Bəs hardadı bu haqq , Allah?
Şeytana gücün çatmırsa ,
Başımızı burax , Allah.

Bəli, şairin bir qəlb üsyanı kimi,- “Şeytana gücün çatmırsa ,
Başımızı burax , Allah”.
Çağdaş Azərbaycan Ədəbiyyatının böyük potensiala malik şairi olan Təranə Dəmir yaradıcılığı boyu, hər bir şeirində sözün gözəlliyin və qüdrətin qoruyub saxlaya bilir.
Böyük mütəfəkkir Cəlil Məmmədquluzadə deyir ki, – “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal mülk tələf olur gedir, amma söz qalır”.
Şairin digər bir şeirinə nəzər salsaq, görərik ki, söz elə gözəl, lokanik dediyindən, fikir əzəməti özün biruzə verib.

-Bu qız bu oğlandan küsüb deyəsən,
Başını qaldırıb üzünə baxmır.
İstəyir çevrilib yanından gedə ,
Onda da ayağı sözünə baxmır.

Və yaxudda bir başqa şeirində…,
Hamımızın Səhər-axşam gedib, gəldiyimiz yolun yol olma qismətini elə incəliklə verib ki, elə bil ki, bir canlının tablosunu yaradır.

Bu yol neçə qışdan, bahardan keçib,
O dərədən keçib, bu yaldan keçib,
Neçə ayrılıqdan, vüsaldan keçib,
Nələrdən keçməyib yol olanacan?

Vurub dağa, daşa özünü gəzib,
Çəkib Yerin, Göyün nazını, gəzib,
Heç vaxt qatlamayıb dizini, gəzib ,
Dolanıb özünə sarılanacan.

Uzana -uzana incəlib bu yol,
Döyülə-döyülə dirçəlib bu yol,
Elə ayaq üstə dincəlib bu yol,
Yüyürüb nəfəsi daralanacan.

Belində nə qədər yükü var, Allah,
Günahı, əzabı, görkü var, Allah,
Bu yol ağrı çəkib o ki var , Allah
Özünə yol tapıb , yol alanacan.

Təranə Dəmir yaradıcılığının hər bir şeirində bu mükəmməllik, gözəllik, inanıram ki, istənilən oxucunu özünə çəkib, onu aslı vəziyyətə salar. Onun istənilən şeirinə istinadımda söz gözəlliyini və söz qüdrətini gördüyümdən daha bir şeirinə müraciət edərək, gözəl şairimiz haqqında düşüncələrimi, böyük çətinliklə də olsa yekunlaşdırmağı qərarlaşdırdım. Çünki, o tilsim düşüncə, ondan ayrılmaq da çətindir…

Sönüb odum , ocağım ,
Külümdən yapışmışam.
Buraxsam yıxılacam,
Ölümdən yapışmışam.

Asılmışam vaxta mən,
Qısılmışam baxta mən,
Nə tapmışam yoxda mən,
Zülümdən yapışmışam.

Dilimi “döz” aparır,
Ya səhv, ya düz, aparır,
İçimi söz aparır,
Çölümdən yapışmışam.

Kim göndərib bu dərdi?
Dərddi, yoxsa qədərdi?
Bu nə gözəl kədərdi,
Əlindən yapışmışam.

Azərbaycan Ədəbiyyatının görkəmli şairlərindən biri olan Süleyman Rüstəm deyir ki, – “Sanıram ki, yer üzünə işıq salan ulduzlar, köçüb getmiş dühaların qocalmayan sözüdür”.
İnanıram ki, şair Təranə Dəmir yaradıcılığında deyilmiş sözlərin hər biri, çağdaş şerimizin qocalmayan sözlərindən olacaq, daimi ulduzlar kimi öz parlaqlığını qoruyub saxlayacaq.
Şair Təranə Dəmir yaradıcılığına baxışımda Məhəmməd Füzulidən sitatlarla başladığım kimi, sözümü də, elə böyük mütəfəkkirin fikirləri ilə bitirmək istəyirəm:

-“Ey könül ! Söz xəzinəsini açsan,
Dinləyən şəxsi gözlə yormayasan !
Bəs edər bu verdiyin inci gövhər ,
İnci də çox olanda dəyəri itər”.
Ancaq bir həqiqəti bilirəm ki, Təranə Dəmir yaradıcılığı heç kimi yormaz və işlətdiyi gövhər sözlər də dəyərdən düşməz…
Böyük səmimiyyətlə şairimizə yaradıcılıq uğurları ilə bərabər can sağlığı və uzun ömür diləyirəm.

Müəllif: Elxas Comərd
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü

SƏNİ KÖÇÜRƏCƏM SEVGİ ŞERİNƏ…

SƏNİ KÖÇÜRƏCƏM SEVGİ ŞERİNƏ…

Səni köçürəcəm sevgi şeirinə,
Dilimdə adınla hallanacaqsan.
Kəlmələr seçəcəm sənin xətrinə,
Dedikcə lalətək allanacaqsan…

Saçların şeirimlə sığallanacaq,
Sözümdə, misramda bir meh nəfəsi.
O gün dodağında gül ballanacaq
Coşacaq bülbülün öpmək həvəsi…

Gözlərin olacaq təşbehim, ölçüm,
Təmizlik tapacaq öz qiymətini.
De, hansı misranın gücüylə ölçüm
Sənin dünya boyda məhəbbətini?!

Yerişin, duruşun hazırca nəğmə,
Sən bir ilahisən xəbərin varmı?
Şair ilhamının gücünə rəğmən
Tanrı qüdrətini vermək olarmı?!

Səni köçürəcəm sevgi şeirinə,
Bir qəlbə sığacaq o boyda aləm.
Baş-başa verəcək sənin xətrinə
Can-ciyər olacaq fırçayla qələm.

Xəyallar içində gedib dərinə,
Bir məqam seçəcəm üzün güləndə.
Səni köçürəcəm sevgi şeirinə,
Bəxtəvər olacaq sevgi də, sən də!

Müəllif: Musa ƏLƏKBƏRLİ

MUSA ƏLƏKBƏRLİNİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Turan Novruzlu yazır

GÜLNARƏ İSRAFİL: “MƏN GÜNƏŞ ÖMRÜ YAŞAYIRAM”

“Daha tənha qalardıq
Olmasaydı yalnızlı”

(Emili Dikenson)

“Torpaq adamlar”, “İki”, “Sirran” şeir kitablarının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü – dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı haqqında günlərlə danışa bilərəm, şeirlərindən yazın nəfəsi, yayın nəfəskəsən istisi, payızın kədəri, qışın qırovu, dağların kəklikotusu, çəmənlərin kəpənək şıltaqlığı duyulan, insan ömrünün bir rəssam fırçası ilə çəkilib boyanmış əksi görünən imzamızın müasir ədəbiyyatımızdakı yeri təkrarsızdır. Azərbaycan ədəbiyyatının günəş ruhlu imzası Gülnarə İsrafildən bəhs edərkən amerikalı şair Emili Dikensonun yuxarıda qeyd etdiyim misralarını əbəs yerə xatırlamadım. Çünki Gülnarə İsrafilin göyqurşağı kimi rəngarəng və çoxşaxəli yaradıcılığının özəyi, kökü ruhun yalnızlığının təcəssümü oldu mənə görə. Eyni zamanda öz dövrünün oxucuları üçün E. Dikensonun da yazı dili Gülnarə İsrafilin şeir dili kimi qəliz gəlirmiş. Əslində bu “qəliz” sözünün gerçək anlamı odur ki, bu şeirləri anlamaq üçün oxucunun savadı, dünyagörüşü olmalıdır. Onun şeirlərindəki qəhrəmanlar ən xoşbəxt anlarında belə yalnızlıq larını unutmurlar. Eynilə “Tənha ağac” şeirindən olan bu misralar kimi :
“Eyni mənim bənzərim
Tənha ağac, tək ağac
İki qola ayrılıb
Yer üstünə yük ağac.”

Şairin yaradıcılığı həm də dilimizin zənginliyini, özəlliyini, gözəlliyini təcəssüm etdirir. Mənim fikrimcə dil də təbiətin özü kimi zamanla aşınmaya məruz qalır, Gülnarə İsrafilin şeirləri isə yarğanın çəmbərinə əkilmiş, kökləri dərinliklərə şaxələnmiş yamyaşıl ağaclar kimi dilimizi aşınmaqdan qoruyur, “Kəndimiz” şeirindən bu möhtəşəm misraları xatırladım :

“Cığırları soluxlanır Sərkərin,
Dəyə quran dəyəsində yaşlanıb.
Qaraçökək qoruq yeri əzəldən,
Gül-çiçəyi kərəntəyə süslənib.”

Ruhumu oxşayan rəngarəngliyin çalarları arasında bir rəng gördüm, unutduğum adını xatırladım, bir söz məni sehirləyib uşaqlığıma götürdü. Uşaqlığımın mürəkkəb qabı olan qələmlərini özlədim,” Baryum buludu” şeirini bir başqa sevdim :

“Yeddi rəngin təpəgözü –
Şimşəklərin qığılcımı,
Bir qaztopu suyun şövqü
halqalarda toz ilğımı
sıçrayışa.
Ev boyda qara qartopu,
narıncı, sarı çir yeli.
Yeddi rəngi yumurtladı
yaşıl, hava, göy, çirneli
anlayışa.”

Yaxşı bilirik ki, körpə ana bətnində olandan ananın əhval – ruhiyyəsini duyur, ananın sevinci, kədəri körpəyə də sirayət edir. Şairimizin qəhrəmanı anasının kədərli halından təsirlənib zamanı qabaqlayıb vaxtından əvvəl böyüdüyünü, ruhunun yaşlandığını dilə gətirir :

“Yaşadığım, yazmadığım köhnəlib,
Atam deyir, iş – güc qalıb böyüyüb.
Anamın da qımqıması susandan
Yaddaşımda gizlənqaçım körüyüb.”

Şairin sazlı-sözlü keçmişimiz olan Aşıq ədəbiyyatının nəfəsi duyulan misraları da bir başqa gözəldir. “Qadan alım” şeirinin dilinin şirinliyi, axıcılığı ilə sazın sədası gəlir qulaqlarımıza :

“Gözəl yarım, göndərmişəm naməni,
Götür, cavab söylə, al, qadan alım.
Qəm üstündə köklənibdir” Kərəmi”
Dilləndir sazını, çal, qadan alım. “

Şifahi xalq ədəbiyyatı nümunələrimizdən olan bayatıları da unutmayan şairin yaradıcılığında bayatılar da özünəməxsus yer tutur. Qəlbimi göynədən bayatılardan birində şair Qarabağ dərdimizin müharibəsiz sağalmayacağını, sülhün, ədalətin bərqərar olması aparılan danışıqların faydasızlığını vurğulayır. Və biz zamanla bu uzaqgörənliyin şahidi oluruq :

“Tar susub, dilə gəlməz,
Bülbüllər gülə enməz,
Əldən gedən Qarabağ
Şəhidsiz ələ gəlməz.”

Türklüyümüzü, kimliyimizi xatırladan, Tengridən, şamandan bəhs edən, bir şeiri ilə tarix vərəqləyən şairimiz Ön Asiyadan Sibirədək kök salan, haramdan uzaq olan bəy dədələrimizi xatırladır, Van gölünü, Xəzəri, Urmiyanı, Kərkükü, Anadolunu, Etrüskləri, Arattanı anır :

“Qut tenqri,
Göy tenqri,
Şaman ayin,
köç yeri.
Tamğalı
Qobustan qayaları.
Huydum –
hun dam.
Yay düzəldən,
ox atan.
Günəş tanrı,
Günəş adam,
Hun atam!”

Deyirlər ki, öz ağrını duyursansa canlısan, başqalarının ağrısını duyursansa insansan. Şair insanın, ağacın, torpağın, daşın ağrısını dilə gətirir. Gülnarə İsrafil başqalarının ağrısını, acısını o qədər gözəl duyur ki, bu acı ilahiləşir, gözəlləşir, sözün əsl mənasında sevilir.” Kəndimiz “şeirindəki ağrının tərənnümünə, təsvirinə diqqət yetirək :

“Karxanaya döndəriblər Xalxalı,
Yastı daşı kamaz-kamaz daşınır.
Sinəsini ovuq-dəlik edəndən
Göy çəmənin ağrıları qaşınır.”

Fransız yazıçısı Gi de Mopassanın “Bir yaz axşamında” hekayəsindəki Lozan xala obrazını çox sevirəm. Gülnarə İsrafil də Mopassan kimi qadınlardan yazanda çox maraqlı, adi vaxtlarda bəlkə heç kəsi cəlb etməyən məsələlərə toxunur, necə ki, Mopassanın “Bir yaz axşamında” hekayəsi cəmi bircə cümlə üzərində qurulub: “O, səndən soruşdu ki, “sənin qəşəng, pənbə ayaqcıqların üşümədi ki” heç kəs, heç vaxt… heç vaxt… mənə bu cür söz deməyib! Heç vaxt! Heç vaxt!” Heç vaxt ailə qurmamış Lozan xala nişanlı olan bacısı uşaqlarının söhbətini eşidir. Oğlanın qıza nəvaziş göstərməsi Lozan xalanı ağlamağa vadar edir. Çünki heç vaxt kimsə ona belə nəvazişli, xoş söz deməyib. Və Şairin “Bu qız” əsərini oxuyanda həmin Lozan xalanı xatırladım, ruhum yenidən göynədi :

“Mən də bilirəm ki,
bu, o qız deyil.
Saçları sığalsız qızdır.
Hər gecə saçlarının dənini sayan qızdır
Bu, tənha qızdır.

Bu qız
yuvasız qızdır,
laylasız qızdır.
Bax, bu qız balasız qızdır.
Heç böyümədi ki…
Heç böyüdüyünü görmədim ki…”

Dəyərli şairimiz Gülnarə İsrafilin yaradıcılığı da eynən günəş kimidir. Bu günəş şairin misralarında gah sübh çağı səmadan boylanıb zərif işıq saçır, gah da istisi, alovu ilə nəfəsimi qarsıdır, gah da ki, axşamın qürub çağında yür üzündən küsüb, boynunu bükmüş kimi inzivaya çəkilir. Zülməti, ruhları nura boyayıb, hər kəsin içini isidən günəşin əslində özünün yalnız olduğunun fərqinə varan, həyatda yanlış etməməyə çalışan, başqalarının səhvlərini düzəltməkdən yorulmuş, lazım gələrsə arzularını, gələcəyini həqiqətə, öz doğrularına qurban verə biləcək qədər cəsur olan qəhrəman öz yalnızlığını Günəşin yalnızlığına bənzədir :

“Di get!
Mən Günəş ömrü yaşayıram.
Uşaq qəhqəhəsinə
yarımyuxudan oyandım…”

Müasir ədəbiyyatımızın möhtəşəm imzası, Günəşi – dəyərli Gülnarə İsrafilə yeni – yeni yaradıcılıq uğurları arzulayıram. Janna Dark ruhlu bu vətənpərvər qızın “kralların paxıllığına” məruz qalmamağını, ədəbi mühitimizdən layiq olduğu dəyəri zamanında görməyini arzu edirəm. Və şairimizə özünün bu ecazkar misraları ilə xitab edirəm :
“Sən Günəş ol, yer üzünü isindir,
Yatır, oyat sabahları, diksindir!
Yer əlifdir, yer əlmasdır, göy” sin”dir,
Bir göy yarat, bir göy böyüt, göy sindir.”

MÜƏLLİF: TURAN NOVRUZLU

GÜLNARƏ İSRAFİLİN YAZILARI


MÜŞFİQ ŞÜKÜRLÜNÜN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD yazır

Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsinin əks-sədası türk dərgisində

“Folklor Akademi” dərgisinin 2025-ci ildə ilk nömrəsi dosent doktor Erhan Solmazın redaktorluğu ilə çap edilib. Türk dünyasının qədim, sevimli bayramı olan Novruz günlərində işıq üzü görən dərginin bu sayında müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi Eyvaz Zeynalovun “Bayram payı” adlı hekayəsi ilə bağlı araşdırma yazı da yer alıb. Bu da təsadüfi deyil, belə ki, Novruz bayramı Azərbaycanda da həmişə xalqın yaddaşında çox əziz mərasimlərdən olub. Müəyyən dövrlərdə bu milli bayrama müxtəlif donlar geydirilməyə çalışsalar da Novruzu insanların qəlbindən silib atmaq mümkün olmayıb. İstedadlı yazıçımız Eyvaz Zeynalov da tarixi çox qədimlərə gedib çıxan Novruz bayramını “Bayram payı” adlı hekayəsində özünəməxsus bir dillə xalqımızın başına gətirilən Qarabağ müsibətləri və Xocalı faciəsinin fonunda oxucuya təsirli vasitələrlə çatdırıb. Qeyd edək ki, hekayə haqqında araşdırma yazının müəllifləri Pamukkale Universiteti Çağdaş Türk ləhcələri və ədəbiyyatı bölümünün müəllimi, Əəbiyyat dili uzmanı, Uşaq ədəbiyyatı araşdırmaçısı, doktor öyrəncisi Yaşar Sözen və dosent doktor Soner Sağlamdır.


Araşdırma yazısında Eyvaz Zeynalovun Azərbaycan ədəbiyyatının görkəmli çağdaş simalarından biri olduğu qeyd edilir. Bildirilir ki, E.Zeynalov həm böyüklər, həm də uşaqlar üçün maraqlı və dəyərli əsərlərin müəllifidir. O, Azərbaycan uşaq ədəbiyyatında hekayə və nağıl janrında qələmə aldığı əsərləri ilə tanınır. Müəllif uşaqlar üçün xüsusi olaraq yazdığı hekayə və nağıllarda milli-mənəvi, dini, ictimai və ümumbəşəri dəyərləri uğurla işləyib balaca oxucuya çatdırır: “Bu kontekstdə Eyvaz Zeynalovun təmsil etdiyi uşaq ədəbiyyatı missiyası və funksiyası olan bir ədəbiyyatdır. Uşaq ədəbiyyatının missiya və funksiyasını açan əsas komponentlərdən biri də uşağa uyğunluq prinsipidir. Tədqiqatın mövzusu olan və müəllifin uşaqlar üçün yazdığı “Bayram payı” adlı hekayə mətni uşağa uyğunluq prinsipinin daxili struktur elementləri (mövzu, qəhrəmanlar, dil və rəvayət, mesaj) baxımından işlənmiş və araşdırılmışdır. Hekayənin mətni uşaq hekayəsi və nağıl təhlillərində də istifadə olunan mətn mərkəzli struktur metodu çərçivəsində tədqiq edilmişdir. Bu üsulla mətni təşkil edən daxili struktur elementlərin xüsusiyyətləri ətraflı şəkildə açılır. Tədqiqatın konseptual çərçivəsini daha yaxşı başa düşmək üçün “Bayram payı” adlı hekayənin mətni tədqiqatın sonunda həm orijinal, yəni Azərbaycan türkcəsində, həm də türk dilinə tərcümə edilmiş şəkildə verilmişdir. Təhlil nəticəsində məlum olmuşdur ki, hekayə mətni Azərbaycan uşaq ədəbiyyatının mühüm bədii və ədəbi əsərləri sırasındadır”.
Qeyd edək ki, bu ilin yanvar ayında Yaşar Sözenin müəllifi olduğu “Müstəqillik dövründə (1991-2025) Azərbaycan uşaq ədəbiyyatında hekayə” adlı tezisinin F.Köçərili adına Uşaq Kitabxanasında müzakirəsi də aparılmışdı.
Doktor Yaşar Sözen təqdimat zamanı Azərbaycan uşaq ədəbiyyatını üç dönəmə – Maarifçilik, Sovet və Müstəqillik dönəmlərinə ayıraraq araşdırdığını bəyan etmişdi. Araşdırma zamanı 18 Azərbaycan uşaq yazarının 552 hekayəsinin xəritə-sxemi (təsviri) hazırlanıb, 10 yazarın isə hekayələri məzmununa görə təhlil edilib. Burada Eyvaz Zeynalovun hekayələrinin geniş tədqiqatı aparıldığı xüsusi vurğulanmışdı.

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru