
Jan Jak Russo
XVIII əsr Avropa fəlsəfəsində Jan Jak Russo (1712–1778) təkcə bir filosof deyil, eyni zamanda pedaqoq, yazıçı, musiqişünas və ictimai fikir adamı kimi çıxış etmiş çoxşaxəli bir şəxsiyyətdir. O, Maarifçilik dövrünün ən parlaq nümayəndələrindən biri olmaqla yanaşı, həmin dövrün bir çox klassik maarifçi ideyalarına qarşı tənqidi mövqe tutmuş, insanın təbii mahiyyətini, azadlığını və mənəvi bütövlüyünü fəlsəfəsinin mərkəzinə yerləşdirmişdir.
Jan Jak Russo 28 iyun 1712-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. Anası onun doğulmasından bir neçə gün sonra vəfat etmiş, atası isə Russonun on yaşı olarkən onu əmisi Bernarın himayəsinə vermişdir. Erkən yaşlarından həyatın çətinlikləri ilə üzləşən Russo müxtəlif peşələrdə çalışmış, oymaçı şagirdi, xidmətçi, musiqi müəllimi, katib və bəstəkar kimi fəaliyyət göstərmişdir. Bu çoxşaxəli həyat təcrübəsi onun sonradan irəli sürdüyü pedaqoji və sosial ideyaların formalaşmasında mühüm rol oynamışdır.
Russo gənclik illərində kilsə təhsili alsa da, sərt dini mühit və azad düşüncəyə qarşı məhdudiyyətlər onu bu sistemdən uzaqlaşdırmışdır. Xüsusilə musiqiyə olan marağı səbəbilə seminariyadan qovulması isə onun taleyində dönüş nöqtəsi olmuşdur. Parisə gəlişi ilə Russo Fransa intellektual mühitinə daxil olmuş, Denis Didro ilə dostluq etmiş və “Ensiklopediya” layihəsində iştirak etmişdir.
Russonun fikrincə, insan mahiyyət etibarilə azad və xeyirxahdır. Onu pozan, təbii inkişafdan uzaqlaşdıran əsas amil cəmiyyətin özü, daha doğrusu, ədalətsiz ictimai quruluşdur. Xüsusi mülkiyyətin meydana çıxması ilə insanlar arasında bərabərsizlik yaranmış, bu isə düşmənçilik, rəqabət və mənəvi aşınmaya səbəb olmuşdur. Bu baxımdan Russo Aristotel və Hobbsun insanın anadangəlmə xudbin olması ilə bağlı fikirlərini qəbul etmir və insanın cəmiyyət tərəfindən korlandığını irəli sürür.
Bu yanaşma onun təhsil haqqında baxışlarında da aydın şəkildə özünü göstərir. Russoya görə, mövcud təlim-tərbiyə sistemi uşağı düşünən fərd kimi deyil, itaət edən və əzbərləyən varlıq kimi formalaşdırır. O isə hesab edirdi ki, uşaq bilikləri hazır şəkildə almamalı, onları özü tapmalı, müşahidə etməli, araşdırmalı və nəticə çıxarmalıdır. Təlim prosesi həyatın özündən qopmamalı, təbiətlə və real təcrübə ilə sıx bağlı olmalıdır.
Russo əmək tərbiyəsinə xüsusi əhəmiyyət verirdi. Onun fikrincə, əmək insanı yalnız maddi baxımdan təmin etmir, eyni zamanda onu mənəvi cəhətdən möhkəmləndirir və müstəqil şəxsiyyətə çevirir. O, əməyin həm fiziki, həm də əqli tərəfini vacib sayırdı. İnsanın həm işləyib, həm də düşünməsi Russonun ideal vətəndaş modelinin əsas xüsusiyyətidir. Bu baxımdan o, təhsili praktik həyatdan ayırmır, əksinə, biliklə əməyin vəhdətini müdafiə edirdi.
Əxlaq məsələsində Russo formal qaydalar və hazır normalar təqdim etməkdən çəkinirdi. Onun fikrincə, əxlaq nəsihətlə deyil, hisslərin, mühakimə qabiliyyətinin və iradənin tərbiyəsi ilə formalaşır. İnsan yaxşı ilə pisi ayırmağı hazır hökm və qadağalarla deyil, həyat təcrübəsi və nümunələr vasitəsilə öyrənməlidir. Tarix, ədəbiyyat və böyük şəxsiyyətlərin həyatı bu baxımdan əxlaq tərbiyəsinin mühüm vasitələri kimi qiymətləndirilirdi.
Russonun qadın tərbiyəsi ilə bağlı baxışları onun ümumi humanist dünyagörüşü ilə tam uzlaşmır. O, qadının əsas vəzifəsini ailə mühitində görür, onu daha çox ana və həyat yoldaşı kimi dəyərləndirir və qadınlar üçün kişilərlə bərabər təhsil hüququnu qəbul etmirdi. Bu mövqe müəyyən mənada dövrün sosial-mədəni təsiri ilə izah oluna bilsə də, eyni zamanda Russonun düşüncə sistemindəki ciddi məhdudiyyətləri və ziddiyyətləri açıq şəkildə ortaya qoyur.
Russonun siyasi fəlsəfəsi onun insan və cəmiyyət haqqında baxışlarının məntiqi davamıdır. İnsan cəmiyyətdən kənar yaşadıqda, formal olaraq tam azad olsa da, bu azadlıq təhlükəli xarakter daşıyır. Belə bir vəziyyətdə güclü zəifi əzir, mülkiyyət qorunmur və hüquq anlayışı mövcud olmur. Məhz buna görə də insanlar öz aralarında razılaşaraq qarşılıqlı hüquq və vəzifələri müəyyən edən ictimai müqavilə bağlayırlar. Bu müqavilənin nəticəsində dövlət yaranır və dövlətin həqiqi sahibi xalq olur. Russo üçün suverenlik xalqın ümumi iradəsinə məxsusdur və bu iradə bölünməz xarakter daşıyır. Bu ideyalar demokratiya düşüncəsinin inkişafına mühüm təkan vermişdir.
Bütün bu fikirləri ümumiləşdirərkən demək olar ki, Jan Jak Russo insanın təbii azadlığını bərpa etməyə çalışan, təhsili, əxlaqı və siyasəti bu məqsədə tabe edən bir düşüncə sistemi qurmuşdur. Onun ideyaları Fransa İnqilabına güclü təsir göstərmiş, sonrakı pedaqoji və fəlsəfi cərəyanların formalaşmasında mühüm rol oynamışdır. Ziddiyyətli fikirlərinə baxmayaraq, Russo insanı yenidən düşünməyə məcbur edən və müasir dünyanın intellektual əsaslarını sarsıdan böyük mütəfəkkir kimi tarixdə iz buraxmışdır.
P.S. Jan-Jak Russo kasıb həyat sürürdü və bu səbəbdən zadəgan ailəsindən olan bir qadınla evlənə bilməmişdi. Onun həyat yoldaşı Parisdə oteldə xidmətçi işləyən, kəndli mənşəli, savadsız Tereza Levasseur idi. Onlar ömürlərinin sonuna qədər birgə yaşamış və beş övlad sahibi olmuşdular (uşaqlar yetimxanaya verilmişdi).
Ömrünün son illərində Russo özünü daim təqib olunan biri kimi hiss edir, ciddi narahatlıq və şübhə içində yaşayırdı. Bu psixoloji gərginlik sağlamlığını zəiflətdi. Jan-Jak Russo 2 iyul 1778-ci ildə vəfat etdi.
Müəllif və mənbə: Şəhriyar Balabəyov
Şəhriyar Balabəyovun digər yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında